Azərbaycanın regionları dinamik inkişaf edir
Bölgələrdə Dövlət
proqramlarının uğurlu icrası nəticəsində aqrar sektorla
yanaşı, sənayenin inkişafı istiqamətində də ciddi nailiyyətlər əldə olunur
Məlum olduğu kimi, Azərbaycanın hərtərəfli inkişafı regionların timsalında da özünü bariz şəkildə göstərir. Ümumiyyətlə, uğurlu inkişaf modelinə malik olan ölkəmizin tərəqqisi konseptual əsaslara söykənir və müasir çağırışlara cavab verir. Buna paralel olaraq Azərbaycanın inkişaf platforması ildən-ilə yeni iqtisadi proseslərin, industrial cəmiyyət quruculuğunun və innovativ iqtisadiyyatın yaradılması fonunda daha da zənginləşməkdədir. Hazırda iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliliyin artırılması və bu sahəyə investisiya qoyuluşunun sürətləndirilməsi Azərbaycanın sosial-iqtisadi inkişaf siyasətinin prioritet istiqamətlərindəndir. Eyni zamanda, paralel olaraq ölkəmizin sosial-iqtisadi inkişaf dinamikasında regionların payı hər ötən il daha da artır. Bu da səbəbsiz deyil. Belə ki, uğurların əldə edilməsi respublikamızda, ilk növbədə, bölgələrin ənənələri, inkişaf perspektivləri, əmək resursları və digər cəhətlər nəzərə alınmaqla qəbul edilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları nəticəsində mümkün olur. Bir sözlə, regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramları bölgələrin tarazlı inkişafını şərtləndirir. Dövlət proqramları çərçivəsində respublikanın bütün bölgələrində yeni yollar çəkilib və ya yenidən qurulub, çoxlu sayda körpülər, yol qovşaqları tikilib, kommunal infrastruktur daha da yaxşılaşdırılıb, rabitə və digər xidmətlərin səviyyəsi yüksəlib, çoxsaylı sənaye, kənd təsərrüfatı, xidmət, ticarət müəssisəsi fəaliyyətə başlayıb. Məhz bu sadalananların nəticəsidir ki, Azərbaycanda regionların sosial-iqtisadi inkişafı davamlı xarakter daşıyır.
Onu da xüsusi olaraq qeyd edək ki, bu inkişaf başa vurduğumuz 2016-cı ildə də davam edib. Hər halda ayrı-ayrı rayonların timsalında ötən ilin yekunlarına dair əldə edilən uğurlar da bunu təsdiqləyir. Məsələn, bu göstəricilər Beyləqan rayonunda da müsbətdir. Qeyd edək ki, ötən ay Beyləqan rayonunda 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan yığıncaq keçirilib. Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevin məruzəsində bildirilib ki, ötən il Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 54 mənzilli yaşayış binası, şəhər 8 nömrəli tam orta məktəbi üçün 240 şagird yerlik, Xaçınabad kəndində 80 şagird yerlik, İmamverdili kəndində 180 şagird yerlik məktəb binaları, 8 saylı körpələr evi-uşaq bağçası, Birinci Şahsevən-Əhmədli-Dünyamalılar avtomobil yolu, Bayraq Muzeyi, Toxum müfəttişliyi və Aqrokimya laboratoriyasının, kənd təsərrüfatı idarəsinin inzibati binaları istifadəyə verilib. Rayonun 16 kənd və qəsəbəsi qazlaşdırılıb.
Hesabat məruzəsində və çıxışlarda rayonda sahibkarlığın, kənd təsərrüfatının və sənayenin inkişafından, nəqliyyat-yol infrastrukturunun, elektrik enerjisinin, istilik və qaz təchizatının, su təsərrüfatının yaxşılaşdırılması istiqamətində görülən tədbirlərdən bəhs edilib. Bildirilib ki, Beyləqan rayonunda sahibkarlığın inkişafı prioritet məsələ kimi daim diqqətdə saxlanılır. 2016-cı ildə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 153 sahibkara 1 milyon 066 min manatdan çox güzəştli kredit verilib. Bunun nəticəsində 171 yeni iş yeri açılıb. Diqqətə çatdırılıb ki, rayon iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Prezident İlham Əliyevin ölkəmizdə pambıqçılığın inkişafına dair verdiyi tapşırıqlara uyğun olaraq, ötən il rayonda 3958 hektarda pambıq əkilib, 7861 tondan artıq məhsul tədarük edilib. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə pambığın əkin sahəsi 1,9 dəfə, məhsul isə 2,1 dəfə çoxdur.
