Heydər Əliyev
ideyaları müasir mərhələdə islahatlar
strategiyasının əsasını təşkil edir
Müstəqil Azərbaycan
dövləti son 23 ilini bütün sahələrdə
çox böyük uğurlarla və nailiyyətlərlə
başa vurub. Ölkəmiz dinamik inkişaf edən iqtisadiyyata
və mühüm geostrateji mövqeyə malik olan, qlobal enerji
təhlükəsizliyinin təminatında getdikcə vacib rol
oynayan bir dövlət kimi xarakterizə olunur. Cənubi
Qafqazın lider dövləti statusunu inamla daşıyan
ölkəmiz regionda hadisələrin inkişaf istiqamətini
müəyyənləşdirən aparıcı rola malikdir.
Təsadüfi deyil ki, bölgəyə iqtisadi, siyasi maraq
göstərən dünya dövlətləri, beynəlxalq təşkilatlar,
ilk növbədə, Azərbaycanın mövqeyini nəzərə
alır, onunla hesablaşırlar. Bütün
bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə
ölkədə qətiyyətlə həyata keçirilən
daxili və xarici siyasətin uğurlu olduğunu, onun praqmatizm
üzərində qurulduğunu, milli maraqların müdafiəsinə
yönəldiyini əyani surətdə təsdiqləyir.
Müstəqil Azərbaycan dövlətinin
qurucusu və banisi Ümummilli lider Heydər Əliyev elə
bir irs yaradıb ki, onun dərindən öyrənilməsinə
çox böyük ehtiyac var. Həmin irs ölkənin
ictimai-siyasi, iqtisadi və mədəni sahələrinin daha da
inkişaf etdirilməsində tükənməz enerjiyə
malikdir. Dövlət quruculuğu ilə yaxından məşğul
olan hər bir dövlət məmuru Ümummilli lider Heydər
Əliyevin irsini dərindən öyrənməlidir. Bu irs
yeni yaranmış müstəqil dövlətlər
üçün çox önəmli təcrübə məktəbi
və tarixin sınağından çıxmış
dövlət quruculuğu modelidir.
Ümummilli lider Heydər Əliyev müstəqil
Azərbaycan dövlətinin təməlini qoymağa hələ
1969-cu ildə respublikaya rəhbərlik etdiyi dövrdən,
özü də çox incəliklə, peşəkarlıqla
və müdrikliklə başlamışdır. Ulu öndər Sovet imperiyasının tərkibində
olduğu müddətdə respublikada milli hərbi
kadrların hazırlığı üçün hərbi məktəbin
yaradılması, Azərbaycan dilinin dövlət dili kimi
Konstitusiyada təsbit edilməsi, ölkədə yüzlərlə
zavod, fabrik və emal sexlərinin qurulması, güclü
energetika sisteminin yaradılması, əhalinin
mənzil şəraitinin
yaxşılaşdırılması üçün
yaşayış evlərinin tikilməsi və yeni qəsəbələrin
salınması, təhsil, səhiyyə və mədəniyyət
obyektlərinin istifadəyə verilməsi, milli intellektin
inkişaf etdirilməsi, milli mədəni dəyərlərimizin
qorunub saxlanması və daha da inkişaf etdirilməsi
kimi çox mühüm işlər görmüşdür.
Müstəqil dövlətçiliyimizin
güclənməsi və qüdrətlənməsi,
sosial-iqtisadi inkişafın sürətlənməsi, əhalinin
rifah halının yüksəlməsi, demokratikləşmə
prosesinin dərinləşməsi ilə səciyyələnən
bu dövrün bütün uğur və nailiyyətlərinin
möhkəm bünövrəsi vardır. Bu bünövrə
Azərbaycanın müasir tarixinin bütöv bir qərinəsində
möhtəşəm dövlətçilik fəaliyyəti
ilə xalqımızın taleyini müəyyənləşdirən
Ulu öndərimiz Heydər Əliyev tərəfindən
qoyulmuşdur.
