Regionlarda yeni
qazlaşdırma layihələri həyata keçirilir
2017-ci ilin sonunadək ölkə üzrə
qazlaşdırmanın səviyyəsini 94 faizə
çatdırmaq nəzərdə tutulub
İndiki dövrdə güclü infrastruktur təminatı
olmadan ölkələrin müasir inkişafını təsəvvür
etmək mümkün deyil. Bu baxımdan, son 13 ildə Azərbaycanda
istər iqtisadi, istərsə də sosial infrastruktur
quruculuğuna böyük diqqət göstərilməsi təqdirəlayiq
haldır. Həyata keçirilən məqsədyönlü
layihələr sayəsində bütün ölkə boyu
infrastruktur təminatı əhəmiyyətli dərəcədə
möhkəmlənib. Beləliklə də, respublikanın
şəhər və rayonlarında iqtisadi aktivliyin
artması, eləcə də insanların müxtəlif
kommunal rahatlıqlarla təminatının
yaxşılaşması üçün münbit şərait
yaranıb.
Xüsusi olaraq vurğulamaq lazımdır ki,
bütün ölkə boyu dövlət vəsaitləri
hesabına yeni infrastruktur obyektlərinin yaradılması əsasən
regionlarda olmaqla davamlı xarakter daşıyır və bu
proses ildən-ilə daha geniş miqyas alır. “Azərbaycan
Respublikası regionlarının 2014-2018-ci illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın
icrasının üçüncü ilinin yekunlarına həsr
olunan konfransda iqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki,
hesabat dövründə regionların inkişafına 4 milyard
manat vəsait yönəldilib. Eyni zamanda,
Prezident İlham Əliyevin bölgələrə
çoxsaylı səfərləri nəticəsində şəhər
və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsi
və bəzi mühüm layihələrin icrası ilə
bağlı imzaladığı 67 sərəncamla 261 milyon
manat vəsait ayrılıb. Bəhs olunan Dövlət
proqramının icrasının üçüncü ili ərzində
regionlarda 850 kilometr avtomobil yolu, 27 körpü və
yolötürücüləri tikilib və ya təmir olunub. Dövlət başçısının
tapşırığına uyğun olaraq, əhalisi 790 min nəfər
olan 480 yaşayış məntəqəsini birləşdirən
120 kilometr kənd yolunun inşası işləri başa
çatdırılıb. Ötən il respublikamızda bir
elektrik stansiyası istifadəyə verilib, 7422 kilometr elektrik
xətti çəkilib, 784 transformator və 46 yarımstansiya
quraşdırılıb və ya təmir olunub. Həmçinin regionlarda 825 kilometr su, 541 kilometr
kanalizasiya xətti çəkilib, 32 artezian quyusu
qazılıb, 27 su anbarı inşa olunub. Əhalisi 120 min nəfərdən
çox olan 5 şəhərdə su təchizatı layihəsi
başa çatıb, 100 min nəfəri əhatə edən
56 yaşayış məntəqəsində modul tipli
sutəmizləyicisi quraşdırılıb.
Ümumiyyətlə, bəhs olunan dövrdə
nəzərdə tutulan bütün sosial layihələr tam həcmdə
icra olunub. Regionlarda 59 məktəb, 53
bağça, 26 səhiyyə, 16 gənclər və idman, 73
mədəniyyət obyekti tikilib və ya əsaslı təmir
olunub, 1625 qaçqın və məcburi köçkün
ailəsinin yeni mənzillərə köçürülməsi
təmin edilib.
Ölkədə əhalinin kommunal xidmətlərlə
təchizatının yaxşılaşdırılması
bundan sonra da davam etdiriləcək
Məlum olduğu kimi, Prezident İlham
Əliyev ötən ilin dekabrında “Milli iqtisadiyyat və
iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin
təsdiq edilməsi haqqında” müvafiq Fərman
imzalayıb. Fərmana əsasən, Azərbaycan
Respublikasında kommunal xidmətlərin (elektrik və istilik
enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsinin
təsdiqlənməsi dövlətin bütün ölkə
boyu insanların gündəlik həyatı ilə
bağlı olan kommunal xidmətlərin səviyyəsinin
yüksəldilməsini, elektrik və
istilik enerjisi, su və qaz təsərrüfatlarının
maddi-texniki bazasının möhkəmləndirilməsini, bəhs
olunan sahələrdə infrastruktur təminatının daha
da yaxşılaşdırılmasını bundan sonra da diqqət
mərkəzində saxlamaq əzmi nümayiş etdirdiyini təsdiqləyir.
