Azərbaycanın
regionlarında içməli su layihələri uğurla həyata
keçirilir
“Azərsu”dan verilən məlumata əsasən,
yeni layihələrin icrası nəticəsində ölkə
üzrə fasiləsiz içməli su alan əhalinin
xüsusi çəkisi 66 faizə yüksəlib
Azərbaycanın böyük uğurla həyata
keçirdiyi sosial-iqtisadi inkişaf strategiyasında
bütün ölkə boyu kommunal xidmətlərlə təchizatın
yüksək səviyyəyə qaldırılması
davamlı olaraq diqqət mərkəzində saxlanılır.
Son 14 ildə Prezident İlham Əliyevin
müvafiq fərmanları ilə təsdiqlənən
regionların sosial-iqtisadi inkişafına dair Dövlət
proqramları çərçivəsində respublikanın
bütün bölgələrində kommunal xidmət üzrə
çoxlu sayda yeni layihələr reallaşdırılıb.
Nəticədə, paytaxt Bakıda olduğu kimi, regionlarda da əhalinin
kommunal xidmətlərlə təchizatı əhəmiyyətli
dərəcədə yaxşılaşıb.
Əlamətdar haldır ki, ölkəmizdə
dövlət tərəfindən yüksək səviyyəli
kommunal infrastruktur quruculuğuna yeni şəraitdə də
güclü siyasi iradə nümayiş etdirilir. Prezident İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli
Fərmanı ilə “Azərbaycan Respublikasında kommunal xidmətlərin
(elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair
Strateji Yol Xəritəsi”nin təsdiqlənməsi dövlətin
bütün ölkə boyu insanların gündəlik həyatı
ilə bağlı olan kommunal xidmətlərin səviyyəsinin
yüksəldilməsini, bəhs olunan sahədə infrastruktur
təminatının daha da yaxşılaşdırılmasını
bundan sonra da diqqət mərkəzində saxlamaq əzmi
nümayiş etdirdiyini təsdiqləyir. “Azərbaycan
Respublikasında kommunal xidmətlərin (elektrik və istilik
enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”nə
əsasən ayrı-ayrı sahələr üzrə genişmiqyaslı
hədəflər müəyyənləşdirilib.
Şübhə yoxdur ki, nəzərdə tutulan tədbirlərin
mərhələlər üzrə reallaşdırılması
sayəsində paytaxt Bakıda və bölgələrdə əhaliyə
kommunal xidmətlər sektorunda əsaslı keyfiyyət dəyişiklikləri
baş verəcək. Sənədin qəbul edilməsində əsas
məqsəd də elə bundan ibarətdir.
Ölkə üzrə su və kanalizasiya layihələrinin
icra olunduğu şəhər və rayon mərkəzlərinin
sayı 47-yə çatıb
Kommunal xidmət sektorunda mühüm
pozisiyalardan biri əhalinin içməli su təminatı ilə
bağlıdır. Prezident İlham Əliyev qarşıya
ölkə əhalisinin Ümumdünya Səhiyyə Təşkilatının
standartlarına uyğun keyfiyyətli su ilə təmin edilməsi
ilə bağlı mühüm vəzifə qoyub. Dövlət
başçısının qarşıya qoyduğu vəzifəyə
uyğun olaraq respublikanın bütün bölgələrinin
içməli su təchizatı və kanalizasiya infrastrukturu
yenidən qurulur. “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun
KİV-ə verdiyi məlumata əsasən, artıq ölkə
üzrə su və kanalizasiya layihələrinin icra
olunduğu şəhər və rayon mərkəzlərinin
sayı 47-yə çatıb. Bu şəhərlərin
33-də işlər “Azərsu”nun sifarişi ilə həyata
keçirilir. İndiyədək 47 şəhərin 23-də
su və kanalizasiya şəbəkələrinin, 9-da isə
su şəbəkəsinin inşası yekunlaşıb.
