Moskvada “Heydər Əliyev : Şəxsiyyət və
zaman” üçcildliyi çapdan çıxıb
Milli Məclisin deputatı, tanınmış
yazıçı-publisist Elmira Axundovanın “Heydər
Əliyev: Şəxsiyyət və zaman” (“Ãåéäàð Àëèåâ: ëè÷íîñòü è
ýïîõà”) üçcildliyi Moskvada işıq üzü
görüb. Heydər Əliyev Fondunun dəstəyi ilə
“Kanon-plyus” nəşriyyatında çapdan
çıxmış üçcildlikdə dahi şəxsiyyətin
həyat və fəaliyyətinin müxtəlif dövrləri
haqqında maraqlı faktlar, müsahibələr, arxiv
materialları əksini tapıb.
AZƏRTAC-ın müxbirinə müsahibəsində
kitabların müəllifi E.Axundova qeyd edib ki, bu, “Heydər
Əliyev: Şəxsiyyət və zaman” altıcildliyinin
xarici ölkələr, xüsusilə də Rusiya oxucuları
üçün nəzərdə tutulmuş yeni
variantıdır. Yazıçı deyib: “Heydər Əliyev:
Şəxsiyyət və zaman” altıcildliyi üzərində
işləyərkən əsərin Rusiyada
qısaldılmış variantını nəşr etmək
ideyası yaranmışdı. Bilirsiniz ki, Heydər Əliyevi
Rusiyada yaxşı tanıyır və sevirlər. Bu ideya ilə
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya
müraciət etdim. O, mənim bu təşəbbüsümü
bəyəndi və dəstəklədi. Buna görə Leyla
xanıma xüsusi təşəkkürümü bildirirəm”.
E.Axundova vurğulayıb ki, üçcildliyin ikinci kitabı
Ümummilli Liderin həyatının məhz Moskva
dövrünə həsr olunub. Kitabda Heydər
Əliyevin keçmiş SSRİ-nin üç baş katibi –
Yuri Andropov, Konstantin Çernenko və Mixail Qorbaçov ilə
münasibətləri, o vaxtkı siyasi büroda baş verən
intriqalar, SSRİ-nin süqutu, Qarabağ münaqişəsinin
başlanması, Heydər Əliyevin istefası ilə
bağlı indiyədək məlum olmayan faktlar toplanıb.
Qeyd edək ki, üç kitabdan ibarət tədqiqat
əsərinin ərsəyə gəlməsində Azərbaycan
və Rusiyanın dövlət arxivlərindən, ulu öndər
Heydər Əliyevin şəxsi arxivindən istifadə olunub.
Kitabda şərh olunan faktların əksəriyyəti
geniş oxucu kütləsinə ilk dəfə təqdim
olunur. “Heydər Əliyev: Şəxsiyyət və zaman”
üçcildliyi Moskvada ümummilli lider Heydər Əliyev
haqqında çap olunan ilk böyük əsərdir. Müəllif
deyir: “Elə Heydər Əliyevin öz məsləhətinə
sadiq qalaraq, mən bacardıqca obyektiv olmağa, kəskin məqamları
yumşaltmamağa çalışmışam. Hər bir
insanın, xüsusilə də dahi insanların həyatında
enişlər-yoxuşlar, yenidən, daha uca zirvələri fəth
etmək üçün bir addım geri çəkildiyi
anlar olur. Heydər Əliyevin də həyatında
böyük nailiyyətlər, möhtəşəm qələbələrlə
yanaşı, bədxahlarının paxıllığı,
yalan və iftiralar olub. Ancaq o, həmişə siyasət
Olimpinə qalib kimi qayıda bilib”.
Üçcildliyə ön sözdə
Qazaxıstanın Xalq Yazıçısı Oljes Suleymenov
yazır: “Elmira Axundovanın bu kitabı sevgi ilə
yoğrulub... Belə kitablar çox lazımdır. Onlar yeni nəsil
rəhbərlərin formalaşmasına kömək edir. Bir
ölkədə iki dövlətə rəhbərlik etmiş
Heydər Əliyevin təcrübəsi olduqca qiymətlidir”.
Xatırladaq ki, yazıçı-publisist Elmira
Axundova “Heydər Əliyev: Şəxsiyyət və zaman”
altıcıldliyinə görə Azərbaycanın Dövlət
mükafatına layiq görülüb.
