Azərbaycanda turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi sahəsində məqsədyönlü tədbirlər həyata keçirilir

 

Göstərilən diqqət və qayğı, həmçinin həyata keçirilən işlər nəticəsində bu ilin doqquz ayı ərzində də ölkəmizə gələn xarici turistlərin sayında artım müşahidə edilib

Öz inkişafına görə yerləşdiyi regionun lider dövləti olan Azərbaycan bu ilin doqquz ayını da uğurla başa vurub. Belə ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət, həmçinin reallaşdırılan Dövlət proqramları nəticəsində bəhs edilən dövrdə də bütün sahələrdə dinamik inkişaf təmin olunub. Oktyabrın 9-da Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında da qeyd olunduğu kimi, hesabat dövründə iqtisadi göstəricilərimiz də çox müsbətdir.

Bu məqamda vurğulamaq yerinə düşər ki, bundan əvvəlki illərdə olduğu kimi, 2017-ci ilin doqquz ayı ərzində həyata keçirilən layihələr nəticəsində əldə edilən uğurlardan ölkənin turizm sektoruna da pay düşüb. Bu da səbəbsiz deyil. Dövlət başçısı turizmin inkişafını qeyri-neft sektorunun əsas istiqamətlərindən biri elan edib. Azərbaycanın turizm potensialının beynəlxalq aləmdə tanıdılması, habelə ölkəmizdə turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi sahəsində məqsədyönlü tədbirlər həyata keçirilir. Sözügedən iclasdakı nitqində bu məqama toxunan Prezident İlham Əliyev deyib: “Bizim gözəl turizm məkanımız olan Göygölə gedən yol artıq uzun illərdir ki, təmirsiz qalmışdı. Biz indi Göygölü turizm mərkəzinə çevirərək oraya böyük turist axınına nail olmuşuq. Əlbəttə ki, oraya gedən yol tam yüksək səviyyədə təmir edilməlidir. Bu göstəriş də verilmişdir. Eyni zamanda, o bölgədə olarkən bu məsələ də qaldırıldı. Bu yaxınlarda Şamaxı rayonunda olarkən orada da Şamaxını Lahıcla birləşdirən yol haqqında məsələ də öz həllini tapmışdır. Bu yolun bir hissəsi istifadəyə verilib, qalan hissə də bu il və gələn il istifadəyə veriləcək. Lahıc nadir bir yaşayış mərkəzidir. Oraya hər il on minlərlə turist gəlir. İndi Lahıca həm alternativ, həm də ən qısa yol Şamaxı-Dəmirçi-Lahıc yolu olacaqdır. Bu da bir neçə kəndi birləşdirən yoldur”.

Yeri gəlmişkən, Prezident İlham Əliyevin sentyabrın 27-də imzaladığı “Şəki rayonunun Kiş kəndində abadlıq-quruculuq işləri aparılmasına dair tədbirlər haqqında” Sərəncam da turizmin inkişafı istiqamətində atılan növbəti addımdır. Məlumat üçün bildirək ki, sözügedən Sərəncama əsasən, Şəki rayonunun Kiş kəndindəki “Kiş alban məbədi”nə aparan dairəvi avtomobil yolunun tikintisi və yolboyu ərazinin abadlaşdırılması üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Şəki şəhər İcra Hakimiyyətinə 1 milyon manat ayrılıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Şəki şəhərində son illərdə turizm sahəsinin inkişafı ilə bağlı mühüm layihələr həyata keçirilib, “Aşağı Karvansaray” kompleksi, “Şəki xanlarının evi” bərpa olunub, ən müasir tələblərə cavab verən “Şəki Saray”, “Sheki Palace” və “Yaffle İnn” mehmanxanaları, “Şəki Park” istirahət mərkəzi, “Marxal” Müalicə-İstirahət Kompleksi inşa edilib, ticarət və xidmət obyektləri istifadəyə verilib, geniş abadlıq-quruculuq işləri görülüb. Şəki şəhərində mütəmadi olaraq keçirilən beynəlxalq “İpək Yolu” musiqi festivalı, eləcə də şirniyyat, teatr, zərb alətləri festivalları xalqımızın qeyri-maddi mədəni irsinin qorunub saxlanılmasında və təbliğində, eyni zamanda, şəhərin turizm potensialının genişləndirilməsində və regionun beynəlxalq səviyyədə tanınmasında mühüm rol oynayır. Həyata keçirilən tədbirlər nəticəsində Şəki turistlər üçün cəlbedici məkana çevrilib, son beş ildə rayonu ziyarət edənlərin sayı yeddi dəfədən çox artaraq 150 min nəfərə çatıb. Və bu işlərin davamı olaraq “Kiş alban məbədi”nə aparan dairəvi avtomobil yolunun tikintisini və yolboyu ərazinin abadlaşdırılmasını nəzərdə tutan Sərəncam Şəki rayonunun mövcud turizm potensialından istifadə imkanlarının genişləndirilməsi məqsədi daşıyır.

