Azərbaycanın
regionlarında aqrar sektor yeni yanaşmalar əsasında
inkişaf etdirilir
İndiyədək ölkədə 2 aqropark
yaradılıb və 26 rayon üzrə 157,8 min hektar ərazidə
daha 37 aqroparkın yaradılması təşviq olunur
Son illərdə Azərbaycanda
Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq
müəyyənləşdirilən iqtisadiyyatın şaxələndirilməsi
strategiyasında kənd təsərrüfatında yüksək
məhsuldarlığa nail olunması əsas hədəflərdən
biri kimi nəzərdə tutulub. Bu məqsədlə
ölkənin aqrar sektorunda dünya təcrübəsində
təsdiqini tapan qabaqcıl təcrübənin, intensiv
metodların tətbiqinə yaşıl işıq
yandırılır. Hazırda respublikamızda
iri fermer təsərrüfatlarının yaradılması
uğurla həyata keçirilir. İndiyədək dövlət
başçısının tapşırığına
uyğun olaraq ölkəmizin 20 rayonunda 44 min hektardan çox
sahədə 22 sahibkarlıq subyekti tərəfindən 32 iri
fermer təsərrüfatı
yaradılıb. Ümumi dəyəri 181 milyon manat olan bu təsərrüfatların
yaradılmasına 72,4 milyon manat dövlət güzəştli
kreditləri verilib. İri fermer təsərrüfatlarında
məhsuldarlıq hər hektardan arpa və buğda üzrə
58-60, qarğıdalı üzrə isə təxminən 120
sentner təşkil edir.
Aqroparkların yaradılması kənd təsərrüfatının
yeni yanaşmalar əsasında inkişafına yaxşı
nümunədir
Son vaxtlar Prezident İlham Əliyevin qeyri-neft
sektorunun inkişafının sürətləndirilməsi,
aqrar sahədə intensiv texnologiyaların tətbiqi ilə
bağlı tapşırığına uyğun olaraq ölkəmizdə
aqroparkların yaradılmasına başlanılıb. Bu məqsədlə
aqroparklarda müasir istehsal, emal və infrastruktur müəssisələrinin
yaradılmasına 40 milyon manatdan artıq güzəştli
kredit verilib.
Respublikanın ayrı-ayrı bölgələrində
bitkiçilik və heyvandarlıq istiqamətli aqroparkların
yaradılması ölkəmizdə qeyri-neft
iqtisadiyyatının mühüm qolu olan aqrar sektorun yeni
yanaşmalar əsasında inkişaf etdirilməsinə
yaxşı nümunədir. Regionların potensialı, ənənələri,
əmək resursları və bu kimi digər mühüm amillər
nəzərə alınmaqla yaradılan aqroparklar bir sıra
nöqteyi-nəzərdən əhəmiyyətlidir.
Yaradılan aqroparklar məhsul istehsalının bütün
tsikllərini əhatə edir ki, bu da bölgələrdə
torpaq fondundan daha səmərəli istifadə olunmasına və
məhsuldarlığın artmasına müsbət təsir
göstərir. Azərbaycan hər cəhətdən
müasir təsərrüfatlar sayılan aqroparkların
yaradılmasını siyasi və maddi cəhətdən dəstəkləməklə
daxili ərzaq tələbatını bütünlüklə
yerli istehsal hesabına qarşılamaq, eyni zamanda, xarici
bazarlara çıxarılacaq məhsullarımızın
həcmini artırmaq məqsədi güdür.
Qeyd edək ki, indiyədək ölkənin
regionlarında 10 min hektar ərazidə 2 aqropark
yaradılıb. Bunlar Xaçmaz rayonunda “Yalama Aqroparkı” və
Qərb bölgəsində “Şəmkir Aqroparkı”dır.
