Möhtəşəm 25 il.

Yeni Azərbaycan Partiyasının tarixi həm də böyük nailiyyətlər, mühüm zəfərlər, sürətli inkişaf və müstəqil dövlətçilik salnaməsidir

 

Tarixə qiymət vermək böyük məsuliyyət, başlıcası isə kifayət qədər zaman məsafəsi tələb edir. Möhtəşəm tarixi hadisələrə qiymət verilməsi, bir qayda olaraq, tarixin özünün hökmünə buraxılır. Hər bir xalq öz taleyində yaşadığı hadisələrin əsl dəyərini həyatında baş verən dəyişikliklər prizmasından qiymətləndirir.

Azərbaycan xalqının müasir tarixini, əslində isə taleyini təyin edən əzəmətli hadisələr sırasında Yeni Azərbaycan Partiyasının yaradılmasının özünə layiqli yer tutması cəmiyyətin mütləq çoxluğu tərəfindən etiraf olunan həqiqətdir.

Yeni Azərbaycan Partiyasının dahi şəxsiyyət, siyasətçi və dövlət adamı Heydər Əliyev tərəfindən yaradılması faktı tamamilə yetərlidir ki, o, ölkəmizin müasir tarixinin möhtəşəm siyasi hadisəsi hesab olunmaq haqqı qazansın. Partiyanın cəmiyyətin siyasi həyatına gəlməsi və mövcudluğunun 25 ili ərzində həyatımızda baş verən möcüzə sayıla biləcək dəyişikliklərdə və inkişafda ən aparıcı rol oynadığı da nəzərə alınsa, onun tarixi hadisə missiyasına hər hansı şübhə yeri qalmaz. Təkzibolunmaz həqiqət budur ki, Azərbaycanın müasir həyatını, cəmiyyətimizdə baş verən qaynar ictimai-siyasi prosesləri Yeni Azərbaycan Partiyasından ayrılıqda təsəvvür etmək mümkün deyil.

 

Xalqa xilas və xilaskar lazım idi

 

Tarixi missiya daşıyan bütün hadisələrin meydana gəlmə şərtlərini və gələcək taleyini tarixin özü müəyyən edir. Yeni Azərbaycan Partiyasının yaranması bütün zamanlarda sınaqdan çıxmış qeyd olunan sosioloji qanunauyğunluğu bir daha təsdiq etmiş oldu. Azərbaycanın müstəqilliyin ilk illərində üzləşdiyi kütləvi böhran və real təhlükələrdən qurtulması obyektiv zərurət olaraq ortaya çıxmışdı. Xalqa, ölkəyə, dövlətə xilas və onu həyata keçirməyə qadir olan xilaskar lazım idi. Bir-birini tez-tez əvəzləyən rəhbərlər həm ölkənin, həm də insanların bu ehtiyacını ödəmək imkanına sahib olmadıqlarını artıq dəfələrlə sübuta yetirmişdilər. Nəticə etibarilə siyasi qeyri-sabitliyə gətirib çıxaran hakimiyyət dəyişikliklərinin yaratdığı iqtidarların, bir növ, siyasi ideologiyasına çevrilmiş Heydər Əliyevə qarşı qısqanclıq, siyası motivli hücumlar artıq bumeranq kimi onların özünü hədəfə alırdı.

Xilaskar missiyasını Heydər Əliyevdə görən və ona dərindən inanan insanların sayı isə sürətlə çoxalırdı və artıq ümummilli ovqatı əks etdirən siyasi məfkurəyə çevrilmişdi. Yeni Azərbaycan Partiyasının yaranması həmin məfkurənin bütün cəmiyyət miqyasında hakim mövqeyə sahib olmasını və siyasi prosesləri yönəltmək niyyətini açıq şəkildə sübuta yetirirdi. Bu prizmadan yanaşdıqda Heydər Əliyevin rəhbərliyi altında yeni partiyanın təsis edilməsi obyektiv tarixi zərurətin ifadəsi hesab olunmalıdır.

Digər tərəfdən, Yeni Azərbaycan Partiyası Heydər Əliyevin xalqın haqlı olaraq böyük ümidlər bəslədiyi xilaskarlıq missiyasının siyasi reallaşma forması qismində qavranılırdı. Başqa sözlə ifadə edilsə, Heydər Əliyevin rəhbərliyi altında insanların ümidlə baxdığı və etibar etdiyi möhtəşəm siyasi təşkilatın yaranması dahi şəxsiyyətin hakimiyyətə qayıdışının və xilaskarlıq missiyasının başlanğıcı kimi qəbul edilirdi. Yeni Azərbaycan Partiyasının yaranması bu mənada xalqın Heydər Əliyevə ünvanlanmış və milli iradənı özündə ifadə edən çağırışı sayıla bilər.

