Ölkəmizdə aqrar sahənin inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir

 

Regionlarda meyvə-tərəvəz yığımı uğurla başa çatdırılıb, bəzi rayonlarda yeni meyvə bağlar salınır

Ölkəmizdə qeyri-neft sektorunun inkişafı son bir neçə ildə mühüm inkişaf tempi əldə edib. Xüsusilə, kənd təsərrüfatına göstərilən diqqət və qayğı aqrar sahənin daha yüksək təşəkkülünə yol açıb. 2004-cü ildən bu yana həyata keçirilən və regionların inkişafını özündə ehtiva edən Dövlət proqramları bölgələrin simasının dəyişməsində əhəmiyyətli rol oynayıb. Vurğulandığı kimi, adıçəkilən Dövlət proqramlarının uğurlu icrası ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalının artması ilə yanaşı, vətəndaşların sosial rifahının yüksəlməsinə də yol açıb. Bu gün ixrac məhsulları arasında kənd təsərrüfatı məhsulları mühüm yer tutub.

Yeri gəlmişkən, 2017-ci ilin yanvar-oktyabr ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun dəyəri faktiki qiymətlərlə 5780,0 milyon manat təşkil edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, onun 2929,1 milyon manatı heyvandarlıq, 2850,9 milyon manatı isə bitkiçilik məhsullarının payına düşüb. Ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 4,0 faiz, o cümlədən heyvandarlıq məhsullarının istehsalı 2,8 faiz, bitkiçilik məhsullarının istehsalı isə 5,3 faiz artıb.

Ağsu rayonunun 11 ərazi icra nümayəndəliyində tut tinglərinin əkininə başlanılıb. Tinglər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xətti ilə gətirilib və 11 nümayəndəlik arasında bölünüb. Baramaçılığın ənənəvi sahə olduğu ərazilərdə, o cümlədən Qaraqoyunlu, Rəhimli, Bozavand, Ərəbuşağı və bir sıra digər ərazi vahidlərində ting əkininə mütəşəkkil hazırlıqla başlanılıb. Rayona daha 35 min ədəd tingin gətiriləcəyi nəzərdə tutulub. Qeyd edək ki, ötən il Ağsuda Çindən gətirilən 30 min ədəd tut tingi əkilib.

Oğuz rayonunun təsərrüfatlarında isə qarğıdalı yığımı başa çatıb. Rayon fermerləri cari mövsümdə 346 hektar qarğıdalı sahəsindən 1628 ton məhsul əldə ediblər. Hər hektardan orta məhsuldarlıq 47 sentner olub. Rayonda qarğıdalı istehsalı ilə məşğul olan iri fermer təsərrüfatlarının sayı ildən-ilə artır. Bucaq kəndində fəaliyyət göstərən fermer təsərrüfatının rəhbəri Rəftar Əhmədli uzun illərdir qarğıdalıçılıqla məşğuldur. O, bu il 90 hektar sahədə qarğıdalı yetişdirib. Fermer bildirib ki, bu il qarğıdalı sahəsinin hər hektarından 80 ton məhsul toplanması gözlənilsə də, yay aylarında havaların uzun müddət quraq keçməsi məhsuldarlığa da öz təsirini göstərib. Onun sözlərinə görə, hər hektardan orta məhsuldarlıq 60 sentner təşkil edib. Toplanan məhsulun bir hissəsi rayonda fəaliyyət göstərən qlükoza zavoduna, qalan hissəsi isə “Azəryem Sənaye” MMC-nin Balakəndəki emal müəssisəsinə göndərilib.

Azərbaycan Prezidentinin kənd təsərrüfatının ixrac potensialı yüksək sahələrindən olan fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıqlarının icrası məqsədi ilə Balakən rayonunda yeni fındıq bağlarının salınması istiqamətində işlər davam etdirilir. Payız mövsümünün gəlişi ilə əlaqədar rayon ərazisində bələdiyyə və xüsusi mülkiyyətə aid torpaq sahələrində fındıq pöhrələrinin və tinglərin əkininə başlanılıb. Qısa müddətdə 350 hektara yaxın sahədə yeni fındıq bağları salınıb. Ting əkini dekabrın ortalarınadək davam edəcək. Hazırda rayonun fındıq bağlarının ümumi sahəsi 8 min hektara yaxındır. Bu bağların 2 min 264 hektarı son iki ildə, o cümlədən 662 hektarı cari ilin yaz aylarında salınıb.