2017-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə
Saatlı, Gədəbəy, Cəlilabad, Şamaxı və
Qobustan şəhərlərində yeni infrastrukturun
istismara verilməsi ilə bağlı açılış
mərasimləri keçirilib. Cari ildə daha
bir şəhərdə - Xırdalanda içməli su və
kanalizasiya sistemlərinin yenidən qurulması, həmçinin
Almaniyanın KFV bankı ilə birgə maliyyələşdirilən
layihə çərçivəsində Gəncə və
Şəki şəhərlərində layihənin növbəti
mərhələləri üzrə işlərə
başlanılıb. 2017-ci ilin sonuna qədər daha bir
neçə su və kanalizasiya şəbəkəsinin
inşası yekunlaşacaq, bəzi şəhərlərdə
tullantı sutəmizləyici qurğularının
inşasına start veriləcək.
“Azərsu” ASC-nin sədri bildirib ki, son illər
regionlarda yaradılmış yeni su mənbələri
hesabına əhalinin içməli su təminatı əhəmiyyətli
dərəcədə yaxşılaşıb. Bölgə əhalisinin
keyfiyyətli və dayanıqlı içməli su ilə təmin
edilməsi məqsədilə Şirvan-Muğan,
Saatlı-Sabirabad qrup su kəmərləri, Külüllü
su qurğuları kompleksi, Quba, Mingəçevir,
Xanbulançay sutəmizləyici qurğuları
yaradılıb. Bu mənbələrdən rayon mərkəzlərinə
və bir sıra kəndlərə suyun verilməsi təmin
edilib. Yüksək səviyyədə inşa olunan
Şirvan-Muğan qrup su kəmərindən Biləsuvar,
Salyan, Şirvan və Hacıqabul şəhərləri,
Sabirabad-Saatlı qrup su kəmərindən isə Sabirabad və
Saatlı şəhərləri su ilə təmin olunur. Gələcəkdə
bu kəmərlərdən marşrut boyu ərazilərdə
yerləşən 165 kəndin sakinləri də faydalanacaqdır.
Girdmançayın yatağında tikilmiş və
məhsuldarlığı saniyədə 450 litr olan
Külüllü su qurğuları kompleksi və buradan
Ağsu, Kürdəmir, Ucar və Zərdab şəhərlərinə
çəkilən 182 kilometr uzunluğunda magistral kəmərlər
bəhs olunan yaşayış məntəqələrinin su təminatını
əsaslı şəkildə yaxşılaşdırıb.
Q.Hüseynovun bildirdiyinə
görə, ötən müddətdə şəhər və
rayon mərkəzləri ilə yanaşı, kənd və qəsəbələrin
də su təminatı xüsusi diqqətdə
saxlanılıb. Ümumilikdə 360 min nəfərin
yaşadığı 350 kənddə içməli su layihələri
icra olunub. Bu layihələr arasında cəbhə xəttində
yerləşən və sudan əziyyət çəkən
yaşayış massivlərinin su təchizatının
yaxşılaşdırılması mühüm əhəmiyyət
kəsb edir. Bütün bu layihələrin icrası nəticəsində
ölkə üzrə fasiləsiz içməli su alan əhalinin
xüsusi çəkisi 66 faizə yüksəlib.
Regionlarda daha 170 yaşayış məntəqəsinin
su təchizatının yaxşılaşdırılması
istiqamətində iş aparılır
Cari ildə ölkəmizdə su və
kanalizasiya layihələrinin icra olunduğu yaşayış
məntəqələrinin sayı daha da artıb. 2017-ci ilin 9
ayında respublika üzrə yeddi yüz kilometrdən
çox içməli su xətti çəkilib.
Məlum olduğu kimi, Prezident İlham
Əliyev cari ilin mart ayında “Əhalinin içməli su ilə
təminatının yaxşılaşdırılmasına
dair əlavə tədbirlər haqqında” müvafiq Sərəncam
imzalayıb. Sərəncama əsasən, 28 rayonun 170
yaşayış məntəqəsinin su təchizatının
yaxşılaşdırılması nəzərdə tutulub.
