Auqsburqda Azərbaycan
multikulturalizmi ehtişamı
Fəaliyyətə
başladığı müddət ərzində dünyaya
Azərbaycan multikulturalizminin özündə başqa xalqlara
və fərqli dinlərin daşıyıcılarına
sevgi, şəfqət və hörmət ehtiva edən layihələrini
“ixrac edən” Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
(BBMM) budəfəki hədəfi Azərbaycanın gənc dostlarının
təşəbbüsünü layiqincə dəyərləndirərək
Almaniyanın Auqsburq Universiteti ilə birgə Ulu Öndərin
xatirəsinə qiymətli töhfə vermək idi.
10-11 may
tarixində “Heydər Əliyev-gənclik-multikulturalizm”
mövzusunda beynəlxalq nəzəri-praktik konfransın
keçirilməsi ideyası Azərbaycanın Gənc
Dostlarından gəlmişdi. Ad təsadüfi seçilməmişdi:
Avropa, Asiya və Amerikadan gələrək gəncliyin dostu,
Azərbaycan multikulturalizminin siyasi banisi, ulu öndər Heydər
Əliyevin işığına toplaşan Azərbaycanın
gənc dostları bir daha mənəvi həmrəyliyin
dastanını yazdılar. Azərbaycan multikulturalizmi modeli bu
dəfə Almaniyada öz çətirinin altına ABŞ,
Yunanıstan, Litva, Rusiya, İndoneziya, Estoniya, İsrail,
Portuqaliya, Türkiyə, Bolqarıstan, İtaliya, Polşa,
Almaniya, Gürcüstan, İsveçrə, Makedoniya,
Çexiya, Rumıniya, Efiopiya kimi ölkələrin
intellektual gənclərini topladı. Bu toplanmanın isə
sadə və təbii səbəbi vardı: Azərbaycana,
onun multikulturalizm modelinə sevgi və ehtiram!
Auqsburq -
dünyanın multikultural mərkəzlərindən biri
Niyə məhz Auqsburq? Konfransın
keçirilməsi üçün Bavariyanın cənub-qərbində
yerləşən sakit, təmiz və parlaq yaşıl
tablonu xatırladan, universitet şəhəri qədim Auqsburq
təsadüfi seçilməmişdi. Əvvəla,
Auqsburqda yerləşən eyniadlı universitetdə indiyə
qədər Azərbaycan multikulturalizmi fənni tədris
edilmişdi. Bundan əlavə Auqsburq təkcə
Almaniyanın deyil, eləcə də dünyanın
multikultural mərkəzlərindən sayılır.
Yaranma
tarixi Roma imperiyasının eradan əvvəlki rəqəmlərinə
qədər uzanan və dünyanın ən yaşıl
şəhərlərindən biri olan Auqsburq həm də
lüteran, katolik və protestantların bir arada yaşaması
ilə bağlı tarixi anlaşmaya ev
sahibliyi etmiş şəhərdir. 1555-ci ildə
imzalanmış həmin sənədə əsasən,
lüteranlıq rəsmi olaraq tanınıb. Tarixdə “konfessial epoxa” kimi adlandırılan bu
dövrdən sonra Auqsburq nəinki lüteran və
protestantların, həmçinin katoliklər, pravoslavlar,
iudaistlər və müsəlmanların əsrlərdir dinc
şəkildə bir arada yaşadığı tolerantlıq
örnəyi kimi tanınır. Bütün
bunları nəzərə alaraq, zəngin tarixə malik Azərbaycan
multikulturalizm modelinin Auqsburqda təqdimatı həm bu istiqamətdə
qarşılıqlı təcrübə mübadiləsi, həm
multikultural və tolerantlıq sahəsində yeni üfüqlərin
açılması baxımından xüsusilə əlamətdardır.
Azərbaycan multikulturalizminin mahiyyətində öz tarixi
multikultural dəyərlərini dünyaya nümayiş etməklə
yanaşı, dünyadakı mövcud tolerantlıq dəyərlərlə
də tanış olmaq, öyrənmək
və fərqli nüansları əxz etmək dayanır. BBMM dünya gənclərinə təkcə öz
xalqının multikultural dəyərlərini deyil, həm də
dünya ölkələrinin mənəvi multikultural sərvətini
tanıtmağı qarşısına hədəf qoyub.
