Azərbaycanın regionlarının turist cəlbediciliyi artır

 

Ötən ilin 9 ayı ilə müqayisədə 2017-ci ilin müvafiq dövründə ölkəmizə gələn xarici turistlərin sayı 20,9 faiz artıb, o cümlədən cari ilin səkkiz ayında regionlardakı hotellərdə və mehmanxana tipli obyektlərdə 1 milyon 294 min nəfərdən artıq yerləşdirmə olub

Son illərdə özünün geniş potensiala malik iqtisadiyyatının şaxələndirilməsini hədəfləyən Azərbaycanda gəlirli sahələrdən olan və ölkəmizin tanıdılması baxımından mühüm əhəmiyyət daşıyan turizm sənayesinin inkişafına böyük diqqət göstərilir. İndiyədək bu məqsədlə paytaxt Bakıda və bölgələrdə müasir standartlar səviyyəsində turizm infrastrukturu yaradılıb, cəlbedici marşrutlar müəyyənləşdirilib, ölkənin turizm imkanlarının geniş təqdimatı keçirilib. Həmçinin müvafiq qanunvericilik bazasının möhkəmləndirilməsi istiqamətində ciddi addımlar atılıb, o cümlədən ölkəyə gəlib-getmə qaydaları sadələşdirilib, elektron viza sisteminin tətbiqinə başlanılıb. Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli müvafiq Fərmanı ilə təsdiqlənən milli iqtisadiyyat və onun 11 aparıcı istiqaməti üzrə qəbul edilən strateji yol xəritələrindən biri də məhz turizm sektorunu əhatə edir. Bəhs olunan strateji sənəddə respublikamızın turizm potensialından daha səmərəli istifadə edilməsi məqsədilə yaxın, orta və uzummüddətli perspektiv üçün konkret hədəflər müəyyənləşdirilib. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində ölkəmizdə turizm sektorunun inkişafından məmnunluğunu ifadə edərək vurğulayıb: “Turizmin inkişafı növbəti reallıqdır. Son bir-iki il ərzində bu sahədə sürətli inkişafı görürük”.

Cari ilin 9 ayında Azərbaycana 2 milyon 71 min 918 nəfər xarici turist gəlib

Qeyri-neft sektorunun gəlirli sahələrindən olan turizmin inkişafına göstərilən yüksək səviyyəli siyasi və maddi dəstək tədbirləri ölkəmizə gələn turistlərin sayının ilbəil artmasında da öz əksini tapır. Ötən ilin 9 ayı ilə müqayisədə bu ilin müvafiq dövründə ölkəmizə gələn xarici turistlərin sayı 20,9 faiz artıb. Bu barədə Azərbaycan Respublikası Turizm Şurasının növbəti iclasında Şuranın sədri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev məlumat verib. Nazir bildirib: “Bu müddətdə Azərbaycana səfər edən xarici turistlərin sayı 2 milyon 71 min 918 nəfər təşkil edib. Bu ilin ilk yeddi ayında xarici turistlərin ölkəmizdə bank əməliyyatları ötən illə müqayisədə 97 faiz artaraq 703 milyon manatdan çox olub. Ümumilikdə isə cari ilin 8 ayında xarici turistlər ölkəmizdə elektron kart vasitəsilə 1 milyard 300 milyon manat vəsait xərcləyiblər. Yerli turistlərin 8 ayda xarici ölkələrdə xərclədiyi məbləğ isə 1 milyard 200 milyon manat olub. Son bir neçə il ərzində qurulan turizm infrastrukturunun nəticəsidir ki, hazırda bu sahədə 46 min nəfər çalışır. Bura 60 min nəfərdən çox mədəniyyət sahəsində çalışanları da əlavə etsək, ümumilikdə 100 min nəfərdən çox insan turizm sahəsinə xidmət edir”.

Son illərdə ölkəmizdə turizmin inkişafında regionların da xüsusi çəkisi var. Nazir Əbülfəs Qarayev ölkəmizin regionlarında da turizmin inkişaf etdiyini diqqətə çatdıraraq vurğulayıb ki, yay mövsümündə regionlardakı hotellərdə və mehmanxana tipli obyektlərdə 860 mindən çox yerləşdirmə olub: “Bu ilin 8 ayında isə bu göstərici 1 milyon 294 min nəfərdən artıqdır. Bu istiqamətdə tədbirlər daha da gücləndiriləcək. Biz ölkəmizə gələn xarici turistlərin sayının artırılması, onlara göstərilən xidmətlərlə yanaşı, yerli vətəndaşların da ölkə daxilində mənalı istirahətinin təşkili üçün addımlar atmalıyıq”.