Bu layihələr çərçivəsində 271 min kənd
sakini keyfiyyətli içməli su ilə təmin olunacaq.
Layihələrə əsasən bəhs olunan
kəndlərdə ümumi uzunluğu 531 kilometr olan su xətlərinin
tikintisi, 1400-ə yaxın bulağın
quraşdırılması nəzərdə tutulub.
Q.Hüseynovun məlumatına əsasən, indiyədək
450 kilometrdən çox su xətti çəkilib, 1000-dən
artıq bulaq quraşdırılıb. O cümlədən
170 kəndin təqribən yarısında işlər
yekunlaşıb. Layihəyə əsasən ilin sonuna qədər
bütün kəndlərdə işlər başa
çatdırılacaq.
Prezident İlham Əliyevin cari ilin avqust-sentyabr
aylarında imzaladığı müvafiq sərəncamların
icrası da yüksək səviyyədə təmin edilir.
Artıq bəhs olunan sərəncamlara uyğun olaraq Qax, Mingəçevir,
Salyan, Biləsuvar şəhərlərində yeni su və
kanalizasiya layihələrinin icrasına başlanılıb.
Yeni layihələr hesabına Bakıətrafı
qəsəbələrdə 300 mindən artıq insanın su
təchizatı yaxşılaşıb
Müstəqillik illərində
ölkənin digər bölgələri kimi, Abşeron
yarımadasında yerləşən yaşayış məntəqələrinin
də içməli su təchizatının
yaxşılaşdırılması istiqamətində bir
sıra layihələr həyata keçirilib. Bu
baxımdan Ulu öndər Heydər Əliyevin ideya müəllifi
olduğu Oğuz-Qəbələ-Bakı su kəmərinin
Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə
2007-2010-cu illərdə inşasının önəmini
xüsusi qeyd etmək lazımdır. Kəmər
istismara veriləndən bir il sonra daha bir mənbədən
Abşeron yarımadasına suyun verilməsi üçün
böyük infrastruktur layihəsinin icrasına
başlanıldı. 2015-ci ildə dövlət
başçısının iştirakı ilə dünyada
öz oxşarları arasında ən böyük olan
Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğular
kompleksi istismara verildi. Buradan götürülən
suyun Abşeron yarımadasının yaşayış məntəqələrinə
çatdırılması üçün 84 kilometr
uzunluğunda Ceyranbatan-Zirə magistral kəməri və
magistral xəttin marşrutu boyu ümumi tutumu 90 min kubmetr olan
Abşeron, Saray, Balaxanı, Ramana, Qala, Zirə anbarları
tikilib.
Ceyranbatan-Zirə xəttinin istismara verilməsi
nəticəsində Bakıətrafı qəsəbə və
kəndlərdə 300 mindən artıq insanın su təchizatı
yaxşılaşıb. Yeri gəlmişkən, Türkan, Zirə,
Pirallahı qəsəbələri məhz bu layihənin
gerçəkləşməsi nəticəsində ilk dəfə
mərkəzləşmiş qaydada içməli su ilə təmin
edilibdir.
Bakı şəhəri və
Abşeron yarımadasının şəhər, qəsəbə
və kəndlərində su təchizatı, kanalizasiya sistemləri
və yağış sularının idarə
olunmasını nəzərdə tutan Master Plana uyğun
olaraq müvafiq işlərə başlanılıb və
ötən müddətdə ümumi uzunluğu 1000
kilometrdən çox olan su şəbəkəsi
yaradılıb. Bu sahədə işlər davam etdirilir.
Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamlara
uyğun olaraq Novxanı, Mehdiabad, Binəqədi, 28 May, Pirəküşkül,
Qobustan, Binə, Şağan, Şüvəlan, Mərdəkan
qəsəbələrində yeni şəbəkələr
yaradılacaq.
