Regionlarda
pambıq yığımı uğurla davam edir
Dövlət
Statistika Komitəsinin məlumatına əsasən, cari il
noyabrın 23-dək ölkə üzrə pambıq qəbulu
məntəqələrinə 188 min 29,88
ton məhsul təhvil verilib
Azərbaycan yeni şəraitdə milli iqtisadiyyatın
bir neçə prioritet inkişaf istiqamətini müəyyənləşdirib. Ötən
ildən başlayaraq respublikamızda regional inkişaf və
qeyri-neft sektorunun istehsal imkanlarının genişləndirilməsi
strategiyaları çərçivəsində aqrar sektorda
texniki bitkilərin becərilməsinə də böyük
diqqət göstərilir. Məlumdur ki,
respublikamızda texniki bitkilərin becərilməsi ilə
bağlı tarixən zəngin ənənələr
formalaşıb. Hazırda güclü
dövlət dəstəyi sayəsində bu ənənələr
dirçəldilir. Dövlət vəsaitləri
hesabına regionlarda yaradılan müasir infrastruktur, həyata
keçirilən meliorasiya-irriqasiya tədbirləri, ayrılan
güzəştli kreditlər və subsidiyalar, texnika ilə təchizatın
gücləndirilməsi regionlarda çalışan
sahibkarlarda texniki bitkilərin becərilməsinə
böyük maraq oyadıb.
Regionlarda
pambıqçılığın şöhrəti geri
qaytarılır
Yeni şəraitdə regionlarda aqrar sektorun istehsal və
ixrac imkanlarının genişləndirilməsi tədbirləri
sırasında pambıqçılığın
inkişafına göstərilən diqqət xüsusi qeyd
edilməlidir.
İndiki dövrdə
pambıqçılığın inkişaf etdirilməsi bir
sıra nöqteyi-nəzərdən olduqca əhəmiyyətlidir.
Əvvəla, bu məhsulun satışı ilə
bağlı hər hansı bir problem yoxdur. Əksinə, dünya birjalarında pambığa
böyük tələbat var. Digər tərəfdən,
respublikamızın coğrafi-iqlim xüsusiyyətləri
pambıqçılıq üçün olduqca əlverişlidir.
İntensiv metodların tətbiqi sayəsində
pambıq əkilən sahələrin məhsuldarlığını
artırmaq, beləliklə də, həm respublikanın
bölgələrində əlaqəli sahələrin
inkişafına nail olmaq, məşğulluğu təmin etmək,
həm də ölkənin ixrac imkanlarını genişləndirmək
mümkündür. Azərbaycan da məhz
bu kimi əlverişli məqamları nəzərə alaraq
ölkənin torpaq fondundan daha səmərəli istifadə
etməyi və gəlirli sahə olan
pambıqçılığın şöhrətini geri
qaytarmağı hədəfləyib. Prezident
İlham Əliyev Saatlıda keçirilən
pambıqçılığın inkişafı məsələlərinə
dair respublika müşavirəsindəki nitqində xüsusi
olaraq vurğulayıb ki, pambıqçılığın
ölkə iqtisadiyyatına çox böyük xeyri var.
Respublikamızda pambıqçılığın
inkişafına göstərilən dəstək tədbirləri
çoxşaxəlidir. Pambıqçılıq böyük
investisiya tutumlu sahə olduğuna görə həm ötən
ilin, həm də cari ilin investisiya proqramlarında bu sahəyə
lazımi qədər vəsait ayrılıb. Bundan başqa, pambığın satış qiyməti
artırılıb, fermerlərə subsidiyalar verilməsi təmin
edilir. Paralel şəkildə əkin sahələrinin
genişləndirilməsi məqsədilə bölgələrdə
zəruri meliorasiya tədbirləri həyata keçirilir.
Ölkə miqyasında
pambıqçılığın inkişafında Prezident
İlham Əliyevin 2017-ci ilin iyul ayında
imzaladığı müvafiq Sərəncamla təsdiqlənən
“Azərbaycan Respublikasında
pambıqçılığın inkişafına dair
2017-2022-ci illər üçün Dövlət Proqramı”
xüsusi aktuallıq kəsb edir. Sənəddə
ölkənin regionlarında
pambıqçılığın inkişafını təmin
etmək üçün bir sıra tədbirlərin həyata
keçirilməsi nəzərdə tutulub. Ümumiyyətlə, belə bir proqramın qəbul
edilməsi Azərbaycanda pambıqçılığın
inkişaf etdirilməsi, bu sahədə ixrac
potensialının artırılması və kənd əhalisinin
məşğulluğunun təmin edilməsi məqsədi
daşıyır.
