Regionlarda aqrar sahəyə
göstərilən diqqət və qayğı yüksək
məhsuldarlığın əldə olunmasına imkan verir
2017-ci ilin ilk 4
ayında kənd təsərrüfatının ümumi məhsulunun
faktiki qiymətlərlə dəyəri ötən ilin
müvafiq dövrünə nisbətən 3,2 faiz artıb
Son dövrlərdə qeyri-neft sektorunun
inkişafı daha çox kənd təsərrüfatı
sahəsinin aktiv fəaliyyətini önə
çıxarmaqdadır. Azərbaycanda həyata keçirilən
uğurlu iqtisadi-sosial siyasət kursu aqrar sahənin şaxələndirilmiş
inkişafını təmin etməkdədir. Regionların
sosial-iqtisadi inkişafı üzrə Dövlət
proqramları kənd təsərrüfatının
ayrı-ayrı sahələrinin yüksək temp əldə
etməsinə yol açıb. Xüsusilə
vurğulamaq lazımdır ki, bu gün ölkəmizdə ərzaq
təhlükəsizliyinin təminatı məsələsinə
dövlət səviyyəsində diqqət yetirilir. Ərzaq
təhlükəsizliyinin təmini, regionlarda kənd təsərrüfatının
inkişaf etdirilməsi dövlət siyasətinin əsas
istiqamətlərindəndir. Bunun nəticəsidir ki, son
illərdə 20 rayonda 44 min hektaradək ərazidə 22
sahibkar tərəfindən müasir suvarma sistemlərinin və
innovativ texnologiyaların tətbiqinə əsaslanan 32 iri
fermer təsərrüfatı yaradılıb, aqroparklar
salınıb. Hazırda 22 rayonda 130 min hektaradək ərazidə
27 aqroparkın yaradılması təşviq olunur.
Qeyd edilməlidir ki, ölkəmizdə
aqrar islahatların birinci mərhələsinin
başlamasından ötən 20 illik dövrdə kənd təsərrüfatı
məhsulları istehsalı sahəsi bütövlükdə
2,4 dəfə, o cümlədən bitkiçilik sahəsi 2,3
dəfə, heyvandarlıq sahəsi isə 2,5 dəfə
artıb. Kənd Təsərrüfatı
Nazirliyinin yaydığı məlumata görə,
1996-2016-cı illər ərzində taxıl istehsalı 1
milyon 18 min tondan 3 milyon 65 min tona (3 dəfə artım), kartof
istehsalı 214,6 min tondan 902,4 min tona (4,2 dəfə artım),
tərəvəz istehsalı 570 min tondan 1 milyon 269 min tona
(2,2 dəfə artım), bostan məhsulları
52 min tondan 464,5 min tona (9 dəfə artım), ət
istehsalı 115,7 min tondan 303,8 min tona (2,6 dəfə artım),
süd istehsalı 843,3 min tondan 2 milyon 9 min tona (2,4 dəfə
artım), yumurta istehsalı 477 milyon ədəddən 1,6
milyard ədədə (3,4 dəfə artım)
çatıb.
Bununla yanaşı, məlumatda o
da bildirilir ki, aqrar sahədə istehsal potensialının
gücləndirilməsi istiqamətində həyata
keçirilən kompleks tədbirlər hesabına ölkənin
ərzaq məhsulları ilə özünütəminetmə
səviyyəsi də əsaslı şəkildə yüksəlib.
Əgər Azərbaycan dövlət müstəqilliyini əldə etdiyi vaxt ət və süd məhsulları
ilə ölkənin özünütəminat səviyyəsi
təqribən 30-35 faiz təşkil edirdisə, hazırda bu məhsullar
üzrə özünütəminat səviyyəsi
müvafiq olaraq 94 və 88 faizə qədər artıb.
Həmin dövrdə ölkənin kartofa olan tələbatının
ödənilməsində idxal böyük paya malik idisə,
hazırda özünütəminetmə səviyyəsi 86
faizdir. Üstəlik hazırda hər il təqribən 40 min
tondan çox təzə kartof ixrac olunur. Bütün
növ tərəvəz ilə özünütəminetmə
səviyyəsi 96 faiz, meyvə və giləmeyvə üzrə
isə 122 faiz təşkil edir.
Aqrar təsərrüfatın inkişafı
2017-ci ildə də davam etdirilməkdədir. Belə ki, cari
ilin may ayının 1-nə kimi 334,5 min hektar sahədə
yazlıq bitkilərin səpini aparılıb. Göstərilən
dövr ərzində 43,6 min hektar sahədə dənli və
dənli paxlalı bitkilər (ondan 21,2 min hektarı dən
üçün qarğıdalı), 55,2 min hektar sahədə
kartof, 44,9 min hektar sahədə tərəvəz, 15,9 min
hektar sahədə bostan bitkiləri, 11,4 min hektar sahədə
şəkər çuğunduru, 9,6 min
hektar sahədə dən üçün günəbaxan, 1,5
hektar sahədə tütün, 107,5 min hektar sahədə
pambıq, 38,8 min hektar sahədə çoxillik otlar, 1,3 min
hektar sahədə birillik otlar və 4,8 min hektar sahədə
sair yazlıq bitkilər əkilib.
