Regionlarda
tütünçülüyün inkişafı diqqət mərkəzində
saxlanılır
Perspektivdə respublika üzrə tütün
istehsalını ildə 10 min tona çatdırmaq nəzərdə
tutulub
Respublikamız məqsədyönlü
diversifikasiya siyasətinə uyğun olaraq həmçinin
ixracın şaxələndirilməsinə nail olmağı
hədəfləyib. Prezident İlham Əliyevin
ötən ilin sonlarında imzaladığı müvafiq Fərmanla
təsdiqlənən milli iqtisadiyyat perspektivi üzrə
Strateji Yol Xəritəsində hədəf indikatorlardan biri
kimi adambaşına qeyri-neft ixracının 2025-ci ildə ən
azı 450 ABŞ dollarına çatdırılması müəyyənləşdirilib.
Bu isə azı üç dəfədən çox
artım deməkdir. Prezident İlham Əliyev Yevlaxda bir qədər
bundan əvvəl keçirilən qeyri-neft
ixracatçılarının respublika müşavirəsindəki
nitqində diqqəti bir daha qeyri-neft ixracının
artırılmasının zəruriliyinə çəkərək
vurğulayıb: “Qarşıda duran vəzifələrdən
biri də odur ki, biz ixracda da şaxələndirməyə
nail olaq. Necə ki, buna ümumi daxili məhsulda nail
olmuşuq, ixracda da buna nail olmalıyıq”.
İxracın şaxələndirilməsi məqsədilə
həyata keçirilən tədbirlər öz müsbət
nəticəsini verir
Azərbaycanda ixracın şaxələndirilməsi
və yeni ixrac imkanlarının yaradılması məqsədilə
məqsədyönlü tədbirlər həyata
keçirilir. Ötən ildən başlayaraq regionlarda tarixən
formalaşan ənənələr nəzərə
alınmaqla rəqabət qabiliyyəti yüksək olan və
xarici bazarlarda böyük tələbat duyulan məhsulların
yetişdirilməsi diqqət mərkəzində
saxlanılır.
İxracın stimullaşdırılması
məqsədilə hüquqi bazanın möhkəmləndirilməsi
də xüsusi aktuallıq daşıyır. Ötən il
respublikamızda beynəlxalq təcrübə nəzərə
alınmaqla ixracın səmərəli təşviq mexanizmi
işə salınıb. Prezident İlham
Əliyevin imzaladığı müvafiq Fərmana əsasən,
2016-2020-ci illərdə Azərbaycan Respublikasının ərazisində
istehsal olunan və istehsal prosesində istifadə olunan yerli
komponentlərin və Azərbaycan Respublikasının ərazisində
yaradılan qeyri-neft məhsullarının dəyərinin
xüsusi çəkisindən, habelə ixrac olunan həmin məhsulların
növündən asılı olaraq, Azərbaycan
Respublikasının ərazisində qeyri-neft məhsullarının
ixracı ilə məşğul olan şəxslərə
dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqinin
ödənilməsi nəzərdə tutulur. İxracın
stimullaşdırılması ilə bağlı imzalanan sənədlərə
uyğun olaraq, “İxrac təşviqinin
ödənilməsi qaydası”, “İxrac təşviqi
şamil olunacaq məhsulların siyahısı” və
“İxrac təşviqi üzrə tətbiq olunacaq əmsallar”
təsdiq edilib. İxrac təşviqi şamil olunan
malların siyahısına bal, xurma, nar, qovrulmuş
fındıq kimi kənd təsərrüfatı məhsulları,
qurudulmuş meyvələr, konservləşdirilmiş
meyvə-tərəvəz, mürəbbə və cemlər,
turşular, spirtli içkilər və şərab, mineral
sular və şirələr, unlu qənnadı məmulatları,
habelə dəri məmulatları, ipək parçalar və xalçalar
kimi digər məhsullar daxil edilib. Həmin məhsulların
növündən asılı olaraq, sahibkarlara ixrac etdikləri
qeyri-neft məhsullarının gömrük dəyərinin 3
faizindən 6 faizinədək büdcə vəsaitləri
hesabına təşviq vəsaiti verilir.
Respublikamızda ötən il işə
salınan ixracın səmərəli təşviq mexanizmi
praktiki müstəvidə həyata keçirilən zəruri
tədbirlərlə dəstəklənir. Bir neçə
istiqamət üzrə məhsul istehsalçıları və
ixracatçıları assosiasiyaları yaradılıb, mənşə
sertifikatının verilməsi sadələşdirilərək
müddəti üç gündən bir günə endirilib.
