Azərbaycanın
regionlarında aqrar sektorun davamlı inkişafına nail olmaq
üçün zəruri tədbirlər həyata
keçirilir
Fermerlərə verilən subsidiyaların
artırılması, dövriyyəyə yeni torpaqların cəlb
olunması, kollektiv təsərrüfatların
yaradılması, müasir texnikanın alınması, intensiv
metodların tətbiqi bu kimi tədbirlər sırasındadır
Ölkəmizin iqtisadi inkişaf
strategiyasının əsas istiqamətlərindən olan aqrar
sahənin dinamik inkişafının təmin edilməsi hər
zaman diqqət mərkəzindədir. Belə ki,
davamlı və hərtərəfli dövlət dəstəyi
sayəsində respublikamızda kənd təsərrüfatında
əhəmiyyətli artıma nail olunub. Öz növbəsində,
görülən tədbirlər, aparılan işlər,
sahibkarlara göstərilən dövlət dəstəyi
perspektivdə Azərbaycanda aqrar sahənin daha da sürətlə
inkişaf edəcəyini proqnozlaşdırmağa imkan verir.
Daha dəqiq desək, ölkənin regionlarında
aqrar sektorun davamlı inkişafına nail olmaq məqsədilə
zəruri tədbirlər həyata keçirilir. Fermerlərə
verilən subsidiyaların artırılması, dövriyyəyə
yeni torpaqların cəlb olunması, kollektiv təsərrüfatların
yaradılması, müasir texnikanın alınması, intensiv
metodların tətbiqi bu kimi tədbirlər
sırasındadır. Bütün bunlarla yanaşı, yeni təsərrüfatçılıq
metodlarının tətbiqi, müasir aqrar-sənaye müəssisələrinin
yaradılması sayəsində regionlarda aqrar sektorun
inkişafında yeni mərhələ başlayıb. Eyni
zamanda, hazırda respublikamızda iri fermer təsərrüfatlarının
yaradılması uğurla həyata keçirilir.
Onu da qeyd edək ki, müvafiq Dövlət
proqramlarının uğurla reallaşdırılması da
ölkəmizin regionlarda kənd təsərrüfatının
inkişafına təkan verib. Belə ki,
2004-cü il fevralın 11-də təsdiqlənmiş və
hazırda üçüncüsü icra olunan
regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramı bölgələrin inkişafında mühüm
rol oynayıb. İcra olunmuş iki Dövlət Proqramı əsasında
əldə edilmiş nailiyyətlər hazırkı,
üçüncü Dövlət Proqramının da
regionların inkişafına xüsusi töhfə verəcəyini
deməyə əsas verir. Regionların
sosial-iqtisadi inkişafı ilə bağlı qəbul
edilmiş Dövlət proqramlarında nəzərdə
tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsi
ölkə iqtisadiyyatının dayanıqlı inkişafını
təmin etməklə yanaşı, kənd təsərrüfatının
inkişafına da zəmin yaradıb. Elə
ayrı-ayrı rayonlarda aqrar sahənin müxtəlif istiqamətləri
üzrə əldə edilən uğurlar da deyilənləri
təsdiqləyir.
Yeri gəlmişkən, Şamaxı rayonunda
üzüm yığım başa çatıb. Rayonun plantasiyalarından 8399,5 ton məhsul götürülüb. Bu
göstərici ötən ildəkindən 2868,2
ton çoxdur. Qeyd edək ki, Prezident İlham
Əliyevin tapşırığı ilə hazırlanan və
qəbul olunan “2012-2020-ci illərdə Azərbaycan
Respublikasında üzümçülüyün
inkişafına dair Dövlət Proqramı” bu baxımdan
xüsusi əhəmiyyət kəsb edir. Artıq
rayonda üzüm plantasiyalarının sahəsi 1710 hektara
çatıb ki, bunun da 1315 hektarı məhsuldardır.
Əksər ərazilərdə, xüsusilə Mədrəsə,
Sabir qəsəbələrində, Məlikçobanlı,
Çarhan, Kərkənc və bir sıra digər ərazi
vahidlərində, o cümlədən “Az-Qranata” MMC-nin
Şamaxı təsərrüfatında, “Mədrəsə”
MMC-də üzümçülük daha sürətlə
inkişaf etdirilir və təsadüfi deyil ki, istehsal olunan məhsulun
xeyli hissəsi adları çəkilən ərazi və təsərrüfatların
payına düşür. Plantasiyalarda
yetişdirilən yeni, məhsuldar üzüm sortları və
yüksək texnoloji becərmə işləri bol məhsul
istehsalına imkan verir. Təkcə bu il ötən ilə
nisbətən hər hektardan məhsuldarlıq 21,1 sentner artıb.
