XALQDAN
GÜC ALAN PARTİYA
Eldar
İbrahimov YAP İdarə Heyətinin üzvü, Milli Məclisin
Aqrar siyasət komitəsinin sədri,
iqtisad üzrə elmlər doktoru,
professor
Bu
günlərdə 25 illiyini böyük təntənə ilə
qeyd edəcəyimiz Ulu öndərin adı ilə
bağlı olan Yeni Azərbaycan Partiyası (YAP) ölkə
qarşısında duran problemləri həll etməyə
qadir, siyasi həyatda özünü təsdiqləmiş
monolit bir qüvvədir. Partiya hər bir qərarında
Heydər Əliyev ideyalarına, Onun milli məfkurəsinə
əsaslanaraq dövlətin, xalqın maraqları zəminində
öz fəaliyyətini qurub.
Partiyanın keçdiyi şərəfli yola nəzər
saldıqda görürük ki, bu yol heç də həmişə
hamar olmamışdır. Belə ki, müstəqilliyimizin
ilk illərində ölkənin siyasi həyatı iflic vəziyyətdə
idi. Ərazilərimizin dalbadal
işğalı, dərin iqtisadi-siyasi böhran, əhalinin
ağır sosial durumu vətənpərvər insanları Azərbaycanın
gələcəyi ilə bağlı ciddi düşünməyə
vadar edirdi. Bu dövrdə - 1990-cı illərin
əvvəllərində Azərbaycanda 30-a qədər siyasi
partiya, ictimai təşkilat və hərəkat fəaliyyət
göstərirdi. Ancaq onlar kifayət qədər
sosial bazaya malik deyildirlər, aralarında konstruktiv münasibət
yox idi. Xalqın bütün zümrələrini
səfərbər edəcək yeni bir partiyaya ehtiyac duyulurdu.
Elə bir partiyaya ki, xalq onun liderinə
inanıb, arxasınca getsin.
Ölkə ziyalıları xalqın düçar
olduğu bəlalardan qurtuluşunu Ulu öndər Heydər
Əliyevin böyük siyasətə
qayıdışında görürdülər. İctimai-siyasi həyatda
xaos və anarxiyadan cana doymuş insanlar
Heydər Əliyevin hakimiyyətə gəlişini əngəlləmək
üçün Konstitusiyaya daxil edilmiş qondarma yaş
senzinin ləğvini tələb edir, bu məqsədlə
respublikanın müxtəlif bölgələrində mitinqlər
keçirirdilər. Bütün ölkə vətəndaşları
nəzərlərini Naxçıvana dikmişdilər. Hamı Heydər Əliyevin siyasi rəhbərliyə
yenidən qayıdışını arzulayırdı.
Belə bir vaxtda cəmiyyətin demokratik qüvvələri,
ziyalılar və sadə əmək adamları Heydər
Əliyevin adı ilə bağlı yeni bir siyasi partiyanın
yaradılmasını günün tələbi hesab edirdilər. 1992-ci il oktyabrın 16-da 91
nəfər tanınmış ziyalı “Əlincə” cəmiyyətinin
nəşr etdirdiyi “Səs” qəzeti vasitəsilə Ulu
öndərə “Azərbaycan Sizin sözünüzü
gözləyir”, - deyə müraciət etdi.
Bu tarixi sənəddə ölkədəki ağır
siyasi, sosial-iqtisadi, mənəvi durumun getdikcə dərinləşməsi,
təbii sərvətlərin talan edilməsi və digər həyati
məsələlər ziyalı yanğısı ilə
önə çəkilir, vəziyyətdən xilas
üçün xalqın Heydər Əliyevin
başçılığı ilə Yeni Azərbaycan
Partiyasında təşkilatlanmaq arzusu ifadə olunurdu. Ölkənin
gələcəyini düşünən insanlar yeni partiya
yaratmaq təşəbbüsü ilə
çıxış edir, xalqın sınanmış lideri
Heydər Əliyevin bu məsələdə məsuliyyəti
Öz üzərinə götürməsini istəyirdilər.
Bu müraciət “Səs” qəzetində dərc edildikdən
sonra bütün Azərbaycan böyük ümidlə öz
Böyük oğlu Heydər Əliyevdən cavab gözləyirdi. Görkəmli dövlət
xadimi Azərbaycan ziyalılarının müraciətinə
oktyabrın 24-də “Yeni, müstəqil Azərbaycan
uğrunda!” çağırışı ilə başlayan
cavab verdi.
Ulu
öndər cavab məktubunda Azərbaycanın
bütövlüyünün təhlükə
qarşısında olması, ölkədə hökm sürən
hərc-mərclik, vətəndaş qarşıdurması,
insanların yaşayış səviyyəsinin dözülməzliyi
ilə bağlı ziyalıların
narahatlığını bölüşərək
yaranmış vəziyyəti təhlil etdi, AXC-”Müsavat”
hakimiyyətinin əsl mahiyyətini, vəziyyətdən
çıxış yollarını göstərdi. Məktubda vurğulanırdı ki, ölkə
qarşısında duran vəzifələr - müstəqil
dövlətin qurulması, milli-demokratik dövlət
atributlarının formalaşdırılması, Azərbaycanın
suverenliyinin, təhlükəsizliyinin və ərazi
bütövlüyünün qorunması, vətəndaşların
dinc, firavan həyat səviyyəsinin təmin edilməsi,
iqtisadi böhranın aradan qaldırılması və sair
taleyüklü məsələlərdir.
