Regionlarda pambıqçılığın inkişafı diqqət mərkəzində saxlanılır

 

Cari ildə respublikanın 22 rayonunda 136 min hektarda pambıq səpini aparmaq nəzərdə tutulub

Son 13 ildə Azərbaycanın bütün bölgələrinin tarazlı şəkildə inkişaf etdirilməsi və regionların iqtisadi potensialından səmərəli şəkildə istifadə edilməsi ölkəmizdə həyata keçirilən məqsədyönlü dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edib. Bu xüsusda söhbət açarkən 2004-cü ildən başlayaraq Prezident İlham Əliyev tərəfindən imzalanan müvafiq fərmanlarla təsdiqlənən və hər beş il üçün nəzərdə tutulan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının rolunu xüsusi qeyd etmək lazımdır. Bəhs olunan Dövlət proqramlarında bölgələrin tarixən formalaşan ənənələri və meydana çıxan yeni çağırışlar nəzərə alınmaqla konkret inkişaf istiqamətləri müəyyənləşdirilib.

Regionların sosial-iqtisadi inkişafına göstərilən diqqət öz bəhrəsini verməkdədir. İndiyədək respublikamızda iki Dövlət Proqramının icrası böyük uğurla tamamlanıb və hazırda sayca üçüncü Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsində də hər hansı problem yaşanmır. Dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin uğurla həyata keçirilməsi sayəsində ölkəmizdə yeni reallıqlar yaranıb. Əsas məqamlardan biri də ondan ibarətdir ki, dövlətin hərtərəfli siyasi və maddi dəstəyi sayəsində regionlar da iqtisadi güc amilinə çevrilib.

Yeni şəraitdə regionlarda istehsal və ixrac imkanlarının artırılması böyük əhəmiyyət daşıyır

Yeni şəraitdə müəyyənləşdirilən hədəflərdən biri də regionların potensialından daha səmərəli istifadə etməklə ölkənin qeyri-neft məhsulları üzrə istehsal və ixrac imkanlarının artırılmasına nail olmaqdan ibarətdir. Ölkənin regionlarında qeyri-neft məhsulları üzrə istehsal və ixrac imkanlarının artırılmasının əsas məqsədlərdən biri kimi qarşıya qoyulması isə heç də təsadüfi deyil. Azərbaycanın coğrafi-iqlim xüsusiyyətləri elədir ki, bölgələrdə istehsal imkanlarını genişləndirməklə daxili tələbatı bütünlüklə yerli istehsal hesabına təmin etmək mümkündür. Son illərdə respublikamızda bir sıra mühüm pozisiyalar üzrə daxili tələbat sırf yerli istehsal hesabına ödənilir ki, bu da böyük nailiyyətdir. Digər tərəfdən, ölkəmiz yaxın və uzaq istehlak bazarlarına böyük həcmlərdə kənd təsərrüfatı məhsulları çıxarmaq imkanına malikdir. İndiki şəraitdə bu imkanlardan səmərəli istifadə etməklə dünya birjalarında neftin kəskin ucuzlaşması fonunda ölkəmizə valyuta daxilolmalarının azalmasını əhəmiyyətli dərəcədə kompensasiya etmək mümkündür. Azərbaycana üstünlük qazandıran vacib məqamlardan biri ondan ibarətdir ki, ölkəmiz bir sıra iri istehlak bazarları ilə əhatə olunub. Xüsusi olaraq vurğulamaq yerinə düşər ki, həmin bazarlarda Azərbaycanın regionlarında yetişdirilən kənd təsərrüfatı məhsullarını yaxşı tanıyırlar və yüksək qiymətləndirirlər. Bu da onunla bağlıdır ki, ölkəmizdə geni dəyişdirilmiş məhsullar yetişdirilmir, istehlakçılara ekoloji cəhətdən təmiz meyvə-tərəvəz təklif olunur. Ölkəmizdə ötən ildən işə salınan təşviq mexanizmi, həmçinin praktiki müstəvidə görülən tədbirlər respublikamızdan xarici istehlak bazarlarına ixrac olunan məhsulun həcminin artmasına müsbət təsir göstərir. Ümumilikdə, 2016-cı ildə aqrar sektordan ixracın həcmi əvvəlki illə müqayisədə 73 milyon və ya 20,7 faiz artaraq 426 milyon ABŞ dolları təşkil edib. O cümlədən il ərzində respublikamızdan tərəvəz ixracı 41, meyvə ixracı 11, pambıq iplik ixracı isə 25 faiz artıb.

