Prezident İlham Əliyev: Biz
İslam Həmrəyliyi Oyunlarında da yeni yanaşmanı
ortaya qoyduq, yeni standartlar tətbiq etdik.
IV İslam Həmrəyliyi
Oyunlarının qalib idmançıları, onların məşqçiləri
və idman ictimaiyyətinin nümayəndələri ilə
görüş keçirilib
Mayın 23-də “Bakı-2017” IV İslam Həmrəyliyi
Oyunlarında qalib gəlmiş idmançılarımız,
onların məşqçiləri və Azərbaycanın
idman ictimaiyyətinin nümayəndələri ilə
görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım,
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Təşkilat
Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri
görüşdə iştirak ediblər.
Dövlətimizin başçısı
görüşdə nitq söyləyib: “Əziz dostlar.
“Bakı-2017” İslam Həmrəyliyi
Oyunları başa çatdı. Azərbaycan bu Oyunlarda
növbəti qələbə qazandı. Bu parlaq qələbə
münasibətilə bütün idmançıları, məşqçiləri,
idman mütəxəssislərini ürəkdən təbrik
edirəm və sizə yeni qələbələr, yeni
uğurlar arzulayıram.
Bizim idmançılar bu Oyunlarda 75
qızıl, 50 gümüş, 37 bürünc medal qazanaraq
komanda hesabında birinci oldular. Bu, böyük tarixi qələbədir.
Nəzərə alsaq ki, bu Oyunlarda 50-dən
çox ölkə iştirak edirdi və ölkələr ən
peşəkar idmançılarını bu Oyunlara göndərmişdilər,
əlbəttə, bu qələbənin əhəmiyyəti
artır. Əlbəttə, biz hamımız yaxşı
bilirik ki, bu qələbə təsadüfi qələbə deyil. Çünki
idmançılarımız müxtəlif beynəlxalq
yarışlarda, dünya, Avropa çempionatlarında, Olimpiya
Oyunlarında artıq öz güclərini göstərmişlər
və Azərbaycan dünya miqyasında güclü idman
dövləti kimi tanınır.
Bizim son nailiyyətlərimiz də deməyə
əsas verir ki, bu qələbə təsadüfi qələbə
deyil. Azərbaycan idmançıları 2015-ci ildə Avropa
Oyunlarında 56 medal qazanmışlar və komanda hesabında
ikinci yerə çıxa bilmişlər. Keçən
il Yay Olimpiya Oyunlarında medalların sayı 18-ə
çatdı. Bu, bizim Olimpiya Oyunlarında
iştirakımızın tarixində ən böyük rəqəmdir
və medalların sayına görə Azərbaycan 14-cü,
Avropa ölkələri arasında 7-ci, müsəlman ölkələri
arasında isə 1-ci yerdə idi. Yəni,
bugünkü qələbənin çox möhkəm təməli
var və bu, onu göstərir ki, Azərbaycan idmanı
inkişaf edir, Azərbaycan dövləti inkişaf edir.
Çünki ancaq inkişaf etmiş ölkələrdə
idman həm dövlətə, həm xalqa böyük qələbə
gətirir. Biz idmançılarımızla fəxr edirik. Mən
bütün idmançılarımızı bu böyük qələbə
münasibətilə bir daha ürəkdən təbrik edirəm,
onlara yeni uğurlar arzulayıram.
Bu Oyunlar, eyni zamanda, onu göstərir ki, Azərbaycanda
aparılan düşünülmüş siyasət, o
cümlədən idman sahəsində öz bəhrəsini
verməkdədir. İdmanın inkişafı Azərbaycanda
dövlət siyasətinin prioritetlərindən biridir. Son illər
ərzində bu istiqamətdə atılmış
addımlar, apardığımız siyasət bu gözəl
nəticəni bizə verdi.
Bu gün Azərbaycanda idman ictimai proseslərin
inkişafında xüsusi yer tutur. İdmançılara
cəmiyyətdə çox xoş münasibət var. İdmançılara
olan hörmət göz qabağındadır və hər bir
vətənpərvər Azərbaycan vətəndaşı
idmançılarımızın uğurlarını
alqışlayır, bu uğurlarla fəxr edir. Hər dəfə bizim bayrağımız
qaldırılanda, dövlət himnimiz səslənəndə
hər bir vətənpərvər insan qürur hissi keçirir.
