Regionlarda
ixracyönümlü məhsul istehsalının
artırılması diqqət mərkəzində
saxlanılır
2017-ci ilin səkkiz ayında Azərbaycanın
qeyri-neft məhsullarının ixracı üçdəbir həcmdə
artaraq 965 milyon ABŞ dollarına çatıb
Azərbaycanın hərtərəfli
inkişaf strategiyasında regionların ixrac imkanlarından
daha səmərəli şəkildə istifadə edilməsi
də qarşıya qoyulan hədəflər sırasında
yer alır. Ölkəmizin bölgələrin ixrac
imkanlarının genişləndirilməsini strateji hədəflərdən
biri kimi müəyyənləşdirməsi isə
heç də təsadüfi deyil. Məlumdur
ki, Azərbaycanın regionlarında qeyri-neft sektoru, xüsusilə
aqrar sektor üzrə yüksək rəqabət qabiliyyətinə
malik məhsullar yetişdirmək imkanları kifayət qədər
genişdir. Əlverişli coğrafi-iqlim xüsusiyyətləri,
münbit torpaqlar, əmək ehtiyatları, tarixdən gələn
zəngin ənənələr respublikanın bölgələrində
ixracqabiliyyətli məhsul istehsalının
artırılması üçün geniş perspektivlər
yaradır. Azərbaycana üstünlük qazandıran həm
də o amildir ki, ölkəmiz bir sıra geniş istehlak
bazarları ilə əhatə olunub. Bu bazarlarda Azərbaycanın
bölgələrində yetişdirilən keyfiyyətli məhsulları
yaxşı tanıyır və yüksək qiymətləndirirlər.
Səmərəli təşviq mexanizmi ölkədə
ixracyönümlü məhsul istehsalına böyük maraq
yaradıb
“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas
sektorları üzrə strateji yol xəritələri”ndə
də qeyd edildiyi kimi, Azərbaycanın adambaşına
düşən ixrac həcminin 2025-ci ilə qədər 450
ABŞ dollarına çatdırılması
planlaşdırılır. Bu isə o deməkdir ki, bəhs
olunan dövrün sonunda Azərbaycanın qeyri-neft ixracı 5
milyard ABŞ dollarına çatdırılacaq. Bu, hazırki
qeyri-neft ixracı həcmindən təxminən 4-5 dəfə
çox artım deməkdir ki, burada aqrar sektorun da xüsusi
payı var.
Rəqəmlərdən də
göründüyü kimi, Azərbaycanın ixracın
genişləndirilməsi ilə bağlı müəyyənləşdirdiyi
hədəf kifayət qədər böyükdür.
Qarşıya qoyulan məqsədlərə çatmaq
üçün ölkəmizdə ixracın genişləndirilməsinə
hər cür dəstək göstərilir. O cümlədən
ixracın səmərəli təşviqi mexanizminin işə
salınması bütün ölkə boyu ixracyönümlü
məhsul istehsalına marağı əhəmiyyətli dərəcədə
artırıb.
Məlumdur ki, dünyanın əksər
inkişaf etmiş ölkələrində ixrac bir sıra səmərəli
vasitələrlə dəstəklənir və təşviq
edilir. Müasirləşməni strateji hədəf seçən
Azərbaycan da məhz qabaqcıl ölkələrin təcrübəsindən
bəhrələnməyə çalışır. Ötən
il ölkəmizdə ixracın səmərəli təşviqi
mexanizmi işə salınıb. Prezident
İlham Əliyevin ixracın təşviqinin
stimullaşdırılması ilə bağlı
imzaladığı müvafiq sənədlərə uyğun
olaraq “İxrac təşviqinin ödənilməsi qaydası”,
“İxrac təşviqi şamil olunacaq məhsulların
siyahısı” və “İxrac təşviqi üzrə tətbiq
olunacaq əmsallar” təsdiq olunub. İxrac təşviqi
şamil olunan malların siyahısına
bal, xurma, nar, qovrulmuş fındıq kimi kənd təsərrüfatı
məhsulları, qurudulmuş meyvələr, konservləşdirilmiş
meyvə-tərəvəz, mürəbbə və cemlər,
turşular, spirtli içkilər və şərab, mineral
sular və şirələr, unlu qənnadı məmulatları,
habelə dəri məmulatları, ipək parçalar və
xalçalar kimi digər məhsullar daxil edilib. Həmin məhsulların
növündən asılı olaraq sahibkarlara ixrac etdikləri
qeyri-neft məhsullarının gömrük dəyərinin
3-6 faizi həcmində təşviq vəsaiti ödənilir.
