Xalq Cümhuriyyətinin yaradılması Azərbaycanın dövlətçilik
tarixinin çox mühüm bir səhifəsidir
Milli Məclisin deputatı Hikmət Babaoğlu
www.yap.org.az saytına müsahibə verib:
-Hikmət müəllim, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan
Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Sərəncam
imzalayıb. Ümumiyyətlə, Azərbaycan tarixinin
şanlı səhifələrindən birini təşkil edən
Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik
tariximizdə yeri və rolu nədən ibarətdir?
-1918-ci ildə Azərbaycan
xalqının ictimai, siyasi, mədəni düşüncəsinin
məhsulu olaraq Azərbaycan Xalq Cümhuriyyəti (AXC)
yarandı. AXC Azərbaycanın beş minillik dövlətçilik
tarixində xüsusi bir həlqədir. 1813-cü və 1828-ci
illərdə baş tutan işğal faktından sonra Azərbaycan
xalqı öz müstəqilliyini
itirmişdi. Çar Rusiyasının tərkibində müstəmləkə
olmaqla çoxsaylı aşınma və repressiyalara məruz
qalmışdı. Bu mərhələdə, həmçinin
Azərbaycanda elmin, təhsilin, müstəqil iqtisadi siyasətin
inkişafı üçün
hər hansı bir şərait olmamış, hətta
xalqımızın qarşısına
müxtəlif maneələr
çıxarılmışdı. Belə olan halda, təqribən
90 il sonra yeni əsrin çağırışlarına –
yeni dövrün tələblərinə uyğun olaraq yeni
bir dövlət qurmaq zərurəti meydana
çıxmışdı. Beləliklə, Azərbaycan Xalq
Cümhuriyyəti yaradılmışdı. Şübhəsiz
ki, AXC-nin yaradılması Azərbaycan dövlətçilik
tarixinin xüsusi bir səhifəsidir. Azərbaycan
xalqının Ümummilli lideri Heydər Əliyev qeyd edib ki,
müsəlman Şərqində ilk demokratik cümhuriyyətin
məhz Azərbaycanda yaranması xalqımızın o
dövrdə – XIX əsrin sonunda və XX əsrin əvvəllərində
milli müstəqillik, azadlıq duyğuları ilə
yaşaması ilə bağlıdır: “O
illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri,
mütəfəkkir adamları, ziyalıları
xalqımızda milli azadlıq, milli müstəqillik
duyğularını gücləndirmiş, milli dirçəliş,
milli oyanış əhval-ruhiyyəsi yaymış və
bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq
Cümhuriyyətinin yaranmasına gətirib
çıxarmışdır”.
Qeyd etmək lazımdır ki, Azərbaycan Xalq
Cümhuriyyətinin yaradılmasının əsasları
xeyli öncədən qoyulmuşdu. Belə ki,
Cümhuriyyətin yaranmasını təmin edəcək ciddi
intellektual, fəlsəfi, sosial və siyasi əsaslar XIX əsrin
ortalarından başlayaraq formalaşdırılmışdı.
Azərbaycan ictimai-mədəni və intellektual mühitində
mühüm yer tutan maarifçilik hərəkatını bu
kontekstdə xüsusi olaraq qeyd etməliyik. Abbasqulu ağa Bakıxanov, Əlimərdan bəy
Topçubaşov, Məhəmməd Əmin Rəsulzadə, Üzeyir Hacıbəyov,
Əli bəy Hüseynzadə, Həsən bəy Zərdabi və
digər maarifçi mütəfəkkirlər o dövrdə
Çar Rusiyasının ictimai-mədəni mühitində fəal
mövqedən çıxış edərək
yeni dövlətçiliyin yaranması üçün mədəni,
ictimai və siyasi əsaslar formalaşdırırdılar.
Əlbəttə ki, o dövrün fədakar maarifpərvər
insanları olmasaydı, Azərbaycan Xalq Cümhuriyyətinin
yaradılması ideyası və məqsədinin gerçəkləşməsi
də xeyli çətin olardı.