Müvafiq Fərmanla milli iqtisadiyyat və onun 11
əsas sektoru üzrə təsdiqlənən strateji yol xəritələri
2016-2020-ci illər üçün iqtisadi inkişaf
strategiyasını və tədbirlər planını, 2025-ci
ilədək olan dövr üçün uzunmüddətli
baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf
baxışı özündə ehtiva edir. Kommunal xidmətlərin inkişafına dair Strateji
Yol Xəritəsinə əsasən konkret sahələr
üzrə qarşıya müvafiq strateji məqsədlər
qoyulub və hədəflər müəyyənləşdirilib.
Şübhə yoxdur ki, sənədə əsasən nəzərdə
tutulan tədbirlərin mərhələlər üzrə
reallaşdırılması ilə paytaxt Bakıda və
bölgələrdə əhaliyə kommunal xidmətlər
sektorunda, ümumiyyətlə, infrastruktur təminatında əsaslı
keyfiyyət dəyişiklikləri baş verəcək. Bunun
nəticələri isə perspektivdə həm əhalinin
rifah halının yaxşılaşmasında, həm də
ölkənin iqtisadi potensialından daha səmərəli
istifadə edilməsində öz əksini tapacaq.
İnfrastruktur quruculuğunun diqqət mərkəzində
saxlanılması qazlaşdırma sahəsində də
qabarıq şəkildə nəzərə çarpır
Ölkəmizdə
genişmiqyaslı infrastruktur quruculuğunun diqqət mərkəzində
saxlanılması həmçinin əhalinin həyat tərzinin
yüksəldilməsi baxımından böyük əhəmiyyət
daşıyan qazlaşdırma sahəsində də
qabarıq şəkildə nəzərə çarpır.
Kommunal xidmətlərin inkişafı ilə
bağlı Strateji Yol Xəritəsində ölkə ərazisində
qazlaşdırmanın miqyasının daha da genişləndirilməsi,
həmçinin “mavi yanacaq” təchizatında keyfiyyətin
yaxşılaşdırılması, itkilərin minimuma
endirilməsi ilə bağlı konkret müddəalar öz əksini
tapıb.
Ölkəmizdə qazlaşdırmanın
genişləndirilməsi ilə bağlı yeni hədəflər
müəyyənləşdirilərkən, təbii ki,
yaradılan möhkəm baza və mövcud imkanlar əsas
götürülüb. Məlumdur ki, son illərdə Azərbaycan
uğurlu enerji siyasəti sayəsində həm də qaz
ixracatçısına çevrilib. Azərbaycanın və
tərəfdaş ölkələrin birgə iştirakı
ilə işlənməsinə başlanan “Şahdəniz”
yatağı qlobal miqyasda yeganə yeni “mavi yanacaq” mənbəyi
kimi respublikamızın önəmini əhəmiyyətli dərəcədə
artırıb.
Bununla belə, Prezident İlham Əliyevin qətiyyətli
siyasi iradəsi ona yönəlib ki, Azərbaycanın zəngin
qaz potensialından ilk növbədə ölkə əhalisi
bəhrələnməlidir. Dövlət
başçısının tapşırıqlarına
uyğun olaraq indiyədək respublikanın regionlarında
genişmiqyaslı qazlaşdırma layihələri həyata
keçirilib ki, bunun da sayəsində ölkənin
bütün şəhərlərinin “mavi yanacaq” təchizatına
yüz faiz həcmində nail olunub. “Azərbaycan
Respublikası regionlarının 2014-2018-ci illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində
müəyyənləşdirilən tədbirlərə
uyğun olaraq əhali kateqoriyasına aid
istehlakçıların mənzillərindəki istismar
müddəti bitən mexaniki sayğaclar “Smart-kart” tipli
sayğaclarla əvəz olunur, yeni qaz kəmərləri
çəkilir, təmir-bərpa işləri aparılır.
Əlamətdar haldır ki, ölkə miqyasında
qazlaşdırma prosesi ildən-ilə daha geniş miqyas
alır. Müvafiq Dövlət
Proqramının icrasının üçüncü ili ərzində
ölkə ərazisində 8200 kilometr qaz xətti çəkilib
və ya əsaslı təmir olunub, 36 rayon üzrə 209
yaşayış məntəqəsi təbii qazla təmin
edilib, regionlar üzrə qazlaşdırma səviyyəsi 92
faizə çatıb.