Beləliklə, yuxarıda qeyd olunanlar da ölkəmizdə turizmin inkişafının şəxsən dövlət başçısının diqqətində olduğunu bir daha təsdiqləyir. Məhz bu diqqətin nəticəsidir ki, son illərdə ölkəmizdə turizm sürətlə inkişaf edir. Hər halda bəhs edilən dövrdə ayrı-ayrı regionlar üzrə əldə edilən nəticələr də bunu təsdiqləyir. Məsələn, bu ilin ötən dövründə Balakən rayonuna 21 min 780 turist gəlib. Onların 6 min 900-nü əcnəbi turistlər təşkil edib. Rayona gələn turistlərin sayı 2016-cı ilin eyni dövrü ilə müqayisədə 2 min nəfərə yaxın artıb. Bu barədə KİV-ə Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin Balakən rayonu üzrə baş məsləhətçisi Şəfəq Hacıyeva məlumat verib.

Vurğulamaq yerinə düşər ki, Azərbaycanın şimal-qərb qapısı sayılan Balakən rayonu əlverişli iqlim şəraiti, zəngin fauna və florası, yaşıl meşələri, şəlalələri, qədim tarixi abidələri ilə son illər yerli və xarici turistlərin diqqətini daha çox özünə cəlb edir. Rayonun ərazisində turistlər və gələn qonaqlar üçün maraq kəsb edən əsrarəngiz təbiət guşələri, həmçinin müasir turizm infrastrukturu mövcuddur. Mədəniyyət və Turizm Nazirliyi kollegiyasının qərarı ilə Balakən rayonu 4 nömrəli turizm marşrutuna daxil edilib. Rayonda 12 turizm marşrutu və rekreasiya zonaları müəyyənləşdirilib. Turizm müəssisələrində, hotel və mehmanxanalarda çalışanların peşə hazırlığını artırmaq məqsədilə onlar üçün davamlı olaraq ixtisaslaşdırılmış kurslar, treninqlər təşkil edilir. Balakən şəhərindəki Heydər Əliyev adına mədəniyyət və istirahət parkı yerli sakinlərin və turistlərin ən çox üz tutduqları istirahət məkanlarındandır. Qonaqların mənalı istirahət etmələri üçün parkda hər cür şərait yaradılıb, yelləncəklər, attraksionlar quraşdırılıb. Burada uzunluğu 1200 metr olan kanat yolu da fəaliyyət göstərir. Parkın ərazisindəki 132 yerlik 4 ulduzlu “Qubek” hoteli 2010-cu ildən turistlərin istifadəsindədir. Rayonda əsasən idman və kənd yaşıl turizmi inkişaf etməkdədir. Bundan əlavə, turistlər dağ, atçılıq, balıqçılıq, ovçuluq və digər turizm növlərinə də maraq göstərirlər.

Eyni zamanda, Qəbələdə son illər qurulan müasir turizm infrastrukturu ilin bütün fəsillərində turistlərə yüksək səviyyədə xidmət göstərmək üçün əlverişlidir. Verilən məlumata görə, isti yay günlərinin başa çatmasına baxmayaraq, istirahət etmək üçün Qəbələyə üz tutan yerli və xarici turistlərin sayında azalma müşahidə edilmir. Belə ki, Qəbələyə iyunda 19 min 245, iyulda 45 min 463, avqustda 39 min 191, sentyabrda 37 min 637 turist gəlib. İlin əvvəlindən bəri isə Qəbələ 218 min 118 turist qəbul edib. Bunun 89 min 217 nəfəri yerli, 128 min 901 nəfəri əcnəbi turistlərdir. Ümumilikdə, ilin sonunadək Qəbələyə 260 mindən çox turistin gələcəyi gözlənilir. Turistlərin əksəriyyəti Rusiya, Türkiyə, Böyük Britaniya, İraq, Ukrayna, Latviya, İran, Birləşmiş Ərəb Əmirliyi, Gürcüstan, Səudiyyə Ərəbistanı, Qətər, İsrail, Pakistan və Misirdəndir.