Bakıətrafı qəsəbələrdə
subasma təhlükəsinin aradan qaldırılması da
qarşıda duran mühüm vəzifələrdəndir. Nazirlər Kabinetinin müvafiq sərəncam layihəsinə
əsasən Abşeron yarımadasının subasma təhlükəsi
olan müxtəlif ərazilərində 13 layihənin həyata
keçirilməsi nəzərdə tutulub. 2017-ci ilin may
ayında bu istiqamətdə tikinti-quraşdırma işlərinə
başlanılıb və qısa müddətdə
8 ərazidə - Böyükşor, Taşağıl və Məhəmmədi
gölləri, Ramana Südçülük Sovxozu, Əhməd
Cəmil, Əliyar Əliyev, Yusif Səfərov,
Kazımağa Kərimov küçələrində layihələrin
icrası yekunlaşdırılıb. Bu layihələr
çərçivəsində 17 kilometrdən çox
kollektor və nasos stansiyaları inşa edilib.
Bakıətrafı qəsəbələrdə
10 ünvanda yeni su və kanalizasiya şəbəkələri
yaradılır
“Azərsu” ASC-dən verilən məlumatda
bildirilir ki, Bakı şəhəri və Abşeron rayonunun kənd
və qəsəbələrində su təchizatı və
kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin
davam etdirilməsi ilə bağlı əlavə tədbirlər
haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına
uyğun olaraq Bakıətrafı yaşayış məntəqələrində
layihələrin icrası uğurla təmin edilir. Bu layihələr hesabına Bakı şəhərinin
ayrı-ayrı qəsəbələrində və Abşeron
rayonunun bir sıra yaşayış məntəqələrində
əhalinin mərkəzləşdirilmiş qaydada keyfiyyətli
içməli su ilə təminatına imkan yaranacaq, onların
kanalizasiya xidmətlərindən istifadəsi
yaxşılaşacaq.
Sərəncamlara əsasən,
10 yaşayış məntəqəsində - Bakı şəhəri
Binəqədi rayonunun Binəqədi və 28 May, Xəzər
rayonunun Mərdəkan, Şağan, Şüvəlan və
Binə qəsəbələrində, eləcə də
Abşeron rayonunun Mehdiabad, Novxanı qəsəbələrində,
Pirəkəşkül və Qobustan kəndlərində
yeni içməli su və kanalizasiya şəbəkələri
yaradılacaq. Hazırda 7 kənd və qəsəbədə
tikinti-quraşdırma işləri davam etdirilir, digər 3 qəsəbədə
isə inşaat işlərinə yaxın vaxtlarda
başlanılacaq.
Ümumilikdə, 10 yaşayış məntəqəsində
70 kilometr içməli su, 11 kilometr kanalizasiya xətlərinin
tikintisi nəzərdə tutulub. Qısa müddət ərzində
kənd və qəsəbələrdə 26 kilometr içməli
su, 2 kilometr kanalizasiya xətləri inşa edilib.
Tikinti-quraşdırma işlərinin 2017-ci ilin sonuna qədər
başa çatdırılması nəzərdə tutulub.
“Azərsu”dan bildirilib ki, kənd
və qəsəbələrdə yeni su və kanalizasiya
şəbəkələrinin yaradılması nəticəsində
37 min nəfərin içməli su təchizatı, 9 min nəfərin
kanalizasiya xidmətlərindən istifadəsi əsaslı
şəkildə yaxşılaşacaq. 3 kilometr uzunluğunda
Mərdəkan-Şağan-Şüvəlan
magistral su xəttinin istismara verilməsi sayəsində
perspektivdə Mərdəkan, Şağan və Şüvəlan
qəsəbələrində 54 min nəfərin içməli
su təminatına imkan yaranacaq. Ümumilikdə, bu layihələrdən
100 min nəfər sakin yararlanacaq.
