Regionlarda abadlıq-quruculuq işləri geniş vüsət alıb

 

Aran iqtisadi rayonunun ayrı-ayrı bölgələrində bu ilin 9 ayında mühüm nailiyyətlər əldə olunub

Azərbaycanın iqtisadi inkişafının əsas baza sütunlarından birinə çevrilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları (2004-2008, 2009-2013 və 2014-2018-ci illərə dair) respublikamızın sıçrayışlı inkişafını təmin etməklə yanaşı, insanların sosial həyatının yaxşılaşmasında, bölgələrin simasının əhəmiyyətli dərəcədə dəyişərək yeni proqressiv çalarlar almasında mühüm rol oynayır. Bu gün bölgələrimizdə istehsal müəssisələrinin fəaliyyətinin bərpası və yeni sənaye obyektlərinin yaradılması, yerli resurslardan istifadənin səmərəliliyinin artırılması, zəruri infrastrukturun yaradılması regionların sosial-iqtisadi inkişafında yeni mərhələnin başlanğıcını qoyub.

Hazırda icra olunan 2014-2018-ci illəri əhatə edən Dövlət Proqramı qarşıya qoyulan məqsədlərə nail olunması ilə yanaşı, Azərbaycanda ümumi inkişafın şaxələndirilməsinə də imkan verir. Nəzərdə tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsi ölkə iqtisadiyyatının dayanıqlı inkişafını təmin etməklə yanaşı, yeni infrastrukturun qurulmasına, eləcə də regionlarda abadlıq və quruculuq işlərinin sürətləndirilməsinə zəmin yaradıb. Bu ilin 9 ayında ayrı-ayrı bölgələrdə əldə olunan nailiyyətlər də bunu deməyə əsas verir.

Məsələn, Aran iqtisadi rayonunun Ağcabədi rayonunda 2017-ci ilin doqquz ayında iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışının həcmi 333.651,9 min manat, ayrı-ayrılıqda isə sənaye üzrə məhsul istehsalı 21.434,2 min manat, kənd təsərrüfatı üzrə məhsul istehsalı 160.362,4 min manat, tikinti üzrə 80.649,9 min manat olub. 2017-ci ilin doqquz ayında rayonda əsas kapitala yönəldilmiş investisiyanın məbləği 83.149,3 min manat olub ki, bu da 2016-cı ilin müvafiq dövrünə nisbətən 3,7 dəfə artımdır. Rayonda Yuxarı Qiyaməddinli kəndi Alı Mustafayev adına 240 şagird yerlik tam orta məktəbin əsaslı təmiri və 380 şagird yerlik yeni binanın tikintisi, Hacılar kəndində Elşən Rüstəmov adına 200 şagird yerlik tam orta məktəbin əsaslı təmiri, Aran kənd 35 yerlik 1 saylı Körpələr evi-uşaq bağçası və Ağcabədi Elektrik Şəbəkəsinin inzibati binasının tikintisi başa çatdırılıb.

Bu il rayonda pambıqçılıqla məşğul olmaq istəyənlərin sayının artması nəticəsində 9550 ha sahədə pambıq əkilib ki, bu da 2016-cı ilə nisbətən 2,6 dəfə artım deməkdir. Bu il rayon ərazisində “MKT” Ağcabədi filialı tərəfindən 705 istehsalçı ilə 4710 ha sahə üçün, “CTS Aqro” MMC pambıq emalı zavodları tərəfindən 430 fermerlə 4161 ha sahə üçün və fərdi MMC-lər tərəfindən isə 132 nəfər istehsalçı ilə 679 ha sahədə müqavilə bağlanaraq pambıq əkilib.