Yığıncaqda qarşıda duran vəzifələrdən də danışılıb. Bildirilib ki, 2017-ci ildə 8500 hektar sahədə pambıq əkilməsi, bitki yağı istehsalı müəssisəsinin və müasir heyvandarlıq təsərrüfatının yaradılması, yol infrastrukturunun yaxşılaşdırılması kimi tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
2016-cı il ərzində İmişli rayonunun sosial-iqtisadi inkişafında da yaxşı nəticələr əldə olunub. Belə ki, iqtisadiyyatın əsas sahələri üzrə 552.699.100 manatlıq məhsul istehsal edilib və ya xidmət göstərilib ki, onun 337.643.000 manatı və ya 61 faizi sənaye, 112.500.500 manatı və ya 20,3 faizi kənd təsərrüfatı, 37.564.300 manatı və ya 6,9 faizi tikinti, 56.030.800 manatı və ya 10,1 faizi ticarət və iaşə, 8.401.400 manatı və ya 1,6 faizi nəqliyyat, 559.100 manatı və ya 0,1 faizi rabitə müəssisələrinin payına düşür. Göründüyü kimi rayon iqtisadiyyatında əsas yeri sənaye və kənd təsərrüfatı məhsullarının istehsalı tutur.
Bu dövrdə
rayonda xeyli abadlıq və
quruculuq işləri
görülüb. Belə
ki, ötən il
rayonda ümumi istifadədə olan avtomobil
yollarının saxlanması və
cari təmir işlərinə 36 saylı yol
istismarı idarəsi
tərəfindən 871,2 min manatlıq
məbləğində iş həcmi yerinə yetirilib. İmişli dolama yolunda 8 km
avtomobil yolunun alt qatına asfalt beton qoyulub. Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil şəraitinin
yaxşılaşdırılması məqsədilə Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi tərəfindən İmişli şəhərində 6 mərtəbəli 54 mənzilli ictimai
yaşayış binasında tikinti işləri tamamlanmaq üzrədir. Həmçinin rayonda bu
təbəqədən
olan insanlar üçün növbəti,
ikinci 6 mərtəbəli 54 mənzilli
ictimai yaşayış binasının tikintisi nəzərdə
tutulur.
Eləcə də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin, “ASAN xidmət” Mərkəzinin inzibati binalarının
tikintisi nəzərdə tutulur, “Azərişıq” ASC-nin İmişli rayonu Elektrik Şəbəkəsinin isə inzibati binasının
tikintisinə başlanılıb.
Bu gün İmişli rayonunda sənaye də inkişaf edir. Son illər rayonda emal sənayesinin inkişafı
üçün bir sıra işlər görülüb, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC-nin Kəllə qənd, Qarışıq Yem,
Bitki Yağları, Spirt emalı, Çuğundur yem qurutma
zavodları, Bəhrəmtəpə qəsəbəsində 50 min tonluq taxıl anbarı, Qaragüvəndikli kəndində damazlıq yumurta istehsal edən “Araz Damazlıq
quşçuluq” MMC, İmişli Brolyer və “Araz” Konservləşdirilmiş Şirələr və Konyak zavodu istifadəyə verilib. 2016-cı ildə 337.643.000 manatlıq məhsul istehsal edilib və xidmətlər göstərilib ki, bu da ötən ilin müvafiq dövri ilə müqayisədə 2,7 dəfə çoxdur. Bu
artım əsasən Şəkər Zavodunun istehsal rejimində işləməsi ilə
əlaqədar olub.
İstehsal olunan sənaye məhsullarının 95,7 faizi
qeyri-dövlət sektorunun payına düşür. Rayonda iri neft sənaye müəssisəsi olan Aran OİL Operating
Companiy 9,6 min ton neft məhsulu istehsal etmiş dövlət sektorunu əhatə etməklə ümumi həcmdə məhsul istehsalının 0,2
faizini təşkil edib. Ümumiyyətlə, İmişli Şəkər Zavodunda 2016-cı ildə 391.845 ton şəkər tozu istehsal olunmuş, o
cümlədən başqa sifarişçiyə məxsus xammaldan 46.100 ton şəkər tozu emal olunub.
