Müasir Azərbaycan diplomatiyasının memarı
Hər bir inkişaf etmiş
dövlətin və xalqın tarixində olduğu kimi, Azərbaycan
xalqının tarixində və taleyində müstəsna rol
oynamış, müstəqil Azərbaycan Respublikasını
qurmuş, onun gələcək uğurlarının möhkəm
təməllərini yaratmış, uzaqgörən siyasətçı,
dahi şəxsiyyət və titanik fəaliyyəti ilə
ölkəmizi dünyada tanıtmış Ulu öndər
Heydər Əliyev kimi dövlət xadimi vardır. Zaman keçdikcə belə şəxsiyyətlər
mənsub olduğu xalqın sərhədlərini aşaraq
bütün regionun həyatında ehtiyac duyulan fenomenal siyasi
liderə çevrilirlər. Ötən əsrin 60-cı illərinin
sonlarından başlayaraq Sovetlər Birliyində tutduğu
yüksək dövləti vəzifələrində kommunist
partiyasının və totalitar rejimin
müəyyən etdiyi dar çərçivələrdən
cəsarətlə kənara çıxaraq Öz
xalqının milli mənafelərini müdafiə etməyi və
qorumağı bacaran, fəaliyyəti ilə növbəti
onilliklərin siyasi xəritəsini müəyyən edən
Heydər Əliyev məhz bu cür şəxsiyyətlərdəndir.
XX əsrin 90-ci illərinin əvvəllərində
dövlət müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan
Respublikası siyasi, hərbi, sosial və ictimai ziddiyyətlərin
məngənəsinə salınmış, naşı siyasətbazların
əlində idarəolunmaz hala gətirilmiş, vətən
torpağının bir hissəsi işğal olunmuş,
ölkə vətəndaş müharibəsinə
sürüklənmiş və insanların sabaha inamı
sarsıdılmışdı. Belə bir çətin və
çıxılmaz şəraitdə hamı
gözünü mahir və təcrübəli siyasətçi,
görkəmli dövlət xadimi, siyasi təbəddülatların
fövqündə dayanmağı bacaran, bütün mənalı
ömrünü Azərbaycan xalqına həsr etmiş
Naxçıvan Ali Məclisinin Sədri vəzifəsində
çalışan Heydər Əliyevə dikmişdi.
1993-cü ilin iyununda cəmiyyətin
müxtəlif təbəqələrinin nümayəndələri,
ziyalılar, yüksək vəzifəli hökumət təmsilçiləri
və bütövlükdə Azərbaycan xalqı təkidlə
Heydər Əliyevi Bakıya, yaranmış çətin və
mürəkkəb siyasi vəziyyətdə məsuliyyəti
üzərinə götürməyə və dövlət
sükanı arxasına keçməyə dəvət etdilər.
Ölkə vətəndaşları xilas yolunu ancaq Heydər
Əliyevin hakimiyyətə gəlməyində
görürdülər. Xalq yanılmadı. Ulu
öndər Heydər Əliyev xalqın etimadını
doğruldaraq qısa müddət ərzində alovlanan vətəndaş
müharibəsini dayandırdı, ölkədə
ictimai-siyasi sabitliyi bərqərar etdi, idarəetmədə hərc-mərcliyi
və anarxiyanı aradan qaldırdı, etnik separatizm
ocaqlarını söndürdü, hakimiyyət uğrunda
silahlı mübarizə ənənəsinə son qoydu, dərinləşən
iqtisadi böhranın qarşısını aldı, nizami
ordu quruculuğuna başladı və bir sözlə, Azərbaycan
dövlətçiliyini məhv olmaq təhlükəsindən
xilas etdi.
