Regionlarda
heyvandarlığın inkişafı diqqət mərkəzində
saxlanılır
Həyata keçirilən tədbirlər nəticəsində
heyvandarlıq məhsullarına olan daxili tələbatın
yerli istehsal hesabına ödənilməsi 100 faizə
yaxınlaşıb və bu sahədə ölkəmizin
müəyyən ixrac imkanları yaranıb
Hazırda meydana çıxan yeni
çağırışlar fonunda müxtəlif istehlak
mallarına, o cümlədən də ərzaq məhsullarına
olan daxili tələbatın yerli istehsal hesabına ödənilməsi
böyük aktuallıq daşıyır. Bu
baxımdan respublikamızda daxili istehasal hesabına əhalinin
ərzaq təhlükəsizliyinə və digər
mühüm istehlak malları ilə yüksək səviyyədə
təmin olunmasına ölkənin milli təhlükəsizliyinin
vacib bir komponenti kimi daim böyük önəm verilməsi
diqqətəlayiq haldır. Prezident İlham Əliyev
Yevlaxda qeyri-neft ixracatçılarının respublika
müşavirəsindəki nitqində xüsusi olaraq
vurğulayıb ki, daxili tələbatın yerli məhsullarla
ödənilməsi birinci dərəcəli vəzifədir:
“Biz istehsalımızı daim artırmalıyıq ki, daxili tələbatı
tam ödəyək və ixraca rəqabətqabiliyyətli
mallar təqdim edək. Ona görə növbəti illərdə
daxili tələbatı yerli məhsullarla təmin etmək məsələləri
birinci dərəcəli vəzifələrdir”.
Son 13 ildə respublikamızda ərzaq
təminatının möhkəmləndirilməsi istiqamətində
bir sıra mühüm tədbirlər həyata keçirilib.
Ölkədə istehlak mallarına tələbatın yerli
istehsal hesabına təmin edilməsi üçün
normativ-hüquqi baza davamlı şəkildə möhkəmləndirilir.
Prezident İlham Əliyevin 25 avqust 2008-ci il tarixli müvafiq Sərəncamı
ilə “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin
ərzaq məhsulları ilə etibarlı təminatına
dair Dövlət Proqramı” qəbul edilib və uğurla
yerinə yetirilib. Dövlət başçısı
2014-cü il yanvarın 16-da “Kənd təsərrüfatı
və ərzaq məhsulları bazarının fəaliyyətinin
təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər
haqqında” Sərəncam imzalayıb. Prezident
İlham Əliyevin imzaladığı “Kənd təsərrüfatının
inkişafına dövlət dəstəyinin gücləndirilməsi
ilə bağlı əlavə tədbirlər haqqında”
müvafiq Sərəncama əsasən isə ölkədə
ərzaq və digər mühüm istehlak mallarına olan tələbatın
daha dolğun şəkildə ödənilməsini
təmin etmək üçün Azərbaycan Respublikası Kənd
Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət
Toxum Fondu yaradılıb. 2017-ci il 10 fevral tarixdə isə
Prezident İlham Əliyev respublikamızda qida təhlükəsizliyinin
möhkəmləndirilməsi siyasətinin davamı olaraq “Azərbaycan
Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi
ilə bağlı əlavə tədbirlər haqqında”
müvafiq Fərman imzalayıb. Fərmanda
bildirildiyi kimi, ölkəmizdə qarşıya qoyulan hədəflərə
nail olmaq məqsədilə Qida Təhlükəsizliyi
Agentliyi yaradılacaq. 2018-ci il yanvarın 1-dən işə
başlayacaq Agentliyin fəaliyyətini təmin etmək məqsədilə
Baş nazirin müavini Əli Əhmədovun sədrliyi ilə
geniş tərkibdə Qida Təhlükəsizliyi
Komissiyası yaradılıb.
Deyilənlərdən başqa,
respublikamızda ərzaq təhlükəsizliyinin təmin
olunması və mühüm istehlak mallarına tələbatın
bütünlüklə yerli istehsal hesabına ödənilməsi
məqsədilə praktiki müstəvidə də
genişmiqyaslı tədbirlər həyata keçirilir.
Prezident İlham Əliyevin 11 aprel 2016-cı il tarixli
müvafiq Sərəncamına əsasən yaradılan
“Ərzaq məhsullarının tədarükü və təchizatı”
Açıq Səhmdar Cəmiyyəti uğurla fəaliyyət
göstərir. Eyni zamanda, daxili istehsalın qorunması məqsədilə
müvafiq tədbirlər görülür ki, bunun da nəticəsində
cari ilin əvvəlindən idxalın həcmi 20 faizədək
azalıb. Hazırda bir sıra pozisiyalar üzrə daxili tələbatın
yerli istehsal hesabına ödənilməsi göstəricisi
100 faizə yaxınlaşıb ki, bu da böyük nailiyyətdir.
