Azərbaycan növbəti dəfə
tarix yazdı
Milli Məclisin deputatı
Sona Əliyeva www.yap.org.az saytına müsahibə verib:
- Sona xanım, Azərbaycan daha bir nüfuzlu
beynəlxalq idman tədbirinə - IV İslam Həmrəyliyi
Oyunlarına ev sahibliyi etdi. Sizcə, bu möhtəşəm
idman tədbiri ölkəmizə nə kimi dividendlər gətirəcək?
- IV İslam Həmrəyliyi Oyunlarının
yüksək səviyyədə keçdiyinin bütün
dünya şahidi oldu. Açılış mərasimində
İslam dünyası, xüsusən Azərbaycan haqqında
teatral formada dəqiq və tamaşaçıları heyrətə
gətirən məlumatlar verildi. Ölkə rəhbərliyinin
yürütdüyü daxili və xarici siyasətin İslam mədəniyyətinin
formalaşmasında, multikultural dəyərlərin
çuğlaşmasında, tolerant
yaşayış tərzinin təfəkkürlərimizdə
oturuşmasında, həyat tərzimizə çevrilməsində
nə qədər böyük rol oynadığı aydın
təsəvvürlərlə dünyanın bir daha diqqətinə
çatdırıldı. Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev Oyunların Təşkilat
Komitəsinin üzvləri ilə ilk
görüşündə bildirmişdi ki, bədxahlara,
anti-Azərbaycan, islamofob qüvvələrə ən
yaxşı cavabımız bizim
reallıqlarımızdır. Gəlsinlər, öz gözləri
ilə İslam dininə sadiq olan dünyəvi Azərbaycanın
bütün mənalarda inkişafını görsünlər.
Elə də oldu: xarici qonaqlarımız yerli və
dünya mediasında təəssüratlarını
bölüşərək yüksək qonaqpərvərlikdən,
şahidi olduqları tolerant mühitdən
razılıqlarını bildirdilər.
Oyunlar dünyanın, xüsusən də 54
müsəlman ölkəsinin diqqətini bir daha Azərbaycana
yönəltdi. Nəticəsini həm iqtisadi, həm də
siyasi baxımdan mütləq görəcəyik. Həmin
ölkələr Azərbaycandakı əlverişli biznes
mühitindən yararlanmaq istəyəcəklər, ölkəmizə
yatırımlar qoyacaqlar. Siyasi cəhətdən isə bizim
gücümüz nümayiş olundu. İslam ölkələrini
bir araya gətirmək və dünyaya sülh, barış,
tolerantlıq mesaji vermək, nümunə göstərmək
Azərbaycanın siyasi qazancı hesab olunmalıdır.
- IV İslam Həmrəyliyi Oyunları müsəlman
dövlətləri arasında birliyin və həmrəyliyin
güclənməsinə nə kimi töhfələr verəcək?
- Əlbəttə, IV İslam Həmrəyliyi
Oyunlarının verəcəyi konkret töhfələri indidən
dəqiq söyləmək bir qədər çətindir. Amma ümumi mənada deyə bilərəm ki,
dövlətlər arasındakı münasibətlərin məhz
xalqların dostluğundan keçdiyini nəzərə alsaq,
Bakıda müxtəlif müsəlman xalqları nümayəndələrinin
bir-birini yaxından tanımaları, əlaqələr
qurmaları gələcəkdə bu münasibətlərin
dərinləşməsinə və dövlətlər səviyyəsinə
yüksəlməsinə səbəb olacaq.
Bilirsiniz ki, İslam dünyasında müharibələr,
münaqişələr davam edir. Buna baxmayaraq, müharibə
yaşayan ölkələrin nümayəndələri Azərbaycan
adlı ölkədəki sabitliyi, tolerantlığı,
dinamik inkişafı görüb, belə mədəniyyətə
öz ölkələrində nail olmaq arzularını
gerçəkləşdirmək yolu tutacaqlar. Məsələn,
suriyalı, iraqlı idmançı ölkəsinə
qayıdandan sonra artıq sülh carçısına
çevriləcək. Bir nəfər, beş nəfər, on
nəfər belə insanların olması nəticədə
qardaş qırğınlarına son qoymağa kömək
olacaq. Bakıda keçirilən IV İslam Həmrəyliyi
Oyunlarının mahiyyətində də məhz bu amil dururdu.