Bu da Azərbaycan multikulturalizmi modelinin
unikallığıdır: başqasının dəyərlərinə
də eynən öz mənəvi irsinə olan kimi
sayğıyla, sevgiylə yanaşmaq, təbliğ və təşviq
etmək!
Azərbaycan
multikulturalizmi ədəbi-bədii, ictimai-siyasi və
interkultural müzakirə obyekti kimi
Konfransın zəngin proqramı konseptual olaraq
multikulturalizmlə bağlı demək olar ki, bütün mətləbləri
əhatə edirdi. Azərbaycanın Gənc Dostlarının konfransın
proqramı ilə bağlı təkliflərinə başda
BBMM-in Himayəçilər Şurasının sədri,
akademik Kamal Abdullayev olmaqla, qurumun kollektivi xüsusi həssaslıqla
yanaşdı. Yəqin ki, məhz bu səbəbdən “Heydər
Əliyev-gənclik-multikulturalizm” beynəlxalq
konfransının gündəliyi aktual ictimai-siyasi, ədəbi
–bədii, interkultural, etnik-konfessial mövzuları əhatə
etmək baxımından rəngarəng palitranı
xatırladırdı: “Heydər Əliyev və Azərbaycan gəncliyi”,
“Prezident İlham Əliyev və Azərbaycan multikulturalizmi”,
“Azərbaycan multikulturalizmi Auqsburqda”, “Azərbaycan
multikulturalizminin siyasi qaynaqları (XVII əsr), “Heydər
Əliyev və multikultural dəyərlər”, “Azərbaycan
multikulturalizminin İndoneziyada tədrisi”, “Dinlərarası
harmoniya: lüteranlıq Azərbaycanda”, “Azərbaycanın Gənc
Dostları Klubu necə yarandı - il ərzində
gördüyü işlər və qarşıda duran vəzifələr”,
“Fridrix Rükert və Azərbaycan”, “Azərbaycanın Gənc
Dostları Klubu - dünya gəncləri ilə ünsiyyətin
yeni mərhələsi”, “İslam Həmrəyliyi İli”
“Multikulturalizm İli”nin məntiqi davamı kimi”, “Azərbaycanda
keçirilən multikulturalizm yay və qış məktəblərinin
əhəmiyyəti”, “Kitabi- Dədə Qorqud və Nibelunqlar
nəğməsi-müştərək təhlil təcrübəsi”,
“Azərbaycan multikulturalizmi modelinin Avropa modeli ilə
müqayisəli təhlili”, “Musiqidə multikulturalizm: müxtəlifliklər
arasında körpü”...
Ən maraqlı və qürurverici amil o idi ki, bu
mövzularda məruzə və müzakirələri Azərbaycanın
Gənc Dostları təqdim edirdilər. Bu yerdə akademik Kamal
Abdullayevin vaxtilə səsləndirdiyi fikirlər yerinə
düşür: “Bizim hədəfimiz odur ki, Azərbaycanın
problemlərini və həqiqətlərini bizdən öncə
dostlarımız dilə gətirsin. Azərbaycanın
Gənc Dostları Klubu sübut edir ki, biz
dostlarımızı doğru seçmişik”.
Azərbaycan Prezidenti İlham Əliyevin
apardığı multikulturalizm siyasəti müsbət nəticələr
verməkdədir. “Heydər Əliyev-gənclik-multikulturalizm”
beynəlxalq konfransı həmin siyasətin ən dəyərli
bəhrəsi kimi sübut edir ki, biz artıq dünyada
aparıcı gənclərdən ibarət güclü azərbaycansevər
lobbi formalaşdırmağı bacarmışıq.