Vurğulanmalıdır ki, 2016-cı ilin yanvar-aprel ayları
ilə müqayisədə kənd təsərrüfatının
ümumi məhsulu 3,2 faiz, o cümlədən bitkiçilik məhsulları
istehsalı 15,8 faiz, heyvandarlıq məhsulları istehsalı
isə 2,6 faiz artıb.
Eləcə də 2017-ci ilin ilk 4 ayında kənd
təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə
dəyəri 1087 milyon manat təşkil edib. Dövlət
Statistika Komitəsinin məlumatına görə, onun 1036,1
milyon manatı heyvandarlıq, 50,9 milyon manatı isə
bitkiçilik məhsullarının payına
düşür. Ötən ilin müvafiq dövrü ilə
müqayisədə kənd təsərrüfatının
istehsalı 3,2 faiz, o cümlədən heyvandarlıq məhsulları
üzrə 2,6 faiz, bitkiçilik məhsulları üzrə
isə 15,8 faiz artıb.
Qeyd edilən rəqəmlər ölkəmizdə
kənd təsərrüfatının inkişafının
yüksək və davamlı xarakter
daşıdığını göstərir. Eləcə də
Azərbaycanda sahibkarlara, fermerlərə göstərilən
diqqət və qayğı istər məhsul
yığımının kəmiyyətində, istərsə
də keyfiyyətindəki inkişafı ortaya qoyur. Məsələn,
Saatlı rayonunda ilk dəfə əkilən yazlıq kələmin
yığımına başlanılıb. Rayonun Qaralar kənd
sakini, fermer Ələsgər Əhmədov bu ilin mart
ayında 3 hektar sahədə yazlıq kələm əkdiyini,
hər hektara orta hesabla 51 min şitil
köçürdüyünü qeyd edib. Müasir damcı
suvarma üsulundan istifadə etməklə becərilən sahədə
bol məhsul yetişib. Artıq təsərrüfatda məhsul
yığımına başlanılıb və qısa
müddətdə 18 ton məhsul əldə olunub. Fermerin
sözlərinə görə, yığım tam
qurtardıqdan sonra hər hektarın məhsuldarlığı
orta hesabla 50 tona çatacaq.
Ölkəmizin əsas tərəvəzçilik
rayonlarından olan Xaçmazda isə pomidor əkini yekunlaşıb.
Rayonun təsərrüfatçıları 3 min hektara
yaxın ərazidə pomidor əkiblər. Mart ayından
istixana şəraitində yetişdirilən pomidor şitilləri
mayın 20-dək açıq sahələrə
köçürülüb. Qeyd edək ki, rayonun
Aşağı Zeyid kəndi bu tərəvəzin daha
çox əkildiyi yerlərdəndir. Bu il kənddə 100
hektara yaxın sahədə pomidor əkilib. Fermerlər
bildirirlər ki, bu il Türkiyə və Hollandiyadan gətirilən
pomidor sortlarının əkilməsinə üstünlük
veriblər. Bu sortlar həm xəstəliklərə
dözümlüdür, həm də
görünüşü və dadı yaxşıdır.
Yığımdan sonra 10-15 gün saxlamaq mümkündür.
Məhsul yetişənədək təsərrüfatçılar
pomidor sahələrində aqrotexniki işləri mərhələli
şəkildə həyata keçirəcəklər. Fermerlər
əkindən sonra 2-3 dəfə şitillərin dibini
yumşaltmalı, sahələr üzvi və mineral gübrələrdən
istifadə olunmaqla, 10-12 dəfə suvarılmalıdır.
Xaçmazlı fermerlər pomidor yığımına iyul
ayının birinci ongünlüyündə başlayacaqlar. Məhsul
yığımı iki ay davam edəcək. Qeyd edək ki,
ötən il rayonda 2 min 750 hektar pomidor sahəsindən 70 min
120 ton məhsul toplanılıb.
Bu il çiyələk
yığımında da yüksək məhsuldarlıq
müşahidə edilməkdədir. Şəmkir rayonunun
Muxtariyyə kəndinin sakini Qabil Qasımov 30 hektar sahədə
çiyələk yetişdirdiklərini vurğulayıb. 11
hektarı istixana şəraitində, qalan 19 hektarı isə
açıq sahələrdə becərilir.
Yığılan məhsul elə sahədə çeşidlənərək
qablaşdırılır və satış məntəqələrinə
göndərilir. Əksər hallarda alıcılar məhsulu
gəlib yerindəcə alırlar. Burada əsasən
“Viktoriya”, “Albion” və “Kumoroz” sortları əkilib.