Ulu öndərin tarixin keşməkeşlərində
dəfələrlə sınaqdan çıxmış təcrübəsi
sübut edir ki, xalqların və millətlərin taleyində,
formalaşmasında, dünyadakı yerinin müəyyənləşdirilməsində
tarixi şəxsiyyətlərin, dahi siyasətçilərin
və müdrik dövlət başçılarının
müstəsna rolu danılmazdır. Bəşəriyyətin
yetirdiyi Heydər Əliyev kimi nadir dühalar isə özləri
bütöv bir salnamə, tarix yaratmağa qadir olurlar. Ulu öndərimizin Azərbaycanın müdrik rəhbəri
kimi, çoxşaxəli fəaliyyəti, Vətən və
xalq qarşısındakı misilsiz xidmətləri dahi şəxsiyyətlərin
tarixin gedişində həlledici rol oynadıqlarını əyani
şəkildə təsdiqləyən ən dəyərli
nümunələrdəndir. Öz fəaliyyəti,
həyatı və xalqı naminə göstərdiyi xidmətləri
ilə tariximizdə dərin iz buraxmış dahi şəxsiyyətin
- Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi
bütün dövrlər birmənalı olaraq böyük
quruculuq illəri, Azərbaycanın hərtərəfli və
sürətli tərəqqi mərhələsi kimi səciyyələndirilir.
Azərbaycanın müasir tarixinə nəzər
salarkən aydın görünür ki, ölkənin və
xalqın ən çətin anlarında Heydər Əliyevə
ehtiyac duyulub və üzərinə düşən
böyük missiyanı uğurla yerinə yetirən Ulu
öndərimiz hər zaman Ona bəslənilən ümidləri
layiqincə doğrulda bilib.
1969-cu ildə Heydər Əliyevin Azərbaycanda
hakimiyyətə gəlişi ilə çağdaş
tariximizdə keyfiyyətcə yeni epoxanın, Azərbaycanı
müstəqil dövlət qurmağa doğru aparan
böyük yolun başlanğıcı qoyuldu. Heydər
Əliyevin Azərbaycana birinci dəfə rəhbərlik
etdiyi 70-80-ci illər respublikamızın quruculuq salnaməsinə
ən parlaq səhifələr kimi daxil olmuşdur. Baş verən qlobal dəyişikliklərin
miqyasına, sosial-iqtisadi və mədəni sahələrdə
aparılan dərin islahatların xarakterinə, xalqın maddi
rifah halının yaxşılaşdırılmasına və
yeni mərhələyə keçirilməsinə görə
həmin illərin tədqiqi müasir tariximizin daha dərindən
öyrənilməsi baxımından da böyük önəm
daşıyır.
Zəngin təbii sərvətlərə,
elmi-texniki potensiala malik Azərbaycan ötən əsrin
60-cı illərinin sonlarında özünün sosial-iqtisadi
inkişafına görə keçmiş müttəfiq
respublikalar arasında sonuncu yerlərdən birini tuturdu. Respublikamız milli gəlirin inkişaf templərinə,
sənaye və kənd təsərrüfatının həcminə,
elmi-texniki tərəqqinin nailiyyətlərinin mənimsənilməsinə
və ictimai əməyin məhsuldarlığına görə
də ümumittifaq göstəricilərindən geri
qalırdı. İqtisadiyyatdakı
çatışmazlıqlar sosial sahədəki
mövcud problemlərin həllinə mənfi təsir göstərirdi.
Azərbaycanın sosial-iqtisadi cəhətdən uzun müddət
geridə qalması və ölkənin siyasi-iqtisadi həyatında
yaranmış tənəzzül xalqın mənəvi-psixoloji
durumuna da mənfi təsir göstərirdi. Milli kadrların
hazırlanması, ana dilimizin inkişaf etdirilməsi
yönümündə heç bir ciddi addımlar
atılmırdı. Məhz Heydər Əliyevin Azərbaycanda
siyasi hakimiyyətə gəlişi respublikada mövcud olan
mürəkkəb və çətin duruma son qoydu.
Ümummilli lider Heydər Əliyevin irsi zənginliyi
və öyrənilməsi baxımından 1993-cü ildən
sonrakı dövrdə xüsusi əhəmiyyətə
malikdir. Azərbaycan Respublikasının müstəqilliyi illərini
əhatə edən bu dövrdə Heydər Əliyev
dühasının böyüklüyü daha parlaq şəkildə
nəzərə çarpır.
Ümummilli lider Heydər
Əliyev hər şeydən əvvəl ölkədə
ictimai-siyasi sabitliyin yaradılması istiqamətində
çox gərgin iş apardı. Ölkədə qeyri-qanuni
silahlı dəstələr zərərsizləşdirildi,
dövlət çevrilişinin qarşısı
alındı, Azərbaycan vətəndaş müharibəsindən
xilas oldu.
