“Azərbaycan multikulturalizm
modeli: etnomədəni müxtəliflik” mövzusunda beynəlxalq
konfransda maraqlı məruzələr dinlənilib
Azərbaycan
Respublikası Əsir və itkin düşmüş, girov
götürülmüş vətəndaşlarla əlaqədar
Dövlət Komissiyasının təşkilatçılığı,
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan
Milli Elmlər Akademiyasının (AMEA)
ixtisaslaşdırılmış institutlarının dəstəyi
ilə Bakıda “Azərbaycan multikulturalizm modeli: etnomədəni
müxtəliflik” mövzusunda beynəlxalq konfrans
keçirilib.
AZƏRTAC
xəbər verir ki, konfransda Azərbaycan Respublikasının
Prezidenti Administrasiyasının millətlərarası
münasibətlər, multikulturalizm və dini məsələlər
şöbəsinin, Prezident yanında Strateji
Araşdırmalar Mərkəzinin, Heydər Əliyev Mərkəzinin,
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin nümayəndələri,
Milli Məclisin deputatları və aidiyyəti dövlət
orqanlarının əməkdaşları, Azərbaycan
Respublikası Gənclər Təşkilatları Milli
Şurasına üzv olan gənclər təşkilatlarının
rəhbərləri, AMEA-nın Qafqazşünaslıq,
Hüquq və İnsan Haqları institutlarının
aparıcı elmi işçiləri, İsrail, ABŞ və
Böyük Britaniyadan olan siyasi təhlilçilər,
jurnalistlər və tədqiqatçılar iştirak ediblər.
Bundan başqa, Azərbaycan Alban-Udi Xristian İcmasının
üzvləri, yerli və xarici KİV-lərin nümayəndələri
də tədbirə qatılıblar.
Konfrans iştirakçıları əvvəlcə
Dövlət Komissiyası və Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzi tərəfindən nəşr
edilən əyani vəsaitlərlə tanış olublar.
Əsir və itkin
düşmüş, girov götürülmüş vətəndaşlarla
əlaqədar Dövlət Komissiyasının katibi,
işçi qrupunun rəhbəri İsmayıl Axundov
konfransı açaraq onun məqsədi, müzakirə
olunacaq məsələlər barədə ətraflı məlumat
verib. Bildirib ki, əsas məqsəd
Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə həyata
keçirilən düşünülmüş və
uğurlu siyasətin mühüm tərkib hissələri olan
tolerantlığın və etnomədəni müxtəlifliyin
qorunub saxlanılması, mədəniyyətlərarası
dialoqun rolunun artırılması, multikulturalizmin
nümunəvi Azərbaycan modelinin təbliği və təşviqidir.
İsmayıl Axundov deyib ki,
yüzilliklər boyu Azərbaycanda məskunlaşan müxtəlif
mədəniyyətlərə və dini etiqadlara mənsub
xalqlar sülh və əmin-amanlıq şəraitində,
dinc, yanaşı yaşayıb, aralarında heç bir
ayrı-seçkilik olmayıb. Ölkəmizdə milli və
dini dözümlülüyün, tolerantlığın
yüksək səviyyədə olması faktdır və bu,
Azərbaycan xalqının güc mənbəyidir.
Vurğulanıb ki, Prezident İlham Əliyevin
və birinci xanım Mehriban Əliyevanın son illərdə
bu sahədə gördüyü işlər nəticəsində
Azərbaycan mədəniyyətlərarası dialoq, dünya
mədəniyyətinin və sivilizasiyaların
qarşılıqlı təsir məkanına uğurlu
transformasiya olunub.
Dövlət Komissiyasının
katibi qeyd edib ki, konfransda insan hüquq və
azadlıqlarının, mutlikultural dəyərlərin
qorunduğu, tarixən tolerant mühitin mövcudluğu,
xalqların sülh və harmoniya şəraitində
yaşadığı, Ermənistanla müharibə şəraitində
olmasına baxmayaraq, hazırda ölkəmizdə yaşayan on
minlərlə erməniyə qarşı
da dözümlülük nümayiş etdirildiyi, bunun əksinə
olaraq, monoetnik Ermənistanda ksenofobiyanın dövlət siyasətinin
əsas tərkib hissəsi olduğu, burada yaşayan etnik
qruplara qarşı diskriminasiyanın mövcudluğu,
xüsusən Ermənistan ordusunda onların təqib
olunması kimi məsələlər müzakirə ediləcək.