Bu 10 gün ərzində
idmançılarımız xalqımıza qələbə
sevinci bəxş etdilər. Bu 10 gün ərzində Azərbaycan
cəmiyyəti bir daha birlik, həmrəylik, vətənpərvərlik
göstərdi, tribunalarda yarışları izləyən
tamaşaçılar böyük coşqu, böyük sevgi
ilə sizin qələbələrinizi
alqışlayırdılar, sizinlə bərabər buna
sevinirdilər, bu qələbə sevincini sizinlə
bölüşürdülər.
İdman hər bir ölkənin ictimai həyatında
xüsusi yer tutur və bu gün idmanın inkişafı, bax,
bu gözəl nəticələrə gətirib
çıxarır. Biz haqlı olaraq öz qələbələrimizlə
fəxr edirik, eyni zamanda, sizin nümunəniz, bu Oyunlarda
idmançılarımızın qələbələri, əminəm
ki, yaxın gələcəkdə idman bölmələrinə
uşaqların axınını daha da sürətləndirəcək.
Çünki biz hər dəfə növbəti
böyük idman qələbəsindən sonra
görürük ki, idmanla məşğul olmaq istəyənlərin
sayı artır, uşaqlar, yeniyetmələr idman bölmələrinə
üz tuturlar, sizin kimi olmaq istəyirlər, sizə oxşamaq
istəyirlər. Gənc nəsil,
uşaqlar görəndə ki, dövlət
idmançıları qiymətləndirir, onları
mükafatlandırır, onlara bütün şəraiti
yaradır, əlbəttə, idmana daha da böyük maraq
olacaq. Bu da nəticə etibarilə Azərbaycan
gəncliyinin, xalqının sağlamlığına xidmət
göstərəcək. Əlbəttə
ki, biz idmançılarımızın uğurları ilə
fəxr edirik və bu, bizim ölkəmizin şöhrətini
artırır. Ancaq, eyni zamanda, bundan az
əhəmiyyət daşımayan məsələ idmanın
kütləviliyidir. İdman sağlam həyat tərzidir
və biz hamımız çox istəyirik ki, Azərbaycanda
sağlam həyat tərzi yanaşması üstünlük təşkil
etsin. Bu gün bu, belədir, dövlət
siyasəti də məhz bu istiqamətdə aparılır və
eyni zamanda, sizin qələbələriniz bizim siyasətimizi dəstəkləyir.
Bu Oyunların keçirilməsi əlbəttə ki,
ölkəmiz üçün tarixi hadisə idi. Şadam ki, bu
qələbəni şərtləndirən, qələbəyə
aparan bütün qurumlar çox yaxşı işlədilər.
Həm əvvəlki illərdə, həm Oyunlar ərəfəsində
Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi,
federasiyalar, idman cəmiyyətləri, klublar, məşqçi
korpusu, idman mütəxəssisləri, əlbəttə,
idmançılar bir komanda, bir ailə kimi bir amala xidmət edərək,
bu qələbəni mümkün etdilər. Bəzi
ölkələrdən fərqli olaraq Azərbaycanda
bütün idman qurumları çox sıx əlaqədə
işləyirlər və hesab edirəm ki,
uğurlarımızın təməlində bu amil
dayanır. İdmançılar
üçün isə biz bütün şəraiti
yaratmışıq. Bölgələrdə
50-yə yaxın müasir Olimpiya İdman Kompleksi, Bakı
şəhərində isə istənilən beynəlxalq
yarışı keçirmək üçün ən
müasir və gözəl idman obyektləri fəaliyyət
göstərir.
Oyunların keçirilməsində Təşkilat Komitəsinin
rolunu xüsusi qeyd etmək istəyirəm. Təşkilat Komitəsi
Mehriban Əliyevanın rəhbərliyi ilə çox
böyük iş görüb, bütün hazırlıq
prosesi diqqət mərkəzində idi. Təşkilat
Komitəsi ən xırda məsələyə qədər
bütün lazımi tədbirləri görüb ki, həm
idmançılar, həm də qonaqlar üçün
yaxşı şərait yaradılsın. Ölkəmizə minlərlə xarici qonaq gəlmişdi.
