Azərbaycanda azad mətbuatın
inkişafı diqqət mərkəzindədir
Yüksək səviyyəli dövlət
qayğısı milli mətbuatımızın
inkişafını təmin edən başlıca amildir
Azərbaycan dünyaya spesifik xüsusiyyətlərə
malik davamlı inkişaf modeli təqdim edib. Əlamətdar
haldır ki, ölkəmizdə iqtisadi və siyasi islahatlar
paralel şəkildə aparılır və bir-birini
tamamlayır. Azad, demokratik cəmiyyət quruculuğuna nail
olunması ölkəmizin müstəqillik illərində əldə
etdiyi ən böyük uğurlardan biri kimi dəyərləndirilir.
Bütün azadlıqların təmin olunması Azərbaycan
cəmiyyətinin üstün cəhətidir. Digər tərəfdən,
Azərbaycanın demokratik inkişafını təmin edən
başlıca strateji amillər sırasında institusional
islahatlar xüsusi yer tutur. Bu islahatlardan bəhs edərkən
qeyd etmək lazımdır ki, Azərbaycanda hüquqi dövlət
quruculuğu kontekstində şəffaflıq və bərabərlik
həm də söz, fikir, vicdan azadlığı məsələlərində
də təmin olunub. Bütövlükdə isə, söz,
fikir və özünüifadə azadlığının təmin
olunduğu Azərbaycanda milli mətbuat ölkənin demokratik
inkişafına özünəməxsus töhfələr
verir. Yeri gəlmişkən, iyulun 20-də
jurnalistlər üçün tikilmiş növbəti binada
Milli Mətbuat Günü münasibətilə mənzillərin
paylanması mərasimində çıxışı
zamanı Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev bu məqamlara toxunaraq deyib ki, Azərbaycanda həm
demokratik, həm də sosial-iqtisadi inkişaf paralel gedir:
“Buna görə hesab edirəm ki, bizim cəmiyyətimizdə
islahatlar təkamül yolu ilə aparılır və dərinləşir.
Siyasi və iqtisadi islahatlar daha da dərinləşməlidir.
Söz azadlığı Azərbaycanda tam təmin edilibdir,
heç bir məhdudiyyət yoxdur. Mənə verilən son məlumata
görə, Azərbaycan əhalisinin təxminən 80 faizi
internet istifadəçisidir. Belə olan halda söz azadlığı ilə
bağlı heç bir problem ola bilməz.
Düzdür, bəzi hallarda bizi bəzi
qeyri-hökumət təşkilatları tənqid edir, hətta
ittiham edirlər. Amma bu ittihamların
heç bir əsası yoxdur. Bu, sadəcə
olaraq, qərəzli mövqedir. Bunun səbəbi
də bəllidir. Amma real vəziyyətə
baxdıqda biz hamımız görürük ki, Azərbaycanda
söz azadlığı və bütün başqa
azadlıqlar tam təmin olunur. Sərbəst
toplaşma azadlığı, siyasi fəaliyyət
azadlığı, vicdan azadlığı, söz
azadlığı, mətbuat azadlığı Azərbaycanda
təmin olunur və təmin olunacaqdır”.
Onu da vurğulamaq lazımdır ki, Azərbaycanda
demokratik inkişafın struktur elementlərindən birini
ictimai institutların təkmilləşdirilməsi təşkil
edir. Bu kontekstdə ayrı-ayrı ictimai təsisatlarla
yanaşı, Azərbaycan milli mətbuatının da səmərəli
fəaliyyətinə real əlverişli şərait
yaradılıb. Azərbaycanda mətbuatın,
ümumiyyətlə, kütləvi informasiya vasitələrinin
(KİV) hazırkı inkişafını şərtləndirən
əsas amillər dövlətin bu sahəyə yüksək
səviyyəli diqqəti və media nümayəndələrinin
söz, fikir və özünüifadə
azadlığından sərbəst surətdə istifadə
etməsi üçün hüquqi əsasların, həmçinin
əlverişli şəraitin mövcud olmasıdır. Ölkəmizdə söz, fikir və
özünüifadə azadlığı konstitusion əsasda
təsbit edilib və hər bir yazılı və elektron
KİV özünün hüquq və azadlıqlarından sərbəst
surətdə istifadə edə bilir. Məhz
bu amil Azərbaycan mətbuatının inkişafına
strateji töhfələr verməklə yanaşı,
sözügedən sahədə əsaslı keyfiyyət dəyişikliklərinin
meydana gəlməsini şərtləndirir. Ölkəmizdə KİV-in inkişafı
üçün müvafiq qanun və qərarların qəbul
olunması, strateji xarakterli addımların atılması
mövcud hüquqi əsasları gücləndirir, media təsisatının
funksionallığının artmasına səbəb olur.