Ulu öndər Heydər
Əliyevin müasir, demokratik və qüdrətli Azərbaycan
dövləti quruculuğu prosesində əldə etdiyi nailiyyətlərin
əsas səbəblərindən biri də həyata
keçirdiyi daxili siyasəti yüksək peşəkarlıq
və uğurla xarici siyasətlə tamamlamaq
bacarığı idi. Mahir diplomat və
siyasət ustası olan Heydər Əliyev gözəl bilirdi
ki, dövlətlərin qəbul etdiyi əsas prinsiplər,
atdığı çevik və qətiyyətli addımlar,
qlobal çağırışlara verdiyi adekvat cavablar onun
beynəlxalq arenada oynadığı rolun əhəmiyyətini
müəyyən etmiş və şərtləndirmiş
olur. Bu cür siyasi transformasiyalar hələ
Sovetlər İttifaqının bir hissəsi olduğu
dövrdə də Azərbaycanın gələcəyinə
və inkişafına təsirsiz ötüşmürdü.
Dünya tarixinin müasir mərhələsi olan XX əsrin
sonlarında SSRİ-nin dağıldığı, Balkanlardan
Qafqazadək böyük siyasi və
iqtisadi böhranların hökm sürdüyü dövrdə
Heydər Əliyev zəngin dövlətçilik təcrübəsindən
çıxış edərək Azərbaycanın yüksək
dəqiqliklə işlənib hazırlanmış uğurlu və
çevik xarici siyasət kursunun əsasını qoydu.
Ulu öndərin müəyyən
etdiyi xarici siyasət doktrinasının əsas məqsədi
yeni müstəqilliyini bərpa etmiş Azərbaycan
Respublikasını dünya ölkələrinə
tanıtmaq, beynəlxalq münasibətlər sistemində
layiqli yer tutmasını təmin etmək, müxtəlif
dövlətlərlə bərabərhüquqlu əməkdaşlıq
münasibətləri yaratmaq, bütün istiqamətlərdə
mili maraqları qorumaq və ən əsası pozulmuş ərazi
bütövlüyümüzü bərpa etmək idi. Heydər Əliyev Azərbaycanın yaxın və
uzaq ölkələrlə dostluq əlaqələrinin
qurulmasına, beynəlxalq ictimaiyyətdə dövlətimizin
adının, bayrağının tanıdılmasına
böyük əhəmiyyət verirdi. 1991-1993-cü illərdəki
səriştəsiz AXC-“Musavat” hakimiyyətinin
buraxdığı ciddi səhvlər səbəbindən
uzun müddət tarixi əlaqələrə malik
olduğumuz, vahid geosiyasi məkanda yerləşdiyimiz qonşu
ölkələrlə əlaqələrin pozulması
dövlətimizin maraqlarına ciddi ziyan vurmuşdu. Buna
görə də ilk olaraq yaxın qonşularla, müstəqil
olmuş postsovet dövlətlərlə siyasi və iqtisadi əlaqələr
qurulmağa başlanıldı.
Heydər Əliyev Ermənistanın
işğalçılıq siyasətini ifşa etməyi,
yüz illər boyu kök salmış erməni
yalanlarını üzə çıxarmağı, Azərbaycan
həqiqətlərinin olduğu kimi dünyaya
çatdırmağı və ölkəmizə hər-tərəfli
marağı təmin etməyi xarici siyasət kursunda bir
vəzifə kimi müəyyənləşdirmişdi.
Keçən əsrin 90-cı
illərin ortalarında çox az maddi və texniki imkanlara, o
cümlədən insani resurslara malik olan diplomatiyamız tam
gücü ilə çalışırdı ki,
torpaqlarımızın işğalı faktı dünya
dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən
tanınsın, beynəlxalq səviyyədə qəbul
olunan sənədlərdə Azərbaycanın ərazi
bütövlüyü, siyasi suverenliyi və beynəlxalq
ictimaiyyət tərəfindən tanınmış sərhədlərinin
toxunulmazlığı prinsipi müdafiə olunsun. Bəzən Ulu öndər bu istiqamətdə
ayrı-ayrı diplomatların görməli olduğu bir
çox işləri üzərinə götürərək
onu böyük fədakarlıqla, yüksək vətən
sevgisilə, mahir diplomat bacarığı və peşəkar
siyasətçi fəhmi ilə həll edirdi. Heydər Əliyevin xarici ölkələrə
etdiyi səfər və keçirdiyi görüşlər
zamanı əlində çubuq zəbt edilmiş
Dağlıq Qarabağı və ətraf rayonları xəritə
üzərində bir-bir göstərdiyini və onlar
haqqında auditoriyaya necə ətraflı məlumat verdiyini
biz hamımız yaxşı xatırlayırıq.
