Əhalinin içməli su təminatının yaxşılaşdırılması istiqamətində davamlı tədbirlər görülür

 

Azərbaycanın regionlarında geniş infrastruktur layihələri həyata keçirilir

XXI əsrdə ən aktual məsələlərdən biri içməli su probleminin həllidir. Bu problem hazırda dünyanın əsas qlobal müzakirə mövzularından birinə çevrilməkdədir. Dünyanın bir çox dövlətləri əllərində olan su ehtiyatlarından istifadədə qənaətcil mövqe tutmaqdadır.

Vurğulamaq lazımdır ki, ölkəmizin bütün bölgələrində son illərdə müxtəlif təyinatlı infrastruktur obyektlərinin inşa edilməsi müasir Azərbaycanın mənzərəsini səciyyələndirən əsas cəhətlərdəndir. Görülən işlər, atılan addımlar, o cümlədən şəhər və kəndlərin intensiv şəkildə qazlaşdırılması və elektrik enerjisi ilə təminatının yüksəldilməsi ölkəmizdə gedən inkişafı bariz şəkildə ortaya qoymaqdadır. Həmçinin əsaslı şəkildə yenidən qurulan yollar, istifadəyə verilən sosial təyinatlı obyektlər bütövlükdə Azərbaycanı güclü infrastruktur təminatına malik ölkəyə çevirib. Ölkəmizdə həyata keçirilən genişməzmunlu sosial siyasətə uyğun olaraq regionlarda - rayon və kəndlərdə əhalinin içməli su ilə təminatının yüksək səviyyəyə qaldırılması strateji hədəf kimi müəyyənləşdirilib. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransdakı nitqində bu sahədə qarşıda duran vəzifələrdən bəhs edərək deyib: “Azərsu” ASC-nin qarşısına məqsəd qoyulmuşdur ki, bir neçə il ərzində bütün şəhərlərimizin içməli su və kanalizasiya layihələri tam icra edilsin. Əhaliyə 24 saat fasiləsiz, Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su verilsin. Biz bu hədəfə doğru irəliləyirik. Hər il bir çox şəhərlərimizdə içməli su layihələri istifadəyə verilir”.

Qeyd etdiyimiz kimi, əhalinin içməli su təminatının daha da yüksəldilməsi hazırda dünya üzrə meydana çıxan bu sahədəki problemlərlə bağlıdır. Eləcə də kənd təsərrüfatının inkişafı məsələsində su təminatı olduqca yüksək mövqe tutur. Torpaqların suvarılması, meliorasiya işlərinin aparılması üçün su anbarlarının tikilməsi, su ehtiyatlarının çoxaldılması ən əsas məsələlərdən birinə çevrilir. Ölkə başçısı qeyd edilən konfransdakı nitqində bu məsələyə də toxunaraq bildirib ki, ölkəmizdə yeni su anbarları tikilib: “Tovuzçay, Göytəpə su anbarları tikilmişdir. Bu da çox böyük vəsait tələb edən məsələlərdir, amma çox lazımdır. Çünki əfsuslar olsun ki, bizim su ehtiyatlarımız ölkəmizin hüdudlarından kənarda formalaşır. Ona görə biz sudan səmərəli istifadə etməliyik və ölkə daxilində elə imkanlar, elə infrastruktur, rezervuarlar yaratmalıyıq ki, həm ehtiyatımız olsun, həm də biz əkin sahələrini genişləndirə bilək”.

Qeyd edilməlidir ki, Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilində regionlarda 825 kilometr su, 541 kilometr kanalizasiya xətti çəkilib, 32 artezian quyusu qazılıb, 27 su anbarı inşa olunub. Əhalisi 120 min nəfərdən çox olan 5 şəhərdə su təchizatı layihəsi başa çatıb, 100 min nəfəri əhatə edən 56 yaşayış məntəqəsində modul tipli sutəmizləyicisi quraşdırılıb.

Yeri gəlmişkən, regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərə müvafiq olaraq bir neçə gün öncə Yardımlı rayonunun Horavar və Əngövül kəndlərində içməli su xətti istifadəyə verilib.