Yeni Azərbaycan Partiyasının unikallığı ondan ibarətdir ki, partiya yaratmaq ideyası Heydər Əliyevə məxsus deyildi. Xalq onun ətrafında birləşir, yeni bir hərəkat təbii xalq istəyi əsasında formalaşırdı. Həmin hərəkata demokratik cəmiyyət və ənənələr baxımından legitim forma verilməsinə ehtiyac var idi və bu forma da məhz Yeni Azərbaycan Partiyası oldu.

Yeni Azərbaycan Partiyasının yaranması, şübhəsiz, müasir tariximizin vaxtilə ən diqqətlə izlənilən və həyəcanla gözlənilən hadisələrindən biri olmuşdur. Bu yaranış ümidvericiliyi, etibarlılığı və təbii ki, əzəməti ilə özünəqədərki bütün hadisələrdən və hərəkatlardan fərqlənirdi. Onda olan Heydər Əliyev ciddiliyi, möhtəşəmliyi və sanballılığına kimsənin biganə qalması mümkün deyildı. Rəqiblər belə, nə qədər istəməsələr də, etiraf etməyə bilmirdilər ki, Yeni Azərbaycan Partiyasının yaranması, əvvəla, Heydər Əliyevin hamının səbirsizliklə gözlədiyi qayıdışını, ikincisi isə, bu qayıdışın vəd etdiyi əsaslı dəyişiklikləri qaçılmaz etmişdir.

Yeni Azərbaycan Partiyası özünün sosial bazasına görə xalqın istəyindən doğan siyasi təşkilatdır. Onun yaradıcısı Heydər Əliyev başda olmaqla bütün xalqdır desək, düşünürəm ki, səhvə yol vermərik. Bununla bərabər, partiyanın yaranması və möhkəmlənməsi yolunda ayrıca fədakarlıq göstərən insanlar da unudulmamalıdır və unudulmur. Azərbaycanın müxtəlif bölgələrində Heydər Əliyevi sevən, onun siyasi hakimiyyətə qayıdışını ölkənin müstəqilliyi və təhlükəsizliyi baxımından alternativsiz sayan yüzlərlə, minlərlə insan Yeni Azərbaycan Partiyasının yaranması yolunda böyük fədakarlıq, əsl qəhrəmanlıq nümunələri göstəriblər.

Bu gün Yeni Azərbaycan Partiyasının üzvləri ilə yanaşı ölkəmizin misilsiz uğurlarından qürur duyan hər bir vətəndaşı Heydər Əliyevin rəhbərliyi altında möhtəşəm siyasi təşkilatın yaranmasında əvəzedilməz xidmətləri olan mərhum Ziya Bünyadovu, Xəlil Rza Ulutürkü, Fərəməz Maqsudovu, Murtuz Ələsgərovu, Rəfael Allahverdiyevi, Sirus Təbrizlini, Səfiyar Musayevi, Zahid Qaralovu və başqalarını minnətdarlıqla xatırlayır, Yeni Azərbaycan Partiyasının yaranması üçün Heydər Əliyevə müraciət etmiş məşhur “91”lərin hər bir nümayəndəsinin siyasi fədakarlığını unutmur.

Qeyd etməyə dəyər ki, Yeni Azərbaycan Partiyasının yaranmasının tarixi zərurətdən qaynaqlandığını isbat etməyə çox zaman tələb olunmadı. Təsis olunmasından yarım il sonra partiyanın yaradıcısı və sədri Heydər Əliyev xalqın istəyi və demək olar ki, tələbi ilə hakimiyyətə gəldi. Heydər Əliyev və onun partiyası zamanın onların üzərinə qoyduğu tarixi missiyanı yerinə yetirmək şansı qazanmış oldular. Bu, yeni tarixin - müstəqil Azərbaycanın yaradılması missiyası idi. Zaman göstərdi ki, Heydər Əliyev öz missiyasını layiqincə yerinə yetirdi, müasir tariximizə müstəqil Azərbaycanın memarı kimi daxil oldu.

 

Müstəqil Azərbaycan Yeni Azərbaycan məfkurəsi üzərində quruldu

 

Yeni Azərbaycan Partiyasının tarixi missiyası

* ölkəni bürümüş total böhrandan xilas etmək, xaos və anarxiyanı aradan qaldırmaq, insanların təhlükəsizliyini təmin etmək;

* müstəqilliyini bəyan etmiş Azərbaycanın bütün parametrlərə uyğun müstəqil dövlətinin qurulmasını həyata keçirmək;

* müasir cəmiyyət formalaşdırmaq və insanların layiqli həyatına zəmanət vermək

kimi fundamental vəzifələrdə özünün ifadəsini tapırdi. Mahiyyəti, xarakteri, həll edilməsi üsulları, temperamenti və resursları baxımından kəskin şəkildə fərqlənən bu böyük vəzifələrin hər birinin yerinə yetirilməsi, obrazlı şəkildə desək, ayrıca bir siyasətçi ömrü tələb edirdi. Postsovet tarixinin ibrət dərslərinə istinad etsək, bunun təkzibolunmaz nümunələrini tapmaq o qədər də çətin olmaz. Kommunist ideologiyasına əsaslanan cəmiyyətin demokratiyaya transformasiyasının bir onillikdən çox zaman kəsiyi tələb etməsi əksər postsovet gənc dövlətlərin təcrübəsinin ortaya qoyduğu həqiqətdir. Azərbaycanda isə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun dağıntıları, siyasi xaos və iqtisadi tənəzzül kimi amillər transformasiya prosesini ifrat dərəcədə çətinləşdirirdi.

