Regionlarda sahibkarlığın inkişaf etdirilməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirilir

 

Təkcə 2017-ci ilin ötən dövrü ərzində 1360-dək sahibkarlıq subyektinin ümumi dəyəri 346 milyon manat olan investisiya layihəsinin maliyyələşdirilməsinə 101,3 milyon manat güzəştli kredit verilib

Son illərdə Azərbaycanın hərtərəfli və davamlı inkişafında özəl bölmənin xüsusi çəkisi getdikcə artır. Hazırda respublika üzrə ümumi daxili məhsul istehsalının təxminən 80 faizi özəl bölmənin payına düşür. Davamlı dövlət dəstəyi sayəsində ölkədə məşğulluqda və vergi daxilolmalarında özəl bölmənin çəkisi 70 faizi ötüb. Özəl bölmənin güclənməsi həmçinin Azərbaycanın prioritet hədəfləri sırasında yer alan regional inkişafa, aqrar sektorda yeni istehsal və ixrac imkanlarının yaranmasına da öz müsbət təsirini göstərir. Özəl sahibkarlıq subyektlərinin investisiyaları hesabına yaradılan və uğurla fəaliyyət göstərən iri fermer təsərrüfatları, aqroparklar və digər belə müasir təsərrüfatlar bir tərəfdən aqrar sektorda məhsuldarlığın artmasını, digər tərəfdən isə regionlarda əhalinin məşğulluğunu təmin edir. Ümumiyyətlə, Azərbaycanın bütün regionlarında sahibkarlar yeni layihələrin həyata keçirilməsində fəal iştirak edirlər.

Təbii ki, respublikamızda özəl bölmənin üstün inkişafının təmin edilməsi məqsədyönlü dövlət siyasətinin məntiqi nəticəsidir. Respublikamızda güclü milli sahibkarlar ordusunun formalaşmasına dövlət tərəfindən həm siyasi, həm də maddi dəstək göstərilir. Təsadüfi deyil ki, yeni iqtisadi şəraitdə həyata keçirilən genişməzmunlu islahatların bir çoxu məhz ölkədə biznes mühitinin daha da optimallaşdırılmasına, sahibkarların qanuni mənafelərinin qorunmasına, onların vergi yükünün azaldılmasına hesablanıb.

Ölkənin regionlarında sahibkarlara maddi dəstək tədbirləri davam etdirilir

Azərbaycanda sahibkarlara dəstək tədbirləri sırasında onlara ayrılan güzəştli kreditlərin rolunu xüsusi qeyd etmək lazımdır. 2004-cü ildən bəri respublikamızda çoxlu sayda sahibkarlıq subyektinə təxminən 2 milyard manat həcmində kreditlər ayrılıb ki, onların da böyük qismi regionların payına düşür.

Cari il üçün nəzərdə tutulan proqrama uyğun olaraq İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən regionlarda sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forumlar keçirilir. İqtisadiyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin baş məsləhətçisi Vüsalə Quliyevanın “Yeni Azərbaycan”a verdiyi məlumata əsasən, belə işgüzar forumlardan biri bu günlərdə Bərdə rayonunun Zümürxan kəndində təşkil edilib.

Forum çərçivəsində Bərdə rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan aqroparkın, intensiv bağçılıq və cins heyvandarlıq təsərrüfatlarının, meyvə-tərəvəz emalı müəssisəsinin, ixtisaslaşdırılmış “yaşıl market”in və hotelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçikhəcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faizədək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini Arif Vəliməmmədov Fondun özəl bölmənin inkişafında, xüsusilə regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Bildirilib ki, ümumilikdə, indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 13 mindən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 543 milyon manat güzəştli kredit verilib.

İşgüzar forum çərçivəsində Bərdə və ətraf rayonlardan olan sahibkarlara 1,3 milyon manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən heyvandarlıq, bağçılıq, çörək, quru meyvə istehsalı və s. sahələrin inkişafına yönəldiləcəkdir. Bu kreditlərin reallaşdırılması hesabına 80-dək yeni iş yerinin açılması mümkün olacaq.

Pirallahı Sənaye Parkında şpris istehsalı müəssisəsinin inşasına güzəştli kredit ayrılıb

Müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsi ilə bağlı növbəti işgüzar forum noyabrın 2-də Pirallahı rayonunda keçirilib. Vüsalə Quliyevanın bildirdiyinə görə, forum çərçivəsində Pirallahı rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan startap layihələrin maliyyələşdirilməsi, zeytunçuluq təsərrüfatının, badam bağının salınması, corab istehsalı, plastik və polietilen qabların təkrar emalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib.

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fondun özəl bölmənin inkişafında, Bakı qəsəbələrində və regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Bildirilib ki, 2017-ci ilin ötən dövrü ərzində 1360-dək sahibkarlıq subyektinin ümumi dəyəri 346 milyon manat olan investisiya layihəsinin maliyyələşdirilməsinə 101,3 milyon manat güzəştli kredit verilib.

İşgüzar forumda Bakı qəsəbələrində fəaliyyət göstərən sahibkarlara 6,2 milyon manat güzəştli kredit verilib. Forum çərçivəsində Pirallahı Sənaye Parkında güzəştli kredit ayrılmış şpris istehsalı müəssisəsinin tikintisi işlərinə baxış keçirilib. Azərbaycanda ilk dəfə yaradılacaq bu zavodda ildə 100 milyon ədəd şpris istehsal etmək mümkün olacaq.

