"Yeni İpək Yolu"
və geosiyasət: alternativ marşrutların təhlükəsizliyi
Çinin təşəbbüsü ilə həyata keçirilən "Yeni İpək Yolu" layihəsinin reallaşmasında bir sıra risklər özünü göstərməkdədir.
Milli.Az newtimes.az-a istinadən xəbər verir ki, böyük bir məkanı əhatə edən həmin proqramda dünyanın çoxlu sayda dövləti iştirak edir. Buna görə də layihənin
həyata keçməsi məsələsi qlobal geosiyasətin
aktual problemləri ilə sıx bağlı
görünür. Mütəxəssislər bu kontekstdə
nəqlin alternativ marşrutları məsələsinə
ayrıca diqqət yetirirlər. Onların
sırasında hazırda daha perspektivlisi
Çin-Qazaxıstan-Azərbaycan-Gürcüstan-Türkiyə
istiqaməti hesab olunur. Ekspertlər bunun
konkret səbəblərini göstərirlər. Həmin məsələ qlobal geosiyasətin
dinamikası prizmasından da aktuallıq kəsb edir. Problemə "Forbes" jurnalında dərc olunan
bir məqalənin məntiqi işığında nəzərə
salmağa ehtiyac görürük.
Marşrutlar
şəbəkəsi: Avropa-Çin xəttinin özəllikləri
Geosiyasətin mürəkkəb və qaranlıq proseslərə
meydan olmasına baxmayaraq, dünya miqyasında iqtisadi-ticari əlaqələr
inkişaf etməkdədir. Hər bir ölkənin
buna ehtiyacı var. Xüsusilə maliyyə böhranı
içində çapalayan dövlətlər vəziyyətdən
çıxış yolu axtarışlarını davam
etdirirlər. Bu bağlılıqda
"Yeni İpək Yolu"nun potensial imkanlarına və
praktiki perspektivinə mütəxəssislərin
marağı azalmır. "Forbes" jurnalında
bununla əlaqədar maraqlı analitik yazı dərc edilib
(bax: Multiple Routes Between China And Europe Is Why The New
Silk Road Is A Real Game Changer / "Forbes.com", 17 aprel
2017).
Məsələ bizi bir neçə aspektdə
maraqlandırır. Birincisi - "Yeni İpək Yolu"nun
geosiyasi əhəmiyyəti ilə, ikincisi - onun reallaşma
marşrutlarının alternativliyi ilə,
üçüncüsü - Azərbaycanın bu proqramda yeri
və rolu ilə bağlıdır. Bunlar
bir-biri ilə sıx əlaqəli tərəflərdir.
Yuxarıda qeyd edilən məqalədə də
həmin məqamlarla bağlı
düşündürücü fikirlər irəli
sürülüb.
"Yeni
İpək Yolu" layihəsinin təşəbbüskarı
Çin olsa da, indi Avropanın onun reallaşmasında
marağı heç də Pekinin maraqlarından az deyil. Avropa İttifaqının
böyük dövlətləri Çin istiqamətində
ticarətin həcmini sürətlə artırmaq fikrindədirlər.
Artıq Böyük Britaniya, Almaniya və Fransa Vaşinqtonun
iradəsini nəzərə almadan Pekinin irəli
sürdüyü layihələrdə aktiv
iştirakçı olmaqdadırlar. Məsələn,
Çinin təşəbbüsü ilə yeni bank qurmaqda
Avropa ölkələri də iştirakçıdırlar.
Avropanın böyük dövlətlərinin rəhbərləri
Çinə səfərlərini intensivləşdiriblər.
Təkcə Angela Merkel son bir neçə ildə
dəfələrlə Çinə səfər edib.
Bunlar onu göstərir ki, Avropanın xarici siyasətində
və iqtisadi inkişaf kursunda Pekinin yeri və rolu artır. Etiraf edilməlidir
ki, Çin də Avropaya böyük miqdarda sərmayə
qoymaqdadır. Artıq bu rəqəm 100
milyardlarla dollar təşkil edir. Bütün
bunlardan savayı, Avropanın Çinə marağının
əsasında başqa ciddi faktor da durur.