Aran iqtisadi rayonunun Bərdə rayonunda da ilin arxada qalan doqquz ayı mühüm nailiyyətlərlə müşayiət olunub. Ötən dövr ərzində rayonda 322,6 milyon manatlıq ümumi məhsul, o cümlədən 10,8 milyon manatlıq sənaye, 149,8 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib, 48,6 milyon manatlıq tikinti-quraşdırma işləri aparılıb, 5,1 milyon manatlıq nəqliyyat xidməti, 0,9 milyon manatlıq informasiya və rabitə, 107,3 milyon manatlıq ticarət xidmətləri göstərilib. Bu ilin 9 ayında rayonda sahibkarlığın inkişaf etdirilməsi üçün məqsədyönlü tədbirlər davam etdirilib. Hazırda 17,1 min nəfər hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Bu, keçən ilin göstəricilərindən 19,6 faiz çoxdur. Həyata keçirilmiş kompleks tədbirlər nəticəsində 9 ay ərzində 13122 yeni iş yerləri açılıb. Yeni açılmış iş yerlərinin 2856-sı daimidir. Bununla yanaşı, seçilmiş 30 aztəminatlı ailədən biznes planı təqdim etmiş 23 ailəyə öz biznesini qurmaq üçün proqram icra olunub, onlara mal-qara və avadanlıqlar alınıb verilib. Özünəməşğulluqla məşğulluq proqramına cəlb olunanlardan 13 nəfəri südlük və 1 nəfəri ətlik istiqamətli heyvandarlıqla, 2 nəfəri qoyunçuluq, 1 nəfəri keçiçilik, 1 nəfəri kompüter salonu xidməti, 2 nəfəri çörək istehsalı, 1 nəfəri at yəhərləri hazırlanması və təmiri, 1 nəfəri avtoyuma və 1 nəfəri dərziliklə məşğul olurlar.

Ötən dövr ərzində rayonda mühüm tikinti-abadlıq işləri görülüb. Belə ki, bu ilin 9 ayında 480 şagird yerlik Xanqaraqoyunlu kənd tam orta məktəbi əsaslı təmir edilib və əlavə yeni korpusu tikilib istifadəyə verilib. Eləcə də, 17 kəndi birləşdirən 25,0 km uzunluqda Yeni Daşkənd-Umudalılar kəndlərarası yolun yenidən qurulması başa çatdırılıb. Rayon mərkəzində Heydər Əliyev prospektində, Ü.Hacıbəyov, Bakı, M.Cəfərov və H.Cavid küçələrində, Heydər Əliyev adına park-bulvarda, 4 saylı Musiqi məktəbinin, kommunal yaşayış binalarının ətrafında abadlıq işləri aparılıb. Bununla yanaşı, rayonun Hacılar kəndində süd toplama məntəqəsi tikilib istifadəyə verilib. Bundan başqa, Dəymədağıldı kəndində 9,4 km, Bəcirəvan kəndində 10,13 km kanallar lildən təmizlənib. Qeyd edilməlidir ki, Bərdə-Ağcabədi avtomobil yolu yenidən qurulur, kommunal binalar təmir edilir, yaşayış məntəqələrinin elektrik şəbəkələrinin yenidən qurulması, qazlaşdırılmasının başa çatdırılması üçün ardıcıl iş aparılır. Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində 8 kənddə layihənin, o cümlədən 5 kənddə - Mollaməmmədli, Qasımbəyli, Qaratəpə, Mustafaağalı və Gərənə kəndlərində arx və açıq dren kanalların təmizlənməsi işi görülüb. Həmçinin rayon Mədəniyyət Mərkəzinin, Gənclər Mərkəzinin tikintisi davam etdirilir.

Rayonda bu ilin 9 ayı ərzində cari ilin məhsulu üçün 15846 hektar sahədə yazlıq bitkilər, o cümlədən 8518,5 hektar sahədə pambıq, 989 hektar sahədə şəkər çuğunduru, 168 hektar sahədə kartof, 2279 hektar sahədə tərəvəz, 1403 hektar sahədə bostan, 266 hektar sahədə dən üçün günəbaxan, 223 hektar sahədə dən üçün qarğıdalı, 1541 hektar sahədə çoxillik otlar (təzə yonca), 438 hektar sahədə soya, 21 hektar sahədə sair bitkilər əkilib. Tarlalarda dənli və dənli paxlalıların yığımı əsasən başa çatdırılıb. Bundan başqa 223 hektar qarğıdalı sahəsindən 1672,5 ton məhsul toplanıb, hər hektardan orta hesabla 75,0 sentner qarğıdalı dəni götürülüb. Qarğıdalı dəni nəzərə alınmaqla taxıl istehsalının ümumi həcmi keçən ilə nisbətən 4,8 faiz və ya 2519,7 ton artaraq 55178,8 tona çatıb. Hesabat dövründə 309 baş ətlik-südlük və 41 baş südlük istiqamətli cins heyvan alınıb rayona gətirilib. Ötən 9 ay ərzində 103891 baş iribuynuzlu, 133431 baş xırdabuynuzlu heyvana həkim nəzarəti göstərilib. Eləcə də 9 ay ərzində 6786 baş iribuynuzlu heyvan süni mayalandırılıb, süni mayalandırılmış heyvanlardan 2903 baş sağlam bala alınıb. Hesabat dövründə diri çəkidə 15,3 min ton ət, 58,5 min ton süd, 26,2 milyon ədəd yumurta istehsal edilib.