Füzuli rayonunda da istixana kompleksində
yetişdirilən məhsullar daxili bazara
çıxarılmaqla yanaşı, xaricə ixrac olunacaq.
“LBL Qrup” MMC tərəfindən yaradılan kompleksin ümumi ərazisi
16 hektar, istixana təsərrüfatının sahəsi isə
2 hektardır. Kompleksdə əsasən yerli istehsal olan
müasir avadanlıqlar quraşdırılıb. Suvarma, isitmə,
havalandırma sistemləri tam
avtomatlaşdırılmış şəkildə idarə
olunur. Kompleksin fəaliyyətə başlaması ilə ilkin
mərhələdə 30 məcburi köçkün daimi
işlə təmin edilib. Fermer Rüstəm Rüstəmov
bildirib ki, mart ayında əkilən xiyar bitkisinin məhsulu
mayın əvvəlindən yığılmağa
başlanılıb. Təsərrüfatda hər gün orta
hesabla 1-3 ton məhsul yığılır. Ölkə ərazisində
tələbat çox olduğu üçün istehsal olunan
məhsul hələ ki, daxili bazara çıxarılır.
Yaxın günlərdə isə xiyarın Rusiya
bazarlarına ixrac olunması nəzərdə tutulur.
İstixanada yığım prosesi avqust ayına kimi davam edəcək.
Avqust ayında isə pomidor əkini aparılacaq.
Hazırda təsərrüfatın genişləndirilməsi
istiqamətində işlər davam etdirilir. Yaxın günlərdə
daha 2 hektar ərazidə istixananın qurulmasına
başlanacaq. Ümumilikdə isə istixananın sahəsinin
10 hektara, işçilərin sayının isə 30-dan 200-ə
çatdırılması nəzərdə tutulur.
Tovuz rayonunda isə faraş kök
yığımına başlanılıb. Rayonun Hunanlar kəndində
kütləvi becərilən bitki yüksək məhsuldarlığı
ilə seçilir. Kök su sevən olduğundan əsasən,
Kür çayı sahilində yerləşən ərazilərdə
əkilir. Oktyabrda əkilən bitkinin məhsulu aprelin sonlarında
yığılır. Sakinlər bildirirlər ki,
yığım təzə başlanan zaman kökün 1
kiloqramının qiyməti 70-80 qəpik arasında dəyişir.
Hazırda isə sahələrdə kökün qiyməti 50
qəpikdir. Məhsul əsasən paytaxt və Rusiya
bazarlarına göndərilir. Xarici bazara çıxarılan
məhsul kəndin girişində iritonnajlı avtomobillərə
yüklənərək daşınır. Məhsul bol
olduğundan qiymət günbəgün ucuzlaşır və
bunu nəzərə alan sakinlər yığımı tez
yekunlaşdırmağa çalışırlar. Qeyd edək
ki, kənddə 320 hektar sahədə kök əkilib və
yığım iyul ayına qədər davam edəcək.
Ağdaşın kəndli fermerləri çəltik
əkinini də uğurla davam etdirirlər. Sahələrdə
toxum səpini işlərinə mayın əvvəlində
start verilib və indiyədək Cardam, Ovculu, Mürsəl,
Qumlax, Şıxlı, Nəvətava, Hapıtlı kəndlərində
1500 hektar sahədə çəltik əkini aparılıb.
Səpin prosesinin mayın sonunadək başa
çatdırılması nəzərdə tutulur. Ötən
il Ağdaşın 15 kəndində 87 fermer tərəfindən
ümumilikdə 1250 hektar sahədə çəltik
yetişdirilib və 2900 ton məhsul toplanılıb.
Biçilən çəltik rayondakı dəyirmanlarda emal
olunub və keyfiyyətli düyü əldə edilib.
Cari ildə isə rayonda ötən ildəkindən
iki dəfə çox, yəni 2500 hektar sahədə çəltik
əkilməsi nəzərdə tutulur. Kəndlilər hər
hektardan 60-80 sentner məhsul götürəcəklərinə
ümidlidirlər. Çünki ötən həftə səpilən
toxumun bitmə vəziyyəti və suyun bolluğu bunu deməyə
əsas verir. Bu il rayondakı çəltik sahələrindən
təxminən 6 min ton məhsulun yığılması
gözlənilir. Kəndlilər məhsul
yığımına sentyabrda başlayacaqlar.
Ağdaşda çəltik yetişdirmək kənd
sakinlərinin sosial rifahının yüksəlməsinə də
öz müsbət təsirini göstərir. Ona görə də
rayonda bu məhsulun istehsalına maraq ildən-ilə artır.
Çəltik sahələrinin ötən illə müqayisədə
bu il iki dəfə genişləndirilməsi buna əyani
sübutdur.
Pərviz SADAYOĞLU
Yeni Azərbaycan.-
2017.- 25 may.- S.7