Regionlarda yol-nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində işlər uğurla davam etdirilir

 

Ölkənin Qərb rayonlarında bu istiqamətdə icra olunan layihələr nəticəsində əhalinin gediş-gəlişi rahatlaşacaq, yük və sərnişin daşınmasında böyük artım olacaq

Ölkəmizdə müasir yol-nəqliyyat infrastrukturunun yaradılması əhalinin rahatlığının təmin olunması ilə yanaşı, regionların sosial-iqtisadi inkişafının gücləndirilməsi, həmçinin Azərbaycanın tranzit imkanlarından daha səmərəli istifadə olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Heç də təsadüfi deyil ki, son 13 il ərzində, demək olar ki, ölkənin əsas yol-nəqliyyat xətləri tamamilə yenilənib, kənd və qəsəbələr arası yolların yenidən qurulması istiqamətində də əsaslı iş həcmi yerinə yetirilib. Hazırda da Azərbaycanın regionlarında yol-nəqliyyat infrastrukturunun yenilənməsi, artıq uzun müddətdir istifadədə olan bir sıra yolların müasir geniş yollarla əvəzlənməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilməkdədir.

Ağstafa rayonu ərazisində 4 körpünün tikintisi başa çatıb

Qərb regionunda yerləşən rayonlarımızda da müasir yol-nəqliyyat infrastrukturunun yaradılması ilə bağlı Dövlət proqramlarında nəzərdə tutulan işlər uğurla yerinə yetirilməkdədir. Bu istiqamətdə Ağstafa rayonunda görülən tədbirlər xüsusi qeyd olunmalıdır. Rayon İcra Hakimiyyətindən aldığımız məlumata görə, Ağstafa şəhər küçələri yenidən qurulur. Şəhərin 1,1 km uzunluğunda olan Nizami küçəsi və C.Cabbarlı küçəsində yenidənqurma işləri başa çatdıqdan sonra Ağstafa şəhərinin Mehdi Mustafayev, Aşıq Ələsgər, Həzi Alsanov və Müseyib Allahverdiyev küçələrinin də əsaslı təmirinə start veriləcək. Rayonda Ağstafa-Köçəsgər avtomobil yolunun tikintisi isə “Azəravtoyol” ASC tərəfindən yekunlaşdırılıb. Avtomobil yolu artıq yeni və müasir görkəmdə istifadəyə verilib. ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, Ağstafa-Köçəsgər avtomobil yolunun layihə uzunluğu 15,5 kilometrdir. Buraya 3 kilometr uzunluğunda Qırlı-Eynallı avtomobil yolu da daxildir. Yol 3-cü texniki dərəcəyə uyğun olaraq 2 hərəkət zolağı enində yenidən qurulub. Belə ki, 7 metr hərəkət hissə və hər bir istiqamət üzrə 2,5 metr enində çiyinlər də daxil olmaqla yolun ümumi eni 12 metr təşkil edir.

Layihə çərçivəsində zəruri olan yerlərdə yolun yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılıb və yeni yol yatağı inşa olunub. Qum-çınqıl və optimal-qırmadaş qarışığından ibarət yol əsasının tikintisi işləri aparılıb. Daha sonra yolun asfaltlanması işləri görülüb. Ümumilikdə yolun 100 min kvadratmetrdən çox ərazisinə 2 qat olmaqla 12 santimetr qalınlığında asfalt-beton örtüyü döşənib. Aparılan tikinti işləri zamanı yolun altından suların ötürülməsi üçün 18 ədəd müxtəlif diametrli suötürücü borular qoyulub, 2 mövcud avtomobil körpüsündə isə təmir işləri aparılıb.

Görülən işlər tam olaraq yekunlaşdıqdan sonra yola 62 ədəd yol nişanı və məlumatverici lövhələr quraşdırılıb, 46.500 metr uzunluğunda yol-cizgi və yolgöstərici xətlər çəkilib.

2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin hesabına bu il reallaşdırılan 40 kənd və qəsəbələrarası avtomobil yolu layihələrindən biri olan Ağstafa-Köçəsgər avtomobil yolunun tikintisi ilə yaşayış məntəqəsinin 18 min əhalisinin gediş-gəlişi xeyli rahatlaşıb, yük və sərnişin daşıması isə asanlaşıb.

