Aqrar sahənin inkişafı
ölkəmizin ərzaq təhlükəsizliyinin təminatında
mühüm rol oynayır
Regionların sosial-iqtisadi inkişafı ilə
bağlı Dövlət proqramlarının uğurlu
icrası kənd təsərrüfatında yüksək məhsuldarlığın
əldə olunmasına yol açır
Ölkəmizdə ərzaq təhlükəsizliyinin
təminatı istiqamətində atılan addımlar
uğurlu nəticələr verməkdədir. 2004-cü ildən
həyata keçirilən regionların sosial-iqtisadi
inkişafı ilə bağlı Dövlət proqramları ərzaq
təhlükəsizliyinin təminatında, kənd təsərrüfatının
inkişafında əsaslı rol oynayır. Bunun nəticəsidir
ki, ölkəmizdə son illərdə aqrar sahənin
inkişafında intensivlik müşahidə edilir. Qeyd edək
ki, Azərbaycan artıq uzun müddətdir ki,
özünü kənd təsərrüfatı məhsulları
ilə yüz faiz təmin edir.
Bir məqamı xüsusi olaraq vurğulamaq
lazımdır ki, ölkə Prezidenti İlham Əliyevin
tövsiyə və tapşırıqları ölkəmizdə
kənd təsərrüfatının inkişafında yeni mərhələnin
başlanğıcını qoyub. Kənd təsərrüfatının
strateji sahələrinin inkişafı, əkin sahələrinin
artırılması və digər istiqamətlərdə
görülən tədbirlər real nəticələrə
nail olunmasına yol açır. Yeri gəlmişkən,
ölkəmizdə “Elektron kənd təsərrüfatı”
sisteminin proqram təminatı yaradılıb. Kənd
təsərrüfatı sahələrinə dair qrafik məlumatlar
coğrafi informasiya sisteminə daxil edilib. İdarəetmədə
şəffaflığın və səmərəliliyin
artırılmasının mühüm vasitəsi kimi elektron
hökumətin genişləndirilməsi siyasətinə əsasən,
ölkəmizdə Avropa təcrübəsinə uyğun
“İnteqrasiya olunmuş nəzarət sistemi” (İACS) prinsiplərinə
əsaslanan “Elektron kənd təsərrüfatı” sisteminin
yaradılması istiqamətində qısa müddətdə
genişmiqyaslı işlər görülüb. Beynəlxalq ekspertləri cəlb etməklə
müvafiq proqram təminatının yaradılması işi
başa çatdırılıb, 4,87 milyon hektar kənd təsərrüfatı
təyinatlı torpaqlar, o cümlədən 1,59 milyon hektar əkin,
104 min hektar çoxillik bağlar, 1,60 milyon hektar otlaq və
digər kənd təsərrüfatı sahələrinə
dair qrafik məlumatlar Avropa standartlarına uyğun keyfiyyətdə
hazırlanaraq, xəritə əsaslı coğrafi informasiya
sisteminə daxil edilib. Eyni zamanda, “Azersky” peykinin
təsvirləri əsasında “məsafədən ayırdetmə”
texnologiyalarından istifadə etməklə bitki
örtüyü, məhsuldarlığın hesablanması,
torpağın münbitlik vəziyyəti və s. məsələlərlə
bağlı “Azərkosmos” ASC ilə müvafiq işlər
aparılır və seçilmiş pilot ərazilərdə
testlər həyata keçirilir.
Bir neçə gün öncə “Aqrolizinq”
ASC-nin Yevlaxda keçirdiyi müşavirədə isə
taxıl biçininə hazırlıq, pambığın becərilməsi,
texnika, mineral gübrə və pestisidlərin təminatı
məsələləri müzakirə olunub. Müşavirədə
“Aqrolizinq” ASC-nin mərkəzi aparatının şöbə
müdirləri, 9 regional nümayəndəliyin direktoru,
mühəndis və mühasibləri, rayon bölmələrinin
rəhbərləri və qabaqcıl mexanizatorlar iştirak
ediblər. “Aqrolizinq” ASC-nin sədri Elşən
Məmmədov, Kənd Təsərrüfatı Nazirliyinin
şöbə müdiri Köçəri İmanov, “Aqrolizinq”
ASC-nin şöbə müdiri İsrafil İsmayılov tədbirdə
çıxış edərək, taxıl biçininə
hazırlıq və taxıl yığan kombaynların texniki
vəziyyəti, pambığın becərilməsi, texnika,
mineral gübrə və pestisidlərlə təminat məsələlərindən
danışıblar. Bildirilib ki, taxıl biçini
mövsümünün yaxınlaşması ilə əlaqədar
olaraq “Aqrolizinq” ASC-nin rayon bölmələrinin istifadəsində
olan 794 ədəd kombayn və fiziki şəxslərə
verilən 700-ə yaxın kombayn biçinə
hazırlanıb.
