Yeddidən yetmişə
(akademik Əhliman
Əmiraslanovun yubileyinə)
Ağ xalat bürünər,
zərnişan geyməz,
Heç kəsi dindirib
xətrinə dəyməz.
Sərdara söz deməz,
şaha baş əyməz
Qüdrətdən səngərli,
qalalı dağlar.
... Neçə gündür ki, aşıq sənətimizin
əlçatmaz zirvəsi, şifahi xalq ədəbiyyatımızın
söz sərkərdəsi Aşıq Ələsgərin bu
ölməz misralarını az qala Quran ayəsi kimi vird eləyirəm.
Bəşərin yaranışından neçə
şahlar, sərkarlar, bəylər, xanlar, nökərlər,
qullar gəlib-gedib, dağlar isə öz yerində, öz
ucalığındadır.
Heç də təsadüfi deyildir ki,
güclü, qüdrətli, ağıllı, bilikli
adamların cəmiyyətin ümumi boyundan ucada
dayandığını fərq edən söz ustadları
onları uca, zirvəsi ağappaq qarla örtülü
dağlara bənzədiblər. Dağ
vüqarı, dağ əyilməzliyi, dağ qüdrəti,
dağ səxavəti və alim ömrü, müdriklik zirvəsi,
xeyirxahlıq missiyası, müəllim təmənnasızlığı
arasında paralellər aparanda görürük ki, dağlar
insanlara bənzədiyi kimi, insanlar da dağlara bənzəyir.
Azərbaycan düzlər, dərələr və
dağlar diyarıdır. Amma adlı (-sanlı)
dağlarımız barmaqla sayılacaq qədərdir. Elə
görkəmli adamlarımız kimi...
Azərbaycanın adlı-sanlı, titullu elm
adamları kifayət qədər olsa da, millətimizi
dünyada tanıdacaq korifeylərimiz təəssüf ki, o qədər
də çox deyil... Elə dağlarımız kimi...
Nahaq yerə demirlər ki, ölkə zirvələri,
millət görkəmli şəxsiyyətləri ilə
ucalır. Millətin boyunu dünyada uca göstərən
(və başını uca eləyən) dəyərli
övladlarından biri də akademik Əhliman Əmiraslanovdur.
Çoxdan və kifayət qədər yaxından
tanıdığım Əhliman müəllim haqqında
yetmiş illik yubileyi ilə bağlı portret yazı yazmaq
istəyim ilk əvvəldən çətinliklə
qarşılaşdı: əvvəlcə yubilyar özü
istəmədi, özünəməxsus təvazökarlıqla
“zəhmət çəkmə, heç nəyə ehtiyac
yoxdur” – dedi. Daha sonra isə portret cizgilərinə Əhliman
müəllimin çoxşaxəli, çox uğurlu,
çox dinamik, çox təltifli fəaliyyəti “mane oldu”.
Portret rəssamları yaxşı bilirlər ki, sənət əsərinin
uğurlu alınması işığın portreti çəkilən
şəxsin üzərinə hansı bucaq altında
düşməsindən və işıqlanma dərəcəsindən
çox asılıdır.
Əhliman Əmiraslanovun hansı istiqamətdə
fəaliyyətinə nəzər yetirsək, orada bir
işıq seli görürük: orta məktəbi
qızıl medalla bitirib, Tibb Universitetini qırmızı
diplomla. Elə həmin ildə ovaxtkı
İttifaqın (və dünyanın) ən nüfuzlu onkoloji
elmi-tədqiqat mərkəzinə aspiranturaya qəbul edilib,
aspirantura təhsilini bitirməmiş namizədlik, 36
yaşında isə doktorluq dissertasiyası müdafiə edərək
dövrünün ən böyük alimləri ilə birlikdə
onkologiya sahəsində çoxlu uğurlara və kəşflərə
imza atıb - 37 yaşında SSRİ Dövlət
mükafatına layiq görülmüşdür. Onu da deyək
ki, Əhliman müəllim Azərbaycan təbabəti tarixində
bu nüfuzlu mükafata layiq görülmüş iki alimdən
biridir: akademik Mustafa bəy Topçubaşov (1943-cü ildə),
akademik Əhliman Əmiraslanov (1986-cı ildə).
