Azərbaycan səhiyyəsi
öz uğurlarına görə Ulu öndər Heydər
Əliyevə minnətdardır
Milli Məclisin Səhiyyə komitəsinin
üzvü Kamaləddin Qafarov www.yap.org.az saytına müsahibə
verib:
- Kamaləddin müəllim, Ümummilli lider
Heydər Əliyevin əsasını qoyduğu siyasət
bütün sahələrdə davamlı inkişafın əldə
edilməsini şərtləndirib. Bu baxımdan,
səhiyyə sistemində görülən işlər və
əldə olunan nəticələri də xüsusi
vurğulamaq lazımdır. Ümumiyyətlə, Azərbaycanda
səhiyyə sisteminin inkişafı ilə bağlı Ulu
öndər Heydər Əliyevin misilsiz xidmətləri
haqqında nə demək olar?
- Ulu öndərimiz Heydər
Əliyev xalqın sağlamlıq məsələlərinə
daim taleyüklü məsələ kimi yanaşmış, bu
sahənin cəmiyyət həyatında həlledici rol
oynadığını dəfələrlə
vurğulamışdır. Ümummilli lider səhiyyəni cəmiyyət
və dövlət həyatında ən mühüm,
prioritet sahə kimi qiymətləndirərək deyirdi: “Səhiyyə
bizim üçün, hər bir cəmiyyət və dövlət
üçün çox lazımlı, həyatın
bütün sahələrini əhatə edən sahədir.
Onun üçün zəruri tədbirlər
görülüb və gələcəkdə də
görüləcəkdir”.
Heydər Əliyev səhiyyə
sisteminin inkişafı ilə bağlı tədbirlərin həyata
keçirilməsinə mövcud tibbi obyektlərin
abadlaşdırılması, yeni səhiyyə müəssisələrinin
yaradılması, əhalinin kütləvi dispanser
qeydiyyatına alınması və sahə həkimlərinin
işinin fəallaşdırılması məsələlərindən
başlayıb. Böyük öndər ölkəmizdə
sağlamlıq zonaları və istirahət evlərinin
yaradılmasına, abadlaşdırma işlərinin
aparılmasına, mövcud səhiyyə ocaqlarının
profilinin genişləndirilməsinə daim ciddi əhəmiyyət
verirdi. Heydər Əliyevin hakimiyyətə gəldiyi
ilk dövrdən rayonlarda, xüsusən ucqar dağlıq və
dağətəyi bölgələrdə səhiyyənin
inkişafına xüsusi diqqət yetirilirdi. Ötən əsrin
70-ci illərinin əvvəllərində həmin rayonlarda
ixtisaslı həkimlərin, xüsusən kardioloq, onkoloq,
ginekoloq, nevropatoloq, sanitar həkim və
epidemioloqların, orta ixtisas təhsilli tibb işçilərinin
və şəfqət bacılarının
çatışmazlığı kəskin hiss olunurdu. Bu
problemin həlli üçün, ilk növbədə, tibbi
profilli ali və orta ixtisas məktəblərinə tələbə
qəbulunun sayı artırıldı, ucqar yaşayış
məntəqələrindən gələn abituriyentlər
üçün güzəştlər tətbiq edildi. Məhz
bu kompleks tədbirlər sayəsində bölgələrin səhiyyə
müəssisələrində kadr
çatışmazlığı aradan qaldırıldı.
Uzaqgörən dövlət
xadimi olan Heydər Əliyev ölkəmizə birinci rəhbərliyi
dövründə tibb üzrə xarici mütəxəssislərin
diqqətini Azərbaycana cəlb etməyə, onlarla yerli
mütəxəssislər arasında əlaqə yaratmağa
çalışırdı. Keçən əsrin 70-ci illərinin
əvvəllərindən etibarən tibb
üzrə beynəlxalq qurultay, simpozium, konqres və
konfransların keçirilməsini təşkil edən Ulu
öndər ölkəmizin səhiyyə işçilərinin,
tibb alimlərinin beynəlxalq arenaya çıxmalarına
şərait yaratdı. Həmin dövrdən Ulu öndərin
təşəbbüsü ilə hər il yüzlərlə
gənc keçmiş sovetlər ittifaqının ən
mötəbər ali məktəblərində müxtəlif
peşələr və ixtisaslar üzrə təhsil
almağa göndərildi. Bu, gələcəyin
kadr hazırlığının təmininə istiqamətlənmiş
uzaqgörən siyasətin həyata keçirilməsi demək
idi. İndi Azərbaycanın milli tibbi kadrları nəinki
ölkəmizdə, hətta dünyanın bir sıra
inkişaf etmiş dövlətlərinin məşhur səhiyyə
müəssisələrində uğurla fəaliyyət
göstərirlər.