Diqqətə çatdırılıb ki,
“Aqrolizinq” ASC-nin xətti ilə may ayının sonunadək
ölkəmizə 20 min ton ammonium nitrat gübrəsi gətiriləcək.
Bundan başqa, pambıqçılıqda zərərvericilərə
və alaq otlarına qarşı kimyəvi mübarizədə
istifadə etmək üçün 228,1 ton dərman və
peraparatların gətirilməsi nəzərdə tutulur.
Hazırda 100 min litr herbisid gətirilərək, cəmiyyətin
anbarlarına boşaldılıb.
“Aqrolizinq” ASC-nin rayon bölmələrinin
anbarlarında 8493 ton ammofos, 9133 ton ammonium nitrat, 647 ton ammonium
sulfat, 1030 ton kalium sulfat, 5798 ton karbamid, 5380 ton nitroammofoska, 437
ton superfosfat gübrələri var.
Qeyd edilib ki, rayon Kənd Təsərrüfatı
MMC-lərdə 18 min 433 hektar sahədə çiyid səpilməsi
nəzərdə tutulur. Artıq 15 min 86 hektarda səpin həyata
keçirilib. “Aqrolizinq” ASC-nin texnikaları ilə 35 min 462,8
hektarda şum, 2336,2 hektarda arx, 950,7 hektarda diskləmə,
3381,6 hektarda mala, 2805,9 hektarda səpin, 66 hektarda cərgə
arası becərmə işləri görülüb.
Hazırda bu istiqamətdə işlər davam edir. 2017-ci ildə
pambığın becərilməsi üçün 6 min ədəd
texnika sifariş verilib. Artıq bu günədək ölkəyə
1973 ədəd texnika gətirilib.
Müşavirədə taxıl biçininə
hazırlıq, pambığın becərilməsi, texnika,
mineral gübrə və pestisidlərin təminatı məsələləri
ilə işin səmərəli təşkili
üçün tövsiyə və tapşırıqlar
verilib.
O cümlədən ölkə
Prezidenti İlham Əliyevin respublikada kənd təsərrüfatının
inkişafı, yerli istehsalın artırılması, idxaldan
asılılığın azaldılması, əhalinin məşğulluğunun
yüksəldilməsi, torpaq sahələrindən səmərəli
istifadə olunması barədə tapşırıqları
Füzuli rayonunda da uğurla icra olunur. Cəbhə
bölgəsində, düşmənlə bir neçə
addımlıqda yaşayan füzulililər öz təsərrüfatlarını
genişləndirir, taxılçılıq,
pambıqçılıq, baramaçılıq,
heyvandarlıq və kənd təsərrüfatının digər
sahələri ilə məşğul olmaqla, həm
özlərinin sosial rifahlarını
yaxşılaşdırır, həm də ölkəmizdə
ərzaq bolluğunun yaradılmasına töhfələrini
verirlər. “Azərbaycan Respublikasında kənd
təsərrüfatı məhsullarının istehsalına və
emalına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq,
rayon ərazisində hər biri 1000 hektar olmaqla 4 iri fermer təsərrüfatı,
10 hektar ərazidə istixana kompleksi yaradılıb. 2700 hektar
sahə müxtəlif növ kənd təsərrüfatı
məhsullarının istehsalı üçün
aqroparkın istifadəsinə verilib. 500 hektar ərazidə
iri toxumçuluq təsərrüfatının, əlavə
1200 hektar sahədə isə kənd təsərrüfatı
məhsulları istehsal edəcək iri fermer təsərrüfatının
yaradılması istiqamətində iş
aparılır. Ümumilikdə, 2016-2017-ci təsərrüfat
ilində rayonda 36 min 82 hektar sahədə taxıl səpini həyata
keçirilib ki, bunun da 24 min 838 hektarı buğda, 11 min 244
hektarı arpadır. Rayonda istehsal olunacaq ərzaq
buğdasının Dövlət Taxıl Fonduna tədarük
edilməsi nəzərdə tutulur.
Rayonda sakinlərin həyətyanı
və pay torpaqlarından səmərəli istifadə etməsi,
kənd təsərrüfatı məhsullarına olan tələbatlarının
özlərinin istehsal etdikləri ekoloji təmiz məhsullarla
ödənilməsi ilə bağlı məsələlər
də öz həllini tapıb. Belə ki, 500 hektara
yaxın sahədə şəkər çuğunduru, 170
hektarda kartof əkini həyata keçirilib, bostan-tərəvəz
məhsullarının istehsalı üçün əkin
işləri aparılıb.
