Azərbaycanda reallaşdırılan mühüm yol-nəqliyyat layihələri nəticəsində həm ölkə əhəmiyyətli, həm də şəhər, rayon, qəsəbə və kənddaxili yollar müasir səviyyədə yenidən qurulur

 

Bakıətrafı qəsəbələrdə abadlıq və quruculuq işlərinin tərkib hissəsi olan yolların müasirləşdirilməsi layihələri bu gün uğurla icra edilir

Bu gün öz inkişafına görə regionun lider dövləti olan Azərbaycanda bütün sahələrdə uğurlar əldə edilib. Bunun kökündə dayanan başlıca səbəblərdən biri də uğurla reallaşdırılan Dövlət proqramlarıdır. Məlum olduğu kimi, müvafiq Dövlət proqramları çərçivəsində 2004-cü ildən bu günə qədər Azərbaycanın bütün regionlarında əsas infrastruktur layihələri icra edilib ki, bu sırada yol infrastrukturu da var.

Onu da qeyd edək ki, yol infrastrukturunun yenilənməsi istiqamətində həyata keçirilən işlərdən paytaxt Bakı və ətraf rayonlara da pay düşüb. Daha doğrusu, vətəndaşların rahat gediş-gəlişini təmin etmək, yük və sərnişin daşınmasını yaxşılaşdırmaq istiqamətində Prezident İlham Əliyevin verdiyi tövsiyə və tapşırıqlara əsasən, ölkə ərazisində 40 kənd və qəsəbələrarası avtomobil yolunun yenidən qurulması işləri sürətlə və yüksək keyfiyyətlə davam etdirilir ki, bu sırada Bakı və onun rayonlarında görülən işləri də vurğulamaq yerinə düşər.

Yəni dövlətimizin başçısının tapşırığı ilə Bakı və Bakıətrafı qəsəbələrdə abadlıq və quruculuq işlərinin tərkib hissəsi olan yolların müasirləşdirilməsi layihələri bu gün uğurla icra edilir. Son dövrlərdə Azərbaycanda reallaşdırılan mühüm yol-nəqliyyat layihələri nəticəsində həm ölkə əhəmiyyətli, həm də şəhər, rayon, qəsəbə və kənddaxili yollar müasir səviyyədə yenidən qurulur. Bu layihələr paytaxtın bütün rayon və qəsəbələrini, o cümlədən Pirallahını əhatə edir. Məsələn, verilən məlumata görə, Qala-Pirallahı avtomobil yolunun Pirallahı körpüsünün girişinə qədər 1 kilometr uzunluğunda olan yanaşma yolunun yenidən qurulması işləri “Azəravtoyol” ASC tərəfindən yekunlaşıb.

ASC-nin mətbuat xidmətindən bildirilib ki, yenidənqurma işləri çərçivəsində yolun eni 7 metrdən 22-i metrə qədər və dənizə doğru genişləndirilib, 25 metr enində karbonat materialından istifadə edilərək yeni yol yatağı, qum-çınqıl və optimal-qırmadaş qarışığından ibarət isə yol əsasının inşası işləri aparılıb. Daha sonra yolboyu 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib. Ümumilikdə isə 19 min kvadratmetr əraziyə 12 santimetr qalınlığında asfalt-beton örtüyü salınıb.

Layihə çərçivəsində sözügedən hissədə yol 2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarətdir. Yolun hərəkət hissəsinin eni 16 metr təşkil edir. Buna paralel olaraq yolboyu 1,5 metr enində piyada səkiləri, 2-3 metr enində ayırıcı zolaq inşa olunub. Ümumilikdə 3300 kvadratmetr piyada səkisi tikilib, səkilərin və yol ayrıcının kənarlarına isə 6350 poqonmetr yeni səki daşı düzülüb. Həmçinin yolboyu 480 metr uzunluğunda yeni istinad divarı inşa edilib.

Pirallahıdan söz düşmükən, məlum olduğu kimi, mayın 11-də Pirallahı qəsəbəsindəki Səməd Vurğun küçəsinin yenidənqurmadan sonra açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verilib ki, dövlətimizin başçısının “Bakı şəhəri Pirallahı rayonunun qəsəbədaxili avtomobil yollarının yenidən qurulması ilə bağlı tədbirlər haqqında” 2016-cı ilin iyulunda imzaladığı Sərəncama əsasən qəsəbənin mərkəzi Səməd Vurğun küçəsinin yenidən qurulması “Azəravtoyol” ASC tərəfindən icra edilib. Uzunluğu 8 kilometr olan 4 zolaqlı yolun yenidənqurmadan əvvəlki eni 6-7 metr olub. Yenidənqurmadan sonra isə yolun eni 18 metrə çatdırılıb. Bu isə nəqliyyat vasitələrinin rahat hərəkətinə, piyadaların təhlükəsizliyinin təmin edilməsinə, eyni zamanda, tıxacların qarşısının alınmasına geniş imkan yaradır.