Heydər Əliyevin 1982-ci ildə
SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini təyin
edilməsi Onun Azərbaycan səhiyyəsinə olan nəzarətini,
diqqətini nəinki azaltdı, əksinə, bir az da
artırdı. Ulu öndər sonralar bu dövrü xarakterizə
edərkən deyirdi: “Mən Azərbaycana rəhbərlik
etdiyim zaman, sonra SSRİ-nin rəhbərliyində olduğum
illərdə daim səhiyyə ilə, tibb elmi ilə
yaxın olmuşam, ona qayğı göstərmişəm və
hesab edirəm ki, çox işlər görmüşəm.
Mən o vaxt sovetlər ittifaqının Moskvada yerləşən
ən böyük, ən mötəbər tibb ocaqları,
müəssisələri ilə yaxından tanış idim,
onların yaranmasında, inkişaf etməsində xidmətlər
göstərirdim. Mənim o vaxt həm onkoloji, həm
kardioloji, həm ürək cərrahiyyəsi, həm
oftalmoloji mərkəzlərin, başqalarının
yaranmasında, inkişaf etməsində çox səylərim
olmuşdur. Mən bu gün böyük məmnuniyyətlə
xatırlayıram ki, o vaxt SSRİ dövləti tərkibində
Azərbaycanın səhiyyəsinə marağı,
qayğını daha da artırırdım. Moskvada yerləşən
o böyük tibb elmi mərkəzlərinin diqqətini Azərbaycana
cəlb edirdim və Azərbaycana yardım etməyə
çalışırdım”.
Bu gün Ulu öndər Heydər Əliyevin
siyasi kursunun ölkəmizdə sədaqətlə davam
etdirilməsi digər sahələr kimi, səhiyyə sistemində
də uğurlara yeni vüsət verib. Həyata keçirilən
genişmiqyaslı islahatlar əhalinin sağlamlığının
qorunmasına, xalqımızın həyat səviyyəsinin
yaxşılaşdırılmasına, orta ömür
müddətinin uzanmasına xidmət edir. Tam əminliklə
demək olar ki, əbədiyaşar liderimiz Heydər
Əliyevin uzun illərə hesablanmış
strategiyasının uğurla tətbiqi nəticəsində səhiyyə
sistemini qarşıda daha böyük tərəqqi, nailiyyətlər
gözləyir.
Heydər Əliyevin xarici ölkələrdə
oxutdurduğu gənclər indi XXI əsrdə Azərbaycanda
aparıcı mütəxəssislərə çevriliblər.
İndi tam əminliklə demək olar ki, Ulu öndər Heydər
Əliyevin və Onun layiqli davamçısı Prezident
İlham Əliyevin göstərdikləri qayğı sayəsində
Azərbaycanda tibb elmi və tibb təhsili, eləcə də
səhiyyənin digər bütün sahələri üzrə
çox sanballı, yüksək səviyyəli milli kadrlar
yetişib və onlar da öz peşəkarlıq məktəblərini
yarada biliblər. Tibb mütəxəssislərimizin
xaricə oxumağa və işləməyə göndərilməsi
həm də müxtəlif xarici ölkələrdə
yaşayan və fəaliyyət göstərən dünya azərbaycanlılarına
maddi və mənəvi dayağın artmasına, Azərbaycan
diasporunun möhkəmlənməsinə zəmin
yaradır.