İsmayıllı rayonunun üzümçüləri
də məhsul yığımı kampaniyasını müvəffəqiyyətlə
başa çatdırıblar. Plantasiyalardan 2560 ton məhsul
götürülüb ki, bu da ötənilki göstəricidən
440 ton çoxdur. Vurğulamaq lazımdır ki,
hazırda İsmayıllıda 1090 hektar üzüm
bağı var. Bunun 888,2 hektarı bar verəndir.
Plantasiyalar əsasən Kürdmaşı,
Hacıhətəmli, Mollaisaqlı, Qalınçaq ərazi
vahidlərinin sahələrindədir. İlkin
olaraq avqustun əvvəllərində tez yetişən
“Kardinal”, “Prima” süfrə sortları yığılıb.
Hər hektardan 50-60 sentner süfrə
üzümü götürən sahibkarlar məhsulu rayon, habelə
Bakı bazarlarında satıblar. Texniki
sortlar isə emal müəssisələrinə təhvil
verilib.
İsmayıllı rayonunda
fındıqçılığın inkişafı istiqamətində
də tədbirlər davam etdirilir. 2016-cı ildə 458,7
hektar, bu ilin yazında isə 142,5 hektar olmaqla, ümumilikdə
601,2 hektar sahədə yeni bağlar salınıb. Hazırda rayonda payızlıq fındıq əkini
aparılır. Təkcə
Qalaçıq kəndində 37 hektarda yeni bağ
salınıb. Fındıq əkini, habelə
Gəraybəyli kəndində, İsmayıllı şəhəri
ərazisində də davam etdirilir. Ümumiyyətlə,
cari ilin sonunadək rayonda 750 hektar sahədə yeni
fındıq bağlarının salınması nəzərdə
tutulub.
Salyanda da üzüm yığımı başa
çatıb.
Fermerlər cari mövsümdə üzüm
bağlarından 1945 ton məhsul yığıblar. Salyanlı bağbanlar rayonda mövcud olan 954 hektar
üzüm bağından 1945 ton məhsul tədarük
edilib. Yığılan məhsulun 75-80
faizi süfrə üzümü olub. Qalanını isə
texniki sort təşkil edib. Qeyd edilməlidir ki, ötən il üzüm sahələrindən 1109 ton məhsul
yığılıb.
Qax rayonunda isə fındıq bağlarında məhsul
yığımı yekunlaşıb. Bu il bağlardan
4 min 144 ton məhsul tədarük olunub. Fındıq
istehsalı ötən illə müqayisədə 992 ton
artıb. Xatırladaq ki, Prezident İlham Əliyevin
fındıqçılığın inkişaf etdirilməsi
ilə bağlı verdiyi tapşırıq və göstərişlərin
icrasını təmin etmək məqsədilə hazırda
rayonda yeni fındıq bağlarının salınması
istiqamətində iş davam etdirilir. 2017-ci ilin
yaz əkini dövründə rayon ərazisində 513 hektar
sahədə yeni fındıq bağları salınıb.
Payız mövsümündə isə daha 600
hektar sahədə yeni bağların salınması nəzərdə
tutulur. Artıq fındıq pöhrələrinin
sahələrə köçürülməsinə
başlanılıb. Hazırda Qax rayonunda
mövcud fındıq bağlarının ümumi sahəsi 6
min 800 hektardır. Bu bağların 5 min
hektarı barverəndir.
Göygöl
rayonundakı əkin sahələrindən isə
mövsüm ərzində 592 hektardan günəbaxan, 582
hektardan kartof, 456 hektardan tərəvəz, 40 hektardan
qarğıdalı, 35 hektardan şəkər
çuğunduru, 1 hektardan isə bostan bitkiləri
toplanıb. Tarlalardan ötən dövrdə 1210 ton dən
üçün günəbaxan, 6 min 323 ton kartof, 4 min 744 ton
tərəvəz, 80 ton qarğıdalı, 1597 ton şəkər
çuğunduru, 10 ton isə bostan bitkisi
yığılıb. Keçən ilin müvafiq
dövrü ilə müqayisədə bostan bitkiləri
istisna olmaqla dən üçün günəbaxan bitkisi 634
ton və ya 2,1 dəfə, kartof bitkisi 3
min 687 ton və ya 36,8 faiz, tərəvəz 1114 ton və ya 19
faiz, dən üçün qarğıdalı isə 24 ton və
ya 42,9 faiz çox istehsal olunub.
İqtisadiyyatının əsasını həm də
kartofçuluğun təşkil etdiyi Gədəbəy
rayonunda bu sahənin daha da inkişaf etdirilməsi məqsədilə
məhsul istehsalçılarına lazımi diqqət və
qayğı göstərilir. Bu il rayon üzrə
11 min 963 hektar sahədə kartof əkilib. Sahələrdən
məhsul yığımı dövründə 127 min 107 ton
kartof tədarük edilib. Bu ötən illə
müqayisədə 18 min 50 ton çoxdur. Məhsuldarlıq isə hər hektara görə 107
sentner təşkil edib. Bu da ötən ilin məhsuldarlığı
ilə müqayisədə 17,5 sentner
çoxdur.