Ərazi bütövlüyümüzü bərpa
etmək və Ermənistan silahlı qüvvələrinin
hücumlarının qarşısını almaq, ölkənin
müstəqilliyini qoruyub saxlamaq üçün ordu quruculuğuna
başlanıldı.
O dövrdə atəşkəs əldə
olunması respublikamız üçün olduqca zəruri idi.
Məhz bu imkandan istifadə edən ölkə
başçısı müstəqil dövlətin ilk
Konstitusiyasının qəbulu və ilk Milli Məclisinin təşkili
ilə əlaqədar seçkilərin keçirilməsinə
nail oldu.
1999-cu ilin dekabrında Azərbaycanda
yerli özünüidarəni həyata keçirən bələdiyyə
təsisatı yaradılmış, beynəlxalq tələblərə
cavab verən seçkilər keçirilərək, ölkədə
2667 bələdiyyəyə 21 min nəfərdən çox
üzv seçilmişdir.
Həmin illərdə dövlət
idarəçilik sistemi tamamilə yenidən qurulmuş,
dövlət xərclərinin idarə olunması, audit
sisteminin tətbiqi, hüquq və məhkəmə sisteminin təkmilləşdirilməsi
ilə əlaqədar islahatlar uğurla həyata
keçirilmişdir. İcra hakimiyyəti orqanlarının
işinin dinamikliyi, digər dövlət orqanları ilə
qarşılıqlı fəaliyyəti təmin edilmişdir.
İqtisadi islahatları dərinləşdirmək
və respublikanın iqtisadiyyatını daha da inkişaf
etdirmək məqsədilə dövlət idarəçilik
sistemində islahatlar aparılmışdır. İlk növbədə
Nazirlər Kabinetinin səlahiyyət və funksiyaları yeni
dövrün tələblərinə
uyğunlaşdırılmışdır.
Ölkə iqtisadiyyatının
idarə olunmasını daha da təkmilləşdirmək məqsədilə
aparılan islahatlar nəticəsində 20-dən çox
nazirlik, komitə, şirkət, konsern və digər dövlət
strukturları ləğv edilmiş, bəzi mərkəzi icra
hakimiyyəti orqanlarının səlahiyyəti və
funksiyaları yeni şəraitə uyğun qaydada dəyişdirilmişdir.
Eyni zamanda, islahatların tələblərinə cavab verən
yeni qurumlar yaradılmışdır.
Məhkəmə-hüquq sistemində də əsaslı
islahatlar aparılmış, ölkəmizdə Konstitusiya Məhkəməsi
və üçpilləli məhkəmə sistemi fəaliyyətə
başlamışdır.
Dünya iqtisadiyyatına
inteqrasiya və Azərbaycanın digər ölkələrlə
hərtərəfli əməkdaşlığı
Ümummilli lider Heydər Əliyevin iqtisadi
strategiyasının əsas istiqamətlərindən idi.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə
ölkə iqtisadiyyatının sürətlə, dinamik
inkişafı dünya iqtisadi sisteminə inteqrasiyanın
təminatı olmuşdur. Zəngin yeraltı və
yerüstü sərvətlərimizdən indi xalqın mənafeyi
naminə səmərəli istifadə olunur. Aparılan
uğurlu neft siyasəti sayəsində Azərbaycan
dünyanın böyük dövlətləri - ABŞ,
Fransa, Almaniya, İngiltərə, Yaponiya, Çin, Rusiya və
digərləri ilə iqtisadi və siyasi cəhətdən
möhkəm əlaqələr yaratmışdır.
Əlbəttə, müstəqil
Azərbaycanın iqtisadi yüksəlişinə, onun əhalisinin
güzəranının
yaxşılaşdırılmasına və sosial problemlərinin
həllinə güclü təkan verən amillərdən ən
başlıcası məhz Ümummilli lider Heydər
Əliyevin böyük bacarıq və uzaqgörənliklə
həyata keçirdiyi iqtisadi islahatlardır. Respublikada
aparılan ardıcıl və sistemli iqtisadi islahatların
mühüm nəticələrindən biri də məhz
dövlət mülkiyyətinin özəlləşdirilməsi
və azad sahibkarlığın inkişafı
üçün əlverişli şəraitin
yaradılması yolu ilə iqtisadiyyatın inkişaf etdirilməsi
və əhalinin rifahının yüksəldilməsi
olmuşdur.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi
ilə ardıcıl həyata keçirilən islahatlar nəticəsində
Azərbaycanda müasir, sivil, azad iqtisadi sistem bərqərar
olmağa başlamışdır. Bunun sayəsində ölkə
sənayesinə xarici investisiya qoyuluşu xeyli artmış,
inşaat işlərinin həcmi və səviyyəsi
yüksəlmiş, infrastruktur dəyişikliklərinin
miqyası nəzərəçarpacaq dərəcədə
genişlənmişdir.