Beynəlxalq konfransda Prezident
Administrasiyasının millətlərarası münasibətlər,
multikulturalizm və dini məsələlər şöbəsinin
baş məsləhətçisi Etibar Nəcəfov
“Multikulturalizm Azərbaycan Respublikasının dövlət
siyasəti kimi” mövzusunda məruzə edib. Diqqətə
çatdırılıb ki, Azərbaycanda multikulturalizm
dövlət siyasətidir. Bu siyasətin Azərbaycanda bərqərar
olmasında ulu öndər Heydər Əliyevin rolu
böyükdür. Müasir dövrdə bu siyasət Prezident
İlham Əliyev tərəfindən uğurla həyata
keçirilir. Multikulturalizm təzahürlərindən biri Azərbaycanda
dövlət və din münasibətlərinin yüksək səviyyədə
olmasıdır. Bu isə özünü dini
azadlıqların təmin edilməsində, bütün dinlərin
və dini məzhəblərin qanun qarşında bərabər
olmasında, onların fəaliyyətinə dövlət tərəfindən
dəstək göstərilməsində və dinlərarası
münasibətlərin qarşılıqlı hörmət
və əməkdaşlıq əsasında qurulmasında
göstərir. Multikulturalizm siyasəti dövlətin
inkişafında mühüm rol oynayır. Azərbaycanda
multikulturalizm siyasəti səmərəli şəkildə həyata
keçirilir. Ölkəmiz dünyada multukulturalizm mərkəzi
kimi tanınır və onun bu sahədə rolu yüksək
qiymətləndirilir, təcrübəsi öyrənilir.
Etibar Nəcəfov qeyd edib ki, ölkəmizin
xarici siyasətinin əsas istiqamətlərindən biri
dünyada mədəniyyətlərarası və
sivilizasiyalararası dialoqun təşviqidir. Bu istiqamətdə
Azərbaycan böyük uğurlara imza atıb. Bunlardan biri
“Bakı Prosesi”dir. Bu çərçivədə 2008-ci ildən
indiyədək Azərbaycan bir sıra beynəlxalq tədbirlərə
uğurla ev sahibliyi edib. Bu onu deməyə əsas verir ki, Azərbaycanın
multikulturalizm siyasəti həm daxili, həm də xarici siyasətdə
özünü göstərir.
Bakı Beynəlxalq Multikulturalizm
Mərkəzinin icraçı direktor əvəzi Rəvan Həsənov
“Azərbaycan multikulturalizminin siyasi və hüquqi əsasları”
mövzusunda məruzəsində bildirib ki, multikulturalizm
xalqımızın həyat tərzidir və mədəni
müxtəliflik dövlət siyasəti səviyyəsinə
qaldırılıb. Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzinin fəaliyyəti barədə məlumat
verən R.Həsənov deyib ki, Mərkəz bu günədək
Azərbaycanın multikulturalizm dəyərlərinin
dünyada təbliği istiqamətində müxtəlif layihələr
həyata keçirib. Bu mərkəzin
yaradılmasında əsas məqsəd Azərbaycandakı
etnomədəni müxtəlifliyin öyrənilməsi, bu zənginliyin
xarici ölkələrdə təbliğidir. Hazırda Azərbaycan
multikulturalizmi fənni dünyanın 17 məşhur
universitetində tədris olunur. Mərkəzin səkkiz
ölkədə filialı fəaliyyət göstərir,
növbəti mərkəzin ABŞ-da açılması
gözlənilir. Beynəlxalq təşkilatlar Azərbaycandakı
multikultural modelini, multikultural münasibətləri nümunə
kimi göstərirlər. Dövlətin bu sahəyə
qayğısı olaraq, ötən il ölkəmizdə
“Multikulturalizm İli”, bu il isə “İslam Həmrəyliyi
İli” elan edilib.