Azərbaycan səhiyyəsi, Azərbaycan
tibb elmi və tibb təhsili sistemi XX əsrin ikinci
yarısı və XXI əsrin əvvəllərində 30 ildən
çox bilavasitə Heydər Əliyevin himayəsində
olub, Onun rəhbərliyi ilə inkişaf edib, Onun sayəsində
indiki yüksək səviyyəyə çatıb.
Heydər Əliyevin 1993-cü ilin iyun
ayının 15-də yenidən Azərbaycana rəhbərliyə
qayıdışından sonra Azərbaycan səhiyyəsinin,
həmçinin Azərbaycan tibb elmi və tibb təhsili
sisteminin inkişafının yeni mərhələsi
başlandı.
Ümummilli liderimizin müdrik dövlətçilik
siyasəti sayəsində Azərbaycanda səhiyyə sistemi də
xilas edildi. Heydər Əliyevin o vaxtlar ölkəmizdəki
siyasi-iqtisadi vəziyyəti yaxşılaşdırmaq
uğrunda yerinə yetirdiyi əvəzsiz xidmətlər
tarixin səhifələrinə qızıl hərflərlə
həkk olundu.
- Müstəqillik dövründə
Azərbaycanda səhiyyə sisteminin inkişafı ilə
bağlı Ümummilli lider Heydər Əliyevin rəhbərliyi
ilə görülən ardıcıl, məqsədyönlü,
sistemli və kompleks xarakterli tədbirlərin nəticəsində
qazanılan uğurlar barədə nə deyə bilərsiniz?
- Ulu öndər Heydər Əliyevin xüsusi
diqqət və qayğısı sayəsində müstəqillik
dövründə ölkəmizdə səhiyyənin
inkişafı və əhalinin sağlamlığının
qorunması sahəsində əhəmiyyətli nailiyyətlər
əldə etmək mümkün oldu. Onun
bilavasitə rəhbərliyi ilə ölkənin səhiyyə
sistemində ardıcıl və məqsədyönlü
işlər görüldü, islahatlar aparıldı. Bu
işdə ilk növbədə səhiyyənin
hüquqi-normativ bazasının təkmilləşdirilməsi
və dünya standartları səviyyəsinə
qaldırılması daim diqqət mərkəzində
saxlanılırdı. Həmin məqsədlə ölkəmizdə
səhiyyənin qanunvericilik bazasını gücləndirən
bir sıra qanunlar, o cümlədən “Əhalinin
sağlamlığının qorunması haqqında”, “Qan və
onun komponentlərinin donorluğu haqqında”, “İnsanın
immunçatışmazlığı virusunun törətdiyi
xəstəliyin (AİDS)
yayılmasının qarşısının alınması
haqqında”, “Əczaçılıq fəaliyyəti
haqqında”, “İnsan orqan və (və ya) toxumalarının
transplantasiyası haqqında”, “Tibbi sığorta haqqında”
və s. qanunlar işlənib hazırlandı və Milli Məclis
tərəfindən qəbul edildi. Azərbaycan ərazisində
QİÇS və vərəm xəstəliklərinin
yayılmasının qarşısını almaq
üçün milli proqramlar işlənib hazırlandı.
Heydər Əliyevin Azərbaycan səhiyyəsi
qarşısındakı xidmətlərindən
danışarkən səhiyyə islahatları
proqramının hazırlanması və icrasını
xüsusi qeyd etmək lazımdır. Ulu öndərin
“Səhiyyə sahəsində islahatlar üzrə Dövlət
Komissiyasının yaradılması barədə” 13 mart
1998-ci il tarixli Sərəncamı səhiyyənin
bütün sahələrini əhatə edən
islahatların daha geniş miqyasda və sürətlə
aparılması üçün şərait yaratdı.
Ümummilli liderin səhiyyə siyasətinin əsas
istiqamətlərindən biri də keçid dövründə
bu sahədə mütərəqqi dəyişikliklərin
aparılması və yeni səhiyyə sisteminin qurulması
idi.
- Hazırda Ümummilli lider Heydər
Əliyevin əsasını qoyduğu inkişaf
strategiyası Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Şübhəsiz ki, bu, səhiyyə
sistemində də özünü göstərir. İndiki mərhələdə
ölkəmizdə insanların sağlamlığının
qorunması və səhiyyənin inkişafı istiqamətində
həyata keçirilən işləri necə dəyərləndirirsiniz?