Bu dövrdə Çar Rusiyası daxilində
mövcud olan ictimai-siyasi mühit və proseslərin
dinamikası bu siyasi coğrafiyada xalqların milli özünüdərk
və özünəqayıdış amalı ilə hərəkət
etməsini şərtləndirirdi. Bu tarixi mərhələni
Azərbaycan xalqının tarixində passionar təkan mərhələsi
kimi xarakterizə etmək olar. Əlbəttə, bu, təkcə
Azərbaycan xalqının ictimai-siyasi münasibətlərə
fəal cəlb edilməsi ilə bağlı deyildi, Çar
Rusiyası daxilində yaşayan çoxsaylı xalqlarda
passionarlıq özünü göstərirdi. Burada daha çox iki proses müşahidə edilirdi:
birincisi, dini özünüdərk və özünəqayıdış,
ikincisi isə, milli özünüdərk və özünəqayıdış.
Dini özünüdərk və özünəqayıdışdan
bəhs edərkən qeyd etmək lazımdır ki, bu
dövrdə yaranan ictimai və siyasi təşkilatlar
dini həmrəyliyi, özünüdərki və mənafeyini
başlıca prinsip və tezis kimi irəli sürürdülər.
Azərbaycanda yaranan Müsavat Partiyası da ilkin mərhələdə
Çar Rusiyasında yaşayan müsəlmanların
hüquqlarının qorunması
məsələsini fəaliyyət prinsipi kimi müəyyənləşdirmişdi.
Bundan sonra ictimai-siyasi proseslər inkişaf
etdikcə Velikorus şovinizminin təsiri və təzyiqi ilə
yeni əks-təsir platforması formalaşmağa başladı.
Yəni milli özünüdərk və özünəqayıdış
prosesi çərçivəsində xalqların ictimai və
siyasi fəallığının fonunda milliyyətçilik
ideyaları özünü göstərməyə başladı. Təsadüfi deyil ki, elə bu
mərhələdə türkçülük,
islamçılıq və müasirlik fəlsəfəsinə
söykənən cərəyanlar intişar tapdı.
Bütün bunlar 1918-ci ildə qurulan Azərbaycan Xalq
Cümhuriyyətinin ideya əsaslarını
formalaşdırdı.
1917-ci ildə Çar
Rusiyasında baş vermiş inqilabdan sonra
formalaşmış yeni situasiyanın fonunda Azərbaycan Xalq
Cümhuriyyətinin yaranması üçün ictimai-siyasi əsaslar
yarandı. Çar Rusiyasında baş verən hadisələr
nəticəsində Cənubi Qafqazdan Rusiyanın Müəssislər
Məclisinə seçilən deputatlar Petroqrada və Moskvaya
gedə bilmədilər. Onlar 1918-ci il fevralın 14-də
Tiflisdə Zaqafqaziyanın ali hakimiyyət orqanı olan
Zaqafqaziya Seymini, başqa sözlə, Zaqafqaziya Parlamentini
yaratdılar. Zaqafqaziya Seymində Müsəlman
Fraksiyasını Müəssislər Məclisinə
seçkilər zamanı Azərbaycanın, habelə
bütün Cənubi Qafqazın bir milyondan çox
türk-müsəlman seçicisinin səsini qazanmış
44 deputat təmsil edirdi. Zaqafqaziya Seyminin Müsəlman
Fraksiyası faktiki olaraq Zaqafqaziya Müsəlman Şurası,
daha doğrusu, Zaqafqaziya Müsəlman Parlamenti
funksiyasını yerinə yetirirdi. Zaqafqaziya
Seyminin ən aktiv üzvləri olan Azərbaycan nümayəndələri
1918-ci il aprelin 9-da Zaqafqaziya Seyminin - Zaqafqaziyanın müstəqilliyini
elan etdi və Birləşmiş Zaqafqaziya Cümhuriyyəti
yaradıldı. Bununla belə, istər daxili, istərsə də
xarici siyasət sahəsində kəskin ziddiyyətlərin
ortaya çıxması Zaqafqaziya Seymini dağıtdı
və mayın 25-də gürcü nümayəndələr,
mayın 27-də Seymin Müsəlman Fraksiyası Seymdən
ayrıldıqlarını bəyan etdilər. Zaqafqaziya
Müsəlman Şurasının ayrıca iclasında isə
Azərbaycanın müstəqilliyinin elan edilməsinə qərar
verildi. 1918-ci il mayın 27-də keçirilən həmin
iclasda Azərbaycan Milli Şurasının Rəyasət Heyəti
və sədri seçildi. Məhəmməd Əmin Rəsulzadə
Milli Şuranın sədri oldu. Mayın 28-də Həsən
bəy Ağayevin sədrliyi ilə Azərbaycan Milli
Şurasının tarixi iclası keçirildi. İclasda Azərbaycanın
İstiqlal Bəyannaməsi qəbul edildi və Fətəli
xan Xoyski Azərbaycanın müstəqilliyini elan etdi.