“Yalama Aqroparkı” bir il ərzində əkin
sahələrini 3 dəfə genişləndirib
Ölkənin regionlarında ilk olaraq fəaliyyətə
başlayan “Yalama Aqroparkı”nın kollektivi yeni təsərrüfat
subyektinin yaradılmasının birinci ilini yüksək
istehsal göstəriciləri ilə qarşılayıb. Məlumat
üçün bildirək ki, “Yalama Aqroparkı” 2016-cı il
sentyabrın 8-də Prezident İlham Əliyevin xeyir-duası
ilə istifadəyə verilib. “Yalama Aqroparkı”nın
yaradılmasına layihənin 1-ci mərhələsi üzrə
20 milyon manat investisiya qoyulub. Bu investisiya nəticəsində
aqroparkda 1113 baş sağmal olmaqla 3 min başlıq cins
iribuynuzlu heyvandarlıq kompleksi, istehsal gücü saatda 5 ton olan
yem zavodu, 460 hektar sahədə iri əkinçilik təsərrüfatı,
taxıl anbarları, texnika parkı, müasir suvarma sistemi və
lazımi infrastruktur işləri icra edilib. Ümumilikdə
qoyulmuş investisiya nəticəsində layihənin birinci mərhələsi
üzrə 170 daimi iş yerinin yaradılmasına, illik 4
milyon manat dəyərində təbii süd və 1,5 milyon
manat dəyərində bitkiçilik məhsulları
istehsalına nail olunub. Dövlət
investisiyaları hesabına təsərrüfatın fasiləsiz
su təminatı, eləcə də ətraf kəndlərin
suvarma suyuna olan ehtiyaclarının ödənilməsində
mühüm rol oynayan 3,2 kilometr uzunluğunda beton suvarma
kanalı və tutumu 50 min kubmetr olan su hovuzu tikilib.
Qarşıya qoyulan tapşırığa
uyğun olaraq, son bir ildə “Yalama Aqroparkı”nın əkin
sahələri 3 dəfə artırılıb, eyni zamanda, istehsal
genişləndirilib. Xaçmaz rayonunun Müqtədir qəsəbəsində
Dövlət Ehtiyat Fondu torpaqlarından 956 hektar torpaq sahəsi
uzunmüddətli icarəyə götürülərək əkin
dövriyyəsinə qatılıb. Bununla da müəssisənin
əkin dövriyyəsinə cəlb etdiyi torpaq sahəsi 523 hektardan
1479 hektara çatdırılıb. Bununla yanaşı, idxal əvəzləyici
xarakterə malik soya bitkisinin əkini aparılıb, taxıl
və qarğıdalı bitkisinin əkininin həcmi
genişləndirilib. Həmçinin aqroparkdakı
heyvandarlıq kompleksinin genişləndirilməsi sahəsində
işlər sürətlə davam etdirilir.
“Yalama Aqroparkı” həm təsərrüfatda
saxlanılan heyvan sayı, həmçinin daimi işçi
heyətinin sayına görə ölkə üzrə fəaliyyət
göstərən ən iri heyvandarlıq təsərrüfatlarından
biridir. Təsərrüfatda cəmi heyvan sayı 2 min 100
başa bərabərdir. Hazırda Avstriya və Almaniyadan gətirilmiş
inəklərdən ikinci laktasiya üzrə balaların
alınması davam etdirilir. Həmçinin 300-ə yaxın
dişi damazlıq düyələrdən növbəti il
balalar alınacaq ki, onlar da sürü üzrə sağmal inək
sayının artmasını təmin edəcək.
Hazırda təsərrüfatın istehsal
imkanlarının daha da genişləndirilməsi üzərində
işlər davam etdirilir. Kompleksdə saxlanılan heyvan
sayını artırmaq üçün ilk öncə yem
bazasının da buna adekvat şəkildə
artırılması tələb olunur ki, artıq bu istiqamətdə
işlər uğurla həyata keçirilib. Növbəti
dövr üçün hədəf təsərrüfatda əldə
edilmiş cins damazlıq düyələrin, eyni zamanda,
intensiv seleksiya işi sayəsində heyvandarlıq kompleksindəki
ümumi heyvan sayını artırmaqdır. Həmçinin ət
istehsalını artırmaq üçün 1000 başlıq
yeni kökəltmə fermasının tikintisinə
başlanılması üzrə işlər davam etdirilir.