Müstəqil dövlət quruculuğu və müasir cəmiyyətin formalaşdırılması kimi fundamental vəzifələrin icrası ilk növbədə ölkənin xaos və anarxiyanın yaratdığı siyasi, iqtisadi, mənəvi tullantılardan təmizlənməsini tələb edirdi. Əvvəlcədən məlum idi ki, müstəqil Azərbaycanın qurulması üçün lazım olan siyasi və təşkilati səylərdən heç də az olmayan səylərin həqiqi müstəqilliyə aparan yolun yuxarıda qeyd etdiyimiz tör-töküntülərdən təmizlənməsinə sərf edilməsi qaçılmazdır. Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkədə mövcud vəziyyətin ətraflı təhlili və mənzərəsinin təsviri bu yazının mövzusuna birbaşa aid olmadığından onun haqqında geniş danışmağa ehtiyac və imkan yoxdur.

Lakin Azərbaycanın müstəqilliyinə real təhlükə səviyyəsinə yüksəlmiş xaos, anarxiya, hərtərəfli tənəzzül, erməni təcavüzünün ölkənin dərinliklərinə doğru irəliləməsi, separatçılıq meyillərinin açıq mərkəzdənqaçma hərəkatına çevrilməsi və sair ciddi problemlər zamanında öz həllini tapmasaydı, ölkənin taleyinin qorxulu ssenari üzrə cərəyan etməsinin qarşısı alına bilməzdi və biz bu gün Azərbaycanın fərqli tarixi barədə danışmalı olardıq. Yalnız Heydər Əliyevin qayıdışı, yuxarıda sadaladığımız təhlükələrin cilovlanması, sabitliyin təmin edilməsi müstəqil Azərbaycan dövlətinin quruculuğuna imkan yaratdı.

Qeyd etmək yerinə düşər ki, Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin quruculuğu missiyasına praktik surətdə başlayanda onun strategiyası artıq hazır idi. Bu strategiya Yeni Azərbaycan Partiyasının Heydər Əliyev tərəfindən işlənib hazırlanmış siyasi platformasında öz ifadəsini tapırdı. Bu mənada müstəqil Azərbaycan dövlətinin Yeni Azərbaycan məfkurəsi zəminində qurulduğunu vurğulamağa bütün əsaslar var. Onu dərk etmək partiyamızın hər bir üzvünə xüsusi qürur və məmnunluq bəxş edir.

Yeni Azərbaycan məfkurəsinə istinadən müstəqil Azərbaycan dövlətinin qurulması, hər şeydən əvvəl, fərdin vətəndaşa çevrilməsi anlamına gəlir. Vətəndaşlıq dövlətin özünüdərkinin, özünüifadəsinin və qüdrətinin ən etibarlı fundamentidir. Heydər Əliyev məhz bu vəzifənin həllini dövlət quruculuğu strategiyasının məhək daşı sayırdı.

Müstəqil dövlət quruculuğunun digər istinad nöqtəsi əhalinin siyasi fenomen kimi xalqa (millətə) çevrilməsi ilə əlaqədardır. Heydər Əliyevin azərbaycançılıq məfkurəsi haqqında söhbət gedən tarixi şəraitdə qeyd olunan vəzifənin böyük müdrikliklə reallaşmasına zəmanət verə bildi. Mövcudluğundan qürur duyduğumuz müstəqil Azərbaycan dövlətinin əsasını, başlıca dayağını Azərbaycan xalqı təşkil edir.

Müstəqil Azərbaycan dövlətinin quruculuğunda istinad olunan başqa bir dəyər isə işçinin sahibkar kimi formalaşması sayıla bilər. Sahibkarlıq psixologiyasının formalaşması milli, dövlət maraqları ilə şəxsi maraqların üzvi surətdə əlaqələndirilməsi mexanizmi vasitəsilə dövləti daha güclü, daha qüdrətli edir.

Beləliklə, Yeni Azərbaycan məfkurəsinin üç təməl prinsipi - fərdin vətəndaşa, əhalinin xalqa (millətə), işçinin sahibkara transformasiyası əsasında müstəqil Azərbaycan dövləti bərqərar oldu. Tam məsuliyyətlə deyə bilərik ki, XX əsrin son onilliyində müstəqilliyinə qovuşmuş gənc dövlətlərin ən uğurlusu sayılan Azərbaycanın əldə etdiyi nailiyyətlər əhəmiyyətli dərəcədə yuxarıda sadalanan təməl prinsiplərinə əsaslanır.