Heydər Əliyevin ətrafında sağlam qüvvələrin
birləşmək niyyətindən təşvişə
düşən o dövrkü iqtidar oktyabrın 24-də
Naxçıvanda dövlət çevrilişinə cəhd
göstərdi. Xalq Cəbhəsinə məxsus silahlı dəstələr
Muxtar Respublika Daxili İşlər Nazirliyinin, Televiziya və
Radio Verilişləri Komitəsinin, Rabitə İdarəsinin,
şəhər elektrik şəbəkəsinin
binalarını zəbt edib Muxtar Respublika hakimiyyəti əleyhinə
bəyanat verdilər. Lakin Heydər Əliyevi
sevən insanlar ayağa qalxıb, hamı bir nəfər kimi
Onu müdafiə etdi. Hətta Nehrəm, Cəhri kəndlərindən
adamlar piyada Naxçıvan şəhərinə yürüş
etdilər. Qısa bir vaxtda 50 mindən çox adam
Heydər Əliyevi müdafiə etmək üçün Ali
Məclis binasının qarşısına gəldi. Xalq Cəbhəsinin silahlıları parlament
binasına hücum etməkdən çəkindilər.
Bakıda hazırlanmış xüsusi cəza
dəstəsi Naxçıvana gəlməyə cəsarət
etmədi. Əhali silahlı dəstələri
dövlət idarələrindən qovub çıxardı.
Bu hadisə əsl dövlət çevrilişinə cəhd
idi. Lakin xalq öz böyük oğlunu qorudu. Sonralar, 1994-cü ilin oktyabrında və 1995-ci ilin
martında Ulu öndərə qarşı silahlı
müxalifət tərəfindən belə uğursuz cəhdlər
olacaqdı. Ancaq xalq yenə də öz
müdrik rəhbəri ilə birlikdə olduğunu
nümayiş etdirəcəkdi.
Heydər Əliyevin yeni partiyanın yaradılması ilə
bağlı ziyalıların müraciətinə verdiyi
müsbət cavab Onun böyük məsuliyyəti Öz
üzərinə götürməkdən çəkinməyən,
cəsarətli və qətiyyətli lider olduğunu bir daha təsdiqlədi. Ulu öndərin
ozamankı mürəkkəb durum və yaranmış təhlükəli
vəziyyətdən çıxış yolunu göstərən,
Onun müdrik tövsiyələrini əks etdirən cavab məktubu
sonralar YAP-ın fəaliyyətinin əsas prinsip və istiqamətlərini
təşkil etdi.
O dövrkü iqtidar - AXC-”Müsavat” hakimiyyəti Yeni Azərbaycan
Partiyasının təsis konfransının Bakıda
keçirilməsinə imkan vermədi. Konfrans 1992-ci il
noyabrın 21-də Naxçıvanda keçirildi. Təşəbbüs
qruplarının 550-dən çox nümayəndəsinin
iştirak etdiyi konfrans YAP-ın təsis olunması haqqında
qərar qəbul etdi. Partiyanın Heydər
Əliyev tərəfindən hazırlanmış Proqram və
Nizamnaməsi müzakirə olunaraq qəbul edildi. Ulu öndər yekdilliklə partiyanın Sədri
seçildi. Təşkilatın rəhbər
orqanları formalaşdırıldı. Heydər Əliyev
sonralar həmin günü belə xatırlayırdı: “Biz
1992-ci ilin şaxtalı bir günündə, istilik olmayan bir
zalda, Naxçıvan Dövlət Teatrının binasında
paltoda və çoxları papaqda oturaraq ilk
konfransımızı keçirirdik. Üşüyürdük,
əlimizi əlimizə sürtürdük. Amma iradəmiz yüksək idi, iradəmiz
güclü idi. Gələcəyə çox nikbinliklə
baxırdıq... Məni sevindirən odur ki,
ağır şəraitdə Naxçıvanda
keçirdiyimiz konfrans ölkənin və partiyanın
böyük inkişaf yolunu təmin etdi”.
Son dərəcə mürəkkəb bir şəraitdə
meydana çıxan Yeni Azərbaycan Partiyası
xalqımızın taleyində yeni mərhələnin
başlanğıcı oldu. Güclü sosial
bazası, praqmatik və gerçəkliyə əsaslanan
bitkin proqramı, Heydər Əliyev kimi lideri olan partiyanın
ölkənin siyasi həyatına qədəm qoyması XX əsr
Azərbaycan tarixinin mühüm hadisəsi idi.
Yeni
yaranmış partiyanın bəyanatında bildirilirdi ki, bu
partiyanın başlıca proqram məqsədi dövlət
müstəqilliyinin möhkəmləndirilməsi, ərazi
bütövlüyü, sivil, demokratik hüquqi dövlət,
möhkəm əmin-amanlıq və ictimai həmrəylik,
sabit və sosial yönümlü iqtisadiyyat yaratmaqdan,
geniş demokratik islahatlar həyata keçirmək uğrunda
mübarizə aparmaqdan ibarətdir.