Qeyd edim ki, hələ IV İslam
Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin
ötən ilin sentyabrında keçirilən iclasında Təşkilat
Komitəsinin sədri, Azərbaycanın Birinci vitse-prezidenti
Mehriban Əliyeva çıxış edərək bildirdi ki,
Təşkilat Komitəsi IV İslam Həmrəylik
Oyunlarının ən yüksək səviyyədə
hazırlanıb keçirilməsi üçün əlindən
gələni əsirgəməyəcək. Belə də
oldu. Azərbaycan növbəti dəfə tarix yazdı. Bu
tarix mütləq və mütləq həm İslam
dünyasına, həm də Azərbaycan xalqına müsbət
dividendlər gətirəcək.
- Siz Milli Məclisin Elm və təhsil komitəsinin
üzvüsünüz. Bildiyimiz kimi, komitə bir sıra yeni
qanunlar hazırlayıb. Onların biri - “Məktəbəqədər
təhsil haqqında” qanun layihəsinin əhəmiyyəti
haqqında nə deyə bilərsiniz?
- “Məktəbəqədər təhsil
haqqında” qanun layihəsi cəmiyyətin uzun zamandan bəri
gözlədiyi qanun layihələrindən biri idi. Nəzərə alsaq ki, uşağın uğurlu təhsili,
şəxsiyyət kimi formalaşması, ictimai həyata tam
adaptasiyası məktəbəqədər dövrdə
verilmiş təlim-tərbiyədən əsaslı şəkildə
asılıdır, onda layihənin valideynlər, ailə və
cəmiyyət üçün əhəmiyyətliliyi göz
önündədir. Bundan əlavə onu
da deyim ki, bu qanun layihəsi hazırlanana qədər məktəbəqədər
təhsil sahəsində bir sıra normativ hüquqi aktlar qəbul
olunmuşdu və onların bəziləri qüvvədən
düşmüş, bəziləri mövcud
reallığı əks etdirmədiyindən, ya da müəyyən boşluqların olması səbəbindən,
bu sahədə çalışanlar üçün müəyyən
anlaşılmazlıqlar yaradırdı. Odur ki, təhsilin bu
pilləsi üzrə qanunverici bazanın təkmilləşdirilməsinə
ehtiyac vardı. Mövcud qanun layihəsi isə geniş xarici
təcrübə öyrənilməklə, müasir didaktik və
pedaqoji prinsiplər əsasında
hazırlanmış, günümüzün tələblərinə
tam cavab verən, məktəbəqədər təhsil
prosesinin bütün iştirakçılarının
hüquqlarıının qorunmasından tutmuş, məktəbəqədər
təhsil prosesinin dövlət, bələdiyyə və
özəl sektorda da hüquqi tənzimlənməsini
nəzərdə tutan, məktəbəqədər təhsil
müəssisələrinin genişləndirilməsini və
bu sahədə özəl sektorun da
stimullaşdırılmasını özündə ehtiva edən
kompleks normativ hüquqi aktdır. Əminəm ki, yüksək
ictimai əhəmiyyət daşıyan bu qanun layihəsi təhsilin
ilk pilləsinin inkişafına xidmət etməklə
yanaşı, savadlılıq indeksinin
yaxşılaşmasına da öz təsirini göstərəcəkdir.
- “Peşə təhsili haqqında” qanun layihəsinin
hazırlanması hansı səviyyədədir? Bu sənəddə
hansı məsələlər yer tutur?
- Bildiyiniz kimi, “Peşə təhsili
haqqında” qanun layihəsinin hazırlanması ilə əlaqədar
komissiya yaradılıb. Artıq bu sahə üzrə
qabaqcıl təcrübəsi olan bir neçə ölkənin
qanunvericiliyi öyrənilib. Bundan başqa, mövcud normativ
hüquqi aktlara və xarici təcrübəyə istinad etməklə,
qanun layihəsinin ilkin variantının hazır olduğunu deyə
bilərəm. Qanun layihəsi peşə təhsili
sahəsində dövlət siyasətinin prinsiplərini,
peşə təhsilinin təşkilati-hüquqi və iqtisadi
əsaslarını müəyyən edəcək, həmçinin
peşə təhsili və təliminin inkişafına dair
strateji yol xəritəsində göstərilən strateji məqsədlər
və hədəflər də qanunvericiliyə uyğun
olaraq öz əksini tapacaq.
- Sona xanım, sizcə, hazırda ölkəmizdə
peşə təhsili sisteminin gücləndirilməsi
yönündə işlər necədir və bu qanun bu sahənin
inkişafına nə dərəcədə təsir göstərəcək?