Əhliman müəllimin elmi-pedaqoji və
ictimai-siyasi fəaliyyəti də parlaq və uğurludur: Azərbaycan SSR Ali Sovetinin deputatı, Tibb
Universitetinin rektoru, Milli Elmlər Akademiyasının həqiqi
üzvü və akademik katibi, millət vəkili, Milli Məclisin
Səhiyyə komitəsinin sədri, TÜRKPA komissiya sədri,
Azərbaycan-Türkiyə Parlamentlərarası dostluq qrupunun
rəhbəri və s.
Akademikin həyat fəaliyyətinin hansı sahəsinə
nəzər salsaq, görürük ki, orada uğurlu fəaliyyət,
nurlu niyyət və parlaq nəticə var. Və məhz bu
nur, bu işıq seli yubilyarın portret cizgisini çəkməkdə
şairin qələmini çətinə salır:
işığın üzərinə işıqmı
salarlar? Bir də ki, ziyalı işıq paylayan deyilmi?
Əhliman müəllimin nəsillərə
nümunə ola biləcək həyatının uğur hekayəsindən
danışarkən bir neçə məqamın üzərində
dayanmaq labüddür:
Əsil-kök: Əhliman müəllimin
doğulub boya-başa çatdığı İrəvan
xanlığının Göycə mahalı istedadlı,
adlı-sanlı, vurub-tutan adamları ilə həmişə
məşhur olmuşdur. Əhliman müəllimin atası
Tapdıq müəllim Ermənistan SSR-in tanınmış
ziyalılarından, bölgədə azərbaycanlıların
nüfuzlu ağsaqqallarından biri olmuş, uzun illər
məktəb direktoru, maarif şöbəsinin müdiri,
partiya və dövlət vəzifələrində
çalışmış, “Əməkdar müəllim” fəxri
adına layiq görülmüşdür. Belə bir ailədə
böyüyüb tərbiyə alan Əhliman Əmiraslanovun
orta məktəbi qızıl medalla, institutu fərqlənmə
diplomu ilə bitirməsi heç də təsadüfi ola bilməzdi.
Elmi-mədəni mühit. Azərbaycan
Dövlət Tibb Universitetində oxuyarkən dövrün
görkəmli tibb alimlərindən və ziyalılarından
dərs almış Əhliman Əmiraslanov 26 yaşında
SSRİ Tibb Elmləri Akademiyasının nəzdində
Ümumittifaq Onkoloji Elmi Mərkəzində aspiranturaya daxil
olmuş, burada sovet və dünya onkologiya elminin korifeyləri
akademik N.Bloxin, N.Trapeznikov, M.Davıdov kimi alim və
ziyalılarla çiyin-çiyinə
çalışmış, elmi nailiyyətlər əldə
etmiş, onlarla kəşf və ixtiralara imza
atmışdır. Moskvanın elitar elmi-intellektual mühiti
Əhliman müəllimin parlaq istedadlı bir alim kimi
yetişməsində, eləcə də ziyalı və aristokrat
kimi formalaşmasında mühüm rol oynamışdır. Vaxtı ilə Onkoloji Mərkəzdə Əhliman
Əmiraslanovla birgə çalışmış və
dostluq etmiş, hazırda həmin Mərkəzin - Rusiya
Onkoloji Elmi Mərkəzinin baş direktoru, Rusiya
Federasiyasının baş onkoloqu akademik Mixail
İvanoviç Davıdov Əhliman Əmiraslanovun parlaq
istedadına, dərin biliyinə və ali insani keyfiyyətlərinə
yüksək dəyər verərək yazır:
“Əhliman Tapdıq oğlu Sovet və Rusiya
onkologiyasının parlaq ulduzudur. O, dahi peşəkar-virtuoz cərrahdır.
Onu postsovet məkanının bütün respublikalarında
tanıyır və dərin hörmət bəsləyirlər.
O, genişqəlbli və xoşməramlı bir insandır.
Onunla ünsiyyət həmişə insana müsbət enerji
bəxş edir”.
Zəhmətsevərlik. Hər bir halal
uğurun kökündə bir halal zəhmət dayanır.
Heç kəs oturduğu yerdə virtuoz cərrah, dahi alim,
görkəmli ictimai xadim, ixtiralar və kəşflər
müəllifi olmur. Zirvəyə gedən yol hamar olmur:
daşlı-kəsəkli,
sıldırımlı-uçurumlu, əyri-dolanbac
aşırımlardan keçə-keçə zirvəyə
gedən şəxs öz cığırını
özü açmalıdır.