Azərbaycanda indiyədək dünyada
özünü doğruldan səmərəli təşviq
mexanizminin işə salınması həm
ixracatçılara böyük dəstəkdir, həm də
bütövlükdə milli maraqlarımıza xidmət edir.
Brendlərdən asılı olmayaraq ölkəyə, onun
keyfiyyətə nəzarət sistemlərinə inamın
yaradılması əldə oluna biləcək ən
yaxşı uğurdur. Dövlətin bu məsələyə
dəstəyi və qayğısı Azərbaycanda dövlət-özəl,
sektor-vətəndaş əməkdaşlığının
bariz nümunəsidir. Burada həmçinin sahibkarların məsuliyyəti
məsələsi də böyük aktuallıq kəsb edir. Mütəxəssislərin qənaəti belədir
ki, “Made in Azerbaijan” brendlərinə yaranacaq etimad istehsal olunan
məhsulun keyfiyyətindən, beynəlxalq standartlara cavab verməsindən,
müştərilərə göstəriləcək xidmətlərin
yüksək səviyyədə olmasından və
güclü marketinq fəaliyyətindən çox
asılıdır.
Regionlarda yetişdirilən məhsulların
ixracı respublikaya böyük həcmdə valyuta gətirir
Son illərdə ölkəmizdə
həyata keçirilən məqsədyönlü tədbirlər
sayəsində qeyri-neft sektorunda istehsalın genişlənməsi
öz növbəsində ölkəmizin ixrac
imkanlarının artmasına müsbət təsir göstərib.
Ötən 9 ayda Azərbaycanın xarici ticarət dövriyyəsi
7 faiz artıb, ixrac idxalı böyük fərqlə üstələyir.
Xarici ticarətin müsbət saldosu 4,4 milyard dollara bərabərdir.
İlin sonuna qədər bu rəqəmin daha da
artacağı gözlənilir.
Sahibkarlar yuxarıda bəhs olunan ixracın təşviqi
mexanizminə böyük maraq göstərərək ondan məmnuniyyətlə
faydalanırlar. Bunun nəticəsi olaraq Azərbaycan
malları getdikcə daha böyük həcmlərdə xarici
bazarlarda təmsil olunur. Ötən 9 ayda respublikamızdan
qızıl ixracı 56 faiz, elektrik enerjisi ixracı 4,1 dəfə,
alüminium ixracı 28 faiz, kimya sənayesi məhsulları
ixracı 25 faiz, plastiklər ixracı 14 faiz, mis-filiz
konsentratları ixracı 94 faiz, avadanlıqlar, mexaniki
qurğular ixracı 48 faiz, mis və ondan hazırlanan məmulatların
ixracı 54 faiz, toxuculuq məmulatlarının ixracı 92
faiz, elektrik avadanlıqları və hissələrinin
ixracı 75 faiz, daş, gips, sement ixracı 34 dəfə
artıb.
Cari ilin 9 ayında ölkənin xarici ticarət
dövriyyəsində müsbət saldonun yaranmasında
regionlarda aqrar sektorda yetişdirilən məhsulların ixrac həcmlərinin
əhəmiyyətli dərəcədə artması da
mühüm rol oynayıb. Bəhs olunan dövrdə
respublikamızdan xarici bazarlara tərəvəz ixracı 68
faiz, o cümlədən pomidor ixracı 60 faiz artıb.
Ümumiyyətlə, hazırda qeyri-neft sektorunun ən
çox gəlir gətirən sahəsi pomidor
ixracıdır. Təkcə cari ilin səkkiz ayında pomidor
ixracından ölkəyə 128 milyon dollar valyuta daxil olub. Digər
məhsulların ixracında da ciddi artımlar müşahidə
edilir. O cümlədən kartof ixracı 63 faiz,
salat tərəvəzi ixracı 20 faiz, soğan ixracı 15 dəfə
artıb, meyvə ixracı 12 faiz, pambıq ixracı 2,4 dəfə,
o cümlədən pambıq lifi ixracı 8,4 dəfə,
süd məhsullarının ixracı dörd dəfə
artıb. Azərbaycanın emal sənayesində
buraxılan məhsullara da xarici bazarlarda tələbat
artır. Ötən 9 ayda respublikamızdan şərab
ixracı 56 faiz, meyvə-tərəvəz emalı məhsullarının
ixracı 50 faiz, tütün məmulatlarının ixracı
45 faiz, çay ixracı 63 faiz, bitki və heyvan mənşəli
yağların ixracı 19 faiz, şokolad ixracı 65 faiz
artıb. Prezident İlham Əliyev Nazirlər
Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunmuş iclasındakı nitqində sadalanan rəqəmlərin
ən yaxşı göstəricilər olduğunu nəzərə
çatdıraraq deyib: “Bu rəqəmlər ən
yaxşı göstəricidir. Onlar göstərir ki, qeyri-neft
sektorunun inkişafı ilə bağlı bizim bütün vəzifələrimiz
uğurla icra edilir. Mən əvvəlki dövrlərdə də
qeyd etmişdim ki, bizim əsas prioritetimiz qeyri-neft sektorunun
inkişafıdır. Ondan sonrakı dövrlərdə
qarşıya daha çox məsələ qoyulur ki, biz
qeyri-neft ixracının artımına nail olaq və buna da
nail oluruq. Çünki budur bizim inkişaf perspektivlərimiz.
