“Ölkəmizi tanıyaq”: məktəblilərin
Azərbaycanın bölgələrinə növbəti
maarifləndirici tur-aksiyaları başlayır
Artıq dördüncü ildir ki, Azərbaycanın
orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif
şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında Vətənimizin
müxtəlif bölgələrinə maarifləndirici
tur-aksiyaları təşkil olunur. Dövlətimizin
başçısı İlham Əliyevin tövsiyəsinə
əsasən, Prezident Administrasiyasının təşkilatçılığı
ilə keçirilən tur-aksiyalar gözəl ənənə
halı alıb.
AZƏRTAC xəbər verir ki,
layihənin əsas məqsədi şagirdləri ölkəmizin
müxtəlif bölgələrinin müasir həyatı,
tarixi, mədəni irsi, adət-ənənələri,
özünəməxsus xüsusiyyətləri, ümummilli
lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil
Azərbaycanın nailiyyətləri ilə
yaxından tanış etmək, Prezident İlham Əliyevin qətiyyəti
və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi
inkişafı, gündən-günə abadlaşan şəhər
və rayonlarımızın yeniləşən siması barədə
gənclərdə əyani təsəvvür yaratmaqdır.
Ötən müddətdə ildə
iki dəfə olmaqla 7 istiqamət üzrə (Bakı şəhəri,
Naxçıvan MR, Gəncə-Şəmkir-Göygöl,
Şamaxı-İsmayıllı-Qəbələ-Şəki-Zaqatala,
Quba-Qusar-Xaçmaz, Lənkəran-Masallı-Lerik-Astara,
Naftalan-Ağcabədi-Ağdam-Bərdə-Füzuli-Tərtər)
7 tur-aksiya təşkil edilib. Ölkəmizin bütün
bölgələrinin əhatə olunduğu bu
tur-aksiyalarda, ümumilikdə, 13 min 648 məktəbli
iştirak edib.
Bu il noyabrın 11-14 və 16-19 tarixlərini əhatə
edəcək növbəti 8-ci tur-aksiyada isə 4 istiqamət
üzrə 76 şəhər və rayondan, o cümlədən
məcburi köçkün rayonlarından, ümumilikdə,
3213 nəfər iştirak edəcək. Bununla da, “Ölkəmizi
tanıyaq” tur-aksiyalarında iştirak edən məktəblilərin
sayı 17 minə yaxın olacaq.
Gəncə-Göygöl-Şəmkir
istiqaməti üzrə səfər edəcək məktəblilər
bu bölgədə genişmiqyaslı quruculuq işləri,
maddi-mənəvi irsin qorunması və bərpası istiqamətində
həyata keçirilən önəmli sosial layihələr,
həmçinin 200 il əvvəl salınan alman məskənləri
ilə tanış olacaqlar. Cənubi Qafqaz
regionunda alman məskənlərinin salınmasının 200
illiyinin tamam olmasını, bu hadisənin Azərbaycanın
multikultural ənənələrə malik çoxəsrlik
tolerantlıq məkanı kimi təbliğində
böyük əhəmiyyətini nəzərə alan
Prezident İlham Əliyev həmin əlamətdar tarixin qeyd
olunması ilə bağlı Sərəncam
imzalayıb.
Məktəblilər əvvəlcə Azərbaycanın
ikinci ən böyük şəhəri – Gəncənin
sosial-iqtisadi və mədəni həyatı ilə ətraflı
tanış olacaqlar. Müasir sənaye müəssisələri,
turizm və sosial obyektləri, yaraşıqlı prospektləri,
park və xiyabanları Gəncənin yeni xəritəsində
əksini tapıb. Tur-aksiyanın
iştirakçıları bu yeniliklərlə tanış
olacaq, şəhərin tarixi məkanlarına - Cavadxan məqbərəsi,
Cümə məscidi, Şah Abbas məscidi, Çökək
hamam, Xan bağı, Qədim Qala divarları, “İmamzadə”
kompleksi, Comərd Qəssab türbəsi və Nizami Gəncəvi
məqbərəsinə ekskursiya edəcək, Şəmkir
rayonunda “Orta əsr Şəmkir şəhəri”, “Abidələr”
parkı, Alman kilsəsi, Göygöl rayonunda Alman kirxası,
sonuncu alman Viktor Klaynın ev-muzeyi ilə tanış olacaq,
Hacıkənd qəsəbəsinə və Göygöl
Milli Parkına səfər edəcəklər.