Son illərdə ölkəmizə, o cümlədən də regionlara gələn turistlərin sayının artması beynəlxalq miqyasda ölkəmizin turizm reytinqinin yüksəlməsinin göstəricisidir. Şuranın iclasında vurğulanıb ki, ölkəmizin turizm sənayesi dünya turizm sənayesinin ayrılmaz tərkib hissəsidir. Azərbaycan bu sahədə beynəlxalq təşkilatlarda uğurla təmsil olunur. Prezident İlham Əliyevin turizm sahəsinə diqqət və qayğısı beynəlxalq ictimaiyyət tərəfindən də yüksək dəyərləndirilir. “Sentyabrın 11-dən 16-dək Çin Xalq Respublikasının Çenqdu şəhərində BMT-nin Dünya Turizm Təşkilatı (DTT) Baş Assambleyasının 22-ci sessiyası çərçivəsində qurumun Avropa Regional Komissiyasının iclası keçirildi. İclasda Avropa regionundan Azərbaycan, Rumıniya, Rusiya, Yunanıstan və Litva 2018-2021-ci illər üçün DTT-nin İcraiyyə Şurasına üzv seçilib. Azərbaycanın növbəti dörd il müddətinə qurumun İcraiyyə Şurasına üzv seçilməsi son illərdə ölkəmizin turizm sahəsində qazandığı uğurların və Şurada səmərəli fəaliyyətinin təsdiqidir”, - deyə nazir Əbülfəs Qarayev bildirib.

Ayrı-ayrı regionlara gələn turistlərin sayında daha yüksək artım müşahidə edilir

Cari ilin arxada qalan dövrü ərzində ölkənin ayrı-ayrı regionlarına gələn turistlərin sayında isə daha yüksək artım müşahidə edilib. Məsələn, cari ilin 9 ayı ərzində Gəncə şəhərinə respublikanın ayrı-ayrı şəhər və rayonlarından 22 min 927 turist gəlib. Xarici ölkələrdən gələn qonaq və turistlərin sayı isə 7 min 800 nəfər olub. Nizami yurdunu ziyarət edən yerli turist və qonaqların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 min 120 nəfər, xaricilərin sayı isə 1050 nəfər artıb.

Həyata keçirilən rəngarəng tədbirlər nəticəsində Şəki turistlər üçün cəlbedici məkana çevrilib. Son 5 ildə rayona gələn turistlərin sayı yeddi dəfədən çox artaraq 150 min nəfərə çatıb.

Havaların soyumasına baxmayaraq, Qəbələ rayonuna yerli və xarici turistlərin axını davam edir. Qəbələ Turizm İnformasiya Mərkəzinin rəhbəri Anar Məhərrəmov AZƏRTAC-a bildirib ki, Qəbələdə son illər qurulan müasir turizm infrastrukturu ilin bütün fəsillərində turistlərə yüksək səviyyədə xidmət göstərmək üçün əlverişlidir. Onun sözlərinə görə, isti yay günlərinin başa çatmasına baxmayaraq, istirahət etmək üçün Qəbələyə üz tutan yerli və xarici turistlərin sayında azalma müşahidə edilmir. Cari il oktyabrın əvvəlinədək Qəbələ 218 min 118 turist qəbul edib. Bunun 89 min 217 nəfəri yerli, 128 min 901 nəfəri əcnəbi turistlərdir. Ümumilikdə, ilin sonunadək Qəbələyə 260 mindən çox turistin gələcəyi gözlənilir.

Qeyd edək ki, rayonda irili-xırdalı 100-ə yaxın turizm-istirahət obyekti fəaliyyət göstərir. Həmin obyektlərdən 20-si beş, dörd və üçulduzlu hotellər, müasir istirahət mərkəzləridir. Bu turizm obyektlərində gün ərzində 3500 qonağı qarşılamaq, onlara yüksək səviyyədə xidmət göstərmək mümkündür.