Regionlarda pambıqçılığın bərpa edilməsi Azərbaycanın ixrac imkanlarını daha da genişləndirəcək

Ötən ildən etibarən həmçinin respublikamızda yeni ixrac imkanları yarada biləcək texniki bitkilərin becərilməsi istiqamətində də zəruri tədbirlər həyata keçirilir. Son illərdə respublikanın bölgələrində yaradılan müasir infrastruktur, eləcə də aqrar sektorun zəruri texnika ilə təminatının gücləndirilməsi, yeni suvarma sistemlərinin yaradılması, genişmiqyaslı meliorasiya və irriqasiya tədbirlərinin həyata keçirilməsi, toxumçuluğun inkişafına göstərilən diqqət gəlirli sahə olan pambıqçılıqda məhsuldarlığın artırılmasına geniş imkanlar açır. Keçən il və bu il Dövlət İnvestisiya Proqramında pambıqçılığın inkişafı ilə bağlı böyük vəsait nəzərdə tutulub, kompleks tədbirlər reallaşdırılıb. Prezident İlham Əliyev Saatlıda keçirilən pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsindəki nitqində pambıqçılığın inkişafının iqtisadi baxımdan böyük önəm daşıdığına diqqət çəkərək bildirib: “Pambıqçılığın ölkə iqtisadiyyatına çox böyük xeyri var. Bu, ölkəmizə valyuta gətirir və pambıq elə bir məhsuldur ki, dünya birjalarında satılır. Ona görə pambığın və mahlıcın satışı üçün bazarları aramaq lazım gəlmir və bu, əlbəttə ki, böyük üstünlükdür”.

Ümumiyyətlə, respublikamızda 2016-cı il pambıqçılığın inkişafında dönüş ili olub. Belə ki, ötən il 51 min hektarda pambıq əkilib və 90 min tona yaxın məhsul tədarük edilib. Ötən il 1800 ədəd texnika alınıb, 2017-ci ildə isə 3811 ədəd texnika sifariş edilib. Bu il 22 rayonda pambıq əkiləcək. Bütövlükdə, 136 min hektarda pambığın səpini, orta məhsuldarlığın 20 sentner səviyyəsində olması və 270 min ton pambıq tədarükü gözlənilir. Pambıqçılığın inkişafı ölkə miqyasında yüngül sənayenin inkişafına böyük təkan verəcək.

Regionlarda pambıqçılığın inkişafı məqsədilə görülən tədbirlər sırasında meliorativ tədbirlərin də böyük əhəmiyyəti var. Azərbaycanda meliorasiya işləri uğurla aparılır, dövriyyəyə yeni əkin sahələri əlavə edilir. 2017-ci ildə 150 min hektar suvarılmamış torpaqlara su çəkilişi təmin ediləcək.

Bölgələrdə pambıqçılığın inkişafı həm də dərin sosial mahiyyət daşıyır

Sosial dövlət olan Azərbaycanda əhalinin məşğulluğunun təmin olunması daim diqqət mərkəzində saxlanılır. Məlumdur ki, iqtisadi inkişaf dinamikasının nəticəsi olaraq ölkəmizdə müsbət demoqrafik vəziyyət yaranıb və bu tendensiya əhali artımında özünün büruzə verir. Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq respublikamızda əhali artımı nəzərə alınmaqla yeni iş yerlərinin yaradılması davamlı prosesə çevrilib. Son 13 ildə ölkədə 1,5 milyondan çox yeni iş yerləri yaradılıb ki, onların da böyük əksəriyyəti daimi olmaqla regionların payına düşür. Təkcə cari ilin birinci rübündə respublika miqyasında 80 mindən çox yeni iş yerləri yaradılıb. Bu qəbildən olan məqsədyönlü tədbirlərin nəticəsidir ki, hazırda ölkəmizdə işsizliyin səviyyəsi təxminən 5 faiz səviyyəsindədir ki, bu da dünya üzrə ən yaxşı göstəricilərdəndir.