Hakimiyyət yükü
Üçcildliyin birinci
kitabında oxucuya ulu öndər Heydər Əliyevin həyat
yolunun başlanğıcı, dövlət təhlükəsizliyi
orqanlarında fəaliyyəti, Azərbaycan SSR-in rəhbəri
seçilməsi, 1970-ci illərdə Azərbaycanın
iqtisadi yüksəlişindən bəhs edilir.
Müəllif Əliyevlər nəslinin
kökləri, Ulu Öndərin atası Əlirza kişi və
anası İzzət xanım, bacı və qardaşları
barədə məlumatlar, həmkəndlilərinin Heydər
Əliyev haqqında xatirələrini toplayıb,
karyerasına Naxçıvan MSSR Xalq Daxili İşlər
Komissarlığında və Naxçıvan MSSR Xalq
Komissarları Sovetində başlayan Heydər Əliyevin daim
xalqın yanında olduğunu, repressiyalar dövründə
çoxlarını həbsdən və sürgündən
qoruya bildiyini qeyd edir. E.Axundova yazır ki, gənc kadr
olmasına baxmayaraq, Heydər Əliyev təhlükəni
sovuşdurmağa, insanları sürgündən və həbsdən
xilas etməyə nail olurdu. Naxçıvan ağsaqqalları
bir neçə belə hadisəni məmnuniyyətlə
xatırlayırlar. Məsələn, 1947-ci ildə Mərkəzi
Komitə 1930-cu illərdə həbsdə olmuş
insanların ölkənin uzaq rayonlarına sürgün edilməsi
barədə qərar qəbul etmişdi. Heydər
Əliyev bir çox tanınmış adamları bu
sürgünlərdən qurtara bilmiş və sübut
etmişdi ki, hətta cəza orqanlarında işləməklə
də xalqın gözünə həmişə dik baxmaq
üçün insanpərvərliyini qoruyub saxlamaq
mümkündür.
Yazıçı 1969-cu il iyulun 14-nü Azərbaycanın
ən yeni tarixində dönüş nöqtəsi kimi dəyərləndirir.
Həmin gün Heydər Əliyev respublika Mərkəzi Komitəsinin
birinci katibi seçilmişdi. Müəllif
sovet quruluşu idarəçilik sisteminin mahiyyətindən
irəli gələn nöqsan və məhdudiyyətlərə
baxmayaraq, bu dövrü Azərbaycanın iqtisadi, sosial və
mədəni inkişaf tarixində böyük
sıçrayış dövrü kimi səciyyələndirir
və bu nailiyyətləri qüdrətli siyasi və
ictimai xadim Heydər Əliyevin idarəçilik
bacarığı ilə bağlayır :
“Bu ildən respublika nəhəng inşaat meydançasına
çevrilir, gələcək müstəqil Azərbaycanın
sənaye və kənd təsərrüfatı
potensialının təməli qoyulur”.
Kitabda sovet Azərbaycanının rəhbəri
Heydər Əliyevin kadr, ordu quruculuğu, millətlərarası
münasibətlər, gənclərlə iş və digər
sahələrdə siyasəti geniş təhlil olunur.
Kreml
beşilliyi
Beş il Kreml labirintlərində... Heydər
Əliyev Qərb mətbuatının SSRİ KP MK-nın
baş katibi vəzifəsinə başlıca namizədlərdən
biri kimi təqdim etdiyi sovet rəhbərlərindən biri idi.
Elə bu səbəbdən də bu dahi
insanın işləmək bacarığı, xarizması,
hörmət və nüfuzu bədxahlara rahatlıq vermirdi.
kinci
kitabda oxucu Heydər Əliyevin keçmiş SSRİ-nin
üç baş katibi – Yuri Andropov, Konstantin Çernenko və
Mixail Qorbaçov ilə münasibətləri, Kreml
divarları arxasında baş verən fitnə-fəsadlar,
müdrik siyasi xadim, xalqının böyük vətənpərvəri
Heydər Əliyevin siyasətdən
uzaqlaşdırılması planı və bu planın
iştirakçılarından, bundan sonra dərhal baş
qaldıran Qarabağ separatizminin fiqurantlarından söhbət
açılır. Ötən əsrin 80-ci illəri
Sovet İttifaqında qlobal proseslərin, kataklizmlərin
başlanğıc dövrü idi. E.Axundova
araşdırmasında Sovet İttifaqı Kommunist Partiyası
Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin
birinci müavini Heydər Əliyevin fəaliyyətinin nəhəng
dövlətdə gedən siyasi-iqtisadi, mədəni proseslərə,
SSRİ-nin xarici siyasətinin formalaşmasına təsirini
müəyyənləşdirir. Ulu Öndərin
fəaliyyətinin sovet dönəmi ilə bağlı bu
mühüm dövrü araşdırmaq üçün
E.Axundova xeyli müddət Moskvada yaşayıb, Heydər
Əliyevin tabeliyində olan, onunla əməkdaşlıq
etmiş tanınmış insanlarla şəxsən
görüşüb. Kitabda “Kreml
beşilliyi” adlanan bu dövr Heydər Əliyevin həyatında
böyük yüksəliş, məsuliyyət,
şan-şöhrət illəri, eyni zamanda, acı məyusluq,
ağrılı itkilər və idealların iflası
dövrü kimi səciyyələndirilir.