Azərbaycanın
Gənc Dostları Klubu: azərbaycansevər dünya gənclərinin
möhtəşəm ünsiyyət platforması
2016-cı
ilin yayında BBMM-in və Azərbaycan Respublikasının
Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı
ilə keçirilən, 16 ölkədən 50-dən
çox tələbənin qatıldığı
“Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və
dini dəyərlər” adlı III Beynəlxalq multikulturalizm məktəbi
layihəsi çərçivəsində Litva Pedaqoji
Universitetinin gənc elmi işçisi Salomeya Lukayte və
Yunanıstanın Afina Universitetinin tələbəsi Dimitrios
Asproulisin təşəbbüsü ilə yaradılan “Azərbaycanın
Gənc Dostları Klubu” adlı İctimai Birliyin hazırda
xarici gənclər və ziyalılardan ibarət 200-dən
artıq üzvü var. Birliyin üzvləri Azərbaycanın
multikulturalizm modeli, mədəniyyəti, tarixi -
bütövlükdə haqq işinin dəstəklənməsi
və Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə
çatdırılması istiqamətində səmərəli
fəaliyyət göstərir. Klub
yarandığı qısa müddət ərzində önəmli
layihələrə imza atıb. Haqqında
söhbət gedən “Heydər Əliyev-gənclik-multikulturalizm”
beynəlxalq konfransının təşkili isə Azərbaycanın
gənc dostlarının növbəti mənəvi birliyinin
parlaq təcəssümü oldu. Bu konfrans
vasitəsilə dünyanın müxtəlif ölkələrindən
gələn gənclər Azərbaycanın multikulturalizm
modeli, ölkədəki tolerant mühit və bu istiqamətdəki
uğurlu dövlət siyasəti haqqında fikirlərini, eyni
zamanda, təəssüratlarını bir-biri ilə
bölüşdülər. Azərbaycanın
gənc dostları həmişə ölkəmizdə əyani
şahid olduqları multikultural dəyərləri bu dəfə
ölkəmizdə deyil, Avropada beynəlxalq ictimaiyyətə
çatdırdılar. Öz təşəbbüsləri,
eyni zamanda BBMM və Auqsburq Universitetinin birgə təşkilatçılığı
ilə keçirdikləri konfrans vasitəsilə
isbatladılar ki, Azərbaycan xalqı və dövləti
ölkə ərazisində əsrlərdən bəri
mövcudluğunu sürən etnik, dini fərqliliyə bəslədiyi
sevgi, şəfqət və qayğıya görə,
ümumiyyətlə, misilsiz multikultural dəyərləri,
unikal multikulturalizm modeli ilə dərin ehtirama layiqdir. Konfransın sonunda onların Azərbaycan Prezidentinə
ünvanladıqları müraciətdə bu ehtiram və
sevgi yüksək səviyyədə öz ifadəsini
tapdı.
“Odlar
diyarına sonsuz sevgi ilə...”
Sözügedən beynəlxalq konfrans BBMM-in indiyə qədər
həyata keçirdiyi layihələrin növbəti pik
nöqtəsi idi. Zirvələrə aparan yol isə zəhmətsiz
və rahat olmur. Bu konfransa qədər gətirən
yollar BBMM-in 3 illik fəaliyyətinə əsaslanaraq qət
edilib. Bu yola çıxmaq öncə “Azərbaycan
multikulturalizmi” fənninin ölkəmizin və dünyanın
aparıcı universitetlərində tədrisi layihəsinə
start verməklə başlanmışdı. Bu
da qısa müddətdə həllini tapan məsələ
deyildi; bu fənni tədris edəcək müəllimlərin
hazırlanması, vaxtaşırı tədrisin keyfiyyətini
yoxlamaq məqsədilə monitorinqin aparılması vaxt və
əmək tələb edirdi. İlkin mərhələni
7 xarici ölkə universitetində Azərbaycan
multikulturalizminin tədrisini həyata keçirməklə
başlayan BBMM-in səmərəli fəaliyyəti nəticəsində
bu rəqəm artaraq indi 20-dək dünya universitetini, Azərbaycanın
isə 40 ali təhsil müəssisəsini əhatə edir. Bu gün nüfuzlu xarici ölkə universitetləri
özləri Azərbaycan multikulturalizminin tədrisində
maraqlıdırlar. Mütəmadi BBMM-ə
bununla bağlı müraciətlər olur və təkliflər
dəyərləndirilir.
