Vüqar Rəhimzadə: Həyatımın
ən yaddaqalan anı Ümummilli liderimiz Heydər Əliyevlə
ilk görüşdüyüm gün olub.
May ayının 24-də məşhur
“91-lər”dən biri, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi
Şurasının üzvü, “İki sahil” qəzetinin
baş redaktoru, Azərbaycan Respublikasının Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondu
Müşahidə Şurasının sədr müavini,
Mətbuat Şurası İdarə Heyətinin üzvü,
Əməkdar jurnalist, siyasi elmlər üzrə fəlsəfə
doktoru, dosent Vüqar Rəhimzadənin 50 illik yubileyidir. Bu
münasibətlə yubilyar APA-ya müsahibə verib.
- Sizi 50 illik yubileyiniz münasibətilə təbrik
edir, cansağlığı və gələcək fəaliyyətinizdə
yeni-yeni uğurlar arzulayırıq. Bu gün Siz Azərbaycan cəmiyyətində
ictimai-siyasi sahədə fəal bir şəxs kimi
tanınırsınız. Bu səbəbdən də
haqqınızdakı məlumatlar insanlar üçün
maraqlıdır. Ona görə də söhbətimizə
uşaqlıq dövrünüzlə bağlı xatirələrinizlə
başlamaq istərdik...
- Təbriklərinizə, xoş sözlərinizə
görə təşəkkür edirəm. Qeyd edim ki, 1967-ci
ildə Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Saltaq
kəndində anadan olmuşam. Əkiz qardaşım
İlqarla birlikdə çoxuşaqlı ailədə
böyüyüb boya-başa çatmışıq.
Uşaqlığımız maraqlı, bir qədər də
çətin günlərlə yadda qalıb. Hələ o
vaxt yaşayışımızı təmin etmək
üçün sovxozda işləyirdik. 1988-ci ildə atam vəfat
etdikdən sonra ailəmizin bütün yükü anamın
çiyinlərinə düşüb. Onu da
deyim ki, bizi böyüdüb boya-başa çatdıran anam
o dövrdə çoxuşaqlı ana olduğuna görə
“Qəhrəman Ana” fəxri adına layiq
görülmüşdü. Onun “Qəhrəman Ana”
qızıl medalını bu gün də qiymətli xatirə
kimi saxlayırıq. Orta məktəbdə təhsil
alarkən Naxçıvan Muxtar Respublikasında nəşr
olunan “Zəfər”, “Şərq qapısı” qəzetlərində
yazılarım çap olunurdu. Yazılarımın
mövzusu məhz kənd, məktəb həyatı ilə
bağlı idi. Bununla yanaşı, “Azərbaycan gəncləri”,
“Sovet kəndi”, “Azərbaycan pioneri” və s. qəzetlərlə
əməkdaşlıq edirdim. Hətta bir dəfə
qazandığım qonorarlar hesabına 40 manata yaxın pul
toplamışdım. Bu pulla da özümə velosiped
almışdım. Orta məktəbdə dərslərimlə
ciddi məşğul olurdum. Bir yandan təsərrüfatda
işləyir, bir yandan da ali məktəbə
hazırlaşırdım.
Orta məktəbi bitirdikdən sonra ovaxtkı
M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya
İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye
Universiteti) axşam şöbəsinə daxil oldum.
Gündüz işləmək məcburiyyətində
olduğum üçün təhsilimi axşam şöbəsində
davam etdirməli idim. “Azərneftkimyazavodtəmir” Trestinin 1
nömrəli Təmir-tikinti idarəsində
yardımçı fəhlə işləyirdim. O dövrdə
axşam şöbəsində oxuyanları hərbi xidmətə
aparırdılar. Ona görə də əkiz qardaşım
İlqarla birlikdə 2 illik hərbi xidmətə yollandıq.
Biz üç qardaş eyni dövrdə hərbi xidmətdə
olmuşuq. Bizdən böyük qardaşımız Malik o
vaxt altı ay fərq ilə Murmansk vilayətinin Severmorks
şəhərində hərbi xidmət keçib. Təsəvvür
edin, bir ananın və atanın üç oğlu eyni vaxtda
hərbi xidmətdə olub.
O zaman bizi əvvəlcə Xarkov şəhərinə,
oradan isə xidməti hissəyə - İrkutsk vilayətinin
Zima şəhərinin kənarında, sıx meşəlikdə
yerləşən inşaat təyinatlı hərbi hissəyə
aparmışdılar. Düz 7 gün qatarla yol getdik. Gəldiyimiz
yer qalın meşəliklə əhatə olunmuşdu.
