Heydər Əliyev irsi:
dövlət quruculuğu kursunun aktual aspektləri
Ulu Öndər Heydər Əliyevin irsinin öyrənilməsi
həmişə aktuallıq kəsb edir. Alimlər onu
araşdırırlar və bu, davam edəcək. Məqalədə Ümummilli Liderin dövlət
quruculuğu kursunun bir sıra əhəmiyyətli aspektləri
təhlil edilib. Burada xarici və daxili siyasət
sahəsində atılan addımların analizi verilib. Göstərilib ki, Ulu Öndərin çox mürəkkəb
bir geosiyasi şəraitdə səmərəli dövlət
quruculuğu konsepsiyasını işləyib
hazırlaması tarixi hadisədir. Bu, faktiki olaraq, Azərbaycan
milli dövlətçiliyini xilas etdi, sonrakı mərhələdə
isə sürətli inkişafına təkan verdi.
Həmin kontekstdə məqalədə xarici
siyasətin prioritetləri üzərində geniş
dayanılır. Heydər Əliyevin bu
istiqamətdə həyata keçirdiyi siyasət təhlil
edilir. Bunlardan başqa, məqalədə
dövlət quruculuğu prosesinin ümumi dinamikasını
müəyyənləşdirən çoxlu sayda faktorlar
tarixi rakursda şərh edilir. Heydər
Əliyevin siyasi kursunu Prezident İlham Əliyevin inkişaf
etdirdiyini təsdiq edən faktlar gətirilir və bunların
fonunda müstəqil Azərbaycan dövlətinin perspektivləri
təhlil olunur.
Tarixi təcrübə sübut edir ki, müstəqilliyini
əldə etmiş ölkələrdə dövlət
quruculuğu kifayət qədər mürəkkəb prosesdir. İndi
ekspertlər bir sıra ölkələrdə müstəqil
dövlət quruculuğu işinin baş
tutmadığından bəhs edirlər. Azərbaycanda
isə Ulu Öndər Heydər Əliyevin yaratdığı
müstəqil dövlət quruculuğu modeli zamanın
sınaqlarından uğurla çıxaraq, ölkəni
bütün sahələrdə tərəqqiyə aparır.
Bu prosesin çox müxtəlif aspektləri
vardır. Onların hər birini bir məqalədə
analiz etmək imkan xaricindədir. Lakin bir
sıra mühüm tərəflər mövcuddur ki,
bunların üzərində geniş dayanmaq olar. Biz bu məqsədlə Ulu Öndərin dövlət
quruculuğu siyasətinin bir sıra müddəalarını
təhlil etməyə çalışdıq. Məsələyə dövlət quruculuğunun
konkret praktiki şərtləri daxilində
yanaşılıb.
Qüdrətli
şəxsiyyət: Vətənə və xalqa xidmətin
misilsiz nümunəsi
Allah-Təala hər insanın üzərinə bir
missiya qoyur. Böyük şəxsiyyətlər bütün
xalqın yükünü çəkmək kimi müqəddəs
bir vəzifəni yerinə yetirirlər. Azərbaycan
xalqının qismətinə tarix boyu bir çox
böyük şəxsiyyətlər düşüb. Ancaq XX əsrdə Heydər Əliyev kimi dahi bir
insan ölkəmiz üçün müstəsna qiyməti
olan qüdrətli şəxsiyyət idi. Həmin
dövr xalqın taleyi və dövlətçilik
baxımından mürəkkəb bir mərhələyə
təsadüf edib.
Situasiya çox qarışıq idi. Haqla
nahaqqı bir-birindən ayırmaq çətin idi. Bu dalğa çoxlu sayda qeyrətli və vətənpərvər
oğulları bada vermişdi. Lakin Heydər
Əliyev ən yüksək və məsuliyyətli vəzifələrdə
çalışarkən bütün çətinlikləri
aşaraq xalqına xidmət edib. Ulu
Öndərin bütün şüurlu həyatı dövlət
təhlükəsizliyi sahəsində peşəkar fəaliyyətlə
sıx bağlı olub.