“Yalama Aqroparkı”nda istehsal sahələri
üzrə innovativ yanaşma və müasir texnologiyadan
istifadə edildiyindən istehsal sahələri üzrə də
yüksək məhsuldarlıq səviyyəsinə nail olunub.
Keçən əkin ilində dənlik qarğıdalı əkinində
hər hektardan 15,6 ton məhsul yığılıb ki, bu da
ölkə üzrə indiyə qədər əldə
edilmiş ən yüksək məhsuldarlıq göstəricisidir.
Son təsərrüfat ilində müəssisədə
400 hektar sahədə arpa əkini, 128 hektar sahədə yonca,
170 hektar sahədə dən qarğıdalı, 300 hektar sahədə
silosluq qarğıdalı əkini və 50 hektar sahədə
soya əkini aparılıb. Ümumilikdə son 1 ildə 895
ton dən arpa və 1846 ton arpa senajı, 2 min 600 ton yonca
senajı və 900 min ton quru yonca otu, 1560 ton dən
qarğıdalı və 4325 ton silosluq qarğıdalı
istehsal edilib. Hazırda 200 hektar silosluq qarğıdalı sahəsində
məhsul yığımı davam edir. Heyvandarlıq sahəsi
üzrə gündəlik istehsal həcmi hazırda 13 tona bərabərdir.
“Yalama Aqroparkı”nda nəzərdə tutulan
yeni layihələr böyük perspektiv vəd edir
“Yalama Aqroparkı”nda perspektivdə müəssisənin
istehsal imkanlarının artırılmasına hesablanan yeni
layihələrin icrası diqqət mərkəzində
saxlanılır. Aqroparkın ərazisində yeni meyvə
bağlarının salınması buna misaldır. Layihə
üzrə müasir suvarma sistemləri olan dairəvi
pivotların arasında suvarılmayan sahələrin intensiv
bağçılıq üçün istifadəsi nəzərdə
tutulub. Hazırda Yalama ərazisində qurulmuş müasir
suvarma sistemləri üzrə intensiv meyvə
bağlarının salınması üçün
planlaşdırılan sahə 60 hektarı əhatə edir.
Müqtədir ərazisində isə müasir suvarma sistemlərinin
yaradılması üzrə işlər
aparıldığından həmin ərazidə salınacaq
meyvə bağlarının sahəsi tam müəyyənləşdirilməyib.
Bu ərazidə pivot tipli suvarma sistemləri və ya
yeraltı damcı suvarma sistemlərinin tətbiqi ilə
bağlı məsləhətləşmələr
aparılır. Suvarma sistemlərinin qurulması üzrə
işlər yekunlaşdıqca meyvə bağlarının
salınması işlərinə start veriləcək.
İlkin olaraq region üçün xarakterik olan
şaftalı, gilas və gavalı tinglərinin əkini
planlaşdırılır.
Hazırda ölkə
başçısının tapşırığı əsasında
“Yalama Aqroparkı”nın istifadəsinə verilən 956 hektar əkin
sahəsində müasir suvarma sisteminə malik bitkiçilik
təsərrüfatının qurulması işləri icra
edilir. Daxili drenaj və kollektor sistemləri təmizlənib, ərazi
daxili suvarma kanalları bərpa edilib. Həmçinin
əkinlərin daimi suvarma suyu ilə təmini
üçün Su və Meliorasiya Təsərrüfatı
İdarəsi ilə əraziyə daimi su mənbəyi olan
“Xanarx” və digər suvarma kanallarından beton kanalların
çəkilişi üzrə layihələndirmə işləri
aparılır. Əraziyə 2 müxtəlif suvarma mənbəyindən
10 km-ə yaxın beton suvarma kanalının çəkilməsi
və 2 ədəd tutumu 50 min kubmetr olan su hovuzunun tikilməsi
nəzərdə tutulub. Müasir suvarma sistemlərinin
qurulması üçün Valley, Reinke və Lindsay kimi
dünyaca məşhur şirkətlər ilə
danışıqlar aparılır.
