Azərbaycanda bütün istiqamətlər üzrə sürətli inkişaf gedir, sosial-iqtisadi layihələr uğurla icra olunur

 

Ölkəmizin bütün regionlarında, o cümlədən Şirvan bölgəsinə daxil olan rayonlarda da sosial-iqtisadi inkişaf sahəsində mühüm addımlar atılıb

Dünyada baş verən qlobal maliyyə böhranına, digər mənfi hallara baxmayaraq, Azərbaycan öz inkişafını davam etdirir. Bunun da əsasında düşünülmüş və məqsədyönlü şəkildə həyata keçirilən siyasət dayanır. Məhz Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasət nəticəsində Azərbaycanda bütün istiqamətlər üzrə sürətli inkişaf gedir, sosial-iqtisadi layihələr uğurla icra olunur. Və 2017-ci ilin doqquz ayının nəticələri də deyilənləri təsdiqləyir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında da bəyan edildiyi kimi, ölkəmizdə doqquz ayda bütün sahələrdə uğurlar əldə elilib.

Bu məqamda vurğulamaq yerinə düşər ki, əldə edilən uğurlar öz növbəsində regionlarımızın inkişafını da şərtləndirib. Daha doğrusu, həyata keçirilən siyasət nəticəsində əldə edilən uğurlardan Azərbaycanın hər bir regionuna pay düşüb. Heç şübhəsiz, bu sırada Şirvan bölgəsinə daxil olan rayonlar da var. Hər halda sözügedən bölgənin əhatə etdiyi Dağlıq Şirvan iqtisadi rayonuna daxil olan rayonlarda bu ilin 9 ayı ərzində əldə edilən nəticələr belə deməyə əsas verir.

Beləliklə, verilən məlumatlara görə, Şirvan bölgəsinə daxil olan İsmayıllı rayonunda doqquz ayda ümumi məhsul buraxılışı faktiki qiymətlərlə 162 milyon 366 min manat olub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 29 milyon 60 min manat və ya 21,8 faiz çoxdur. Artım sənayedə 2,6 faiz, kənd təsərrüfatında 2,9 faiz, tikinti-quraşdırma işlərində 2,1 dəfə təşkil edib. Əsas kapitala investisiya qoyuluşu 2,4 dəfə artaraq 44 milyon 320 min manat təşkil edib. 12 milyon 353 min manat dəyərində əsas fondlar istifadəyə verilib ki, bu da əvvəlki ilin eyni dövründəkindən 2,8 dəfə çoxdur. Doqquz ayda rayon büdcəsinin gəlirlər hissəsi 4 milyon 627 min manata qarşı 4 milyon 704 min manat icra olunub.

Bəhs edilən dövrdə tikinti-quraşdırma, kənd təsərrüfatı və sosial sahələrdə də mühüm addımlar atılıb. Eyni zamanda, Keyvəndi kəndində iri heyvandarlıq təsərrüfatının, şəhərin M.F.Axundzadə küçəsində iki doqquzmərtəbəli yaşayış binasının tikintisi davam etdirilir. Kürdmaşı kəndində “Buta” şirkətlər qrupu tərəfindən 3000 ton tutumu olan soyuducu kameranın tikintisi başa çatıb, iki kamerada məhsul qəbuluna başlanılıb. Qalan sahələrdə işlər davam edir. Şəhərin S.Ə.Şirvani küçəsində “Azərxalça” ASC tərəfindən 170 nəfər toxucunun işləyəcəyi xalçaçılıq müəssisəsinin inşası yekunlaşıb. Hazırda obyektin həyətində abadlıq və yaşıllaşdırma işləri həyata keçirilir.

Rayonda təhsil, səhiyyə, mədəniyyət sahələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, əhalinin elektrik enerjisi, təbii qazla normal təminatı istiqamətində də işlər davamlı xarakter daşıyır. Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, Prezident İlham Əliyevin oktyabrın 5-də imzaladığı sərəncamlara əsasən, Lahıc qəsəbəsinin qazlaşdırılması təmin olunacaq, kənddə 400 şagird yerlik ümumtəhsil məktəbi üçün bina inşa ediləcək, Şamaxı rayonunun Dəmirçi kəndi ilə Lahıc qəsəbəsini birləşdirən 22 kilometrlik Dəmirçi-Lahıc avtomobil yolu tikiləcək.