Mütəxəssislər bu qisimdə geosiyasi təhlükəsizliyi
vurğulayırlar. İndi dövlətlər daha təhlükəsiz
və rahat nəqliyyat marşrutları axtarırlar. Bunun üçün isə alternativ
marşrutları özündə birləşdirən layihələrə
üstünlük verilir. Çünki indi
dünyanın istənilən regionunda risklər vardır və
hər an vəziyyət pisə doğru dəyişə
bilər.
"Yeni
İpək Yolu" layihəsi isə sözün həqiqi mənasında
"marşrutlar şəbəkəsi"dir (bax: əvvəlki
mənbəyə). Çindən start götürən
marşrutlar Rusiya ərazisindən, Qazaxıstandan, Qafqaz və
İrandan keçə bilər. Şimal istiqamətində
əsasən Transsibir marşrutundan istifadə edilir. Bu istiqamətdə son zamanlar müəyyən
çətinliklər yaranıb. Söhbət
Rusiyaya qarşı tətbiq olunan sanksiyalardan və
Moskvanın da özünün sanksiya tətbiq etməsindən
gedir. Mütəxəssislər göstərirlər
ki, Kreml Çinə gedə biləcək məhsulların
öz ərazisindən daşınmasına qadağalar qoyub.
Onların sırasında tez xarab olan mallar da vardır (bax: əvvəlki
mənbəyə).
Üç
istiqamətdən biri: daha təhlükəsizi
hansıdır?
Bu səbəbdən
nə çinli, nə də avropalı iş adamları tam həcmdə
şimal marşrutundan istifadə edə bilmirlər. Onlar nəzərə alırlar ki, Rusiya Çinin
qlobal ticarətdəki mövqeyinin daha da möhkəmlənməsində
elə də maraqlı deyil. Buna görə
də vəziyyətin yaxın perspektivdə düzələcəyinə
ümid azdır. Əksinə, mübarizənin
daha da kəskinləşməsi gözləniləndir. Deməli, daha etibarlı marşrutların
tapılması zərurəti yaranıb. Həmin
keyfiyyətdə Rusiyanın cənub sərhədləri boyu,
Qazaxıstandan keçərək, ya Qafqaz, ya da İran istiqamətində
hərəkət etmək uyğun hesab edilir.
Bu marşrutların hər ikisi Qazaxıstanın Aktau
şəhərindən keçir. Buradan dənizlə Azərbaycana,
quru yolu ilə İrana çıxmaq olar. Hələlik daha uyğun olanı Azərbaycan
istiqamətidir. Çünki burada nəqliyyat
infrastrukturu daha işləkdir. Eyni zamanda, son vaxtlar Mərkəzi
Asiya dövlətlərinin Qazaxıstan-Türkmənistan-İran
dəmiryoluna diqqəti artırmaları daha bir istiqaməti
aktuallaşdırmış olur (bax: əvvəlki mənbəyə).
Müqayisələr əsasında ekspertlər belə
nəticə çıxarırlar ki, Aktau-Bakı-Tbilisi-İstanbul
marşrutu daha perspektivlidir. Bunun bir neçə səbəbi
göstərilir. Hər şeydən əvvəl,
vurğulanır ki, bu marşrut daha etibarlıdır,
çünki Qazaxıstan, Azərbaycan, Gürcüstan və
Türkiyədə sabitlik vardır. Türkiyədə
konstitusiyaya dəyişikliklərin aparılmasına dair
referendumdan sonra Rəcəb Tayyib Ərdoğanın
mövqeyinin daha da möhkəmlənməsi uzunmüddətli
iqtisadi əməkdaşlıq planları üçün
yeni imkanlar açacaq. Qazaxıstanda da vəziyyət
kifayət qədər sabitdir. Prezident
Nursultan Nazarbayevin həyata keçirdiyi islahatlar bu ölkəni
daha cəlbedici edib. Gürcüstanda
müəyyən risklər olsa da, bütövlükdə
sabitlik təmin edilir. Burada hansısa ciddi
risklərin meydana gəlməsi gözlənilmir.