Müxalifət partiyası kimi yaranmasına baxmayaraq, YAP
öz fəaliyyətində milli maraqları hər şeydən
üstün tuturdu. Bu barədə ölkə Prezidenti İlham Əliyev
partiyanın 20 illik yubileyinə həsr olunmuş təntənəli
mərasimdə belə demişdi: “Yeni Azərbaycan
Partiyası müxalifət partiyası kimi
yaradılmışdı. Ancaq özünü müxalifət
adlandıran indiki qüvvələrdən fərqli olaraq
heç vaxt öz dövlətinə, xalqına müxalifətdə
olmamışdır... Yeni Azərbaycan
Partiyasının yaradılması Azərbaycanda, əslində,
siyasi sistemin yaradılması demək idi. Çünki
o vaxta qədər bizdə siyasi sistem mövcud deyildi. Yeni Azərbaycan Partiyasının siyasi mədəniyyəti,
siyasi mübarizə qaydalarının təbliği,
ümumiyyətlə, siyasətin sivil yollarla aparılması
ideyaları da cəmiyyətdə böyük əks-səda
yaratdı və cəmiyyət tərəfindən dərhal dəstəkləndi.
Biz bu ideyalara bu gün də sadiqik”.
Heydər
Əliyevin rəhbərliyi ilə həyata vəsiqə alan Yeni Azərbaycan Partiyası tezliklə təşkilatlandı.
Ulu öndərin adını daşıyan bu
partiya yarandığı gündən azərbaycançılıq
və dövlətçilik mövqeyindən
çıxış edərək öz siyasi platforması, qətiyyətli
mövqeyi sayəsində çox qısa zamanda vətənpərvər
insanların siyasi istinadgahı kimi əsl ümumxalq
partiyasına çevrildi.
Heydər Əliyevin ölkə rəhbərliyinə
yenidən qayıdışı ilə Yeni Azərbaycan
Partiyası müxalifət partiyasından iqtidar partiyasına
çevrildi.
Ölkənin hakim partiyası kimi YAP müstəqillik
tariximizdə mühüm rol oynadı. Ulu öndərin
milli məfkurəsindən güc alan bu
partiya qısa zamanda ölkədə sabitliyi bərqərar edən,
demokratik dəyərlərə üstünlük verən,
hüquqi, demokratik, dünyəvi dövlət və vətəndaş
cəmiyyəti quruculuğu prosesinə layiqli töhfələr
verən real siyasi qüvvə kimi özünü təsdiq
etdi.
Bu gün ölkənin siyasi həyatında Yeni Azərbaycan
Partiyası qədər geniş sosial bazaya malik, siyasi proseslərə
həlledici təsir imkanı olan ikinci bir partiya yoxdur. Ölkə Prezidenti,
partiyanın Sədri İlham Əliyev deyir: “Yeni Azərbaycan
Partiyasının gücü ilk növbədə onun əvəzsiz
lideri Heydər Əliyevdir. Yeni Azərbaycan
Partiyasının gücü bundadır ki, onun təməlində
duran prinsiplər əməli surətdə həyata
keçirilir. Yeni Azərbaycan
Partiyasının gücü ondan ibarətdir ki, Yeni Azərbaycan
Partiyası liderinin daxili və xarici siyasətini xalq bəyənir
və dəstəkləyir”.
YAP Heydər Əliyevin müəyyənləşdirdiyi
siyasət əsasında dövlət müstəqilliyimizin
dönməzliyinin, əbədiliyinin və
sarsılmazlığının təsbit olunması ilə
müşayiət edilən şərəfli bir tarixə malikdir. Partiyanın təsis
konfransında qəbul etdiyi Proqram və Nizamnaməsi 1999-cu il dekabr ayının 20-21-də keçirilən
I qurultayında geniş müzakirə olunaraq o dövrkü
siyasi reallıqlara uyğun müəyyən əlavə və
dəyişikliklər edilməklə təsdiq olundu. Təşkilatın
strateji xətti təsbit edildi: dövlət müstəqilliyinin
qorunması və möhkəmləndirilməsi, Azərbaycanın
beynəlxalq aləmdə layiqli yer tutması, ölkədə
demokratik, hüquqi dövlət quruculuğu. Qurultayda
o vaxt ARDNŞ-nin birinci vitse-prezidenti olan cənab İlham
Əliyev partiyanın Sədr müavini seçildi.
Ötən illər ərzində partiya
sıralarında siyasətçilərin yeni nəsli
yetişdi.
2000-ci il parlament seçkilərində cənab
İlham Əliyev YAP seçki kampaniyasına rəhbərlik
edirdi və noyabrın 12-də Milli Məclisə keçirilən
seçkilərdə partiya böyük uğur qazanaraq
parlamentdə böyük üstünlük əldə etdi.
YAP-ın
2001-ci il noyabrın 21-də keçirilən
II qurultayında da təşkilat üçün
taleyüklü qərarlar qəbul edildi. Partiyanın
Nizamnaməsinə dəyişikliklər edildi və yeni təsis
olunmuş Sədrin birinci müavini vəzifəsinə
yekdilliklə cənab İlham Əliyev seçildi.
Ulu öndərin və Onun qurucusu olduğu partiyanın ən
böyük nailiyyətlərindən biri də siyasi varislik
probleminin uğurla həll edilməsi, Azərbaycanın
işıqlı gələcəyinə təminat
yaradılması oldu. Böyük dövlət xadimi Heydər Əliyevin
2003-cü ilin oktyabrında, prezident seçkiləri ərəfəsində
Azərbaycan xalqına müraciətində deyilirdi: “Mənim
hələ tamamlanmamış çox perspektivli planlarım
var. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim
taleyüklü məsələləri, planları, işləri
sizin köməyiniz və dəstəyinizlə İlham
Əliyev başa çatdıra biləcəkdir... Həm İlham Əliyev, həm də Yeni Azərbaycan
Partiyası bundan sonra da xalqımızın layiqli
övladlarını öz ətrafında birləşdirərək
Azərbaycan dövlətinin inkişafı və xalqımızın
firavanlığı yolunda çox işlər görəcəkdir”.