Şamaxıda Safari Parkının istifadəyə verilməsi ekoturizm həvəskarları üçün son dərəcə gözəl hədiyyədir

Hazırda dünya üzrə ekoturizmin geniş yayılmış növlərindən biri də safari turizmidir. Turizmin bu növü ilk olaraq zəngin təbiəti ilə seçilən Afrikada yaranıb. “Safari” sözü də Afrika xalqlarından olan tanzaniyalıların dilindən götürülüb, səyahət etmək, yolçuluq, gəzinti mənasını verir. Bu cür turlar Afrikanın bir sıra ölkələrində Qərbi Avropadan və Amerikadan gələn imkanlı turistlərin maraqlarını yerli vəhşi fauna nümunələri ilə cəlb etmək üçün həyata keçirilib. Bu gün safari turizmi ovçuluq və ya fotoovçuluq, balıq tutmaq, açıq məkanda təbii halda heyvanları müşahidə etmək məqsədilə təşkil olunan turizm növü kimi məşhurdur. Ənənəvi safarilər heyvanları nəsli kəsilmək təhlükəsi ilə üz-üzə qoyduğu üçün son dövrlərdə təşkilatçılar ov məqsədli turlardan imtina edərək sırf fotosafarilərə istiqamətləniblər. Fotosafariləri bədii dillə “sakit ov” da adlandırırlar. Azərbaycanda da fotosafari turlarının həyata keçirilməsi üçün geniş imkanlar var. Ölkəmizin müxtəlif guşələrində xüsusi mühafizə olunan təbiət əraziləri - milli parklar, qoruqlar xarici turistlərin belə turlara cəlb edilməsində mühüm rol oynaya bilər.

Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycanda ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə də bununla bağlı məsələlər yer alıb. Sənəddə Şamaxı Safari Parkının yaradılacağı da qeyd olunub.

Artıq Şamaxı Safari Parkı hazırdır. Prezident İlham Əliyev cari ilin oktyabr ayında regionlara səfəri çərçivəsində bəhs olunan parkda görülən işlərlə də tanış olub. “Azərbaycanda ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”dəki tapşırıqlara uyğun olaraq vəhşi heyvanlar üçün ekoloji qoruğun yaradılması məqsədilə Şamaxı rayonunun ərazisində olan Pirqulu adlanan dağ-meşə sahəsində 620 hektar ərazinin hüdudları içərisində 480 hektar ərazi beynəlxalq standartlara uyğun formada çəpərlənib. Buraya Latviya, Polşa, Slovakiya, Çexiya və Macarıstan təsərrüfatlarından üç növdən ibarət 420 baş nəcib maral, lan və muflon adlı genetik qiymətli heyvanın gətirilərək xüsusi mühafizə olunan əraziyə buraxılması təmin edilib. Görülən seleksiya və baytarlıq tədbirləri nəticəsində bu heyvanların sayı iki dəfəyə yaxın artıb. Belə ki, hazırda parkda 790 heyvan, o cümlədən 260 baş nəcib maral, 250 baş muflon və maral cinsinə daxil olan 280 baş lan var.

Ekoloji parkın daxili infrastrukturunun yaradılması istiqamətində də mühüm işlər görülüb. Belə ki, 36 kilometr uzunluğunda enli yol çəkilib. Bundan başqa, heyvanlar üçün çox sayda təbii daldalanacaqlar düzəldilib. Maral, lan və muflonları kənar təsirlərdən və yoluxucu xəstəliklərdən qorumaq üçün beynəlxalq standartlara uyğun dəmir-beton dayaqlara hörülmüş 52 kilometr uzunluğunda çəpər çəkilib. Bundan başqa, parkın ərazisində inzibati bina və qonaq evi də inşa olunub. İnzibati bina və qonaq evinin ərazisində geniş abadlıq işləri aparılıb.

Ümumiyyətlə, Şamaxıda Safari Parkının istifadəyə verilməsi ekoturizm həvəskarları üçün son dərəcə gözəl hədiyyədir. Safari parkına təşrif gətirən turistlər burada istirahətlə bağlı xəyallarını yüksək səviyyədə gerçəkləşdirə biləcəklər.

Şamaxının Dəmirçi kəndində görülən işlər bölgədə turizmin inkişafına əlavə təkan verəcək

Hazırda dünyanın ayrı-ayrı ölkələrində qədim yaşayış məskənlərinin, tarixi abidələrin bərpa edilməsi yolu ilə turist cəlbediciliyinin artırılmasına döyük diqqət göstərilir. Azərbaycan da ölkəyə daha çox sayda turist cəlb etmək üçün bu təcrübədən bəhrələnməyə çalışır. Bu baxımdan səfalı təbiətə malik Şamaxının Dəmirçi kəndində görülən işlər təqdirəlayiqdir. Bir qədər bundan əvvəl Prezident İlham Əliyev regionlara səfəri çərçivəsində Şamaxının Dəmirçi kəndində görülən işlərlə tanış olub və məmnunluğunu ifadə edib.