Ulu öndərin dövlət
başçısı kimi atdığı addımlar, səfər
etdiyi hər bir ölkədə apardığı
danışıqlar və səsləndiridiyi bəyanatlar,
regionundakı real vəziyyətlə bağlı etdiyi siyasi
təhlillər və verdiyi proqnozlar, nəhayət şəxsi
nüfuzu və xarizması nəticəsində Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinə
beynəlxalq ictimaiyyətdə rəy müsbətə
doğru, yəni Azərbaycanın xeyrinə dəyişməyə
başladı. Heydər Əliyev BMT-də, İslam
Konfransı Təşkilatında, ATƏT-də, NATO-da, Avropa
Şurasında, MDB-nin, GUAM-ın (GUÖAM), türkdilli
ölkələrin dövlət başçılarının görüşlərində və bir çox
mühüm beynəlxalq tribunalarda etdiyi
çıxışlarında BMT-nin Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələrə
(822,853,874,884) rəsmi İrəvanın riayət etməməsi,
törətdiyi çoxsaylı cinayətlərlə
bütün beynəlxalq, ümumbəşəri norma və
qaydaları pozmasını aydın və qətiyyətli
şəkildə səsləndirirdi.
Təsadüfi deyil ki, Ulu öndər Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli
üçün mandat verilmiş ATƏT-in Minsk qrupu və
onun həmsədrləri ilə 1993-2003-cü illər ərzində
ümumilikdə 150 görüş keçirmişdir. Ermənistan
prezidentləri ilə isə 23 dəfə
görüşmüşdür. Bu statistika Heydər
Əliyevin qeyd olunan istiqamətdə nə qədər gərgin
şəkildə çalışdığının,
münaqişəni Azərbaycanın milli maraqları çərçivəsində
sülh yolu ilə, ədalətli formada həll etmək istəyinin
göstəricisidir.
Heydər Əliyevin çevik və
düzgün hesablanmış diplomatik manevrləri sayəsində
1994-cü il dekabrın 5-6-da ATƏT-in Budapeştdə
keçirilən Zirvə toplantısında “Dağlıq
Qarabağ münaqişəsi ilə əlaqədar ATƏT-in
fəaliyyətinin intensivləşdirilməsi” barədə qərar
qəbul edilmişdi. Lissabonda 2-3 dekabr
1996-cı il tarixində keçirilən ATƏT-in Zirvə
toplantısında qəbul edilmiş sənəd isə
münaqişənin nizama salınmasının beynəlxalq-hüquqi
əsasını təşkil etməklə, problemi Azərbaycanın
ərazi bütövlüyü çərçivəsində
həll etmək yolunda böyük siyasi nailiyyət idi.
Heydər Əliyevin diplomatik fəaliyyətinin və siyasi
iradəsinin çoxsaylı nailiyyətlərindən biri olan
bu sənəd Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin həlli ilə bağlı 3
əsas prinsipi özündə əks etdirmişdir:
1) Azərbaycanın və Ermənistanın ərazi
bütövlüyünün tanınması;
2) Azərbaycanın tərkibində
Dağlıq Qarabağa ən yüksək
özünüidarəetmə statusunun verilməsi;
3) Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinin
təmin edilməsi. ATƏT-in sədri və İsveçrənin
xarici işlər naziri Flavio Kottinin adından verilmiş bu bəyanat
ATƏT üzvü olan 53 dövlət tərəfindən
müdafiə olunmuşdur. Sənəd eyni zamanda Lissabon
sammitinin Yekun sənədlərinə də əlavə
edilmişdir.