Respublikanın
iri kartofçuluq rayonlarından sayılan Tovuzda sahibkarlar bu il 7375 hektar sahədə bol məhsul
yetişdiriblər. Sahibkarlar artıq 7373 hektar
sahənin kartofunu yığıblar. Sahələrdən
ümumilikdə 169 min 686 ton məhsul yığılıb.
Hər hektardan orta məhsuldarlıq 230,1
sentner təşkil edib ki, bu da ötən ilin müvafiq
dövrü ilə müqayisədə 12,2 sentner çoxdur.
Ağsu rayonunda da kartof yığımı başa
çatıb, sahələrdən 1370 ton məhsul
götürülüb. Qeyd edilməlidir ki, bölgədə
kartofçuluğa maraq ildən-ilə artır. Təsadüfi deyildir ki, cari mövsümdə əkin
sahələri 16 hektar artaraq 168 hektara çatıb.
Torpaq mülkiyyətçiləri bu il sahələrdən
ötən ildəkindən 140 ton çox məhsul
yığıblar.
Vurğulayaq ki, kartofçuluq rayonda qeyri-ənənəvi
sahə hesab olunur. Lakin ilboyu yerli bazarlarda kartofa tələbat
çox olduğundan bu sahəyə maraq getdikcə artır. Son illər rayonun dağətəyi ərazilərində,
o cümlədən Padar, Qaraqoyunlu, dağlıq ərazilər
olan Kalva, Nuran, Gürcüvan və bir sıra digər
yaşayış məntəqələrində sakinlər
kartof əkin sahələrini ildən-ilə artırırlar.
Bu il Şəmkir rayoynunda bibər əkininə
də maraq artmaqdadır. Şəmkir rayonunun Sarıtəpə
kənd sakini, sahibkar Əli Ələkbərov bildirib ki, 50 sot
sahədə bibər əkib. Sahədə acı, şirin və
qırmızı bibər becərilib. Əkinə bol su
verildiyindən və aqrotexniki qulluq göstərildiyindən
yaxşı məhsul yetişib. Təxminən hər
yığımda sahibkara 200-250 manat qazanc verən bibərin gələn
il daha geniş ərazidə əkilməsi nəzərdə
tutulur.
Bərdə rayonunda kənd təsərrüfatı
məhsulları istehsalının artım dinamikası əvvəlki
illərdə olduğu kimi, 2017-ci ildə də davam edib. Bu
ilin doqquz ayında rayonda 149,8 milyon manatlıq kənd təsərrüfatı
məhsulu istehsal edilib. Bu, keçən ilin müvafiq
dövrü ilə müqayisədə 12,4 faiz çoxdur.
İstehsal olunan məhsulun 94,5 milyon manatı heyvandarlıq,
55,3 milyon manatı isə bitkiçilik məhsullarının
payına düşür. Bundan başqa 1672,5 ton
qarğıdalı, 1991 kartof, 37 min 500 ton tərəvəz,
28 min 200,3 ton bostan məhsulları, 550,6 ton dən
üçün günəbaxan, 12 min 777 ton şəkər
çuğunduru, 7261 ton meyvə istehsal olunub. Fermerlər
2018-ci ilin məhsulu üçün əkin-səpin işlərini
də davam etdirirlər. Cari ilin payızlıq əkinləri
üçün 6425 hektar sahədə şum qaldırılıb,
gələn ilin məhsulu üçün 195 hektar sahədə
payızlıqlar səpilib.
Lənkəran Dövlət Universitetində
(LDU) isə aqraryönümlü ixtisaslarda tədrisin əyaniliyinə
nail olmaq, tələbələrdə praktik vərdişləri
formalaşdırmaq, elmlə təcrübəni
uzlaşdırmaq məqsədi ilə çay plantasiyası
salınır. LDU-nun yardımçı təsərrüfatında
0,50 hektar sahədə 12 min çay şitili əkilib.
Əkin prosesində fəal iştirak edən tələbələrə
əkin texnologiyası, bitkiyə aqrotexniki qulluq, becərmə
və suvarmanın təşkili barədə ətraflı məlumat
verilib. Qeyd edək ki, universitetdə bu il 1 hektara yaxın sahədə
çay plantasiyasının salınması
planlaşdırılıb. Böyük ixrac potensialı olan,
dünya və daxili bazarda qiyməti və istehlak tələbatı
artan çayçılığın inkişafı gələcəkdə
LDU-ya həm də gəlir gətirə bilər. LDU-nun
yardımçı təsərrüfatında, həmçinin
5 hektar sahədə sitrus bağlarının salınması
və digər əkinlərin keçirilməsi də nəzərdə
tutulub.
Pərviz SADAYOĞLU
Yeni Azərbaycan.-
2017.- 17 noyabr.- S.7.