Masallı rayonunda ənənəvi əkin sahələrinin və təsərrüfatların inkişafı istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. Rayonda baramaçılığı inkişaf etdirmək məqsədilə Kalinovka kəndində 9 hektar tut bağı var. Bu günlərdə isə əlavə 1 hektar sahədə yeni tut bağı salınır. Əkin kampaniyasında kənd sakinləri ilə yanaşı, rayon rəhbərliyi də iştirak edib. İlk gün sahələrə 600 ədəd tut tingi köçürülüb. Əkilən ağacların suvarılması məqsədilə Viləş çayından sahələrə su xətti çəkiləcək.

İmişlidə isə şəkər çuğundurunun yığımı davam edir. Bu il rayonda 485 hektar sahədə çuğundur becərilib. Fermerlərin “Kayota”, “Zeper”, “Radofe” kimi yüksək məhsuldar sortların əkininə üstünlük verməsi nəticəsində plantasiyalarda bol məhsul yetişib. Torpaq mülkiyyətçiləri havaların təsərrüfat işləri üçün əlverişli keçməsindən yararlanaraq yığımı tez bir zamanda yekunlaşdırmağa çalışırlar. İndiyədək plantasiyalardan 5 min 913 ton məhsul yığılıb. Fermerlərin sözlərinə görə, yığılmış sahələrin hər hektarının məhsuldarlığı orta hesabla 120 sentnerə çatır ki, bu da ötən ildəkindən 20 sentner çoxdur. Toplanmış məhsulun 3 min tondan çoxu texnikanın köməyi ilə yığılıb. Qeyd edək ki, ötən il imişlili əkinçilər çuğundur sahələrindən 6 min 388 ton məhsul götürüblər.

Ölkəmizdə aqrar sahəyə göstərilən dövlət dəstəyi bütün regionlarda olduğu kimi, Göyçay rayonunda da ənənəvi əkin sahələrinin dirçəlməsi və inkişafı üçün geniş imkanlar yaradıb. Son illər rayonda kənd təsərrüfatının gəlirli sahələrindən olan sarımsaq əkininə maraq artıb. Göyçaylı fermerlər və kəndlilər tərəfindən sentyabr ayında başlanılan sarımsaq əkini bu günlərdə başa çatıb. Verilən məlumata görə, bu il rayonun 35 kəndində ümumilikdə 56 hektar sahədə sarımsaq əkilib. Bu da əvvəlki ildəkindən 20 hektar çoxdur. Sarımsaq əkini rayonun əsasən İnçə, Alxasafa, Dövranlı, Hacalıkənd, Məlikənd, Şıxbəy, Şıxəmir kəndlərində kütləvi şəkildə həyata keçirilib. Bu kəndlərdə, demək olar ki, bütün təsərrüfat sahibləri öz həyətyanı ərazisində və pay torpağında sarımsaq əkini aparıblar. Şaxtaya davamlılığı ilə seçilən sarımsaq yüksək məhsuldarlığı ilə fərqlənir. Rayonda sarımsağın əsasən Şirvan sortu becərilir. Gəlirli sahə hesab edilən və bir çox xəstəliklərin dərmanı olan sarımsağın becərilməsi prosesi gələn ilin mayınadək davam edəcək.

Mütəxəssislərin sözlərinə görə, sarımsağı yaxşı becərəndə və vaxtında suvaranda hər hektardan 15-20 ton məhsul götürmək mümkündür. Bir kiloqram sarımsaq müştərilərə 3-5 manata satılır. İş adamları kəndlilərdən aldıqları sarımsağı əsasən Rusiya bazarlarına aparırlar.

Prezident İlham Əliyevin respublikada kənd təsərrüfatının və sahibkarlığın inkişafı, yerli istehsalın artırılması, idxaldan asılılığın azaldılması, əhalinin məşğulluğunun yüksəldilməsi, torpaq sahələrindən səmərəli istifadə olunması barədə tapşırıqları Füzuli rayonunda uğurla yerinə yetirilir. Cəbhə bölgəsində, düşmənlə bir neçə addımlıqda yaşayan, işləyən və mübarizə aparan füzulililər öz təsərrüfatlarını genişləndirir, taxılçılıq, pambıqçılıq, baramaçılıq, heyvandarlıq və kənd təsərrüfatının digər sahələri ilə məşğul olmaqla, həm özlərinin sosial rifahlarını yaxşılaşdırır, həm də ölkəmizdə ərzaq bolluğunun yaradılmasına töhfələrini verirlər. Qeyd edək ki, 2017-ci ilin 9 ayında Füzulidə kənd təsərrüfatı məhsulları istehsalında yüksək nəticələr qazanılıb. Rayonda əkilmiş 36 min 82 hektar taxıl sahəsindən 103 min 76 ton məhsul, o cümlədən 73 min 53 ton buğda, 30 min 23 ton arpa əldə edilib. Rayon ərazisində 2700 hektarda müxtəlif növ kənd təsərrüfatı məhsulları istehsal edəcək aqropark da yaradılır. Aqroparkın ərazisində birinci mərhələdə 1000 hektar sahədə soya, qarğıdalı, taxıl, pambıq və digər bitkilər becəriləcək, həmçinin 1000 baş intensiv südlük istiqamətli heyvandarlıq kompleksi yaradılacaq. Layihənin birinci hissəsinin bu il, bütövlükdə isə 2018-ci ildə başa çatdırılması nəzərdə tutulub.