İnşaat hissəsi olaraq, burada xidmətimiz kimya zavodunda
işləmək idi. Zavodda işləmək o qədər
çətin idi ki, bunu təsəvvür etmək belə
mümkün deyil. Ərazidə xeyli cəzaçəkmə
müəssisəsi vardı. Hara baxsaq, dustaqları
görürdük. Bu zavodlarda gündüzlər məhbuslar,
gecələr isə biz işləyirdik. Hərbi hissədə
sərt qayda-qanun vardı. Bəzən sabaha ümidimiz belə
olmurdu. Qışın
kifayət qədər sərt olması da ayrı bir problem
idi.
Hərbi xidmətdən qayıtdıqdan sonra məni 1
nömrəli Təmir-tikinti idarəsində
yardımçı fəhlədən 3-cü dərəcəli
çilingər vəzifəsinə keçirdilər. Bu dövrdə
respublikada nəşr olunan bir sıra qəzetlərlə əməkdaşlıq
edirdim. Yaradıcılıq fəaliyyətim
nəzərə alınaraq 1989-cu ildən Trestin
çoxtirajlı “Böyük kimya uğrunda” qəzetinin
müxbiri vəzifəsinə təyin olundum və beləliklə,
jurnalist kimi çalışmağa başladım. 1990-cı ilin iyulunda həmin qəzetin redaktoru vəzifəsinə
irəli çəkildim. Yadımdadır,
120 manat əmək haqqı alırdım. 1991-ci il iyulun 10-da - “İki sahil” yarandığı
gündən isə həmin qəzetin baş redaktoruyam. Bununla da fəaliyyətimi jurnalistikada davam etdirməklə
uşaqlıq arzuma çatdım. Ali məktəbi
bitirdim. Sonra ikinci ali təhsil
aldım - Bakı Dövlət Universitetinin Hüquq fakültəsini
fərqlənmə diplomu ilə bitirdim. Eyni zamanda, mətbuat
mövzusunda elmi iş müdafiə edərək siyasi elmlər
üzrə fəlsəfə doktoru alimlik dərəcəsi
almışam.
- Müəyyən
qədər çətin həyat yolu keçmisiniz. Bu yolda qarşılaşdığınız ən
böyük çətinliklər barədə nə deyə
bilərsiniz?
- Əlbəttə, insan hər yaşında həyatdan
zövq almalıdır. Düzdür, çoxuşaqlı ailə
olduğumuz üçün maddi vəziyyətimiz o qədər
də yaxşı deyildi. Amma fəxrlə
qeyd edirəm, yaxşı ki, mən o çətinlikləri
və əziyyəti görmüşəm. O dövrdə
axıtdığım alın təri, çəkdiyim zəhmət
hesabına bu günə gəlib çıxmışam. Bilirsiniz, adamın çox arzusu, istəyi olur.
Bəlkə də, gəncliyimi istədiyim kimi
keçirsəydim, bugünkü uğurlarımı qazana bilməzdim.
Həyat insanı yetişdirir və
formalaşdırır. Təbii ki, ailəmin
maddi vəziyyəti yaxşı olsaydı, bəlkə də,
zəhmətin nə olduğunu bilməzdim. İnsan yalnız gərgin zəhmət hesabına məqsədlərinə
çata bilər. Ona görə də əməyə,
zəhmətə alışmağımda
yaşadığım çətin günlərin rolu
böyük olub.
Şübhəsiz, uşaqlıq illəri
ömrümün ən qayğısız, gözəl illəri
idi. Kənddə qoyun-quzu da otarmışam, əkin-biçinlə
də məşğul olmuşam. Ömrümün ən
gözəl, qayğısız illəri idi o dövr...
Hər birimiz bu dünyada axirət üçün cənnəti
qazanmaq arzusu ilə yaşayırıq. Amma mənim
üçün uşaqlıq illəri gözlərimin
önündə cənnətin gözəl mənzərəsini
canlandırır. Mənim cənnətim
elə uşaqlıq illərim idi.
Bu gün də böyüyüb boya-başa
çatdığım Saltaq kəndinə tez-tez gedirəm. Dünyanın çox
ölkəsində olmuşam, amma mənəvi olaraq
rahatlıq tapdığım məkan doğulduğum ev, həyət-baca, ata yurdumuzdur. Orada müəllimlərimlə də
görüşürəm. Onların yanında
özümü daim şagird kimi hiss edirəm.