Qeyri-neft sektorunun ixracı bizə böyük həcmdə
valyuta gətirir”.
Cari ilin əvvəlindən isə ölkəmizdə
aqrar sektorda istehsal və ixrac imkanlarının
artırılması məqsədilə həyata keçirilən
tədbirlər daha geniş miqyas alıb. Dövlət
başçısının Sədrliyi ilə regionlarda
keçirilən müşavirələrdə
pambıqçılıq, baramaçılıq,
tütünçülük, fındıqçılıq,
çəltikçilik, sitrusçuluq,
çayçılıq kimi sahələrin inkişaf
perspektivləri hərtərəfli müzakirə edilib.
Ayrı-ayrı sahələrin inkişafı ilə
bağlı konkret proqramlar qəbul edilib. Bu proqramlar çox
konkret xarakter daşıyır. Sənədlərdə nəzərdə
tutulan tədbirlərin icra mexanizmləri, maliyyə mənbələri
aydın şəkildə göstərilib.
“Made in Azerbaijan” brendinin təşviqi məqsədilə
ayrı-ayrı ölkələrə ixrac missiyaları
göndərilib
Ölkəmizin ixrac imkanlarının genişləndirilməsi
baxımından “Made in Azerbaijan” brendinin yaradılması da
böyük əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin imzaladığı
müvafiq Fərmanla təsdiqlənən Qayda xarici ölkələrə
ixrac missiyalarının təşkilinə, xarici bazarların
araşdırılması və marketinq fəaliyyətinə,
“Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə,
yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə
sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf
proqram və layihələrinə çəkilən xərclərin
dövlət büdcəsinin vəsaiti hesabına ödənilən
hissəsini və ödənilmə mexanizmini müəyyən
edir. Dövlət başçısının
Fərmanı ilə təsdiqlənən Qaydada müəyyən
olunmuş dəstək tədbirlərindən istifadə etmək
hüququna isə Azərbaycan mənşəli qeyri-neft məhsullarının
ixracatçısı olaraq Azərbaycan Respublikasında vergi
ödəyicisi kimi uçota alınmış fiziki və hüquqi
şəxslər malikdirlər.
Cari ilin əvvəlindən xarici
bazarlarda “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə
həyata keçirilən tədbirlərin miqyası
genişləndirilib. Ümumiyyətlə, kənd təsərrüfatı
və ərzaq məhsulları istehsalçılarının
ixrac bazarlarına çıxış imkanlarının
genişləndirilməsi üçün geniş əhatəli
tədbirlərin görülməsi müvafiq Strateji Yol
Xəritəsi çərçivəsində müəyyən
edilmiş prioritet istiqamətlərdən biridir. Strateji yol xəritələrinin yarımillik
monitorinq və qiymətləndirmə hesabatında bildirildiyi
kimi, cari ilin ilk altı ayında “Made in Azerbaijan” brendinin təşviqi
məqsədilə ümumilikdə 79 şirkətin
iştirakı ilə 5 ölkəyə - Almaniyaya,
Əfqanıstana, Pakistana, Qazaxıstana, Qətərə ixrac
missiyaları həyata keçirilib.
Bundan başqa, cari ilin birinci
yarısında Azərbaycanın regionlarında yetişdirilən
və yaxud hazırlanan məhsullarının təbliği məqsədilə
“Azərbaycan meyvələri” və “Azərbaycan meyvə
şirələri” adlı reklam roliklərinin çəkilişlərinə
başlanılıb. Birləşmiş
Ərəb Əmirliklərinin Dubay şəhərində
keçirilmiş “Gulfood 2017” Beynəlxalq Ərzaq Sərgisində
və Almaniya Federativ Respublikasının Düsseldorf şəhərində
keçirilmiş “Prowein 2017” Beynəlxalq Şərab Sərgisində
yerli şirkətlərin vahid ölkə stendi altında
iştirakı təmin edilib, Bolqarıstanın “Avropa 2001”
jurnalında “Made in Azerbaijan” reklamı yerləşdirilıb.