Dəmirçi Şamaxının ən qədim kəndlərindən biridir və onun tarixi XV əsrə gedib çıxır. Qədimdə adı Güneyçay olan kənddə dəmirçilik sənəti geniş yayıldığından sonralar buraya Dəmirçi adı verilib. Bir vaxtlar qədim İpək yolunun kənarında yerləşən kənddə bir neçə karvansara da olub. Lakin karvansara da daxil olmaqla Dəmirçidəki qədim tikililərin çoxu sovet hakimiyyəti illərində dağıdılıb. Maraqlı adət-ənənələri, özünəməxsus mədəniyyəti olan yerli əhali elmə, təhsilə böyük maraq göstərir. Odur ki, kəndin bərpası və tarixi simasının qorunması ilə bağlı son illərdə həyata keçirilən işlər ölkəmizin bu nadir abidəsini qoruyub saxlamaq və onu gələcək nəsillərə çatdırmaq istiqamətində mühüm tədbirlərdən biridir.

Görülən işlər bir neçə istiqamətdə həyata keçirilib və kompleks xarakter daşıyıb. İlk növbədə, kənddəki məscid bərpa olunub. Ölkəmizin ən qədim dini ocaqlarından olan Dəmirçi məscidi 755-ci ildə tikilib və Prezident İlham Əliyevin göstərişi ilə bərpa edilib.

Dəmirçi kəndində yerli əhalinin və turistlərin istirahəti, onların gəzintisinin yaddaqalan olması üçün bir sıra maraqlı layihələr icra olunub. Buraya ailə biznesinin qurulmasını və bu biznesdən alınan məhsulların satışını nəzərdə tutan, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılmış “ABAD” publik hüquqi şəxsin fəaliyyəti də daxildir. Burada turistlərə müxtəlif suvenirlər, əl işləri təqdim olunur. Kənddə turistlər üçün maraqlı əyləncə və istirahət yerləri də təşkil olunub. Bunlardan biri də bir neçə yerdə qoyulan təndirdir. İl ərzində turistlər Dəmirçi kəndinin özünəməxsus qonaqpərvərliyinin şahidi olacaqlar. Onlara məhz bu bölgəyə aid olan milli yeməklər təqdim ediləcək.

Kənddə Şamaxı Tarix-Diyarşünaslıq Muzeyinin eksponatlarından ibarət sərgi də açılıb. Bu eksponatlar turistlərdə Şamaxının qədim tarixi barədə geniş təsəvvür yaradacaq. Burada turistlərdə maraq doğuracaq sərgi-kompozisiyalardan da istifadə olunacaq. Bundan əlavə, müxtəlif məişət obyektləri əhalinin və turistlərin istirahətinə maraqlı anlar qatacaq.

Dəmirçi turizm infrastrukturunda “Azərxalça” ASC də yer alıb. Burada toxunacaq xalçalar sonradan turistlərə satılacaq ki, bu layihə Azərbaycan xalçalarının şöhrətini daha da artıracaq.

Dəmirçi Arxeoloji-Etnoqrafik Muzeyində bütün Şirvanın tarixi keçmişi barədə zəngin eksponatlar sərgilənəcək

Yaxın perspektivdə Dəmirçi kəndində həmçinin Arxeoloji-Etnoqrafik Muzey yaradılacaq. Layihəyə əsasən, muzeydə Şamaxı ilə yanaşı, bütün Şirvanın tarixi keçmişi barədə məlumatlar və eksponatlar sərgilənəcək. Qeyd edək ki, ötən il Dəmirçi kəndindən Lahıc qəsəbəsinə yol çəkilişi zamanı saxsı qablar və insan skeleti fraqmentləri aşkar olunub. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşlarının Dəmirçi-Lahıc yolunun 4-cü kilometrliyində, Gəgəli yaylağı adlanan ərazidə apardıqları araşdırmalar nəticəsində 1,5 hektar ərazidə nekropol olması müəyyən edilib. Qazıntılar zamanı ərazidən qızıl və gümüşdən bəzək əşyaları, muncuqlar, sikkələr və digər maddi-mədəniyyət qalıqları aşkarlanıb. Bu il nekropolda aparılan qazıntılar zamanı 18 qəbir açılıb. Əldə edilən maddi-mədəniyyət nümunələri əsasında Gəgəli nekropolunun son antik və ilk orta əsrlərə aid olduğu bildirilir.

