Sahibkarlara verilən dəstək regionlarda aqrar sahənin
inkişafına da səbəb olub
Bunun nəticəsidir ki, bölgələrdə
kənd təsərrüfatında yüksək məhsuldarlıq
əldə edilir
Ölkəmizdə həyata keçirilən
iqtisadi siyasətin əsas məqsədləri arasında ərzaq
təhlükəsizliyinin təminatı, tələbatın
daxili istehsal hesabına ödənilməsi prioritet təşkil
edir. Məhz bunun nəticəsidir ki, ölkə
Prezidenti İlham Əliyevin müvafiq Fərman və sərəncamları,
o cümlədən qəbul olunmuş Dövlət
proqramları əsasında həyata keçirilən
genişməzmunlu islahatlar aqrar sektorun inkişafına əlverişli
şəraitin yaradılmasında əsaslı rol oynayır.
Heç şübhəsiz həyata keçirilən
ardıcıl islahatlar çərçivəsində
sahibkarlığa göstərilən diqqət və
qayğı aqrar sahənin daha da inkişafına əlverişli
zəmin yaradıb. Hər halda ölkəmizin ayrı-ayrı
regionlarında əldə edilən uğurlar, həmçinin
həyata keçirilən işlər də deyilənləri
təsdiqləyir.
Məsələn, verilən məlumatlara
görə, ölkəmizin bir sıra rayonlarında olduğu
kimi Zaqatala rayonunun təsərrüfatlarında da 2018-ci ilin məhsulu
üçün payızlıq dənlilərin səpininə
başlanılıb. İlk günlər rayonun Muğanlı,
Bəhmətli, Dağlı və Faldarlı kəndlərinin
təsərrüfatlarında 131 hektar sahəyə arpa toxumu səpilib.
Bəzi təsərrüfatlarda isə artıq buğda səpininə
də başlanılıb. Cari mövsümdə rayonda 11 min
hektara yaxın sahədə payızlıq dənlilərin səpini
proqnozlaşdırılır. Taxıl səpini
üçün 3 min 650 ton yüksək reproduksiyalı toxum
fondu ayrılıb. Təsərrüfatlarda, eyni
zamanda, payızlıqların səpini üçün
şum çıxarılması işi də davam etdirilir.
İndiyədək 6 min hektardan çox sahədə şum
aparılıb. Ümumiyyətlə, hazırda rayonda
taxılçılıq sahəsində 2 min 700 nəfərədək
əhalinin məşğulluğu təmin olunub. Ötən
mövsüm zaqatalalı fermerlər 10 min 758 hektar taxıl
sahəsindən 34 min 320 ton məhsul götürüblər.
Eyni zamanda, Ağcabədi rayonunun
iqtisadiyyatında aparıcı yer tutan kənd təsərrüfatında
məhsul yığımı davam edir. Son məlumatlara
əsasən, 1505,2 hektardan 16 min 567 ton dən üçün
qarğıdalı, 6 hektardan 7 ton günəbaxan, 1085 hektardan
38 min ton şəkər çuğunduru, 176 hektardan 2246 ton
kartof, 861 hektardan 12 min 114 ton tərəvəz, 612 hektardan 14
min 287 ton bostan məhsulları, həmçinin 9998 ton meyvə və giləmeyvə, 2518 ton üzüm
istehsal edilib. 2016-cı ilin müvafiq dövrünə nisbətən
hər hektardan orta məhsuldarlıq günəbaxan üzrə
57,8 sentner, kartof üzrə 0,1 sentner, tərəvəz
üzrə 8,7 sentner, bostan bitkiləri üzrə 1,3 sentner
artıb. Məhsul yığımı başa
çatmış sahələrdə cari ilin məhsulu
üçün 1580 hektar sahədə təkrar əkin
aparılıb. Payızlıq əkinlər üçün
22 min 519 hektar sahə şumlanıb. 2518 hektarda dən və
yaşıl yem üçün payızlıq bitkilər səpilib.
Hazırda rayonda qarğıdalı, günəbaxan, şəkər
çuğunduru, tərəvəz, meyvə və
üzüm yığımı, payızlıq bitkilərin səpini
davam edir.
Göyçay rayonunda isə nar
bağlarında məhsul yığımı davam edir.
Mütəxəssislərin fikrincə, bu il bağlara göstərilən
yüksək aqrotexniki qulluq, havanın əlverişli
keçməsi bol məhsulun əldə edilməsinə səbəb
olub. Belə ki, nar bağlarında ötən ildəkindən
daha çox məhsul var. Kəndlilər hər nar
ağacında 30-50 kiloqram meyvə olduğunu deyirlər.