Pambıqçılığın
inkişafına göstərilən dəstək tədbirləri
uğurlu nəticələr verir
Ölkəmizdə pambıqçılığın
inkişafına göstərilən dəstək tədbirləri
artıq öz müsbət nəticələrini verir. İlk
növbədə onu vurğulamaq lazımdır ki, bölgələrdə
pambıqçılıqla məşğul olmaq istəyən
fermerlərin sayı getdikcə artır. Əgər
2015-ci ildə respublikamızda cəmi 35 min ton pambıq tədarük
edilmişdisə, 2016-cı ildə bu rəqəm təxminən
90 min tona çatıb. Keçən il
ölkənin ayrı-ayrı regionlarında 51 min hektarda
pambıq əkilmişdisə, cari ildə 136 min hektar sahədə
pambıq əkilib. Beləliklə, respublikamızda cəmi
bir il ərzində pambıq əkilən
sahələr 3 dəfə genişləndirilib.
Pambıqçılığa dəstək tədbirlərinin
genişləndirilməsi öz növbəsində cari
mövsümdə tədarük həcmlərinin artmasına
müsbət təsir göstərib. Dövlət Statistika Komitəsindən
verilən məlumata əsasən, cari il noyabrın 23-dək
ölkə üzrə pambıq qəbulu məntəqələrinə
188 min 29,88 ton məhsul təhvil verilib.
Respublika üzrə gündəlik tədarük həcmi 1255,74 ton pambıq təşkil edir. Qeyd edək ki, cari ildə ən çox pambıq
Saatlı, İmişli, Sabirabad, Biləsuvar və
Neftçalada əkilib.
Ayrı-ayrı
bölgələrdə pambıq yığımı daha
intensiv həyata keçirilir
Respublikanın ayrı-ayrı bölgələrində
pambıq yığımı daha intensiv şəkildə həyata
keçirilir.
Sahələrdən məhsul
yığımında Saatlı pambıqçıları
öndə gedirlər. Onlar noyabrın 20-dək
tədarük məntəqələrinə 24 min 449 ton məhsul
təhvil veriblər.
Bərdə rayonunda pambıq becərən fermerlər də
məhsul yığımına yaxşı
hazırlaşıblar. Bərdəli torpaq mülkiyyətçiləri 2017-ci
ildə ötən illə müqayisədə üç dəfə
çox - 8518,5 hektarda pambıq becəriblər.
Son günlərədək tarlalardan 20 min tondan
çox pambıq tədarük edilib. Bu,
son 20 ildə ən yüksək pambıq istehsalı deməkdir.
Hər hektardan orta hesabla 23,5 sentner məhsul
götürülüb.
Bərdəli fermerlər qarşıya cari ildə 22 min
tondan artıq pambıq tədarük etməklə
bağlı hədəf qoyublar. Hələ tarlalarda
yığılmamış məhsul çoxdur. Bərdə pambıqçıları hər
gün orta hesabla 250-300 ton məhsul tədarük edirlər.
Yığılan pambıq əsasən “MKT
İstehsalat Kommersiya” MMC-nin Bərdə filialına və “CTS
Aqro” MMC-nin Bərdə pambıq istehsalı və emalı
zavoduna təhvil verilir.
Zərdab rayonunda da təsərrüfatın ənənəvi
sahəsi olan pambıqçılıq yeni inkişaf
dövrünə qədəm qoyub. Cari mövsümdə 3232,3 hektar sahədə
məhsul yetişdirən fermerlər və fiziki şəxslər
hələlik tarlalardan 3833 ton “ağ qızıl”
götürüblər ki, bu da 2016-cı ildə istehsal olunan
ümumi məhsuldan 4,2 dəfə çoxdur.
Hazırda bölgədə pambıq
yığımı davam edir. Bütün qüvvələr
məhsulun son qozasınadək itkisiz toplanmasına səfərbər
edilib. Hava şəraitinin törətdiyi
çətinliklərə baxmayaraq, hər gün tarlalardan
12-17 ton “ağ qızıl” yığılır. Rayonun əksər ərazi vahidlərində, o
cümlədən daha çox pambıq əkilən
Hüseynxanlı, Qaravəlli, Qoşaoba, Gəlmə,
Körpükənd ərazi vahidlərində məhsul
yığımı sürətlə aparılır.
Ənənəvi pambıqçılıq rayonu olan
İmişlidə də pambıq yığımı sürətlə
davam edir. Yığıma mütəşəkkil başlayan
pambıqçılar indiyədək tarlalardan 11 min 651 ton məhsul
toplayıblar. Rayon Kənd Təsərrüfatı
İdarəsinin məlumatına əsasən cari ildə
İmişlidə 15 min 641,5 hektar sahədə
pambıq əkilib. Ötən il isə bu
rəqəm 5 min 51 hektar olub.
Kürdəmir rayonunun Bağman kənd sakini Vidadi
Pirişova məxsus ailə fermer təsərrüfatında
cari mövsümdə 13 hektar sahədə pambıq
yetişdirilib.
Pambıqçılıq ailə fermer təsərrüfatında
ənənəvi sahə hesab edilir və son illər bu gəlirli
sahənin inkişafı üçün ardıcıl tədbirlər
görülür.