- Peşə təhsili sisteminin gücləndirilməsi
istiqamətində işlər aparılır, lakin
düşünürəm ki, bu yöndə hələ xeyli
işlər görülməlidir. Keçən il Azərbaycan
Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili
üzrə Dövlət Agentliyinin yaradılması bu sahənin
inkişafı istiqamətində atılmış ən
önəmli addım idi. Eləcə də Azərbaycan
Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı
ilə təsdiqlənən “Azərbaycan Respublikasında
peşə təhsili və təliminin inkişafına dair
Strateji Yol Xəritəsi” 5 strateji hədəfdən və 9
prioritetdən ibarət olmaqla, 2020-ci ilədək strateji
baxış ölkədə əmək
bazarının tələblərinə cavab verən mühəndis-pedaqoji
heyətə, yenilənmiş təhsil proqramlarına və
peşə standartlarına malik pilot və
optimallaşdırılmış peşə təhsili müəssisələrindən
ibarət peşə təhsili və təlimi sisteminin
formalaşdırılmasını hədəfləyir.
Bu onu göstərir ki, təhsilin bu pilləsi milli
iqtisadiyyatın inkişafında önəmli olmaqla, dövlət
təhsil siyasətinin başlıca prioritet istiqamətlərindəndir.
Bu kimi sənədlərin imzalanması gələcək
perspektivləri aydınlatsa da, peşə təhsili pilləsi
üzrə keyfiyyətli təhsil və təlimin verilməsi
istiqamətində hələ qarşıda çox işlər
durur.
Peşə təhsilinin əsas məqsədi hər
gün dəyişən iş dünyasının
bacarıqlı peşə fəaliyyətinə uyğun
peşə bacarıqları, bilik və hazırlıq səviyyəsi
formalaşdırmaqdır. Peşə təhsilinin əsas mərhələsi
isə lazımi iş təcrübəsinin qazanılması
məqsədilə aparılan təlim və təhsildir. Ona
görə də yeniyetmə və gənclərə peşə
sirlərini məhz təcrübi sahədə öyrətmək
lazımdır. Nəzəri biliklər həyata keçməyəndə
unudulur. Mövcud peşə təhsili müəssisələrində
isə maddi-texniki baza zəifdir və yenidən qurulmasına
ehtiyac vardır. Gələcəkdə özəl sektor və
bu kimi təhsil müəssisələrinin birlikdə fəaliyyətini
əlaqələndirməklə mühüm müsbət nəticələr
əldə etmək olar.
Digər tərəfdən, bizdə nəzəri
bilikləri aşılayan vəsaitlər, çap
materialları da azdır. Bu sahədə hazırlanmış
müasir təhsil proqramlarına uyğun yeni alternativ vəsaitlərin
hazırlanması vacib məqamlardan biridir. Sonda
onu deyim ki, bu sahənin inkişafı üçün
prioritetlər müəyyən olunub, dövlət dəstəyi
yüksək səviyyədədir, deməli, yaxın gələcəkdə
təhsilin bu səviyyəsi üzrə yüksək nailiyyətlər
olacaq.
Qanun layihəsinə gəldikdə isə,
layihə bu sahədə mövcud olan normativ-hüquqi
bazanın daha da təkmilləşdirilməsinə və daha
mükəmməl kompleks sənədin hazırlanmasına
xidmət edir. Qanun layihəsində peşə
təhsilinin keyfiyyətinə qoyulan tələblər,
rasionallaşdırılmış və
optimallaşdırılmış peşə-ixtisas şəbəkəsinin
qurulmasına yönəlik və maliyyələşdirilməsinə
dair hüquqi tənzimləmələr, yerli özəl-dövlət
və beynəlxalq tərəfdaşlıq və s. digər bir çox məsələlər də
öz əksini tapmaqla bu sahənin inkişafına xidmət
edən müasir idarəetmə strukturunun yaradılmasına
və hüquqi tənzimlənməsinə öz töhfələrini
verəcək. Əlbəttə ki, qanun layihəsi cəmiyyətə
təqdim olunandan sonra daha geniş müzakirəyə
açıq olacaq. Ümumilikdə isə görülən və
ərsəyə gətirilən hər bir iş dövlətimizin
güclənməsinə və əhalinin rifah halının
yaxşılaşdırılmasına xidmət edir.
Yeni Azərbaycan.-
2017.- 24 may.- S.5.