Bölgələrdə
payızlıq taxıl əkini davam edir
Kənd təsərrüfatına göstərilən
diqqət və qayğı məhsuldarlığın
artmasında əsaslı rol oynayır
Ölkəmizin ərzaq təhlükəsizliyinin
daxili istehsal hesabına təmin olunması istiqamətində
həyata keçirilən tədbirlərin miqyası kifayət
qədər genişlənməkdədir. Belə
ki, bu gün ölkənin bir sıra rayonlarında
aqroparkların salınması, intensiv bağçılıq
və üzümçülük təsərrüfatlarının
genişləndirilməsi, istixana komplekslərinin tikilməsi,
taxılçılığın inkişafı daxili tələbatın
ödənilməsi ilə yanaşı, yeni ixrac imkanları
yaradır. Ötən dövrdə kənd təsərrüfatı
məhsullarının tədarükü, saxlanması və
satışı infrastrukturunun yaradılması əhalinin
ilboyu keyfiyyətli yerli məhsullarla təminatında
mühüm rol oynayır, istehlak bazarında qiymətlərin
sabitliyini təmin edir.
Qeyd olunmalıdır ki, Prezident İlham
Əliyevin 25 avqust 2008-ci il tarixli müvafiq Sərəncamı
ilə “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin
ərzaq məhsulları ilə etibarlı təminatına
dair Dövlət Proqramı” qəbul edilib. Dövlət
başçısının 2014-cü il yanvarın 16-da
imzaladığı “Kənd təsərrüfatı və ərzaq
məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi
sahəsində əlavə tədbirlər haqqında” Sərəncamda
respublikanın ərzaq təhlükəsizliyi ilə
bağlı qəbul edilən Dövlət
Proqramının icrası sahəsində əlavə tədbirlərin
görülməsi, kənd təsərrüfatı məhsullarının
ixracının artırılması, aqrar sahədə
istehsalçıların və istehlakçıların maraqlarının
qorunması, ərzaq bazarının səmərəli fəaliyyətinin
təşkil edilməsi ilə bağlı
qarşıya mühüm vəzifələr qoyulub.
O cümlədən bu gün yeni əkin sahələrinin
salınması, bir sıra yeni torpaqlarda meliorativ tədbirlərin
görülməsi yenidən aktuallaşıb. Azərbaycan
Prezidenti İlham Əliyevin Sədrliyi ilə keçirilən
Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunan iclasında ölkə Prezidenti bildirib: “Bu il nəzərdə
tutulub ki, 150 min hektar yeni sahəyə suyun verilməsi təmin
edilsin və biz bu hədəfə çatmalıyıq. Gələn
il isə ən azı bu günə qədər
suvarılmayan, yaxud da suvarılması lazımi səviyyədə
olmayan 100 min hektar sahəyə yeni kanallar çəkilməlidir
ki, bu proses daha da sürətlə getsin. Beləliklə,
suvarılan torpaqların həcmi hər il artacaq. Bu da, təbii ki, özlüyündə kənd təsərrüfatının
sürətli inkişafını təmin edəcək.
Çünki bu gündən sonra, - əslində bu məqsəd,
bu vəzifə əvvəlki dövrlərdə də
qarşıya qoyulmuşdur, - kənd təsərrüfatının
intensiv inkişafı təmin edilməlidir”.
Yeri gəlmişkən, bu ilin
sentyabr ayının 1-nə kimi payızlıq və yazlıq
dənli və dənli paxlalı bitkilərin
(qarğıdalısız) əkin sahəsinin 99,4 faizi, yaxud
935,5 min hektarı biçilib və həmin sahələrdən
2 milyon 675,3 min ton məhsul götürülüb. Orta
hesabla hər hektardan əldə edilmiş məhsul 28,6 sentner
təşkil edib. Bundan əlavə, 14,9 min hektar
qarğıdalı sahəsindən 84,5 min ton məhsul
toplanıb, hər hektardan orta hesabla 56,8 sentner
qarğıdalı dəni götürülüb.
Qarğıdalı dəni nəzərə alınmaqla
ölkə üzrə taxıl istehsalı 2 milyon 759,8 min ton
olub.
Cari ilin məhsulu üçün Qazax rayonunda
11 min hektar sahədə taxıl əkilib. Aqrotexniki
qaydalara düzgün və vaxtlı-vaxtında əməl
olunmasının nəticəsidir ki, zəmilərin hər
hektarından 33,03 sentner taxıl götürülüb.