Qeyd edək ki, Ağstafa rayonu ərazisində həyata keçirilən 4 körpünün tikintisi də yekunlaşdırılıb. Vətəndaşların rahat və təhlükəsiz gediş-gəlişini təmin etmək məqsədilə Ağstafa-Poylu-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunda 3, Ağstafa-Poylu-Düzqışlaq-Qazax yerli avtomobil yolunun üzərində isə 1 körpü inşa olunub. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Azərbaycan Hökuməti ilə Asiya İnkişaf Bankı arasında bağlanmış sazişə əsasən tikilən yeni avtomobil körpüləri Ağstafaçay, Acıdərəçay və Kür çayları, həmçinin dəmir yolu üzərində yerləşir. Layihə çərçivəsində dəmir yolu, Acıdərəçay və Ağstafaçay üzərindəki körpülər sökülüb, Kür çayı üzərindəki körpü isə tarixi əhəmiyyəti nəzərə alınaraq saxlanılıb.

Ağstafa-Poylu-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 2-ci kilometrində inşa edilən və dəmir yolu üzərindən keçən körpünün uzunluğu 34 metr, yolun 17-ci kilometrində Kür çayı üzərindən inşa edilən körpünün uzunluğu 184 metr, 29,5-ci kilometrdə, Acıdərəçay üzərində tikilən körpünün uzunluğu isə 64 metrdir.

Ağstafa-Poylu-Düzqışlaq-Qazax yerli avtomobil yolunun girişində, Ağstafaçay üzərində inşa edilən körpünün uzunluğu isə 81 metr təşkil edir. Dəmir yolu üzərindəki körpü 1, digərləri isə 3 aşırımlıdır və hər birinin eni 14,5 metrdir.

Layihəyə uyğun olaraq, körpülərə yanaşma yolları 3-cü texniki dərəcəli və 2 hərəkət zolaqlı olmaqla uzunluqları 1250 metr, eni 12 metr, hər bir istiqamət üzrə çiyinlərin eni bərkidici zolaqla birlikdə 2,5 metr təşkil edir.

Layihə üzrə yanaşma yollarının xətlənməsi və müvafiq yol nişanı və göstəricilərinin quraşdırılması da daxil olmaqla, bütün tikinti-quraşdırma işləri texnoloji ardıcıllığa riayət olunmaqla aparılıb.

Qeyd olunub ki, bundan öncəki körpülər istismar müddəti bitdiyi üçün qəzalı vəziyyətdə idilər. Dəmir yolu və Acıdərəçay üzərində yerləşən körpülər ötən əsrin 60-cı illərində, Ağstafaçay üzərindəki körpü 70-ci illərdə, Kür çayı üzərində yerləşən körpü isə 1897-ci ildə inşa edilib.

Tovuzun 4 yaşayış məntəqəsini birləşdirən yeni yol çəkilir

Tovuz rayonunda da yeni yolların çəkilməsi və yol-nəqliyyat infrastrukturunun yenidən qurulması ilə bağlı nəzərdə tutulan işlər davam edir. “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən bildirilib ki, hazırda Tovuz-Ağdam-Yuxarı Öysüzlü-Əlibəyli-Hacalı avtomobil yolunun yenidənqurma işləri davam edir. Yolun ümumi uzunluğu 11 kilometr təşkil edir. Layihə üzrə yol 4 və 5-ci texniki dərəcələrə uyğun olaraq yenidən qurulur. Məlumata əsasən, Tovuz-Ağdam və Əlibəyli-Hacalı yollarının eni 10 metr təşkil edir. Bura 6 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 2 metr enində çiyinlər daxildir. Ağdam-Yuxarı Öysüzlü kəndlərini birləşdirən yolun hərəkət hissəsinin eni 4,5 metr və hər bir istiqamət üzrə 1,75 metr enində çiyinlər olmaqla ümumi eni 8 metrdir.