Qeyd edək ki, Prezident İlham
Əliyevin imzaladığı müvafiq sərəncamlara əsasən,
Bakı şəhəri Binəqədi rayonunun Binəqədi
və 28 May, Xəzər rayonunun Mərdəkan, Şağan,
Şüvəlan və Binə qəsəbələrində,
eləcə də Abşeron rayonunun Mehdiabad, Novxanı qəsəbələri,
Pirəküşkül və Qobustan kəndlərində
görüləcək işlərin maliyyələşdirilməsi
üçün dövlət büdcəsindən “Azərsu”
Açıq Səhmdar Cəmiyyətinə ümumilikdə
13,32 milyon manat vəsait ayrılıb.
Abşeron yarımadasında magistral su kəmərləri
və qurğularının inşası davam etdiriləcək
Bakıətrafı qəsəbələrin,
bütövlükdə Abşeron yarımadasında yeləşən
yaşayış məntəqələrinin içməli su
təchizatının yaxşılaşdırılması ilə
bağlı işlər gələcəkdə daha intensiv
şəkildə davam etdiriləcək. Məlum
olduğu kimi, Prezident İlham Əliyev 2017-ci il 16 noyabr
tarixində “Abşeron yarımadasında magistral su kəmərləri
və qurğularının inşası ilə bağlı əlavə
tədbirlər haqqında” müvafiq Sərəncam
imzalayıb. Sərəncamda qeyd olunur ki, ölkədə
regionların tarazlı və dayanıqlı
inkişafını təmin etmək, əhalinin sosial rifahını
yüksəltmək, eləcə də cəmiyyətin
bütün istiqamətlərdə tərəqqisini sürətləndirməklə
inkişafın keyfiyyətcə yeni modelini
formalaşdırmaq Azərbaycan dövlətinin fəaliyyətində
mühüm istiqamətdir. Bu məqsədlə
qəbul olunmuş Dövlət proqramlarının uğurla
icrası nəticəsində regionlarda, paytaxtda və qəsəbələrdə,
eləcə də Abşeron rayonunun qəsəbə və kəndlərində
kommunal infrastrukturun yenidən qurulması, əhalinin içməli
su ilə təminatının
yaxşılaşdırılması, mövcud su təchizatı
sistemlərinin sabit işləməsi yönündə əhəmiyyətli
tədbirlər görülüb.
Həmin tədbirlərin
davamı olaraq, Ceyranbatan su kəmərindən Bakı şəhərinə
saniyədə 1,8 kubmetr suyun nəqlinə imkan verəcək
9,5 kilometr magistral su kəmərinin 4,25 kilometrlik birinci hissəsinin
inşası, tikintisi tamamlanmış “+105 Saray
supaylayıcı kamerası”nın mövcud su təchizatı
sistemi ilə əlaqələndirilməsi
üçün 3,05 kilometr magistral su kəmərlərinin,
1,45 kilometr boşaltma xəttinin inşası və
yarımadanın su təchizatı üçün müstəsna
əhəmiyyətə malik Ceyranbatan və Kür sutəmizləyici
qurğularında istismar müddətini keçmiş
yüksək məhsuldarlıqlı nasos
avadanlıqlarının dəyişdirilməsi zərurəti
yaranıb. Sərəncama əsasən,
Abşeron yarımadasında magistral su kəmərləri və
qurğularının inşası işlərini davam etdirmək
məqsədilə dövlət büdcəsindən “Azərsu”
Açıq Səhmdar Cəmiyyətinə 10,1 milyon manat
ayrılıb.
2019-cu ildə Gəncə şəhərində
içməli su problemi tamamilə aradan qaldırılacaq
2019-cu ildə Gəncə şəhərində
içməli su problemi həllini tapacaq. Bunu Gəncəyə
səfəri çərçivəsində şəhər
ictimaiyyətinin nümayəndələri ilə
görüşdə Prezident İlham Əliyev bildirib:
“Əminəm ki, 2019-cu ildə Gəncədə içməli
su problemi də tamamilə aradan qaldırılacaq və sakinlər
24 saat təmiz içməli su ilə təmin
olunacaqlar”.