Əldə edilən bu yüksək göstərici
taxılçıları daha geniş sahələrdə əkin
aparmağa həvəsləndirib. Sahibkarlar gələn
ilin məhsulu üçün 12500 hektar sahədə
taxıl əkməyi qarşılarına məqsəd
qoyublar. Bu məqsədə çatmaq üçün ilk
gündən taxıl əkini sahələrinin
şumlanmasına başlanılıb. Rayon üzrə hər
gün 300-350 hektar sahənin şumu qaldırılır. Bu
günə qədər isə 4355 hektar sahədə
şumlama aparılıb. Şumlama ilə yanaşı,
payızlıq taxıl əkininə hazırlıqla
bağlı digər tədbirlər də həyata
keçirilir.
Yevlax rayonunun təsərrüfatlarında da
payız-tarla işləri davam etdirilir. Rayon üzrə 3440
hektar sahədə payızlıq şum qaldırılıb.
1037,7 hektarda dən və yaşıl yem üçün
payızlıq bitkilər, o cümlədən 708,7 hektarda xəsil
arpa, 329 hektarda dən üçün buğda və arpa səpilib.
Bundan başqa, dövriyyədə olan torpaqlardan səmərəli
istifadənin nəticəsi olaraq cari ilin məhsulu
üçün 946,1 hektar sahədə təkrar əkin
aparılıb.
Respublikamızın ən iri
taxılçılıq rayonlarından olan Şəkinin təsərrüfatlarında
da 2018-ci ilin məhsulu üçün payızlıq
taxıl səpininə start verilib. Kampaniyanın
ilk günləri Sarıca, Qaratorpaq, Turan və digər ərazilərdə
130 hektar sahəyə arpa toxumu səpilib. Ümumiyyətlə,
rayonda gələn ilin məhsulu üçün 65,5 min hektar
sahədə payızlıq dənlilərin səpini proqnozlaşdırılır.
Payızlıqların səpini üçün 14 min tona
yaxın yüksək reproduksiyalı toxum fondu
yaradılıb. İndiyədək təsərrüfatlarda 23
min hektardan çox sahədə şum aparılıb və
bu iş sürətlə davam etdirilir.
Xatırladaq ki, Şəki
taxılçıları ötən mövsüm 66 min 634
hektar sahədən 214 min tondan çox məhsul əldə
ediblər. Taxıl istehsalı əvvəlki illə
müqayisədə 21 min 568 ton artıb.
Eləcə də, Zaqatala
rayonunun təsərrüfatlarında 2018-ci ilin məhsulu
üçün payızlıq dənlilərin səpininə
başlanılıb. İlk günlər rayonun Muğanlı,
Bəhmətli, Dağlı və Faldarlı kəndlərinin
təsərrüfatlarında 131 hektar sahəyə arpa toxumu səpilib.
Bəzi təsərrüfatlarda isə artıq buğda səpininə
də başlanılıb. Cari mövsümdə rayonda 11 min
hektara yaxın sahədə payızlıq dənlilərin səpini
proqnozlaşdırılır. Taxıl səpini
üçün 3 min 650 ton yüksək reproduksiyalı toxum
fondu ayrılıb. Təsərrüfatlarda, eyni
zamanda, payızlıqların səpini üçün
şum çıxarılması işi də davam etdirilir.
İndiyədək 6 min hektardan çox sahədə şum
aparılıb. Ümumiyyətlə, hazırda rayonda
taxılçılıq sahəsində 2 min 700 nəfərədək
əhalinin məşğulluğu təmin olunub. Ötən
mövsüm zaqatalalı fermerlər 10 min 758 hektar taxıl
sahəsindən 34 min 320 ton məhsul götürüblər.
Digər regionlarda olduğu kimi, Kürdəmir
rayonunda da payızlıq taxıl əkini kampaniyasına
mütəşəkkil hazırlıqla başlanılıb və
hava şəraitinin törətdiyi çətinliklərə
baxmayaraq, 2000 hektaradək sahədə səpin
aparılıb. Fermerlər və fiziki şəxslər ilk
günlərdən sahələrə 50-dək səpin
aqreqatı çıxarıblar. Rayonun əksər ərazilərində,
xüsusilə daha çox taxıl əkilən
Köhünlü, Pirli, Muradxan, Yenikənd,
Sığırlı, Karrar və bir sıra digər ərazi
vahidlərində səpin kampaniyası daha sürətlə
aparılır. Qeyd edək ki, ötən il 39 min 360 hektar sahədə
payızlıq səpin aparan Kürdəmir
taxılçıları cari mövsümdə əkin sahələrini
45 min hektara çatdırmaq əzmindədirlər.
Kürdəmir rayonu ilə
yanaşı, Ucar rayonunda da payızlıq taxıl əkini
kampaniyasına start verilib və ilk günlərdən sahələrə
20-dək səpin aqreqatı çıxarılıb. İstər
taxılçılıqla məşğul olan fermerlər,
istərsə də fiziki şəxslər taxıl səpininə
ciddi hazırlaşıblar. Son illərdə olduğu
kimi, cari mövsümdə də keyfiyyətli şum
çıxarılması, əkində yüksək
reproduksiyalı toxumlardan istifadə xüsusi diqqət mərkəzindədir.