Əvvəllər torpaq və çınqıl örtüklü olan yollarla vətəndaşların xüsusən payız-qış mövsümündə gediş-gəlişi xeyli çətinləşirdi. Vətəndaşların üzləşdikləri bu problemi aradan qaldırmaq üçün “Azəravtoyol” ASC tərəfindən həyata keçirilən layihə çərçivəsində zəruri olan yerlərdə yolun yararsız qruntu qazılaraq çıxarılır, əvəzinə xüsusi material tökülərək kipləşdirmə işləri aparılır, yeni yol yatağı və yol əsası inşa olunur. Yolun hazır olan hissələrində isə artıq asfaltlanma işlərinə də başlanılıb. Həmçinin 11 kilometr uzunluğunda olan yolun 7 kilometrlik hissəsinə 1 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib. Ümumilikdə yolun 60 min kvadratmetrdən çox sahəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənəcək.

Layihə çərçivəsində “Azəravtoyol” ASC tərəfindən Ağdam-Yuxarı Öysüzlü kəndləri arasında Tovuz çayı üzərində yeni avtomobil körpüsü də inşa edilir. Körpünün ümumi uzunluğu 45 metr, eni isə 4,5 metr təşkil edəcək. Sözügedən ərazidə körpünün tikintisi ilə rayon mərkəzinə məsafə dəfələrlə qısalacaq. Bundan əlavə, körpünün yaxınlığında 50 metr uzunluğunda və 4 metr hündürlükdə istinad divarları da inşa edilir. Layihə çərçivəsində yolun altından suların ötürülməsi üçün 29 ədəd müxtəlif ölçülü dəmir-beton boruların tikintisi işləri də aparılır. Bütün işlər texnoloji ardıcıllığa riayət edilməklə və yüksək keyfiyyətlə görülür. İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib. Əsaslı təmir işləri tamamilə başa çatdıqdan sonra yola 46 ədəd məlumatverici lövhə və yol nişanları quraşdırılacaq.

Qeyd edək ki, Tovuz-Ağdam-Yuxarı Öysüzlü-Əlibəyli-Hacalı avtomobil yolunun yenidən qurulması ilə 4 yaşayış məntəqəsinin minlərlə əhalisinin gediş-gəlişi rahatlaşacaq, yük və sərnişin daşınması xeyli asanlaşacaq.

Daşkəsəndə yolların saxlanması və təmiri üzrə böyük iş həcmi yerinə yetirilib

Daşkəsən rayonunda da yol-nəqliyyat infrastrukturunun yenilənməsi ilə bağlı görülən işlər vətəndaşların rahatlığının təmin olunmasına, həmçinin region iqtisadiyyatının daha da inkişafına əsaslı töfhə verir. Rayon İcra Hakimiyyətindən aldığımız məlumata görə, 2017-ci ilin 9 ayı ərzində Daşkəsəndə 31 nömrəli “Yol İstismarı” MMC tərəfindən yolların saxlanması və təmiri üzrə 766,2 min manatlıq iş həcmi yerinə yetirilib. Bildirilib ki, Daşkəsən-Xoşbulaq-Astaf avtomobil yolunun Astaf kəndinə gedən hissəsində 2 ədəd hər birinin ümumi uzunluğu 28,4 m, eni 11 m, avtomobillərin hərəkət hissəsi isə 8 m olan körpülərin tikintisi başa çatdırılaraq 2015-ci ildə istifadəyə verilib. 3300 nəfər əhalinin yaşadığı, 9 yaşayış məntəqəsini birləşdirən 25 kilometr uzunluğunda Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yolunun tikintisi üzrə müvafiq sənədlər “Azəravtoyol” ASC-yə təqdim olunub və bu tədbirin həyata keçirilməsi “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na daxil edilib.

Son illər ərzində Azərbaycanın digər bölgələrində olduğu kimi, Şəmkir rayonunda da yollar əsaslı şəkildə təmir olunur. Şəhərdaxili yollarda aparılan təmir tikinti işləri ilə yanaşı, kənddaxili və kəndlərarası yollar da əsaslı şəkildə təmir edilir.

Hal-hazırda Şəmkir rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Şəmkir şəhər bələdiyyəsi şəhərin “Cillik” adlanan ərazisində 3 kilometr uzunluğunda yolun təmir işlərini davam etdirir və yolun ensiz olan hissələrini genişləndirir.

Aqşin ŞAHİNOĞLU

Yeni  Azərbaycan.- 2017.- 18 noyabr.- S.7.