2003-cü
il oktyabrın 15-də keçirilən
prezident seçkilərində YAP Sədrinin birinci müavini
cənab İlham Əliyev xalqın böyük
etimadını qazanaraq ölkə Prezidenti seçildi və
partiyanın siyasi taleyində yeni dövr başladı.
Partiyanın 2005-ci il martın 26-da keçirilmiş III
qurultayında Prezident İlham Əliyevin yekdilliklə Yeni Azərbaycan
Partiyasının Sədri seçilməsi təşkilatda
siyasi irs-varislik əlaqələrini təmin etməklə
yanaşı, dünyada gedən qloballaşma prosesləri
fonunda ölkənin hərtərəfli inkişafı
üçün geniş imkanlar açdı.
Sonralar 2008-ci və 2013-cü illərdəki prezident
seçkilərində də YAP-dan İlham Əliyevin namizədliyi
irəli sürüldü. Bu seçkilərdə
YAP-ın prezidentliyə namizədi parlaq qələbə
qazanaraq respublikanın davamlı və sürətli yüksəlişi
naminə əzmkar fəaliyyətini davam etdirmək imkanı əldə
etdi.
Partiya ölkə həyatında baş verən prosesləri
diqqətlə izləyir. Lazım gəldikdə
cəmiyyətdəki dəyişikliklərə öz
münasibətini bildirir. Yeni Azərbaycan
Partiyasının 2008-ci il dekabrın 16-da
Azərbaycan Respublikası Konstitusiyasına əlavə və
dəyişikliklər edilməsi ilə bağlı Milli Məclisdə
təşəbbüs irəli sürməsi də obyektiv
qanunauyğunluqlarla şərtlənirdi. Həmin il martın 18-də keçirilmiş
referendumda seçicilərin mütləq əksəriyyəti
YAP-ın təşəbbüsünü dəstəklədi.
Nəhayət, partiya 2010-cu və 2015-ci illərdə
Milli Məclisə keçirilən seçkilərdə
parlaq qələbə qazanaraq cəmiyyətdə
böyük nüfuz sahibi olduğunu bir daha təsdiqlədi.
Ötən
25 il ərzində YAP parlament tipli partiya kimi
ölkədə aparılan islahatların və demokratik dəyişikliklərin
hüquqi bazasının yaradılması işinə öz
layiqli töhfəsini vermişdi.
Partiya məfkurəsinin əsasını təşkil
edən müstəqil dövlətçilik, qanunçuluq,
azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş
həmrəyliyi və sosial ədalət prinsipləri mahiyyətcə
Azərbaycanın siyasi gələcəyinin ideya
bazasının tərkib hissəsinə çevrilmişdir.
YAP bu
gün cəmiyyətdə bütün proseslərin mərkəzində
dayanan çox ciddi siyasi güc kimi qavranılır. Partiyanın iqtidarda olduğu dövrünün ən
parlaq uğurlarından biri müstəqil Azərbaycanın
davamlı və sabit tərəqqi yoluna
çıxarılması, onun milli iqtisadi inkişaf modelinin
formalaşdırılmasıdır.
Partiyanın
Sədri, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Yeni Azərbaycan
Partiyası regionda analoqu olmayan bir partiyadır: “Yarandıqdan
bu günə qədər partiyamız çox böyük,
şərəfli və uğurlu yol keçmişdir. Partiyamızın xarici əlaqələri çox
genişdir və bu əlaqələr gündən-günə
genişlənir. Ölkə daxilində
mövqelər çox möhkəmdir. Partiyamız,
demək olar ki, cəmiyyətimizin bütün təbəqələrini,
bütün yaş qruplarını birləşdirir.
Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında,
ümumxalq partiyasıdır. Əminəm ki,
növbəti illərdə də partiyamız liderlik qabiliyyətini
özündə saxlayacaqdır”.
YAP milli dəyərlərə söykənərək
inkişaf edir. Ona görə də hazırda YAP Azərbaycanın
ən böyük siyasi təşkilatı olmaqla bərabər,
həm də öz xalqına ən yaxın siyasi təşkilatdır.
YAP bu gün təkcə Azərbaycanda deyil, ölkəmizin
hüdudlarından çox-çox uzaqlarda qəbul olunan
nüfuzlu güc mərkəzidir. YAP-ın zəfərlər
partiyası kimi nüfuz qazanmasını şərtləndirən
əsas amil həmişə xalqın böyük əksəriyyətinin
dəstəyini qazanmasıdır. Hər zaman
vurğulandığı kimi, siyasət görülən real
işlərdir.
Bu real işlərə nəzər saldıqda
isə həyata keçirilən siyasətin nə qədər
düzgün və uzaqgörən bir siyasət olduğuna bir
daha inanırıq. Belə ki, 1991-ci ildə
müstəqilliyini bərpa edərək iqtisadiyyatı bazar
münasibətləri əsasında inkişaf etdirmək
istiqamətində irəliləmək istəyən
respublikamız ölkəyə səriştəsiz rəhbərlik
səbəbindən çox böyük iqtisadi və siyasi
çətinliklərlə üzləşmişdir. Bunun nəticəsi idi ki, 1989-1991-ci illərdə
ümumi daxili məhsul istehsalı hər il 5,7 faiz
azalırdısa, sonrakı üç il ərzində
azalmanın sürəti 3,8 dəfə artmışdır.