Eyni zamanda, aqroparkda heyvandarlıq kompleksinin
tutumunu 1300 baş sağmal inəyə çatdırmaq və
Müqtədir ərazisində 1000 başlıq ətlik
heyvandarlıq kompleksinin tikintisi üzrə layihələndirmə
işləri icra edilir. Heyvandarlığın artan yem tələbatını
təmin etmək üçün tutumu 6 min 500 kubmetr olacaq
taxıl anbarı və gücü 25 ton olan yeni qurutma
sisteminin qurulması üzrə işlər davam etdirilir.
Aqroparkda yüksəkkeyfiyyətli süd
istehsalı ölkəmizin süd məhsullarına olan tələbatının
ödənilməsində əhəmiyyətli rol oynayır.
Aqropark yaxın gələcəkdə süd emalı zavodunun
işə salınması ilə süd emalı məhsulları
üzrə, həmçinin kərə yağı üzrə
artan tələbatın ödənilməsinə öz
töhfəsini verəcək.
“Şəmkir Aqroparkı”nın
yaradılmasına 22,7 milyon manat güzəştli kredit
ayrılıb
Qərb bölgəsində
yaradılan “Şəmkir Aqroparkı”nın da istehsal
imkanları kifayət qədər genişdir. Ümumi dəyəri
100 milyon manatdan çox olan “Şəmkir Aqroparkı”nda həyata
keçirilən layihələrə İqtisadiyyat Nazirliyinin
Sahibkarlığa Kömək Milli Fondu tərəfindən
22,7 milyon manat dövlətin güzəştli krediti
verilib. Aqroparkın kommunikasiya təminatı üçün
dövlət dəstəyi ilə 25 meqavat gücündə
elektrik stansiyası tikilib, saatda buraxılış
gücü 18 min kubmetr olan 9 kilometr uzunluğunda qaz xətti,
48 portluq 22 kilometr fibrooptik rabitə xətti çəkilib.
Hazırda 11 kilometr uzunluğunda dəmir yolu xəttinin
inşası da layihələndirilir.
Aqroparkın “Ceyrançöl”
massivi ərazisində yerləşən hissəsində kənd
təsərrüfatının inkişafına xidmət edəcək
8 min hektar torpaq sahəsinin əkin dövriyyəsinə daxil
edilməsi, Kür çayından əraziyə 2 istiqamətdə
730 millimetr diametrli dəmir borularla 27,5 kilometr və qismən
kiçik diametrli borularla 15,6 kilometr təsərrüfatdaxili
su xətlərinin çəkilməsi təmin edilib.
Ərazidə lazımi infrastrukturun yaradılması
üçün Prezident İlham Əliyevin 2017-ci il 13 yanvar
tarixli və Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2016-cı il 10 oktyabr tarixli sərəncamlarına əsasən
dövlət büdcəsindən 3 milyon 200 min manat vəsait
ayrılıb. Aqropark üçün “New
Holland” markalı 10 müasir traktor, 45 adda müxtəlif kənd
təsərrüfatı maşın və qoşqu
avadanlığı lizinq yolu ilə alınıb, ümumi
tutumu 15 milyon kubmetr olan 3 sututar inşa edilib, sahəsi 2016
kvadratmetrə çatan anbar yaradılıb. Ərazidə
böyük gücə malik elektrik yarımstansiyası
və 6 transformator quraşdırılıb, ümumilikdə
35 kilometr uzunluğunda elektrik xətti çəkilib. İki
üzən ponton üzərində 3 yeni motor və su nasosu, həmçinin
1000 hektar torpaq sahəsində ABŞ-ın “Lindsay” şirkətindən
alınmış müxtəlif radiuslu 14 müasir pivot suvarma
aqreqatı və avadanlığı quraşdırılıb.
Bütün bunlar məhsuldarlığa müsbət təsir
göstərib. Nəticədə pivotaltı sahələrə
ötən il şəkər çuğunduru əkilərək
14 min ton məhsul yığılıb və İmişli
şəkər zavoduna təhvil verilib. Cari ildə həmin
pivotaltı sahəyə qarğıdalı bitkisi əkilib.