- Həyatınızda,
xüsusilə də uşaqlıq və gənclik illərinizdə
ən yaddaqalan məqamları necə
xatırlayırsınız?
-
Uşaqlığımda, gənclik dövrümdə
yaddaqalan anlarım çox olub. Amma mənim
üçün ən unudulmaz gün 1990-cı ilin 9 oktyabr
tarixidir. Bir məqamı da qeyd edim ki, qələmimi,
demək olar, bütün sahələrdə
sınamışam. Ümummilli lider Heydər
Əliyevlə bağlı olan mövzulara isə həmişə
xüsusi diqqətlə yanaşmışam. Bu baxımdan fəxr edirəm ki, mənim ilk və ən
mötəbər müsahibim Ulu öndər Heydər
Əliyev olub. İndiyədək yadımdadır,
müsahibə 1990-cı il oktyabrın 9-u
saat 19:00-da baş tutdu. Mənim həyatımın
ən yaddaqalan anı dünya şöhrətli siyasi xadim,
dahi insan, böyük şəxsiyyət, Ümummilli liderimiz
Heydər Əliyevlə ilk dəfə
görüşdüyüm gün olub.
Artıq
50 yaşım var. Sevinirəm ki, indiyədək
yaşadığım 50 illik həyatımın 30 ilə
yaxını sırf mətbuatla bağlıdır. Bu sahəyə bağlanmaq mənə çox
insanları tanıdıb, əsl dostlar qazandırıb.
- Mətbuatdan
söz düşmüşkən, qeyd edək ki, siz həmçinin
Mətbuat Şurası İdarə Heyətinin üzvü,
eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondu Müşahidə
Şurasının sədr müavinisiniz. Yəqin,
iş qrafikiniz kifayət qədər gərgin olur...
- Bu
gün Azərbaycanda mətbuata kifayət qədər diqqət
və qayğı göstərilir. Xüsusi vurğulamaq
lazımdır ki, istər Mətbuat Şurası, istərsə
də Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondu dövlətin
bu sahədəki siyasətinə dəstək istiqamətində
öz fəaliyyətlərini uğurla davam etdirir. Hər iki
qurum ölkədə mətbuatın inkişafı, jurnalistlərin
peşəkarlığının artırılması,
onların sosial vəziyyətinin daha da
yaxşılaşdırılması, eyni zamanda, KİV ilə
ictimaiyyət - dövlət qurumları arasında daha sıx
münasibətlərin qurulması sahəsində daim fəal
çalışır, bununla bağlı mütəmadi
olaraq tədbirlər, görüşlər keçirilir,
müzakirələr aparılır. Mən də
bu qurumlarda təmsil olunan bir şəxs kimi
çalışıram ki, Azərbaycan jurnalistikası daim
uğur qazansın, müasirləşsin. Hesab
edirəm ki, görülən bu uğurlu işlər öz bəhrəsini
verir, ölkəmizdə bütün sahələr kimi, mətbuat
da sürətlə inkişaf edir.
- “İki sahil” qəzetinin ölkə mətbuatındakı
rolu barədə nə deyə bilərsiniz?
-
Bildiyiniz kimi, “İki sahil” 1991-ci ildə nəşrə
başlayıb. Qəzetimiz hər zaman dəqiq,
obyektiv, ədalətli və qərəzsiz mövqeyi ilə
seçilib. Dövlətçilik və milli
maraqlar naminə mübarizə aparan “İki sahil” həmişə
düzgün yolda olub. Biz ötən əsrin
90-cı illərinin əvvəllərində ölkəmizi
ağır vəziyyətdən çıxarmaq
üçün Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda
yenidən hakimiyyətə qayıtmasını israrla qeyd etmişik.
Göründüyü kimi, güclü,
müstəqil Azərbaycanın mövcudluğu bizim
düzgün, ədalətli mövqedə
olmağımızın bir daha təsdiqidir. Bu gün Heydər Əliyev ideyaları
yaşayır, ölkəmiz möhtərəm Prezidentimiz
İlham Əliyevin rəhbərliyi ilə sürətlə
inkişaf edir. Təbii ki, qəzetimiz
yarandığı ilk illərdə olduğu kimi, bu gün də
Heydər Əliyev ideyalarının fəal təbliğatçısıdır,
dövlət başçımızın
yürütdüyü uğurlu siyasi kursun ən böyük
dəstəkçilərindən biridir. Bununla
qürur duyuruq.
