Azərbaycanın
regionlarında infrastrukturun yenilənməsi istiqamətində
əhəmiyyətli addımlar atılır
İndiyədək müvafiq Dövlət
proqramları çərçivəsində həyata
keçirilən layihələr sayəsində bölgələrin
siması əhəmiyyətli dərəcədə dəyişib,
infrastruktur təminatı güclənib
Son 13 ildə Azərbaycanın hərtərəfli
inkişaf mənzərəsini səciyyələndirən əsas
cəhətlərdən biri ölkənin bütün
regionlarında genişmiqyaslı abadlıq işlərinin
aparılması, sosial və iqtisadi infrastruktur quruculuğu ilə
bağlıdır. Müvafiq Dövlət proqramları
çərçivəsində həyata keçirilən
layihələr sayəsində bölgələrin siması əhəmiyyətli
dərəcədə dəyişib, infrastruktur təminatı
güclənib. Və bu istiqamətdə işlər
hazırda da davam etdirilir.
Yeri gəlmişkən, mayın 10-da Masallı
rayonunun Şatıroba kəndində yeni məktəb
binası istifadəyə verilib. Bu münasibətlə
keçirilən açılış mərasimində
bildirilib ki, son illər rayonda 40-a yaxın yeni məktəb
binası tikilib və əsaslı təmir olunub. Bunun 20-yə
yaxını son dörd ilin payına düşür.
Ümumiyyətlə, vurğulamaq lazımdır ki,
infrastrukturun yenilənməsi, tikinti, abadlıq-quruculuq işləri
Lənkəran iqtisadi rayonuna daxil olan digər rayonlar kimi
Masallıda da davamlı xarakter daşıyır. Məsələn
verilən məlumata görə, ümumi uzunluğu 1,45 km
olan Digah küçəsinin yenidənqurulması işlərinə
başlanılıb. Hazırda həmin ərazidə 2620 p/m
bordür düzülüb və piyada səkilərinə
asfalt vurulmasından ötrü hazırlıq aparılıb.
Bundan əlavə, küçənin işıqlandırma
sisteminin qurulmasından ötrü 65 işıq dirəyinin
qurulması planlaşdırılıb. Eləcə də
ankerlərin betonlanması və kabel xətlərinin çəkilişinə
başlanılıb. Bu ilin birinci rübü ərzində
nəqliyyat vasitələrinin hərəkətində təhlükəsizliyin
təmin edilməsi məqsədilə şəhərin Heydər
Əliyev prospektində iki, Həzi Aslanov küçəsində
bir, Qarabağ küçəsində bir yerdə
işıqfor quraşdırılıb. Bununla
yanaşı, Masallı şəhərinin əksər
küçələrində səki və bardürlərin,
hasarların təmiri işləri həyata keçirilib. Heydər
Əliyev prospektində uzunluğu 1000 metrə yaxın olan
suötürücü kanalın çəkilişinə
başlanılıb və hazırda betonlanma işləri
davam etdirilir.
O cümlədən şəhərin
mərkəzindən keçən Viləş
çayının ətrafında Park-Bulvar kompleksində
çay yatağının beton məcraya salınması
işləri görülməkdədir. İlkin olaraq
ümumi uzunluğu 750 p/m olan beton bəndin 350 p/m hissəsində
işlər yekunlaşıb. Burada müxtəlif istirahət
mərkəzlərinin, idman meydançalarının tikintisi
və uşaq əyləncə qurğularının
quraşdırılması planlaşdırılır.
Hazırda çay yatağının 400 p/m-lik hissəsinin
beton məcraya salınması işləri aparılır.
Qeyd edək ki, 2016-cı ildə inşasına
başlanılan və 2018-ci ildə təhvil verilməsi nəzərdə
tutulan rayon Məhkəməsinin də yeni inzibati binasında
hazırda tikinti işləri davam etdirilir. Həmçinin bu
ilin birinci rübü ərzində Masallı şəhəri
ərazisində sosial təşəbbüslə 100 yerlik
uşaq bağçası tikilib istifadəyə verilib, şəhər
ərazisində yerləşən Masallı “Cümə” məscidində
isə əsaslı təmir işləri həyata
keçirilir.