- Bu gün digər sahələrdə
olduğu kimi, səhiyyə sahəsində də Ulu öndərin
siyasi kursu Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Dövlət başçısı
Ümummilli lider Heydər Əliyevin başlıca həyat
prinsipi olan xalqa, millətə xidmət və sədaqət
amalını yaşadır. Məhz Onun rəhbərliyi ilə
Heydər Əliyev siyasəti, gələcəyə istiqamətlənmiş
strateji inkişaf kursu davamlı surətdə irəliləyir
və Azərbaycanın uğurlarının əsasını
təşkil edir.
Azərbaycan dövləti insanların
sağlamlığını prioritet məsələ kimi daim
diqqət mərkəzində saxlayır. Əlamətdardır
ki, son 10 ildə ölkə büdcəsində səhiyyə
xərcləri 7 dəfədən çox
artmışdır. Azərbaycanda müasir tibb
avadanlığı və cihazlarla təchiz olunmuş 500-dən
çox səhiyyə müəssisəsi əhalinin istifadəsinə
verilmişdir. Maddi-texniki bazası gücləndirilən tibb
müəssisələri indi bir sıra hallarda dünyanın
qabaqcıl səhiyyə ocaqlarından geri qalmır, bəzən
isə hətta onları üstələyir.
Dövlət
başçısının səhiyyəmizə diqqət və
qayğısı, Azərbaycan xalqının
sağlamlığının qorunması yolunda atdığı
mühüm addımlar, ümumiyyətlə, ölkədə
həyata keçirilən sosialyönümlü siyasət Ulu
öndərin bu istiqamətdə müəyyən etdiyi
strategiyanın uğurla davam etdirilməsinin parlaq təzahürüdür.
Yeni tikilən, əsaslı təmir olunan, ən
müasir avadanlıqlarla təchiz edilən tibb mərkəzləri,
tibb işçilərinin təkmilləşməsinə
verilən diqqət, gündən-günə
yaxşılaşan sağlamlıq və demoqrafik göstəricilər
Azərbaycan dövlətinin və Azərbaycan Prezidentinin əhalinin
səhhətinin qorunmasına, gələcək nəsillərin
sağlamlığına verdiyi əhəmiyyətin
sübutudur.
- Son illər Azərbaycanda kifayət qədər
müasir tibb müəssisəsinin istifadəyə verilməsi
əhaliyə göstərilən tibbi xidmət səviyyəsinin
yüksəldilməsinə necə təsir göstərir?
- Respublikamızda son illər baş verən
sürətli iqtisadi inkişaf bütün sosial sahələrin,
o cümlədən səhiyyənin inkişafına da əsaslı
təkan verib. Azərbaycan Prezidenti İlham Əliyevin həyata
keçirdiyi siyasət nəticəsində ölkə səhiyyəsi
yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycan
səhiyyəsinin müasir dövrümüzdə
bütün xüsusiyyətlərinə görə
özünün yeni inkişaf mərhələsini
yaşaması ölkəmizin iqtisadi gücünün, siyasi
sabitliyin təzahürüdür. Müasir
dövrümüzdə səhiyyənin idarə olunması,
tibb müəssisələrinin maddi-texniki bazasının
gücləndirilməsi və digər irimiqyaslı tədbirlər
həyata keçirilib. Bütün bu uğurlar səhiyyənin
dünya standartları üzrə inkişafına, onun
dünyanın qabaqcıl ölkələrinin səhiyyə
sisteminə ardıcıllıqla inteqrasiya edilməsinə zəmin
yaradan amillərdir.
Ölkədə səhiyyə
sahəsində aparılan islahatlar, Prezident İlham Əliyevin
Sərəncam və tapşırıqlarına əsasən
tikilib istifadəyə verilən, yenidən qurulan tibb
ocaqları Azərbaycan səhiyyəsinin inkişafının
bu gün ən yüksək səviyyədə davam etdiyini
göstərir. Hər növ müasir tibbi avadanlıq və
ləvazimatlarla təchiz olunmuş xəstəxanalar dünya
standartlarına uyğunlaşdırılıb. Yeni istifadəyə
verilən, təmir və bərpa olunan səhiyyə
ocaqlarına dünyanın inkişaf etmiş ölkələri
olan Almaniya və İsveçrə kimi ölkələrdən
avadanlıqlar gətirilir.