Bəhs olunan nekropola, eləcə də bütün Şirvan zonası üzrə qədim yaşayış məskənlərə aid materiallar Dəmirçi Arxeoloji-Etnoqrafik Muzeyində sərgilənəcək ki, bu da həm turist cəlbediciliyi, həm də tariximizin, milli adət-ənənələrimizin təbliği baxımından çox önəmlidir.

Daha bir muzey Quba rayonunda yaradılır

Ümumiyyətlə, son illərdə ölkənin turist cəlbediciliyinin artırılması tədbirləri çərçivəsində regionlarda tarix-diyaşünaslıq muzeylərinin yaradılması geniş vüsət alıb. Zəngin eksponatların yer aldığı belə muzeylərdən biri də Şəmkirdə yaradılıb. Muzeydə həm ölkəmizin, həm də Şəmkirin tarixini əks etdirən eksponatlar yerləşdirilib. Bu eksponatlar turistlər üçün böyük maraq doğuracaq, onlara ölkəmizin tarixi ilə daha yaxından tanış olmaq imkanı yaradacaq. Muzeydə Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Şəmkirə səfərlərini əks etdirən fotolar, rayonun tanınmış ziyalıları, qəhrəmanları barədə zəngin məlumatlar var.

Bütövlükdə muzeyin ümumi ərazisi 0,26 hektardır. İki mərtəbədən ibarət muzey binasının ümumi sahəsi isə 800 kvadratmetrdir. Muzeyin birinci mərtəbəsində iki bölmə yerləşir. Birinci bölmədə miniatür rəsm sərgisi və ekspozisiya zalı, ikinci bölmədə isə elektron informasiya lövhəsi və ekspozisiya zalı var. Muzeydə mövcud olan 6 minə yaxın eksponatdan 350-si ekspozisiya zallarında sərgilənir. Bu eksponatlar əsasən qədim tunc dövrünə və XVIII-XIX əsrlərə aiddir. Binanın həyətyanı sahəsində yaradılmış “Açıq muzey”də müxtəlif filmlərin personajlarının heykəlləri qoyulub.

Qubada isə dağ yəhudilərinin yığcam yaşadıqları Qırmızı qəsəbədə azsaylı xalqın tarixini, adət-ənənələrini, mədəniyyətini əks etdirən eksponatların toplandığı muzey yaradılır. AZƏRTAC-ın məlumatına görə, muzey Qırmızı qəsəbədəki tarixi Karçoqi sinaqoqunda fəaliyyət göstərəcək. Sinaqoq sovet dövründə bağlanaraq təyinatı üzrə istifadəyə icazə verilməyib və dini məbəd kənd təsərrüfatı məhsullarının saxlanıldığı anbara çevrilib.

Quba rayon İcra Hakimiyyəti başçısının Qırmızı qəsəbə inzibati dairəsi üzrə nümayəndəsi Pisax İsakov bildirib ki, sinaqoq qəsəbədən olan xeyriyyəçilərin maliyyə vəsaiti ilə yenidən qurulur. Sinaqoqun bərpası ilə yanaşı, buranın muzey kimi fəaliyyət göstərməsi üçün də paralel iş aparılır. Muzeyin bədii tərtibatı ilə məşğul olan Dağ Yəhudiləri Beynəlxalq Xeyriyyə Fondu evlərdə qorunub saxlanılmış qədim, dəyərli əşyaların muzeyə verilməsi üçün əhaliyə müraciət edib.

Regionlarda keçirilən bayram tədbirləri, festivallar turistlərə unudulmaz anlar yaşadır

Son illərdə bölgələrdə həmçinin məhsul bayramlarının, yarmarkaların, festivalların keçirilməsi ənənə halını alıb ki, bu da turistlər üçün olduqca maraqlıdır. Belə tədbirlər turistlərə unudulmaz anlar bəxş edir. Deyilənlər baxımından bu günlərdə Qaxda keçirilən “Milli mətbəx və bal bayramı” da istisna təşkil etməyib.