Azərbaycanın yüksək rəqabətqabiliyyətli məhsullarının
vahid məlumat bazasının yaradılması və bu məhsulların
xarici bazarlara çıxışını təmin etmək
üçün həmçinin Azexport.az portalı fəaliyyətə
başlayıb. Portal artıq bölgələrdə
sahibkarlara təqdim olunub və ayrı-ayrı ölkələrə
məhsulların satışı ilə bağlı bir
sıra müqavilələr bağlanıb.
Həyata keçirilən bu və ya digər tədbirlər
sahibkarların ixracyönümlü məhsul istehsalına
marağını artırıb. Bu isə cari ilin ixrac
göstəricilərində də öz əksini tapıb. O
cümlədən ölkədən ixrac olunan məhsulların
strukturunda aqrar sektorun çəkisi əhəmiyyətli dərəcədə
artıb. Son bir ildə bu sektordan ixracın həcmi
əvvəlki illə müqayisədə 73 milyon və ya 20,7
faiz artaraq 426 milyon ABŞ dolları təşkil edib.
İxracdan əldə edilən 426 milyon ABŞ dolları vəsaitdən
108 milyonu pomidor və xiyarın, 105 milyonu
qoz-fındığın, 24 milyonu pambığın, 15
milyonu gön-dəri xammalının ixrac payına
düşüb.
Yeni ixrac imkanları yaradan gəlirli sahələrdən
biri də tütünçülükdür
Azərbaycanın regionlarında aqrar sektorda bir
sıra sahələri inkişaf etdirməklə ölkəmizin
ixrac imkanlarını daha da genişləndirmək
mümkündür. Regionlarda belə gəlirli sahələrdən
biri də tütünçülükdür. Qeyd edək ki,
ölkəmizin ayrı-ayrı bölgələrində
tütünçülük sahəsində tarixən
yaxşı ənənələr formalaşıb.
Keçmiş sovet dönəmində respublikamızda indikindən
təxminən 10 dəfə çox tütün tədarük
olunurdu. Ötən ildən başlayaraq ölkəmizdə bu
gəlirli sahənin şöhrətinin geri
qaytarılmasına başlanıb.
Tütünçülük respublikamızda əsasən
Qax, Balakən, Zaqatala kimi rayonlarda geniş yayılıb.
Hazırda respublikamızda tütünün əkini ilə 4
şirkət məşğul olur. Bu 4 şirkət məhsul
istehsalçıları ilə müqavilə bağlayaraq
ayrı-ayrı regionlarda tütün əkini həyata
keçirir. 2016-cı ildə respublikamızda 2500 hektarda
tütün əkilib. Respublikanın ən böyük
tütünçülük rayonu sayılan Şəkidə
bu sahənin inkişaf etdirilməsi istiqamətində həyata
keçirilən tədbirlər artıq müsbət nəticə
verməkdədir. Belə ki, 2016-cı ildə rayonda quru
tütün istehsalı əvvəlki illə müqayisədə
632 ton artaraq 2440 ton təşkil edib. Tütün əkini sahələri
isə 2015-ci illə müqayisədə 189 hektar
artırılaraq 785 hektara çatdırılıb.
Ötən il rayonun təsərrüfatlarında
əsasən iki növ - “İnter Tobacco” MMC tərəfindən
“Virciniya” növlü ətirli tütün, fermerlərin
özləri tərəfindən isə ənənəvi
sortlardan olan “İtiyarpaq” tütün növü
yetişdirilib. Mövsüm ərzində
plantasiyalardan 4627 ton ətirli tütün yarpağı
yığılaraq qurudulmaq üçün yaş halda
MMC-nin rayonda fəaliyyət göstərən tütün
istehsalı və emalı məntəqəsinə təhvil
verilib. “İtiyarpaq” növlü tütün isə fermerlərin
özləri tərəfindən qurudulduqdan sonra tədarük
məntəqələrinə təhvil verilib.