Bu sahədə aparılan ən vacib işlərdən
biri aqrar islahatların həyata keçirilməsidir. Həmin
islahatlar nəticəsində ölkədə 862 630 ailəyə
1 milyon 522 min hektardan çox torpaq sahəsi verilmiş və
819769 nəfər kənd əmlak payı ilə təmin
edilmişdir.
İqtisadiyyatın digər sahələrində
də dövlət mülkiyyətinin özəlləşdirilməsi
uğurla həyata keçirilmişdir. Bu proses
başlanandan bəri çoxlu sayda qeyri-yaşayış sahələri,
zavodlar və fabriklər, səhmdar cəmiyyətlər
özəlləşdirilmiş, ikinci Özəlləşdirmə
Proqramı çərçivəsində isə rabitə, nəqliyyat,
kimya, maşınqayırma, yanacaq-energetika və digər sahələrin
müəssisələrinin özəlləşdirilməsi
uğurla aparılır.
Həyata keçirilən ardıcıl
islahatlar çox qısa bir zamanda iqtisadiyyatda əsaslı
keyfiyyət dəyişikliklərinə səbəb
olmuşdur. Belə ki, 1996-cı ildə Azərbaycanda
inflyasiyanın səviyyəsi 2-3 faizə, büdcə kəsiri
ümumi daxili məhsulun 1-2 faizi səviyyəsinə
endirilmiş, makroiqtisadi sabitliyə nail olunmuş, 1997-ci ildən
başlayaraq isə dinamik iqtisadi inkişafı təmin etmək
mümkün olmuşdur. 1996-cı ildə ümumi daxili məhsulun
artım sürəti 1,3 faiz, 1997-ci ildə 5,8 faiz,
1998-2003-cü illərdə isə orta hesabla 10,0 faiz təşkil
etmişdir.
Sahibkarlığın inkişafı ilə əlaqədar
aparılan islahatlar nəticəsində ÜDM-də
qeyri-dövlət sektorunun xüsusi çəkisi 1995-ci ildəki
30 faizdən 2003-cü ildə 73,0 faizə
çatmışdır. Hazırda kənd təsərrüfatı
məhsulunun 99 faizi özəl bölmədə istehsal olunur.
Əmək haqlarının,
pensiya və müavinətlərin artırılması, əhalinin
sosial müdafiəsi istiqamətində aparılan
ardıcıl siyasət ölkədə həyat səviyyəsinin
əhəmiyyətli dərəcədə yüksəlməsini
təmin etmişdir. 1995-2003-cü illərdə orta aylıq əməkhaqqı
və pensiyaların məbləği 6 dəfədən
çox artmışdır.
Dünya təcrübəsi təsdiqləyir
ki, dövlətin və xalqın davamlı
inkişafını taleyüklü mərhələlərdə
ona rəhbərlik etmiş fenomenal keyfiyyətlərə malik
lider müəyyənləşdirir. Müstəqil
Azərbaycanın 25 illik müasir tarixinin timsalında da bu
reallığı aydın görmək mümkündür.
Əgər müstəqilliyimizin ilk illərində məhz
aparıcı liderin olmaması və ölkəyə səriştəsiz
iqtidarların rəhbərliyi üzündən Azərbaycan
böyük çətinliklər və
qarşısıalınmaz böhranla üzləşmişdisə,
sonrakı dövrdə xalqın inandığı və
etibar etdiyi liderin siyasi səhnəyə çıxması
bütün taleyüklü məsələlərin həllinə
rəvac verdi. Bu mənada 1993-2003-cü illər
liderin cəmiyyətdəki rolunu dəyərləndirmək
baxımından olduqca ibrətamizdir. 1993-cü ildən
Ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası
nə qədər önəmli idisə, 2003-cü ildən
sonrakı dövrdə də bu missiyanın uğurlu
davamına ehtiyac duyulurdu. O vaxt hətta Ulu öndərimizdən
sonra ölkəmizin taleyinin necə olacağı barədə
düşünənlər də az deyildi.