Sonrakı mərhələlərdə Azərbaycan
multikulturalizmi kursunun dinləyicilərinin iştirakı ilə
BBMM və Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun birgə təşkilatçılığı
ilə beynəlxalq multikulturalizm yay və qış məktəbləri
baş tutub. Beləliklə,
Azərbaycan multikulturalizmini nəzəri şəkildə
öyrənən tələbələr ölkəmizə gələrək
buradakı multikultural mühiti öz gözləri ilə
görmək imkanı qazanıblar. Bütün
bunların nəticəsində həmin əcnəbi gənclər
sonradan bu dəyərləri təbliğ və təşviq
etməyi özlərinə borc bilərək öz təşəbbüsləri
ilə Azərbaycanın Gənc Dostları Klubunu ərsəyə
gətiriblər. Yarandıqları vaxtdan bir il ötməmiş
Ausburqda BBMM ilə birgə konfrans keçirmək kimi
böyük bir missiyanı sevgi ilə öz üzərlərinə
götürdülər və buna uğurla nail oldular. Və
işin ən önəmli nöqtəsi də məhz bu idi -
bu gənclər Azərbaycan multikulturalizmini nəzəri-praktik
şəkildə öyrənərkən bu modeldən
gördükləri və əxz etdikləri böyük
sevgini nümayiş etdirdilər. Təbii prosesdir - nə qədər
çox sevgi, diqqət, şəfqət alırsansa, o qədər
çox da bəxş edirsən. Bu sevgi hər
yerdə, hər şeydə özünü göstərirdi:
İmas Xoyrun Nisanın konfransa yetişmək
üçün İndoneziyadan Almaniyaya 12 saatlıq təyyarə
yolçuluğunda, “Ürəyim də, ruhum da Azərbaycana
aiddir, mən azərbaycanlıyam” deyərək Prezident
İlham Əliyevin multikulturalizm siyasətindən söz
açan estoniyalı tələbə
İrina Kovzanoviçin mehriban baxışlarındakı
şəfəqdə, bütün konfrans boyu yaxasında Azərbaycan
bayrağını əks etdirən döş
nişanını qürurla gəzdirən ABŞ-lı
analitik Peter Teysin məruzəsində, almaniyalı professorlar
Klaus Volf və Hendrik Buşotenin böyük entuziazmla Azərbaycan
ədəbiyyatı ilə bağlı
nümayiş etdirdikləri zəngin məzmunlu təqdimatlarda,
rusiyalı professor Aleksandr Nesterovun ölkəmizin tarixi ilə
bağlı həvəslə apardığı
araşdırmada, Azərbaycan multikulturalizmini Avropa
multikulturalizmi ilə müqayisəli təhlil edən və
üstünlüyü Azərbaycan modelinə verən
italiyalı gənc tədqiqatçı Andrea
Kominçininin, eləcə də digər xarici tələbələrin
şövqlü çıxışlarında, Dr. Oleq Kuznetsovun Azərbaycan və Avropa multikultural
modellərinin anlayış fərqlilikləri ilə
bağlı təqdim etdiyi sanballı tədqiqat
yazısında, professor David Qotsiridzenin Azərbaycan və
Gürcüstanın ümumi taleyi ilə bağlı
açdığı müzakirədə - ümumiyyətlə,
bütün konfransın ruhunda möhtəşəm bir sevgi
- Azərbaycan sevgisi boy göstərirdi!
Layihə başa çatanda Azərbaycanın
gənc dostları Almaniyadan göz yaşları içində
bir-birlərinə sarılaraq həmişə könüllərini
isidən Odlar diyarına sonsuz sevgi ilə ayrıldılar: təbii
ki, gələcəkdə daha möhtəşəm layihələrdə
yenidən bir araya gəlmək arzusuyla!
Sevinc Mürvət
Yeni Azərbaycan.-
2017.- 27 may.- S.11.