Bununla yanaşı, Şirvan şəhərində istehlakçıların keyfiyyətli içməli su ilə təmin edilməsi və onlara göstərilən kanalizasiya xidmətlərinin yaxşılaşdırılması istiqamətində də əhəmiyyətli addımlar atılıb. İçməli su təchizatı sektorunda həyata keçirilən böyük infrastruktur layihələrindən olan Şirvan-Muğan qrup su kəmərinin istifadəyə verilməsi Şirvan şəhərinin içməli su təchizatının yaxşılaşdırılmasında əlverişli imkanlar yaradıb. 2013-cü ilin iyulunda Şirvan-Muğan qrup su kəmərindən Şirvan şəhərinə içməli suyun verilməsinə başlanılıb.

Belə ki, Şirvan şəhərində içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına qədər Təxirəsalınmaz Tədbirlər Planı çərçivəsində şəhərdə mövcud infrastrukturun yenilənməsi istiqamətində tədbirlər görülür. “Azərsu” ASC-nin daxili imkanları hesabına Şirvan şəhərinin mərkəzi hissəsində 2 kilometr uzunluğunda yeni magistral su xəttinin çəkilməsi 134 çoxmənzilli yaşayış binasının su təchizatının fasiləsiz rejimə keçirilməsinə imkan yaradıb.

Eyni zamanda, relyef baxımından hündür ərazidə yerləşən və uzun illərdir içməli su problemi yaşayan Taleh Ələkbərov küçəsinə ilk dəfə içməli su verilib. Hazırda şəhərin 1 May, Demanlı küçələrini və “Köhnə şəhər” adlanan ərazilərini 24 saat fasiləsiz içməli su ilə təmin etmək məqsədilə 3 kilometr uzunluğunda yeni xəttin inşasına başlanılıb.

Şirvan-Muğan qrup su kəmərindən yeni birləşmələrin verilməsi nəticəsində Şirvan şəhərinin Çılpaqlı və Yeni yaşayış massivlərinin də içməli su təchizatını yaxşılaşıb. Magistral kəmərdən Yeni yaşayış massivinə 2 kilometr su xətti çəkilib və paylayıcı şəbəkə qurulub.

Həmçinin Çılpaqlı qəsəbəsinə 6,1 kilometr magistral su xətti çəkilərək mövcud şəbəkəyə birləşdirilib.

Ümumilikdə isə 85 min nəfər əhalisi olan Şirvan şəhəri sakinlərinin 85 faizi 24 saat fasiləsiz su ilə təmin olunur. Əhalinin digər hissəsinə içməli su 1952-ci ildə tikilmiş sutəmizləyici qurğudan rejimlə verilir. Şəhərdə magistral su xətlərinin tikintisi yekunlaşdıqdan sonra Şirvan şəhərində bütün abonentlərin su təchizatı fasiləsiz rejimə keçiriləcək.

Eləcə də təxirəsalınmaz tədbirlər çərçivəsində Şirvan şəhərində çoxmənzilli binaların zirzəmilərindəki antisanitar vəziyyətin aradan qaldırılması işləri də həyata keçirilir. Bakı şəhərindən göndərilmiş xüsusi briqadaların köməyilə 14 binanın zirzəmisi sulardan təmizlənərək, su və kanalizasiya xətləri yenilənib.

Qeyd edilməlidir ki, Şirvan şəhərində içməli su və kanalizasiya şəbəkəsinin kompleks şəkildə yenidən qurulması yeni icra olunacaq layihə çərçivəsində həyata keçiriləcək. 2012-ci ildə təməli qoyulmuş Şirvan-Muğan qrup su kəmərinin 107 kilometr uzunluğunda Hacıqabul-Biləsuvar hissəsi 2013-cü ildə istifadəyə verilib. 2013-cü ildə magistral kəmərdən Şirvan, Hacıqabul, Biləsuvar, 2016-cı ildə isə Salyan şəhərinə içməli suyun verilməsi təmin edilib. Gələcəkdə bu mənbədən kəmərin marşrutu boyu yerləşən 121 kəndə də içməli suyun verilməsi nəzərdə tutulur. Ümumilikdə bu layihədən 470 min nəfər faydalanacaq.

