Regionlarda quruculuq və təmir-bərpa işləri davam etdirilir

 

Genişmiqyaslı tikinti-quruculuq işlərinin aparılması, abadlıq tədbirlərinin həyata keçirilməsi bölgələrin simasını əsaslı dərəcədə dəyişdirib

Azərbaycanda həyata keçirilən ardıcıl və çoxşaxəli islahatlar milli iqtisadi inkişafı və müxtəlif sahələrdə qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsini təmin edib. Xüsusilə də, ölkə iqtisadiyyatının şaxələndirilməsi nəticəsində qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm irəliləyiş qeydə alınıb. Bu, özünü cari ilin 9 ayında da göstərib. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bu məsələlərə toxunaraq qeyd edib ki, bu doqquz ayda ölkəmiz uğurla və hərtərəfli inkişaf etmişdir: “Bütün sahələrdə dinamik inkişaf təmin olunmuşdur. Doqquz ayda iqtisadi göstəricilərimiz də çox müsbətdir. Qeyri-neft iqtisadiyyatımız 2,5 faiz artıb. Hesab edirəm ki, bu, çox gözəl göstəricidir. Bu, son illərdə apardığımız siyasətin nəticəsidir. Çünki qeyri-neft sektorunun inkişafı bizim əsas prioritetimizdir və 2,5 faiz artan qeyri-neft iqtisadiyyatımız həm uğurlu islahatlarımızın göstəricisidir, həm də onu göstərir ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi məsələləri öz həllini uğurla tapıbdır”.

Onu da qeyd etmək lazımdır ki, ölkəmizdə 9 aydan sonrakı dövr ərzində də müxtəlif sahələri əhatə edən layihələrin, proqramların həyata keçirilməsi davam etdirilib. Bu kontekstdə regionlarda quruculuq və təmir-bərpa işlərinin ardıcıl şəkildə davam etdirilməsini xüsusi vurğulamaq gərəkdir. Yeri gəlmişkən, verilən məlumata görə Zaqatala şəhərinin Natiq Məmmədov, Çingiz Mustafayev və Vasif Qurbanov küçələrində yerləşən çoxmənzilli yaşayış binalarında əsaslı təmir işlərinə başlanılıb. Binaların təmiri Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 avqust tarixli Sərəncamına əsasən Zaqatala şəhərində çoxmənzilli binaların əsaslı təmiri və abadlıq-quruculuq işlərinin davam etdirilməsi məqsədi ilə ayrılan vəsait hesabına həyata keçirilir. Qeyd edək ki, Prezidentin Sərəncamına əsasən, Zaqatala şəhərində 20 çoxmənzilli binada əsaslı təmir aparılması nəzərdə tutulur.

Tərtərdə isə Tarix-Diyarşünaslıq Muzeyi üçün yeni binanın inşası başa çatıb. Bina şəhərin Heydər Əliyev prospektində inşa edilib. Ümumi sahəsi 1200 kvadratmetr olan binada hazırda daxili dizayn və tərtibat işləri görülür, inventar və avadanlıqlar quraşdırılır. Müasir memarlıq üslubunda inşa olunan muzey binasının bu ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur. Qeyd edək ki, Tərtər Tarix-Diyarşünaslıq Muzeyi 1982-ci ildə yaradılıb. İndiyədək məscid, anbar, musiqi məktəbinin binalarında, son illərdə isə mədəniyyət evində fəaliyyət göstərən muzeyin iki minədək eksponatı var.