Regionlarda yaradılan biznes inkubatorlar gənclərin və qadınların sahibkarlıq fəaliyyətinə cəlb edilməsində əsas mexanizmlərdən biridir

Biznes inkubatorlar gənclərin sahibkarlıq fəaliyyətinə cəlb edilməsində əsas mexanizmlərdən biridir. İqtisadiyyat Nazirliyinin rəsmisinin bildirdiyinə görə bu barədə Yevlaxda Aran Regional İnkişaf Mərkəzində keçirilən “İdeyadan biznesə doğru” müsabiqəsinin yekunlarına dair tədbirdə ətraflı söhbət açılıb. Qaliblərin mükafatlandırıldığı bəhs olunan müsabiqə İqtisadiyyat Nazirliyi tərəfindən biznes inkubator iştirakçıları arasında təşkil edilib.

Tədbirdə vurğulanıb ki, “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında və digər sənədlərdə ölkədə biznes inkubatorların yaradılması və inkişaf etdirilməsi öz əksini tapıb. İqtisadiyyat Nazirliyi tərəfindən Quba-Xaçmaz və Aran Regional İnkişaf Mərkəzlərində yaradılmış biznes inkubatorların fəaliyyəti gənclərin innovativ potensialının və təşəbbüskarlığının dəstəklənməsinə, məşğulluğun artırılmasına, eləcə də iqtisadi rayonun inkişafına öz töhfəsini verir. Bildirilib ki, Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində yaradılmış biznes inkubatorun 20 məzunundan 14-ü artıq kənd təsərrüfatı (bitkiçilik, heyvandarlıq, quşçuluq, arıçılıq), kənd turizmi, innovasiya mərkəzinin yaradılması, konsultativ biznes və s. sahələr üzrə öz bizneslərini yaratmış və hazırda gənc sahibkar kimi fəaliyyət göstərirlər.

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan gənclərə həmçinin güzəştli maliyyə dəstəyi göstərilir. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən indiyədək 5500-dək gənc sahibkara 398.5 milyon manat güzəştli kredit verilib, bu kreditlər hesabına 17 mindən çox yeni iş yerləri yaradılıb.

“Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə qadınlar üçün biznes inkubatorların yaradılması barədə müəyyən edilmiş istiqamətə uyğun olaraq, İqtisadiyyat Nazirliyi tərəfindən müvafiq işlərin görüldüyü bildirilib. Qeyd olunub ki, Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində yaradılmış biznes inkubatorun 2 qadın iştirakçısı xalq sənəti məhsulları istehsalının təşkili üzrə fəaliyyət göstərir.

Yeri gəlmişkən onu da vurğulayaq ki, indiyədək ölkəmizdə 4 min sahibkar qadına 90,4 milyon manat kredit verilib. Bu proses 2017-ci ilin 9 ayı ərzində də intensiv şəkildə davam etdirilib. Belə ki, bəhs edilən dövrdə 164 sahibkar qadına 5,4 milyon manat məbləğində kredit ayrılıb.

Sahibkarların ixtisaslaşmış assosiasiyalarda birləşmələri onların fəaliyyətinə müsbət təsir göstərir

Regionlarda özəl bölmənin inkişafına dəstək tədbirləri sırasında sahibkarların ixtisaslaşmış assosiasiyalarının yaradılması da mühüm yer tutur. Sahibkarların belə assosiasiyalarda birləşmələri onların fəaliyyətinə müsbət təsir göstərir. Vüsalə Quliyevanın məlumatına əsasən, indiyədək respublikamızda İqtisadiyyat Nazirliyinin dəstəyi ilə Arıçılar, Şərab, Nar, Fındıq, Meyvə-Tərəvəz, Xurma, Tekstil İxracatçıları və İstehsalçıları assosiasiyaları yaradılıb və uğurla fəaliyyət göstərir.

Eyni zamanda, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 12 sentyabr 2017-ci il tarixli Sərəncamında bu sahənin inkişafı ilə bağlı vəzifələr müəyyənləşdirilib, çayçılıq sahəsinin inkişafının davamlı olaraq dəstəklənməsinin təmin edilməsi, fermerlər, tədarükçülər, emalçılar və ixracatçıların dövlət orqanları ilə qarşılıqlı əlaqələrinin daha səmərəli təşkil edilməsi üçün Çay İstehsalçıları və İxracatçıları Assosiasiyasının yaradılması üçün müvafiq tədbirlərin görülməsi tapşırılıb.

Noyabr ayının ilk günlərində İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilən görüşdə bu sahədə fəaliyyət göstərən sahibkarlarla müzakirələr aparılıb, Çay İstehsalçıları və İxracatçıları Assosiasiyasının təsis edilməsi qərara alınıb. “Astaraçay” şirkətinin rəhbəri Tələt Məmmədov Assosiasiyanın İdarə Heyətinin sədri seçilib.

Görüşdə belə bir inam ifadə olunub ki, Çay İstehsalçıları və İxracatçıları Assosiasiyasının yaradılması sahibkarlığın inkişafı, eləcə də çay istehsalı və ixracının artırılması baxımından əhəmiyyətli olacaqdır.

Mübariz ABDULLAYEV

Yeni Azərbaycan.- 2017.- 8 noyabr.- S.7.