Müstəqil Azərbaycan dövlətinin quruculuğunda Yeni Azərbaycan Partiyasının iştirak payının haqqında yuxarıda söhbət açdığımız təməl prinsiplərinin cəmiyyətə təqdim edilməsi ilə kifayətləndiyini düşünmək yanlış olardı. Yeni cəmiyyət quruculuğunda Heydər Əliyevə xalqın inamı, onun ideyalarının qətiyyətlə dəstəklənməsi kimi amillərin rolu diqqətdən kənarda saxlanıla bilməz. Bu amillər isə öz növbəsində Yeni Azərbaycan Partiyasının həm güc mənbələri, həm də güc və qüdrətinin ifadələridir. Yeni Azərbaycan Partiyasının yaranması, formalaşması və inkişafı Heydər Əliyevə möhtəşəm xalq inamı və dəstəyinin bariz təcəssümüdür.

 

İdeya varisliyindən siyasi varisliyə: möhtəşəm inkişafın etibarlı əsası

 

Yeni Azərbaycan Partiyasının təməl prinsipləri sırasında varislik xüsusi yer tutur. O, partiyanın Azərbaycanın tarixi, siyasi, mənəvi və dövlətçilik ənənələrinə söykəndiyini və onlara sadiqliyini təsdiq və təcəssüm etdirir.

Hər bir cəmiyyətin, toplumun, hətta qurumların mövcudluğundan tutmuş onun səmərəli fəaliyyətində, qarşısında duran vəzifələrin keyfiyyətlə yerinə yetirilməsində ənənələrə sədaqət, onların qorunub saxlanılması mühüm əhəmiyyət kəsb edir. Siyasi proseslərə şamil edildikdə ənənələrə sədaqət və onun sistemli ifadə forması sayılan varislik müəyyən mənada mühafizəkarlıq cərəyanının bir qolu kimi qəbul edilə bilər. Yeni Azərbaycan Partiyasının varislik prinsipi onun milli köklərə bağlılığını ifadə etməklə siyasi baxışlarının mahiyyətini və əsas istiqamətini göstərir. Azadlığını elan etmiş və qarşısında müstəqil dövlət qurmaq kimi məsuliyyətli vəzifə dayanan cəmiyyətlərin milli köklərə bağlılıq kimi prinsipi bəyan etməsi başa düşülən olmaqla yanaşı, həm də uğura aparan ən doğru yol sayılmalıdır.

Dahi siyasətçi və müdrik dövlət adamı olan Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin quruculuğu prosesində malik olduğumuz dövlətçilik ənənələrinə, tarixin ayrı-ayrı mərhələlərində yaradılan maddi və mənəvi sərvətlərə istinad etməklə daim Yeni Azərbaycan Partiyasının məramnaməsində bəyan etdiyi varislik prinsipinə sadiq olduğunu nümayiş etdirmiş, ondan hər zaman faydalanmağa çalışmışdır. Müstəqil Azərbaycan dövləti Azərbaycan xalqının qədim tarixindən bu günümüzə qədər davam edən dəyərlərə və ənənələrə söykənir, özünün mövcudluğu ilə onları yaşadır və inkişaf etdirir.

İdeya varisliyinin real siyasətdə təcəssümü siyasi varislikdir. Siyasi varislik ənənə və dəyərlərin qorunub saxlanılması ilə yanaşı, inkişafın ardıcıllığı və davamlılığının ən etibarlı təminatlarından sayılır. İdeya varisliyinə istinad edən Yeni Azərbaycan Partiyası əsası qoyulmuş möhtəşəm inkişafın ardıcıllığı və davamlılığının təmin edilməsi naminə siyasi varisliyin alternativsizliyini zamanında düzgün qiymətləndirə bildi. 2003-cü ildə növbəti prezident seçkilərində İlham Əliyevin namizədliyinin irəli sürülməsini mən siyasi müdrikliyin və uzaqgörənliyin ən gözəl nümunələrindən hesab edirəm. İdeya varisliyini özünün əsas prinsiplərindən biri sayan partiyanın siyasi varisliyə üstünlük verməsi tamamilə məntiqə uyğundur. Belə bir seçimin əsas motivlərini sıralamağa çalışsaq ilk növbədə partiyanın varislik prinsipinə real praktikada sadiq olduğunu vurğulamaq lazım gələr.

Lakin seçimin yalnız varislik prinsipinə sədaqət nümayiş etdirmək naminə edildiyini düşünmək düzgün olmazdı. Bu seçim ona görə unikal sayıla biləcək dərəcədə uğurlu oldu ki, burada varislik prinsipi layiqlilik prinsipi ilə üzvi vəhdət təşkil edirdi. İlham Əliyev bir çox parametrlərinə görə Heydər Əliyevin ən layiqli siyasi varisi sayılırdı. O, eyni zamanda prezidentliyə ən layiqli namizəd hesab edilirdi və bu iki vacib keyfiyyəti özündə birləşdirməklə Yeni Azərbaycan Partiyası tərəfindən növbəti prezidentliyə namizəd irəli sürülmək haqqına tam sahib idi. Zaman həm bu seçimin, həm də varislik prinsipinə istinadın doğruluğunu və faydasını tam sübuta yetirdi.

