Regionlarda heyvandarlığın inkişafı istiqamətində ardıcıl tədbirlər görülür
Ötən il Aran iqtisadi rayonuna daxil olan rayonlarda ət, süd, yun, eləcə də quşçuluq məhsullarının istehsalında uğurlu nəticələrə nail olunub
Cənubi Qafqaz regionunun ən böyük iqtisadiyyatına malik olan Azərbaycan dövləti son illərdə qeyri-neft sektorunun inkişafında mühüm irəliləyişlər əldə edib. Dünyada hökm sürən iqtisadi böhranın ölkəmizə təsir etməməsi üçün həyata keçirilən tədbirlərin, aparılan islahatların nəticəsində bu gün istər bölgələrimizdə, istərsə də paytaxt və paytaxtətrafı ərazilərimizdə dinamik inkişaf nəzərə çarpmaqdadır. Hər zaman prioritet sahə olaraq xarakterizə olunan kənd təsərrüfatının inkişafı birmənalı şəkildə regionların inkişafında mühüm rola malikdir. Bölgələrin inkişafında müstəsna yeri olan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları isə kənd təsərrüfatının daha intensiv şəkildə inkişafında əsaslı yer tutur.
Vurğulamaq lazımdır ki, bu gün ölkəmizdə aqrar sahənin inkişafı diqqət mərkəzindədir. Yeni, ixrac üçün əlverişli məhsulların yetişdirilməsi, pambıqçılığın, baramaçılığın, tütünçülüyün inkişafı üçün görülən tədbirlər vətəndaşların sosial rifahının yüksəlişini də təmin edir. Bununla yanaşı, Azərbaycan dövləti kənd təsərrüfatının mühüm sahələrindən sayılan heyvandarlığın və quşçuluğun inkişafı istiqamətində də tədbirlər həyata keçirir. Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda ölkə Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, 2004-cü ildən bu günə qədər Azərbaycan sahibkarlarına təxminən 2 milyard manat dəyərində güzəştli şərtlərlə kreditlər verilib. Bu kreditlər ölkə iqtisadiyyatının inkişafına böyük dəstək olub.
Bununla yanaşı, adıçəkilən konfransda vurğulanıb ki, bu gün ölkəmizdə heyvandarlıq məhsullarının istehsalının artırılmasına, bu yolla ət, süd və süd məhsulları idxalının azaldılmasına ciddi diqqət yetirilir. Qeyd edək ki, konfransda son illərdə həyata keçirilən məqsədyönlü siyasət sayəsində respublikada heyvandarlığın inkişafında bir sıra uğurlara nail olunduğu da bildirilib. Məsələn, 2016-cı ildə idxalın həcmi iribuynuzlu heyvanlar üzrə 46, diri ev quşları üzrə 55, quş yumurtası üzrə 27, xırdabuynuzlu heyvanlar üzrə 5 faiz azalıb.
O da qeyd edilməlidir ki, bu gün ölkəmizdə heyvandarlıq məhsulları ilə özünütəminat səviyyəsi yüksəkdir. Belə ki, mal əti 94, qoyun əti 99, quş əti 98,6 faiz, süd və süd məhsulları 88 faiz, kərə yağı 76 faiz özünütəminata imkan verir. Yaxın gələcəkdə isə heyvandarlığın daha da inkişaf etdirilməsi ilə daha yüksək nailiyyətlər əldə etmək proqnozlaşdırılır. Prezident İlham Əliyev sözügedən konfransdakı nitqində vurğulayıb ki, heyvandarlıq səmərəli şəkildə inkişaf etdirilməlidir.
Qarşıya qoyulan məqsədlərə nail olmaq üçün respublikanın regionlarında heyvandarlığın inkişafına hər cür maddi-texniki dəstək göstərilir. Xüsusi olaraq vurğulamaq lazımdır ki, ölkə üzrə heyvandarlığın inkişafında qabaqcıl təcrübənin, intensiv metodların tətbiqinin önəmi getdikcə daha da artır. İntensiv metodların tətbiqi regionlarda mal-qaranın baş sayının və məhsuldarlığın artmasına müsbət təsir göstərir. Süni mayalama nəticəsində alınmış inəklərdən ildə orta hesabla 3500-4000 kiloqram süd sağılır. Görülən tədbirlərin nəticəsidir ki, 2017-ci ilin yanvar-fevral aylarında diri çəkidə 75,6 min ton ət, 296,5 min ton süd, 278,8 milyon ədəd yumurta, 8,4 min ton tərəvəz istehsal olunub. 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 3,1 faiz, süd istehsalı 2,2 faiz, yumurta istehsalı 2,9 faiz, tərəvəz istehsalı isə 2,0 dəfə artıb. Kənd təsərrüfatının ümumi məhsulu 3,2 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 2,8 faiz artıb.