Təsərrüfatın
başçısı Vidadi Pirişov AZƏRTAC-ın
müxbiri ilə söhbətində bildirib ki, Prezident
İlham Əliyevin rəhbərliyi ilə aqrar sektorda
aparılan islahatlar, fermerlərə göstərilən dəstək
ənənəvi sahə olan
pambıqçılığın inkişafına gözəl
şərait yaradıb. Bu mövsümdə əkin
aparılan sahələrdə yüksək aqrotexniki tədbirlər
həyata keçirilib və bol məhsul yetişdirilib. Hazırda yığım davam edir. İndiyədək 28 ton “ağ qızıl”
toplanılıb. Vidadi Pirişov hər
hektardan azı 30 sentner məhsul götürmək əzmindədir.
Kürdəmirli fermer bildirib ki,
pambıqçılıq böyük zəhmət tələb
edən sahədir. “Əldə etdiyimiz təcrübə,
dövlət dəstəyi və torpağa
bağlılığımız bizi təsərrüfatın
bu sahəsini ildən-ilə genişləndirməyə
ruhlandırır. Gələn il pambıq əkini
sahələrini iki dəfə artıracağıq”, - deyə
Vidadi Pirişov vurğulayıb.
Pambıqçılar maşınla
yığıma üstünlük verirlər
Zəruri texnika ilə təchizat olmadan aqrar
sektorun uğurlu inkişafını da təsəvvür etmək
mümkün deyil. Respublikamızda fermerlərin
güzəştli şərtlərlə müxtəlif
növ texnika ilə təchizatı daim diqqət mərkəzində
saxlanılır. İndiyədək “Aqrolizinq” ASC-dən
respublika üzrə 8207 istifadəçinin lizinqə
götürdüyü 21 min 156 ədəd müxtəlif kənd
təsərrüfatı texnikasına ümumilikdə
183 milyon 147 min 259,82 manat məbləğində güzəşt
tətbiq olunub.
Pambıqçılıqla məşğul
olan fermerlər də “Aqrolizinq” ASC-nin xətti ilə
respublikamıza gətirilən texnikadan güzəştli
şərtlərlə bəhrələnirlər. Cari
pambıq yığımı mövsümü ərəfəsində
Şirvan şəhərində “Aqrolizinq” ASC-nin təchizat
bazasında yeni kənd təsərrüfatı
texnikalarının təqdimatı olub. Təqdimat
mərasimində pambıq istehsalı ilə məşğul
olan “MKT İK” MMC, “CTS-Aqro” MMC və “Şamo” MMC-nin, eləcə
də digər şirkətlərin nümayəndələri,
Kənd Təsərrüfatı Nazirliyinin müvafiq
qurumlarının mütəxəssisləri, həmçinin
fermerlər iştirak ediblər. Təqdimat mərasimində
indiyədək 4000-dən çox texnikanın pambıq
istehsalı ilə məşğul olan fermerlərin və
müvafiq qurumların istifadəsinə verildiyi nəzərə
çatdırılıb. Tədbirdə daha 140
pambıqyığan kombayn, 400-dən çox qoşqu
“Aqrolizinq” ASC-nin regional nümayəndəliklərinin,
onların rayon (şəhər) bölmələrinin, həmçinin
pambıq istehsalı ilə məşğul olan “MKT İK”
MMC, “CTS-Aqro” MMC və “Şamo” MMC-nin istifadəsinə verilib.
Öz növbəsində fermerlər də
cari mövsümdə məhsulun maşınla
yığılmasına üstünlük verirlər. Cari ildə
biləsuvarlı pambıqçılar 11 min 351 hektar sahədə
pambıq əkiblər. Fermerlər bu günədək
tarlalardan 22 min 993 ton məhsul toplayaraq qəbul məntəqələrinə
göndəriblər. Tədarük olunan pambığın 70
faizindən çoxu maşınlarla yığılıb.
Neftçala rayonunun fermerləri də
maşınla yığıma üstünlük verirlər. Cari ildə Neftçalada 11 min 111 hektar sahədə
pambıq becərilib və bu günədək tarlalarından
8 min 360 tondan çox məhsul yığılıb. Ötən
ildən fərqli olaraq neftçalalı fermerlər bu il məhsulu
əsasən maşınlarla yığmağa
çalışırlar. İndiyədək rayon
üzrə tədarük olunan pambığın 2 min 958 tonu
maşınlarla toplanılıb. Fermerlərin qənaətinə
görə, pambığın maşınlarla
yığılması çox sərfəlidir. Əl ilə
yığım zamanı proses uzandığından məhsul
itkisi çox olur. Pambığın maşınla toplanması
isə 70-80 faiz gəlir gətirir.
Mübariz ABDULLAYEV
Yeni azərbaycan.-
2017.- 25 noyabr.- S.5.