Cari ilin sonunadək 80 kəndin
qazlaşdırılması qarşıya vəzifə qoyulub
Ölkəmizdə bütün regionları əhatə
edən və abonentlərin keyfiyyətli qaz təchizatına
imkan verən optimal paylayıcı şəbəkə
qurulub. “Azəriqaz” İB Azərbaycan
Respublikası ərazisində təbii qazın nəqli,
paylanması və satışını həyata
keçirir. İstehsalat Birliyinin elmi-texniki potensialı Azərbaycanın
müxtəlif regionlarını əhatə edən 1,312
milyona yaxın istehlakçının təbii qazla təchizatını
təmin etməyə imkan verir. Bu
funksiyanın icrası üçün 8 magistral qaz kəmərləri
sahəsi, 7 kompressor stansiyası, 67 qaz istismar sahəsi, 79
avtomat qaz paylayıcı stansiya, 77 qaz paylayıcı stansiya,
35 qaz paylayıcı məntəqə, ümumi uzunluğu 44
372 kilometr olan boru kəmərləri və digər
çoxsaylı texnoloji obyektlərdən ibarət olan
texniki şəbəkənin optimal idarəetmə mexanizmi
mövcuddur.
Belə güclü maddi-texniki baza bütün
ölkə miqyasında qazlaşdırmanın səviyyəsini
daha da yüksəltməyə imkan verir. Təsadüfi deyil
ki, cari ilin sonunadək ölkədə
qazlaşdırmanın səviyyəsini 94 faizə
çatdırmaq nəzərdə tutulub. Prezident
İlham Əliyev yuxarıda bəhs olunan konfransdakı nitqində
ölkədə qazlaşdırmanın miqyasının daha
da genişləndirilməsi ilə bağlı qarşıda
duran vəzifələrdən bəhs edərək deyib ki, bu
il “Azəriqaz” ən azı 80 kəndə qaz verməlidir.
Dövlət başçısı vurğulayıb: “Səksən
kəndin qazlaşdırılması minimum proqramdır. Nə
qədər çox olsa, o qədər yaxşıdır”.
Regionlarda “mavi yanacaq” alan yaşayış məntəqələrinin
sayı artır
Prezident İlham Əliyevin
respublikada yaşayış məntəqələrinin
qazlaşdırılması istiqamətində verdiyi
tapşırıqlara uyğun olaraq bölgələrdə
intensiv surətdə yeni layihələr həyata
keçirilir və bunun da nəticəsində “mavi yanacaq”
alan yaşayış məntəqələrinin sayı
artır. 2017-ci ilin birinci rübündə Goranboy
rayonunun Səmədabad kəndində 218 abonentə təbii
qaz verilib. Hazırda isə 4 kəndə - Yolpaq, Qazaxlar, Sarov
və Goranlıya metal və polietilen borularla
daşıyıcı və paylayıcı qaz xətləri
çəkilir. Mütəxəssislərin proqnozlarına əsasən,
cari ilin sonuna qədər rayon üzrə qazlaşdırma 94
faiz təşkil edəcək. Qazlaşdırma ilə
bağlı icra olunan layihələr tam başa
çatdırıldıqdan sonra Goranboyun 79 kəndinin
hamısı təbii qazla təmin olunacaq.
Saatlı rayonunun qəsəbə və kəndlərinin
qazlaşdırılması istiqamətində də
yaxşı nəticələr əldə olunub. İndiyədək
rayonun 44 yaşayış məntəqəsindən 33-ü
qazlaşdırılıb. Qaz verilmiş kənd
və qəsəbələrin sırasına rayonun
Sarıcalar və Qara Nuru kəndləri də əlavə
olunub. Ümumilikdə 2049 abonenti olan kəndlərin
qazlaşdırılması üçün 11 min 912 metr
polietilen və 106 min 757 metr müxtəlif diametrli metal
borularla daşıyıcı və məhəllədaxili
qaz xətləri çəkilib, mənzillərə
sayğac və fərdi tənzimləyicilər
quraşdırılıb.
Kəndlərə təbii qazın verilməsi
münasibətilə Qara Nuru kəndində keçirilən
mərasimdə qeyd olunub ki, son iki ildə rayonun 30
yaşayış məntəqəsi
qazlaşdırılıb. Hazırda rayonun qalan kəndlərinə
də təbii qazın verilməsi istiqamətində iş
aparılır. Layihələndirmə işləri başa
çatdıqdan sonra qalan 12 yaşayış məntəqəsində
də qaz xətlərinin çəkilişinə
başlanılacaq.
Mübariz ABDULLAYEV
Yeni Azərbaycan.-
2017.- 20 may.- S.5