Xalqımızın bəxti onda gətirdi ki,
Ümummilli lider Heydər Əliyev Özündən sonra Onun
müdrik siyasi kursunu davam etdirmək iqtidarında olan siyasi
varisini, xalqın yeni liderini yetirmişdi. Cənab
İlham Əliyev xalqın böyük dəstəyini
qazanaraq Prezident seçildikdən sonra Ulu öndərimizin əsasını
qoyduğu inkişaf strategiyasını layiqincə davam etdirmək,
onu zamanın tələblərinə uyğun olaraq daha da zənginləşdirmək,
Azərbaycanın sürətli tərəqqi yolunda irəliləməsini
təmin etmək iqtidarında olduğunu sübuta yetirdi. Bu mənada
cənab İlham Əliyevin missiyası Ulu öndərin həyata
keçirdiyi işlərin miqyası qədər vacib xarakter
daşımış və Onun lider keyfiyyətlərini təsdiqləmişdir.
2003-cü ildən sonrakı
dövrdə ölkənin möhkəmlənməsi, vahid bir
siyasi xətt üzrə irəliyə aparılması, milli həmrəyliyin
qorunub saxlanması, çevik manevrlər, regionda cərəyan
edən proseslərə verilən adekvat reaksiyalar və digər
amillər bir daha sübuta yetirir ki, Prezident İlham
Əliyevin malik olduğu keyfiyyətlər
Onun lider statusunun təzahürüdür. Ümummilli lider
Heydər Əliyevin ciddi elmi təməllərə söykənən
inkişaf strategiyasını inamla davam etdirən cənab
İlham Əliyev qısa müddətdə Azərbaycanı
Cənubi Qafqaz regionunun ən sürətlə inkişaf edən,
sabit və qüdrətli dövlətinə çevirməyə
müvəffəq oldu.
Dövlətimizin
başçısının rəhbərliyi ilə görülən
işlərin miqyası, Azərbaycanın dinamik və hərtərəfli
tərəqqisi naminə qəbul edilən və uğurla həyata
keçirilən islahatlar, onların real nəticələri,
ölkəmizin dünya birliyində öz mövqelərini
daha da möhkəmləndirməsi bu həqiqəti bir daha təsdiqləyir.
Son iyirmi üç il ərzində Azərbaycanın
dünyada sürətli inkişafı, qeyri-neft sektorunun tərəqqisi,
milli sahibkarlığın formalaşması və
inkişafı, əhalinin aztəminatlı hissəsinin,
bütövlükdə isə hər bir vətəndaşın
maddi rifah halının yüksəlməsi Ümummilli lider Heydər
Əliyevin irsinə söykənən çoxşaxəli
və genişmiqyaslı islahatların istiqamətləridir.
Hazırda ölkəmizdə qeyri-neft sektorunun
tərəqqisi, sənaye potensialının gücləndirilməsi,
hərbi sənaye kompleksinin inkişafının daha da sürətləndirilməsi
istiqamətində köklü islahatlar həyata
keçirilir. “Dövlət İnvestisiya Proqramı” uğurla
icra olunur və bu, Azərbaycanda nəhəng investisiya layihələrinin
reallaşması istiqamətində bütün sahələri
əhatə edən islahatlara həm maliyyə, həm də
güclü texniki dəstək verir. Xüsusən də
iqtisadiyyatımızın şaxələnməsi uğurla
icra olunur. Məhz bunun sayəsində Azərbaycan rəqabət
qabiliyyətinə görə MDB məkanında birinci yerə
yüksəlib və mötəbər beynəlxalq təşkilatlar
tərəfindən ən islahatçı ölkə elan
edilib. Azərbaycan dünyada və regionda etibarlı tərəfdaş
statusu qazanıb.
Bəlli olduğu kimi, son dövrlər
dünya iqtisadiyyatında gedən mənfi proseslər,
xüsusilə də neftin qiymətinin kəskin azalması
ölkəmizdə maliyyə sabitliyinə öz mənfi təsirini
göstərməkdədir. Yaranmış yeni
çağırışlara cavab vermək və ölkə
iqtisadiyyatını böhrandan qorumaq bu məqsədlə
islahatların yeni strategiyasının işlənib
hazırlanması və uğurla həyata keçirilməsinin
vacibliyini gündəmə gətirmişdir.
Bu baxımdan ötən ilin
dekabr ayının 12-də Prezident İlham Əliyevin “Milli iqtisadiyyat
və iqtisadiyyatın əsas sektorları üzrə strateji
yol xəritələri”nin təsdiq edilməsi haqqında
imzaladığı Fərman ölkəmizin yeni daha yüksək
inkişaf mərhələsinə qədəm qoyması əzmində
olmasını təsdiq edir.