Heydər
Əliyev Kremldə işlədiyi 5 il ərzində
keçmiş SSRİ-nin həyatının ən müxtəlif
sahələrinə - nəqliyyat, rabitə, elm, mədəniyyət,
səhiyyə, təhsil, sosial rifah sahələrinə və ən
nəhayət, xarici siyasətə böyük dəyişikliklər
gətirə bilmişdi. Bu sahələrin hər
birində Heydər Əliyevin sözünün, işinin izləri
hələ də qalmaqdadır. E.Axundova yazır ki,
Moskvada Heydər Əliyev həm də yaxın və doğma
adamlarını - əvvəlcə çox etibar etdiyi, ehtiram
bəslədiyi Yuri Andropovu, sonra isə sevimli həyat
yoldaşı və silahdaşı Zərifə xanım
Əliyevanı itirdi. SSRİ-nin sonuncu baş
katibi Mixail Qorbaçovun ona qarşı xainliyi Heydər
Əliyevin qəlbində dərin çapıqlar qoydu.
Müəllif yazır ki, Heydər Əliyevin Siyasi Büronun
rəhbərliyindən uzaqlaşdırılmasının
Dağlıq Qarabağın Azərbaycandan ayrılması
kampaniyasının başlanğıcı ilə birbaşa əlaqəli
olması heç kim üçün sirr
deyil. Heydər Əliyevin istefasından düz 20 gün sonra
dünyada Qorbaçovun fikirlərinin carçısı kimi
tanınan Sov.İKP MK baş katibinin iqtisadi məsələlər
üzrə müşaviri, akademik Aqambekyan Fransanın “Humanite”
qəzetinə müsahibəsində Dağlıq
Qarabağın Ermənistana birləşdirilməsi məsələsinin
çox tezliklə həll olunacağını demişdi. Bundan sonra Dağlıq Qarabağ Muxtar Vilayətində,
Ermənistanda və Moskvada məlum proseslər başladı.
Heydər Əliyev bu hadisələri ürək
ağrısı ilə xatırlayaraq deyirdi ki, dəfələrlə
Qorbaçova və baş katibin ətrafındakı məsul
şəxslərə müraciət etməsinə baxmayaraq,
onu dinləmək istəmir, məsləhətlərinə məhəl
qoymurdular.
Yazıçı Ulu Öndərin həyatının
istefadan sonrakı dövrünü bəzi dəyərlərə
yeni yanaşma, kommunist ideologiyasından imtina, mənəvi
böhranı dəf edərək yeni səhifənin
başlanğıcı kimi təsvir edir. Bu səhifə
Vətənə qayıdış, xalqın böyük
etimadı və dayağı, Azərbaycanın xilası, gələcək
çiçəklənməsinin təməli ilə
başlanır.
Qayıdış
Tədqiqatının üçüncü kitabında
E.Axundova Heydər Əliyevin Naxçıvana, daha sonra isə
xalqın təkidi ilə müstəqil Azərbaycanın rəhbərliyinə
qayıdışından yazır. Müəllif Ulu
Öndərin qayıdışı ilə Azərbaycanda vətəndaş
müharibəsinin dayandırılmasından, ölkənin
parçalanmadan xilas edilməsindən, Qarabağda atəşkəs
rejiminə nail olunmasından və müdrik neft strategiyası
sayəsində Azərbaycanın XXI əsrdə bütün
sahələrdə görünməmiş inkişafı
üçün zəmin yaradılmasından söhbət
açır. Kitabda, əvvəlki cildlərdə
olduğu kimi, arxiv sənədlərindən, ölkənin bu
çətin dövründə Heydər Əliyevin
yanında olmuş insanların müsahibələrindən, qəzet
məqalələrindən, yerli mətbuatın, o cümlədən
AZƏRTAC informasiya agentliyinin, eləcə də xarici
informasiya agentliklərinin materiallarından, həmçinin
E.Axundovanın Ulu Öndərlə şəxsi
görüşləri zamanı apardığı qeydlərdən
istifadə olunub. E.Axundova yazır: “Bəzən məndən
soruşurlar ki, Heydər Əliyev haqqında nə qədər
yazacaqsınız? Cavab verirəm ki,
ömrüm boyu. O, elə bir şəxsiyyət və
nadir taleyə malik insandır ki, onun həyat və fəaliyyətinin
publisistikasına böyük məsuliyyətlə yanaşmaq
lazımdır. Böyük məsuliyyət və
böyük sevgi ilə...”.