Əhliman müəllimin (eləcə də
bütün görkəmli şəxsiyyətlərin) əməksevərliyində
bir ictimai borc, ictimai mənafe naminə çalışmaq, cəmiyyətə
fayda vermək istəyi dayanır. Heç də
təsadüfi deyildir ki, akademik Əhliman Əmiraslanov Sovet
onkologiya məktəbində orqansaxlayıcı əməliyyatların
banilərindən biri hesab edilir. Əhliman müəllimin həm
namizədlik, həm də doktorluq dissertasiyaları ətrafların
bədxassəli şişlərinin müalicəsində elə
cərrahi üsulların tədqiqini təklif edir ki, bu əməliyyatlardan
sonra xəstələrin həyat keyfiyyətləri
mümkün qədər saxlanılsın.
Məsuliyyətlilik. Əhliman müəllim
olduqca intizamlı və məsuliyyətli adamdır. Məsuliyyət hissi həm dövlətçilik,
milli-ictimai mənafe baxımından, həm də məişət-şəxsi
planda onun həmişə göz önündə
saxladığı ölçülərdəndir. Ötən
əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan
olduqca mürəkkəb, ağır ictimai-siyasi şəraitdə
idi. Müharibə, qaçqınlıq, kasıblıq,
hərc-mərclik səbəbindən bir çox sahələrdə
olduğu kimi, tibb mütəxəssisləri də ölkəni
tərk edərək xaricə getmək məcburiyyəti ilə
üzləşmişdilər. Belə bir zamanda
professor Əhliman Əmiraslanova Azərbaycana gəlmək, təhsili
və tədrisi bərbad vəziyyətə
düşmüş Tibb Universitetinə
başçılıq etmək, yeni dövrün tələbinə
uyğun, yüksək səviyyəli tibb kadrları
hazırlığına rəvac vermək təklif edildi.
Eyni vaxtda həm də ona Moskvada yeni yaranmış Klinik
Onkoloji Mərkəzdə direktor vəzifəsi təklif
olundu. Əhliman müəllim heç tərəddüd etmədən
Vətənə xidməti seçdi. Baxmayaraq ki, Moskvadakı
vəzifənin elmi perspektivləri, sosial-mənəvi dividendləri
daha cəlbedici idi.
Təvazökarlıq. Akademik Əhliman
Əmiraslanov elm, təhsil, ictimai-siyasi fəaliyyət sahəsində
bir çox uğurlara imza atmış, titullar qazanmış
dünya şöhrətli alim, Azərbaycanın, Türkiyənin,
Rusiyanın siyasi elitasında tanınan və hörmət
edilən ictimai-siyasi xadimdir.
O, SSRİ Tibb Elmləri
Akademiyasının yüksək titullu “N.N.Petrov adına
medalı” və mükafatı ilə (1985), SSRİ Dövlət
Mükafatı (1986), Amerika Bioqrafiya İnstitutunun
“Qızıl statuya” mükafatı, Polşa Tibb Elmləri
Akademiyasının “Albert Şvaytzer adına” mükafatı
(1999) və Böyük Qızıl medalı, Rusiya Tibb
Elmləri Akademiyasının “Akademik N.Bloxin adına”
mükafatları (2007), 2000-ci ildə isə Azərbaycan
Respublikasının “Şöhrət” ordeni ilə təltif
edilmişdir.
2001-ci ildə AMEA-nın həqiqi
üzvü seçilən Əhliman Əmiraslanov 2007-ci ildən
AMEA Rəyasət Heyətinin üzvü, Biologiya və Tibb
Elmləri bölməsinin akademik katibi, 10-dan çox ölkənin
akademiyalarının üzvü və institutlarının fəxri
doktoru, 12 nəfər tibb elmləri doktorunun, 44 nəfər fəlsəfə
doktorunun rəhbəri, 500-dən çox elmi məqalənin,
18 monoqrafiyanın, 31 dərslik və dərs vəsaitinin, 16
ixtiranın müəllifidir.
Daim dövlətin və millətin mənafeyindən
çıxış edən akademik Əhliman Əmiraslanovun
ictimai-siyasi fəaliyyəti də çoxşaxəlidir. O, Milli Məclisin Səhiyyə komitəsinin sədri,
Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun
rəhbəri, TÜRKPA komissiya sədri olmaqla yanaşı,
Azərbaycan Respublikası Prezidenti yanında “Əfv məsələləri
üzrə Dövlət Komissiyası”nın, Elmin
İnkişaf Fondunun və Bilik Fondunun Himayədarlar
Şurasının, Dünya Azərbaycanlılarının
Əlaqələndirmə Şurasının
üzvüdür.