Azərbaycanın iqtisadiyyatında qeyri-neft
sektorunun, xüsusilə aqrar sahənin çox böyük
payı var. İndi ölkədə qeyri-neft sənayesinin
inkişafına xüsusi diqqət yetirilir. Bu inkişafın
konturları Strateji Yol xəritələrində əksini
tapıb. Bu baxımdan Lənkəran, Astara, Masallı
rayonları ölkə iqtisadiyyatında mühüm yerlərdən
birini tutur. Bu bölgə sitrus bağları, çay və
çəltik plantasiyaları, səfalı məkanları ilə
tanınır, tarixi yerləri, özünəməxsus adət-ənənələri
ilə seçilir. Bu il sentyabrın 3-də Lənkəranda
çay, çəltik və sitrus meyvələri
istehsalının inkişafı məsələlərinə
dair respublika müşavirəsində Prezident İlham
Əliyevin verdiyi tapşırıq və tövsiyələr,
bu sahələrin dirçəldilməsi ilə əlaqədar
imzalanan Sərəncam ölkə iqtisadiyyatının
şaxələndirilməsi baxımından mühüm rol
oynayır. Bu sahələrin dirçəldilməsi
üçün mövcud potensialın qorunub
saxlanılması, həmçinin çəltikçilik,
sitrus meyvəçilik, çayçılıq və cins
heyvandarlıq təsərrüfatlarının, çəltik
və çay emalı müəssisələrinin, sitrus meyvələrinin
saxlanılması üçün logistik mərkəzin
yaradılması nəzərdə tutulur.
Lənkəran-Astara-Masallı istiqaməti
üzrə səfər edəcək məktəblilər
bütün bunlarla, eyni zamanda, tarixi məkanlarla, yeni tikililərlə
yaxından tanış ola biləcəklər. Lənkəranda
“Qoşa qala” qapıları, Həzi Aslanovun ev-muzeyi, Dairəvi
qala, Mayak binası, Hirkan Milli Parkı, Xanbulan gölü,
çay plantasiyaları və sitrus meyvə bağlarına,
Astarada şəhər bulvarı, “Yanar bulaq” və
“Astaraçay” çay fabrikinə, Masallıda
Tarix-Diyarşünaslıq Muzeyi, Uşaq İncəsənət
Məktəbi, Dövlət Rəmzləri Muzeyi, “ASAN həyat”
kompleksi və Viləşçay su anbarına ekskursiya
şagirdlərin yaddaşında silinməz iz qoyacaq.
Ölkə iqtisadiyyatında önəmli rola
malik olan bölgələrimizdən biri də Qəbələ-Şəki-Zaqatala
zonasıdır. Bu rayonlarımız da digər bölgələrimiz
kimi, həm turizm iqtisadiyyatı, multikulturalizm ənənələri,
həm də tarixi məkanları ilə tanınır. Eyni
zamanda, bu bölgədə barama, tütün və
fındıqçılıq da geniş inkişaf edib. Prezident İlham Əliyevin sədrliyi ilə bu il
avqustun 4-də Qaxda keçirilən barama, tütün və
fındıq istehsalının inkişafı məsələlərinə
dair respublika müşavirəsi bu baxımdan ölkəmizin
iqtisadi həyatında mühüm hadisəyə
çevrilib.
Xüsusi qeyd etmək
lazımdır ki, respublikamızda ənənəvi sahələrdən
olan baramaçılığın inkişaf etdirilməsi və
ipəkçiliyin müasir infrastrukturunun yaradılması
istiqamətində həyata keçirilən zəruri tədbirlər
ölkəmizin şimal-qərb bölgəsinin ən iri sənaye
müəssisələrindən olan “Şəki-İpək”
ASC-nin fəaliyyətini əhəmiyyətli dərəcədə
canlandırıb. Şəkidə yeni tut bağları
salınır, baramaçılıq, ipəkçilik ənənələri
yenidən bərpa olunur, “Şəki-İpək”
kombinatında geniş yenidənqurma işləri həyata
keçirilir. Bir sözlə, qədim ipəkçilik
sənəti ilə məşhur olan Şəkidə indi bu
sahənin inkişafına xüsusi diqqət yetirilir. Şəki
həm də öz mətbəxi, adət-ənənələri
və tarixi məkanları ilə fərqlənir.
