Aran iqtisadi rayonu üzrə
yüksək sosial-iqtisadi inkişaf dinamikası təmin edilir
2017-ci ilin birinci rübündə iqtisadi rayona
daxil olan rayonlarda istehsal artıb, həmçinin cari ilin bol məhsulunun
əsası qoyulub
Yerləşdiyi regionun əsas iqtisadi aktoru
sayılan Azərbaycan dövləti çoxşaxəli
inkişaf xəttinə sadiqlik nümayiş etdirir. Dünyada
hökm sürən qlobal iqtisadi böhranın ölkəmizə
təsirlərini azaltmaq üçün görülən tədbirlər,
regionların inkişafı ilə bağlı qəbul olunan
qərarlar öz bəhrəsini verir. Xüsusi vurğulamaq
lazımdır ki, bu gün bölgələrin
inkişafının əsas təminatçısı
regionların sosial-iqtisadi inkişafı ilə bağlı
Dövlət proqramlarının uğurlu icrasıdır. Bölgələrdə bütövlükdə aqrar
sahənin - maldarlığın, əkinçiliyin,
bitkiçiliyin və digər sahələrin daha da inkişaf
etdirilməsi kənd təsərrüfatı məhsullarının
istehsalındakı göstəricilərin də artmasında əsaslı
rol oynayır. 2017-ci ilin arxada qoyduğumuz birinci rübü
ərzində də bu inkişaf xətti birmənalı şəkildə
qorunub.
Yeri gəlmişkən, Aran iqtisadi rayonuna daxil
olan Ağcabədi rayonunda 2017-ci ilin birinci rübündə
iqtisadiyyatın əsas sahələri üzrə məhsul
buraxılışının həcmi 67.914,4 min manat olub. Bu, əvvəlki
illə müqayisədə 47,4 faiz çoxdur. Bəhs
olunan dövrdə 8.335,8 min manatlıq sənaye, 24.245,3 min
manatlıq kənd təsərrüfatı məhsulları
istehsal edilib, əsas kapitala 14,178 min manat investisiya yönəldilib.
2016-cı ilin eyni dövrü ilə müqayisədə sənaye
məhsulları istehsalı 2,7 dəfə, kənd təsərrüfatı
istehsalı 19,4 faiz, əsas kapitala yönəldilən
investisiyalar 4,7 dəfə artıb.
Rayonda 2017-ci ildə 8.000 hektarda pambıq əkilməsinin
planlaşdırılmasına baxmayaraq, indiyədək 9223,29
ha sahədə pambıq əkini üçün 1195 nəfər
torpaq mülkiyyətçisi şirkətlərlə
müqavilə bağlayıb. Pambıq əkini
üçün nəzərdə tutulan sahələrin
4649,30 ha “MKT-İK” MMC tərəfindən, 4160,99 ha isə
“CTS Aqro” MMC tərəfindən əkilib. Hazırda 4 min
hektardan çox ərazidə səpin işləri
aparılıb.
Bununla yanaşı, cari ildə
rayonda 15 ton barama istehsal olunması nəzərdə tutulub.
2017-ci ildə rayon ərazisində 2000 ha sahədə
çuğundur əkini nəzərdə tutulmağına
baxmayaraq, cari ilin birinci rübü ərzində rayonun 33 kəndində
1025 nəfər torpaq mülkiyyətçisi tərəfindən
2311,90 ha sahədə şəkər çuğunduru əkilib.
Aran iqtisadi rayonunun Biləsuvar rayonunda da
sosial-iqtisadi inkişaf sahəsində aparılan işlər
2017-ci ilin birinci rübündə uğurla davam etdirilib.
Rayonda 2016-cı ildə 6040 hektar sahədə pambıq əkilmişdisə,
2017-ci ildə 11 min hektar sahədə pambıq əkini üçün
müvafiq emal müəssisələri ilə müqavilələr
bağlanıb. Bu ilin birinci rübündə 4038 hektar sahədə
yüksək repreduksiyalı çiyid səpini həyata
keçirilib. Hazırda pambıq əkini sürətlə
davam edir. Bununla belə, pambıq əkini sahələrinin
daha da artırılması nəzərdə tutulub. Ölkə
Prezidentinin dövlət fonduna aid olan torpaq sahələrindən
daha səmərəli istifadə etmək barədə
tapşırığına uyğun olaraq rayonda 17 min hektardan
çox əkinə yararlı qış otlaq sahəsinin təyinatının dəyişdirilərək əkin dövriyyəsinə
cəlb edilməsi işləri artıq başa
çatdırılıb. İlkin mərhələdə 4676
hektar sahədə yaradılan aqroparkın ərazisində
30,5 min kubmetr şor kollektoru lildən təmizlənib, 20
kilometr yeni aralıq kollektoru qazılıb, 37 km ərazidə
hamarlama işləri aparılıb. Aqroparkın ərazisində
65 hektar sahədə taxıl əkilib. 200 hektar sahədə
çiyid səpilib. Bundan əlavə, 500 hektar
sahədə qarğıdalı əkini üçün
şum vurulub və ərazi əkin üçün
hazırlanıb. 5000 hektar ərazidə salınacaq aqroparkda
isə pambıq, taxıl, soya, günəbaxan və digər
kənd təsərrüfatı bitkilərinin əkilməsi
nəzərdə tutulub.