Milli.Az
newtimes.az-a istinadən xəbr verir ki, Sovet
İttifaqının güclü olduğu bir zamanda, mərkəzə
tabe olmanın yüksək səviyyədə
özünü göstərdiyi dövrdə Heydər
Əliyev böyük ustalıqla mənsub olduğu millətin
maraqlarını gözləyib, ürəyində bəslədiyi
müstəqil dövlətçilik duyğusunu müxtəlif
üsullarla həyatda reallaşdırıb. Söhbət
hələ sovet dövründən gedir. Keçən
əsrin 70-ci illərində Heydər Əliyev Kremlin
böyük maneəsinə rəğmən, Azərbaycan
dilinin dövlət dili statusu alması prosesini ustalıqla
apara bilib. Ümummilli Liderin həyat yoluna
nəzər saldıqda, onun sevdikləri uğrunda cəsarətlə
mübarizə apardığını görürük.
Hər şeydən əvvəl, Heydər Əliyev Vətənini
və xalqını çox sevirdi. Bütün fəaliyyəti
boyu yalnız Vətən maraqlarını üstün tutub.
Azərbaycan mədəniyyəti, dili, tarixi Ulu
Öndər üçün böyük əhəmiyyət
kəsb edib. Heydər Əliyev daim təkrar
edirdi ki, milli mədəniyyətini, adətlərini, ənənələrini,
dilini qoruya bilməyən insan yaxşı qəbul edilə
bilməz. Ulu Öndər doğma dili
yalnız fərdi əhəmiyyətli faktor kimi nəzərdən
keçirmirdi. Heydər Əliyev ana dilini
daha çox xalqın sosial-mədəni inkişafı
kontekstində qiymətləndirirdi. Məhz
bu səbəbdən, o, Azərbaycan dilinin dövlət dili
statusu alması üçün əlindən gələni
etdi. Heydər Əliyev sonralar həmin mərhələ
ilə bağlı xatırlayırdı:
"Yadımdadır, 1978-ci ildə biz Azərbaycanın
Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması
haqqında maddə daxil edəndə, Moskvadan bizim başımıza
nə qədər oyunlar açıldı, nə qədər
təzyiqlər göstərildi. Ancaq biz bu təzyiqlərə
dözdük". Bəli, Ulu Öndər
məqsədinə nail oldu.
Heydər Əliyev rəsmi tədbirlərdə çəkinmədən
ana dilinin əhəmiyyətini yüksək qiymətləndirir
və azərbaycanlı ziyalıları bu sahədə fəaliyyətə
səsləyirdi. Ümummilli Lider deyirdi: "Hər bir millətin dili
onun üçün çox əzizdir. Bizim
üçün... ana dilimiz həddindən artıq əzizdir.
Çünki çox illər ana dilimiz... həyatımızda
geniş yer ala bilməmişdir... Bizim
yazıçılarımız, ədəbiyyatşünaslarımız,
şairlərimiz o ağır dövrdə Azərbaycan dilinin
yaşamasında böyük xidmətlər göstərmişlər.
Mən bu gün böyük iftixar hissi ilə
deyə bilərəm ki, Azərbaycan dili XX əsrdə
böyük inkişaf yolu keçmişdir. İndi baxın bizim dilimiz nə qədər zəngindir,
nə qədər məlahətlidir, nə qədər
şirindir və bütün fikirləri ifadə etməsi
üçün nə qədər söz ehtiyatlarına
malikdir. Biz Azərbaycanda Azərbaycan
dilinin hakim olmasını, Azərbaycan dilinin getdikcə
inkişaf etməsini təmin edəcəyik".
Bu fikirlərdə Heydər Əliyev dilin ünsiyyət
vasitəsi və xalqın yaddaş elementi kimi
funksiyasının üç mühüm cəhətini əks
etdirib.
Birincisi, dil millətin mənəvi-əxlaqi, siyasi, mədəni,
psixoloji və s. dəyərləri ilə birbaşa əlaqəlidir.
İkinci məqam elm adamları,
yazıçılar, şairlər, incəsənət
nümayəndələri üzərinə böyük məsuliyyət
düşməsi ilə bağlıdır. Üçüncüsü, dil mədəniyyətlə
tarixi yaddaş arasında bağlılıq yaradan əsas
kanal rolunu oynamalıdır. Bu çərçivədə
Azərbaycanın böyük yazıçı, şair,
mütəfəkkir, incəsənət xadimlərinin, mənəvi-mədəni
abidələrin yubileylərinin və s. keçirilməsi
çox əhəmiyyətli işlər idi. Bu
üsulla Ulu Öndər ictimai şüurda tarixi məqamları
və keçmişi aktuallaşdırırdı ki, nəticədə,
xalqın yaddaşı saxlanılırdı. Heydər Əliyev fikrini kifayət qədər
lakonik şəkildə "tarix tələbkar
imtahançıdır!" kimi ifadə etmişdi.