İsmayıllıda turizmin inkişafı istiqamətində görülən işlər də uğurlu nəticələr verir. Belə ki, bu ilin doqquz ayı ərzində bölgəyə 100 min nəfərə yaxın turist gəlib. Onların 13 min nəfərdən çoxu xarici turistlərdir. Hazırda Heydər Əliyev prospektində beşmərtəbəli 4 ulduzlu otelin, Tircan kəndi yaxınlığında Bədo istirahət, müalicə və sanatoriya mərkəzinin tikintisi davam etdirilir.

Aqrar sahəyə gəlincə, bu il rayonda tütün əkini sahələri 15 hektara çatdırılıb. İndiyədək 12 tondan çox qurudulmuş tütün təhvil verilib. 120 qutu ipəkqurdu yetişdirən və 2848,8 kiloqram barama istehsal edən 50 ailə 24 min 438 manat gəlir götürüb. 601,2 hektar sahədə fındıq bağı salınıb ki, bunun 142,5 hektarı bu ilin yaz mövsümündə əkilib. İlin sonunadək daha 750 hektarda fındıq bağının salınması istiqamətində iş aparılır.

Yeri gəlmişkən, aqrar sektorda aparılan islahatlar kənd təsərrüfatı rayonu olan və Şirvan bölgəsinə daxil olan Ağsuda da iqtisadiyyatın bu mühüm sahəsinin sürətli inkişafına imkan yaradıb. Vaxtilə ənənəvi sahə olan, sonradan demək olar ki, unudulan bir sıra sahələrin, o cümlədən baramaçılığın, pambıqçılığın yenidən dirçəldilməsi rayonun iqtisadi həyatında böyük canlanmaya səbəb olub. Təkcə cari ildə 14 kənd inzibati ərazi dairəsi üzrə 54 ailə 2660 qram ipəkqurdu toxumundan 5491 kiloqram məhsul əldə edərək “Şəki İpək” ASC-yə satıb. Bu il rayonda ötən ildəkindən 2,3 dəfə çox - 2500 hektar sahədə pambıq yetişdirilib və indiyədək qəbul məntəqələrinə 1239,5 ton məhsul təhvil verilib. Hazırda yığım davam edir.

Bu məlumatlar Ağsu rayonunda 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr edilən hesabat yığıncağında səsləndirilib. Bildirilib ki, 33 min 322,4 hektar sahədən 79 min 930 ton taxıl istehsal olunub, habelə heyvandarlıqda bütün göstəricilər üzrə dinamik inkişaf təmin edilib. Aqrar sektorda müasir texnologiyanın tətbiqi də xüsusi diqqət mərkəzində saxlanılır. Təsadüfi deyil ki, “Süsən Aqro” MMC 935 hektar taxıl sahəsinin hər hektarından 47,3 sentner məhsul götürüb. Rayonda müasir texnologiyalar əsasında 5 hektarda istixana kompleksi istifadəyə verilib və hazırda 6 hektar ərazidə yeni istixana tikilir. Aqrar sektorun digər sahələrində də bir çox uğurlar əldə olunub.

Qeyd edilib ki, hesabat dövründə rayon üzrə ümumi məhsul buraxılışının həcmi 127 milyon manat təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz çoxdur. Doqquz ayda 1734 yeni iş yeri açılıb ki, bunların da hamısı daimidir.

Dağlıq Şirvan iqtisadi rayonuna daxil olan Qobustanda isə ötən doqquz ayda ümumi məhsul buraxılışı keçən ilin müvafiq dövrünə nisbətən 6,8 faiz artaraq 104 milyon 586,6 min manata çatıb. O cümlədən kənd təsərrüfatı məhsullarının ümumi həcmi 35,6 faiz, sənaye məhsullarının həcmi 8,7 faiz, tikinti və xidmətlər isə 2,1 dəfə artıb. Doqquz ayda 497-si daimi olmaqla, 2404 yeni iş yeri açılıb.

Məlumat üçün bildirək ki, Prezident İlham Əliyevin bu il oktyabrın 2-də Qobustana səfəri çərçivəsində 100 yerlik uşaq bağçası, Təklə-Sündü-Xilmilli yolu, dörd zolağa genişləndirilən Bakı-Şamaxı yolunun Cəngi-Bədəlli hissəsi istifadəyə verilib. Həmçinin dövlətimizin başçısı Qobustan şəhərinə içməli suyun verilməsi mərasimində iştirak edib, ictimaiyyət nümayəndələri ilə görüşüb. Səfərdən sonra Qobustan şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 3 milyon manat vəsaitin ayrılması üçün Sərəncam imzalanıb. Bütün bunlar isə dövlətimizin başçısının regionların sosial-iqtisadi inkişafına, insanların həyat səviyyəsinin yüksəldilməsinə göstərdiyi diqqət və qayğının nəticəsidir.