Nəhayət, 28 May 1918-ci il tarixində Şərqin
ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin
əsası qoyuldu. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin
100 illik yubileyi haqqında Sərəncamında qeyd
edilmişdir ki, yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti
öz üzərinə götürdüyü çətin
tarixi vəzifəni imkanlarının ən son həddində
çalışaraq şərəflə yerinə yetirdi:
“Azərbaycanın ilk Parlamenti və Hökuməti,
dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri
müəyyənləşdirildi, bayrağı, himni və
gerbi yaradıldı, ana dili dövlət dili elan edildi,
dövlət quruculuğu sahəsində ciddi tədbirlər
həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin
edildi, qısa müddətdə yüksək döyüş
qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə
və demokratik prinsiplərə uyğun dövlət
orqanları quruldu, maarifin və mədəniyyətin
inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın
ilk universiteti təsis olundu, təhsil milliləşdirildi,
xalqın sonrakı illərdə mədəni yüksəlişi
üçün zəmin hazırlayan, ictimai fikir tarixi
baxımından müstəsna əhəmiyyətli işlər
görüldü”.
-Şərqdə ilk demokratik respublika olan Azərbaycan
Xalq Cümhuriyyəti dövründə qəbul edilmiş qərarların
önəmini necə qiymətləndirirsiniz?
-Azərbaycan Xalq Cümhuriyyətinin
yaradılması və fəaliyyəti ilə müstəqil
dövlətçiliyimizin hüquqi, siyasi, ideoloji, mədəni
və tarixi əsasları müəyyənləşdirildi. Cəmi 23 ay yaşayan Cümhuriyyət dövlət
quruculuğu sahəsində mühüm qərarları ilə
yadda qaldı, parlamentarizm ənənələri
formalaşdırıldı, idarəetmənin hüquqi əsasları
yaradıldı. Prezident İlham Əliyevin yuxarıda bəhs
olunan Sərəncamında diqqətə
çatdırılıb ki, mövcudluğunun ilk
günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi
prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti
bütün ölkə vətəndaşlarına eyni
hüquqlar verərək irqi, milli, dini bərabərsizliyi
ortadan qaldırdı: “Cümhuriyyət parlamentinin il
yarımlıq fəaliyyəti boyunca qəbul etdiyi qanunlar
milli dövlətin müstəqilliyinin möhkəmləndirilməsinə,
siyasi və iqtisadi inkişafa, mədəniyyət və maarif
sahələrində sürətli irəliləyişə
imkan verdi. Azərbaycan Xalq Cümhuriyyəti daim
sülhsevər siyasət apararaq bütün dövlətlərlə
qarşılıqlı əməkdaşlıq əlaqələri
yaratmağa və bir-birinin hüquqlarına hörmət
prinsipləri əsasında münasibətlər qurmağa cəhd
göstərirdi. Dünya birliyi tərəfindən
tanınmış Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində
Azərbaycanın beynəlxalq hüququn subyekti olması
1920-ci ilin aprel ayındakı bolşevik işğalından
sonra Azərbaycanın bir dövlət kimi dünyanın
siyasi xəritəsindən silinməsinin
qarşısını aldı”.
Maraqlı bir nüansı diqqətə
çatdırmaq lazımdır. Belə ki, həmin
dövrdə qəbul edilən qərarlardan biri İrəvanın
ermənilərə güzəştə gedilməsi oldu.
Əslində, bu qərar 1903-1905-ci illərdən
başlayaraq 1918-ci ilə qədər davam edən ermənilərin
azərbaycanlılara qarşı terror və
soyqırımı aktlarından xilas olmaq cəhdi idi.
