Birinci “M.A.P.” Bakı Beynəlxalq
İncəsənət Festivalı
çərçivəsində “ÜNS” Yaradıcılıq səhnəsində
“Gülməli adam” tamaşası göstərilib
Siz teatrı
sevirsinizmi? Çoxları
bu suala “əlbəttə, sevirəm”,
- deyə cavab verəcək. Lakin klassik tamaşalara adət etmiş tamaşaçı müasir
teatrın yeni dünyasını, onun eksperimental formalarını,
insanın qəlbini ehtizaza gətirən dramaturgiyasını, orijinal
rejissor yanaşmasını
və aktyorların oyununu çox vaxt özü üçün “kəşf
edir”. Bugünkü teatr öz yeni
nəfəsi, yeni dili və əvvəllər
görünməmiş intellektual
səviyyəsi ilə
fərqlənir.
Noyabrın 1-dən 6-dək ölkəmizin
müxtəlif teatr səhnələrində BAKCELL şirkətinin dəstəyi
ilə “YARAT” Müasir
İncəsənət Məkanında
keçirilən birinci
“M.A.P.” Bakı Beynəlxalq
İncəsənət Festivalının
leytmotivi belədir.
YARAT Mərkəzində tam
əmindirlər ki, həqiqi teatr olub, var və
hələ uzun müddət olacaq, tamaşaçıları heyrətləndirəcək
və valeh edəcək. Bu xüsusi festivalın
bədii kredosu müasir dramaturgiyanı, musiqini və çoxsaylı maarifləndirici
niyyətləri bir layihə şəklində
təqdim etməyə
imkan verir, ən başlıcası isə öz xarizması və sərhəd bilməyən
kurajı ilə həqiqi teatrın mahiyyətini açıqlayan
ecazkar sənət insanlarını vəcdlə alqışlamağa
sövq edir.
AZƏRTAC xəbər verir ki, “ÜNS” Yaradıcılıq Səhnəsində
“Pyotr Fomenkonun emalatxanası” teatrının
təqdim etdiyi “Gülməli adam” tamaşası bu festivalın yaddaqalan nümunələrindən biri
olub.
Qonaqlar arasında
görkəmli ictimai xadimlər, mədəniyyət
və elm sahələrinin, diplomatik
missiyaların nümayəndələri
vardı.
“Pyotr Fomenkonun emalatxanası” teatrının bədii rəhbəri, Rusiyanın
Əməkdar İncəsənət
xadimi, Rusiya Teatr Sənəti İnstitutunun professoru Yevgeni Kamenkoviç açılış mərasimində
çıxış edərək
festivalın təşkilatçılarına
bu teatrı Bakıya dəvət etdiklərinə və öz incəsənətini
nümayiş etdirmək imkanına görə minnətdarlığını
bildirib.
Fyodor Dostoyevskinin
“Gülməli adamın
yuxusu” adlı fantastik hekayəsi əsasında quruluş verilmiş “Gülməli adam” tamaşası gənc artist Fyodor Malışevin və “Besı” musiqi qrupunun birgə işidir. Qeyd edək ki, Fyodor Malışev
təkcə ssenari müəllifi və baş rolun ifaçısı deyildi,
həm də bu tamaşa onun rejissor debütü
idi.
Fyodor Malışev
Dostoyevskinin hekayəsini
yeni tərzdə mənalandırıb, onu
45 dəqiqəlik monoloqu
və xüsusi musiqi müşayiəti olan monotamaşaya çevirib. Bu musiqi heyrətamiz qəhrəmanın bir-birini
ani əvəz edən saysız-hesabsız
müxtəlif emosiyalarına
uyğundur. Böyük
rus klassikinin əsəri əsasında
hazırlanmış “Gülməli
adam” tamaşası əsl fəlsəfi ideyalar xəzinəsinə
çevrilir. Həmin
ideyalardan biri xristian dininin bu şüarının təkrarıdır: “Yaxın
adamlarını özünü
sevdiyin kimi sev”. Bu adi
həqiqət gülməli
insana yuxuda ikən açılır.