“Azərsu” ASC-dən bildirilib ki,
Gəncə şəhərinin içməli su təchizatı
və kanalizasiya sistemlərinin yenidən qurulması Azərbaycan
hökuməti və Almaniya İnkişaf Bankının (KFW
bankı) birgə maliyyələşdirdiyi “II Açıq
Kommunal İnfrastruktur Proqramı” çərçivəsində
həyata keçirilir. Layihə Gəncə
şəhəri ilə yanaşı, Göygöl rayonunun
Murovdağ qəsəbəsi, Hacıməlik və Mollacəlilli
kəndlərini əhatə edir və 2035-ci ilədək
perspektiv inkişaf nəzərə alınmaqla 450 min nəfərin
su təchizatı və kanalizasiya xidmətlərindən
istifadəsinin yaxşılaşdırılmasına
hesablanıb.
Layihənin icrasına 2011-ci ilin
sentyabr ayında başlanılıb. Ötən müddətdə
Göygöl su mənbəyində məhsuldarlığı
saniyədə 200 litr olan yeni drenaj sistemi yaradılıb, Gəncə
şəhərində həcmi 4000 kubmetr olan su anbarı
tikilib və mənbədən anbara qədər 24,3
kilometr uzunluğunda magistral su kəməri çəkilib.
Eyni zamanda, Qızılqaya su mənbəyində bərpa-yenidənqurma
işləri aparılıb, 4 kilometr magistral su kəməri,
ümumi tutumu 12000 kubmetr olan 3 ədəd su anbarı və
6,9 kilometr anbarlararası su xətti inşa edilib.
Gəncə şəhərinin içməli
su tələbatının böyük hissəsi Şəmkirçay
su anbarı hesabına təmin olunacaq. Hazırda su
anbarının yaxınlığında məhsuldarlığı
sutkada 140 min kubmetr olan sutəmizləyici qurğu inşa
edilir. Sutəmizləyici qurğudan şəhərə suyun
verilməsi üçün 27,5 kilometr uzunluğunda Şəmkirçay-Gəncə
magistral su kəməri çəkilib.
Gəncə şəhərində 855 kilometr
içməli su və 813 kilometr kanalizasiya şəbəkəsinin
tikintisi nəzərdə tutulur. Hazırda layihənin 4-cü
mərhələsi çərçivəsində şəbəkələrin
yenidən qurulması işləri davam etdirilir. Gəncə
şəhərində yaranacaq tullantı suları gələcəkdə
Samux rayonu ərazisində inşa ediləcək və məhsuldarlığı
sutkada 120 min kubmetr layihələndirilən təmizləyici
qurğuda zərərsizləşdiriləcək.
İstehlakçılara verilən içməli
suyun keyfiyyətinə ciddi nəzarət olunur
İstehlakçılara verilən içməli
suyun keyfiyyətinin, həmçinin kənarlaşdırılan
tullantı sularının tərkibinin ekoloji standartlar çərçivəsində
nəzarətdə saxlanılması da çox vacib məsələlərdəndir.
“Azərsu”dan bildirilib ki, qurumun Mərkəzi Laboratoriyası
Bakı şəhərində və regionlarda içməli
suyun keyfiyyətini və tullantı sularının standartlara
uyğunluğunu daim nəzarətdə saxlayır.
İçməli su nümunələri Səhiyyə
Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi,
tullantı su nümunələri isə Ekologiya və Təbii
Sərvətlər Nazirliyi ilə
razılaşdırılmış qrafik əsasında təyin
olunmuş yerlərdən götürülür.
