Ölgələrdə pambıq yığımı
uğurla davam edir
Regionlarda qeyri-neft sektorunun inkişafı istiqamətində
mühüm nəticələr əldə olunur
Azərbaycanda qeyri-neft sektorunun inkişafı
ixrac qabiliyyəti yüksək olan məhsulların daha
geniş istehsalına şərait yaradır. Bu mənada,
regionlarda texniki bitkilərin yetişdirilməsinin daha da
genişləndirilməsi pambıqçılığın
da inkişafında yeni mərhələnin
başlanğıcını qoyub. Belə ki, ölkəmizdə
pambıqçılığın inkişafına göstərilən
diqqət və qayğı bu sahənin yenidən yüksəlişinə
imkan verir. Vurğulanmalıdır ki,
pambıqçılığın inkişafı dünya
bazarına çıxışımız, eləcə də
kənd təsərrüfatının inkişafında
mühüm rola malikdir. Eyni zamanda, pambıqçılıq əməktutumlu
kənd təsərrüfatı sahəsidir. Ötən il 10
minlərlə insan pambıq təsərrüfatlarında
çalışıb.
Qeyd edilməlidir ki,
pambıqçılığın daha yüksək səviyyədə
inkişafı üçün dövlətimiz sahibkarlara hərtərəfli
yardım göstərir. İstər subsidiyaların verilməsi,
istər yeni texnikalarla təminat məsələsinin həll
edilməsi, istərsə də yeni torpaqların əkinə
cəlb edilməsi regionlarda
pambıqçılığın inkişafında yeni səhifələr
açır. Pambığın alış qiyməti
keçən il 41 qəpikdən 50 qəpiyə
qaldırılıb və sahibkarlara, eyni zamanda, 10 qəpik
subsidiya verilir. Bu isə həm də
pambıqçılığa marağın artmasına imkan
yaradır.
Hazırda bölgələrdə pambıq
yığımı uğurla davam edir. Oktyabrın 7-dək
pambıq qəbulu məntəqələrinə ölkə
üzrə 59 min 457,01 ton məhsul təhvil verilib. Dövlət
Statistika Komitəsindən bildiriblər ki, pambıq tədarükündə
əvvəlki kimi Saatlı rayonu öndədir. Rayonun fermerləri
indiyədək məntəqələrə 11212,40 ton məhsul
təhvil veriblər. Biləsuvarda 7033,31 ton, Sabirabadda 6376,79
ton, Beyləqanda 4746,78 ton, Ağcabədidə 4723,33 ton
pambıq tədarük olunub. Qeyd edək ki, ölkə
üzrə cari ildə ötən illə müqayisədə
2,7 dəfə çox - 136 min 413,2 hektar çiyid səpilib.
Bu il ən çox pambıq Saatlıda (17220 hektar),
İmişlidə (15641,5 hektar), Sabirabad (15055 hektar), Biləsuvar
(11351,8 hektar) və Neftçalada (11111 hektar) əkilib.
Bu günlərdə Ağcabədi rayonunda
keçirilən müşavirədə pambığın tədarükündə
mövcud vəziyyət, məhsulun vaxtında və itkisiz
yığılması üçün qarşıda duran vəzifələr
müzakirə olunub. Aidiyyəti idarə, müəssisə
və təşkilat rəhbərlərinin, pambıq
istehsalçılarının, fermerlərin, pambıq qəbulu
məntəqələrinin əməkdaşlarının, kənd
inzibati ərazi nümayəndələri və bələdiyyə
sədrlərinin iştirak etdiyi toplantıda Ağcabədi
Rayon İcra Hakimiyyətinin başçısı
Şahin Məmmədov çıxış edərək pambıqçılığın
inkişafının prioritet məsələ kimi
qarşıya qoyduğunu diqqətə çatdırıb,
bu istiqamətdə görülən işlərdən
danışıb. Bildirilib ki, Prezident İlham Əliyev tərəfindən
pambıqçılığın inkişafına verilən
dəstək Ağcabədi rayonunun pambıq
istehsalçılarında böyük ruh yüksəkliyi
yaradıb. Bu il rayonda 9550 hektar sahədə pambıq əkilib
ki, bu da ötən illə müqayisədə 2,6 dəfə
çoxdur. Becərmə işləri vaxtlı-vaxtında həyata
keçirilib, tarlalarda bol məhsul yetişib. “Hava
şəraitini nəzərə alaraq yerli icra nümayəndələri,
bələdiyyələr, pambıq mülkiyyətçiləri,
pambıq zavodlarının rəhbərləri məhsulun
itkisiz və qısa müddətdə
yığımını təmin etmək üçün
bütün qüvvələri sərf etməlidirlər.
