Regionların təbii qazla təmin edilməsi prosesi
ardıcıl xarakter daşıyır
Respublikanın ərazisində qaz təchizatı
sisteminin yenidən qurulması, kənd və qəsəbələrin
qazlaşdırılması istiqamətində məqsədyönlü
tədbirlər görülür
Müasir Azərbaycanın mənzərəsini
səciyyələndirən əsas cəhətlərdən
biri də ölkənin regionlarının tarazlı
inkişafının təmin edilməsi ilə
bağlıdır. Vurğulamaq lazımdır
ki, 2004-cü ildən etibarən böyük uğurla
reallaşdırılan və hazırda
üçüncüsü icra edilən regionların
sosial-iqtisadi inkişafına dair Dövlət proqramları
respublikanın bütün bölgələrinin
potensialından daha səmərəli istifadə
olunmasında, ənənələrin dirçəlməsində,
yerlərdə məşğulluq probleminin aradan
qaldırılmasında, mədəni mühitin təmin
olunmasında mühüm rol oynayıb. Son illərdə
bölgələrdə ardıcıllıqla və yüksək
səviyyədə həyata keçirilən, həmçinin
bütün sahələri əhatə edən infrastruktur
layihələri sayəsində Azərbaycan ən müasir
dünya standartları səviyyəsində qurulan infrastruktur
təminatına malik ölkəyə çevrilib. Məhz bu kontekstdə son 14 ildə regionların
sosial-iqtisadi inkişafına dair Dövlət proqramları
çərçivəsində həyata keçirilən tədbirlər
sırasında bölgələrin
qazlaşdırılması ilə bağlı layihələrin
əhəmiyyətini xüsusilə vurğulamaq
lazımdır. Yeri gəlmişkən, “Azəriqaz”
çoxmərtəbəli binalara təbii qazın verilməsi
istiqamətində fəaliyyətini davam etdirir. Görülmüş işlərin nəticəsidir
ki, bu ilin yanvar-oktyabr ayları ərzində birliyin operativ fəaliyyətinin
nəticəsi olaraq, hüquqi və fiziki şəxslərin
müraciətləri araşdırılıb və
müvafiq sənədləri təqdim etmiş 355 çoxmərtəbəli
binanın qazının açılması təmin
olunub. Bu isə ümumilikdə 16 min 893 mənzili
əhatə edir. Ümumiyyətlə, “Azəriqaz” qazın
satışı ilə məşğul olan bir qurum olaraq zəruri
sənədləri təqdim etmiş, bütün
normativ-texniki və təhlükəsizlik tələblərinə
cavab verən istənilən çoxmərtəbəli binaya ən
qısa müddətdə qaz açılmasının
təmin olunmasında hər zaman maraqlıdır.
Qeyd etmək lazımdır ki, regionların
qazlaşdırılması prosesi də uğurla davam etməkdədir.
Məsələn, “Azəriqaz” İstehsalat
Birliyi tərəfindən respublika ərazisində qaz təchizatı
sisteminin yenidən qurulması, kənd və qəsəbələrin
qazlaşdırılması istiqamətində görülən
məqsədyönlü tədbirlərin davamı olaraq
noyabrın 8-də Dövlət Bayrağı günü ərəfəsində
Ağcabədi rayonunun Qaravəlli kəndinə
ilk dəfə təbii qaz verilib. 732 abonenti olan kəndin
qazlaşdırılması üçün birpilləli
sistem əsasında ümumi uzunluğu 4 min 22 metr müxtəlif
diametrli polietilen və ümumi uzunluğu 33 min 737 metr müxtəlif
diametrli metal borularla daşıyıcı və məhəllədaxili
qaz xətləri çəkilib, hər bir mənzilə
sayğac və fərdi tənzimləyici
quraşdırılıb.
“Azəriqaz” İstehsalat Birliyi tərəfindən
Xaçmaz rayonunun üç kəndində də sakinlərin
“mavi yanacaq”la təchizatının
yaxşılaşdırılması üçün yeni qaz
xəttinin çəkilişinə başlanılıb. Tikinti
işləri yekunlaşdıqdan sonra Dədəli,
Palıdlı və Qusarçay kəndlərində
yaşayan 3 minə yaxın abonentin yüksəktəzyiqli təbii
qazla təchizatı təmin olunacaq. Yaşayış məntəqələrində
qazın təzyiqi aşağı olduğundan yeni mənbədən
3 min 100 metr məsafədən polietilen borularla yeraltı xətt
çəkilir. Qaz xəttinin çəkilişinin
noyabrın 20-dək yekunlaşdırılması gözlənilir.