Ulu öndər Heydər
Əliyev İslam həmrəyliyinin və müsəlman
dünyasının ölkəmizə verəcəyi dəstəyi
və faydanı dəqiq hesablayaraq bu istiqamətdə bir
sıra vacib qərarlar qəbul etdi. 1994-cü ilin may
ayından etibarən Heydər Əliyevin Sərəncamına
əsasən Azərbaycanın Səudiyyə Ərəbistanı
Krallığındakı səfirinə İslam Konfransı
Təşkilatının (İKT) Baş Katibliyi yanında
daimi nümayəndə olmaq səlahiyyəti verildi. Bundan sonra İKT Baş Katibliyi və onun müxtəlif
qurumları, o cümlədən İslam İnkişaf
Bankı ilə səmərəli əməkdaşlıq
münasibətləri başlanıldı. Qeyd edək ki, Azərbaycan
Heydər Əliyevin rəhbərlik etdiyi nümayəndə
heyətilə ilk dəfə olaraq dövlət
başçısı səviyyəsində İKT-nin
Kasablanka görüşündə (13-15 dekabr 1994) təmsil
olunub. İKT-nin VII Zirvə görüşünün yekun sənədinə
Ermənistanı Azərbaycana qarşı təcavüzdə
ittiham edən bəndlər salınıb. Bu isə İslam
dünyasının Ermənistanı işğalçı
dövlət kimi tanıması baxımından çox
mühim bir hadisə idi.
Heydər Əliyevin xarici siyasət
kursunun əsas istiqamətlərindən biri də ölkəyə
investisiyaların cəlb edilməsi, milli maraqlarımıza
uyğun neft strategiyasının hazırlanaraq həyata
keçirilməsi, xarici ticarət dövriyyəsinin
artırılması, müasir elm və texnologiyaların mənimsənilməsi
idi. Bu baxımdan Heydər Əliyevin ilk xarici səfərini
19-22 dekabr 1993 tarixində Fransaya etməsi diqqəti cəlb
edir. Səfər zamanı Fransa və Azərbaycan
arasında dostluq, anlaşma və əməkdaşlıq
haqqında müqavilə imzalandı. Ulu öndər Parisdə
olan zaman ATƏM-in əsas sənədlərindən olan,
Şərqi Avropanın sosialist və keçmiş sovet
respublikalarının demokratiya və bazar iqtisadiyyatına
keçidini nəzərdə tutan “Paris
Xartiyası”na Azərbaycanın qoşulması Avropa məkanında
böyük rəğbətlə qarşılandı. Heydər
Əliyev bu səfəri ilə Ermənistanın mövqeyini
açıq şəkildə müdafiə edən
Fransanın neytrallaşdırılması və onun birtərəfli
mövqedən çəkindirilməsi istiqamətində
mühüm siyasi addım atmış oldu. Eyni zamanda bu
səfərdən sonra Fransa şirkətlərinin “Əsrin
müqaviləsi” çərçivəsində Azərbaycandakı
karbohidrogen ehtiyatlarının işlənməsinə sərmayə
qoyması reallaşdırıldı.
Ulu öndərin xüsusi əhəmiyyət
kəsb edən və uğurlu xarici səfərləri kimi
1994-cü ildə Böyük Britaniyaya və 1997-ci ildə
ABŞ-a etdiyi səfərləri xüsusilə qeyd etmək
lazımdır. 1994-cü ilin 19-23 fevral tarixlərində
Böyük Britaniyada səfərdə olan zaman iki
ölkə arasında təhsildə, elmdə və mədəniyyətdə
əməkdaşlığa dair, kommunikasiyada anlaşma və
enerji əməkdaşlığı memorandumu barəsində
sazişlər imzalanmışdır. Bu səfər “Əsrin
müqaviləsi”nin imzalanması və iki dövlət
arasında yaranmış strateji münasibətlərin
sağlam əsasının qoyulması baxımından tarixi əhəmiyyətə
malik idi.