Cəmiyyət 2003-cü il prezident seçkilərindən sonra yaşadığımız dövrü Heydər Əliyev siyasətinin yeni tarixi şəraitdə ardıcıl surətdə davam etdirilməsi mərhələsi kimi qavramaqdadır. Eyni zamanda vurğulanmalıdır ki, ulu öndərin yaratdlğl strategiya, inkişaf konsepsiyası son 14 il ərzində daha da inkişaf etdirilib, zənginləşdirilib, təkmilləşdirilib. Bu gün qürur və iftixar hissi ilə etiraf etdiyimiz möhtəşəm inkişaf varislik prinsipi əsasında Heydər Əliyev siyasətinin məhz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ilə əlaqədardır. Həyat Yeni Azərbaycan Partiyasının və bütün xalqın seçimi timsalında varislik prinsiplərinin qüdrətli inkişaf amili olduğunu bir daha sübuta yetirdi.

Təxminən 14 il ərzində ölkəmiz misli görünməmiş yüksəlişə nail oldu, dünyanın ən dinamik inkişaf edən iqtisadiyyatı kimi özünü təsdiqlədi. Azərbaycanın həyatında baş verən dəyişikliklər, onu əks etdirən statistikaya qısa baxış dediklərimizin əyani təcəssümü sayıla bilər. Sözügedən illər ərzində iqtisadiyyat 3,5 dəfədən çox artmış, 1,6 milyondan çox yeni iş yeri açılmışdır. Yoxsulluq səviyyəsinin 10 dəfəyə qədər azalması kimi unikal sosial inkişaf qeydə alınmışdır. Yoxsulluğun səviyyəsinin azalması sahəsində Azərbaycanın əldə etdiyi nəticəni digər, hətta yüksək dinamika nümunələri nümayiş etdirən ölkələr 20-30 il ərzində qazana bilmirlər. Bu sahədə ölkəmizin təcrübəsi dünya miqyasında sosial tərəqqinin ən gözəl nümunəsi sayılmağa tam layiqdir.

Azərbaycan tarixinin son 14 ili sözün əsl mənasında hərtərəfli inkişaf kimi qavranılır. İqtisadi inkişaf, yoxsulluq səviyyəsinin haqqında söhbət açdığımız azalması ilə yanaşı, ölkənin simasının dəyişdirilməsi, müasirləşməsi sahəsində möhtəşəm layihələr həyata keçirilmişdir. Paytaxt Bakı şəhəri ilə yanaşı, regionlar da inkişaf etdirilmiş, insanların yaşamaq və işləmək şəraiti kökündən yaxşılaşdırılmışdır.

Azərbaycanın beynəlxalq nüfuzunun və mövqelərinin gücləndirilməsi ölkənin ümumi inkişafının xüsusi təzahür forması olaraq ayrıca qeyd olunmağa layiqdir. İnsan hüquq və azadlıqlarına sayğı, tarixi mədəni rəngarəngliyə və tolerantlığa bağlılıq, dünya birliyinin prioritet saydığı siyasi və mənəvi dəyərlərə sədaqət Azərbaycanı müasir və cazibədar dövlət kimi qəbul etmək üçün bütün əsasları yaratmışdır.

2012-ci ildə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, Avropanın ilk idman oyunlarına və mahnı müsabiqəsinə evsahibliyi etməsi, bütün dünyada multikulturalizm mərkəzi kimi ad qazanması, bir sıra beynəlxalq və humanitar təşəbbüslərin, iqtisadi potensialımızı artırmaqla yanaşı, bölgəmizin geosiyasi mənzərəsini kökündən dəyişən möhtəşəm enerji və nəqliyyat layihələrinin müəllifi kimi çıxış etməsi ölkənin artan beynəlxalq nüfuzunu göstərən əlamətlərin tam olmayan siyahısıdır.

Azərbaycan dövlətinin qüdrətinin artması, istimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsi, ordunun döyüş qabiliyyətinin yüksəlməsi də son onilliyin ən əlamətdar nailiyyətləri sırasında layiqli yer tutur. Ermənistanla müharibə vəziyyətində olmasına baxmayaraq, Azərbaycanın dünyada ən təhlükəsiz, sabit ölkələrdən biri olması hamılıqla etiraf olunur.

2003-cü ildə prezident seçkiləri ərəfəsində xalqa müraciət edən ümummilli lider Heydər Əliyev böyük uzaqgörənliklə qeyd edirdi ki, onun yerinə yetirə bilmədiyi işləri İlham Əliyev Yeni Azərbaycan Partiyası ilə birlikdə axıra çatdıracaq. Heydər Əliyevin bu vəsiyyətinin layiqincə yerinə yetirilməsi bizi ürəkdən sevindirir.