Sonra Mərkəzin İsraildəki nümayəndəliyinin
rəhbəri, beynəlxalq münasibətlər sahəsində
tanınmış ekspert Arye Qutun “Azərbaycan multikulturalizmi
Ermənistan monoetnikliyinə cavabdır” mövzusunda məruzəsi
dinlənilib. O qeyd edib ki, Azərbaycan müxtəlif millətlərin
dinc və sülh şəraitində yaşadığı
çox nadir dövlətlərdən biridir. Azərbaycanın
multikultural ənənələri dünya dövlətləri
üçün nümunədir. Ölkə rəhbərliyi
yəhudi icmasının adət və ənənələrinə
də diqqət və qayğı ilə yanaşır.
Vurğulanıb ki, Ermənistan Azərbaycanın 20 faizdən
çox ərazisini işğal edib, ölkədə bir
milyondan çox qaçqın və məcburi
köçkün var. Bütün bunlara baxmayaraq, Azərbaycan
dinlərarası dialoqda nümunə göstərir. Ölkədə
antisemitizmin heç zaman müşahidə olunmaması təqdirəlayiqdir.
İsrailli ekspert deyib ki, Ermənistan ən
monoetnik ölkədir, orada şovinizm, millətçilik,
habelə faşistlərin və antisemitlərin tərifinin
göylərə qaldırılması Sarkisyan rejiminin
dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir. Faşist cəlladı Njdenin abidəsinin
açılışında Ermənistan Prezidenti Serj
Sarkisyanın iştirak etməsi faktı təsdiqləyir ki,
onlar özlərini erməni faşisti və antisemit Qaregin
Njdenin əsl varisləri sayır, öz cinayətkar əməlləri
ilə onun davamçısı olduğunu göstərir.
“Ermənistan-Azərbaycan Vətəndaş
Sülh Platforması”nın idarə heyətinin üzvü,
erməni əsilli tarixçi-alim Artur Ağacanov “Qarabağ
erməniləri çoxmillətli suveren Azərbaycanın bir
hissəsidir” mövzusunda məruzəsində bildirilib ki, xalq
diplomatiyası münaqişənin həllində
aparıcı rol oynayır. Dağlıq Qarabağ
münaqişəsinin nizamlanması ilə bağlı
bütün variantlar irəli sürülsə də, hər
hansı irəliləyiş əldə olunmayıb. Bizim fəaliyyətimizlə
bağlı yanaşmalar fərqlidir. Lakin tədricən
insanlar bizə qoşulur və bu bizi sevindirir.
Beynəlxalq konfransda “Ermənistan-Azərbaycan
Vətəndaş Sülh Platforması”nın idarə heyətinin
digər üzvü, ictimai fəal Rima Sarkisovanın “Azərbaycan
multikulturalizmi tolerantlıq prinsiplərinə sadiqliyin əyani
nümunəsidir” mövzusunda məruzəsi də dinlənilib.
Qarabağ münaqişəsinin Ermənistandakı millətçi
dairələrin təxribatçı və düşmən
siyasəti nəticəsində başlandığını
qeyd edən məruzəçi deyib: “Erməni millətinin
bütün nümayəndələrinə müraciət
edirəm. Sarkisyanın faşist hakimiyyətini dayandırmaq və
torpaqlarımızda sülhün bərqərar olmasına
nail olmaq vaxtıdır. Bugünkü tolerant, inkişaf
etmiş və sivil Azərbaycanda multikulturalizmin və beynəlmiləlçiliyin
uğurlu adaptasiyası bu modelin parlaq təcəssümdür.
Mədəniyyətlərarası və millətlərarası
münasibətlər məsələsi münaqişə ilə
üzləşən xalqlar üçün ağrılı
məsələdir. Azərbaycanda etnik və dini tolerantlıq
yüksək səviyyədədir”.