“Ceyrançöl”də 35 nəfər daimi, 200
nəfər mövsümi işlə təmin olunub. Burada sahəsi 260 kvadratmetr olan 9 otaqdan ibarət ikimərtəbəli
ofis binası tikilib. Ərzaq təhlükəsizliyinin təmin
edilməsinə töhfə vermək məqsədilə
aqroparkda mövcud 1000 hektar pivotaltı sahənin genişləndirilərək
əlavə 2017-ci ildə 2000 hektar, 2018-ci ildə 1600 hektar
olmaqla, ümumilikdə 4600 hektara çatdırılması
planlaşdırılır. Bu ilin
payızında 3 min hektar pivotaltı sahəyə taxıl əkilməsi
və 15 min ton məhsul istehsalı, 2018-ci ildə isə 3 min
hektarda qarğıdalı əkilməsi və 30 min ton məhsul
götürülməsi nəzərdə tutulur. İntensiv
bağçılığın yaradılması məqsədilə
isə 2400 hektarda damcılı suvarma sistemlərinin
quraşdırılması layihələndirilib. Nəticədə
gələcəkdə 36 min ton məhsul istehsalı gözlənilir.
Pivotaltı sahəyə qarşıdakı illərdə
növbəli əkin prinsipinə uyğun olaraq soya, kartof,
soğan və digər bitkilər də əkiləcək.
Sözügedən məhsulların saxlanılması
üçün 30 min tonluq taxıl anbarı kompleksinin
qurulması, 10 min tonluq kartof saxlama-soyuducu kameranın
yaradılması nəzərdə tutulur. Səkkiz
min hektar torpaq sahəsini əhatə edəcək aqrotexniki
qulluq prosesini vaxtında yerinə yetirmək məqsədilə
aqroservis bazasının genişləndirilməsi
üçün ABŞ-ın “John Deere” şirkətinin
istehsalı olan 30 adda müasir kənd təsərrüfatı
texnika və avadanlığının alınması da
planlaşdırılır. Nəticədə 5 min daimi,
1500 mövsümü iş yeri yaradılacaq.
“Ceyrançöl”də salınacaq bağçılıq təsərrüfatının
məhsulları “Şəmkir Aqroparkı”nın Logistika Mərkəzində
emal ediləcək, həmin məhsulların satışı
və ixracı məhz buradan təmin olunacaq.
Aqroparkın Könüllü kəndi ərazisində
yerləşən hissəsinin ümumi ərazisi 604
hektardır. Bu ərazinin 100 hektarı sənaye sahəsi, 200
hektarı istixanalar, 274 hektarı intensiv
bağçılıq, 25 hektarı tingçilik, 5
hektarı şitilçilik üçün nəzərdə
tutulub.
Aqroparkın yaradılması
ölkənin ixrac həcminin artırılmasında və
coğrafiyasının genişləndirilməsində, milli
brendlərin yaradılmasında, kiçik və orta fermerlərin
innovativ qabiliyyətinin artırılmasında, intensiv
metodların geniş tətbiqində, kənd təsərrüfatı
sahəsində əlaqələndirilən vahid sistemin,
eləcə də istehsalçı, emalçı və
istehlakçı arasında inteqrasiya münasibətlərinin
formalaşmasında, yüksək məhsuldarlığın əldə
olunmasında, aqrar sahədə ixtisaslı kadrların
hazırlanmasında və yeni iş yerlərinin
yaradılmasında əhəmiyyətli rol oynayacaq.
“Şəmkir Aqroparkı”nın Loqistika Mərkəzində
ən müasir avadanlıqlar quraşdırılıb
“Şəmkir Aqroparkı”nın genişləndirilməsi
istiqamətində işlər davam etdirilir. Cari ilin avqust
ayında aqroparkın mühüm seqmenti olan Loqistika Mərkəzi
Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə
verilib.