Ən önəmlisi isə qabaqlayıcı tədbirlər
görüldüyü üçün ağaclarda zədəli
nar azlıq təşkil edir. Verilən məlumata
görə, ötən il Göyçayda fermerlər və fərdi
təsərrüfat sahibləri 3980 hektar nar bağından 48
min 500 ton məhsul tədarük ediblər. İş
adamları narın 50 faizini Rusiya, Ukrayna və Gürcüstan
bazarlarına çıxarıblar. İlkin hesablamalara görə,
cari ildə nar istehsalı ötən ildəkindən
çox olacaq. Onu da qeyd edək ki, son iki ildə rayonda 200
hektar sahədə yeni nar bağı salınıb. Noyabr və
dekabr aylarında rayonda yeni bağların salınması
üçün sahələrdə hazırlıq işlərinə
başlanılıb. Rayonun 40-a yaxın kəndində
yerli əhalinin əsas gəlir mənbəyi olan nar
bağlarında əsasən ixrac qabiliyyətinə malik
“Gülövşə”, “Vələs”, “Şəndi”,
“Şirin”, “Bala Mürsəl” nar sortlarını yetişdirməyə
üstünlük verirlər. Ötən əsrin 90-cı illərinin
əvvəllərində Göyçayda cəmi 251
hektar məhsuldar nar bağı mövcud idisə, hazırda
rayonda 4350 hektar sahədə nar bağı var ki, bunun da 3980
hektarı bar verəndir.
Yeri gəlmişkən, respublikanın iri
kartofçuluq rayonlarından sayılan Tovuzda bu il sahibkarlar
bol məhsul yetişdiriblər. Məlumatlara əsasən
tovuzlu sahibkarlar artıq 7 min 320 hektar sahənin kartofunu
yığıblar. Sahələrdən 168 min 433 ton məhsul
götürülüb. Hektardan orta məhsuldarlıq 230,1
sentner təşkil edib ki, bu da ötən ilin müvafiq
dövrü ilə müqayisədə 12,1 sentner çoxdur.
Rayonun dağ kəndlərində isə kartof
yığımı hazırda davam edir.
Ağsu rayonunda da kartof yığımı
başa çatıb. Qeyd edilməlidir ki, bölgədə
kartofçuluğa maraq ildən-ilə artır. Təsadüfi
deyildir ki, cari mövsümdə əkin sahələri 16
hektar artaraq 168 hektara çatıb. Torpaq mülkiyyətçiləri
bu il sahələrdən ötən ildəkindən 140 ton
çox məhsul yığıblar. Kartofçuluq rayonda
qeyri-ənənəvi sahə hesab olunsa da, ilboyu yerli bazarlarda
kartofa tələbat çox olduğundan bu sahəyə maraq
getdikcə artır. Son illər rayonun dağətəyi
ərazilərində, o cümlədən Padar, Qaraqoyunlu,
dağlıq ərazilər olan Kalva, Nuran, Gürcüvan və
bir sıra digər yaşayış məntəqələrində
sakinlər kartof əkin sahələrini ildən-ilə
artırırlar.
Ağsu ilə yanaşı Şamaxı
rayonunda da kartof yığımı başa çatıb. Məlumat üçün bildirək ki, cari
mövsümdə bölgədə 267,5 hektarda kartof əkini
aparılıb və sahələrdən 1771 ton məhsul
götürülüb. Ümumiyyətlə, kartofçuluq
rayonda təsərrüfatın ənənəvi sahələrindəndir.
Əksər ərazilərdə torpaq mülkiyyətçiləri
ilboyu bazarlarda ciddi tələbat olan, ailə büdcələrinə
yaxşı gəlir gətirən kartofçuluğa
böyük maraq göstərirlər. Təsadüfi deyil ki,
cari mövsümdə təkcə Qızmeydanda 512 ton,
İkinci Cabanıda 132 ton, Qaleybuğurdda 89,2 ton məhsul əldə
olunub.
Kənd təsərrüfatının
ayrı-ayrı sahələrinin inkişafından
danışarkən vurğulamaq yerinə düşər ki,
Azərbaycan Prezidenti İlham Əliyevin kənd təsərrüfatının
ixrac potensialı yüksək sahələrindən olan
fındıqçılığın inkişaf etdirilməsi
ilə bağlı verdiyi
tapşırıqların icrasını təmin etmək məqsədi
ilə Zaqatala rayonunda yeni fındıq bağlarının
salınması istiqamətində işlər cari ilin
payız aylarında da davam etdiriləcək. İlin sonunadək
rayon ərazisində min hektardan çox sahədə yeni
fındıq bağlarının salınması
planlaşdırılır. Bu məqsədlə ötən
ilin payızında rayonda 5 hektar sahədə fındıq
tingliyi yaradılıb, 300 min keyfiyyətli ting yetişdirilib.
Xatırladaq ki, bu ilin yazında rayon ərazisində 3 min 158
hektar sahədə yeni fındıq bağları
salınıb. Uçotdan kənarda qalan və yeni qeydiyyata
alınan bağlar da nəzərə alınmaqla, hazırda
Zaqatala rayonunda mövcud fındıq bağlarının
ümumi sahəsi 17 min 17 hektardır. Bu bağların 9 min
hektardan çoxu barverəndir. Hazırda rayonun fındıq
bağlarında məhsul yığımı davam edir. Bu il
bağlardan 9 min tona yaxın məhsul gözlənilir.