Vurğulamaq lazımdır ki, ötən il Aran iqtisadi rayonunda da heyvandarlığın inkişafı diqqət mərkəzində olub. Belə ki, Aran iqtisadi rayonunun Bərdə rayonunda ötən il ərzində 299 baş ətlik-südlük və 269 baş südlük istiqamətli cins heyvan alınıb. Bundan başqa, heyvandarlığı inkişaf etdirmək üçün rayonun Qazaxlar kəndində süd emalı müəssisəsi tikilib. Hesabat dövründə rayonda diri çəkidə 19,2 min ton ət, 79,8 min ton süd, 468 ton yun, 29,9 milyon ədəd yumurta istehsal edilib. 2015-ci ilə nisbətən ət istehsalı 6,3 faiz, süd istehsalı 15,6 faiz, yun istehsalı 2,2 faiz, yumurta istehsalı 0,3 faiz artıb. Eləcə də 2016-cı ilin müvafiq dövründə Bərdə rayonundan paytaxt Bakıda təşkil olunan yarmarkalara 1082 ton müxtəlif kənd təsərrüfatı məhsulları, eləcə də ət və ət məhsulları göndərilib.
Aran iqtisadi rayonuna daxil olan Biləsuvar rayonunda da ötən il ərzində heyvandarlığın və quşçuluğun inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilib. Belə ki, ötən 2016-cı ildə rayon üzrə iribuynuzlu mal-qara 41,3 min baş, xırdabuynuzlu mal-qara isə 139 min baş təşkil edib. 2016-cı ildə Biləsuvar rayonunda ümumi məhsul buraxılışının həcmi 233,6 milyon manat olub ki, bu da 2015-ci illə müqayisədə 18,7 milyon manat və ya 8,7 faiz çoxdur. Kənd təsərrüfatının ümumi məhsul buraxılışındakı həcmi isə ildən-ilə artmaqdadır.
İqtisadi rayonun Göyçay rayonunda da quşçuluğun və heyvandarlığın intensiv inkişafı üçün münbit şərait yaradılıb. Bunun nəticəsidir ki, ötən il aqrar sahədə mühüm uğurlar əldə edilib. 2015-ci illə müqayisədə rayonda ət istehsalı 0,7 faiz, süd istehsalı 0,4 faiz, yumurta istehsalı 2,4 faiz artıb. Bütövlükdə kənd təsərrüfatında əsaslı dönüşə nail olmaq, heyvandarlığın və quşçuluğun dinamik inkişafını təmin etmək üçün bütün qüvvələr səfərbər edilib. Dövlət səviyyəsində görülən tədbirlər isə bu marağı daha da stimullaşdırır. Mal-qaranın cins tərkibini yaxşılaşdırmaq üçün görülən kompleks tədbirlər sırasında süni mayalama vasitəsi ilə doğulan hər buzov üçün dövlətin 100 manat subsidiya verməsi heyvandarlıq təsərrüfatlarında böyük razılıqla qarşılanır. Bu isə qarşıdakı illərdə istər süd, istər yağ, istərsə də ət istehsalının artmasına öz təsirini göstərir.
Aran iqtisadi rayonuna daxil olan Hacıqabul rayonunda da heyvandarlıq məhsulları istehsalında artım qeydə alınıb. Hesabat dövründə süd istehsalı 25 ton artaraq 17242 tona, ət istehsalı 28 ton artaraq 9526 tona çatıb. Yumurta istehsalı 327 143 min ədəd olub. Rayon üzrə iribuynuzlu heyvanların baş sayı 595 baş və ya 1,6 faiz artaraq 38 414 başa, xırdabuynuzluların sayı isə 1118 baş və ya 0,8 faiz artaraq 135 956 başa çatıb.