Əhalinin heyvandarlıq məhsullarına olan
tələbatının yerli istehsal hesabına ödənilməsi
böyük nailiyyətdir
Ölkəmizdə ərzaq təhlükəsizliyinə
nail olunmasında mühüm pozisiyalardan biri də
heyvandarlıqdır. Son illərdə respublikamızda bu sahə
dövlətin nümayiş etdirdiyi siyasi iradə sayəsində
davamlı şəkildə inkişaf etdirilir. Müəyyənləşdirilən
strateji kursa uyğun olaraq heyvandarlıq təsərrüfatlarının
maddi-texniki bazası möhkəmləndirilir.
Öz növbəsində
heyvandarlığın inkişaf etdirilməsi əhalinin ət
və süd məhsullarına olan tələbatının
yerli istehsal hesabına ödənilməsinə müsbət
təsir göstərib. Kənd təsərrüfatı naziri
Heydər Əsədovun verdiyi məlumata əsasən,
2016-cı ildə idxalın həcmi iribuynuzlu heyvanlar üzrə
46, diri ev quşları üzrə 55, quş yumurtası
üzrə 27, xırdabuynuzlu heyvanlar üzrə 5 faiz
azalıb.
Ümumiyyətlə, 2016-cı ildə
respublikamızda diri çəkidə 523,8 min ton ət, 2009,9
min ton süd, 1609,8 milyon ədəd yumurta və 16,7 min ton yun
istehsal olunub. Kənd Təsərrüfatı
Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən,
ötən il 2015-ci illə müqayisədə ət
istehsalı 6,7 min ton və ya 1,8 faiz, süd istehsalı 47,4
min ton və ya 2,9 faiz, yun istehsalı 0,1 min ton və ya 1,0 faiz
artıb. Quş əti istehsalı isə 95,5 min ton təşkil
edib. Hazırda respublikada heyvandarlıq məhsulları ilə
özünütəminat səviyyəsi təxminən belədir:
mal əti - 94 faiz, qoyun əti - 99 faiz, quş əti - 98,6
faiz, süd və süd məhsulları - 88 faiz, kərə
yağı - 76 faiz. Rəqəmlərdən də
göründüyü kimi, hazırda respublika miqyasında ət
və bir sıra heyvandarlıq məhsulları ilə
özünütəminat səviyyəsi 100 faizə
yaxınlaşıb.
Önəmli məqamlardan biri də odur ki,
respublikamızın heyvandarlıq sahəsində müəyyən
həcmlərdə ixrac imkanları da yaranıb. Keçən
il regionlardan bir sıra heyvandarlıq məhsullarının
ixracı həyata keçirilib. Belə ki, 1163 baş əmtəəlik
at və 128 baş damazlıq qaramal, 582,2 ton ət və ət
məhsulları, 1381,7 ton süd və süd məhsulları,
31,8 ton yun ixrac edilib.
Ölkədə heyvandarlıq müasir
metodlarla inkişaf etdirilir
Heyvandarlıq sahəsində yuxarıda bəhs
olunan uğurların əldə olunmasında regionlarda
yaradılan müasir təsərrüfatların rolunu
xüsusi qeyd etmək lazımdır. Müasirləşməni
strateji hədəf kimi seçən Azərbaycan bütün
sahələrdə dünya miqyasında təsdiqini tapan
qabaqcıl təcrübənin tətbiqinə, necə deyərlər,
yaşıl işıq yandırır. Bu baxımdan regionlarda
heyvandarlığın inkişafı da istisna təşkil
etmir. Məlumdur ki, hazırda ayrı-ayrı ölkələrdə
heyvandarlıq intensiv metodlarla inkişaf etdirilir və
yaxşı nəticələr əldə olunur. Azərbaycan
da məhz bu yolu seçib.
Hazırda respublikanın regionlarında heyvandarlıq
profilli müxtəlif təsərrüfatlar fəaliyyət
göstərir. Həmin təsərrüfatlar heyvanların
baş sayına görə quruplaşdırılıb. Belə ki, hər birində 50-99 başadək
iribuynuzlu heyvan mövcud olan 602 təsərrüfat, 100-199
başadək 118 təsərrüfat, 200-499 başadək 28 təsərrüfat,
500 baş və ondan yuxarı 16 təsərrüfat, eyni
zamanda, 100-499 başadək xırdabuynuzlu heyvan mövcud olan
8733 təsərrüfat, 500 baş və ondan yuxarı
xırdabuynuzlu heyvan mövcud olan 873 iri heyvandarlıq təsərrüfatları
var. Mövcud təsərrüfatların 28-i modern
heyvandarlıq kompleksidir. Bununla yanaşı, respublikanın
müxtəlif bölgələrində 78 quşçuluq
müəssisəsi fəaliyyət göstərir.