Cümhuriyyətin qurucuları düşünürdülər
ki, bununla erməni problemindən qurtulacaqlar və hərbi-siyasi
konfliktlər başa çatacaq.
Amma bu, özünü doğrultmadı, hətta müəyyən
mərhələlərdə biz erməni məsələsinin
daha da kəskinləşdiyini müşahidə etdik.
-Olduqca mürəkkəb bir tarixi dönəmdə
və geosiyasi şəraitdə yaranan Azərbaycan Xalq
Cümhuriyyətinin xarici siyasəti, beynəlxalq əlaqələri
barədə nə deyə bilərsiniz?
-Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki
yeri və rolundan bəhs edərkən onun beynəlxalq əlaqələrinə,
xarici siyasətinə də ayrıca nəzər yetirmək
lazımdır. Məlumdur ki, indi islamofobiya kimi
təzahür olunan meyillər o dövrdə də
özünü göstərirdi, türk-müsəlman
dövlətlərinə qarşı çıxış edən,
bu ölkələrin güclənməsini istəməyən
Qərb ölkələri diktə edən tərəf kimi AXC
də daxil olmaqla türk-müsəlman siyasi
coğrafiyasında güclü, müstəqil dövlətin
fəaliyyət göstərməsini istəmirdilər. Belə bir şəraitdə Cümhuriyyətin
qurucuları və dövlət xadimləri,
diplomatlarımız çox böyük fədakarlıq
göstərərək AXC-nin beynəlxalq müstəvidə
tanınması uğrunda gərgin fəaliyyət göstərdilər
və uğurlu nəticələrin əldə
olunmasını təmin edə bildilər. Artıq 1919-cu ilin sonlarında Azərbaycan Xalq
Cümhuriyyəti 20-dən çox ölkə ilə
diplomatik əlaqələr yaratmışdı. Parlament sədrinin
uzunmüddətli səyləri və fəaliyyətinin nəticəsi
kimi, Versal Ali Şurası tərəfindən 1920-ci ilin
yanvarında Azərbaycanın de-fakto müstəqil dövlət
kimi tanınmasına nail olundu. Bu prosesdə Paris Sülh
Konfransı və orada qəbul olunan qərarlar da mühüm
rol oynadı. Çox təəssüf ki, 1920-ci il aprel ayının
28-də AXC yenidən rus-bolşevik işğalı nəticəsində
öz müstəqilliyini itirdi. Ancaq buna baxmayaraq, bu dövlət
Azərbaycanın dövlətçilik tarixində öz
rolunu oynamaqla növbəti siyasi proseslər üçün
mühüm zəmin və siyasi-hüquqi miras yaratdı.
- Bəs AXC-nin Azərbaycanın dövlətçilik
tarixindəki rolunun daim xatırlanması və təbliğ
olunmasının əhəmiyyəti nədən ibarətdir?
Azərbaycan dövlətçiliyini,
milli maraqlarımızı hər şeydən üstün
tutan böyük dövlət xadimi, xalqımızın
Ümummilli lideri Heydər Əliyev hər zaman Azərbaycan
Xalq Cümhuriyyətinin ölkəmizin müstəqillik
tarixində mühüm yerə malik olduğunu bildirirdi.
Ulu öndər Heydər Əliyev müasir Azərbaycan
dövlətinin məhz 1918-ci ildə yaranmış Azərbaycan
Xalq Cümhuriyyətinin varisi olmasını dəfələrlə
bəyan edib. Təsadüfi deyil ki, Azərbaycan Xalq
Cümhuriyyətinin üçrəngli bayrağının
ilk dəfə Naxçıvan Muxtar Respublikasında
qaldırılması Ümummilli liderin adı ilə
bağlıdır. Bundan başqa, Ordu Günü, Respublika
Günü və bu kimi digər tarixlərin məhz
Cümhuriyyət dövrü əsasında müəyyənləşdirilməsi
də ayrıca qeyd edilməlidir. Bunlar özlüyündə
milli yaddaşın bərpası, milli özünüdərkin
təşviqi olmaqla yanaşı, həm də Cümhuriyyət
dəyərlərinə, onun qurucularına olan dəyərin,
hörmət və ehtiramın nümunəsidir.