Mən Təşkilat Komitəsinin işini
çox yüksək qiymətləndirirəm və bu,
artıq təbii bir haldır. Çünki Mehriban
Əliyevanın rəhbərliyi ilə üçüncü
beynəlxalq mötəbər yarışma keçirilir -
2012-ci ildə “Eurovision” mahnı yarışması, 2015-ci ildə
Avropa Oyunları, - o, birinci Oyunlar idi, Oyunların
standartları yox idi və hazırlıq üçün
bizim cəmi iki ilimiz var idi, - və bu dəfə İslam Həmrəyliyi
Oyunları ən yüksək səviyyədə
keçirilmişdir. Əlbəttə, bu, onu
göstərir ki, Təşkilat Komitəsi öz vəzifə
borcunu ləyaqətlə, şərəflə icra edib.
Mən Təşkilat Komitəsinin bütün
üzvlərinə minnətdarlığımı bildirmək
istəyirəm.
Eyni zamanda, Əməliyyat Komitəsi çox fəal
işləyib.
Bu Əməliyyat Komitəsi Avropa
Oyunlarının da təşkilini təmin edibdir və xarici
mütəxəssislər də bizə kömək göstəriblər.
Oyunların açılış və
bağlanış mərasimləri də çox möhtəşəm
idi. Mən yaxşı bilirəm ki, Təşkilat
Komitəsi bu iki möhtəşəm təqdimatla çox
ciddi məşğul olub. Həm
açılış, həm bağlanış mərasimi
ölkəmizin imkanlarını, xalqımızın
istedadını göstərir. Eyni zamanda,
onu göstərir ki, Azərbaycan və Azərbaycan xalqı
öz milli, dini dəyərlərinə sadiqdir, onları
qoruyur.
Biz açılış mərasimində İslam
dininin mütərəqqiliyini göstərdik. Göstərdik
ki, İslam dini elm dinidir, mədəniyyət dinidir, sülh
dinidir, mərhəmət dinidir. Biz Azərbaycan
xalqının istedadlı nümayəndələrini
açılış mərasimində göstərdik. Azərbaycanın zəngin, qədim tarixini, mədəniyyətini
bütün İslam aləminə, bütün dünyaya
nümayiş etdirdik. Eyni zamanda,
bağlanış mərasimi də Azərbaycanı mütərəqqi,
müasir ölkə kimi təqdim etdi. Yəni,
bu nadir vəhdət bu gün Azərbaycanı dünya
miqyasında əvəzolunmaz ölkəyə çevirir.
Biz öz milli, dini dəyərlərimizə
sadiqik, onları qoruyuruq və qoruyacağıq. Eyni zamanda, biz dünyaya açığıq, biz
müasirik, biz inkişaf edirik və bu önəmli amillər
bu gün əslində müasir Azərbaycan dövlətini təcəssüm
etdirir. Biz dərin milli-mənəvi
köklər üzərində müasir dövlət qururuq,
o dövlət ki, indi hər bir vətənpərvər insan
öz ölkəsi ilə fəxr edir.
Bizim uğurlarımızın təməlində Vətən
sevgisidir və idmançılarımızı da qələbələrə
aparan əsas amil budur. Biz görürdük ki,
idmançılar necə sevinirlər, xalqımız necə
sevinir. Bu on gün ərzində biz bir daha
gördük ki, xalqımız, cəmiyyətimiz birdir. Bizi birləşdirən bizim əqidəmizdir,
tariximizdir və gələcəyə
baxışlarımızdır. Bu gün
Azərbaycan dünya miqyasında çox böyük hörmətə
layiq olan bir ölkədir. Azərbaycan
müsəlman aləmində çox böyük rəğbətə
layiq olan bir ölkədir.
Bakıda keçirilmiş Oyunlar sayca
üçüncü İslam Həmrəyliyi
Oyunlarıdır. Birinci Oyunlar Səudiyyə Ərəbistanında,
ikinci İndoneziyada, üçüncü isə Azərbaycanda
keçirilib. Səudiyyə Ərəbistanı
müsəlman aləminin mərkəzidir, İndoneziya müsəlman
aləmində əhali baxımından ən böyük
ölkədir. Müsəlman aləminin bu
iki aparıcı ölkəsindən sonra
üçüncü Oyunların, - halbuki bu Oyunların
adı dördüncüdür, amma biz bilirik ki, cəmi
üçüncü dəfə keçirilibdir, - Azərbaycanda
keçirilməsi, əlbəttə, bizə olan böyük
hörmətin və inamın təzahürüdür.