1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə
gələn Yeni Azərbaycan Partiyasının Sədri Heydər
Əliyevin müdrikliyi, qətiyyəti,
dövlət idarəçiliyi sahəsində zəngin təcrübəsi
sayəsində ölkəmizdə siyasi sabitlik bərpa olundu,
bazar iqtisadiyyatına keçidi təmin etmək
üçün iqtisadi islahatlar başlandı. Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ müharibəsində 1994-cü ildə
atəşkəsin elan edilməsi, Azərbaycan
və dünya neft strategiyasının və siyasətinin
formalaşmasında mühüm əhəmiyyət kəsb edən
“Əsrin müqaviləsi”nin imzalanması, Azərbaycan
Respublikasının yeni Konstitusiyasının qəbulu,
dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində
həyata keçirilən çoxsaylı tədbirlər
bu tənəzzülün qarşısını aldı və
1996-cı ildən başlayaraq dinamik inkişaf başladı.
1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” isə
formalaşmaqda olan yeni ictimai şəraitdə ölkəmizin
sosial- iqtisadi inkişafının təməlini qoydu.
Ulu öndərin təşəbbüsü
və rəhbərliyi ilə ölkənin müstəqilliyinin
açarı olan ərzaq təhlükəsizliyinin təmin
edilməsi, azad sahibkarlığın bərqərar olması
və əhalinin maddi rifah halının
yaxşılaşması üçün MDB məkanında
analoqu olmayan və sosial ədalət prinsipinə əsaslanan
torpaq islahatı həyata keçirildi.
Əsası Ümummilli lider Heydər
Əliyev tərəfindən qoyulan və ölkənin
uzunmüddətli sosial-iqtisadi inkişafını təmin etməyə
yönələn bu siyasət 2003-cü ildə əhalinin
böyük səs çoxluğu ilə Prezident seçilən
İlham Əliyev tərəfindən və Onun rəhbərliyi
sayəsində əsas hərəkətverici qüvvə
olan YAP üzvlərinin fəal iştirakı ilə uğurla
həyata keçirilir
“Əsrin müqaviləsi”nin uğurla həyata
keçirilməsi nəticəsində ilbəil artan maliyyə
ehtiyatları bu imkanlardan daha səmərəli istifadə etməklə
iqtisadiyyatın şaxələndirilməsini zəruri edirdi.
Prezident İlham Əliyev cənablarının təşəbbüsü
ilə ölkə iqtisadiyyatının neftdən
asılılığını azaltmaq üçün qeyri-neft
sektorunun və onun əsas sahələrindən biri olan aqrar
sektorun inkişafı prioritet istiqamət kimi önə
çəkildi. Qeyri-neft sektorunun və onun tərkib hissəsi
olan aqrar sektorun inkişafı isə regionların
sosial-iqtisadi inkişafından asılı olduğuna görə
bu sahəyə diqqətin artırılması ölkədə
formalaşan iqtisadi strategiyanın əsasını təşkil
edirdi. Bu istiqamətdə sərf olunacaq dövlət büdcəsi
vəsaitindən səmərəli istifadəni təmin etmək
üçün yeganə düzgün siyasi və iqtisadi qərar
həmin vəsaitin Dövlət Proqramları əsasında xərclənməsi
idi. Bu məqsədlə Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev cənabları 2004-cü il 11 fevral
tarixli Fərmanla “Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi inkişafı Dövlət
Proqramı”nı (2004-2008-ci illər) təsdiq etmişdir.
Regionların sosial-iqtisadi
inkişafına dair ilk dəfə qəbul edilmiş bu
Dövlət Proqramı çox uğurla həyata
keçirilmiş, ölkə ərazisində sosial-iqtisadi
inkişafın təmin edilməsi üçün ilk
növbədə daha çox ehtiyac duyulan infrastruktur obyektlərinin
yaradılması və digər tədbirlərin həyata
keçirilməsi təmin edilmişdir.
2006-cı ildə istifadəyə verilmiş
Bakı-Tbilisi-Ceyhan neft kəmərinin fəaliyyəti nəticəsində
ölkəyə böyük valyuta axınının
başlaması proqramda nəzərdə tutulan bütün tədbirlərin
vaxtında yerinə yetirilməsinə imkan verdi və Azərbaycan
Respublikası dünyada analoqu olmayan 30-35 faiz illik iqtisadi
artıma nail oldu. Bu illərdə iqtisadi artım əsasən
neft amili ilə bağlı idi və bu amil ölkənin gələcək
inkişafının təmin edilməsi üçün
möhkəm maliyyə imkanı formalaşdırdı.
Bu maliyyə imkanlarından səmərəli
istifadə olunaraq 2009-2013-cü illəri əhatə edən
regionların inkişafına dair ikinci Dövlət
Proqramı da müvəffəqiyyətlə həyata
keçirildi. Regionların sosial-iqtisadi inkişafına dair qəbul
edilmiş bu Proqramların icrasına 10 il ərzində 50,7
milyard manat, o cümlədən birinci proqrama 16 milyard, ikinci
proqrama isə 34,7 milyard manat vəsait yönəldilmişdir.
Hazırda 2014-2018-ci illərdə regionların sosial-iqtisadi
inkişafına dair qəbul edilmiş üçüncü
Dövlət Proqramı da uğurla icra olunur.