19-24 iyul 1998-ci il tarixində Ulu öndərin
Böyük Britaniyaya ikinci rəsmi səfəri olub. Bu səfər
çərçivəsində də mühüm sənədlər
- dostluq və tərəfdaşlıq haqqında birgə bəyannamə,
neft və qaz hasilatının pay bölgüsü haqqında
üç mühüm saziş imzalanmışdır.
Ulu öndərin 1997-ci ilin 27 iyul - 7 avqust tarixlərində
ABŞ-a etdiyi səfər də iki ölkə arasında
münasibətlərin inkişafında mühüm rola
malikdir. Bu səfər çərçivəsində
energetika, hərb və müdafiə sahəsində, sərmayə
qoyuluşunun qarşılıqlı qorunması və təşviq
edilməsi haqqında dövlətlərarası saziş, hər
iki ölkənin neft şirkətləri arasında birgə əməkdaşlıq
haqqında müqavilə imzalandı. Bu səfər
ABŞ-la Azərbaycan arasında strateji tərəfdaşlıq
təməlinin qoyulması üçün yaxşı imkan
oldu.
Ümummilli liderimiz Asiya ölkələri
ilə də münasibətlərin qurulmasına mühüm
əhəmiyyət verirdi. 1994-cü ildə Heydər
Əliyevin Çin Xalq Respublikasının sədri Tszyan
Tszeminin dəvəti ilə bu ölkəyə səfəri
baş tutmuş və iki ölkə arasında dostluq
münasibətlərinin inkişaf etdirilməsi
haqqında birgə bəyanat imzalanmışdır. Rəsmi səfərin gedişində həm də
iki ölkə arasında hava yolunun açılması,
elmi-texniki və mədəni əməkdaşlıq, təbabət,
radio və televiziya, turizm sahəsində investisiyaların təşviqi
və qarşılıqlı qorunması barədə 7
mühüm sənəd imzalandı. Bu səfər Çinlə
Azərbaycan arasındakı münasibətlərin daha da
yaxşılaşmasına təkan verdi.
Heydər Əliyevin 23-28 fevral 1998-ci il tarixlərində
Yaponiyaya rəsmi səfərini də ayrıca qeyd etmək
lazımdır. Səfər çərçivəsində
dövlət nümayəndələri və iş
adamları ilə 47 görüş keçirilmiş, 5 vacib
sənəd imzalanmışdır. Yaponiya ilə Azərbaycan
arasında dostluq və tərəfdaşlıq, ticarət və
iqtisadiyyat sahəsində əməkdaşlıq haqqında
birgə bəyannamə mühüm əhəmiyyət kəsb
edən sənədlərdəndir.
Yürütdüyü xarici siyasət xəttində
beynəlxalq təşkilatlarla əlaqələrin inkişafı
və gücləndirilməsi Heydər Əliyevin önəm
verdiyi əsas istiqamətlərdən olmuşdur. Beynəlxalq məkanda Azərbaycanın mövqeyinin
aydın nümayiş etdirilməsi və ölkəmizin ərazi
bütövlüyünün təminatı baxımından
böyük əhəmiyyətə malik olan hadisələrdən
biri də 1994-cü ildə Ulu öndər Heydər
Əliyevin NATO-nun “Sülh naminə tərəfdaşlıq”
Proqramının çərçivə sənədini
imzalaması idi. Bu sənədin sayəsində
Azərbaycan NATO-ya üzv olan ölkələrlə (o
cümlədən, ABŞ-la) beynəlxalq normalar çərçivəsində
əməkdaşlıq etmək imkanı qazandı. Bu sənəd
NATO ilə Azərbaycan arasında hərbi sahədə əməkdaşlığın
başlanması, NATO standarlarına uyğun kadrların
hazırlanması və birgə təlimlərin keçirilməsi
baxımından bir ilk hesab olunur.