İmişli rayonunda isə bu ilin birinci rübündə kəndlərin su təchizatını yaxşılaşdırmaq, əhalini ekoloji cəhətdən təmiz içməli su ilə təmin etmək məqsədilə rayonun 38 kəndində modul tipli sutəmizləyici qurğular quraşdırılıb. Son aylarda 8 kənddə modul tipli sutəmizləyici qurğuların tikintisi işləri başa çatdırılaraq əhalinin istifadəsinə verilib. Rayonun Murğuzalılı, Mürsəlli, Ağcüyür və Gövhərli kəndlərində isə modul tipli sutəmizləyici qurğuların quraşdırılması məqsədilə torpaq sahələri ayrılıb. Yaxın zamanlarda tikintisinə başlanılacaq. Bununla yanaşı əhalinin içməli su təminatının yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 17 mart 2017-ci il tarixli 2754 saylı Sərəncamı ilə rayonun Şahverdili, Göbəktala, Məhəmmədli və Rəsullu kəndlərinə yeni su xətlərinin çəkilməsi nəzərdə tutulub.

Astara rayonunda da ictimai yaşayış binalarının içməli su təminatının yaxşılaşdırılması üçün tədbirlər davam etdirilir. İlin birinci rübündə Qapçıməhəllə-Astara magistral su borusunda, şəhərin Aydın Məmmədov, Əhəd Muxtar və Kaverin küçələrində olan su xətti borularında, Səməd Vurğun və Nuru Paşa küçələrində olan magistral kanalizasiya xəttində olan boruda təmir-bərpa işləri görülüb. Nasosxanalarda mühərriklərin təmiri işləri aparılıb.

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Xanbulançay su anbarından Astara şəhərinə çəkilən içməli su xəttinin 17424 metr hissəsində tikinti-quraşdırma işləri və kənd çıxışları üçün qurğuların icrası başa çatdırılmış, hazırda burada işlər davam etdirilir.

Qeyd etmək yerinə düşər ki, bu ilin birinci rübündə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən bölgələrdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində əsaslı addımlar atılıb. Bu ilin birinci rübündə Saatlı şəhərinin su təchizatı sistemlərinin yenidən qurulması işləri başa çatdırılıb və Prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimi keçirilib. Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində görülən tədbirlərin davam etdirilməsi məqsədi ilə Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, 22 rayonun 267 min nəfərdən çox əhalisi olan 170 yaşayış məntəqəsində içməli su təchizatı sistemlərinin qurulması üçün “Azərsu” ASC-yə 14 milyon manat ayrılıb. Hacıqabul rayonunun Navahı qəsəbəsində yeni su təchizatı sistemləri yaradılıb və 2300 nəfərin içməli su təchizatı yaxşılaşdırılıb. Əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi məqsədilə Zərdab, Hacıqabul və Şamaxı rayonlarında suvarma layihələrinin icrasına başlanılıb. Eləcə də 2017-ci ilin yanvar-mart aylarında istehlakçılara 57 milyon kubmetr həcmində su verilib, 41 milyon kubmetr həcmində kanalizasiya xidmətləri göstərilib. Bu ilin birinci rübündə 38,4 km içməli su, 71 km kanalizasiya xətləri çəkilib, 3 su anbarı tikilib, 6 ədəd subartezian quyusu qazılıb. Görülmüş işlər nəticəsində 70 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin edilib, 69 min nəfərin su təchizatı fasiləsiz rejimə keçirilib. Beləliklə fasiləsiz rejimdə su təchizatı səviyyəsi ölkə üzrə 65,9 faiz, Bakı şəhəri üzrə isə 80,8 faiz təşkil edib.

Pərviz SADAYOĞLU

Yeni Azərbaycan.- 2017.- 19 may.- S.7