“Yarımçıq
əlyazmanın” odisseyası
Görkəmli yazıçı Kamal Abdullanın müəllifi
olduğu “Yarımçıq
əlyazma” romanının
odisseyası davam etməkdədir. Dünyanın
müxtəlif ölkələrində
nəşr olunmuş
roman bu dəfə Yaponiyada işıq üzü görüb. Nüfuzlu “Suseyşa” nəşriyyatında
“Səbirsizliklə gözlənilən
əsər” seriyasında
çap edilmiş kitabın üz qabığında yapon dilində “Kitabi-Dədə
Qorqud” dastanının
itmiş əlyazması”
sözləri əksini
tapıb. Kitabda müəllif haqqında qısa məlumat da verilib.
AZƏRTAC xəbər verir ki, maraqlı
tərtibatda oxuculara təqdim olunan romanı yapon dilinə Vaseta Universitetinin (Yaponiya) professoru İto İçiro tərcümə
edib. Bu roman Kamal Abdullanın
yapon oxucusuna təqdim edilən ikinci romanıdır. Bundan əvvəl araşdırmaçı alim
və tərcüməçi
Takayuki Murakaminin tərcüməsində müəllifin
“Sehrbazlar dərəsi”
romanı Yaponiyada nəşr olunub.
Qeyd edək
ki, roman müxtəlif illərdə
Rusiya, Polşa, Fransa, Türkiyə, Braziliya, ABŞ, Avstriya, Qazaxıstan, Gürcüstan,
Misir, İtaliya və digər ölkələrdə çap
olunub. Habelə Azərbaycanla yanaşı,
Rusiya, Türkiyə, Fransa və İtaliyada təkrar çap edilib.
Dünyanın müxtəlif dillərində
roman haqqında 100-dən
çox rəy və resenziya yazılıb. Rusiyanın
məşhur “İnostrannaya
literatura” jurnalı ilk dəfə Azərbaycan ədəbiyyatından
məhz bu romanı müzakirəyə
çıxarıb.
Rusiyalı tənqidçilər
əsəri “postmodernizmin
ən parlaq nümunəsi”, türkiyəli
tənqidçilər isə
bu əsərə görə Kamal Abdullanı “Azərbaycanın
Borxesi” adlandırıblar.
Xatırladaq ki, məşhur
italyan yazıçısı,
semiotiki Umberto Eko “Yarımçıq əlyazma” romanını oxuduqdan sonra müəllifi İtaliyaya
öz evinə dəvət edərək onunla ədəbiyyat və mədəniyyət
barədə müzakirələr
aparıb, roman haqqında müsbət fikirlər səsləndirib.
Tanınmış rus yazıçısı
Aleksandr Tkaçenko isə bildirib ki, Folkner öz
“Yoknapatofu”nu, Markes “Makondası”nı, Fazil İsgəndər öz “Çegemi”ni yaradan kimi, Kamal Abdulla
da öz “Yarımçıq əlyazma”sını
yaradıb.
İtaliyanın məşhur “Scano prayz” ədəbi mükafatına layiq görülən “Yarımçıq
əlyazma”nın odisseyasının
davamında romanın
yan alacağı limanların hər biri Azərbaycan ədəbiyyatı adına
qazanılan uğurdur.
Yeni Azərbaycan.- 2017.- 3 noyabr.- S.7.