 

Azərbaycanın möhtəşəm siyasi gücü

 

İyirmi beş ildir Yeni Azərbaycan Partiyası ölkəmizin tarixində ən möhtəşəm siyasi təşkilat missiyasını qurur, şərəf və uğurla həyata keçirir. Onun sıralarında 700 mindən çox vətəndaş Heydər Əliyev ideyaları ətrafında sıx birləşib. Azərbaycan tarixində öz sıralarında bu qədər insanı, belə möhtəşəm siyasi gücü birləşdirən partiya heç zaman olmayıb və təsəvvür oluna bilən gələcəkdə yaranacağı inandırıcı görünmür. 18 yaşdan yuxarı ölkə əhalisinin 12 faizindən çoxu bizim partiyanın üzvləridir. Mahiyyət etibarilə, miqyasına görə Yeni Azərbaycan Partiyası möhtəşəm xalq hərəkatını xatırladır.

Əhalinin sayına nisbətdə belə möhtəşəmliyə az-az ölkələrin nümunəsində rast gəlmək mümkündür. Demokratik cəmiyyətdə könüllü surətdə yüz minlərlə fəal insanın bir partiya sıralarında birləşməsi çox vacib məqamlardan xəbər verir. Bunlardan birincisi, onların seçdiyi partiyanın ideyalarına, prinsiplərinə dərindən bağlılığıdır. İkincisi, partiyanın amalları və fəaliyyətinin doğru və milli maraqlara faydalı olduğuna inamıdır. Üçüncüsü, özünün həmin təşkilatla eyni maraq və dəyər daşıyıcısı olduğunu dərk etməsidir. Dördüncüsü, partiyanın siyası prinsiplərini aydın şəkildə dərk edə bilməsidir. Deməli, partiyamızın özündə ehtiva etdiyi möhtəşəm güc təkcə onun sayının çoxluğunda deyil, həm də siyasi dəyərləri və keyfiyyətlərində ifadə olunur.

Yeni Azərbaycan Partiyası şərəfli və hadisələrlə zəngin inkişaf yolu keçməsi ilə fəxr edə bilər. Onun tarixində üç başlıca mərhələ qeyd oluna bilər. Birinci mərhələ Yeni Azərbaycan Partiyasının müxalifətdə olduğu 1992-ci ilin noyabrından 1993-cü ilin iyun ayına qədər olan dövrüdür. Bu dövrdə əsasən formalaşmaqda olan təşkilat konstruktiv müxalifət missiyasını həyata keçirərək sözün əsl mənasında siyasi ləyaqət nümunəsi nümayiş etdirə bildi. Hesab edirəm ki, ölkəmizin siyasi tarixində konstruktiv müxalifət anlayışı və ənənəsi məhz Yeni Azərbaycan Partiyasının timsalında formalaşmışdır.

Partiyanın həyatında ikinci mərhələ 1993-cü ilin iyun ayından, 2003-cü ilin oktyabr ayına qədər olan dövrü əhatə edir. Bu mərhələdə partiya öz ideyalarını, baxışlarını və dəyərlərini cəmiyyətə təqdim etmək, hakim partiya rolunu qəbul edərək Prezident Heydər Əliyevin rəhbərliyi altında xalqın onlardan başlıca gözləntilərini doğrultmaq missiyasını həyata keçirmək istiqamətində fəaliyyət göstərmişdir. Bu gözləntilər, qeyd edildiyi kimi, ilk növbədə xaos və anarxiyanın, kütləvi tənəzzülün aradan qaldırılması, cəmiyyətin ağrısız transformasiyasının təmin edilməsi və nəticə etibarilə müstəqil dövlət quruculuğunun uğurla həyata keçirilməsi ilə əlaqədar idi. Sadalanan vəzifələrin uğurla həyata keçirilməsi müasir tariximizin hamıya yaxşı məlum olan və bu səbəbdən hər hansı isbata ehtiyacı olmayan həqiqətlərdir.

Partiyanın həyatında üçüncü mərhələ 2003-cü ildən başlayaraq bu günə qədər davam edir. Özündən əvvəlki iki mərhələ kimi zəngin hadisələrlə səciyyələnən növbəti mərhələdə Prezident İlham Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyası ölkəmizin qeyri-adi yüksəlişinə nail ola bilmiş, qüdrətli, əzəmətli, dinamik və müasir Azərbaycanın quruculuğuna layiqli töhfə vermişdir.