Yenidən qurulan avtomobil yolu Pirallahı körpüsü və Pirallahı-Qala avtomobil yolundan istifadə etməklə, qəsəbə sakinlərinin Heydər Əliyev prospekti vasitəsilə Bakı şəhərinin mərkəzinə, eləcə də Heydər Əliyev Beynəlxalq Aeroportuna, Şüvəlan, Mərdəkan, Buzovna, Bilgəh və digər qəsəbələrə rahat çıxışına imkan verir. Beləliklə, bu yolun müasir səviyyədə yenidən qurulması ilk növbədə sakinlərin rahatlığını təmin edəcək, nəqliyyat vasitələrinin təhlükəsiz və maneəsiz hərəkətinə imkan yaradacaq. Bununla yanaşı, layihənin icrası ümumilikdə rayonun sosial-iqtisadi inkişafına böyük töhfə verəcək.

Həmin gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxtın Pirallahı rayonunda yeni körpünün açılışında da iştirak ediblər. “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov dövlətimizin başçısına məlumat verib ki, dəniz dalğaları Pirallahı qəsəbəsini sahillə birləşdirən avtomobil yolunu yuyub sıradan çıxarırdı. Bunun qarşısını almaq üçün Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə təsdiq edilmiş “Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Pirallahı adasını sahillə birləşdirən yeni müasir körpü inşa edilib. Layihənin icrası nəticəsində gəmilərin körpünün altından sərbəst hərəkəti təmin olunub. Yeni körpü Qala-Pirallahı avtomobil yolunun 23-cü kilometrində yerləşir. Körpünün uzunluğu 422, eni 14, hərəkət zolağının eni isə 12 metrdir.

Pirallahı körpüsünə girişdə yanaşma yolunun uzunluğu 1,1 kilometrdir. Yolun köhnə eni 7 metr olub, yenidənqurmadan sonra 25 metrə çatdırılıb. Dördzolaqlı yolun hərəkət hissəsinin eni 16 metrdir. Pirallahı körpüsündən çıxışda yanaşma yolunun uzunluğu isə 850 metrdir. Bu yolun eni 15, hərəkət hissəsinin eni isə 12 metrdir.

Qeyd edək ki, bu layihənin icrası paytaxtın, eləcə də Bakının qəsəbə və kəndlərinin sakinlərinin sosial məsələlərinin həlli istiqamətində atılan addımların ardıcıl xarakter aldığını bir daha nümayiş etdirir. Bundan sonra rayon sakinləri Pirallahını sahillə birləşdirən daha təhlükəsiz yol infrastrukturundan istifadə edəcəklər. Bu körpünün istifadəyə verilməsi həm də, ümumilikdə, paytaxtımızın yol-nəqliyyat sisteminin müasirləşdirilməsi baxımından da mühüm əhəmiyyətə malikdir.

“Azəravtoyol” ASC-nin mətbuat xidmətidən verilən məlumata görə, Bakı şəhərində bu çərçivədə icra olunan layihələrdən biri də 10,3 kilometr uzunluğunda olan Binəqədi-Mehdiabad-Fatmayi-Görədil avtomobil yoludur. Vətəndaşların rahat gediş-gəlişini təmin etmək, yük və sərnişin daşınmasını yaxşılaşdırmaq məqsədilə uzunluğu 3,9 kilometr olan Binəqədi-Mehdiabad avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib. Belə ki, eni 9-11 metr arası dəyişən yolun yenidən qurulması işləri çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan hissələrdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb. Daha sonra qazılmış ərazilərə karbonat materialı tökülərək kipləşdirilib və yolun hərəkət hissəsinin asfaltlanması işləri aparılıb.