Logistika Mərkəzinin ərazisi 12,3 hektar,
uzunluğu 254, eni isə 141 metrdir. İstehsal sahəsi 3,9
hektar ərazini əhatə edir. Burada
Fransanın tanınmış şirkətlərindən
birinin meyvələri ölçüsünə, rənginə,
zədəliyinə görə çeşidləyən və
qablaşdıran avadanlıqları quraşdırılıb.
İri ölçülü meyvələri çeşidləyən
avadanlıqların gücü saatda 50 ton, kiçik
ölçülü meyvələri
çeşidləyən avadanlıqların gücü isə
saatda 2 tondur. İstehsal sahəsində, eyni zamanda, 200 ton məhsul
qəbul edə biləcək 2 terminal, 120 ton hazır məhsulu
yola sala bilən 1 terminal mövcuddur. “Şəmkir
Aqroparkı”nın Logistika Mərkəzində müasir
avadanlıqlarla təchiz edilmiş laboratoriya fəaliyyət
göstərir. Burada meyvə və tərəvəzlərin
keyfiyyəti, toksikliyi, bakterioloji və mikrobioloji göstəriciləri
üzrə analizlər aparılır. Logistika Mərkəzində
meyvə və tərəvəzlərin çeşidlənməsi,
qablaşdırılması və soyuducu kameralarda
saxlanılması müasir standartlara uyğun olmaqla
mühüm texnoloji proseslərdən keçirilərək
aparılır. Bu zaman laboratoriya təhlilləri nəzərə
alınır, sonra məhsul xüsusi hidroşoklama
qurğusundan keçirilir. Nəticədə məhsulun
çeşidlənməsi və qablaşdırılması
zamanı, həmçinin soyuducu kamerada temperatur fərqində
zədə alması minimuma endirilir.
Mərkəzdə regionda yetişdirilən
xurmanın alıcılıq qabiliyyətini aşağı
salan xüsusi dadın aradan qaldırılmasını təmin
edən və gücü sutkada 1 ton olan “determing room”
qurğusu da var. Mərkəzdə, eyni zamanda,
İtaliyanın aparıcı şirkətlərindən
birinin tutumu 24 min ton olan 71 ULO tipli soyuducu saxlama kamerası
quraşdırılıb. Soyuducu depolarda meyvə və tərəvəzin
növlərinə görə 25 gündən 270 günə
qədər minimum itki və keyfiyyətlə
saxlanılması təmin olunur.
Logistika Mərkəzində sahibkarların ixrac
əməliyyatları ilə əlaqədar prosedurları sadələşdirmək
və sürətləndirmək məqsədilə “bir pəncərə”
sistemi qurulub. Burada Dövlət Gömrük
Komitəsinin, İqtisadiyyat Nazirliyi İstehlak
Mallarının Ekspertizası Mərkəzinin, Kənd Təsərrüfatı
Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarət Xidmətinin,
“Atabank” kommersiya bankının müvafiq strukturları fəaliyyət
göstərəcək.
“Şəmkir Aqroparkı”nın Logistika Mərkəzi
tam gücü ilə fəaliyyət göstərəndə
burada 274 nəfərin işləməsi nəzərdə
tutulur. Hazırda mərkəzdə 179 nəfər
çalışır. Orta aylıq əməkhaqqı 600
manatdır. Bu ərazidə 2-ci mərhələdə
müasir istixana kompleksi, şitilçiklik, tingçilik və
intensiv bağçılıq təsərrüfatları,
meyvə və tərəvəz emalı zavodları, tara
istehsalı fabriki, aqroservis və satış mərkəzləri,
avtopark, elmi araşdırma və innovasiyalar mərkəzi,
hotel və müxtəlif infrastruktur müəssisələri
inşa olunacaq.
Daha bir
müasir aqropark Cəlilabadda yaradılır
Qeyd etdiyimiz kimi, aqrar sektorun yeni yanaşmalar əsasında
inkişaf etdirilməsi, o cümlədən də
aqroparkların yaradılması bütün ölkə boyu həyata
keçirilir.