Regionlarda aparılan tikinti və təmir-bərpa işləri çərçivəsində Qazaxın Xanlıqlar kəndində uşaq bağçası da əsaslı təmirdən sonra istifadəyə verilib. Mərasimdə rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək diqqətə çatdırıb ki, uşaqların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı respublikamızda müxtəlif tədbirlər həyata keçirilir. Bu siyasətin əsasını Ulu öndər Heydər Əliyev qoyub və bu gün də dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Öz növbəsində, Naxçıvan şəhərində də hər il genişmiqyaslı tikinti-quruculuq işlərinin aparılması, abadlıq tədbirlərinin həyata keçirilməsi muxtar respublika paytaxtının simasını əsaslı dərəcədə dəyişdirib, şəhər Avropa və Şərq memarlığı ənənələrinin yaşadıldığı bir paytaxta çevrilib. Muxtar respublikada dini-mənəvi dəyərlərin qorunub-yaşadılması və təbliği istiqamətində ardıcıl tədbirlər görülür, dini-mədəni abidələr bərpa olunur, yeni məscidlər tikilir, dindarların ibadəti üçün hərtərəfli şərait yaradılır. Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı seçilməsi bu tədbirlərin əhatə dairəsini xeyli genişləndirib. Naxçıvan şəhərində yeni məscid binasının inşa olunmasını bu tədbirlərin davamı kimi qiymətləndirmək olar. Obyektin inşası “Gəmiqaya İnşaat” MMC-nin kollektivinə həvalə edilib. Hazırda məscid binasında qəlib-beton işləri aparılır, hörgü işləri görülür, minarələr ucaldılır, günbəzlər qurulur. Məscid binası ibadət zalından, 40 metrlik iki minarədən, qızlar və oğlanlar üçün iki mədrəsədən və kitabxanadan ibarət olacaq. İrili-xırdalı 15 günbəzli məsciddə eyni vaxtda 2 min nəfər ibadət edə biləcək. Ərazidə Naxçıvan Muxtar Respublikası Qazisi yanında Şura üçün ikimərtəbəli inzibati və mərasim binaları da inşa olunur. İnzibati binada iş otaqları, tədbirlər zalı, kəbin otağı, kitabxana və bufet istifadəyə veriləcək. Mərasim binasında isə hər biri 224 yerlik olmaqla, iki zal fəaliyyət göstərəcək.

Naxçıvan şəhəri ərazisindəki “İmamzadə” türbəsi özündə qədim və zəngin sənətkarlıq xüsusiyyətlərinə malik türk və müsəlman memarlığı ənənələrinin qarşılıqlı vəhdətini ehtiva edir. Artıq bir neçə aydır ki, “İmamzadə” Kompleksinə daxil olan “İmamzadə” türbəsində təmir-bərpa işləri aparılır. İlkin mərhələdə türbənin fasad və daxili hissəsində divarlar köhnə üzlük boya və materiallardan təmizlənib, tarixi tikilinin aşağı hissəsinin rütubətdən qorunması üçün betonlama işləri həyata keçirilib. Bundan başqa, türbənin arxa hissəsindəki torpaq qatı götürülüb, istinad divarları yaradılıb, yağış sularının zərər verməməsi üçün sistemlər quraşdırılıb. Ərazidə bərkitmə başa çatdırılıb, abadlıq işlərinə başlanılıb. Burada müasir işıqlandırma sistemləri qurulub. Hazırda türbənin günbəz hissəsində və daxildə bərpa işləri davam etdirilir. Təmir-bərpa işləri başa çatdırıldıqdan sonra “İmamzadə” Kompleksinin ərazisi şəhərimizin İslam mədəniyyətinə aid ən görməli yerlərindən birinə çevriləcək.

Hazırda şəhərin Cəlil Məmmədquluzadə küçəsində “Dizayn” MMC-nin inşaatçıları tərəfindən Şərq memarlıq ənənələri əsasında yeni hotel və ticarət mərkəzi də inşa edilir. Bina zirzəmi ilə birlikdə üç mərtəbədən ibarət olacaq. Binanın üçüncü mərtəbəsi mansard formasında inşa olunub. Birinci mərtəbədə hədiyyəlik əşya mağazaları, ikinci mərtəbədə isə mehmanxana fəaliyyət göstərəcək. Tikilinin şəhərə baxan istiqamətində gözəl arxitekturaya malik saat qülləsi yaradılıb. Saat qülləsi altı mərtəbədən ibarətdir. Burada hər mərtəbədə kafe fəaliyyət göstərəcək. Mərkəzin ərazisində müxtəlif mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün səhnə quraşdırılacaq, həmçinin burada kino zalı fəaliyyət göstərəcək. Ərazidə yaşıllıqlar salınacaq, müasir işıqlandırma sistemləri quraşdırılacaq. Hazırda inşaatçılar tikilini yerli üzlük materiallarla üzləyirlər.