1993-cü ildən etibarən keçirilən bütün seçkilərin qalibi olması partiyamızın şanlı tarixinin ən yaddaqalan səhifələridir. Qürur hissi ilə deyə bilərəm ki, nə bu gün, nə də gələcəkdə ölkənin siyasi həyatını və perspektivlərini Yeni Azərbaycan Partiyasından ayrı təsəvvür etmək mümkün deyil. Onun siyasi çəkisi, nüfuzu, sanbalı, dövlətçiliyə və Heydər Əliyev ideyalarına dərin sədaqəti ciddi və heç zaman dəyişməyən siyasi mövqe kimi formalaşıb. Prezident İlham Əliyevə ürəkdən bağlı olan, ona dərin sədaqət bəsləyən Yeni Azərbaycan Partiyasının 700 minlik üzvləri hər an liderinin yolunda fədakarlıq göstərməyə hazırdır. Hörmətli Prezidentimiz inana və qürur duya bilər ki, onun sıralarında 700 min fədakarı birləşdirən əzəmətli və sədaqətli siyasi ordusu var.

Yeni Azərbaycan Partiyası cəmiyyətin bütün təbəqələrini, zümrələrini və demoqrafik qruplarını təmsil edir. Ləyaqətli Azərbaycan qadınlarının onun sıralarında böyük sayda təmsil olunması bizi sevindirir. Təşkilatımızın qadınların siyasi fəallıq məktəbi olduğuna inanıram. Onun sıralarından cəmiyyətimizdə böyük siyasi karyera qurmuş qadınların çıxması qürurvericidir. Azərbaycanın Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyasının sədr müavini Mehriban xanım Əliyevanın ictimai və siyasi fəaliyyəti partiyanın qadınları üçün nümunə və həyat məktəbi sayılır. Etiraf etmək istəyirəm ki, tək bizim partiyada deyil, bütünlükdə ölkədə qadın fəallığı seqmentinin yüksəlişində Mehriban Əliyeva amili əhəmiyyətli rol oynayır.

Yeni Azərbaycan Partiyası gənc üzvləri ilə fəxr edir və partiyanın gələcəyini onlarda görür. Sevindirici haldır ki, təşkilatın sıralarında gənclərin xüsusi çəkisi yüksək dinamika ilə artmaqdadır. Milli məfkurəli, yüksək bilikli, sağlam iddiaları olan fəal gənclərin Yeni Azərbaycan Partiyasını seçməsi onun təkcə düzgün siyasətindən deyil, həm də aydın və parlaq gələcəyindən xəbər verir. Əminəm ki, partiyamızın sıralarında gənclər özlərini çox rahat və inamlı hiss edir. Gənclər üçün onun cazibədarlığı həm də bununla əlaqədardır.

Yeni Azərbaycan Partiyası ölkənin ictimai-siyasi həyatında yüksək fəallığı ilə yanaşı, geniş beynəlxalq əlaqələrə də malikdir. Əməkdaşlıq etdiyimiz çoxsaylı xarici ölkə partiyaları vasitəsilə biz Azərbaycan həqiqətlərini olduğu kimi dostlarımıza çatdırmaq imkanı əldə etmişik. Əminəm ki, Yeni Azərbaycan Partiyası Azərbaycanı xaricdə ən layiqli şəkildə təqdim edə bilir.

 

Qarşıda əzəmətli vəzifələr durur

 

Şərəfli yubileyini misilsiz uğurlarla qeyd edən Yeni Azərbaycan Partiyasının gələcəklə bağlı böyük planlarının olması heç kimi təəccübləndirməməlidir. İşgüzar əhvali-ruhiyyə, sabaha nikbin baxış partiyamızın siyasi davranış tərzinin fərqləndirici cəhətləridir. Azərbaycanı qüdrətli dövlətə çevirmiş uğurlar, onların əzəməti daha böyük, daha möhtəşəm qələbələrə həvəsləndirir. Liderimiz Prezident İlham Əliyevin bəyan etdiyi dərin islahatlar strategiyası qarşıdakı illərdə partiyanın çoxminli üzvlərini səfərbərliyə səsləyən əsas çağırışdır.

Azərbaycan inkişaf və transformasiyanın yeni mərhələsinə qədəm qoymaqdadır. Ötən illərin uğurları və nailiyyətləri yeni mərhələnin qarşıya qoyduğu vəzifələrin layiqincə yerinə yetirilməsinə etibarlı zəmin yaradıb. Lakin bu, inkişafın keyfiyyətcə yeni mərhələsinə yüksəlməyin məsuliyyətini əsla azaltmır, bəlkə də daha böyük səriştə, peşəkarlıq və fədakarlıq tələb edir. Yeni Azərbaycan Partiyası olaraq biz növbəti illərin əsas hədəflərini, onların xüsusiyyətlərini dəqiqliyi ilə təhlil edib, ən düzgün qərarları qəbul etmək və onları uğurla yerinə yetirmək zorundayıq. Əvvəlki illərdə nümayiş etdirilən inkişaf sayəsində Azərbaycan iqtisadi gerilik, yoxsulluq, kütləvi işsizlik kimi bəlalarla vidalaşdı. İqtisadi və sosial infrastruktur bütünlüklə yeniləşdi və müasirləşdi, insanların həyat səviyyəsi xeyli yüksəldi, həyatımızda yeni standartlar tətbiq olunmağa başladı.