2017-ci ilin 9 ayı ərzində
Mərkəzi Laboratoriya tərəfindən su anbarları,
nasos stansiyaları və su şəbəkələri, eləcə
də təhsil və səhiyyə müəssisələri,
mühüm dövlət obyektləri, mehmanxana, idman kompleksləri
və digər obyektlərdən 11682 su nümunəsi götürülüb.
Həmin nümunələr əsasında laboratoriyanın
fiziki-kimyəvi və mikrobioloji analizlər şöbələri
tərəfindən içməli suyun 81278 parametri təyin
edilib və keyfiyyət göstəricilərində ciddi kənarlaşmalar
müşahidə edilməyib.
Mərkəzi Laboratoriyanın tullantı
sularının fiziki-kimyəvi və mikrobioloji analizlər
şöbələrində 772 nümunə üzrə 6805
göstərici təyin edilib. Qeyd edək ki, tullantı su
nümunələri təmizləyici qurğular, sənaye
müəssisələri, şəhər kollektorları və
sair məntəqələrdən götürülüb.
2016-cı ilin eyni dövrü ilə
müqayisədə laboratoriyada təyin olunan içməli
su və tullantı su göstəricilərinin sayı 48 faiz
artıb. 9 ay ərzində Mərkəzi Laboratoriya tərəfindən
17 hüquqi və 49 fiziki şəxsə 18427 manat dəyərində
ödənişli xidmət göstərilib.
“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərindəki
“Azərsu” ASC-nin xidmət bölmələrinə 37720
müraciət edilib
“Azərsu” Açıq Səhmdar
Cəmiyyətinin Azərbaycan Respublikasının Prezidenti
yanında Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət”
və “ASAN Kommunal” mərkəzlərində təmsil
olunması istehlakçılara göstərilən
müştəri xidmətlərini asanlaşdırır
və bu sahədə şəffaflığın
artırılmasını təmin edir. 2017-ci ilin əvvəlindən
bəri bu mərkəzlərdə “Azərsu” ASC-nin təqdim
etdiyi xidmətlərdən istifadə genişlənib. Belə ki, 2017-ci ilin 9 ayında “ASAN xidmət” və
“ASAN Kommunal” mərkəzlərində fəaliyyət göstərən
“Azərsu” ASC-nin xidmət bölmələrinə abunəçilər
tərəfindən müxtəlif məsələlərlə
bağlı ümumilikdə 37720 müraciət edilib.
Müraciətlərin 20359-u “ASAN xidmət”, 17361-i isə “ASAN
Kommunal” mərkəzlərində qeydə alınıb. “Azərsu”dan bildirilib ki, ötən müddətdə
edilən müraciətlər arasında smart kartlara yükləmələr
haqqında məlumatın verilməsi, texniki şərtin
verilməsi, itirilmiş və zədələnmiş smart
kartların bərpası, abonent məlumatlarına dəyişikliklərin
edilməsi, borclar haqqında məlumatların
verilməsi ilə bağlı müraciətlər
üstünlük təşkil edib. Ən çox müraciət
Sabunçu, Yasamal rayonlarındakı, eləcə də
Sumqayıt və Gəncə şəhərlərindəki
“ASAN xidmət” mərkəzlərində, həmçinin 2
saylı “ASAN Kommunal” mərkəzində qeydə alınıb.
Qeyd edək ki, “ASAN xidmət” mərkəzlərində
“Azərsu” ASC-nin müştəri xidmətlərinin göstərilməsinə
2014-cü ilin may ayından başlanılıb. 2017-ci ildən
“Azərsu” ASC “ASAN Kommunal” mərkəzlərində də təmsil
olunur. Ümumilikdə 2014-cü ildən indiyədək
bütün xidmət mərkəzlərinə vətəndaşlar
tərəfindən müxtəlif məsələlərlə
bağlı 91406 müraciət daxil olub.
Mübariz ABDULLAYEV
Yeni azərbaycan.-
2017.- 29 noyabr.- S.7.