Qeyd edək ki, İmişli rayonunun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Ölkədə aparılan aqrar islahatların
uğurla həyata
keçirilməsi nəticəsində torpağın və əmlakın xüsusi mülkiyyətə verilməsi,
torpaq istifadəçilərinin əkiləcək kənd
təsərrüfatı bitkilərini özləri müəyyən etmələri bu sahədə marağın
artırılmasına səbəb olub. Son illərdə olduğu kimi,
pambıq və
taxılçılıq əsas
bitkiçilik sahəsi
kimi qalmaqdadır. Məlumat
üçün bildirək
ki, 2016-cı ildə
rayonda 5051 ha pambıq əkilib
və 10 min tondan
yuxarı məhsul
toplanıb. Bu il isə İmişli rayonunda 10.000
ha torpaq sahəsində pambıq əkilməsi nəzərdə tutulur.
2016-cı
ildə
heyvandarlıq və quşçuluq sahələrinin inkişafı təmin edilib, rayon üzrə mal-qaranın sayı 94.658
başa, qoyunların sayı 256721 başa, quşların
sayı isə 1036039 başa çatıb, 2015-ci ilin müvafiq
dövrü ilə müqayisədə iribuynuzlu mal-qara 728 baş, qoyunlar 3659 baş artıb. Ət istehsalı (diri
çəkidə) 8438 ton, süd istehsalı 49555,2
ton, yumurta istehsalı isə 100730 min ədəd olub. 1 yanvar 2017-ci il tarixə kimi 10820 hektar sahədə buğda, 6186 hektar sahədə arpa, 232 hektar sahədə kartof, 326 hektar sahədə bostan, 206 hektar sahədə tərəvəz, 165 hektar sahədə dən qarğıdalı, 5051
hektar sahədə pambıq, 211 hektar sahədə isə şəkər çuğunduru əkilib. 2016-cı il ərzində 18674 ton arpa, 36788 ton
buğda məhsulu istehsal edilib və məhsuldarlıq 35,5 sentiner olub. Həmçinin bu dövrdə 2886 ton kartof, 2637 ton tərəvəz, 956 ton qarğıdalı,
6715 ton şəkər çuğunduru, 10173 ton pambıq tədarük edilib. Bu sahədə işlər davam etdirilir.
İlin bütün fəsillərində əhalini təzə tərəvəz məhsulları ilə təmin etmək üçün müasir
istixana təsərrüfatlarının yaradılması istiqamətində də müvafiq işlər həyata keçirilib. Belə ki, İmişli rayonu ərazisində 5,0 ha
torpaq sahəsində müasir standartlara cavab verən istixananın tikintisinə başlanılıb,
hazırda tikinti işləri davam etdirilir. 2 ha torpaq sahəsində isə inşa edilmiş
müasir standartlara cavab verən
istixana istifadəyə verilmişdir.
Rayonda taxılçılığın və
pambıqçılığın inkişaf etdirilməsi, yeni iş yerlərinin yaradılması məqsədilə daxili və xarici investorları cəlb etməklə dövlət fondu torpaqlarından 10 min
hektar torpaq sahəsinin ayrılması nəzərdə tutulmuş, həmçinin kənd təsərrüfatı məhsulları istehsalının
artırılması üçün “MKT” MMC-yə 3813 ha torpaq sahəsi verilmişdir. Bundan əlavə, 10572 hektar torpaq sahəsinin təyinatının dəyişdirilməsi məqsədi ilə
aidiyyəti orqanlara
müraciət
olunub.
Qeyd edək ki, İmişli rayonunda
2016-cı ildə 757 iş yeri və ümumi isə 23228 iş yeri açılıb. Rayon əhalisinin məşğulluğunun
təmin olunması
ilə bağlı
müvafiq tədbirlər həyata keçirilib, həmçinin, qəbul olunmuş Məşğulluq
Strategiyasının icrasından irəli
gələn məsələlərin həlli istiqamətində bundan sonra da işlər görüləcək. 2016-cı ildə gəlirləri
ehtiyac meyarından aşağı olan ailələrə ünvanlı sosial
yardımların verilməsi
təmin edilib, 1320
ailəyə ünvanlı sosial
yardım təyin
edilib.