Göstərilən ölkələr arasında mütəxəssislərin
daha çox önəm verdiyi dövlət Azərbaycandır. Çünki
Azərbaycana qarşı erməni təcavüzünün
davam etməsinə baxmayaraq, siyasət o dərəcədə
mükəmməl və tarazlaşdırıcı elementləri
nəzərə almaqla aparılır ki, artıq ölkə
Cənubi Qafqazın iqtisadi lideridir. Bakı
regional və qlobal əhəmiyyətli böyük beynəlxalq
layihələrin təşəbbüskarıdır. Həmin sırada Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin
reallaşması xüsusi yer tutur. "Yeni İpək
Yolu" layihəsi çərçivəsində isə bu
marşrutun əhəmiyyəti ayrıcadır (bax: əvvəlki
mənbəyə).
Mütəxəssislər əmindirlər ki, Bakı-Tbilisi-Qars
dəmiryolu layihəsi Çindən başlayan ticarət
yolunda mühüm punkt funksiyasını yerinə yetirəcək. Həmin
marşrutla Türkiyəyə qısa müddətdə
çatdırılacaq yüklər Avropanın istənilən
nöqtəsinə zərərsiz daşına biləcək.
Buna görə də Bakı-Tbilisi-Qars dəmiryolu
xəttinin istifadəyə verilməsinə "Yeni İpək
Yolu" proqramı kontekstində ciddi maraq göstərilir.
Bu marşrut həm də Rusiyadan yan keçməklə
daha səmərəli nəqliyyat dəhlizini yaratmaq məqsədinə
xidmət edə bilir.
Bunlar onu göstərir ki, "Yeni İpək Yolu"
layihəsinin reallaşması aspektində də Azərbaycanda
sabitliyin olmasında Avropa və Çin maraqlıdırlar. Bu, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həllinə
müsbət təsir edə bilərmi? Şübhəsiz ki,
edə bilər. Bu, hətta Avropa İttifaqının üzərinə
müəyyən dərəcədə məsuliyyət də
qoyur. Aİ münaqişənin ədalətli həlli istiqamətində
fəallığını xeyli artırmalıdır. Onu da nəzərə
almaq gərəkdir ki, bu təşkilat Azərbaycanla
yalnız "Yeni İpək Yolu" layihəsi çərçivəsində
əməkdaşlıq etmir. Avropanın enerji təhlükəsizliyinin
təminində Bakı çox böyük rol oynayır.
Aİ rəsmiləri etiraf ediblər ki, Azərbaycan
bütövlükdə dünyanın enerji təhlükəsizliyinə
ciddi töhfələr verir. Bu baxımdan Azərbaycanın
münaqişənin ədalətli həlli istiqamətində
atdığı addımlarına Brüsselin obyektiv reaksiya
verməsi üçün zaman yetişib.
Bunların nə dərəcədə real
olacağını zaman göstərəcək. Ancaq Azərbaycanda
sabitliyin tam təminatlı olmasında onun tərəfdaşlarının
səmimi maraqlı olması zəruri şərtdir.
Belə çıxır ki, Çin
marşrutların alternativliyində ciddi rol oynayan Azərbaycan
istiqamətində fəallığını
artırmalıdır. Təcavüzkarın yerində
oturdulması iqtisadi-ticari layihələrin həyata
keçirilməsində yeni üfüqlər açacaq.
Burada risk faktorunun mövcudluğunu da unutmaq doğru
olmazdı. Şübhəsiz ki, bəzi qüvvələr
"Yeni İpək Yolu"nun marşrutları üzərində
problemlər yaratmağa çalışacaqlar. Onlar Azərbaycana
qarşı da təxribatlar törətməyə cəhdlər
göstərə bilərlər. Xüsusilə Ermənistan tərəfdən
bu kimi addımlar gözləniləndir. Deməli,
bütövlükdə dünya önləyici tədbirlər
görməlidir. Əks halda, "Yeni İpək Yolu" kimi
layihələr də qısa müddətdə zamanın
arxivinə atıla bilər. Bunun isə bədəli
bütün dünya üçün çox ağır
olur. Qərb və Şərq üçün bunlar növbəti
dərsdir: ikili standartlar və ədalətsiz siyasət sonda
hamıya ciddi zərər verir
Yeni Azərbaycan.-
2017.- 18 may.- S.7