Bu ilin birinci rübündə rayonda kənd təsərrüfatının
digər sahələri də diqqət mərkəzində
saxlanılıb. Rayon üzrə 622 hektar sahədə
yazlıq bitkilərin əkini aparılıb. Bu ilin məhsulu
üçün 2016-cı ilin payızında 24,3 min hektar
payızlıq taxıl əkini aparılıb ki, bunun da 13 min
hektarı buğda, 11,3 min hektarı isə arpa bitkisidir.
Hesabat dövründə Biləsuvarda ümumi
məhsul buraxılışının həcmi 40,1 milyon manat
olub. Bu ilin birinci rübündə əsas
kapitala yönələn investisiyalar 2,9 milyon manat, pərakəndə
əmtəə dövriyyəsi isə 64,4 milyon manat təşkil
edib. 2017-ci ilin ilk üç ayında rayon əhalisinin gəlirləri
65 milyon manat, adambaşına düşən gəlirlərin
həcmi isə 644 manat təşkil edib.
Aran iqtisadi rayonunun Göyçay rayonunda isə
birinci rübdə iqtisadiyyatın əsas sahələri
üzrə istehsal olunmuş məhsul və xidmətlərin
həcmi 52,3 milyon manata yüksəlib. Həmin dövrdə
rayonun müəssisələrində istehsal olunan 6,3 milyon
manatlıq məhsul xarici ölkələrə ixrac edilib.
İstehsal olunan sənaye məhsulunda ixracın xüsusi
çəkisi 62,6 faizə çatdırılıb. Hesabat
dövründə rayon əhalisinin içməli su, elektrik
enerjisi və təbii qazla təchizatının
yaxşılaşdırılması sahəsində
mühüm işlər görülüb. Bundan başqa, bu
ilin ilk üç ayı ərzində bütün maliyyə
mənbələrindən əsas kapitala 35,7 milyon manat vəsait
yönəldilib, 1,2 milyon manatlıq tikinti-quraşdırma
işləri görülüb. Qoyulan investisiyaların əksəriyyəti
istehsal təyinatlı obyektlərin tikintisinə sərf
olunub.
Bundan əlavə, rayonda
görülən işlər nəticəsində 600-dən
çox yeni iş yeri açılıb ki, bunun da 553-nə
sosial müdafiəyə daha çox ehtiyacı olan vətəndaşlar
qəbul edilib. “Öz biznesinə başla” layihəsi çərçivəsində
18 ailəyə heyvandarlıq, arıçılıq,
faraş tərəvəzçilik sahələri
üzrə kiçik bizneslə məşğul olmağa
şərait yaradılıb. Birinci rübdə aqrar sahədə
də uğurlar qazanılıb. 2017-ci ilin məhsulu
üçün 14 min 622 hektarda dənli bitkilər, 674
hektarda tərəvəz, 153 hektarda kartof əkilib. Bununla yanaşı, meyvəçiliyin
inkişafı da diqqət mərkəzində saxlanılıb,
71 hektara yaxın sahədə xurma və nar bağları
salınıb. Əkin mövsümünə hazırlıq
dövründə rayonun suvarma sistemləri idarəsinin
balansında olan kanal, hidrotexniki qurğu və su
nasoslarında da təmir işləri aparılıb.
Aran iqtisadi rayonuna daxil olan başqa bir bölgəmizdə
- Hacıqabul rayonunda 2017-ci ilin birinci rübündə rayon
üzrə ümumi məhsul buraxılışının həcmi
51,1 milyon manat olub. Bu isə ötən ilin müvafiq
dövrü ilə müqayisədə 7,4 milyon manat və ya
17,1 faiz çoxdur. Məhsul buraxılışı həcmində
qeyri-dövlət sektorunun payı 66,8 faiz təşkil edib ki,
bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə
1,5 faiz çoxdur. Bu ilin ilk üç
ayında kənd təsərrüfatı məhsulunun həcmi
2 087,6 min manat artaraq 23 843 min manat, sənayedə məhsul
buraxılışının həcmi 402 min manat artaraq 1 680,6
min manat, ticarətdə məhsul
buraxılışının həcmi 155 min manat artaraq 18 148
min manat olub. Ötən ilin müvafiq dövrü ilə
müqayisədə kənd təsərrüfatında 9,6
faiz, sənayedə 31,4 faiz, ticarətdə 0,9 faiz artım
müşahidə edilib.