İki hərəkət zolaqlı olan yola ikiqat olmaqla 12 santimetr qalınlığında yeni asfalt-beton örtük döşənib. Ümumilikdə yolun Binəqədi-Mehdiabad hissəsinin 42 min kvadratmetr sahəsi asfaltlanıb. Bundan başqa, yolun yaşayış məntəqələrindən keçən hissələrində 2,5 metr enində yeni piyada səkiləri inşa edilib. Səkilərin kənarlarına 7700 poqonmetr səki daşları düzülüb, hərəkət hissəsi asfaltlanıb. Yolun yenidən qurulması işləri yekunlaşdıqdan sonra zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılıb, həmçinin yol-cizgi və yolgöstərici xətlərinin çəkilişi işləri aparılıb. Növbəti mərhələdə isə Mehdiabad-Fatmayi-Görədil avtomobil yolunun əsaslı şəkildə təmiri nəzərdə tutulub.

Bu məqamda qeyd edək ki, Prezident İlham Əliyev mayın 15-də “Abşeron rayonunun Mehdiabad-Fatmayi-Görədil avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, on altı min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Mehdiabad-Fatmayi-Görədil avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 1,8 milyon manatı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Yol infrastrukturunun yenilənməsi ilə bağlı işlər Binəqədi rayonu ərazisində də uğurla davam etdirilir. Belə ki, uzunluğu 14 kilometr olan Binəqədi-Novxanı avtomobil yolunun 6,5 kilometrlik hissəsinin yenidən qurulması işləri “Azəravtoyol” ASC tərəfindən artıq yekunlaşıb.

ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, ümumilikdə yolun sözügedən hissəsinin 80 min kvadratmetr sahəsinə ikiqat olmaqla yeni asfalt-beton örtük döşənib. Ərazinin Binəqədi qəsəbəsindən keçən 1,2 kilometrlik hissəsində 1,5 metr enində yeni piyada səkiləri inşa edilib, yeni səki daşları düzülüb və işıq dirəkləri quraşdırılıb.

Məlumata əsasən, hazırda Binəqədi-Novxanı-Corat avtomobil yolunun qalan 8 kilometrlik hissəsində isə təmir-tikinti işləri aparılır. İşlər çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq ərazidən daşınır, zəruri olan yerlərdə yol yatağının bərkitmə işləri görülür. Bundan öncə isə bu hissədə aidiyyəti qurum tərəfindən yeni su və kanalizasiya xətlərinin çəkilişi işləri başa çatdırılıb. Layihəyə uyğun olaraq yol 12 metrə qədər genişləndirilib. Həmin yol 2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarət olacaq. Layihə çərçivəsində yolun 1,3-cü kilometrində, Binəqədi, Novxanı və Mehdiabad qəsəbələrinə gedən yolların kəsişməsində 12 metr diametrində yeni dairə inşa olunub. Bundan başqa, Novxanı qəsəbəsində dəmir yolu və su kanalı üzərində yerləşən mövcud körpülərin əsaslı şəkildə təmir edilərək 7 metrdən 12,5 metrə qədər genişləndirilməsi və kommunikasiya xətlərinin yolun altından keçirilməsi üçün 5 yerdə xüsusi boruların quraşdırılması da nəzərdə tutulub. Qeyd edək ki, avtomobil yolunun tikintisi ilə 5 yaşayış məntəqəsinin 72 min nəfər əhalisinin gediş-gəlişi xeyli asanlaşacaq.

Bundan başqa, vətəndaşların rahat gediş-gəlişini təmin etmək, yük və sərnişin daşımasını yaxşılaşdırmaq məqsədilə uzunluğu 3,9 kilometr olan Binəqədi-Mehdiabad avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib. Eni 9-11 metr arası dəyişən yolun yenidən qurulması işləri çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan hissələrdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb. Daha sonra qazılmış ərazilərə karbonat materialı tökülərək kipləşdirilib və yolun hərəkət hissəsinin asfaltlanması işləri aparılıb. İki hərəkət zolaqlı olan yola ikiqat olmaqla 12 santimetr qalınlığında yeni asfalt-beton örtük döşənib. Ümumilikdə yolun Binəqədi-Mehdiabad hissəsinin 42 min kvadratmetr sahəsi asfaltlanıb. Bundan başqa, yolun yaşayış məntəqələrindən keçən hissələrində 2,5 metr enində yeni piyada səkiləri inşa edilib. Səkilərin kənarlarına 7700 poqonmetr səki daşları düzülüb, hərəkət hissəsi asfaltlanıb.

Nadir AZƏRİ

Yeni Azərbaycan.- 2017.- 27 may.-S.-11.