Aqrar bölgə olan Qobustanda kənd təsərrüfatının ənənəvi sahələri dinamik inkişaf edir. Cari mövsümdə 53 min 280 ton taxıl istehsal edilib, hər hektarın məhsuldarlığı 21 sentnerdən çox olub. İndi gələn ilin məhsulu üçün taxıl səpini davam edir. Hələlik 6 min 424 hektar sahədə buğda, 1755 hektar sahədə isə arpa səpilib. Hesabat dövründə ət istehsalı 2,1 faiz, süd 2,2 faiz, yumurta 2,4 faiz, yun istehsalı isə 1,4 faiz artıb. Son illər rayonda arıçılıq da sürətlə inkişaf edir. Arı ailələrinin sayı 1214-ə çatıb. Bu mövsümdə 12 tondan çox bal istehsal edilib. Bakıda keçirilən yarmarkaya isə 4 tondan çox bal çıxarılıb.

Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, ölkəmizdə həyata keçirilən aqrar islahatlar Qobustanda da öz uğurlu nəticələrini verir. Əkin sahələrinin, eləcə də yaşayış məntəqələrinin su təchizatı istiqamətində lazımi tədbirlər görülür. Dövlətimizin başçısının Sərəncamına əsasən ayrılan vəsait hesabına Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Xilmilli və Təklə Mirzəbaba kəndlərinin hər birində subartezian quyusu qazılıb, hər iki quyu yaxın vaxtlarda istifadəyə veriləcək. Ərəbşalbaş və Bədəlli kəndlərində də bu cür quyuların qazılması nəzərdə tutulub. Rayonun Qaracüzlü kəndi ərazisində 1000 hektar sahədə aqropark yaradılması istiqamətində işlər davam etdirilir. Aqropark bölgədə aqrar sektorun inkişafına böyük töhfələr verəcək.

Cari ilin doqquz ayı Şamaxı rayonu üçün də uğurlarla yadda qalıb. Belə ki, bəhs edilən dövrdə rayonda 168,2 milyon manat dəyərində ümumi məhsul buraxılışı olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 60,5 milyon manat çoxdur. Hesabat dövründə rayon iqtisadiyyatının aparıcı sahəsi olan kənd təsərrüfatında məhsulların həcmi 14,7 faiz artaraq 48,1 milyon manata, sənayedə 24 faiz artaraq 4,5 milyon manata çatıb. Doqquz ayda rayon üzrə 2165 daimi iş yeri açılıb.

Rayonda doqquz ayın sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr edilən müşavirədə da vurğulandığı kmi vaxtilə Azərbaycanın ən böyük üzümçülük rayonlarından olan Şamaxıda hazırda bu sahənin inkişafı ilə əlaqədar mühüm işlər görülür. 2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı təsərrüfatın bu sahəsinin yenidən dirçəldilməsində böyük rol oynayıb. Artıq plantasiyaların sahəsi 1650 hektara çatdırılıb. Meysəri kəndi ərazisində yerləşən “Şirvan Şərabları” müəssisəsində 121,5 hektar yeni üzüm bağları salınıb. Hazırda bu iş davam etdirilir. Doqquz ayda kənd təsərrüfatının aparıcı sahələrindən olan taxılçılıqda, heyvandarlıqda da uğurlu nəticələr qazanılıb. Bütün göstəricilər üzrə heyvandarlıq məhsulları istehsalı ötən ilin müvafiq dövrünə nisbətən artıb.

Rayonda həmçinin tikinti-quruculuq və abadlıq işləri, xüsusən yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində də xeyli işlər görülüb. Şəhərin mərkəzində 20 Yanvar parkı yenidən qurulub və əsaslı təmir olunub. 4 saylı 100 yerlik körpələr evi-uşaq bağçası istifadəyə verilməyə hazırdır. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa edilən 36 mənzilli yaşayış binasında tamamlanma işləri görülür.

Doqquz ayda təhsil, səhiyyə və mədəniyyət sahələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, əhalinin təbii qaz, elektrik enerjisi ilə normal təminatı istiqamətində planlaşdırılan layihələr uğurla yerinə yetirilib. Ən ucqar yaşayış məntəqələrindən olan Dəmirçi kəndi qazlaşdırılıb.

Nadir AZƏRİ

Yeni Azərbaycan.- 2017.-  9 noyabr.- S.11.