Cari ildə rayonda kənd təsərrüfatının digər sahələrində əldə olunan göstəricilər də ürəkaçandır. Belə ki, 3725 ton tərəvəz, 15 ton çəltik, 1769 ton kartof, 2927 ton bostan məhsulları, 1651 ton üzüm, 2791 ton meyvə istehsal olunub.

Salyanda üzüm yığımı da başa çatıb. Fermerlər cari mövsümdə üzüm bağlarından 1945 ton məhsul yığıblar. Salyanlı bağbanlar rayonda mövcud olan 954 hektar üzüm bağından 1945 ton məhsul tədarük ediblər. Yığılan məhsulun 75-80 faizi süfrə üzümü olub. Qalanını isə texniki sort təşkil edib. Ötən ilə nisbətən bu il bağlarda bol məhsul yetişdirildiyindən üzümün qiyməti də xeyli ucuzdur.

İsmayıllı rayonunun üzümçüləri də məhsul yığımı kampaniyasını müvəffəqiyyətlə başa çatdırıblar. Plantasiyalardan 2560 ton məhsul götürülüb ki, bu da ötənilki göstəricidən 440 ton çoxdur. Hazırda İsmayıllıda 1090 hektar üzüm bağı var. Bunun 888,2 hektarı bar verəndir. Plantasiyalar əsasən Kürdmaşı, Hacıhətəmli, Mollaisaqlı, Qalınçaq ərazi vahidlərinin sahələrindədir. İlkin olaraq avqustun əvvəllərində tez yetişən “Kardinal”, “Prima” süfrə sortları yığılıb. Hər hektardan 50-60 sentner süfrə üzümü götürən sahibkarlar məhsulu rayon, habelə Bakı bazarlarında satıblar. Texniki sortlar isə emal müəssisələrinə təhvil verilib.

Lənkəran rayonundakı “Yaşıl çay” FT MMC çay sahələrini genişləndirməklə yanaşı, müasir texnologiyalardan da geniş istifadə edir. Fermer təsərrüfatında Azərbaycanda ilk dəfə olaraq yapon texnologiyası əsasında çay bitkilərinin əkini həyata keçirilir. Bu üsul ənənəvi çay əkinindən bir çox cəhətlərinə görə fərqlənir və məhsuldarlıq baxımından da üstünlüyə malikdir. Çayçılıq üzrə briqadir Məmməd Məmiyev bildirib ki, ənənəvi üsulda hər hektara 22-25 min şitil əkilibsə, yeni üsulda 56 min şitil sərf olunur. Bitkinin kökünə kölgə düşməsi və hətta yay fəslində nəmliyi saxlaması sıxlaşdırılmış üsulun əsas üstünlüyüdür. Bu, çayda vegetasiya prosesinin uzanmasına, digər əkin sahələrindən fərqli olaraq iki dəfə çox məhsul toplamağa imkan verəcək. Təsərrüfat rəhbəri Araz Yaqubov bildirib ki, yeni sahələrdə becərmə, budanma və digər işlərdə xüsusi yapon texnikasından istifadə edilməlidir. Bu məqsədlə çayçılıq avadanlığı istehsal edən yapon şirkətlərinin Rusiyadakı nümayəndəliyi ilə əlaqələr yaradılacaq və lazım olan texnikanın gətirilməsi təmin olunacaq. Qeyd edək ki, bu il fermer təsərrüfatında 5 hektar sahədə yeni qaydada çay əkini aparılacaq.

Pərviz SADAYOĞLU

Yeni Azərbaycan.- 2017.- 24 noyabr.- S.7.