Bunun üçün pambıq yığan briqadaların
sayı artırılmalı, tarlalarda zəhmətlə becərilmiş
məhsulu vaxtında və itkisiz toplamaq üçün
bütün imkanlardan maksimum istifadə olunmalıdır”, -
deyə Ş.Məmmədov qeyd edib. Müşavirədə
pambıq yığımı ilə bağlı
qarşıya çıxan çətinliklərin aradan
qaldırılması üçün müvafiq orqanların
rəhbərlərinə göstərişlər verilib.
Ağcabədi rayonunun Yeni Qaradolaq kənd sakini
Tofiq İsmayılov da pambıqçılıqla məşğul
olur. Keçən il hər hektardan 41,2 sentner olmaqla 180 ton məhsul
götürən fermer bu il də tarlalarda bol məhsul
yetişdirib. Tofiq İsmayılov AZƏRTAC-a bildirib ki, ölkəmizdə
pambıqçılığın dirçəldilməsi
digər kənd sakinləri kimi, onun da sevincinə səbəb
olub: “Bu il “MKT İstehsalat Kommersiya” MMC ilə müqavilə əsasında
40 hektarda pambıq becərmişəm. Pambığın becərilməsində
suvarma, gübrələmə, kultivasiya, zərərverici və
xəstəliklərə qarşı mübarizə, ucvurma və
sair kimi aqrotexniki tədbirlər vaxtında həyata
keçirilib. Odur ki, tarlalarda bol məhsul yetişib. Artıq
pambıqyığan maşınlarla 33 hektarda birinci
yığım aparılıb. Təmiz çəkidə
151,7 ton pambıq götürmüşük ki, bu da hər
hektardan 45 sentnerdən çox məhsuldarlıq deməkdir. Pambıq yığımı başa çatanadək
bu rəqəm 50 sentnerdən yüksək olacaq. Ölkəmizdə
pambıqçılığın inkişafına göstərilən
dövlət qayğısından bəhrələnərək,
gələcəkdə pambıq sahələrini daha da
genişləndirmək fikrindəyəm”.
Bu il Sabirabad rayonunda isə 15 min hektardan
çox sahədə pambıq əkilib. Bu da ötən illə
müqayisədə 8 min 912 hektar çoxdur. Rayon Kənd Təsərrüfatı
İdarəsinin rəisi Heydər Yaqubov bildirib ki, bir müddətdir
pambıq yığımına başlanılıb. Bu məqsədlə
50 mindən çox işçi qüvvəsi cəlb olunub.
Pambıq tarlalarından oktyabrın 7-dək 6 min 300 tondan
çox məhsul yığılaraq tədarük məntəqələrinə
təhvil verilib. Yığım mütəşəkkil təşkil
olunduğundan gün ərzində sahələrdən 350-400
tondan çox məhsul toplanılır. Hazırda sahələrdə
25 pambıqyığan kombayn işləyir. Gün ərzində
maşınlarla 250-300 ton məhsul toplanılır, qalanı
isə əllə yığılır.
Uzun illər pambıqçılıqla məşğul
olan fermer Əfrasiyab Əsgərov deyib ki, cari ildə 180
hektar sahədə pambıq becərib. Bitkiyə aqrotexniki
qaydada qulluq etdiyindən bol məhsul yetişib. Sentyabrın əvvəllərindən
məhsul yığımına başlayıb. Hər gün əl
ilə 6-7 ton məhsul toplanılır. Artıq məhsul
yığımına texnika cəlb olunub. Pambıqdan
yaxşı qazanc götürən fermer gələcəkdə
əkin sahəsini 250 hektara çatdırmaq fikrindədir.
Sabirabadda həmçinin
pambıqçılığın sürətli
inkişafı və məhsul istehsalının artımı
ilə əlaqədar olaraq pambıq qəbulu məntəqələri
də yenidən qurulur. Təmir və yenidənqurma işlərinə
ilk olaraq rayonun Moranlı və Qaratəpə kəndlərindəki
pambıq qəbulu məntəqələrindən
başlanılıb. Altı min ton xam pambıq qəbul etmək
gücünə malik olan məntəqələrdə təmir
işlərinə bu ilin iyun ayının əvvəllərindən
başlanılıb. Hər biri 10 hektar ərazini əhatə
edən məntəqələrdə pambıq tayaları
üçün 18 meydança, inzibati bina, laboratoriya və
ümumilikdə 30-a yaxın yardımçı tikili inşa
edilib. Məntəqələrə elektrik, su və kanalizasiya
xətləri çəkilib, yanğından mühafizə
üçün avadanlıqlar və istilik sistemi qurulur. Məntəqələr
ən müasir avadanlıqlarla təchiz olunub.