Azərbaycan artıq dünya miqyasında idman
ölkəsi kimi tanınır. Nüfuzlu beynəlxalq
turnirlərdə, idman yarışlarında, dünya və
Avropa çempionatlarında, eləcə də olimpiadalarda
yüksək yerlər tutan azərbaycanlı
idmançılar öz nailiyyətləri ilə bunu təsdiqləyiblər.
Ölkəmizin uğurla ev sahibliyi etdiyi nüfuzlu idman tədbirləri
sırasında 2015-ci ildə Bakıda və Mingəçevirdə
keçirilən I Avropa Oyunlarını, 2017-ci ildə
paytaxtımızda təşkil olunan IV İslam Həmrəyliyi
Oyunlarını, eləcə də Formula-1
yarışlarını misal göstərmək olar.
Bütün bunlara Azərbaycanda idmana göstərilən
dövlət qayğısı sayəsində nail olunub. Bu
istiqamətdə həyata keçirilən siyasət Azərbaycanda
idmanın populyarlaşdırılması, yeniyetmə və gənclər
arasında təbliği üzərində qurulub. Eyni zamanda,
ölkəmiz üçün yeni olan idman növləri də
gənclər arasında yayılmaqdadır. Qəbələdəki
“Tufandağ” Xizəkçilik Kompleksi, Qubadakı qolf
meydançası, “Şahdağ” turizm mərkəzindəki
xizək məktəbi həm turizmin inkişafı, həm də
yeni idman növlərinin geniş yayılması
baxımından mühüm əhəmiyyət kəsb edir.
Bu istiqamət üzrə səfər
edəcək şagirdlər müasir turizm infrastrukturuna malik
olan Qəbələdə “Tufandağ” Xizəkçilik
Kompleksinə, qədimliyi ilə fərqlənən Çuxur
Qəbələ Tarix və Mədəniyyət Qoruğuna,
udilərin yaşadığı Nic kəndinə baş
çəkəcəklər. Zəngin
Şəki mətbəxi, Dövlət Tarix-Memarlıq
Qoruğu, Şəki Xan sarayı, Yuxarı Karvansaray,
Aşağı Karvansaray, Cümə məscidi və Kiş
kəndindəki qədim Alban məbədi, “Marxal” müalicəvi
istirahət kompleksi tur-aksiya iştirakçılarında zəngin
təəssürat oyadacaq. Məktəblilər vaxtilə
gülçülük, tütünçülük və
fındıq bağları ilə məşhur olan Zaqatalaya da
gedəcəklər. Sadalanan ənənəvi və
gəlirli aqrar sahələrin inkişaf etdirilməsi rayonun
qarşısında duran əsas hədəflərdəndir.
Şagirdlər müasir fındıq emalı müəssisəsi,
tütünçülük təsərrüfatları ilə
tanış olacaq, Tarix-Mədəniyyət Qoruğuna baş
çəkəcək, Dədə Qorqud meydanını
gəzəcəklər. Qədim və müasir Zaqatala
haqqında məlumatlar tur-aksiya
iştirakçılarının böyük marağına
səbəb olacaq.
Quba-Qusar-Xaçmaz bölgəsində də
son illər aqrar sahənin, emal müəssisələrinin,
xüsusən də turizm sənayesinin inkişafı istiqamətində
çox böyük işlər görülüb. Bu bölgə
həm də tarixi məkanları ilə tanınır. Aksiya
iştirakçıları bütün bunlar barədə məlumat
alacaq, eyni zamanda, Quba Soyqırımı Memorial Kompleksində
erməni vəhşiliyinin əyani şahidi olacaqlar. Azərbaycanın
bu dilbər guşəsi multikultural ənənələri ilə
də seçilir. Bölgədə müxtəlif
xalqların nümayəndələri əsrlərdən bəri
dinc şəraitdə yaşayır, həm öz mədəniyyətlərini,
həm də Azərbaycan xalqının mədəniyyətini
zənginləşdirirlər. Yəhudilərin
sıx məskunlaşdığı Qırmızı qəsəbəyə,
Quba xalçaçılıq emalatxanasına, Cümə məscidinə,
Tağlı körpüyə, Xınalıq yolundakı şəlaləyə,
qolf meydançasına ekskursiyalar məktəblilərin
yaddaşında silinməz izlər qoyacaq.