Şübhəsiz ki, Azərbaycan mətbuatının
yüksək dövlət dəstəyi və
qayğısı ilə əhatə olunması, bu istiqamətdə
ardıcıl və məqsədyönlü islahatların həyata
keçirilməsi nəticəsində mühüm nailiyyətlərin
əldə edilməsi sistemli fəaliyyətin nəticəsidir. Bu məqamda
qeyd etmək yerinə düşər ki, müstəqillik
dövründə Azərbaycan mətbuatının
inkişafını təmin edən hüquqi baza və real zəmin
formalaşdırılıb. Ümumiyyətlə,
müstəqillik dövründə Azərbaycan mətbuatının
inkişafını təmin edən çoxsaylı
islahatların əsasının qoyulması, bu sahədə
davamlı inkişaf meyillərinin meydana çıxması məhz
Ümummilli lider Heydər Əliyevin adı ilə
bağlıdır. Ümummilli lider Heydər
Əliyevin əsasını qoyduğu siyasəti uğurla
davam etdirən Prezident İlham Əliyevin 2003-cü ildən bəri
ölkə başçısı kimi fəaliyyət göstərdiyi
dönəmdə də mətbuatın inkişafı
üçün çoxsaylı tədbirlər
görülüb, əhəmiyyətli nəticələr əldə
edilib. Bu kontekstdə həm hüquqi əsaslar,
həm də Azərbaycan mətbuatının maddi-texniki
bazası daha da gücləndirilib.
Beləliklə, qeyd etdiyimiz kimi, dövlətin yüksək
səviyyəli diqqət və qayğısı sayəsində
Azərbaycan mətbuatı özünün inkişaf
dövrünü yaşayır. Ölkə mediası
müasir çağırışlara adekvat cavab verməklə
səmərəli fəaliyyət mexanizmi
formalaşdırıb və öz üzərinə
düşən vəzifələri yerinə yetirir. Bu kontekstdə medianın məsuliyyəti və
peşəkarlığının artmasında da müsbət
dinamika müşahidə edilməkdədir. Prezident
İlham Əliyev iyulun 20-də jurnalistlər
üçün tikilmiş növbəti binada Milli Mətbuat
Günü münasibətilə mənzillərin
paylanması mərasimində çıxışı
zamanı Azərbaycan jurnalistikasında həqiqət
prinsipinin bərqərar olması və obyektivliyin təmin
olunmasından, eləcə də yalan məlumatların
sayının kəskin şəkildə azalmasından bəhs
edərək deyib: “Azərbaycan jurnalistikasına gəldikdə,
deyə bilərəm ki, yoxlanılmamış, yaxud da yalan, qərəzli
məlumatların sayı kəskin şəkildə
aşağı düşüb. Bunu cəmiyyət
də görür, jurnalistlər də. Əlbəttə,
bu, jurnalistlərin fəaliyyəti nəticəsində
mümkün olur. Bu, ilk növbədə,
jurnalistlərin məsuliyyətinin artması nəticəsində
baş verib. Eyni zamanda, hər bir mətbuat
orqanı yaxşı başa düşür ki, bir dəfə,
iki dəfə, üç dəfə yalan danışmaq
olar. Amma ondan sonra həmin mətbuat orqanına heç kim inanmayacaq və o, hörmətdən
düşəcək. Ona görə
jurnalistikada həqiqət prinsiplərinin bərqərar
olması prosesi, əlbəttə, diqqətəlayiqdir və
hesab edirəm ki, son illərdə Azərbaycanda bu istiqamətdə
müsbətə doğru irəliləyiş var”.
Şübhəsiz ki, həyata keçirilən islahat
xarakterli tədbirlərin qanunauyğun nəticəsidir ki,
ölkə mətbuatı sağlam jurnalistika kimi xarakterizə
olunur, media nümayəndələrinin məsuliyyətli
yanaşma və fəaliyyəti milli maraqların qorunması
baxımından müstəsna əhəmiyyət kəsb
edir. Bu sahədə peşə məsuliyyətinin
artması isə obyektivliyin təmin olunmasını şərtləndirib.