O, özünü öldürərək
müqəddəs torpağa
düşür. Cənnətə
oxşayan bu məkanda insanlar əzab-əziyyətin nə
olduğunu hələ
bilmir, onlar hamısı doğulandan ölənə qədər
xoşbəxtdirlər, lakin
bu qonağın “sayəsində” müasir dünyanın naqislikləri
onlara da yoluxur.
Tamaşanın əvvəlində intihar etmək həddində olan bir əsəbi
gənc anlaşılmaz
məmnunluqla özünə
əzab verir, xarakterinin ən naqis cəhətlərini üzə çıxarır,
ətrafında nə
varsa hamısına nifrət edir. Bu refleksiya eyni
vaxtda həm rəhm hissi oyadır, həm də tamaşaçı
ondan uzaq olmağa çalışır.
Elə təsəvvür
yaranır ki, kinli bir varlığın
qürur hissi onun səmimi iztirabları ilə savaşır.
Qəhrəmanın düşkünləşməsi və dirçəlməsi,
intihar ərəfəsində
gördüyü yuxu
xəstə sinir təsiri bağışlayır.
Qəribə musiqi, işığın
tez-tez dəyişməsi,
bəzən yarımqaranlıq
həddinə çatması,
güclə eşidilən
mahnı, həm ay işığı, həm də qəhrəmanın yuxulu xəstə şüurunda
təsəvvür etdiyi
tapança lüləsi
boş bir məkan, vakuum, heçliyə gedən yoldur... Qəhrəman
özünün tabutda
olması barədə
danışır, çəkisizlik
şəraitinə düşür,
öz hisslərinin və emosiyalarının burulğanını tamaşaçılara
çatdırır və
yalnız Gülməli
adamın səsi tamaşaçını gerçəklikdə
saxlayır. Dostoyevskinin
hekayəsinin ideal vizuallaşması belədir.
Ayılma nə gətirəcək? Təmizlənmə,
işıqlanma, həqiqi
həyat naminə intihardan imtina etməkmi? O, səhnədə
şüşə qırıntıları
üzərində yalın
ayaqla gəzir. Personaj üçün sınmış qədəhin
qırıntıları aktyor
üçün əsəbilikdir.
O, qaranlıqda və öz qəlbinin boşluğunda əməlindən
peşman olur. Axı bu sirli
torpaqda xoşbəxtliyi
“söndürən”, cəmiyyəti
ləkələyən, onu
özünün istədiyi
kimi yaşamağa öyrədən məhz bu insan olub.
Finalda tamaşaçının
qarşısında xeyir
və həqiqətin
carçısı dayanır.
“Özünü necə
sevirsənsə, başqalarını
da elə sev. Vəssalam, bundan artıq heç nə lazım deyil” - indi son dərəcə
adi olan bu sözlər həmişəkindən daha
aktual səslənir. Gülməli adamın sözləri müasir dövrün ağrı-acılarını
əks etdirir. Tamaşaçıya elə
gəlir ki, əgər biz hamımız bu həqiqəti Malışevin
qəhrəmanı kimi
qəbul etsəydik, onda nə müharibələr
olardı, nə də terror.
Tamaşa birnəfəsə
bitir. Bütün bu ruhi dəyişikliklər
heyrətamiz dərəcədə
səmimi oynanılır.
Qəhrəmanın xəstələnməsinə
və sonradan sağalmasına əsla şübhə yeri qalmır. Bu, qavranılması asan olmayan, lakin çox səmimi tamaşadır. Bütün
zalı gərgin vəziyyətdə saxlayan
bu tövbə, gənc aktyorun ustalığı hər cür tərifə layiqdir. Qəhrəman deyir: “Mən həqiqəti dərk etdim”...
Qanunauyğun final isə belə oldu: zaldakı tamaşaçılar
ayağa qalxaraq belə bir sənət
əsərini təqdim
etmiş teatrın yaradıcı kollektivini alqışladı. Əlbəttə,
Dostoyevskini üstələmədilər,
amma ondan geri də qalmadılar.
Yeni Azərbaycan.-
2017.- 7 noyabr.- S.3.