“Əsrin müqaviləsi” üzrə
görülən işlər ölkə daxilində
sosial-iqtisadi inkişafa güclü təkan verməklə
yanaşı, Bakı-Tbilisi-Ceyhan neft və
Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin qısa
müddətdə tikilib istifadəyə verilməsini təmin
etməklə Azərbaycan neftinin və qazının dünya
bazarlarına çıxarılmasında
mühüm rol oynamış və bununla da ölkəmiz
Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə
öz töhfəsini verərək beynəlxalq əməkdaşlıqda
böyük nüfuz sahibi olan etibarlı tərəfdaşa
çevrilmişdir. Hazırda bölgədə Azərbaycan
Respublikasının iştirakı və
razılığı olmadan heç bir qlobal layihə həyata
keçirilmir. Əksər hallarda isə bu layihələrin təşəbbüsçüsü
bizim ölkəmiz və onun lideri İlham Əliyev cənabları
olur. Bu günlərdə istifadəyə verilən, ölkəmizi
qlobal tranzit mərkəzinə və mühüm logistik məkana
çevirəcək Bakı-Tbilisi-Qars dəmir yolu bunun parlaq
təzahürüdür. Onu da qeyd etmək
lazımdır ki, bir çoxları bu dəmir yolunun
tikintisini qeyri-mümkün hesab etməklə onun səmərəli
olmayacağını iddia etsələr də artıq dəmir
yolu fəaliyyətə başlayıb və Avrasiyanın nəqliyyat
xəritəsinin önəmli hissəsinə çevrilib.
Bu dəmir yolu Pekindən Londona kimi birbaşa nəqliyyat
vasitəsi olmaqla Şərqlə Qərbi birləşdirən
tarixi İpək yolunun bir hissəsinin bərpası deməkdir.
Ölkəmiz hazırda Şimal-Cənub nəqliyyat dəhlizinin
yaradılması və gələcəkdə Şimal-Qərb
və Cənub-Qərb nəqliyyat yollarının istifadəyə
verilməsi istiqamətində çalışır. Nəqliyyat
infrastrukturumuzun önəmli hissəsini isə Ələt
Beynəlxalq Dəniz Ticarəti Limanı təşkil edir ki,
bu da həm ölkəmiz, həm də bölgə və
dünya üçün böyük əhəmiyyət kəsb
edir.
Ölkə Prezidenti cənab
İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən uğurlu iqtisadi siyasət sayəsində
ölkəmizdə neft-qaz sənayesi ilə yanaşı,
iqtisadiyyatın bütün sahələrində yüksək
inkişafa nail olunmuş, uğurlu nəticələr əldə
edilmiş, enerji sahəsindən əldə edilən gəlirlər iqtisadiyyatın şaxələnməsinə,
respublikamız üçün yeni sənaye sahələrinin
- müdafiə sənayesi və kosmik sənayesinin
yaranmasına, infrastruktur layihələrin icrasına,
müasir texnika və texnologiyalarla, yüksək standartlara
cavab verən avadanlıqlarla təchiz olunmuş istehsalat və
sosial obyektlərin tikintisinə və ölkə əhalisinin
maddi-rifah halının yaxşılaşmasına və
digər layihələrin icrasına yönəlmişdir. Bunun nəticəsidir ki, 2016-cı ilin yekunlarına
görə əhalinin hər nəfərinə düşən
ÜDM 6266 manata çataraq 1995-ci illə müqayisədə
7,1 dəfə artmışdır. 1993-2016-cı illərdə
ölkə iqtisadiyyatının inkişafı
üçün əsas kapitala bütün maliyyə mənbələrindən
200 milyard manatdan çox investisiya
yatırılmış, ölkədə işsizlik və
yoxsulluq səviyyəsi ən aşağı həddə -
4,9-5,0 faizə enmişdir. Hörmətli
Prezidentimiz İlham Əliyevin təşəbbüsü ilə
Oğuz-Qəbələ-Bakı su kəməri qısa
müddətdə inşa edilmiş və bununla da Bakı
şəhərində içməli su problemi öz həllini
tapmaqla 24 saat fasiləsiz su təminatı 80 faizi
keçmişdir.
Belə uğurlu nəticələrin
əldə edilməsi isə hər şeydən əvvəl
ölkəmizdə düşünülmüş və gələcəyə
istiqamətlənmiş neft strategiyası əsasında
dayanıqlı iqtisadi inkişafın təmin edilməsi, yeni
və müasir müəssisələrin işə
salınaraq çoxsaylı iş yerlərinin açılması
ilə bağlıdır.
Müstəqilliyin son 24 ili ərzində
ölkəmizdə həyata keçirilən möhtəşəm
işlər nəticəsində sosial-iqtisadi inkişafda
görünməmiş nailiyyətlər əldə edilsə
də, möhtərəm Prezidentimiz İlham Əliyev cənabları
gələcəkdə bu uğurları daha da genişləndirmək
və dərinləşdirmək, davamlı və
dayanaqlı inkişafa nail olmaq, qloballaşan dünya
iqtisadiyyatında ölkəmizin layiqli yer tutması
üçün müvafiq proqramların hazırlanması barədə
tapşırıqlar vermişdir. Bu tapşırığa
uyğun hazırlanmış proqramlar 2016-cı ilin dekabr
ayında hörmətli Prezidentimizin “Milli iqtisadiyyat və
iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin
təsdiq edilməsi haqqında” imzaladığı Fərmanla
təsdiq edilmişdir. Prezident İlham
Əliyevin yeni islahatlar kursunun əsasını təşkil
edən bu yol xəritələri iqtisadiyyatın və ictimai
həyatımızın müxtəlif istiqaməti üzrə
qarşıdakı 10 il və sonrakı dövr
üçün iqtisadi fəaliyyət məramnaməsi
sayılır.