Ötən il İmişli rayonunda
istehlakçıların fasiləsiz və etibarlı elektrik enerjisi təchizatının
yaxşılaşdırılması məqsədi ilə 10 və 0,4 kv-luq xətlərdə yenidənqurma işləri aparılıb, mövcud
istismar müddətini başa vurmuş dayaq və naqillər yenisi ilə əvəz edilib, yeni güc mərkəzləri yaradılıb. Bu müddətdə 220 ədəd müxtəlif güclü 10/0,4 kv-luq transformator cari, 205 ədəd trasformator
yarımstansiyası əsaslı təmir edilərək əhalinin istifadəsinə verilib. Rayon ərazisində yararsız hava
elektrik naqillərinin
və
dayaqlarının dəyişdirilməsi istiqamətində müvafiq işlər aparılıb.
İmişli elektrik şəbəkəsində enerji təchizatında problemlərin olduğu ərazilərdə 57 ədəd yeni transformator
quraşdırılıb. Hazırda İmişli elektrik
şəbəkəsinin Məzrəli və Bəcirəvan kəndlərində podratçı təşkilatlar tərəfindən 10-0,4 kv-luq şəbəkələrdə yenidənqurma işləri aparılır, “Bəhrəmtəpə” və “Yeni Bəhrəmtəpə”
yarımstansiyalarının yenidən qurulması
planlaşdırılır.
Regional
Qaz İstismarı İdarəsinin İmişli Xidmət sahəsi tərəfindən rayonda 2016-cı ildə 5282 yeni fərdi ev, 10
qeyri-əhali sektorunu təmsil edən obyekt qazlaşdırılaraq istismara təhvil verilib. Beləliklə, 30 sentyabr 2016-cı ilə təbii qaz
istehlakçılarının ümumi sayı: əhali sektoru üzrə 17024 nəfər təşkil edib ki, onlardan 221 nəfərinə yeni Smart tipli məişət qaz sayğacı
quraşdırılıb. Qeyri-əhali sektoru üzrə isə abonent sayı 88
olub. Rayonun 30 yaşayış məntəqəsinin
tam qazlaşdırılması təmin
edilib. Qeyd edək ki, rayon kəndlərinin qazlaşdırılması prosesi bu il
ərzində də davam etdirilib. Belə ki, 2017-ci ilin arxada
qalan ayları ərzində rayonun Çahar,
Gövhərli, Məzrəli, Çaxırlı, Mirili və Qaravəlili kəndlərinin
qazlaşdırılması prosesi başa çatıb.
Eyni zamanda, bu il ərzində digər bir sıra kəndlər də təbii qazla təmin olunacaq. Bundan
əlavə, İmişli şəhərinin bir neçə küçəsində
fərdi qaztəmizləyici, siyirtmə və ŞQTM quraşdırılıb,
qaz xətlərində təmir işləri
aparılıb.
Kəndlərin su təchizatını yaxşılaşdırmaq, əhalini ekoloji cəhətdən təmiz içməli su ilə təmin etmək məqsədilə hazırda rayonun 38 kəndində modul tipli sutəmizləyici qurğular
quraşdırılıb. Rayonun 8 kəndində isə modul tipli su təmizləyici qurğuların
quraşdırılması planlaşdırılır.
İmişli şəhəri su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin
yaradılması ilə əlaqədar “Milli Su Təchizatı və kanalizasiya xidmətləri üzrə ikinci layihə” çərçivəsində tikinti işləri 2011-ci ilin sentyabr ayından həyata keçirilib. Hazırda
İmişli şəhərinin bütün
küçə və məhəllələri içməli
su ilə təmin olunub. Bundan
başqa, diametri 800 mm olan ümumi uzunluğu 15715 p/metr olan
mikrotunelin qazıntısına başlanılıb və 230 ədəd mikrotunel üçün
lazım olan şaxtaların 12 ədədinin tikinti işləri aparılıb. Onu da
bildirmək yerinə düşər ki, bu il “Azərsu” ASC tərəfindən şəhər və rayon mərkəzləri ilə yanaşı kəndlərdə də bir sıra işlər həyata keçiriləcək. Belə ki, 50-yə yaxın kənddə su təchizatı layihələri icra ediləcək və onlar arasında
İmişli rayonunun da kəndləri var.