Qeyd edək ki, rayonda irili-xırdalı 100-ə yaxın turizm-istirahət obyekti fəaliyyət göstərir. Həmin obyektlərdən 20-si beş, dörd və üçulduzlu hotellər, müasir istirahət mərkəzləridir. Bu turizm obyektlərində gün ərzində 3500 qonağı qarşılamaq, onlara yüksək səviyyədə xidmət göstərmək mümkündür. Ümumiyyətlə, rayonda turizmin inkişaf dinamikasına nəzər salsaq, görərik ki, Qəbələyə turist axını hər il yüksələn templə davam edir. Məsələn, 2008-ci ildə Qəbələyə 14 min 630 turist gəldiyi halda, 2013-cü ildə bu rəqəm 45 mini keçib. 2016-cı ildə isə rayona gələn turistlərin sayı 99 min 700 nəfər olub, bunun da 32 min 600-ü xarici turistlərdir.

Ölkənin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da turizmin inkişafı istiqamətində kompleks tədbirlər görülür. Qeyd edək ki, zəngin tarixi və mədəni irsi, mineral bulaqları, nadir təbiət abidəsi olan Duzdağ, qədim memarlıq abidələri və özünəməxsus mətbəxi, sabitlik və müasir infrastruktura malik yaşayış məntəqələri Naxçıvanda da turizmin inkişafını şərtləndirən əsas amillərdir. Muxtar respublikada turizmin ekoloji, ziyarət, müalicə, dağçılıq və başqa növlərinin inkişafı üçün böyük potensial var. Bərəkətli torpaq, saf su, təmiz hava, zəngin dərman bitkiləri, bol günəş - bütün bunlar Naxçıvanda ekoloji turizmin inkişafı üçün geniş imkanlar açır.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən, bu gün muxtar respublikada 1 milli park, 3 yasaqlıq, 1 qoruq fəaliyyət göstərir. Muxtar respublika ərazisinin 27 faizi ekoloji tarazlığın qorunması üçün xüsusi mühafizə altındadır. Naxçıvanda gedən sosial-iqtisadi inkişaf kənd yaşıl turizminin inkişafı üçün də geniş potensialın olduğunu göstərir. Qədim diyarın Biçənək, Kükü, Nursu, Keçili, Nəsirvaz, Bist, Tivi, Şahbulaq, Gümüşlü, Ərəfsə və başqa yaşayış məntəqələrində kənd yaşıl turizmi inkişaf etdirilir.

Turizmin inkişafı üçün görülən tədbirlər kimi tarix və mədəniyyət abidələrinin qorunması, tədqiqi və təbliği ilə bərabər, uzaq əsrlərin yaddaşını bu günə daşıyan maddi-mədəniyyət incilərinin təmiri və bərpası işini xüsusi qeyd etmək lazımdır. Son illər 60-dan çox tarix və mədəniyyət abidəsi təmir və bərpa olunub. Bütün bu işlər mədəni irsin qorunması ilə bərabər, turizm imkanlarını da genişləndirir. Bu gün Naxçıvanda 21 mehmanxana və mehmanxana tipli müəssisə, Naxçıvan-Qarabağlar, Naxçıvan-Əshabi-Kəhf, Naxçıvan-Əlincə qalası, Naxçıvan-Ordubad, Naxçıvan-Batabat, Naxçıvan-Gülüstan turizm marşrutları fəaliyyət göstərir. Naxçıvanda müalicə turizminin inkişafı üçün də geniş imkanlar mövcuddur.

Beləliklə, göstərilən yüksək dövlət qayğısı nəticəsində son illər Naxçıvanda müalicə mərkəzlərinin yenidən qurulması, beynəlxalq elmi tədbirlərin və idman yarışlarının keçirilməsi, abadlıq-quruculuq işləri turizmin inkişafına əsaslı təsir göstərib, muxtar respublikaya gələn turistlərin sayının artmasına səbəb olub.

Nadir AZƏRİ

Yeni  Azərbaycan.- 2017.- 11 oktyabr.- S.7.