Strateji yol xəritəsinin qəbul
edilməsində əsas hədəflər: qeyri-neft sektorunda
xüsusi çəkiyə malik özəl sektorun
inkişafı, güclü milli sahibkarlar ordusunun
formalaşması, yeni şəraitdə biznes mühitinin
yaxşılaşdırılması, sənaye və aqrar
sektorda istehsal imkanlarının genişlənməsində
özəl bölmənin rolunun daha da
artırılması və digər məsələlərdir.
Müasir dövrdə iqtisadiyyatın qeyri-neft
sənaye sektorunun inkişafında sənaye və texnologiyalar
parklarının yaradılması böyük əhəmiyyət
kəsb edir. Belə ki, sənaye
parklarının yaradılması ölkə
iqtisadiyyatında ixracın həcminin çoxalması,
idxalı əvəz edən məhsulların
istehsalının və məhsulların rəqabət qabiliyyətinin
artırılması, məşğulluğun təmin edilməsi,
investisiyaların və müasir texnologiyaların cəlb edilməsi
kimi prioritet vəzifələrin həyata keçirilməsində
xüsusi əhəmiyyətə malikdir. Buna görə də
hazırda ölkəmizdə sənaye parklarının
yaradılmasına böyük üstünlük verilir.
Azərbaycan Respublikası
Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq
Sumqayıt Kimya Sənaye Parkı, Balaxanı Sənaye
Parkı, Qaradağ Sənaye Parkı, Gəncə Sənaye
Parkı, Mingəçevir Sənaye Parkı, Pirallahı Sənaye
Parkı, Sumqayıt və Mingəçevir Yüksək
Texnologiyalar Parkı, Neftçala Sənaye Məhəlləsinin
yaradılması qərara alınmış və
onlardan bir çoxu artıq fəaliyyət göstərir. Bu
müəssisələr tam gücü ilə işlədikdə
on minlərlə insan daimi və yüksək maaşlı
işlə təmin olunacaq, daxili və xarici bazara yüksəkkeyfiyyətli,
Azərbaycan brendi olan məhsullar
çıxarılacaqdır. Bununla da həm daxili tələbat
ödəniləcək və həm də ölkəmiz idxal
edən ölkədən ixrac edən ölkəyə
çevriləcəkdir.
Əldə edilən neft gəlirlərinin
iqtisadiyyatın real sektoruna və infrastruktur layihələrinə
istiqamətləndirilməsi ölkəmizdə
iqtisadiyyatın bütün sahələrinin əlaqəli
inkişafını təmin edən
balanslaşdırılmış iqtisadi siyasətin həyata
keçirilməsini təmin etmişdir. Belə
ki, Prezident İlham Əliyevin rəhbərliyi dövründə
ölkə iqtisadiyyatının sürətlə inkişaf
etməsi, Bakının yüksək səviyyəli bir
çox beynəlxalq toplantılara, idman və musiqi
yarışmalarına ev sahibliyi etməsi dünya ölkələri
arasında respublikamızın nüfuzunu əhəmiyyətli
dərəcədə artırmışdır.
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev cənabları prezidentliyinin ilk illərindən
aqrar bölməni iqtisadiyyatın qeyri-neft sektorunun prioritet
istiqaməti elan etmiş və bu sahəyə xüsusi diqqət
və qayğı göstərməyə
başlamışdır. Prezidentin
imzaladığı sənədlərə əsasən kənd
təsərrüfatı məhsulu istehsalçılarına əkin
sahələrinin becərilməsində istifadə olunan
yanacaq və motor yağlarına, buğda, çəltik,
pambıq və tütün səpininə, sortlu toxum və
tinglərin istehsalına və satışına, mineral
gübrələrin güzəştli
şərtlərlə satışına, mal-qaranın cins tərkibinin
yaxşılaşmasına, yerli at cinslərinin damazlıq
özəyinin qorunmasına, müasir kənd təsərrüfatı
texnikalarının və texnoloji avadanlıqların
alınaraq istehsalçılara güzəştli şərtlərlə
lizinqə verilməsinə, habelə aqrar sahibkarları
güzəştli kreditlərlə təmin etməyə
və bu kimi digər tədbirlərə hər il dövlət
büdcəsindən yüz milyonlarla vəsait yönəldilir.
Bunun nəticəsidir ki, ötən son on ildə ölkəmizdə
bütün növ kənd təsərrüfatı məhsulları
istehsalı xeyli artmışdır. O cümlədən
taxıl istehsalı 41,0 faiz, şəkər çuğunduru
5,0 dəfə, ət 50,8 faiz, süd 53,7 faiz və yumurta
istehsalı 77,8 faiz çoxalmışdır.
Dövlətin maliyyə dəstəyi
ilə respublikamızda 39 quşçuluq müəssisəsi,
16 cins heyvandarlıq kompleksi, 7 süd və 7 ət
istehsalı müəssisəsi açılmış, 28
intensiv bağçılıq təsərrüfatı, 30
müasir istixana kompleksi və 15 meyvə-tərəvəz
emalı müəssisəsi yaradılmışdır.