Təhsil sahəsinə gəlincə, son 13 ildə rayonun ümumtəhsil məktəblərinin maddi-texniki bazası yüksək səviyyədə yaxşılaşıb,
40-a yaxın məktəbin binası yenidən inşa edilib, yaxud əsaslı təmir olunub. O cümlədən ötən il Məzrəli və Mürsəlli kənd tam orta məktəblərində əsaslı təmir işləri aparılıb, şəhər 2 saylı tam orta məktəbin binasının dam
örtüyü dəyişdirilib. Həmin
məktəb binaları yeni dərs ilində istifadəyə verilib. Bundan əlavə, Qızılkənd kənd tam orta məktəb binasının tikintisi nəzərdə
tutulur.
Zərdab rayonunda da ötən ilin nəticələri müsbətdir. Belə ki, hesabat ilində rayon iqtisadiyyatının əsas sahələrində
99 milyon 326 min manatlıq məhsul
istehsal edilib. Bu, əvvəlki ildəkinə nisbətən 12 milyon 593 min manat və ya 14,5 faiz
çoxdur. Ümumi məhsul istehsalında kənd təsərrüfatının payı 54,9 faiz
olub.
Əlbəttə, aqrar bölgə olan rayonda iqtisadiyyatın aparıcı sahəsini kənd təsərrüfatı təşkil edir. Keçən il
mühüm strateji məhsul olan taxılçılıqda uğurlu nəticələr qazanılıb. Belə ki, hər hektardan 30,6 sentner olmaqla
52101 ton taxıl istehsal edilib ki, bu da əvvəlki ildən 2251 ton çoxdur. Çəltik,
kartof, günəbaxan,
bostan-tərəvəz məhsulları
istehsalı da artıb. Aqrar sektorun
aparıcı sahələrindən olan
heyvandarlıqda da nəticələr uğurludur.
Ötən il ölkəmizdə həyata keçirilən aqrar islahatlar nəticəsində rayonda pambıqçılığın, baramaçılığın inkişafı istiqamətində mühüm addımlar atılıb. Daha doğrusu, ötən ildən bu sahələrin yenidən dirçəldilməsi üçün mühüm işlərə başlanılıb. Nəticədə 832 hektar sahədən 1023 ton pambıq yığılıb, 900 ton pambıq zavodlara təhvil verilib, habelə 150 qutu baramaqurdu toxumundan 5710 kiloqram barama götürülüb. Cari ildə bu sahələrin inkişafı üçün qarşıda mühüm vəzifələr durur. Belə ki, pambıq əkini sahələrinin artırılması məqsədilə əlavə torpaq sahələri ayrılıb, baramaçılıq üçün möhkəm yem bazasının yaradılması üçün 263700 ədəd tut tingi əkilib. Əkin sahələrinin suvarma suyu ilə normal təminatı məqsədilə Kür çayından Bəyimli qəsəbəsi ərazisinə 15 kilometr su xətti çəkilir.
Vurğulamaq yerinə düşər ki, Prezident İlham Əliyevin tapşırığına əsasən “Azərsu” ASC 2017-ci ildə torpaqların suvarılması məqsədilə su xətlərinin tikintisinə başlayacaq. Bu işlərin görülməsi ilə əlaqədar olaraq dövlət büdcəsindən “Azərsu” ASC-yə vəsait ayrılıb. Görüləcək işlərə Zərdab, Hacıqabul və Şamaxı rayonlarının ərazisində yerləşən 20 min hektar ərazinin suvarılması üçün su xətlərinin çəkilməsi və bu ərazilərə suyun verilməsinin təmin olunması daxildir. “Azərsu” ASC-dən verilən məlumata görə, artıq bu istiqamətdə də işlər görülür. Belə ki, Zərdab şəhərində su xətlərinin tikinti-quraşdırma işlərinə başlanılıb.
Hesabat ilində rayonda tikinti-quraşdırma və abadlıq işləri, yol infrastrukturunun yaxşılaşdırılması, əhalinin sosial müdafiəsi, yaşayış məntəqələrinin elektrik enerjisi, içməli su və təbii qazla normal təminatı ilə əlaqədar xeyli işlər görülüb. Təhsil, səhiyyə, mədəniyyət obyektlərinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə tədbirlər həyata keçirilib. Eyni zamanda, bu istiqamətdə işlər bu il ərzində də davam etdirilir.