Heydər Əliyev dil məsələsini daim mədəniyyətin
ümumi inkişafı və dövlətçilik
şüuru ilə bağlayırdı. O, nitqlərində məsələni
məharətlə bu müstəvidə qoyur və
ziyalıların üzərinə hansı vəzifələrin
düşdüyünü ifadə edirdi. Bu sırada Ulu
Öndərin hələ 1981-ci il iyunun
12-də Azərbaycan yazıçılarının VII
qurultayında söylədiyi "Ədəbiyyatın
yüksək borcu və amalı" adlı tarixi nitqində
ifadə etdiyi fikirlər yüksək dəyərini
saxlayır. Həmin nitqində Heydər Əliyev söyləmişdi:
"Yazıçı sözü xalqın əməllərinə
uyğun gəlməlidir. Gerçəkliyin bədii
inikasının başlıca obyekti müasirlikdir... Azərbaycan tarixinin bir çox parlaq səhifələri
bədii ədəbiyyatda layiqincə əks etdirilməmişdir...
tarixi simaların obrazları yaradılan və tariximizin
çox mühüm dövrləri tərənnüm olunan ədəbi
əsərlər ən yüksək səviyyədə
yazılmalıdır. Bunlar çox
mühüm, artıq deyək ki, mürəkkəb
mövzulardır".
Heç şübhəsiz, bu fikirlərin müasir mərhələ
üçün də ciddi əhəmiyyəti vardır. Dövlət
quruculuğunun indiki mərhələsində dövlət
dilinin statusunun möhkəmləndirilməsi
aktuallığını saxlamaqdadır. Bu
işdə alimlərin, yazıçıların, mədəniyyət
xadimlərinin üzərinə böyük məsuliyyət
düşür. Heydər Əliyevin
dövlət quruculuğu konsepsiyası daxilində həmin
özəllik ayrıca əhəmiyyət kəsb edir. Məsələ ondan ibarətdir ki, Ulu Öndər
üçün müstəqil dövlət qurmaq birinci dərəcəli
vəzifə kimi qəbul edilirdi. Çünki
müstəqil dövləti olmayan millətin gələcəyi
yoxdur. Xüsusilə müasir tarixi mərhələdə
bu problem strateji məna kəsb edir. Burada
Heydər Əliyevin iki tarixi xidmətini vurğulamaq gərəkdir.
Birincisi, Ulu Öndər müstəqil Azərbaycan
dövlətinin qurucusudur. İkincisi, bu dövlətin
müxtəlif tərəflərdən olan təhlükələri
adlayaraq, ayaqda durmasını təmin etdiyinə görə,
onun xilaskarıdır. Azərbaycanın
çox mürəkkəb geosiyasi məkanda yerləşdiyini
nəzərə aldıqda, bu iki cəhətin -
yaradıcılıqla xilaskarlığın bir araya gətirilməsinin
bütövlükdə millətin taleyi üçün
prinsipial əhəmiyyət daşıdığını dərk
etmiş olarıq.
Həqiqətən, Heydər Əliyev keçən əsrin
90-cı illərindən başlayaraq, mükəmməl
dövlət quruculuğu kursunu reallaşdırmağa
başladı, paralel olaraq, onu qorumaq üçün ciddi fəaliyyət
göstərdi. Sirr deyil ki, həmin mərhələdə
müxtəlif kənar qüvvələr Azərbaycanı
parçalamağa çalışırdılar. Onlar dövlət adamlarına qarşı sui-qəsdlər
törədirdilər. Hətta Heydər
Əliyevi aradan götürmək üçün cəhdlər
də edildi.
Nə qədər ağır olsa da, Ulu Öndər
öz cəsarəti, zəkasının gücü, iradəsi
və xalqının yüksək dəstəyi ilə
bütün maneələri aşa bildi, dövlət
çevrilişlərinin qarşısını qətiyyətlə
aldı. Qurduğu müstəqil dövləti göz bəbəyi
kimi qorudu və onun tarixi xilaskarı oldu. Bunlar
Azərbaycan dövlətçilik tarixinin ən parlaq səhifələrindəndir.
Gənc nəslin onları dərindən öyrənməsi
çox vacib vəzifədir. Çünki
həmin hadisələr mahir siyasətçinin, güclü
liderin, sadiq vətənpərvərin göstərdiyi gözəl
nümunələrlə zəngindir.
