Əhalinin təmiz içməli
su ilə təminatının gücləndirilməsi istiqamətində
ardıcıl tədbirlər həyata keçirilir
Son illər respublikanın ayrı-ayrı şəhər
və rayonlarının yaşayış məntəqələrində
yüzlərlə yeni artezian və subartezian quyusu qazılaraq
əhalinin istifadəsinə verilib
Əhalinin içməli suya olan
tələbatının ödənilməsi, rayon yerlərində
əkin və həyətyanı torpaq sahələrinin suvarma
suyu ilə təminatının
yaxşılaşdırılması hazırda ölkəmizdə
həyata keçirilən sosial siyasətin mühüm istiqamətlərindən
birini təşkil edir. Azərbaycan
Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına
uyğun olaraq, son illər Prezidentin ehtiyat fondundan
ayrılmış vəsait hesabına respublikanın
ayrı-ayrı şəhər və rayonlarının
yaşayış məntəqələrində yüzlərlə
yeni artezian və subartezian quyusu qazılaraq əhalinin istifadəsinə
verilib. Bundan başqa, regionlarda əhalinin
içməli suya olan tələbatının ödənilməsi,
rayon yerlərində əkin və həyətyanı torpaq
sahələrinin suvarma suyu ilə təminatının
yaxşılaşdırılması istiqamətində də
işlər ardıcıllıqla davam etməkdədir.
Bu baxımdan “Qobustan şəhərinin içməli su təchizatı
və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi
də mühüm əhəmiyyət daşıyır.
Xatırladaq ki, oktyabrın 2-də Prezident İlham Əliyev
layihənin yekunlaşması ilə bağlı təşkil
olunan mərasimdə iştirak edib. Məlumat
üçün bildirək ki, Qobustan şəhərinin
içməli su təchizatı və kanalizasiya sistemlərinin
yenidən qurulması Azərbaycan hökuməti və Yaponiya
Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi
“Kiçik şəhərlərdə su təchizatı və
kanalizasiya” layihəsi” çərçivəsində həyata
keçirilib. Layihə 2030-cu ilə qədər
perspektiv inkişaf nəzərə alınmaqla Qobustan şəhərində
11700 nəfərin içməli su təchizatının və
kanalizasiya xidmətlərindən istifadəsinin
yaxşılaşdırılmasına hesablanıb. Layihə çərçivəsində rayonun Təsi,
Bədəlli, Sədəfli, Dərəkənd, Cəmcəmli,
Ərəbqədim və Göydərə kəndlərinə
suyun verilməsi təmin edilib. İcrasına 2015-ci ildə
başlanan layihə çərçivəsində rayonun Təsi
kəndinin yaxınlığında ümumi məhsuldarlığı
saniyədə 87 litr olan 6 subartezian quyusu qazılıb,
Daşarası və Nərimankənd kəndlərinin ərazisində
2 su anbarı inşa edilib. Eyni zamanda, 14,4
kilometr uzunluğunda magistral kəmər çəkilib,
mürəkkəb relyef şəraiti nəzərə
alınmaqla suyun şəhərə
çatdırılması üçün üçpilləli
nasos sistemi quraşdırılıb. Əhaliyə verilən
içməli suyun keyfiyyət göstəricilərinin
uzunmüddətli dövr üçün standartlara
uyğunluğunu təmin etmək məqsədilə su
mənbəyində məhsuldarlığı sutkada 3800
kubmetr olan əks osmos tipli təmizləyici qurğunun
inşası yekunlaşmaq üzrədir. “Kiçik
şəhərlərdə su təchizatı və
kanalizasiya” layihəsi” çərçivəsində Qobustan
şəhəri ilə yanaşı, Qusar, Naftalan, Xaçmaz
və Xızı şəhərlərinin də içməli
su təchizatı və kanalizasiya sistemlərinin yenidən
qurulması layihələri həyata keçirilir. Qusar
və Naftalan şəhərlərində su və kanalizasiya
sistemlərinin yenidən qurulması layihəsi
yekunlaşıb. Hazırda Xaçmaz və Xızıda
içməli su və kanalizasiya şəbəkələrinin
tikintisi davam etdirilir.
Qeyd olunub ki, layihə çərçivəsində
Qobustan şəhərində 68 kilometrlik içməli su
şəbəkəsi yaradılıb, 1900 ünvana birləşmə
verilib, bütün abunəçilər sayğacla təmin edilib.