Bununla yanaşı, uzun illər fasilədən sonra rayonda baramaçılığın inkişafı üçün tədbirlər görülüb, 9 ay ərzində rayonun 13 kəndində - Otuzikilər, Uğurbəyli, Xanərəb, Qazaxlar, Kürdborakı, İkinci Nazırlı, Soğanverdilər, Əmirli, Kərimbəyli, Zümürxan, Lənbəran, Bəcirəvan, Böyük Ərəblər kəndlərində əkilmiş 60712 ədəd tut tinglərinə aqrotexniki qaydada qulluq edilib.

Aran iqtisadi rayonunun İmişli rayonunda 2017-ci ilin doqquz ayı ərzində sosial-iqtisadi inkişafda yaxşı nəticələr əldə olunub. Belə ki, iqtisadiyyatın əsas sahələri üzrə 401.970.300 manatlıq məhsul istehsal edilib və xidmətlər göstərilib. Məhsul istehsalının 202.712.200 manatı sənaye, 86.255.000 manatı kənd təsərrüfatı, 51.120.200 manatı tikinti, 54.796.500 manatı ticarət və iaşə, 6.692.100 manatı nəqliyyat, 394.300 manatı rabitə müəssisələrinin payına düşür. Göründüyü kimi rayon iqtisadiyyatında əsas yeri sənaye və kənd təsərrüfatı məhsullarının istehsalı tutur. 2017-ci ilin doqquz ayında iqtisadiyyatın əsas sahələrinin inkişafına 57.212.300 manat investisiya qoyulub.

İmişli rayonu əsasən aqrar rayonu olmasına baxmayaraq, bu gün sənaye məhsullarının çəkisi ümumi məhsul buraxılışında üstünlük təşkil edir. Son illər rayonda emal sənayesinin inkişafı üçün bir sıra işlər görülüb. “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC-nin Kəllə qənd, Qarışıq Yem, Bitki Yağları, Spirt emalı, Çuğundur yem qurutma zavodları, Bəhrəmtəpə qəsəbəsində 50 min tonluq taxıl anbarı, Qaragüvəndikli kəndində damazlıq yumurta istehsal edən “Araz Damazlıq quşçuluq” MMC, İmişli Brolyer və “Araz” Konservləşdirilmiş Şirələr və Konyak zavodları fəaliyyət göstərir. İmişli rayonunun iqtisadiyyatında kənd təsərrüfatı məhsullarının istehsalı da xüsusi yer tutur. Bu il İmişli rayonunda 15641 ha torpaq sahəsində pambıq əkini işləri aparılıb və 5074 kq xam pambıq tədarük edilib. 2017-ci ilin 9 ayında heyvandarlıq və quşçuluq sahələrinin inkişafı təmin edilib, rayon üzrə mal-qaranın sayı 93.662 baş, qoyunların sayı 249642 baş, quşların sayı isə 1036039 baş olub. Ət istehsalı (diri çəkidə) 5233,0 ton, süd istehsalı 37166,8 ton, yumurta istehsalı isə 27329 min ədəd olub. 2017-ci ilin 9 ayı ərzində 11482 hektar sahədə buğda, 4838 hektar sahədə arpa, 237 hektar sahədə kartof, 340 hektar sahədə bostan, 199 hektar sahədə tərəvəz, 175 hektar sahədə dən qarğıdalı, 485 hektar sahədə isə şəkər çuğunduru əkilib.

2017-ci ilin 9 ayında 36 saylı yol istismarı idarəsi tərəfindən rayon ərazisində magistral və kənddaxili avtomobil yollarında müvafiq təmir işləri görülüb. Hazırda 23 km-lik İmişli-Otuziki-Qaraqaşlı avtomobil yolunda əsaslı təmir işləri aparılır. Bundan əlavə, şəhərin M.Müşfiq, M.Quliyev, C.Quliyev, Xiyabani, E.İbrahimov, X.Bəylərov, Q.Nəbi və T.İsmayılov küçələrində ümumi uzunluğu 5646 metr məsafədə asfalt qoyulub. Şəhərin Heydər Əliyev prospektində və parkında, Bayraq Meydanı ətrafında, Zərifə Əliyeva küçəsində isə 598 min manatlıq müvafiq abadlıq işləri aparılıb.

Pərviz SADAYOĞLU

Yeni Azərbycan.- 2017.- 11 noyabr.- S.7.