Qeyd edim
ki, “İki sahil” qəzeti Ulu öndərimiz Heydər
Əliyevin rəhbərliyi ilə təsis edilən, möhtərəm
Prezidentimiz İlham Əliyevin Sədrliyi ilə öz
işini uğurla davam etdirən Yeni Azərbaycan
Partiyasının yaranması, təşkilatlanması və fəaliyyətində
də hər zaman qətiyyətli mövqe ortaya qoyub. Bununla
yanaşı, müəllifi Ümummilli liderimiz olan yeni neft
strategiyasının Azərbaycanın inkişafındakı əvəzsiz
rolu, adı dünyanın nəhəng şirkətləri
sırasında çəkilən SOCAR-ın uğurlu fəaliyyəti
ilə bağlı araşdırma və təhlili yazılar
dərc etmişik və bu istiqamətdəki fəaliyyətimizi
səylə davam etdiririk. Təbii ki, “İki
sahil” gündəlik ictimai-siyasi qəzet olaraq daim ölkə
daxilində və xaricdə baş verən hadisələri
diqqətdə saxlayır, insanları doğru, dəqiq və
qərəzsiz informasiya ilə təmin edir. Təvazökarlıqdan uzaq olsa da, qeyd etməliyəm
ki, “İki sahil” müasir Azərbaycan mətbuatının
formalaşması və inkişafında böyük rolu olan
qəzetlər sırasındadır.
- Siz mətbuatımızın
kapitanlarından biri olmaqla yanaşı, həm də Yeni Azərbaycan
Partiyası Siyasi Şurasının üzvüsünüz...
-
Sözsüz ki, Ümummilli lider Heydər Əliyev kimi
böyük bir şəxsiyyətin qurub yaratdığı və
bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin Sədri
olduğu bir partiyada təmsil olunmaq böyük şərəfdir.
Partiya yarandığı gündən Siyasi
Şurasının üzvüyəm və eyni zamanda,
1990-cı illərin əvvəllərində Azərbaycanın
düşmüş olduğu faciələrdən
qurtulması üçün 1992-ci ilin oktyabrında Ulu
öndərimiz Heydər Əliyevə müraciət edən
91 nəfər ziyalıdan biriyəm. Bütün
bunlara görə sonsuz qürur hissi keçirirəm.
- Siz həm
də 2000-2005-ci illərdə Milli Məclisin deputatı
olmusunuz...
- Tamamilə
doğrudur. 2000-ci ildə 5 saylı Culfa-Ordubad
Seçki Dairəsi üzrə seçicilərin
böyük əksəriyyətinin səsini qazanaraq, II
çağırış Milli Məclisə deputat
seçilmişəm. Deputat olduğum 5
ildə bir çox qanun layihəsinin müzakirəsində və
qəbulunda yaxından iştirak etmişəm, seçicilərimlə
mütəmadi olaraq görüşlər keçirmiş,
onları narahat edən problemlərin həllinə
çalışmışam. Bununla
yanaşı, bir çox xarici səfərlərdə
olmuşam, ölkəmizi beynəlxalq tədbirlərdə təmsil
etmişəm. Təbii ki, bütün
bunlar mənim üçün böyük şərəfdir.
Hesab edirəm ki, deputat, jurnalist və ya sadə
vətəndaş olmağından asılı olmayaraq, hər
kəs öz xalqına, Vətəninə şərəflə
xidmət etməlidir.
- Eyni
zamanda, Bakı Slavyan Universitetində tələbələrə
jurnalistikanın sirlərini öyrədirsiniz. Bu
baxımdan daim gənclərlə ünsiyyətdə olan
Vüqar Rəhimzadə onlara hansı tövsiyələri
vermək istərdi?
- Birmənalı
şəkildə qeyd edim ki, bu gün Azərbaycanda gənclərin
inkişafı üçün hər cür şərait
yaradılıb. Təsəvvür edin, bu
gün bizim gənclərin ən pis geyinəni o dövrün
ən yaxşı geyinəni hesab olunardı. Artıq müqayisəni özünüz aparın.