Yuxarıda yazılanlar akademik Əhliman
Əmiraslanovun fəaliyyət istiqamətlərinin və
titullarının heç də tam siyahısı deyil.
Heç bu siyahını uzatmaq niyyətimiz də yoxdur. Sadəcə
bildirmək istəyirəm ki, ölkə daxilində və
dünyada bu qədər ad-sanı, şöhrəti olan, eyni
zamanda, xidmətlərinə ehtiyac duyulan bir şəxsiyyət
son dərəcə sadə, təvazökar, əlçatandır.
Bu barədə akademik Mixail Romanoviç
Liçinitser olduqca dəqiq vurğulayır ki, “Azərbaycan
və dünya elminin fəxri akademiki Əmiraslanov olduqca dəyərli
və mehriban adamdır, ünsiyyətcil, tələbələr,
gənc həkimlər və xəstələri
üçün olduqca əlçatandır”.
Uzun illər Əhliman müəllimlə
ünsiyyətdə olan adam kimi deyə bilərəm ki, sadəlik
və təvazökarlıq onun yüksək dəyər
verdiyi əsas həyat keyfiyyətlərindən biridir. O, Tibb
Universitetinin rektoru olarkən də, Milli Məclisin Komitə sədri,
Milli Elmlər Akademiyasının rəhbərlərindən
biri olaraq da həmişə cəmiyyətə açıq
adamdır. Hətta sıradan bir vətəndaş qədər
sadədir.
...Həqiqətən də, öz çəkisini,
qiymətini, dayandığı yerin ucalığını
biləndə insanın özünü dartıb dağ
başına qoymağa ehtiyacı olmur.
Alicənablıq. Əhliman müəllim elitar
ziyalılıq etalonu, alicənab, mərhəmətli bir
şəxsdir. Onun söhbətində, davranışında,
geyimində əsil-nəcabətdən gələn bir
kübarlıq, nəciblik, əsilzadəlik vardır. Akademik
Əhliman Əmiraslanov Azərbaycanın elit ziyalı təbəqəsinin
azsaylı aristokratlarından biridir. Orta əsrlərdə qərb
zadəganlarının məşhur bir şüarını
burada xatırlatmaq istəyirəm: “Mənim ruhum Allaha, cismim
dövlətə, şərəfim isə özümə məxsusdur”.
Məhz Əhliman müəllim də “şərəfi
özünə məxsus olanlardandır”, şərəfi hər
şeydən uca tutanlardandır.
Qədim şərq fəlsəfəsinə
(eləcə də İslam dininə) görə adın
insanın həyatına və taleyinə təsiri vardır.
Məhəmməd Peyğəmbər (s) buyurur:
Övladlarınıza yaxşı adlar qoyun, həqiqətən
siz Qiyamət günü həmin adla
çağırılacaqsınız.
... “Əhliman” adının mənası - “iman
əhli”, “inanclı”, Allahını, Kitabını tanıyan
anlamındadır.
...Əhliman müəllim yeddisindən
yetmişinə qədər masasının üstündə
kitabı, başının üstündə Allahı olan
iman əhlidir.
...Yeddisindən yetmişinəcən
həvəslə oxuyan, öyrənən, bilik, elm dalınca
gedən, öyrəndiyini böyük səxavətlə
paylaşan, öyrədən, tələbələr yetişdirən,
məktəb yaradan bir müəllim və alim nə bəxtiyardır...
... Yeddidən yetmişə minlərlə
insana şəfa verən, ömür uzadan, ailələrə
sevinc bəxş edən, “ölümü öldürən”
, “ağ xalata bürünüb zərxara geyinməyən” həkim-cərrah
nə xoşbəxtdir...
... Yeddisindən yetmişinə
kimi bütün ömrünü düzlüyə,
halallığa, savab işlərə həsr etmiş
nümunəvi ailə başçısının, nəslin
ağsaqqalının, dəyərli övladların
atasının, gözəl, ağıllı nəvələrin
babasının “həyat nə gözəldir” deməyə
haqqı vardır...
... Yeddisindən yetmişinəcən
“heç kəsi dindirib, xətrinə dəyməyən, sərdarlara
söz deməyən, şahlara baş əyməyən”,
öz milləti, öz Vətəni üçün xidmət
edən, xalqına, dövlətinə, Liderinə
bağlı olan bir insan əbədi hörmətə və
ehtirama layiqdir. Qüdrətdən səngərli,
qalalı dağlar kimi!!!
Musa Urud
Yeni Azərbaycan.-
2017.- 16 noyabr.- S.5.