Goranboy rayonunun Sarov kəndinə
də ilk dəfə təbii qaz verilib. 193 abonenti olan kəndin
qazlaşdırılması üçün birpilləli
sistem əsasında ümumi uzunluğu 4 min 17 metr müxtəlif
diametrli polietilen və ümumi uzunluğu 15 min 572 metr müxtəlif
diametrli metal borularla daşıyıcı və məhəllədaxili
qaz xətləri çəkilib, mənzillərə
sayğac və fərdi tənzimləyici
quraşdırılıb. Hazırda rayonun Yəhərçi
Qazaxlar, Yolpaq və Goranlı kəndlərində tikinti
quraşdırma işləri davam etdirilir. Yaxın vaxtda
tikintisi başa çatmış yaşayış məntəqələrinə
ardıcıllıqla təbii qazın verilişi təmin
olunacaq.
Bununla yanaşı,
Masallının Xanalion kəndinə də 34 ildən sonra təbii
qaz verilib. 1982-ci ildə kəndə verilən təbii qaz bir
il sonra dayandırılmışdı. Xanalion kəndinin
qazlaşdırılması məqsədilə müxtəlif
diametrli borularla 20 min paqonmetr qaz xətti çəkilib, 289
evdə fərdi qaz sayğacı
quraşdırılıb.
Regionların sosial-iqtisadi inkişafına dair
üçüncü Dövlət Proqramında müəyyən
edilmiş tədbirlərə müvafiq olaraq Lerik rayonunun
Murya və Əvilə kəndlərinə də təbii qaz
verilib. Bu münasibətlə keçirilən mərasimdə
kənd sakinləri əhalinin sosial vəziyyətinin və məişət
şəraitinin yaxşılaşdırılmasına
göstərilən diqqət və qayğıya görə
Prezident İlham Əliyevə minnətdarlıqlarını
bildiriblər.
Qaz təchizatından söz
düşmüşkən vurğulamaq yerinə düşər
ki, bu ilin ötən 9 ayı ərzində qazlaşdırma
ilə bağlı tədbirlər uğurla davam etdirilib. Belə
ki, 2017-ci ilin 9 ayı ərzində Daşkəsən rayonunun
Qazax Yolçular kəndində 109, Qaraqollar kəndində 100
abonent təbii qazla təmin olunub. Xoşbulaq kəndinə isə
təbii qaz xəttinin çəkilişi davam edir.
Cəlilabad rayonunun Gülməmmədli kəndində
isə 373 abonentə təbii qaz verilib. Eləcə də
Oğuz rayonunun Xaçmaz-Qışlaq kəndinə qaz xətti
çəkilərək, 142 abonent “mavi yanacaq”la təmin
olunub. Cari ilin doqquz ayında Şamaxı rayonunda ən ucqar
yaşayış məntəqələrindən olan Dəmirçi
kəndi də qazlaşdırılıb.
Hacıqabul rayonunun bütün yaşayış
məntəqələrinin təbii qazla təminatı da tam həyata
keçirilib. Belə ki, bu ilin 9 ayı ərzində
Hacıqabul Qaz Xidməti sahəsi tərəfindən
istehlakçılara dəyəri 3407085,76 manat olan 23467184
kubmetr qaz satılıb. 117 ədəd fərdi
yaşayış evlərində yeni qazlaşdırma işi
görülüb, 483 ədəd smart kart tipli sayğaclar
nasaz işlədiyi üçün yenisi ilə əvəz
olunub.
Kürdəmir rayonunda da
müvafiq Dövlət Proqramına uyğun olaraq “Azəriqaz”
İstehsalat Birliyinin Kürdəmir Xidmət Sahəsi tərəfindən
2017-ci ilin 9 ayında qaz təchizatı sahəsində bir
sıra işlər yerinə yetirilib, əhalinin və rayon
iqtisadiyyatının təbii qaz yanacağı ilə təminatının
yaxşılaşdırılması istiqamətində nəzərdə
tutulan əsas tədbirlər həyata keçirilib. Hesabat dövründə istifadə edilmiş təbii
qazın dəyəri rayon üzrə 97,2 faiz ödənilib.
2017-ci ilin 9 ayında xidmət sahəsi qaz təchizatı mənbələrindən
24,2 milyon m3 təbii qaz alıb, xidmət sahəsinin müxtəlif
yerlərində olan qaz sızmaları 3110 dəfə
vaxtında aradan qaldırılaraq qaz itkilərinin
qarşısı alınıb. Eləcə də
müxtəlif diametrli 850 p/m qaz xətti təmir olunub, 8 ədəd
qaztənzimləyici şkaf quraşdırılıb, xidmət
sahəsində olan 112 ədəd qaz tənzimləyicilərinə
və 820 ədəd siyirtmələrə hər ay texniki xidmət
göstərilib. Rayonun Xırdapay, Atakişili kəndində
və şəhərin H.Hüseynov və Azərbaycan
küçələrində ümumilikdə 875 p/m qaz xətti
çəkilib. Rayonda 2017-ci ilin ötən 9 ayında yeni
qeydiyyata alınan 308 abonentə sayğaclar
quraşdırılıb. Rayonun 56 yaşayış məntəqəsi
tam qazlaşdırılıb, Muradxan və Mollakənd kəndlərində
işlərin 80 faizə qədəri görülüb. Bu
işlərin yaxın vaxtlarda başa
çatdırılacağı gözlənilir.