Ucar rayonu üzrə də göstəricilər müsbətdir. Ölkəmizdə kənd təsərrüfatında aparılan islahatlar Ucar rayonunda ənənəvi sahələr olan pambıqçılığın və baramaçılığın inkişafına güclü təkan verib. Hesabat ilində 1490 kiloqram barama tədarük olunub. Bu sahənin inkişafı üçün 70 min ədəd tut tingi əkilib. Həmçinin ötən il rayonda 510 hektarda pambıq əkilib. Cari ildə isə artıq 117 nəfər fermer və fiziki şəxs pambıqtəmizləmə zavodu ilə müqavilə bağlayıb və əkin üçün 2500 hektar sahədə dondurma şumu çıxarılıb.
Mühüm strateji məhsul olan taxılçılıqda da uğurlu nəticələr qazanılıb. Belə ki, ötən il 11 min 701 hektar sahədən 29 min 414 ton məhsul götürülüb. Bu, inişilki göstəricilərdən 238 ton çoxdur. Rayonda aqrar sektorun əsas sahələrindən olan heyvandarlıqda da nəticələr diqqətəlayiqdir. Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması, möhkəm yem bazasının yaradılması, xəstəliklərə qarşı profilaktik tədbirlərin vaxtlı-vaxtında aparılması diqqət mərkəzində saxlanılır.
Prezident İlham Əliyevin 2015-ci il 8 oktyabr tarixli Sərəncamı ilə Prezidentin ehtiyat fondundan Ucar rayon İcra Hakimiyyətinə ayrılan 3 milyon manat vəsait hesabına 25 ədəd çoxmərtəbəli ictimai yaşayış binasında əsaslı təmir işləri aparılıb. Ötən il “Qarant Aqro” MMC-nin Qazıqumlaq kəndində istehsal gücü saatda 10 ton olan yem istehsalı zavodu istifadəyə verilib, yollar təmir edilib. Yolların təmiri və tikintisi davamlı xarakter daşıyır. Belə ki, mart ayında Ucar rayonunda “Azəravtoyol” ASC tərəfindən Ucar-Gəraybəyli-Rəstəcə avtomobil yolunun tikintisinə başlanılıb. ASC-nin mətbuat xidmətindən bildirilib ki, yenidən qurulan avtomobil yolunun ümumi uzunluğu 7,5 kilometr, mövcud eni isə 6-7 metr təşkil edir. Tikinti işləri zamanı yolun eni 10 metrə qədər genişləndiriləcək. Hazırda yol yatağının yararsız qruntunun çıxarılması, əvəzinə isə yeni yol yatağının və yol əsasının tikintisi işləri aparılır. Üç yaşayış məntəqəsini birləşdirəcək yol 2 hərəkət zolağından ibarət olacaq, hərəkət hissəsinin eni 6 metr, yol çiyinlərinin eni isə 2 metr olacaq. Torpaq işləri bitdikdən sonra 2 qat olmaqla yolun 45 min kvadratmetr ərazisinin asfaltlanması nəzərdə tutulub. Eyni zamanda, əsaslı tikinti işləri çərçivəsində avtomobil yolunun altından suların ötürülməsi, əkin sahələrinin suvarılması üçün 30 ədəd suötürücü borunun quraşdırılması işləri də aparılır. Tikinti işləri yekunlaşdıqdan sonra avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün yolboyu zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, üfüqi nişanlama xətləri çəkiləcək.
Bundan başqa, hazırda rayonda 100 yerlik körpələr evi-uşaq bağçası üçün yeni bina, baytarlıq laboratoriyası tikilir. Ucar rayonunda əhalinin “mavi yanacaq”la normal təminatı, eləcə də su təchizatı, təhsil, səhiyyə sahələrində ardıcıl olaraq sistemli tədbirlər həyata keçirilir. Belə ki, Ucar rayonunun Rəstəcə kəndində tutumu 3000 kubmetr olan su anbarının və xlorafor binasının inşası cari ilin sonunadək başa çatdırılacaq. Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, həyata keçirilən layihə sakinlərin içməli su təchizatında mühüm əhəmiyyət kəsb edəcək. Tikinti işləri “Azərsu” ASC-nin sifarişi ilə həyata keçirilir. Ağsu rayonunun Külüllü kəndi ərazisindən kəmərlə gətirilən su anbara vurulacaq, təmizlənəcək və nasoslarla Ucar şəhərinə, Gəraybəyli kəndinə və Qarabörk kəndinin bir hissəsinə ötürüləcək. Təmizlənmiş su quraşdırılacaq 6 nasos vasitəsilə yaşayış məntəqələrinə veriləcək.
Nardar BAYRAMLI
Yeni Azərbaycan.-
2017.- 30 mart.- S.5