MKT “İK” MMC-nin Sabirabad filialının
direktoru Yunis Gözəlov bildirib ki, rayonda pambıq
istehsalının ilbəil artması ilə əlaqədar
olaraq gələcəkdə daha bir neçə pambıq qəbulu
məntəqəsinin yenidən qurulması nəzərdə
tutulub.
Xatırladaq ki, sabirabadlı pambıqçılar
ötən il 6 min 113 hektar sahədə pambıq əkib və
7 min 113 ton məhsul tədarük ediblər.
Kürdəmir rayonunda da kütləvi
pambıq yığımı kampaniyası davam edir. Artıq
məhsul toplanışına pambıqyığan
maşınlar da cəlb olunur. Rayon İcra Hakimiyyətindən
AZƏRTAC-a bildirilib ki, bu il rayonda 4027 hektarda pambıq
yetişdirilib. Onun 1500 hektarında məhsul maşınlarla
yığılacaq. Hazırda tarlalara 7 ədəd
pambıqyığan maşın çıxarılıb.
Onun 5-i “MKT-İK” MMC-yə, 2-si isə “Kürdəmir Kənd
Təsərrüfatı” MMC-yə məxsus sahələrdə
işləyir. “Ağ qızıl”ın tez və itkisiz
yığılması üçün rayonda bütün
qüvvələr səfərbər olunub. Məhsul
toplanışına 2500 nəfərdən çox
işçi qüvvə cəlb edilib. İndiyədək
tarlalardan 1524 ton pambıq toplanılıb və
yığılan məhsulun 1406 tonu qəbul məntəqələrinə
təhvil verilib.
İmişlidə də pambıq
yığımı sürətlə davam edir.
Yığıma mütəşəkkil başlayan
pambıqçılar bu günədək tarlalardan bir
neçə min ton məhsul toplayıblar. Bu il rayonda 15 min 641
hektar sahədə pambıq əkilib. Bu, ötən ildəkindən
2,5 min hektar çoxdur. Rayonda pambıq əkini
üçün əlverişli şərait olduğundan və
torpaq mülkiyyətçiləri tərəfindən bitkiyə
aqrotexniki qaydada qulluq göstərildiyindən bu il tarlalarda bol
məhsul yetişib. Əksər pambıq sahələrinin hər
kolunda orta hesabla 150-200 qoza var ki, bu da yüksək məhsuldarlıqdan
xəbər verir.
Bir müddətdir ki, rayonda kütləvi
pambıq yığımına başlanılıb. Məhsul
yığımı həm əl, həm də
maşınlarla aparılır. Hazırda sahələrdə
30-a yaxın pambıqyığan kombayn işləyir və
gün ərzində maşınlarla 250-300 ton məhsul toplanaraq
tədarük məntəqələrinə göndərilir.
Təcrübəli fermer Eldar Hüseynov deyib
ki, Prezident İlham Əliyevin qeyri-neft sektorunun kompleks
inkişafına verdiyi dəstək kənd təsərrüfatının
digər sahələri ilə yanaşı, pambıq əkininə
olan marağı da qat-qat artırıb. Pambıqçılığın
inkişafı ilə bağlı fermerlərə dövlət
tərəfindən edilən güzəştlər, son məhsula
görə verilən əlavə subsidiyalar öz bəhrəsini
verir. İndi sahələrdə ötən ildəkindən
çox məhsul var və hər hektardan orta hesabla 25-30
sentner məhsul götürmək mümkün olacaq.
Hazırda rayonda pambıq yığımı
sürətlə davam edir. Məhsul istehsalçıları
hər gün orta hesabla 500 tondan çox pambıq
toplayırlar ki, bunun da əksəriyyəti maşınlarla
yığılır.
Qeyd edək ki, cari ildə imişlili
pambıqçılar sahələrdən 30 min tondan çox
pambıq yığmağı qarşıya məqsəd
qoyublar.
Ucar rayonunda isə cari mövsümdə 2500
hektarda pambıq yetişdirilib və sahələrin 80 faizə
qədəri maşınlarla yığılacaq. Rayon kənd
təsərrüfatı idarəsindən bildirilib ki, hələlik
sahələrə bir neçə texnika
çıxarılıb. Maşınla pambıq
yığımına ilkin olaraq Bərgüşad və Qulabənd
ərazi vahidlərindəki tarlalardan başlanılıb.
Qeyd edək ki, sentyabrın 25-nə olan məlumata
görə, Ucarda 506,98 ton pambıq yığılıb. Məhsulun
95 faizdən çoxu əl ilə toplanılıb. Məhsul
toplanışında hər gün 1300 nəfərədək
sakin iştirak edir. Pambıqyığan maşınların
tarlalara çıxarılması məhsul
yığımını daha da sürətləndirəcək.
Nardar BAYRAMLI
Yeni Azərbaycan.- 2017.- 10 oktyabr.-
S.7.