Eləcə də Qazax rayonunda abonentlərin təbii
qazla təminatı istiqamətində mühüm addımlar
atılır. Bilindiyi kimi, Qazax rayonunun
bütün yaşayış məntəqələri təbii
qazla təmin olunub. Şəmkir RQİİ-nin Qazax Xidmət
Sahəsi tərəfindən bu ilin 9 ayında 106 nəfər
yeni abonent təbii qazla təmin olunub. 587 ədəd məişət
qaz sayğacları yeniləri ilə, 126 ədəd
mexaniki qaz sayğacı Smart tipli sayğaclarla əvəz
olunub. Rayon ərazisində 1527 p/m qaz xətləri
korroziyaya uğradığına görə yenisi ilə əvəz
edilib, müxtəlif diametrli 2595 p/m qaz xətti torpaq
altından çıxarılaraq dayaq üzərinə
qaldırılıb, 6360 p/m qaz xətləri rənglənib.
Rayon ərazisində 13 ədəd müasir tipli qaztənzimləyici
şkaflar (ŞQTM) quraşdırılıb. Əhali abonentlərə
satılmış qazın dəyəri 2451858 manat,
yığım isə 2759724 manat olmaqla 112,6 faiz yerinə
yetirilib.
Saatlı rayonunda da abonentlərin təbii qaz təminatının
yaxşılaşdırılması məqsədi ilə
mühüm işlər aparılır. Verilən
məlumata görə, Saatlı şəhərinin Şəhriyar,
H.B.Zərdabi, M.Əzizov, Q.Qarayev, M.Əliyev, Nəsimi
küçələrində qaz boru xətləri yenilənib,
68 ədəd qaztənzimləyici şkaflarda, 771 ədəd
siyirtmələrdə profilaktik tədbirlər
görülüb və 4223 nöqtədə qaz sızması
ləğv edilib.
Samux rayonunda da əhalinin təbii qazla təminatının
yaxşılaşdırılması istiqamətində
işlər görülməkdədir. Qeyd edək ki,
hazırda rayonun 30 yaşayış məntəqəsində
mavi yanacaqdan istifadə olunur. Bu isə rayon üzrə 85,7
faiz yaşayış məntəqəsinin təbii qazla təmin
olunması deməkdir. Bu ilin 9 ayı ərzində rayonun
Qarayeri qəsəbəsində diametri 57 mm-lik 570 p/m və
diametri 76 mm-lik 590 p/m uzunluğunda qaz xətti çəkilərək
rənglənib. Sərkar, Çobanabdallı və
Əlibayramlı kəndlərində bir ədəd qaztənzimləyici
məntəqə quraşdırılıb.
Çobanabdallı, Qarabağlar və Əhmədbəyli kəndlərində
yol kənarında olan qaz xətləri əsaslı təmir
edilib. Qeyd olunan hesabat dövründə 195 yeni abonent təbii
qazla təmin edilib, 531 qaz sayğacı yenisi ilə əvəz
olunub.
İmişli rayonunda da bu ilin 9 ayında qaz təchizatı
ilə bağlı problemlərin həlli istiqamətində əsaslı
tədbirlər görülüb. Regional Qaz İstismarı
İdarəsinin İmişli Xidmət sahəsi tərəfindən
rayonda 2017-ci ilin 9 ayında 6072 yeni fərdi ev, 12 qeyri-əhali
sektorunu təmsil edən obyekt qazlaşdırılaraq istismara
təhvil verilib. Beləliklə, bu ilin oktyabr ayına qədər
İmişli rayonunda təbii qaz
istehlakçılarının əhali sektoru üzrə
ümumi sayı 24467 nəfər təşkil edir. Qeyri-əhali
sektoru üzrə isə abonent sayı 103 olub. Rayonun 36
yaşayış məntəqəsinin tam
qazlaşdırılması təmin edilib, Çahar, Gövhərli,
Xubyarlı, Məzrəli, Çaxırlı, Mirili, Qaravəlili
kəndlərində isə qaz çəkilişi işləri
başa çatdırılaraq əhalinin istifadəsinə
verilib. Bundan əlavə, şəhərin bir neçə
küçəsində fərdi qaztəmizləyici, siyirtmə
və ŞQTM quraşdırılıb, qaz xətlərində
təmir işləri aparılıb.
Pərviz SADAYOĞLU
Yeni azərbaycan.-
2017.- 21 noyabr.- S.15.