Həyat isə inkişaf edir, daim yeni tələblər meydana gəlir. Eyni zamanda insanların özünüqiymətləndirmə meyarları da dəyişir və yüksəlir. Bütün bunlar iqtisadiyyatın inkişaf etdirilməsi qarşısında yeni vəzifələr qoyur, sosial inkişaf yeni tələbatlara uyğunlaşmaq zərurəti ilə üzləşir. Sadə dildə desək, insanlar daha yaxşı yaşamaq arzularını açıq şəkildə ifadə edirlər. Mən bunu tamamilə təbii, hətta faydalı hesab edirəm. Tələbatların inkişafı və onların layiqincə ödənilməsi istiqamətində hökumətin səylərinin artırılması istənilən tərəqqinin başlıca motivasiyasıdır. Vaxtilə sovet ideologiyasının qızğın tənqid atəşinə tutduğu qərb ölkələrindəki istehlak cəmiyyəti konsepsiyası, əslində, haqqında yuxarıda qeyd etdiyimiz motivasiyanı hərəkətə gətirmək məqsədi güdürdü. İstehsalın inkişafına istehlakın artması qədər təkan verəcək amil düşünmək mümkün deyil. Səbəb-nəticə məntiqi isə tamamilə aydındır: istehlak olmadan istehsal mənasını və başlıcası isə qida mənbəyini bütünlüklə itirmiş olur. Bu mənada qarşımızda duran ən ümdə vəzifə yeni formada və keyfiyyət halında istehsal və istehlak qarşılıqlı münasibətlərinin tənzimlənməsi hesab edilir. Həmin tandemdə birinci hədəf istehsalın inkişafı, ikinci hədəf isə istehlakın səviyyəsinin yüksəldilməsidir.

Mahiyyət etibarilə dərin islahatlar strategiyasının Azərbaycanda istehlak cəmiyyəti konsepsiyasının milli modelinin formalaşmasına gətirib çıxaracağına şübhə etmirəm. Bu, o Azərbaycan olacaqdır ki, orada:

* yüksək texnologiyalara əsaslanan şaxələnmiş iqtisadiyyat yaradılıb;

* əməyin xarakteri köklü surətdə dəyişib, əmək məhsuldarlığı əhəmiyyətli dərəcədə artıb;

* işsizlik problemi inkişaf etmiş ölkələrin modelinə uyğun şəkildə həll olunub;

* əhalinin həyat səviyyəsi yeni, daha yüksək standartlara uyğunlaşıb;

* sosial motivasiya mexanizmi səmərəli şəkildə fəaliyyət göstərir.

Qarşımızda duran digər vəzifə optimallaşdırma və qabaqcıl idarəçilik metodları əsasında idarəetmə sistemində zəruri islahatların həyata keçirilməsi, mövcud olan və bizi narahat edən bəzi neqativ halların kökünün kəsilməsi, ədalətli cəmiyyət modelinin daha da təkmilləşdirilməsidir. Məqsəd ondan ibarətdir ki, Azərbaycan hər bir vətəndaşı üçün onun arzuladığı, istəklərinin reallaşmasına imkan yaradan ölkə olsun. Güman edirəm ki, qədəm qoyduğumuz yeni inkişaf mərhələsində tərəqqinin və sosial rifahın başlıca motivasiyası kimi Azərbaycan arzusu konsepsiyası formalaşacaq və tətbiq ediləcək.

Azərbaycanın milli maraqlarının qorunması Yeni Azərbaycan Partiyasının siyasi platformasının heç zaman dəyişməyən prioritetidir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nəticələrinin aradan qaldırılması, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi daim partiyamızın sədri Prezident İlham Əliyevin diqqət mərkəzində olub. Ordumuzun müasir döyüş qüdrəti və əzəməti dəfələrlə öz təsdiqini tapıb. Bu, bizim qələbəyə inamımızı artıran əsas amildir. Qarşıdakı illərin fəaliyyət gündəliyində yenə də ilk sırada Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi dayanır.

Yeni Azərbaycan Partiyası yaranmasının 25-ci ildönümünü möhtəşəm qələbələr, uğurlar, nailiyyətlər tarixi kimi qeyd edir. Bundan sonrakı tariximizin də uğurlu, yeni-yeni qələbələrlə zəngin olacağına inanırıq. Xalqımızın Yeni Azərbaycan Partiyasından, onun lideri Prezident İlham Əliyevdən bundan sonra da böyük gözləntiləri var. Bu bizi yeni qələbələrə səsləyir. İnanıram ki, böyük ideallar, milli maraqlar naminə partiyamızın hər bir üzvü yeni fədakarlıqlara hazırdır.

Əli ƏHMƏDOV 

Yeni Azərbaycan.- 2017.- 4 noyabr.- S.5.