Aran iqtisadi rayonunun digər bölgələri kimi İmişli rayonunda da 2016-cı ildə heyvandarlıq və quşçuluq sahələrinin inkişafı təmin edilib. İmişli rayonu üzrə mal-qaranın sayı ötən 2016-cı ildə 94658 başa, qoyunların sayı 256721 başa, quşların sayı isə 1036039 başa çatdırılıb. Bu isə 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu mal-qaranın 728 baş, qoyunların isə 3659 baş artması deməkdir. Rayonda ət istehsalı (diri çəkidə) 8438 ton, süd istehsalı 49555,2 ton, yumurta istehsalı isə 100730 min ədəd olub.
Aran iqtisadi rayonunun Kürdəmir rayonunda da kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində əsaslı işlər görülüb. Müvafiq Dövlət Proqramına əsasən rayonda məhsuldar cins heyvanların artırılması məqsədi ilə lizinq yolu ilə alınmış 365 baş cins düyə artırılaraq 650 başa çatdırılıb. Bundan başqa, Kürdəmir rayonunda 1193 baş inək süni mayalandırılıb, 667 baş cinsi yaxşılaşdırılmış bala alınıb. Eləcə də cins heyvanların yüksək texnologiya ilə saxlanması təmin edilib. Süni mayalama yolu ilə alınmış buzovların hər birinə görə dövlət tərəfindən mal sahibinə 100 manat subsidiya verilib. Hazırda iribuynuzlu mal-qaranın sayı 64,7 min başı, qoyun-keçilərin sayı 135562 başı, quşların sayı isə 382291 başı ötüb. 2016-cı ildə diri çəkidə 9868 ton ət, 42786 ton süd, 15553 min ədəd yumurta, 222 ton yun istehsal edilib. Heyvandarlıq məhsullarının istehsalı 2015-ci ilin müvafiq dövrünə nisbətən xeyli artıb. Belə ki, ət istehsalı 100,1 faiz, süd istehsalı 102,4 faiz, yumurta istehsalı 100,1 faiz, yun istehsalı 100,2 faiz təmin olunub. Rayondakı “Kürdəmir Broyler” ATSC-nin fəaliyyəti genişləndirilib, damazlıq ana quşların sayı artırılıb, 28 ton quş əti, 849000 ədəd yumurta istehsal olunub.
Aran iqtisadi regionunun Neftçala rayonunda da 2016-cı ildə aqrar sahədə müsbət irəliləyişlər qeydə alınıb. Rayonda kənd təsərrüfatının ümumi məhsulu 75 milyon 762 min manat təşkil edir. Göstərilən dövrdə Neftçalada diri çəkidə 13 min 76 ton ət, 24 min 415 ton süd, 7 milyon 385 min ədəd yumurta, 268 ton yun istehsal olunub. Bu isə əvvəlki illə müqayisədə ət istehsalının 1,1 faiz, süd istehsalının 0,4 faiz, yumurta istehsalının 21,1 faiz, yun istehsalının isə 2,2 faiz artması deməkdir.
Aran iqtisadi rayonuna daxil olan Saatlı rayonunda da kənd təsərrüfatının heyvandarlıq bölməsində ötən il 24 kəndli-fermer təsərrüfatı, 1 dövlət müəssisəsi fəaliyyət göstərib. Rayon Baytarlıq idarəsi heyvanlar arasında baş verə biləcək xəstəliklərin qarşısının alınması üçün müalicə və profilaktiki tədbirlərini genişləndirib. İribuynuzlu mal-qaranın süni yolla mayalanması üçün yerlərdə təlim keçmiş 10 texnik rayon Baytarlıq laboratoriyası ilə birgə fəaliyyət göstərməklə mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına və yüksək məhsuldarlıq əldə olunmasına nail olublar. Vurğulamaq lazımdır ki, 2016-cı ildə Saatlı rayonunda 7110,6 ton ət diri çəkidə, 38698 ton süd və 6780 min ədəd yumurta istehsal edilib. Rayon üzrə bütün təsərrüfat kateqoriyaları üzrə iribuynuzlu mal-qara 67407 baş, o cümlədən ana inək və camışların sayı 32093 baş, qoyun və keçilərin sayı 112131 baş olub. Bu isə 2015-ci illin müvafiq dövrü ilə müqayisədə qoyun və keçilərin baş sayı 992 baş artması deməkdir.
Pərviz SADAYOĞLU
Yeni Azərbaycan.-
2017.- 31 mart.- S.6