Əsrarəngiz təbiəti, qədim tarixi abidələri ilə məşhur olan Qax rayonu həm də zəngin milli mətbəxi ilə seçilir. Tolerantlığın qorunub saxlandığı bu diyarda bir çox millətlərin nümayəndələri yaşayırlar. Bu millətlərin hər birinin özünəməxsus adət-ənənələri və milli mətbəxi var. Təsadüfi deyil ki, Qax mətbəxinin özünəməxsusluğu və zənginliyi nəzərə alınaraq, Mədəniyyət və Turizm Nazirliyinin “Xalq Yaradıcılığı Paytaxtları” Proqramına əsasən, Qax şəhəri 2015-cı ildə “Azərbaycanın Milli Mətbəx Paytaxtı” elan edilib.

Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə oktyabrın 31-də Qax şəhərində rayon Mədəniyyət Mərkəzində təşkil edilən “Milli mətbəx və bal bayramı”nda Qaxın, eləcə də qonşu Zaqatala, Şəki və Oğuz rayonlarının milli mətbəxinə aid nümunələr, həmçinin xalq sənətkarlarının, tətbiqi sənət ustalarının əl işləri nümayiş etdirilib.

Bayram tədbirinin iştirakçıları əvvəlcə bölgə kulinarlarının hazırladıqları milli mətbəx nümunələrinin nümayiş etdirildiyi sərgilərlə tanış olublar. Burada sərgilənən Qax mətbəxinə aid xəmir xörəkləri, müxtəlif növ plov, dolma və digər milli yeməklər, qaxac olunmuş ətdən hazırlanan xörəklər, gürcü və ləzgi mətbəxinə aid nümunələr, həmçinin arıçılıq məhsulları, Şəki mətbəxinə aid piti, ətli, noxudlu dovğa, ballı xəşil, dobuda tənək dolması və bozbaş, qənnadı məmulatları, müxtəlif növ şirniyyatlar, Zaqatala mətbəxinə aid sacda bişirilən maxara, fəsəli, yuxa, qutab və digər nemətlər, Oğuz mətbəxinə aid döşəməli plov tədbir iştirakçılarının böyük marağına səbəb olub.

Turistlərin sayının artması bölgələrdə sənətkarlıq nümunələri və suvenirlər bazarının canlanmasına səbəb olub

Öz növbəsində turistlərin sayının artması bölgələrdə sənətkarlıq nümunələri və suvenirlər bazarının canlanmasına səbəb olub. Qubanın mərkəzində fəaliyyət göstərən və müxtəlif sənətkarlıq nümunələri, suvenirlər satılan dükanda hər gün böyük qələbəlik yaşanır. Dükanın sahibi Ağacan Kərimov buradakı 500-ə yaxın sənətkarlıq nümunəsini toplamaq üçün böyük zəhmət sərf edib. Turistlərin böyük maraq göstərdikləri əşyalar sırasında samovarlar, sikkələr, xəncər nümunələri, xalçalar və digər əşyalar yer alır.

Yeri gəlmişkən, Şəki şəhərində yaşayan gənc rəssam Elxan Kərimov ağac oyma sənəti ilə məşğul olur. Bu sahədə 6 illik təcrübəsi olan sənətkar hazırda Şəki şəhərinin qoruq ərazisində yerləşən “Sənətkarlar evi”ndəki emalatxanasında fəaliyyət göstərir. Gənc sənətkarın daş, kətan, kağız üzərində çəkdiyi rəsmlər, taxtadan hazırladığı kiçikölçülü suvenirlər yerli və xarici turistlər tərəfindən böyük maraqla qarşılanır.

Elxan Kərimov bir ilə yaxındır “Ailə Biznesinə ASAN Dəstək” layihəsinə - “ABAD”a qoşulub. Gəncin bildirdiyinə görə, “ABAD”la əməkdaşlıq onun bir sənətkar kimi tanınmasına, əl işlərinin reklam olunmasına yaxşı təsir göstərib, sifarişləri çoxalıb. Sənətkar deyib ki, turistlər təbii materiallardan - daş, qum, taxtadan hazırladığı kiçikölçülü suvenirlərə böyük maraq göstərirlər. Belə əl işlərinin qiyməti 2-3 manatdan 20-30 manat arasında dəyişir. Xarici turistlər öz portretlərinin taxta, kətan, kağız üzərində çəkilməsini xoşlayırlar. Rəssam belə sifarişləri çox qısa müddətdə hazırlamağı bacarır. Elxanın öz ideyası olan şaftalı, gavalı, ərik tumlarından və taxta çöplərindən hazırladığı hörümçək suvenirləri də turistlərin böyük marağına səbəb olur və onlar bu suvenirləri həvəslə alırlar.

Mübariz ABDULLAYEV

Yeni Azərbaycan.- 2017.- 4 noyabr.- S.7.