Bütün azərbaycanlı gənclər bilməlidirlər
ki, bu dahi şəxsiyyət misilsiz xidmətlərinə
görə hər zaman Vətəni, xalqı
üçün əziz olaraq qalacaq. Bu böyük insan
öz xidmətləri ilə hələ
sağlığında ikən tarixin yaddaşında əbədiləşmiş
ən böyük azərbaycanlıdır. Heydər Əliyev çağdaş Azərbaycan
tarixində təkrarolunmaz rəhbər, qüdrətli
dövlət başçısı, fədakar insan, əfsanəvi
şəxsiyyət, xalqının sevimli övladı kimi
qalıb və qalacaq.
Dahi şəxsiyyət Heydər Əliyevin parlaq
dühası onu Azərbaycan xalqının Ümummilli Liderinə,
dünya siyasətinin nəhənglərindən birinə
çevirib. Müstəqil dövlətimiz o dühanın nuru ilə
əbədi yaşayacaq, bayrağımız göylərə
ucalacaq. O bayraq bir daha enməyəcək, əksinə,
xalqı daha yüksək zirvələrə doğru irəliləməyə
ruhlandıracaq! Ona görə də Azərbaycan xalqı bu
böyük övladı ilə haqlı olaraq
öyünür!
Neft
strategiyası: uzaqgörənlik timsalı
Ulu Öndərin çox uzaqgörən siyasətçi
olduğunu dünyanın siyasi liderləri etiraf ediblər. Onun konkret
nümunələri də vardır. Onların
sırasında neft strategiyası xüsusi yer tutur. Məlumdur ki, XX əsrin sonu - XXI əsrin əvvəllərində
enerji faktoru bütövlükdə geosiyasət
üçün xüsusi əhəmiyyət kəsb edib.
Nəzəriyyəçilər və strateqlər
onu, ümumiyyətlə, qlobal geosiyasi nizamın çox vacib
parametri kimi təqdim edirlər. Bütün
geosiyasət nəzəriyyələrində
enerjidaşıyıcıları strateji faktor kimi yer alıb.
Bu faktorun müstəqilliyini əldə
etmiş gənc ölkələr üçün başqa
bir əhəmiyyəti də var. Belə ki, enerji təhlükəsizliyi
milli təhlükəsizliyin tərkib hissəsi olaraq,
aparıcı rol oynamalıdır.
Əks halda, müstəqillik və suverenlik ciddi təhlükə
qarşısında qalar. Heydər Əliyev
keçən əsrin 90-cı illərindən bütün bu
məqamları diqqətə alaraq mükəmməl neft
strategiyası işləyib hazırladı. Onu reallaşdırmaqla Azərbaycanın
addım-addım həm regionun liderinə çevrilməsinin
təməlini qoyub, dövlətin qlobal siyasətdə rolunu
yüksəldib, həm də böyük dövlətlərin
regionda maraqlarının tarazlaşdırılmasında
ustalıqla istifadə edib. Balanslı siyasət
öz səmərəliliyini göstərib, indi də onun bəhrələrini
bütövlükdə Cənubi Qafqaz görməkdədir.
Neft siyasətinin
ölkədaxili, regional və qlobal rolunun təhlili müasir
dərsliklər üçün qiymətli hədiyyə ola bilər. Ölkə daxilində
neft strategiyası böyük bəhrələr verib. Bütün sahələr üzrə islahatların
aparılmasına, iqtisadiyyata sərmayələrin
qoyulmasına, insanların həyat səviyyəsinin yüksəldilməsinə
və sabit inkişafın təmin edilməsinə ciddi dəstək
olub. Neft layihələrindən əldə
edilən gəlirlər sosial tələbatların ödənilməsinə,
iqtisadi infrastrukturun yenidən qurulmasına, demokratik institutların
formalaşdırılmasına, bütün sferalar üzrə
inkişafın təmin edilməsinə yönəldilib.
Nəticədə, Azərbaycanın daxilində
həm sabitlik yüksək səviyyədə təmin edilib,
həm də insanların rifah halı sürətlə
yüksəlib. Bu proses indi də bütün sürəti
ilə davam edir.