İndi müasir, qüdrətli dövlətimiz
var. Mən vaxtilə birmərtəbəli kiçik məktəbdə
oxuyurdum. İndi həmin məktəbin əvəzində
müasir standartlar səviyyəsində dördmərtəbəli
məktəb binası tikilib. Düzdür, bu gün
ölkəmizdə kifayət qədər savadlı, qabiliyyətli,
öz Vətənini, torpağını, dövlətini sevən
gənclərimiz var. Lakin mövcud mükəmməl şərait,
informasiya-kommunikasiya texnologiyalarının inkişafı
fonunda bəzi gənclərin tənbəlliyi məni narahat
edir. Gənclərin savadlı, bilikli,
dünyagörüşlü olması bizim üçün ən
vacib məsələlərdən biridir. Bunun
üçün dövlətimiz və möhtərəm
Prezidentimiz İlham Əliyev tərəfindən hər
cür şərait yaradılıb. Gənclərə
tövsiyəm bu olardı ki, yaradılmış münbit
şəraitdən maksimum dərəcədə, səmərəli
şəkildə istifadə etsinlər, öz bilik və
bacarıqlarını daha da artırsınlar. İstənilən addımı atanda, hansısa
işin qulpundan yapışanda düşünsünlər
ki, cəmiyyət, Vətən üçün nə fayda verəcəklər.
Hesab edirəm ki, yaşından, cəmiyyətdəki
statusundan asılı olmayaraq, hər bir vətəndaş ilk
növbədə Vətənini, xalqını
düşünməlidir.
-
Vüqar müəllim, siz müxtəlif vaxtlarda Prezident
İlham Əliyevin müvafiq sərəncamları ilə
“Əməkdar jurnalist” fəxri adına
layiq görülmüş, 3-cü dərəcəli “Vətənə
xidmətə görə” ordeni ilə təltif edilmisiniz. Eyni
zamanda, Ali Media Mükafatı, həmçinin bir sıra digər
mükafatlara layiq görülmüsünüz...
- Təbii
ki, bütün bu təltiflər möhtərəm
Prezidentimiz cənab İlham Əliyev tərəfindən mənim
kiçik xidmətlərimə verilən böyük qiymətdir.
Mən dövlətimizin
başçısına ürəkdən minnətdarlığımı
bildirirəm. Mən bütün həyatım
boyu, hər zaman dövlətimə, xalqıma şərəflə
xidmət etməyi hər şeydən üstün
tutmuşam. Sözsüz ki, bundan sonra da
belə olacaq. Müqəddəs bildiyim, mənim
üçün əsas olan bu prinsiplər daim fəaliyyətimin
ana xəttini təşkil edəcək. Hesab edirəm
ki, ölkəmizin gələcək inkişafı, daha
güclü Azərbaycan naminə hər bir vətəndaşımız
möhtərəm Prezidentimiz İlham Əliyevin ətrafında
sıx birləşməli, cəmiyyətdəki statusundan
asılı olmayaraq, hər kəs dövlət
başçısının həyata keçirdiyi siyasi kursa
dəstək olmalıdır.
-
Maraqlıdır, işində prinsipial, qətiyyətli və
tələbkar olan baş redaktor Vüqar Rəhimzadə bəs
ailədə necə tanınır?
- Ailə
mənim üçün ən müqəddəs
anlayışlardan biridir və hər zaman ailəmə
bağlı olmuşam. Demək olar ki, boş
vaxtlarımı onlarla keçirirəm.
Bakı Dövlət Universitetinin məzunu olan
böyük oğlum Səlim hazırda dövlətimizin
müqəddəs sərhədlərinin keşiyində
ayıq-sayıq dayanmaqla hərbi xidmət borcunu şərəflə
yerinə yetirir. Ortancıl oğlum Rauf da Bakı Dövlət
Universitetində sonuncu kursda təhsil alır. Kiçik oğlum Fuad isə hələ orta məktəbdə
oxuyur. Həyatda ən böyük
amallarımdan biri onların sağlam, milli ruhda
böyüyüb, boya-başa çatmaları, Vətənə
layiq şəxsiyyət kimi yetişmələridir. Təbii ki, bunun üçün əlimdən gələni
edirəm. Mənimlə yanaşı,
Bakı Dövlət Universitetinin məzunu olmuş həyat
yoldaşım da var gücü ilə
övladlarımızın sağlam ruhda böyüməsinə
çalışır. Tələbkar ata
olmaqla yanaşı, heç vaxt onlardan sevgimi,
qayğımı da əsirgəməmişəm. Yeri gələndə danlamışam, yeri gələndə
isə əzizləmişəm. Amma hər
zaman onlara həyatda ədalətli olmağı, heç vaxt
doğru yoldan çıxmamağı
aşılamışam.
Yeni Aszərbaycan.-
2017.- 24 may.- S.6.