Bu məqamda vurğulamaq yerinə düşər
ki, ötən ilin sentyabrında ölkə Prezidenti İlham
Əliyevin Sərəncamı ilə Masallı şəhərində
27 çoxmənzilli binanın təmir edilməsindən
ötrü 3 milyon manat vəsait ayrılıb. Hazırda
ötən əsrin 70-80-ci illərində inşa edilmiş
27 kommunal yaşayış binasının fasad və dam
örtüklərində əsaslı təmir işləri
başa çatdırılıb. Ümumilikdə binalar
üzrə mövcud olan 84 giriş bloklarında smeta sənədlərində
nəzərdə tutulan bütün işlər
yekunlaşıb. Binaların zirzəmilərinin təmiri və
kanalizasiya xətlərinin yeni sistemə qoşulması
işləri hazırda davam edir. Qeyd edək ki, 5,5 hektar ərazidə
yerləşən yaşayış binalarının
qarşısındakı yollara 950 p/m bardür
düzülüb və asfalt vurulub. Eyni zamanda, binaların
qarşısında müasir işıqlandırılma
sistemlərinin quraşdırılmasından ötrü
hazırlıq işlərinə başlanılıb.
Binaların qarşısında yaşıllıq zolaqları
salınacaq ərazilərə 380 maşın torpaq
materialı verilib və hazırda bu işlər davam etdirilir.
Bundan əlavə, 18 binanın dam
örtüyünün və 5 binanın fasadının əsaslı
təmirinə başlanılıb. Artıq 10 binanın dam
örtüyü və 5 binanın fasadı əsaslı təmir
edilib. Son 8 binanın dam örtüyünün dəyişdirilməsi
davam etdirilir ki, bununla da Masallıda mövcud olan 77 binanın
təmiri başa çatdırılacaq. Bu ilin aprelində isə
Masallı rayon İcra Hakimiyyətində Masallı şəhərinin
2034-cü ilə qədər dövrünü əhatə edən
baş planının hazırlanması ilə bağlı
işlər haqqında ictimai müzakirə keçirilib.
Baş planda şəhər ərazisinin
zonalaşdırılması ilə əlaqədar ictimai mərkəzlərin,
yeni yaşayış ərazilərinin, çayqırağı
rekreasiya və sənaye zonalarının yerləri müfəssəl
qaydada işlənib hazırlanıb. Eyni zamanda, baş plan
layihəsində şəhərin mərkəzindən
keçən çayın üzərində yeni iki
körpünün salınması nəzərdə tutulub. Bundan başqa, rayonda Turizm Peşə Məktəbi
üçün ayrıca istehsalat-təcrübə
bazasının tikilməsindən ötrü şəhərin
Heydər Əliyev prospektində “ASAN Həyat” kompleksinin yerləşdiyi
ərazidə nəzərdə tutulan torpaq sahəsinin sxematik
planı Azərbaycan Turizm və Menecment Universitetinə təqdim
olunub. Eyni zamanda, Heydər Əliyev prospektində
Yaşıl Market Logistik Mərkəzinin yaradılması məqsədilə
10 ha torpaq sahəsi ayrılıb.
İnkişafın bütün sahələri əhatə
etdiyi Astara rayonunda isə bu ilin birinci rübündə
ümumi məhsul və xidmətlərin həcmi ötən
ilin müvafiq dövrünə nisbətən 2,8 faiz artaraq
31,7 milyon manata çatıb. Rayonda inşaat
işlərinin aparılması üçün bütün
maliyyə mənbələrindən əsas kapitala 3635,9 min
manat məbləğində vəsait yönəldilib. Əvvəlki
ilin müvafiq dövrü ilə müqayisədə əsas
kapitala yönəldilmiş vəsaitin həcmi 6,7 faiz
artıb.
Müvafiq Dövlət proqramlarının
uğurla icrası Astarada yeni obektlərin istifadəyə
verilməsində də həlledici rol oynayıb. Eyni zamanda, rayonda Xəzər dənizi sahili boyu
Park-Bulvar və çimərlik ərazisində “AAAF Park
Astara” lahiyəsi çərçivəsində idman
sağlamlıq və uşaq əyləncə obyektləri
tikilib istifadəyə verilib. Şəhərin prospekt və
küçələrində tikinti-quruculuq işləri,
işıqlandırma sisteminin bərpası işləri davam
etdirilib. 2017-ci ildə mənzil fonduna daxil olan
ictimai-yaşayış binalarında təmir-tikinti işləri
görülüb və bu istiqamətdə işlər davam
etdirilir. Ucqar dağlıq əraziləri əhatə edən,
mürəkkəb relyef şəraitində yerləşən
Taxtanakəran-Toradi, Taxtanakəran-Miki avtomobil yolunun tikintisinin
isə ikinci mərhələsinə başlanılıb və
hazırda bu istiqamətdə işlər davam etdirilir.