Son illər strateji əhəmiyyətli
məsələ kimi qan xidmətinin inkişafına xüsusi
diqqət yetirilir. Əhalinin donorluğa cəlb edilməsi
işinin aktivləşdirilməsi nəticəsində, tədarük
olunan qan və onun komponentlərinin miqdarı ilbəil
artırılır. Belə ki, 2010-cu ildə 19,5 ton qan tədarük
edilmişdirsə, 2016-cı ildə bu rəqəm 36 tondan
çox olmuşdur. Bunun nəticəsidir ki, tibb müəssisələrinin
və xəstələrin “təhlükəsiz” donor qanına
və onun komponentlərinə olan ehtiyacı tam ödənilir.
- Kamaləddin müəllim,
bütövlükdə, Azərbaycan səhiyyəsinin
hazırkı inkişaf dövrünü necə səciyyələndirmək
olar?
- Artıq bu gün Azərbaycan səhiyyəsi
sürətli inkişaf dövrünü yaşayır. Bu gün ölkəmizdə əvvəllər əlacı
olmayan bir sıra xəstəliklər müalicə edilir,
mürəkkəb əməliyyatlar, o cümlədən
qaraciyər transplantasiyası, süni oynaq və açıq
ürək əməliyyatları aparılır. İlin əvvəlindən
indiyədək 18 nəfərə qaraciyər köçürülmüş, 76 xəstəyə
endoprotezləşmə əməliyyatı
aparılmış, dövlət hesabına 865 xəstənin
açıq ürək əməliyyatı icra olunub, 63 nəfərə
böyrək köçürülmüşdür. 42
sümük iliyi transplantasiyası icra edilmişdir.
Yalnız 2016-cı ildə dövlət hesabına 956 xəstəyə
865 açıq, 91 qapalı ürək əməliyyatı
icra olunmuşdur. O cümlədən 265 uşağa 219
açıq, 46 qapalı kardiocərrahiyyə əməliyyatı
icra olunmuşdur. Respublikamızda həyata
keçirilmiş kompleks qabaqlayıcı tədbirlər
2016-cı ildə Avropa regionunun əksər ölkələrində,
xüsusən həmsərhəd ərazilərdə
ağır gedişli, yüksək ölüm faizi ilə nəticələnən
A (H1N1) virusu epidemiyasının ölkəmizə keçməsinin
qarşısını almışdır.
Azərbaycan Prezidentinin Fərmanı ilə təsdiq
edilmiş “Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf Konsepsiyasında səhiyyə sahəsində
qarşıda duran başlıca vəzifələrə
xüsusi diqqət ayrılıb. Konsepsiyanın
müvafiq bölümündə səhiyyəyə
ayrılan vəsaitin ümumi daxili məhsulda payının
dinamik şəkildə artırılması, həmin vəsaitin
səmərəli və məqsədyönlü istifadəsini
təmin edən mexanizmlər yaradılması nəzərdə
tutulub. Səhiyyə sisteminin islahatları
nəticəsində, əsasən, stasionar yardıma istiqamətləndirilmiş
təbabətdən ilkin tibbi-sanitariya yardımının
üstünlük təşkil etdiyi təbabətə
keçilməsi reallaşdırılacaq, ailə həkimi
praktikasının genişləndirilməsinə müvafiq
şərait yaradılacaqdır.
Göründüyü kimi, Ulu
öndərimizin əsasını qoyduğu səhiyyə
strategiyası uğurla davam etdirilir, əhalinin
sağlamlığı və sosial rifahı yüksəlir,
tibb sahəsində yeni-yeni nanotexnolgiyalı, yüksək
innovasiyalı müalicə-diaqnostika müəssisələrinin
sayı və yüksək ixtisaslı tibbi personalın
xüsusi çəkisi durmadan artır.
Yeni Azərbaycan.-
2017.- 3 may.- S.6