Amerikalı siyasi təhlilçi,
beynəlxalq jurnalist Piter Teys “Azərbaycanın işğal
olunmuş ərazilərində etnomədəni irsin
dağıdılması” mövzusunda məruzəsində
qeyd edib ki, Ermənistan Azərbaycanın etnomədəni
irsini dağıdıb, ölkənin ətraf mühitinə
böyük zərər vurub. Ermənistan Azərbaycana
qarşı hərtərəfli terror törədib. Təəssüflər olsun ki, Avropa İttifaqı,
ABŞ və dünyanın əsas gücləri Ermənistan
tərəfindən günahsız Azərbaycan xalqına
qarşı törədilən bütün bu insanlıq əleyhinə
zorakılıqlar və cinayətlər qarşısında
susqunluq nümayiş etdirirlər. Dünya
ictimaiyyətini Ermənistanın faşist rejimi tərəfindən
insanlıq əleyhinə törədilən cinayətlərə
reaksiya verməyə çağıran Piter Teys
vurğulayıb ki, ermənilər Dağlıq Qarabağ
vasitəsi ilə dünyaya narkotik vasitələr ixrac edir.
Ermənistan Avropaya və bütün dünyaya təhdiddir.
AMEA-nın Hüquq və İnsan Haqları
İnstitutunun aparıcı elmi işçisi Moisey Bekker “Ermənisayaq”
multikulturalizm” mövzusunda məruzə ilə
çıxış edib. O, Azərbaycandakı multikulturalizm
modelini nümunə adlandıraraq deyib ki, burada yəhudilər
və digər millətlər tarixən birgə
yaşayıblar. Ermənilər isə onların dini və mədəni
abidələrini məhv ediblər.
Ermənistanda hazırda faşist diktaturası
hökm sürür, faşizm rejimi hətta müqəddəsləşdirilib.
Bu nəinki digər millətləri, hətta regionda
yaşayan başqa xalqların da təhlükəsizliyinə
təhdiddir və qorxu hissi yaradır. Monoetnik dövlət
olan Ermənistanda yaşayan etnik qrupların sayı kəskin
şəkildə azalıb. Ermənistan tarix boyunca ölkədə
yaşayan etnik qruplar olan rusları, yəhudiləri və azərbaycanlıları
mərhələli şəkildə ərazisindən
çıxarıb. Belə bir kəskin demoqrafik dəyişiklik
heç bir ölkədə müşahidə olunmayıb.
Konfransda, həmçinin Əsir
və itkin düşmüş, girov
götürülmüş vətəndaşlarla əlaqədar
Dövlət Komissiyasının işçi qrupu rəhbərinin
müavini Eldar Səmədovun “Azərbaycan xalqının qəhrəman
övladlarının Vətən uğrunda şücaət
nümunələri” mövzusunda məruzəsi də dinlənilib.
Eldar Səmədov diqqətə
çatdırıb ki, qədim dövrlərdən etibarən
Azərbaycanda müxtəlif xalqlar və millətlər birgə
yaşamış və dilindən, dini-etnik mənsubiyyətindən
asılı olmayaraq, Vətənimizin inkişafında əvəzsiz
rol oynayıb, müqəddəs torpaqlarımızın
yadelli işğalçılardan müdafiəsində
çiyin-çiyinə iştirak edərək qəhrəmanlıq
nümunələri göstəriblər.
Ermənistanın aşkar təcavüzü
ilə bağlı münaqişənin silahlı mərhələyə
keçdiyi 1991-ci ildən ermənilər istisna olmaqla, Azərbaycanda
yaşayan bütün xalqlar tarixi Vətənin ərazi
bütövlüyü uğrunda döyüşlərə
qatılıb. Onların bəziləri həlak olub,
itkin düşüblər. “Adları Azərbaycan tarixinə
qızıl həriflərlə əbədi həkk
olunmuş 215 Milli Qəhrəmanımızdan 16-sı ölkəmizdə
yaşayan xalqların dəyərli nümayəndələridir.