Qeyd etdiyimiz kimi, Ulu öndər
Heydər Əliyevin müasir Azərbaycan dövlətini məhz
1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin
varisi elan etməsi ölkəmizin beynəlxalq ictimaiyyətə
tanıdılması baxımından da müstəsna əhəmiyyətə
malikdir. Çünki bununla dünya ictimaiyyəti görür
və dərk edir ki, Azərbaycanın zəngin dövlətçilik
tarixi və ənənələri var, müasir müstəqil
Azərbaycan zəngin dövlətçilik ənənələri
əsasında formalaşıb.
Ona görə də AXC-nin Azərbaycanın
dövlətçilik tarixindəki rolu daim xatırlanır,
Cümhuriyyət rəhbərlərinin xatirəsi əziz
tutulur. Ümummilli lider Heydər Əliyev və Prezident
İlham Əliyev tərəfindən qəbul edilən qərarlar
bunu aşkar şəkildə ifadə edir. Ulu öndər Heydər Əliyevin Azərbaycan Xalq
Cümhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında,
Azərbaycan Xalq Cümhuriyyətinə abidə
ucaldılması haqqında sərəncamları, eləcə
də Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin
90 illik yubileyi, həmçinin Cümhuriyyətin 100 illik
yubileyi, Məhəmməd Əmin Rəsulzadənin 130
illik yubileyinin keçirilməsi haqqında sərəncamları
bu qəbildən olan nümunələr sırasında
xüsusi olaraq qeyd edilməlidir.
Onu da qeyd etmək lazımdır
ki, bu gün Xalq Cümhuriyyətinin varisi olan müasir Azərbaycan
beynəlxalq müstəvidə öz müstəqil siyasəti
və zəngin dövlətçilik ənənələri
ilə təmsil olunur. Ümummilli lider Heydər Əliyevin
ideyaları və Prezident İlham Əliyevin siyasəti
nəticəsində hazırda beynəlxalq arenada özünə
layiqli yer tutan Azərbaycan həm Cümhuriyyət dəyərlərini
yaşadır, həm də öz müstəqil siyasəti ilə
fərqlənir. Bütün bunların fonunda
iki başlıca nüans özünü göstərir:
birincisi, hər kəs aydın dərk edir ki, Azərbaycan
dövlət qurmağı və onu müstəqil şəkildə,
məharətlə idarə etməyi bacarır. İkincisi isə,
istər həyata keçirilən müstəqil siyasət,
istərsə də dövlətçilik ənənələrinin
yaşadılması Azərbaycan cəmiyyətində fərdlərin
özlərini dövlətlə identifikasiya etməsini şərtləndirir.
Prezident İlham Əliyevin bəhs olunan Sərəncamında
bütün bu məsələlər öz əksini
tapıb. Sərəncamda qeyd edilib: “Azərbaycan
Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı
üçün qarşıya qoyduğu məqsədlərə
tam müvəffəq ola bilmədən süquta uğrasa da,
onun şüurlarda bərqərar etdiyi müstəqillik
ideyası unudulmadı. Azərbaycan xalqı ötən
dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bildi. Ümummilli lider
Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi
siyasət xalqımızın tarixi-mədəni
yaddaşını özünə qaytararaq milli mənlik
şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi
işığında müstəqillik arzularının
güclənməsi və yaxın gələcəkdə
yenidən həqiqətə çevrilməsinə zəmin
yaratdı”.
Doğrudan da, hər bir xalqın əldə
etdiyi nailiyyətlər həm də onun milli və tarixi
yaddaşı ilə əsaslandırılır.
Xalqımızın milli yaddaşında min illərlə
ölçülən dövlətçilik şüuru
hakimdir. Bu ənənələrin qorunması və gələcək
nəsillərə ötürülməsi də tarixi
mirasımıza sahib çıxmaqdan, onu yaşatmaqdan
keçir. AXC-nin 100 illik yubileyi ilə bağlı Prezident
İlham Əliyevin imzaladığı Sərəncam da məhz
bu məqsədə xidmət edir.
Yeni Azərbaycan.-2017.- 26 may.-S.4.