Eləcə də rayon ərazisindəki
magistral və yerli əhəmiyyətli yolların təmiri
işi də davam edib. Məsələn,
respublika əhəmiyyətli Ələt-Astara avtomobil yolunun
Astara rayonuna aid hissəsində yol çiyinləri avtoqreyderlə
hamarlanıb, 9520 metr küvetlər təmizlənib, 9325
kv.metr yol çiyinləri çınqıl materialı ilə
bərkidilib və 3015 kv.metr asfalt-beton
qarışığından çala təmir işləri
görülüb. Yerli əhəmiyyətli
Siyaku-Şəmətük avtomobil yolunda çınqıl
materialı ilə təmir işləri həyata
keçirilib, Lovayn-Pəlikəş, Kijəbə-Burzubənd,
Astara-Qamışovka və digər yollarda küvetlər və
suötürücü borular təmizlənib, kəndlərarası
yollar avtoqreyderlərlə hamarlanıb.
Ölkənin hər yerində olduğu kimi,
Astarada da əhalinin fasiləsiz içməli su ilə təminatı
diqqət mərkəzindədir. Belə ki, rayon Su Kanal
İdarəsi tərəfindən şəhər ərazisində
ictimai yaşayış binalarının içməli su təminatının
yaxşılaşdırılması üçün tədbirlər
görülüb. Qapçıməhəllə-Astara
magistral su borusunda, şəhərin Aydın Məmmədov,
Əhəd Muxtar və Kaverin küçələrində
olan su xətti borularında, Səməd Vurğun və Nuru
Paşa küçələrində olan magistral kanalizasiya xəttində
olan boruda təmir-bərpa işləri aparılıb. “Azərbaycan Respublikası regionlarının
2014-2018-ci illərdə sosial iqtisadi inkişafı Dövlət
Proqramı” çərçivəsində Xanbulançay su
anbarından Astara şəhərinə çəkilən
içməli su xəttinin 17424 metr hissəsində
tikinti-quraşdırma işləri və kənd
çıxışları üçün qurğuların
icrası başa çatdırılıb.
Ölkədə əldə edilən
uğurlardan Lənkəran rayonuna da pay düşüb. Belə ki, ötən illər və bu ilin geridə
qalan dövründə rayonda geniş abadlıq və quruculuq
işləri aparılıb. Şəhərin küçə
və xiyabanlarında, qəsəbə və kəndlərdə,
magistral yolların kənarlarında evlərin divarları,
daş hasarlar suvanıb, bardürlər və hasarlar yenidən
rənglənib. Ümumilikdə birinci rüb ərzində
şəhərdə, qəsəbə və kəndlərdə
12 min kv.m hasar və bardür bərpa olunub. Bununla
yanaşı, Lənkəran şəhərinin park və
bağlarında 15 min ədəd dekorativ ağac və gül
kolları əkilib. Rayonda turizmin daha da inkişaf etdirilməsi
üçün də tədbirlərin görülməsi nəzərdə
tutulub. Hazırda yeni Olimpiya İdman Kompleksinin və 11 mərtəbəli
4 ulduzlu “Qafqaz” otel kompleksinin, Lənkəran İstisu və
Sağlamlıq Mərkəzinin tikintisi davam etdirilir. Eyni
zamanda, Ələt-Astara yeni maqistral avtomobil yolunun Lənkəran
hissəsinin tikintisi başa çatmaq üzrədir.
Yaşayış məntəqələrinin
qazlaşdırılması tədbirləri davam etdirilir.
Lənkəran iqtisadi rayonuna daxil
Yardımlı rayonu da öz inkişafına görə fərqlənir.
Verilən məlumata görə ilin birinci rübündə
Yardımlı şəhərinin Heydər Əliyev
küçəsində, eləcə də digər
küçələrində abadlıq-quruculuq işlərinə
başlanılıb. Yeni inşa olunmuş istinad divarlarına
müasir üslubda ağ üzlük vurulur, parklarda və
küçələrdə küçə
işıqları yenilənir. Qeyd
olunmalıdır ki, 2017-ci ildə Yardımlı şəhərinin
təmizliyinin saxlanılması və kommunal
yaşayış evlərində təmir işlərinin
aparılması, yaşıllıqların və küçələrin
işıqlandırılması məqsədilə 147 nəfər
işçi bir il müddətinə işə cəlb
olunub. Vurğulanmalıdır ki, 9 mənzil kommunal evlərində
təmir işlərinin aparılması
planlaşdırılır. Buna qədər isə
yaşayış evlərinin həyətyanı ərazisi
asfalt döşənilməsi üçün
hazırlanıb, binaların blok və pilləkənlərində
təmir işləri aparılıb. Eləcə də
yaşayış evlərinin dam örtüyünun də dəyişdirilməsi
planlaşdırılır.
Pərviz SADAYOĞLU
Yeni Azərbaycan.-
2017.- 12 may.- S.7