Cəbhə bölgəsində yerləşən
bir başqa rayonda - Ağdamda da yaz-tarla işləri geniş
vüsət alıb. Fermer və torpaq mülkiyyətçiləri
əkin-səpin aparır, torpağa və bitkilərə
lazımi aqrotexniki qulluq edirlər. Rayonda 7060 hektar sahədə
yazlıq səpin həyata keçirilib. Yazlıq əkinlərin
348 hektarı kartof, 1789 hektarı tərəvəz, 721
hektarı şəkər çuğunduru, 1027 hektarı təzə
yonca, 71 hektarı qarğıdalı, 9 hektarı dən
üçün günəbaxan, 90 hektarı bostan bitkiləridir.
Naxçıvan Muxtar Respublikasında isə bu
ilin yaz və payız əkini mövsümündə
ümumilikdə 520 hektar sahədə meşəsalma, meşəbərpa
və yeni meyvə bağlarının salınması
planlaşdırılır. Cari ilin yaz əkini
mövsümündə muxtar respublika ərazisində 225
hektar sahədə yeni meyvə bağları salınıb,
meşəsalma və meşəbərpa tədbirləri həyata
keçirilib.
Aparılan yaşıllaşdırma tədbirlərində
200 min ədəddən çox meşə, meyvə tingləri,
həmişəyaşıl ağac, bəzək və
gül kolları əkilib. Tingə olan tələbatın
yerli sortlarla təmin edilməsi üçün 450 min ədəddən
çox əkinəyararlı standart ting yetişdirilib.
Xüsusilə üzümçülüyün və
tutçuluğun inkişaf etdirilməsi, yerli meyvə tinglərinin
yetişdirilməsi sahəsində mühüm işlər
görülüb, 100 min ədəddən artıq tut və
üzüm tingləri yetişdirilib. Hazırda dibçəkdə
yetişdirilmiş tinglər vasitəsilə əkinbərpa və
aqrotexniki qulluq işləri davam etdirilir.
Yevlax rayonunda da yaz-tarla işləri geniş
vüsət alıb. Fermer və torpaq mülkiyyətçiləri
əkin-səpin aparır, torpağa və bitkilərə
lazımi aqrotexniki qulluq edirlər. Artıq 4619 hektar sahədə
yazlıq səpin həyata keçirilib. Yazlıq əkinlərin
159 hektarı qarğıdalı, 647 hektarı günəbaxan,
1024 hektarı pambıq, 1313 hektarı təzə yonca, 220
hektarı kartof, 760 hektarı soya və digər tərəvəz-bostan
bitkiləridir.
İmişli rayonunda isə istixana şəraitində
yetişdirilən pomidorun yığımına
başlanılıb. Ötən ilin dekabr ayında əkilən
pomidor bitkisinin məhsulu artıq aprelin üçüncü
ongünlüyündən etibarən yığılır. Yığım kampaniyasına ilk olaraq “Araz Aqro Qrup”
MMC tərəfindən ötən il tikilib istifadəyə verilən,
2 hektar sahəni əhatə edən istixana kompleksində
başlanılıb. İstehsal prosesində yalnız orqanik
gübrə və dərman preparatlarından istifadə olunan
istixanadan bu günə kimi 60 ton məhsul yığılıb
ki, onun da 32 tonu xarici dövlətlərə ixrac edilib, 28 tonu
isə daxili bazarlara çıxardılıb.
Yığım kampaniyası iyul ayına kimi davam edəcək.
Ağstafa rayonunda ilk dəfə olaraq cari ildən
şəkər çuğundurunun əkininə
başlanılıb. 300 hektar sahədə toxum səpilib.
Mütəxəssislər bu il məhsulun bol
olacağını proqnozlaşdırırlar. Bir hektardan təsərrüfatçılar
100 tona qədər məhsul götürəcəklərinə
inanırlar. Fermerlər hektardan azı 80-100 ton məhsul
götürməyi qarşılarına məqsəd qoyublar.
Vurğulayaq ki, son illər şəkər çuğunduru əkininə
maraq artmaqdadır. Ağstafalı təsərrüfatçılar,
eyni zamanda, çuğunduru dəmyə ərazilərdə də
yetişdirirlər. Burada da bitkinin çıxışı
uğurlu alınıb. Havaların yağışlı
keçməsi çuğundurun məhsuldarlığına
müsbət təsir göstərir.
Pərviz SADAYOĞLU
Yeni Azərbaycan.-
2017.- 17 may.- S.7