Bu igid övladlarımız doğulduqları Azərbaycan
Respublikasının suverenliyi, dövlətçiliyi və ərazi
bütövlüyü uğrunda canlarını qurban verib və
əbədiyyətə qovuşublar. Qədirbilən
xalqımız və dövlətimiz bu qəhrəmanları
heç vaxt unutmur, adlarını əbədiləşdirərək
gənc nəsillərə nümunə kimi təqdim edir, hərbi
vətənpərvərlik tərbiyəsinin
formalaşması işində onların qəhrəmanlığı
önə çəkilir. Dağlıq
Qarabağ uğrunda döyüşlərdə qəhrəmanlıqla
döyüşərək şəhid olmuş və Azərbaycanın
Milli Qəhrəmanı adı verilmiş igid təyyarəçilərimiz,
ləzgi, ruslar, ukraynalıların, Qusar rayonunda ləzgi ailəsində
doğulmuş Azərbaycanın Milli Qəhrəmanı
Çingiz Qurbanovun əziz xatirələri
yaddaşlardan heç vaxt silinməyəcək”, - deyə
Eldar Səmədov bildirib.
Sonra tarixçi-alim, tədqiqatçı
Azər Səlimovun “Ermənistanın Azərbaycana
qarşı uğursuz təxribat-pozuculuq cəhdləri”,
Böyük Britaniyanın London İqtisadiyyat Məktəbinin
tədqiqatçısı Mikaela Nikolettanın “Azərbaycanda
etnik müxtəliflik”, AMEA-nın Qafqazşünaslıq
İnstitutunun əməkdaşı Turan
İsmayılovanın “Ermənistanda ifrat millətçilik
və ayrı-seçkilik”, Azərbaycan Respublikasının
Alban-Udi Xristian dini icmasının sədri Robert Mobilinin “Tarixə
baxış: Alban Apostol kilsəsinin erməniləşdirilməsi
cəhdləri”, AMEA-nın Qafqazşünaslıq
İnstitutunun əməkdaşı Nəsibə Mirzəyevanın
“Gürcü kilsələrinin erməniləşdirilməsi
məsələsi” mövzularında məruzələri dinlənilib.
Məruzələrdə Azərbaycan
dövlətinin uğurla reallaşdırıldığı
və beynəlxalq aləmdə rəğbətlə
qarşılanan mədəniyyətlərarası dialoq,
tolerantlıq və multikulturalizm siyasətinin ümumbəşəri
dəyərlərin qorunmasında və beynəlmiləl
münasibətlərin genişləndirilməsindəki yeri və
rolu barədə danışılıb. Monoetnik
və təcavüzkar Ermənistanda hökm sürən
ksenofobiyanın, faşizmin və ifrat şovinizmin dövlət
siyasəti səviyyəsinə qaldırılması, həmçinin
sürətli inkişafın, xalqlararası dostluğun və
əməkdaşlığın rəmzinə
çevrilmiş bölgə ölkələrinə
separatçılıq və milli ayrı-seçkilik
kimi təhlükələri “ixrac” etməsi cəhdləri və
bunun ümumi sabitlik, əmin-amanlıq üçün
doğurduğu qorxulu fəsadlar barədə dünya ictimaiyyətinin
diqqətinə ünvanlanmış məlumatlar
paylaşılıb. Habelə Ermənistanın təcavüzkar,
qeyri-konstruktiv və dağıdıcı fəaliyyətinin
ifşa olunması ilə bağlı konkret və əsaslı
faktlar əyani şəkildə göstərilib.
Daha sonra mövzu ətrafında aparılan
müzakirələrdə çıxış edən
Qafqazşünaslıq İnstitutunun direktoru, Milli Məclisin
deputatı Musa Qasımlı Ermənistan hakimiyyətinin
dağıdıcı fəaliyyəti barədə belə
müzakirələrin nəticələrinin dünya ictimaiyyətinə
çatdırılması baxımından konfransın
önəmini yüksək qiymətləndirib. Həmçinin
Azərbaycan dövlətinin multikultural siyasətinin və
ölkəmiz barədə həqiqətlərin təbliği
baxımından bu tədbirin əhəmiyyəti xüsusi
vurğulanıb.
Dövlət Komissiyasının
katibi, işçi qrupun rəhbəri İsmayıl Axundov səmərəli
müzakirələrin aparıldığı konfransda səslənən
məruzələrin vahid bir nəşrdə toplanılaraq
müxtəlif dillərə tərcümə edilib
yayılacağını söyləyib.
Yeni Azərbaycan.-
2017.-29 noyabr.- S.6.