3-5 dekabr 1995-ci il tarixində Heydər
Əliyevin xarici sərmayələrin və kreditlərin Azərbaycan
iqtisadiyyatına cəlb edilməsinə nail olmaq, xarici tərəfdaşlar
tapmaq məqsədilə Ümumdünya Bankının Parisdə
yerləşən iqamətgahında təşkil edilən
“Azərbaycan üçün investisiyalar” beynəlxalq
konfransında çıxışı ölkəmizə
xarici sərmayələrin cəlb edilməsinə səbəb
olmuş və bir çox transmilli şirkətlər Azərbaycanla
əməkdaşlıq etməyə qərar vermişlər.
Azərbaycanın Avropa İttifaqı ilə
münasibətlərinin qurulması və inkişafı
baxımından Ulu öndərin 17-18 aprel 1995-ci il tarixlərində
Brüssel səfəri də mühüm yer tutur. Bir sıra beynəlxalq ekspertlər Lüksemburqda
Avropa İttifaqı ilə Azərbaycan arasında 22 aprel
1996-cı ildə imzalanan “Tərəfdaşlıq və
Əməkdaşlıq Sazişi”ni (TƏS) Heydər
Əliyevin çoxillik siyasi karyerasında ən mühüm
və uğurlu sənədlərdən biri kimi göstərirlər.
Saziş tərəflər arasında yüksək səviyyədə
əlaqələrin inkişafının təməlini
qoymuş və indiyə kimi bu sənəd
qarşılıqlı maraqların təminatına öz
töhfəsini verməkdə davam edir.
2001-ci ildə Strasburqda Heydər Əliyevin
iştirakı ilə Azərbaycanın Avropa Şurasına
üzv olmasına həsr olunmuş rəsmi tədbir təşkil
edilmiş, qurumun binası qarşısında ölkəmizin
bayrağı ucaldılmışdır. “Azərbaycanın
Avropa Şurasına qəbul edilməsi nəinki müstəqil,
suveren, demokratik, dünyəvi dövlət kimi tanınmasıdır,
həm də Avropa ailəsinin bərabərhüquqlu
üzvü kimi Azərbaycan dövlətinin inkişafında
yeni mərhələnin başlanğıcıdır” - bu sözlərlə
Heydər Əliyev Azərbaycanın beynəlxalq birliyin tam
hüquqlu üzvü olduğunu bir daha dünyaya bəyan
etmişdir.
Heydər Əliyevin uzaqgörən
xarici siyasət kursunun uğurlarından biri də ölkəmizin
müxtəlif mühüm beynəlxalq təşkilatların
rəhbər qurumlarında təmsilçiliyinin
reallaşdırılması ilə bağlıdır.
2001-2003-cü illərdə Avropa Şurası Parlament
Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə
heyətinin rəhbəri olan cənab İlham
Əliyevin 2003-cü ilin yanvar ayında AŞPA-nın sədr
müavini və Büro üzvü seçilməsi Ulu
öndər Heydər Əliyevin və bütövlükdə
Azərbaycan dövlətinin böyük qələbəsi
idi.
Ölkələr arasında diplomatik münasibətlərin
vacib komponentlərindən biri də mədəniyyət səhəsini
əhatə edir. Bu sahəyə verilən əhəmiyyətin
bir nümunəsi də Ulu öndərin İstanbulda Almaniya
kansleri Herhard Şröderlə görüşüdür. 19
noyabr 1999-cu ildə keçirilən bu görüş
zamanı mədəniyyət mövzusunda əhəmiyyətli
müzakirələr aparılmışdır, 1947-ci ildə
Azərbaycana gətirilmiş Bremen qalereyası rəsmlərinin
Almaniyaya qaytarılması haqqında Heydər Əliyevin Sərəncamı
və məktubu kanslerə təqdim edilmişdir. Bu yenicə
müstəqillik qazanmış dövlətin göstərdiyi
mühüm siyasi və mədəni jest idi.