Bununla yanaşı, rayonda hesabat
dövründə pərakəndə əmtəə
dövriyyəsi 7 506,01 min manat və ya 16,1 faiz artaraq 54 026 min
manat, iaşə dövriyyəsi 125 min manat və ya 15,1 faiz
artaraq 955 min manat, əhaliyə göstərilmiş pullu xidmətlərin
həcmi 845 min manat və ya 12,2 faiz artaraq 7 745 min manat,
yük daşınmalarının həcmi 7 min ton və ya
12,1 faiz artaraq 65 min ton, sərnişin
daşınmalarının həcmi 82 min nəfər və ya
6,4 faiz artaraq 1 354,0 min nəfər olub. Eləcə
də 2017-ci ilin birinci rübündə Hacıqabul rayonunda
iqtisadiyyatın bütün sahələrinə yönəldilmiş
əsas kapitala investisiyaların ümumi həcmi keçən
ilin müvafiq dövrünə nisbətən 4 753,1 min manat və
ya 364,8 faiz artaraq 6 548,0 min manat olub.
Hacıqabul rayonunda bu ilin məhsulu
üçün 15 820 hektar taxıl əkilib ki, bu da ötən
ilin müvafiq dövrü ilə müqayisədə 2027
hektar çoxdur. Bu sahələrin 8950 hektarını
buğda, 6870 hektarını isə arpa əkini təşkil
edir. Hesabat dövründə 369 hektarda tərəvəz, 648
hektarda bostan, 40 hektarda kartof əkilib. Keçən ilin
müvafiq dövrü ilə müqayisədə tərəvəz
əkini 1 hektar, bostan əkini 1 hektar çox olub. Qeyd edək ki, Hacıqabul rayonunun inzibati ərazisində
müasir iri taxılçılıq və yemçilik təsərrüfatlarının
yaradılması üçün 30 000 hektar torpaq sahəsinin
otlaq kateqoriyasından əkin kateqoriyasına dəyişdirilməsi
barədə qərar qəbul edilib ki, həmin ərazidə
pivot suvarma sistemləri tətbiq etməklə iri
aqroparkların yaradılması nəzərdə tutulur.
Aran iqtisadi rayonunun Kürdəmir rayonunda da bu
ilin birinci rübündə mühüm işlər
görülüb, əhəmiyyətli addımlar
atılıb. Belə ki, 2017-ci ilin 3 ayında
ötən ilin müvafiq dövrü ilə müqayisədə
ümumi məhsul buraxılışı 2,5 faiz artaraq 67514,4
min manat təşkil edib. Ümumi məhsul
buraxılışının 48,9 faizi istehsal sahələrində,
51,1 faizi xidmət sahələrində olub. Rayonda 2017-ci
ilin birinci rübündə 1448 nəfər işlə təmin
olunub ki, bundan 1433 iş yeri daimidir.
Eləcə də rayonda artıq
yazlıq əkinlərinə başlanılıb, birinci
rüb ərzində 1200 hektardan çox sahəyə yonca səpilib,
1120 hektardan çox sahədə kartof əkini
aparılıb, 1500 hektardan çox sahəyə tərəvəz
toxumu səpilib, 1000 hektarda bostan, 286 hektar sahədə
çuğundur əkilib. Bundan başqa, 2017-ci ildə 4
min hektar sahədə pambıq əkilməsi nəzərdə
tutulub. Rayonda artıq çiyid səpininə
başlanılıb, səpin ilə əlaqədar 20-dən
çox səpin aqreqatı sahələrə
çıxarılıb. Hazırda sahələrdə səpin
işləri mütəşəkkil davam etdirilir. İlin
üç ayı ərzində 2000 hektara yaxın sahədə
çiyid səpilib. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 16 fevral 2017-ci il tarixli 115s saylı sərəncamı
ilə rayonda “Şilyan massivi” adlanan ərazidəki
qış otlaqlarından 6150 hektarının, 10 mart 2017-ci il
tarixli 190s saylı sərəncamı ilə “Muradxan-Pirili
massivi” adlanan ərazidəki qış otlaqlarından isə
4463,6 hektarının təyinatı dəyişdirilərək
əkin dövriyyəsinə 10613 hektar münbit torpaq sahəsi
qatılıb. Bu torpaqlarda artıq aqroparklar yaradılıb. Aqroparklar tərəfindən bu sahələrin
şoranlaşmasının qarşısının
alınması, müasir suvarma sistemləri qurulması,
torpağın münbitliyinin artırılmasına yönəldilən
digər tədbirlərin görülməsi sahəsində
işlər aparılır. Bu il bu torpaqların 500
hektarından çoxu qarabaşaq, soya, qarğıdalı və
digər bitkilərin əkini üçün
hazırlanıb.
Pərviz SADAYOĞLU
Yeni Azərbaycan.-
2017.-3 may.- S.7