Bu günlər ərzində xarici qonaqlarla təmaslar əsnasında
çox sevinirdim ki, elə bil hamı mənə bir fikri
çatdırmaq istəyirdi - hamı böyük minnətdarlıq
hissi ilə təşkilati məsələlərin yüksək
səviyyədə və peşəkarlıqla həll
olunduğunu deyirdi. Əlbəttə ki, bu, bizi çox
sevindirir. Oyunların bu səviyyədə
keçirilməsi ölkəmizin gücünü, qüdrətini
göstərir. Göstərir ki, biz istənilən
beynəlxalq tədbiri ən yüksək səviyyədə
təşkil edə və eyni zamanda, öz
standartlarımızı da tətbiq edə bilərik və
bunu edirik. Avropa Oyunları bundan sonra ancaq
Azərbaycan standartları əsasında keçiriləcəkdir.
Bilirəm ki, bu standartlara çatmaq çətin
olacaq.
Biz İslam Həmrəyliyi Oyunlarında da yeni
yanaşmanı ortaya qoyduq, yeni standartlar tətbiq etdik. Əlbəttə
ki, bu, bizim qonaqlara olan hörmətimizin əlamətidir, məsuliyyətin
təzahürüdür. Eyni zamanda, bu,
ümumiyyətlə, bizim siyasətimizi göstərir. Çünki biz istəyirik ki, Azərbaycanda hər
bir tədbir ən yüksək səviyyədə
keçirilsin. Ona görə də ölkəmiz
inkişaf edir, ona görə də Bakıya gələn
bütün xarici qonaqlar şəhərimizə heyran
qalırlar.
Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən
biridir. Azərbaycana gələn turistlərin sayı
milyonlarla ölçülür. Bu
Oyunlardan sonra ölkəmizə daha çox turist axını
olacaq. Azərbaycanı bu gün nəinki
İslam aləmində, dünyada inkişafda olan müasir,
mütərəqqi, güclü dövlət kimi
tanıyırlar və idmançılarımızın qələbələri
bizim gücümüzü daha da artırır. Yəni, bu, daha əyani şəkildə göstərir
ki, Azərbaycan güclü dövlətlər
sırasındadır.
İdman
yarışları, Olimpiya Oyunları, İslam Oyunları,
Avropa Oyunları elə bir tədbirdir ki, bu tədbirlərdə
həm idmançılar, həm ölkələr rəqabət
aparırlar. İqtisadi, siyasi sahələrdə,
beynəlxalq münasibətlər sahəsində bəzən
birinciliyi müəyyən etmək üçün bəzi
qurumlar, təşkilatlar çətinlik çəkirlər.
Çünki müəyyən meyarlar
olmalıdır. İdmanda isə hər
şey açıq-aydındır. Azərbaycan
birinci yerdədir, Azərbaycan qalibdir.
Əlbəttə, bu Oyunlar, eyni zamanda, İslam həmrəyliyini
gücləndirəcək. Mən Oyunlar ərəfəsində
demişdim, bizim əsas məqsədimiz ondan ibarətdir ki,
müsəlman ölkələrini təmsil edən
idmançılar, qonaqlar Bakıda bir yerdə olsunlar, bir-biri
ilə tanış olsunlar, bir-birinin əlini sıxsınlar və
dostluq, əməkdaşlıq güclənsin. Belə
də oldu. Biz bunu yarışlarda
gördük ki, bəzi hallarda siyasi cəhətdən bir-biri
ilə o qədər də yaxın münasibətləri
olmayan ölkələrin nümayəndələri bir-birini təbrik
edir, bir-birinin uğuruna sevinir, bir-birinin əlini
sıxırlar.
Bax, bu Oyunların tarixi əhəmiyyəti məhz
bundadır.