1990-cı illərin əvvəllərində
ağır siyasi və iqtisadi vəziyyətdə olan Azərbaycan
Respublikasında intibahın reallaşdırılması
üçün neft faktorundan səmərəli istifadə
edilməsi ilə bağlı Ulu öndərin zamanında qəbul
etdiyi uzaqgörən qərar dövlət müstəqilliyinin
təminatında əsas rol oynadı. Heydər
Əliyevin bilavasitə rəhbərliyi altinda ölkəmizin
neft strategiyası işlənib hazırlandı. İntensiv və
gərgin işlərin nəticəsində 1994-cü il
sentyabrın 20-də Azərbaycanla dünyanın bir sıra
böyük neft şirkətləri arasında “Əsrin
müqaviləsi” imzalandı. Bununla 60 mlrd. ABŞ
dolları həcmində olan 19 müqavilənin əsası
qoyulmuş oldu. Bütün xarici təhdidlərə baxmayaraq
“Əsrin müqaviləsi”nin imzalanması Heydər Əliyev qətiyyətinin,
siyasi iradəsinin, dövlət idarəetmə
bacarığının və güclü
diplomatiyasının təntənəsi idi.
1999-cu ilin noyabrında Türkiyədə
keçirilmiş ATƏT-in İstanbul Sammitində ABŞ,
Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan və
Türkmənistanın prezidentlərinin Bakı-Tbilisi-Ceyhan
(BTC) “Əsas İxrac Neft Kəməri”nin çəkilişi
haqqında imzaladığı dövlətlərarası
müqavilə Ulu öndərin Azərbaycanın gələcək
kompleks inkişafını təmin edəcək unikal və
çox cəsarətli xarici siyasət kursunun müstəsna
uğurlarındandır.
Heydər Əliyevin qətiyyətli
və uzaqgörən neft strategiyası nəticəsində
neft-qaz layihələrinə beynəlxalq neft
korporasiyalarının, iri investisiyaların cəlb edilməsi
hesabına dünyanın enerji daşıyıcıları
bazarına Azərbaycanın sürətlə
çıxışı təmin edildi, çoxşaxəli
ixrac boru kəmərləri sistemi yaradıldı, neftdən
əldə edilən gəlirlərdən ölkəmizin
sosial və iqtisadi tərəqqisi təmin edildi. Bu mühüm strategiyaının davamı olaraq cənab
Prezident İlham Əliyevin təşəbbüsü ilə
TANAP və TAP layihələrinin reallaşması istiqamətində
atılan addımlar da ölkəmizin enerji təhlükəsizliyini
və davamlı inkişafını növbəti onilliklərdə
təmin edəcək layihələrdəndir.
Bu gün Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev Ümummilli liderin siyasi
kursunu böyük qətiyyətlə və müvəffəqiyyətlə
davam etdirir. Cənab Prezidentin yüksək idarəetmə və
diplomatik bacarığı sayəsində Azərbaycanın
dünyanın ən nüfuzlu ölkələri və təşkilatları
ilə münasibətləri keyfiyyətcə yeni səviyyəyə
qədəm qoymuşdur. Bu gün Azərbaycan regionda
inkişafın təmin olunması, multikultural dəyərlərin
qorunması, geosiyasi maraqların uzlaşdırılması
üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş
hesab olunur. Bütün bu faktorlar əsası
Ulu öndər Heydər Əliyev tərəfindən
qoyulmuş xarici siyasət strategiyasının dövlət
başçısı cənab İlham Əliyev tərəfindən
yeni çalarlarla və müvəffəqiyyətlə davam
etdirildiyini sübut edir. Əminəm ki, hörmətli
Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi
ilə Azərbaycan hələ uzun müddət Cənubi
Qafqazda liderlik mövqeyini qoruyacaq və regionun söz sahibi
kimi beynəlxalq münasibətlər sistemində öz sözünü
deyəcəkdir.
Azay Quliyev
Milli Məclisin
deputatı,
ATƏT
Parlament
Assambleyasının
vitse-prezidenti
Yeni Azərbaycan.-
2017.- 9 may.- S.7