Bu tədbirlər nəticəsində aqrar sektorun yeni texnika və
texnologiyalara, qabaqcıl təcrübəyə və elmi
nailiyyətlərə əsaslanan innovativ inkişafı
üçün möhkəm təməl qoyulmuşdur. Aqrar
sahədə də intensivləşməni genişləndirmək,
məhsuldarlığı artırmaq üçün
regionlarda aqroparklar və iri təsərrüfatlar
yaradılır. Hazırda Şəmkir və
Xaçmaz rayonlarında aqroparklar, Ağcabədi, Qəbələ
və digər rayonlarda iri təsərrüfatlar
yaradılmış, bu müəssisələrin bir
çoxunda hər inəkdən 7-8 min litr süd, hər
hektardan 55-60 sentner buğda, 110-115 sentner qarğıdalı məhsulu
əldə edilir ki, bu da respublikamız üçün
rekord göstəricilərdir.
Bununla yanaşı,
qloballaşmanın dərinləşməsi, təbii
ehtiyatların həddindən çox istismarı, iqlim dəyişikliyi
və əhalinin yüksək artımı əhalinin ərzaq
təhlükəsizliyinin təmin edilməsi üçün
daha böyük əzmlə çalışmağı tələb
edir. Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin 2016-cı ildə
imzaladığı “Kənd təsərrüfatı məhsullarının
istehsalı və emalına dair Strateji Yol Xəritəsi”ndə
nəzərdə tutulan tədbirlərin həyata
keçirilməsi aqrar sahədə daha önəmli
uğurlar əldə etməyə imkan verəcəkdir.
Partiyamızın Sədrinin təşəbbüsü
və tapşırığı ilə hazırda
respublikamızda ənənəvi kənd təsərrüfatı
sahələri olan pambıqçılıq,
baramaçılıq, tütünçülük,
çayçılıq sürətlə inkişaf etdirilir,
fındıq, üzüm sahələri genişləndirilir.
Əsas məsələlərdən biri də bu sahələrin
klasterləşməsi əsasında təşkilidir. Belə
ki, məhsul istehsalı ilə yanaşı həmin məhsulların
saxlanması, emalı və satışı, habelə elmi və
kadr təminatı, maddi-texniki bazasının
yaradılması da ixtisaslaşma zonaları-əraziləri
üzrə təşkil edilir. Bu da öz növbəsində
həmin məhsulların istehsalının səmərəliliyini
artırmaqla yanaşı, rəqabət qabiliyyətinin
yüksəlməsini də təmin edəcək və xarici
bazarlara ixracın həcmini artırmağa imkan verəcəkdir.
Bu məsələlərin həllində
“Kənd təsərrüfatı kooperasiyası haqqında”
qanunun qəbul edilməsi və bu qanuna uyğun olaraq “Azərbaycan
Respublikasında kənd təsərrüfatı
kooperasiyasının inkişafına dair 2017-2022-ci illər
üçün Dövlət Proqramı”nın təsdiq edilməsi
mühüm rol oynayacaqdır.
Kənd təsərrüfatının
intensivləşməsində və yüksək
texnologiyaların tətbiqinin səmərəsini yüksəltməkdə
torpaqların münbitliyini artırmaq, əkin dövriyyəsinə
yeni suvarılan torpaqlar daxil etmək və mövcud əkinlərin
su təminatını yaxşılaşdırmaq mühüm
əhəmiyyət kəsb edir. Ölkə Prezidentinin
tapşırığına uyğun olaraq bu istiqamətdə
son vaxtlar Meliorasiya və Su Təsərrüfatı
Açıq Səhmdar Cəmiyyəti tərəfindən əhəmiyyətli
işlər görülmüşdür. Belə
ki, dövlət büdcəsinin vəsaiti hesabına
“Taxtakörpü” su anbarının,
“Taxtakörpü-Ceyranbatan” kanalının, “Vəlvələçay-Taxtakörpü”
kanalının istifadəyə verilməsi, Şəmkirçay
su anbarından Goranboy rayonuna kanalın və Neftçala su
kanalının tikintisinin davam etməsi, habelə digər layihələrin reallaşması bu il 150 min, gələn il
isə 100 min hektar indiyədək suvarılmayan və ya
suvarılması lazımi səviyyədə olmayan sahələrin
suvarılmasına imkan verəcək və məhsuldarlığı
artırmaq üçün əlverişli şərait
yaradacaqdır.
Son illər respublikamızın iqtisadi
və sosial həyatında həyata keçirilən bu nəhəng
işlərin icrasında ölkəmizin ən güclü və
çoxsaylı partiyası olan Yeni Azərbaycan
Partiyasının üzvləri ön sıralarda olmuş,
partiyamızın Sədri, ölkə Prezidenti İlham
Əliyev cənablarının uzaqgörən
və xalqın rifahının yaxşılaşmasına
yönəlmiş siyasətini daim dəstəkləmiş,
öz əməli fəaliyyətləri ilə dönə-dönə
təsdiq etmişlər ki, YAP yalnız bu günün yox, həm
də gələcəyin partiyasıdır.
Çoxsaylı partiya üzvləri,
bütün ölkə vətəndaşları qəlbən
inanırlar ki, Ulu öndərin qurucusu olduğu YAP hələ
uzun illər ölkəmizin tərəqqisinə, onun daha da
möhkəmlənməsinə öz layiqli töhfəsini
verəcəkdir!
Yeni Azərbaycan.-
2017.- 14 noyabr.- S.6.