Öz növbəsində Qəbələ
rayonunun iqtisadiyyatında əsas yerlərdən birini tutan
bağçılıq kənd əhalisinin əsas məşğuliyyət
sahəsi hesab olunur. Meyvə bağlarında bol məhsul
yetişdirən kəndlilər bu günlərdə qoz,
fındıq və şabalıd yığımına
başlayıblar. Qəbələdə 4678 hektar
fındıq, 326 hektar qoz, 390 hektar şabalıd bağı
mövcuddur. Fermerlər və torpaq mülkiyyətçiləri
fındıq bağından topladıqları məhsulu yerli
bazarlara çıxarmaqla yanaşı, sərfəli qiymətə
fındıq emalı müəssisəsinin kəndlərdəki
məhsul qəbulu məntəqələrinə də
satırlar. Rayonda bir fındıq emalı zavodu, eləcə
də kiçik fındıq emalı müəssisələri
fəaliyyət göstərir. Bu da kəndliləri ildən-ilə
fındıq bağlarını genişləndirməyə və
məhsuldarlığı daha da artırmağa həvəsləndirir.
Son bir ildə rayonda 900 hektar sahədə yeni fındıq
bağı salınıb. Həmçinin Qəbələnin
qoz və şabalıd bağlarında yetişən bol məhsulun
vaxtında və itkisiz toplanılması üçün
bağlarda iməciliklər təşkil olunur. Qeyd edək ki,
qəbələli fermerlər son bir ildə 10 hektar sahədə
yeni şabalıd və 15 hektar qoz bağı salıblar.
İsmayıllı rayonunda isə hələlik
60 hektarda fındıq yığımı başa
çatıb. Bölgədə 76 hektar bar verən
fındıq bağı var. Məhsuldar bağlar əsasən
İsmayıllı şəhərinin, Topçu, Qurbanəfəndi,
Quşencə, Tircan, Talıstan, Diyallı ərazi vahidlərinin
torpaq sahələrindədir. Hələlik hər hektardan
35-37 sentner fındıq əldə olunur. Qeyd edək ki, rayonda
ümumilikdə 688,2 hektar fındıq bağı var. Prezident İlham Əliyevin tapşırıq və
tövsiyələrinə, aqrar sektorda aparılan islahatlara əsasən
bağların 601,2 hektarı 2016-cı ilin payızında və
cari ilin yaz aylarında əkilib. Ötən il bar verən
bağlardan 230 ton fındıq götürən
İsmayıllıda bu il məhsul istehsalının
azı 250 ton olacağı gözlənilir.
Cəbhə bölgəsində yerləşən
Tərtər rayonuna gəlincə, burada torpaq mülkiyyətçiləri
və fermerlərin becərdikləri əsas kənd təsərrüfatı
bitkilərindən biri şəkər çuğundurudur. Vacib
texniki bitki hesab edilən şəkər çuğundurundan
həm şəkər istehsalı üçün, həm də
heyvandarlıqda yem kimi istifadə olunur. Torpaq mülkiyyətçiləri
bu il 1541 hektar sahədə şəkər çuğunduru səpini
həyata keçiriblər. Bu, ötən illə müqayisədə
354 hektar çoxdur. Tərtərli fermerlər bu günədək
420 hektar sahədə məhsul toplayıb, 18 min 500 ton
çuğundur əldə ediblər. Hər hektarın məhsuldarlığı
orta hesabla 440,5 sentner təşkil edir ki, bu da 2016-cı ilə
nisbətən 1,4 sentner çoxdur. Yığılan məhsul
İmişli şəkər zavoduna təhvil verilir.
Bu il həmçinin Tovuz rayonunda il 410 hektar sahədə
şəkər çuğunduru əkilib. İlk dəfə
əkilməsinə baxmayaraq, bütün aqrotexniki qulluq
göstərilərək bol məhsul əldə olunub.
Sahibkarlar hələlik çuğundur əkilən sahələrdən
1500 ton məhsul toplayıblar. Sahələrdə bol məhsul
var. Rayonda çuğundur yığımı davam edir. Qeyd
edək ki, şəkər çuğunduru əsasən
rayonun Əyyublu, Düz Qırıqlı, Mülkülü və
Hününlar kəndində becərilir.
Artıq bir müddətdir ki, İmişlidə
də şəkər çuğundurunun
yığımına başlanılıb. Bu il rayonda 485
hektar sahədə çuğundur becərilib. Cari ildə
fermerlərin “Kayota”, “Zeper”, “Radofe” kimi yüksək məhsuldar
sortların əkininə üstünlük verməsi nəticəsində
sahələrdə bol məhsul yetişib. İndiyədək
plantasiyalardan 3 min 148 tondan çox məhsul yığılıb.
Qeyd edək ki, ötən il imişlili əkinçilər
çuğundur sahələrindən 6 min 388 ton məhsul
toplayıblar. Əldə olunan ilkin nəticələr
göstərir ki, bu il məhsul daha çox olacaq.
Pərviz SADAYOĞLUr
Yeni Azərbaycan.-
2017.- 7 oktyabr.- S.7.