Kitabda dünya siyasi elitasının ən məşhur
nümayəndələrinin Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyev haqqında fikirləri yer
alıb. Ulu
Öndərin ömür yolu, Azərbaycan xalqı
qarşısında xidmətləri barədə ən dəyərli
fikirlər onun siyasi kursunun davamçısı, Azərbaycan
Prezidenti İlham Əliyevə məxsusdur: “Heydər
Əliyev müasir Azərbaycanın banisidir. SSRİ-nin
dağılması nəticəsində ölkəmiz müstəqilliyini
bərpa edəndə, müstəqilliyin ilk iki ilini total
böhran və tənəzzül dövrü kimi səciyyələndirmək
olar. İqtisadiyyat bərbad vəziyyətdə
idi, sənayedə durğunluq, əvvəlki hakimiyyətin
bacarıqsız, deyərdim ki, xalqa zidd siyasəti, onların əsasən
talançılıq, oğurluq və daxili intriqalarla məşğul
olması Azərbaycanı vətəndaş müharibəsi
həddinə, iqtisadi kollaps dərəcəsinə
çatdırmışdı. 1993-cü
ildə Azərbaycan xalqı Heydər Əliyevi ölkəyə
yenidən rəhbərlik etməyə çağırdı
və o vaxtdan bu günə qədər Azərbaycanda
aparılmış islahatlar dövlətimizin coşqun
inkişafını və ölkəmizin qarşısında
duran iqtisadi problemlərin demək olar ki, hamısının həllini
təmin edib. Heydər Əliyev Azərbaycanı
müstəqilliyini itirməkdən xilas edib, dövlətçilik
yaradıb, ölkəmizin durmadan inkişafını təmin
edən güclü idarəçilik sistemi qurub. Onun Azərbaycan xalqı qarşısında xidmətləri
misilsizdir. Bu gün Azərbaycanın
dinamik inkişaf etməsində, ölkədə ictimai
asayişin təmin olunmasında, sabitliyin qorunub
saxlanmasında, möhkəmlənməsində, buraya xaricdən
güclü investisiyalar axını gəlməsində Heydər
Əliyevin rolu müstəsna xarakter daşıyır.
... Bu gün Heydər Əliyev bizimlə deyil, amma onun
fiziki yoxluğu bizi ruhdan salmamalıdır. Onun ideyaları yaşayır, onun siyasəti
yaşayır, onun fəlsəfəsi, azərbaycançılıq
fəlsəfəsi, ideologiyası yaşayır və onun
qurduğu, yaratdığı müasir Azərbaycan
yaşayır və onun yolu ilə inkişaf edir. Hamımızın borcudur ki, biz doğma Vətənimizi
onun yolu ilə irəliyə aparaq. Hamımızın
borcudur ki, onun siyasətini yaşadaq, Azərbaycanı gücləndirək
və onun istədiyi kimi, onun yolu ilə gələcəyə
aparaq. Mən əminəm və
şübhə etmirəm ki, biz bunu edəcəyik”.
Sonda
Elmira Axundova vurğulayır ki, Ulu Öndərin vəfatından
sonra Azərbaycanda onun adı əbədiləşdirilib,
mükafat və orden təsis edilib, Azərbaycanın hər
guşəsində Heydər Əliyevin adını
daşıyan bağlar, parklar salınıb: “Ancaq ən əsası
Heydər Əliyevin adını onun şah əsəri olan
müasir müstəqil Azərbaycan əbədiləşdirib.
Müstəqil Azərbaycan isə daimidir, əbədidir”.
Fəridə Abdullayeva
Yeni Azərbaycan.-
2017.- 11 may.- S.7