Qısa müddətdə rayonda 530 hektarda səpin
aparılıb. Əksər ərazilərdə, o cümlədən
daha çox taxıl əkilən Müsüslü, Bərgüşad,
Qaziyan və bir sıra digər ərazi vahidlərində səpin
kampaniyası mütəşəkkil aparılır. Qeyd
edək ki, ötən il rayonda payızlıq taxıl əkini
sahələri 11 min 986 hektar olub. Cari mövsümdə isə
əkin sahələrinin azı 12,5 min hektara
çatdırılacağı gözlənilir.
Qax rayonunun təsərrüfatlarında isə
2018-ci ilin məhsulu üçün payızlıq dənlilərin
səpini davam etməkdədir. Cari mövsümdə rayonda 13
min hektardan çox sahədə payızlıq taxıl səpini
proqnozlaşdırılır. Səpin üçün 2 min
tona yaxın yüksək reproduksiyalı toxum fondu ayrılaraq
laboratoriya müayinəsindən keçirilib. Səpin
kampaniyasına cəlb olunacaq traktor, taxılsəpən
aqreqat, mala və digər texnika təmir olunaraq saz vəziyyətə
gətirilib. Qorağan, Almalı və Ağyazı
zonasında yerləşən kəndlərin fermer təsərrüfatlarında
kampaniyanın ilk günlərində 300 hektara yaxın sahəyə
arpa toxumu səpilib. Fermerlər səpinin optimal müddətdə
başa çatdırılması üçün səylə
çalışırlar. Bu mövsümdə Qax
taxılçıları 13 min 868 hektar taxıl sahəsindən
rayonun tarixində ilk dəfə olaraq rekord miqdarda - 43,2 min ton
məhsul götürüblər. Taxıl istehsalı əvvəlki
illə müqayisədə 6,8 min ton artıb.
Ağcabədi rayonunun Taxtakörpü ərazisində
məskunlaşan laçınlı məcburi
köçkünlər də payız səpininə
başlayıblar. Bu günədək 597 hektarda payız
şumu qaldırılıb, 91 hektar sahədə səpin
aparılıb. Əkinlərin 78 hektarı arpa, 13 hektarı
isə yoncadır. Qeyd edək ki, Taxtakörpü ərazisində
məskunlaşan laçınlı məcburi
köçkünlər əsasən heyvandarlıq və taxılçılıqla
məşğul olurlar. Bu il isə ilk dəfə olaraq
Taxtakörpü ərazisində 101 hektarda pambıq becərən
laçınlı məcburi köçkünlər
hazırda məhsul yığımını davam etdirirlər.
Saatlı rayonunun fermerləri və torpaq
mülkiyyətçiləri də payızlıq taxıl səpinini
davam etdirməkdədirlər. Yüksək nəticələr
əldə etmək məqsədilə daha məhsuldar toxumlar
tədarük olunub, əkin üçün nəzərdə
tutulan sahələr üzvi və mineral gübrə verilməklə
şumlanıb, səpin aqreqatları təmir edilərək
hazır vəziyyətə gətirilib. Artıq bir
neçə gündür ki, rayonda arpa səpininə
başlanıb. Qeyd edək ki, cari mövsümdə
Saatlıda 22 min hektardan çox sahədə payızlıq
taxıl əkilməsi planlaşdırılır. Bu, ötən
ildəkinə nisbətən təxminən 1500 hektar
çoxdur.
Xatırladaq ki, rayon taxılçıları
bu il yüksək məhsuldarlığa nail olublar. Belə ki,
arpa sahələrinin hər hektarından 34,7, buğda sahələrinin
hər hektarından 41,7 sentner məhsul
götürülüb. Ümumilikdə isə 20 min 435 hektar
sahədən 83 min 140 ton taxıl yığılıb.
Vurğulayaq ki, Daşkəsən rayonunda
taxıl biçini tam yekunlaşıb. Ötən ayın
sonuna olan məlumata görə, bu il rayon ərazisində,
ümumilikdə, 774 hektar sahədən taxıl biçilib.
Bunun 713 hektarını buğda, 61 hektarını isə arpa
təşkil edib. 713 hektar buğda sahəsindən 1568,6 ton,
61 hektar arpa sahəsindən isə 156,6 ton məhsul
götürülüb. Buğda yığımında 190 nəfər,
arpa yığımında isə 19 nəfər
mövsümi işlə təmin olunub.
Pərviz SADAYOĞLU
Yeni Azərbaycan.-
2017.- 12 oktyabr.- S.7.