Azərbaycan apardığı siyasətə idman vasitəsilə
əlavə töhfə verdi. Çünki bizim müsəlman aləmində siyasətimiz
ondan ibarətdir ki, birlik, həmrəylik güclənsin,
müsəlman ölkələri arasındakı bəzi
ixtilaflara, müharibələrə son qoyulsun. Müsəlman aləmi birlik nümayiş etdirməlidir.
Ancaq bu təqdirdə xalqlarımız gələcəkdə
rahat və firavan yaşaya bilərlər. Ona
görə, bizim apardığımız siyasət və bu
Oyunlarda verdiyimiz töhfə əminəm ki, müsəlman aləminin
birləşməsinə gətirib çıxaracaq.
Eyni zamanda, Azərbaycan müsəlman aləmini
Qərb aləmi ilə birləşdirən ölkədir. Təsəvvür
edin, iki il ərzində bir ölkədə, bir şəhərdə
Avropa və İslam Oyunları keçirilir. Bu Oyunlarda 100-dən
çox ölkə iştirak edir. Heç bir başqa ölkə
bax, bu nailiyyətlə öyünə bilməz. Haqlı
olaraq fəxr edirik ki, biz bunu edə bilmişik. Ölkəmiz həm
Qərb dünyasında, həm müsəlman aləmində
etibarlı tərəfdaş, dost və qüdrətli
dövlət kimi tanınır.
Bir məsələni də qeyd etmək istəyirəm.
Bizim uğurlarımızı əldə edən
idmançılar müstəqillik dövründə
yetişiblər. Bir çoxları müstəqillik
dövründə doğulublar, müstəqillik illərində
bu nailiyyətlərə gəlib çıxıblar. Bu, bir
daha onu göstərir ki, müstəqillik bizim ən
böyük sərvətimizdir. Bizim xalqımızın
çox böyük tarixi var. Ancaq müstəqillik tariximiz
müasir dövrdə o qədər də böyük deyil. Biz cəmi 25 ildir ki, müstəqil ölkə kimi
yaşayırıq və idman sahəsində, iqtisadi, sosial və
digər sahələrdə görün, nə qədər
böyük uğurlar əldə etmişik. İdman isə
ölkələrin gücünü, siyasətini göstərir,
xalqların gücünü göstərir. Sovet dövründə heç vaxt bizim
ağlımıza gələ bilməzdi ki, Azərbaycan
idmançıları bu qədər medal qazanacaqlar, Olimpiya
Oyunlarında bu qədər qələbələr qazanacaqlar,
müsəlman aləmində birinci, Avropa ölkələri
arasında ikinci olacaqlar. Bütün bunlar ancaq müstəqillik
dövründə mümkün olub. Ona görə, bu qələbə
bir daha onu deyir və göstərir ki, ancaq müstəqillik
dövründə xalqımız uğurla inkişaf edə
bilər. Ancaq taleyimiz öz əlimizdə olduğu təqdirdə
Azərbaycan xalqı sürətlə inkişaf edə bilər.
Biz müstəqillik gününün ərəfəsindəyik.
Bir neçə gündən sonra Respublika Gününü
qeyd edəcəyik. Bu qələbə əlbəttə ki,
müstəqilliyimizə, müstəqilliyimizin möhkəmlənməsinə
verilən növbəti töhfədir.
Eyni zamanda, biz mübarək
Ramazan ayının başlaması ərəfəsindəyik.
İslam Həmrəyliyi Oyunlarının Ramazan
bayramının başlaması ərəfəsində başa
çatması, Azərbaycan üçün böyük qələbə
ilə sonuclanması hesab edirəm ki, təbiidir. Bu, təsadüfi
deyil, bu, təbiidir.
Bir daha qayıdıram
çıxışımın əvvəlinə.
Bütün bu qələbələri bizə
idmançılar bəxş ediblər. Ona görə, mən
onları bir daha təbrik edirəm, onları qucaqlayıram,
bağrıma basıram və onlara yeni qələbələr,
uğurlar arzulayıram”.
* * *
Sonra IV İslam Həmrəyliyi Oyunlarında ən
yaddaqalan məqamları, o cümlədən Azərbaycan
idmançılarının
çıxışlarını əks etdirən
videoçarx nümayiş olunub.
Sonda xatirə şəkilləri çəkdirilib.
Yeni Azərbaycan.- 2017.- 24 may.- S.2