Artıq bütün şəhər əhalisi yeni şəbəkə
vasitəsilə keyfiyyətli və dayanıqlı su ilə təmin
olunur. Layihəyə uyğun olaraq Qobustan şəhərində
ilk dəfə kanalizasiya şəbəkəsi
yaradılıb, 42 kilometr uzunluğunda kanalizasiya xəttinin və
1160 baxış quyusunun inşası yekunlaşıb və hər
bir evə birləşmə verilib. Şəhərdə
yaranan tullantı sularının toplanıb təmizləyici
qurğuya ötürülməsi üçün 7
kilometrlik kanalizasiya kollektoru da tikilib. Tullantı
sularının zərərsizləşdirilməsi
üçün məhsuldarlığı sutkada 2500 kubmetr
olan təmizləyici qurğunun inşası üzrə
keçirilən tender prosedurları son mərhələdədir
və qarşıdakı aylarda tikinti-quraşdırma işlərinə
başlanılacaq.
Qazax rayonunda da su təsərrüfatının
inkişafı ilə bağlı bir sıra tədbirlər
görülür. Belə ki, rayonun Qazaxbəyli, Ürkməzli,
Aslanbəyli, Ağköynək, Qarapapaq, Xanlıqlar, Alpout, Kəmərli,
Orta Salahlı, Bala Cəfərli kəndlərindən sonra
Daş Salahlı kəndinə də içməli su xəttinin
çəkilişinə başlanılıb. Bu məqsədlə
lazımi metal borular və texnika əraziyə gətirilib. Su
xəttinin çəkilişi “İR Konstruktion” MMC tərəfindən
aparılır.
MMC-nin sahə rəisi Fətulla Əliyev
bildirib ki, kəndə çəkilən xəttin uzunluğu
3450 metrdir. Tikinti işləri ilə 3 briqada məşğul
olur. Hazırda boru çəkiləcək ərazidə
qazıntı işləri başa çatmaq üzrədir.
Eyni zamanda, dəmir borular torpağa basdırılmaq
üçün izolyasiya edilir.
Qeyd etmək yerinə düşər ki,
Prezident İlham Əliyevin 2017-ci il 5 iyun tarixli Sərəncamına
uyğun olaraq bu il respublikanın 36 şəhər və
rayonunun 136 yaşayış məntəqəsində daha 150 ədəd
subartezian quyusunun qazılması nəzərdə tutulub. O
cümlədən Qax rayonunun 5 yaşayış məntəqəsində
6 ədəd subartezian quyusu qazılacaq. Rayon
Suvarma Sistemləri İdarəsinin baş mühəndisi Nəzir
Mustafayev bildirib ki, Sərəncamın icrası olaraq, rayonun Almalı,
Zəyəm, Lələpaşa, Kötüklü və
Qaradolaq kəndlərində ümumilikdə 6 subartezian
quyusunun qazıntısı işləri artıq başa
çatıb və bu quyular ilin sonunadək istismara veriləcək.
Ümumilikdə, 2013-2016-cı illər ərzində
Qax rayonunun yaşayış məntəqələrində 39
ədəd artezian və subartezian quyusu qazılaraq əhalinin
istifadəsinə verilib.
Cəbhə bölgəsində yerləşən
Füzuli rayonunda da əkin sahələrinin suvarma suyu ilə
təminatının yaxşılaşdırılması
istiqamətində tədbirlər davam etdirilir. Prezident
İlham Əliyevin “Əkin sahələrinin suvarma suyu ilə
təminatının yaxşılaşdırılmasına və
əhalinin içməli suya tələbatının ödənilməsinə
dair əlavə tədbirlər haqqında” 5 iyun 2017-ci il
tarixli Sərəncamına əsasən, Şükürbəyli,
Alxanlı, Aşağı Kürdmahmudlu kəndlərində
və Horadiz şəhəri ərazisində 4 ədəd
yeni subartezian quyusu qazılıb. Yaxın günlərdə
Şıpartı ərazisində də bir ədəd quyunun
qazılmasına başlanılacaq. Yeni subartezian
quyularının istifadəyə verilməsi ilə rayonun 100
hektardan artıq əkin sahəsi suvarma suyu ilə təmin
ediləcək.
Gəncə şəhərində isə
içməli su təchizatı və kanalizasiya sistemlərinin
yenidən qurulması üzrə işlər 4-cü mərhələdə
uğurla həyata keçirilməkdədir. Xatırladaq
ki, Gəncə şəhərində içməli su təchizatı
və kanalizasiya sistemlərinin yenidən qurulması Azərbaycan
hökuməti və Almaniya İnkişaf Bankının (KFW
bankı) birgə maliyyələşdirdiyi “II Açıq
Kommunal İnfrastruktur Proqramı” çərçivəsində
həyata keçirilir. Gəncə şəhərini
içməli su ilə təmin etmək üçün
Göygöl, Qızılqaya mənbələri və Şəmkirçay
su anbarı seçilib.
“Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov
layihənin birinci və ikinci mərhələlərinin
artıq başa çatdığını deyib. Sədr
müavini qeyd edib ki, bu mərhələ nəticəsində
Gəncədə təxminən 80 000 abonent içməli su
ilə təmin olunacaq. Etibar Məmmədov vurğulayıb
ki, bu mərhələ çərçivəsində həcmi
5000 kubmetr olan su anbarının, 195 km içməli su, 144 km
kanalizasiya şəbəkəsinin, 41 km kollektorun və 2,3 km
mikrotunelin inşası nəzərdə tutulur.
Bildirək ki, layihə Gəncə şəhəri
ilə yanaşı, Göygöl rayonunun Murovdağ qəsəbəsi,
Hacıməlik və Mollacəlilli kəndlərini əhatə
edəcək. Layihənin birinci mərhələsi
çərçivəsində işlərə 2011-ci ilin
avqust ayında başlanılıb, Göygöl su mənbəyində
məhsuldarlığı saniyədə 200 litr olan yeni drenaj
sistemi yaradılıb, Gəncə şəhərində həcmi
4000 kubmetr olan su anbarı tikilib və mənbədən anbara
qədər 24,3 km uzunluğunda magistral kəmər çəkilib.
Bu mərhələ üzrə tikinti işləri 2014-cü
ilin fevral ayında başa çatdırılıb.
Layihənin ikinci mərhələsində
Qızılqaya su mənbəyində bərpa-yenidənqurma işləri
aparılıb, bu mərhələ çərçivəsində
4 km uzunluğunda magistral kəmər, ümumi tutumu 12000
kubmetr olan 3 ədəd anbar və 6,9 km uzunluğunda
anbarlararası xətt inşa edilib. Gəncə şəhərinin
içməli su tələbatının böyük hissəsi
Şəmkirçay su anbarının yaxınlığında
tikilən və məhsuldarlığı sutkada 140 min kubmetr
olan sutəmizləyici qurğudan təmin ediləcək. Layihəyə
əsasən bu mənbədən Gəncə şəhərinə
saniyədə 1336 litr su veriləcək. 27,5 km uzunluğunda
Şəmkirçay-Gəncə magistral kəmərinin
inşası artıq başa çatdırılıb. Gəncə
şəhərinin içməli su və kanalizasiya şəbəkələrinin
tikintisi mərhələlərlə həyata keçirilir və
ümumilikdə 855 km içməli su, 813 km kanalizasiya şəbəkəsinin
tikintisi nəzərdə tutulur. Layihənin
üçüncü mərhələsində 81 km içməli
su, 70 km kanalizasiya şəbəkəsi çəkilib. Eyni
zamanda, şəhərdə 119 çoxmənzilli
yaşayış binasının daxili şəbəkəsi
yenidən qurulub, 7 minə yaxın sayğac
quraşdırılıb.
Hazırda 350 min sakini olan Gəncə şəhərində
əhalinin təxminən 45 faizi və ya 156 min nəfəri mərkəzləşdirilmiş
qaydada içməli su ilə təmin olunur. Onlar qrafikli rejimlə
su alırlar. Gəncə şəhərində 315 km
uzunluğunda kanalizasiya şəbəkəsi mövcuddur və
şəhərin təqribən 45 faizini əhatə edir.
Tullantı sutəmizləyici qurğu işləmədiyindən
tullantı suları Samux rayonu ərazisindəki boş sahələrə
axıdılır.
Daşkəsən rayonunda da əhalinin təmiz
içməli su ilə təminatı istiqamətində
işlər davam etdirilir. Belə ki, Azərbaycan Hökuməti
ilə İslam İnkişaf Bankı tərəfindən
maliyyələşən “Daşkəsən şəhərinin
su və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi
üzrə bir sıra işlər görülüb. Həmin
layihənin bu ilin sonuna kimi başa çatması nəzərdə
tutulub. Mövcud iqlim şəraiti nəzərə
alınaraq həmin sahə üzrə işlərin sürətləndirilməsi
vacibdir. Bu mühüm tədbirin başa çatması nəticəsində
Daşkəsən şəhərinin əhalisi fasiləsiz
olaraq ekoloji cəhətdən təmiz su ilə təmin
olunacaq.
Aqşin ŞAHİNOĞLU
Yeni Azərbaycan.-
2017.- 6 oktyabr.- S.7.