Pambıqçılıq da kənd təsərrüfatının əmək tutumu kifayət qədər geniş olan sahələrindən biridir. Ötən il respublikanın regionlarında 64 min fəal insan pambıq əkib-becərməklə məşğul olub. Cari ildə isə bu rəqəmin 200 mindən çox olacağı proqnozlaşdırılır. Bəhs olunan müşavirədə Prezident İlham Əliyev pambıqçılığın inkişafının sosial mahiyyətinə diqqət çəkərək bildirib: “...Pambıqçılığın inkişafı, ilk növbədə, məşğulluğun artırılması və insanların, bu rayonlarda yaşayan insanların həyat səviyyəsinin yaxşılaşdırılması üçün aparılır. Ona görə biz neftdən əldə edilən vəsaiti bu sahəyə qoyuruq ki, camaat daha da yaxşı dolansın, işləsin, pul qazansın, halal zəhmətlə dolansın. Biz yaxşı pul qazanmaq üçün imkanlar yaradırıq. Ona görə pambıqçılığın inkişafı Prezident kimi mənim üçün, ilk növbədə, sosial layihədir, ondan sonra iqtisadi layihədir, daha sonra isə valyuta gətirən layihədir”.

Hazırda sahələrdə bol məhsulun əsası qoyulur

Hazırda respublikanın pambıq əkilən bütün bölgələrində yaz tarla işləri intensiv şəkildə davam etdirilir və bol məhsulun əsası qoyulur. Ayrı-ayrı bölgələrdə sahələrə çiyid səpini uğurla davam etdirilir. Salyan rayonunda səpin başlayandan bu günə kimi ümumilikdə 4 min hektardan çox sahəyə çiyid səpilib. Havaların əlverişli keçməsindən istifadə edən pambıqçılar səpin kampaniyasını qısa müddətdə başa çatdırmaq üçün bütün imkanlardan səmərəli istifadə edirlər.

Pambıq əkini ilə məşğul olan fermerlər müqavilə bağladıqları şirkətlər tərəfindən kənd təsərrüfatı texnikası, toxum, dərman preparatları və gübrə ilə tam təmin olunurlar. Pambıq yetişdirilməsi ilə bağlı fermerlərin gələcəkdə qarşılaşacaqları çətinlikləri aradan qaldırmaq məqsədilə rayonda təcrübəli aqronom və digər kənd təsərrüfatı mütəxəssislərindən ibarət qərargah yaradılıb.

Dövlət tərəfindən pambıqçılığın inkişafına göstərilən diqqət fermerlərin bu sahəyə marağını qat-qat artırıb. Hazırda rayonda iri fermerlərlə yanaşı, 4-5 hektar pay torpağı olan təsərrüfat sahibləri də “ağ qızıl” yetişdirməyə başlayıblar.

Qeyd edək ki, ötən il rayonda 2200 hektar sahədə pambıq əkilib. Bu il isə rayon pambıqçıları əkin sahələrini genişləndirmək hesabına bu rəqəmi 7 min hektara çatdırmağı qarşılarına məqsəd qoyublar.

Beyləqan rayonunda pambıqçılıqla məşğul olan fermerlər və torpaq mülkiyyətçiləri bu günədək 7400 hektar sahədə səpin aparıblar. Rayon İcra Hakimiyyətindən bildiriblər ki, bu il 8500 hektar sahədə pambıq becərilməsi nəzərdə tutulur ki, bu da ötən illə müqayisədə 4500 hektar çoxdur. Yüksək məhsuldarlıq əldə etmək üçün səpin aparılacaq sahələrin hamısında şum, arat və malalama işləri vaxtında həyata keçirilib. Hazırda çiyid səpini uğurla davam edir. Səpinə kifayət qədər aqreqat cəlb olunub və bir həftə ərzində səpin işlərinin tam başa çatdırılması nəzərdə tutulur.

Ölkədə aqrar sektorun, xüsusilə pambıqçılığın dinamik inkişafına nail olmaqla bağlı qarşıya qoyulan vəzifələr Neftçalada da uğurla icra olunur. Rayonda pambıq istehsal edən əkinçilər cari mövsümdə pambıq sahələrini 10 min 100 hektara çatdırmaqla 2 min ton “ağ qızıl” istehsal etməyi planlaşdırıblar. Son günlərədək rayonun pambıq becəriləcək əkin sahələrinin 60 faizində çiyid səpini aparılıb və səpin işləri sürətlə davam etdirilir.

Mübariz ABDULLAYEV

Yeni Azərbaycan.- 2017.- 9 may.- S.-15