Azərbaycanın şimal bölgəsi
iqtisadiyyatı ilə bərabər, turizmin inkişafı
üçün də cəlbedici məkandır. Son illərdə
bu bölgədə turizm infrastrukturunun yaradılması
istiqamətində mühüm addımlar atılıb. Qusar
rayonunda “Şahdağ” Turizm Mərkəzinə gələn
turistlərin sayı ilbəil artır. Bu mərkəzi Azərbaycanın
turizm brendi hesab etmək olar. Şahdağ təbiətin
bütün fəsillərində öz gözəlliyi ilə
fərqlənir. Məktəblilər bu mərkəzə səfərlə
yanaşı, Qusar şəhərinin görməli yerlərini
gəzəcək, Həzrə kəndindəki “Şeyx
Cüneyd” türbəsi ilə tanış olacaqlar. Bu istiqamətdə
tur-aksiyanın növbəti məkanı Xaçmaz rayonu
olacaq. Xaçmaz şəhərindəki “Şəxsiyyətlər
muzeyi”nə, Çənlibel parkına, xalça muzeyinə
ekskursiyalar, rayonun sosial-iqtisadi inkişafı ilə
bağlı görülən işlər məktəblilərdə
böyük maraq doğuracaq.
Tur-aksiyanın proqramı təkcə
bölgələrin sosial-iqtisadi, tarixi-mədəni həyatı
ilə tanışlıqla bitmir. Şagirdlərə, həmçinin
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi, o cümlədən 1994-cü il mayın
12-dən qüvvədə olan atəşkəsə məhəl
qoymayan Ermənistan silahlı qüvvələrinin
mövqelərimizə daim atəş açması, dinc əhalini,
yaşayış yerlərini gülləboran etməsi barədə
ətraflı məlumat veriləcək. Düşmən
növbəti dəfə təxribata əl ataraq 2016-cı il
aprel ayının 2-də yenidən mövqelərimizə
hücuma keçib, bir neçə dinc sakini qətlə
yetirib, Azərbaycan Ordusu bu hücumun qarşısını
almaq üçün əks-hücumla bir sıra məntəqələri
və yüksəklikləri azad edib. Aprel müharibəsi
bir daha sübut etdi ki, Azərbaycan əsgəri,
xalqımız nəinki müharibəyə tam
hazırdır, hətta onu qısa vaxtda qalibiyyətlə
başa çatdırmaq imkanındadır. Bu barədə məlumatlar
məktəblilərin vətənpərvərlik ruhunu
yüksəldəcək.
Ekskursiya zamanı məktəblilər Azərbaycanın
təşəbbüsü ilə reallaşan bir sıra qlobal
layihələr barədə də məlumatlandırılacaqlar.
Diqqətə çatdırılacaq ki, ulu
öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə
1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin
imzalanması Azərbaycanın yeni neft strategiyasının
başlanğıcı hesab olunursa, bu strategiyanı uğurla
davam etdirən Prezident İlham Əliyevin iştirakı ilə
bu il sentyabrın 14-də Bakıda Heydər
Əliyev Mərkəzində imzalanan “Azəri”,
“Çıraq” və “Günəşli” yataqlarının
birgə işlənməsinə dair saziş isə “Yeni əsrin
müqaviləsi” adlandırılır. İmzalanma mərasimində
bir sıra nüfuzlu dövlətlərin, dünyanın nəhəng
neft şirkətlərinin rəhbər şəxslərinin
iştirakı buna sübutdur. Beləliklə, yeni müqaviləyə
görə, AÇG-dən 2050-ci ilədək çıxarılacaq
neftdən gələn gəlirlər ölkəmizin
sosial-iqtisadi inkişafını daha da sürətləndirəcək.
Yeni müqavilə həm də xarici tərəfdaş
şirkətlərin Azərbaycan iqtisadiyyatına olan
inamını göstərir.
Son illər Azərbaycanda nəqliyyat
infrastrukturuna böyük investisiya yatırılır. Bu il
oktyabrın 30-da açılışı olan və qitələri
birləşdirən, dəmir İpək yolu
adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolu ilə
Londondan Pekinədək qatarlar hərəkət edəcək,
yük və sərnişin daşınacaq. Bu layihənin təkcə
iqtisadi deyil, həm də geostrateji əhəmiyyəti var.
Şagirdlər bütün bu layihələr barədə məlumatlandırılacaqlar.
Aksiyanın hər iki mərhələsində
məktəblilərin asudə vaxtlarında “Nə? Harada? Nə
vaxt?” intellektual oyunları təşkil olunacaq, qaliblərə
xatirə hədiyyələri veriləcək, onlar
üçün teatr tamaşaları və konsert
proqramları təşkil ediləcək.
Yeni Azərbaycan.-
2017.- 9 noyabr.- S.11.