Regional miqyasda Heydər Əliyevin neft strategiyası
çox böyük səmərə verməkdədir. Hər
şeydən öncə, bu strategiya sayəsində Cənubi
Qafqazda geosiyasi sabitliyə nail olunub. Çünki
neft strategiyası beynəlxalq layihələrin
reallaşmasını nəzərdə tutub, regiona bir
çox ölkələr sərmayə qoyublar. Bu da, təbii olaraq, burada sabitliyin və əməkdaşlığın
inkişaf etməsi üçün birbaşa fayda verməkdədir.
Təsadüfi deyil ki, regional əməkdaşlığın
inkişafı Azərbaycanın neft strategiyasının əhəmiyyətli
parametrlərindən biri, eyni zamanda, xarici siyasətin prioritetlərindən
biridir. Digər tərəfdən, Ulu
Öndər böyük uzaqgörənliklə nəzərə
almışdı ki, varisi İlham Əliyev regional əməkdaşlıq
formatlarını daha da şaxələndirəcək, onlara
yeni məzmun verəcəkdir. Bakı-Tbilisi-Ceyhan
kimi vacib layihəyə yeniləri əlavə olunacaq və
bunlardan başqa müxtəlif formatda əməkdaşlıq
modelləri təklif ediləcək. Şübhəsiz
ki, bunun həyata keçməsində Heydər Əliyevin əsasını
qoyduğu neft strategiyasının böyük rolu vardır.
Ulu Öndərin neft strategiyasının qlobal miqyasda
oynadığı rol haqqında dünyanın böyük
dövlətlərinin siyasi liderləri fikirlərini bildiriblər. Hazırda
enerji təhlükəsizliyi bütövlükdə qlobal təhlükəsizliyin
əsas tərkib hissələrindən biri sayılır.
Bir sıra hallarda hətta onu təhlükəsizlik
və sabitliyin mərkəzi punktu kimi qiymətləndirirlər.
Xüsusilə böyük dövlətlərin
geosiyasi qarşıdurması fonunda bu məsələ
ayrıca əhəmiyyət kəsb edir. Avropada
maliyyə böhranının dərinləşməsi fonunda
enerji təhlükəsizliyi daha da aktuallaşıb. Avropa İttifaqına üzv dövlətlərin
siyasi maneə olmadan enerji ilə təminatı ətrafında
ciddi müzakirələr başlayıb. Burada
Qərb ekspertləri nəhəng enerji
istehsalçılarının müəyyən təzyiqlərini
nəzərə almağa məcbur oldular.
Digər tərəfdən, qloballaşma şəraitində
dünyanın bütün regionlarının bir-birindən
asılılığı daha da artır. Avropanın
Uzaq Şərq ölkələri ilə iqtisadi, ticari,
energetik əlaqələrini inkişaf etdirməsi vacib vəzifə
kimi qarşıya gəldi. Burada Çin-Mərkəzi
Asiya-Xəzər hövzəsi-Qara dəniz-Cənubi Avropa-Mərkəzi
Avropa-Şimali Avropa xəttində sabit işləyə biləcək
əməkdaşlıq formatlarının yaradılmasına
ciddi ehtiyac meydana gəldi. Məhz bu
cür strateji dəyəri olan bir prosesdə Ulu Öndərin
keçən əsrin 90-cı illərində
yaratdığı neft strategiyası mühüm rol oynaya biləcəyini
dünyaya nümayiş etdirdi. Düşünürük
ki, analitiklər hələ uzun müddət bu məsələnin
nəzəri və praktiki tərəfini təhlil edib,
mühüm nəticələr çıxaracaqlar. Çünki həmin faktor müasir geosiyasətin
olduqca aktual aspektlərini dərk etməkdə böyük
rol oynaya bilər.
Heydər Əliyev prezidentliyi dövründə neft
strategiyasını qətiyyətlə həyata keçirərək,
faktiki olaraq, Qərblə Şərq arasında "enerji dəhlizi"
yaratdı. Həm də nəinki yaratdı, onun işlək
olduğunu siyasəti ilə sübut etdi. Azərbaycan
üçün qanlı-qadalı olan 90-cı illərin
ortalarında məhz Heydər Əliyevin neft
strategiyasının səmərəsiz olduğunu sübut etməyə
çalışan müəyyən dairələrin hansı
təxribatları törətdiyi hər kəsin
yadındadır.