Ötən il tütünçülükdə
əldə olunan göstəricilər, necə deyərlər,
hələ başlanğıcdır. Bu sahənin inkişaf
perspektivləri daha genişdir. Prezident İlham Əliyev
qarşıya respublikamızda tütün istehsalının ən
azı üç dəfə artırılması ilə
bağlı mühüm vəzifə qoyub. Dövlət
başçısı “Azərbaycan Respublikası
regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı”nın icrasının
üçüncü ilinin yekunlarına həsr olunan
konfransdakı nitqində respublikamızda
tütünçülüyün inkişaf perspektivlərindən
bəhs edərək vurğulayıb:
“Tütünçülüklə bağlı müvafiq
göstərişlər verilib. Biz tütünün istehsalını
üç dəfə artırmalıyıq. Əlbəttə
ki, xarici bazarları müəyyən etməklə paralel
olaraq, tütün istehsalı 10 min tona
çatdırılmalıdır. Biz həm ölkə
daxilində istehsalı artırmalıyıq, eyni zamanda, xarici
bazarlara çıxış əldə etməliyik. Bu istiqamətdə
artıq müvafiq tapşırıqlar verilib, kontraktlar
bağlanıb. Bu da çox gəlirli bir sahədir”.
Regionlarda sahələrə tütün
şitillərinin köçürülməsi uğurla davam
etdirilir
Hazırda Azərbaycanın tütün becərilən
ayrı-ayrı bölgələrində cari
mövsümün bol məhsulunun əsası qoyulur.
Yardımlı rayonunda tütün əkini uğurla davam edir.
Cari ildə rayonun 20 kəndində 43 hektar sahədə
tütün əkilməsi nəzərdə tutulur. Bu, ötən
illə müqayisədə tütün sahələrinin
dörd dəfə artması deməkdir. Yığılan məhsullar
rayonda inşa olunan tütünqurutma sexlərində
qurudularaq müəssisələrə təhvil veriləcək.
Ötən il rayonda tədarük olunan
tütün məhsulunu qəbul etmək üçün 3
tütünqurutma sexi fəaliyyət göstərirdisə, bu
il tədarük məntəqələrinin sayı 8-ə
çatdırılacaq. Bu məqsədlə rayonun Urakəran
kəndındə hər birinin tutumu 5 ton olan 8 ədəd
tütünqurutma sexi, 1 ədəd tutumu 70 ton olan saxlama
kamerası və 1 ədəd tutumu 40 ton olan talvar tikilir.
Zaqatala rayonunun təsərrüfatlarında isə
tütün əkininə daha əvvəl başlanıb və
artıq kampaniya başa çatmaq üzrədir. Cari
mövsümdə rayonda tütün əkini sahələrinin
ötən illə müqayisədə 100 hektara yaxın
artırılaraq 700 hektara çatdırılması nəzərdə
tutulur. İndiyədək 620 hektar sahəyə tütün
şitili köçürülüb. Xatırladaq ki,
2016-cı ildə Zaqatala rayonunda 601,5 hektar sahədə
tütün əkilib, 528 ton quru tütün istehsal olunub.
2017-ci ildə Oğuz rayonunda tütün əkini
sahələrinin ötən illə müqayisədə 14 dəfədən
çox artırılaraq 200 hektara çatdırılması
nəzərdə tutulur. Bu məqsədlə ayrı-ayrı
fermerlər tərəfindən istixanalarda 3500 kvadratmetr sahədə
“İmunium” növündən olan tütün şitili
yetişdirilib.
Qeyd edək ki, 2016-cı ildə Oğuz
rayonunun təsərrüfatlarında 13,7 hektar sahədə
tütün əkilib, 15,3 ton yaş tütün istehsal olunub.
Tütünçülüyün inkişaf
etdirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü
tədbirlər, dövlət səviyyəsində bu sahəyə
göstərilən diqqət və qayğı oğuzlu
fermerlərin də tütünçülüyə
marağını artırıb. Ötən il rayonda bir
neçə fermer ailəsi tütünçülüklə
məşğul olurdusa, bu il belə təsərrüfatların
sayı artıq 14-ə çatıb.
Bu il Balakən rayonunun təsərrüfatlarında
520 hektar sahədə tütün əkilməsi
planlaşdırılıb. Cari mövsümdə balakənli
fermerlər 242 hektar sahədə “Virciniya” növlü ətirli,
8 hektarda “Berley”, 270 hektar sahədə isə yerli tütün
sortları yetişdirəcəklər. Artıq rayonun təsərrüfatlarında
tütün şitillərinin sahələrə
köçürülməsi prosesi başa çatmaq üzrədir.
Qeyd edək ki, iyirmi illik fasilədən sonra
ötən il Balakən rayonunda yenidən tütün
yetişdirilməsinə başlanılıb. 2016-cı ildə
rayonda 501 hektar sahədə tütün əkilib. Balakənli
fermerlər keçən il 1150 ton yaşıl tütün
kütləsi və 96,3 ton quru tütün istehsal ediblər.
Mübariz ABDULLAYEV
Yeni Azərbaycan.-
2017.- 16 may.- S.7.