Bu məqamda onu da qeyd etmək lazımdır ki, regionlarda quruculuq və təmir-bərpa işləri ilə məsələləri daim daim diqqətdə saxlayan Prezident İlham Əliyev bununla bağlı bir sıra yeni sərəncamlar imzalayıb. Məsələn dövlətimizin başçısı noyabrın 13-də imzaladığı “Gəncə şəhərində çoxmənzilli binaların əsaslı təmiri və abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamda ölkəmizin sosial-iqtisadi, siyasi və mədəni həyatında hər zaman əhəmiyyətli rol oynamış, zəngin keçmişi olan Gəncə şəhərinin öz qədimliyini və tarixiliyini qorumaqla, Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının uğurlu icrası nəticəsində bu gün də sürətlə inkişaf etdiyi vurğulanır. Qeyd olunur ki, şəhərin özünəməxsus zəngin tarixi-mədəni və milli memarlıq ənənələri qorunub saxlanılmaqla şəhərsalma, istirahət-turizm infrastrukturunun yeniləşdirilməsi sahələrində mühüm işlər görülüb, o cümlədən Gəncə Dövlət Filarmoniyasının ən müasir tələblərə cavab verən yeni binası tikilib, orta əsrlər Azərbaycan memarlığının qiymətli abidələrindən sayılan “İmamzadə” kompleksi bərpa olunub, Nizami Gəncəvi, Mirzə Şəfi Vazeh və Müasir İncəsənət muzeyləri, Gəncə Qala qapıları-Arxeologiya və Etnoqrafiya Muzeyi-Abidə Kompleksi, Heydər Əliyev Park Kompleksi yaradılıb, yüksək standartlara uyğun mehmanxanalar inşa edilib, Gəncə çayı sahilində bulvar salınıb.

Bununla yanaşı, şəhərdə bir sıra sosialyönümlü infrastruktur layihələri də həyata keçirilib, o cümlədən beynəlxalq hava limanı, 1 nömrəli şəhər xəstəxanası yenidən qurulub, Müalicə-Diaqnostika Mərkəzi, Bayraq Kompleksi, “ASAN xidmət” Mərkəzi, Gənclər və Uşaq Yaradıcılıq mərkəzləri, əlil və şəhid ailələri üçün ümumilikdə 299 mənzilli 5 yaşayış binası, təhsil ocaqları və digər obyektlər inşa edilib, çoxsaylı yaşayış binaları əsaslı təmir olunub, yeni elektrik yarımstansiyaları istifadəyə verilib, iri sənaye müəssisələri açılıb, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılıb, genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb.

Sərəncama əsasən, Gəncə şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və fasad hissələrinin əsaslı təmiri, həmçinin abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Gəncə şəhər İcra Hakimiyyətinə 7 milyon manat, o cümlədən 72 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsi və fasad hissəsinin əsaslı təmiri üçün 5 milyon manat, abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 2 milyon manat ayrılıb. Prezident İlham Əliyev noyabrın 13-də həmçinin “Gəncə şəhərində İdman Sarayının tikintisi haqqında” və “Gəncə Dövlət Dram Teatrının tikintisinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında” da sərəncamlar imzalayıb.

Bütün bu sadalananlar isə ölkəmizdə quruculuq və təmir-bərpa işlərinin davamlı xarakter aldığını bir daha təsdiqləyir.

Nurlan QƏLƏNDƏRLİ

Yeni  Azərbaycan.- 2017.- 23 noyabr.- S.7.