Gah ekologiya problemlərini ortaya atdılar, gah
Gürcüstanda bəzi dairələr yeni iddialarını
dilə gətirdilər, gah sui-qəsdlər təşkil
edildi, gah dövlət çevrilişlərinə cəhdlər
oldu, gah da Bakı-Tbilisi-Ceyhanın maliyyə baxımından
səmərəsiz olduğunu sübut etməyə
çalışdılar. Əksər siyasi
liderlərin qorxudan titrədiyi bir mərhələdə Azərbaycanın
böyük oğlu sinəsini irəli verib, əks tərəfin
bütün cəhdlərini darmadağın etdi. Sonra böyük dövlətlərin rəhbərləri,
qonşu ölkələrin başçıları, mütəxəssislər,
layihədə iştirak edən şirkətlərin rəhbərləri
açıq etiraf etdilər ki, Heydər Əliyevin əzmi,
siyasi-diplomatik ustalığı, qətiyyəti və
uzaqgörənliyi sayəsində Bakı-Tbilisi-Ceyhan işlədi.
Ulu Öndər neft strategiyasını o səviyyədə
geniş və dərindən işləmişdi ki, harada nələrin
meydana çıxa biləcəyini gözəl bilirdi. Bu səbəbdən, əsas məqsədə doğru
dayanmadan irəliləyirdi.
Başqa tərəfdən, bir müddətdən sonra
neft strategiyasının gələcək üçün
böyük potensialının olduğu da
aydınlaşdı. Bu, daha çox böyük dövlətlərin
enerji mənbələri uğrunda apardıqları gərgin
mübarizənin fonunda özünü göstərdi. Belə ki, çox mürəkkəb bir vəziyyət
yarandı. Onda Ulu Öndərin neft
strategiyasının başlıca tezislərinə uyğun
olaraq Prezident İlham Əliyev səmərəli addımlar
atdı. Azərbaycan nəinki enerji sahəsində
əməkdaşlıq səviyyəsini genişləndirdi, hətta
daha əhəmiyyətli layihələrin təşəbbüskarı
da oldu.
Əgər Heydər Əliyevin neft strategiyası olmasa
idi, TAP, TANAP, "Cənub qaz dəhlizi" kimi meqalayihələr
meydana gəlməyəcəkdi. Həm də bu layihələrin
bütövlükdə müasir geosiyasi düzənin
formalaşmasına ciddi töhfəsini nəzərə almaq
gərəkdir. Çünki sadalanan layihələr
mahiyyətcə geosiyasi balansı təmin edir, böyük
dövlətlərin maraqlarını toqquşdurmayıb onlar
arasında uzlaşma sahələrinin formalaşmasına
şərait yaradır. Bununla bağlı
Avropa İttifaqının yüksək rütbəli rəsmi
şəxsləri dəfələrlə öz fikirlərini
söyləyib, Prezident İlham Əliyevə minnətdarlıqlarını
bildiriblər. Burada mütləq bir məqamı
vurğulamaq istərdik.
Biz, regionun digər müstəqil dövlətlərinin
son 25 ildə enerji və əməkdaşlıq sahəsində
atdıqları addımların fonunda Ulu Öndərin neft
strategiyasının bir çıx üstün cəhətlərinin
aydın göründüyünü nəzərdə tuturuq. Təbii ki,
Rusiya və İran kimi böyük enerji ehtiyatları olan
ölkələrin bu sahədə dəqiq işlənmiş
strategiyası mövcuddur. Ancaq Heydər
Əliyevin dahiliyi ondan ibarətdir ki, faktiki olaraq, heç nədən
möhtəşəm bir enerji strategiyası hazırladı və
qısa müddətdə onu reallaşdırdı. O dərəcədə
buna nail oldu ki, cəmi bir neçə ilə
Azərbaycan böyük dövlətlərlə enerji siyasətində
rəqabətə girə bildi! İndi Azərbaycanı
heç kim enerji sahəsində ikinci dərəcəli
oyunçu hesab edə bilməz.
Ermənistan və Gürcüstanın enerji
siyasəti ilə müqayisədə isə Ulu Öndərin
enerji strategiyası heç düşünülməz səviyyədə
yüksəkdədir. Hətta bunları ciddi
elmi aspektdə müqayisə etmək qüsurludur.
Çünki Heydər Əliyev dünya miqyasında
mühüm rolu olan enerji siyasətini bütün çətinliklərə
baxmayaraq reallaşdırarkən Ermənistan və
Gürcüstan, xarici dəstəyin olmasına rəğmən,
faktiki surətdə tutarlı heç bir iş görə
bilmədilər. Bu, danılmaz faktdır!
Yeni Azərbaycan.-
2017.-11 may.- S.11