Strateji yol xəritələrinin
həyata keçirilməsi nəticəsində ölkədə
qısa müddətdə biznes mühiti daha da
yaxşılaşacaq, iqtisadiyyatda azad rəqabət
yaradılacaq, iri müəssisələrin, səhmləri
dövlətə məxsus olan səhmdar cəmiyyətlərin,
fabrik və zavodların özəlləşdirilməsi
nəticəsində ölkədə yaxın gələcəkdə
və uzunmüddətli dövrlərdə dinamik iqtisadi
inkişaf təmin ediləcək.
Strateji yol xəritələrinin
hazırlanmasına yerli mütəxəssislərlə
yanaşı, inkişaf etmiş ölkələrin
tanınmış ekspertləri cəlb olunmuş və bu sənədlər
tarixin sınağından çıxmış beynəlxalq
təcrübəyə və hayatda öz təsdiqini
tapmış ölkələrin modellərinə uyğun hazırlanmışdır.
Həmçinin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas
sektorları üzrə strateji yol xəritələri”ndə
müəyyən edilən 11 prioritet sahə dərin iqtisadi
islahatların yeni mərhələsidir.
Dövlətimizin başçısının
islahatlar proqramında vacib məqamlardan biri də
qarşıya konkret hədəflər qoyması və
xalqı bu hədəflərə çatdırmaq
bacarığıdır. Bu mənada cənab
İlham Əliyevin islahatlar proqramı həm də uzun hədəflərə
hesablanmış proqram xarakteri daşıyır. 2017-ci ilin
yanvarında Davos İqtisadi Forumunun rəsmi saytında dərc
olunan “Azərbaycanın 2017-ci il üçün iqtisadi
prioritetləri” sərlövhəli məqaləsində Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev qeyd
etmişdir: “Əldə etdiyimiz real uğurlarla yanaşı,
çağırışlarla da üzləşmişik.
Qlobal iqtisadi böhran prosesləri Azərbaycan
iqtisadiyyatına da öz təsirini göstərib, gəlirlər
azalıb və ötən il ərzində milli valyuta 10,1 faiz
ucuzlaşıb. Lakin adekvat addımlar ataraq biz bu çətinliklərin
öhdəsindən uğurla gəlirik. Daha
dayanıqlı inkişafa nail olmaq üçün “Strateji
yol xəritəsi” təsdiqlənib, struktur, institusional,
pul-kredit, maliyyə və digər istiqamətlərdə dərin
islahatlar aparılır, vergi və gömrük sahəsində
idarəetmə təkmilləşdirilir, bütün sahələrdə
şəffaflıq təmin edilir. Misal üçün,
ötən ilin 10 ayında ticarət dövriyyəsinin
azalmasına baxmayaraq, gömrük rüsumlarının
toplanan həcmi 53% artıbdır”.
Dövlət müstəqillimizin
daha da gücləndirilməsi, ərazi
bütövlüyümüzün təmin olunması,
demokratik institutların daha da inkişafı, qeyri-neft sektorunun
genişlənməsi hesabına davamlı iqtisadi inkişafa
nail olunması, şaxələndirilmə prosesinin genişlənməsi,
Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətinin yüksəldilməsi, milli məhsulların
dünya bazarında layiqli yer almasına nail olunması, sosial
sahədə yoxsulluq səviyyəsinin minimuma endirilməsi
istiqamətində yürüdülən siyasətin davam
etdirilməsi, aztəminatlı ailələrin etibarlı
sosial müdafiəsinin təmini, bölgədə və
bütün dünyada sülhün,
sabitliyin və təhlükəsizliyin təmin edilməsi
üçün səylərin artırılması və digər
məsələlər “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas
sektorları üzrə strateji yol xəritələri”nin
mühüm istiqamətləridir.
Prezident İlham Əliyevin
praqmatik və rasional addımları ilə respublikada
bütün sahələri əhatə edən strateji yol xəritələrinin
həyata keçirilməsi müstəqil Azərbaycan
dövlətinin yaxın 10 il ərzində daha yüksək hədəflərə
doğru - dünyanın ən inkişaf etmiş ölkələri
sırasına qatılmaq yolunda inamla və qətiyyətlə
irəlilədiyini bariz şəkildə təsdiqləyir.
Yusif Hümbətov
YAP İdarə
Heyətinin üzvü
Yeni Azərbaycan.-
2017.- 9 may.- S-.8