Belə müasir aqroparklardan biri də Cəlilabadda
yaradılır. Prezident İlham Əliyev bir qədər
bundan əvvəl Cəlilabad rayonuna səfəri çərçivəsində
burada “Günəşli-Aqro” Məhdud Məsuliyyətli Cəmiyyətin
aqroparkında yaradılan şəraitlə tanış
olub.
Cəlilabadın Günəşli kəndində
müasir tələblərə cavab verən aqroparkın
yaradılması bir neçə vacib məqamı
özündə birləşdirir. İlk növbədə,
bu cür layihələrin həyata keçirilməsi kənd
təsərrüfatının vacib sahələrindən olan
heyvandarlığın inkişafına təkan verir, bu sahədə
elmi yeniliklərin tətbiqinə şərait yaradır.
Bundan başqa, belə aqroparklar ərzaq təhlükəsizliyinin
təmin edilməsi, ölkəmizdə mal-qaranın cins tərkibinin
yaxşılaşdırılması baxımından da
böyük əhəmiyyətə malikdir. Ən əsası
isə, bu cür müəssisələrin fəaliyyətə
başlaması rayonun iqtisadi imkanlarını artırmaqla yeni
iş yerlərinin yaranmasına səbəb olur. Belə müəssisələrin fəaliyyətə
başlaması həm də regionların özünü
maliyyələşdirməsi, mövcud iqtisadi potensialdan daha səmərəli
istifadə, idxalı əvəzləyən və
ixracyönümlü istehsal, emal və infrastruktur müəssisələrinin
yaradılması istiqamətində Prezident İlham
Əliyevin rəhbərliyi ilə görülən işlərin
tərkib hissəsi kimi xarakterizə edilir.
Aqroparkın sahəsi 1600 hektardır. Onun 1200
hektarında müasir suvarma - pivot sistemləri
quraşdırılıb. Ümumi dəyəri 12,7 milyon manat olan bu sistemin qurulmasına
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli
Fondu tərəfindən 4 milyon manat güzəştli kredit
verilib. Aqroparkın torpaqlarının 563 hektarında arpa, 530
hektarında şəkər çuğunduru, 219 hektarında
buğda, 160 hektarında pambıq, 68 hektarında
qarğıdalı, 60 hektarında isə yonca əkilib.
Əkilmiş sahələrdən 1745 ton arpa, 610 ton buğda,
1278 ton qarğıdalı, 20 min ədəd yonca və 30 min ədəd
saman bağlaması götürülüb. 2018-ci ildə 173
hektarda pambıq, 240 hektarda buğda, 507 hektarda arpa, 80 hektarda
qarğıdalı, 530 hektarda şəkər
çuğunduru və 70 hektarda yonca əkilməsi nəzərdə
tutulur.
Perspektivdə
ölkə ərazisində yeni aqroparkların
yaradılması güclü şəkildə təşviq
edilir
Perspektivdə Azərbaycanın bölgələrində
aqroparkların sayı daha da artacaq. Hazırda ölkə ərazisində
26 rayon üzrə 157,8 min hektar ərazidə
37 aqroparkın yaradılması təşviq olunur. Bundan 23-ü iri bitkiçilik təsərrüfatı,
14-ü isə heyvandarlıq kompleksidir. Bu aqroparklarda 10
min yeni iş yerinin açılması nəzərdə
tutulur. On aqropark üzrə dəyəri 390
milyon manat olan 13 layihəyə investisiya təşviqi sənədi
verilib. Hazırda Hacıqabul, Goranboy, Samux, Ağcabədi,
Qax, Salyan, Kürdəmir, Şamaxı, Saatlı, Cəlilabad,
Füzuli və İsmayıllı rayonlarında 58 min hektar ərazidə
12 aqroparkın yaradılmasına başlanılıb.
Aqroparklar tam fəaliyyətə başladıqdan sonra il ərzində təxminən 500 milyon manat dəyərində
kənd təsərrüfatı məhsulları istehsal
olunacaq.
Mübariz
ABDULLAYEV
Yeni Azərbaycan.-
2017.- 4 oktyabr.- S.7.