Prezident İlham Əliyev bu məqamlara toxunaraq deyib: “Son illərdə
mən görürəm ki, Azərbaycan jurnalistikası bu
istiqamətdə daha da məsuliyyətli, daha da təmkinli
olub. Artıq nadir hallarda hansısa məsuliyyətsiz
məlumata, insanları alçaldan, ləyaqətini
aşağılayan, təhqiredici yazılara rast gəlmək
olar. Bu baxımdan bizim jurnalistlərimiz bəzi
dırnaqarası siyasətçilərdən daha da öndədirlər.
Hesab edirəm ki, jurnalistikamızda bu istiqamətdə
müşahidə olunan islahatlar davam edəcək. Biz 1990-cı illərdə jurnalistikamızda
hansı meyillərin hökm sürdüyünü
yaxşı xatırlayırıq. Biz o
vaxt çox üzücü bir mənzərə ilə
üzləşmişdik. Yəni bəzi mətbuat
orqanlarında təhqir, böhtan və şər amilləri əsas
rol oynayırdı. Ancaq indi həm cəmiyyətimiz,
həm də jurnalistikamız inkişaf edib. Bu gün jurnalistlərin məsuliyyəti, hesab edirəm
ki, yüksək səviyyədədir, bu gün Azərbaycan
jurnalistikasının mütləq əksəriyyəti
sağlam jurnalistikadır”.
Bunlarla yanaşı, Azərbaycanın milli
maraqlarının qorunmasında ölkə mediasının
rolu və fəaliyyətinin əhəmiyyətinə də
toxunmaq lazımdır. İctimai institut kimi milli maraqların
qorunmasının keşiyində duran milli medianın fəaliyyətində
vətənpərvərlik hissi, yaxud amili xüsusi yer
tutmalıdır. Xarici təsirlərin
altına düşməmək, qeyri-obyektiv və qərəzli
məlumatların yayılmasına imkan verməmək kimi
hallar bu kontekstdə xüsusi qeyd edilməlidir. Prezident İlham Əliyev bu məqamlara toxunaraq deyib
ki, jurnalistikamız xarici təsirdən azad olmalıdır,
xarici təsir altına düşməməlidir.
Dövlətimizin başçısı onu da qeyd edib ki, bu
gün biz müstəqil, azad dövlət və xalq kimi
yaşayırıq, ləyaqətlə yaşayırıq: “Həmişə
belə olmalıdır. Həmişə ölkəmizin
taleyi Azərbaycan xalqının əlində olmalıdır.
Ona görə özümüzü xarici təsirdən
qorumaq üçün Azərbaycan dövləti çox
ciddi və uğurlu siyasət aparır. Deyə
bilərəm ki, bizə təzyiq etmək, bizi nəyəsə
sövq etmək, məcbur etmək cəhdləri kəskin
şəkildə aşağı düşüb. O
cümlədən ona görə ki, bu səylərin heç
bir nəticəsi yoxdur. Ona görə biz
informasiya məkanımızı da qorumalıyıq. Bunu etmək çətindir. Çünki
biz bu gün internet dövründə yaşayırıq.
Hansısa hər bir yalan, böhtan, təxribat
xarakterli məlumat dərhal özünə yer tapır.
Ancaq milli jurnalistikamız, Azərbaycan
jurnalistikası vətənpərvər olmalıdır, milli
maraqlar hər şeydən üstün olmalıdır”.
Bütövlükdə, milli informasiya məkanının
qorunmasında, xarici təsirlərin qarşısının
alınmasında, eləcə də informasiya təhlükəsizliyinin
təmin olunmasında hər bir jurnalist və media qurumu
xüsusi məsuliyyət daşıyır və öz
imkanlarını milli maraqların qorunması naminə səfərbər
etməlidirlər.
Onu da vurğulamaq lazımdır ki, Azərbaycan
reallıqları və Dağlıq Qarabağ münaqişəsi
ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə
uğurla çatdırılması həm dövlətimiz, həm
də ölkə mediası üçün strateji əhəmiyyət
kəsb edir. Azərbaycan mediası ölkə
reallıqlarının, eləcə də Dağlıq
Qarabağ münaqişəsinin həlli ilə bağlı həqiqətlərin
dünya ictimaiyyətinə çatdırılması istiqamətində
həm yüksək fəallıq, həm də peşəkarlıq
nümayiş etdirir. Milli mətbuatımız
bu məsələyə olduqca həssaslıqla və məsuliyyətlə
yanaşaraq öz üzərinə düşən vəzifələri
yerinə yetirir, bu istiqamətdə dövlət siyasətinə
maksimum dəstək verir.
Nurlan QƏLƏNDƏRLİ
Yeni Azərbayzan.-
2017.- 17 noyabr.- S.7.