Son illərdə respublikamızda yaradılan
aqroparkların da bir çoxu məhz heyvandarlıq istiqamətlidir.
Belə aqroparklardan biri də Xaçmaz rayonunun Yalama qəsəbəsində
yaradılıb. Ötən il açılışında
Prezident İlham Əliyevin iştirak etdiyi aqropark 523 hektar ərazidə
salınıb. Aqroparkın yaradılmasına birinci mərhələdə
20 milyon manat investisiya qoyulub. Layihənin ilkin mərhələsinə
uyğun olaraq, 1000 başı sağmal olmaqla 3000
başlıq cins iribuynuzlu heyvandarlıq kompleksi, müasir
suvarma sistemi ilə 385 hektar sahədə iri
taxılçılıq təsərrüfatı, istehsal
gücü saatda 5 ton olan yem zavodu yaradılıb.
Hazırda aqroparkda yüksək yağlılıqlı və
keyfiyyətli süd istehsal olunur.
Məhsuldarlığın artmasında
mal-qaranın cins tərkibinin
yaxşılaşdırılması da böyük rol
oynayır
Heyvandarlıqda yüksək nəticələrin
əldə olunmasında seleksiya-damazlıq işlərinin
elmi əsaslarla aparılması böyük əhəmiyyət
daşıyır. Məlumdur ki, Azərbaycanın
regionlarında bəslənilən yerli cins mal-qara az məhsuldardır.
Buna görə də respublikamızda mal-qaranın cins tərkibinin
yaxşılaşdırılması xüsusi diqqət mərkəzində
saxlanılır. Bu məqsədlə xarici
ölkələrdən respublikamıza ətlik-südlük
istiqamətli yüksək məhsuldarlığa malik cins inəklər
gətirilir. 2009-cu ildən 2017-ci il mayın 1-dək olan
dövrdə 23 min 668 baş iribuynuzlu cins damazlıq heyvan
alınaraq ölkəyə gətirilib. Həmin heyvanlar
720 fiziki və hüquqi şəxsə lizinq yolu ilə
güzəştli şərtlərlə satılıb.
Regionlardakı heyvandarlıq təsərrüfatlarında
mal-qaranın cins tərkibini yaxşılaşdırmaq məqsədilə
həmçinin genişmiqyaslı süni mayalandırma tədbirləri
həyata keçirilir. Prezident İlham
Əliyevin “Heyvandarlığın cins tərkibinin
yaxşılaşdırılmasına dövlət dəstəyi
haqqında” 2015-ci il 19 avqust tarixli Sərəncamına əsasən
əhalinin heyvandarlıq məhsulları ilə təminatının
daha da yaxşılaşdırılması, yüksək məhsuldar
genetik potensialı olan heyvanların baş sayının
artırılması və bu sahəyə marağın
gücləndirilməsi üçün süni mayalanma yolu
ilə alınmış hər baş buzova görə heyvan
sahiblərinə 100 (yüz) manat həcmində subsidiya verilməsi
müəyyən edilib. Heyvan sahiblərinə
subsidiyanın verilməsi mexanizminin müəyyən edilməsi
məqsədi ilə Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2015-ci il 24 dekabr tarixli qərarı ilə “Süni
mayalandırma yolu ilə alınmış hər buzova görə
heyvan sahiblərinə subsidiyanın verilməsi Qaydası” təsdiq
olunub. 2016-cı ildə süni yolla 103 min qaramal
mayalandırılıb, heyvanlardan alınmış buzovlara
görə subsidiya ödənişinə
başlanılıb. Qaydaya uyğun olaraq
keçən ilin oktyabr-dekabr ayında 7449 heyvan sahibinə
doğulmuş 8529 baş buzovun hər birinə görə
100 manat olmaqla, 852900 manat məbləğində subsidiya
ödənilib. 2017-ci ilin birinci rübü ərzində isə
10100 heyvan sahibinə 11964 baş buzova görə 1196400 manat
subsidiya verilməsinə dair qərar qəbul edilib.
Mübariz ABDULLAYEV
Yeni Azərbaycan.-
2017.- 31 may.- S.11.