İxrac sənədlərinin əldə edilməsinə dəstək
məqsədilə AZPROMO tərəfindən kənd təsərrüfatı,
qida, yüngül və digər sahələrdə fəaliyyət
göstərən 100-dən artıq yerli şirkətə dəstək
göstərilib və zəruri informasiya verilib.
“ANUGA” Beynəlxalq Ərzaq Sərgisində Azərbaycan
məhsullarının ixracına dair müqavilələr
imzalanıb
Son vaxtlar Azərbaycanın regionlarında
yetişdirilən yüksəkkeyfiyyətli məhsullar xarici
ölkələrdə keçirilən sərgilərdə
böyük uğurla təmsil olunurlar. Bu
baxımdan oktyabrın 7-11-də Almaniyanın Köln şəhərində
keçirilmiş “ANUGA” Beynəlxalq Ərzaq Sərgisi də
istisna təşkil etməyib. İqtisadiyyat Nazirliyinin mətbuat
xidmətinin əməkdaşı Vüsalə Quliyevanın
“Yeni Azərbaycan”a verdiyi məlumata əsasən, sərginin
qida və içkilər pavilyonlarında Azərbaycan “Made in
Azerbaijan” vahid ölkə stendləri ilə təmsil
olunub. İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda
İxracın və İnvestisiyaların Təşviqi Fondunun
(AZPROMO) təşkilatçılığı ilə bu
pavilyonlarda Azərbaycan şirkətlərinin meyvə şirələri,
müxtəlif növ şərabları və təbii mineral
suları, meyvə, fındıq, qənnadı məmulatları,
çay, quru meyvə və s. məhsulları
nümayiş olunub. Azərbaycan stendində sərgi ziyarətçilərinə
ixracatçı şirkətlərimizin keyfiyyətli və rəqabətqabiliyyətli
məhsulları, ölkəmizin biznes və investisiya
imkanları barədə geniş məlumat verilib.
Sərginin keçirildiyi 5
gün ərzində Azərbaycanın “Made in Azerbaijan” vahid
ölkə stendi və burada təqdim edilən 20-dən
çox yerli şirkətimizin məhsulları sərgi ziyarətçiləri
və xarici şirkətlər tərəfindən maraqla
qarşılanıb. İndiyədək xarici ölkələrdə
keçirilən digər sərgilərdə olduğu
kimi, “ANUGA” sərgisində də Azərbaycanın bir sıra
məhsulları, xüsusilə nar və nar şirəsi ziyarətçilərin
və şirkətlərin diqqət mərkəzində olub.
Sərgi çərçivəsində Azərbaycanın
“Azqranata” şirkəti İsrailə 20 ton nar şirəsi
ixracına dair müqavilə imzalayıb, Qətərə
“+more” markası ilə müxtəlif meyvə şirələrinin
ixracına dair ilkin razılıqlar əldə edib. “Mars FK” şirkəti İsveçrə və
Monqolustanın satış şirkətləri ilə
apardığı danışıqların nəticəsində
bu ölkələrə ilkin olaraq 100 ton və 18 ton nar
ixracına dair sifarişlər alıb, “Aqro-Azerinvest” MMC isə
Almaniyaya “Goldenes Baku” markalı nar şərabının
ixracına dair razılıq əldə edib. Bundan
başqa, “Sirab” şirkəti Səudiyyə Ərəbistanına
mineral suların ixracına dair danışıqlara
başlayıb. Xüsusi emal üsulu ilə qurudulmuş xurma
istehsal edən “Bal Xurma” şirkəti Argentina, Niderland,
İtaliya və Yunanıstanda otellərin qida təchizatı
ilə məşğul olan bir sıra şirkətlərlə
danışıqlar aparıb və ixraca dair ilkin
razılıqlar əldə edib. Azərbaycanın qənnadı
məmulatları istehsalçısı olan “Konfiron” MMC isə
sərgi çərçivəsində Rumıniyaya ixraca
dair danışıqlar aparıb.
Azərbaycanın fındıq
istehsalçıları da sərgi çərçivəsində
bir sıra müqavilələr imzalayıblar. Belə ki, Azərbaycanın
fındıq istehsalçısı “Azərstar” Hollandiya və
Danimarkanın satışla və qənnadı məmulatlarının
istehsalı ilə məşğul olan şirkətləri ilə
iki müqavilə imzalayıb. Müqavilələrə əsasən,
“Azərstar” şirkəti oktyabr və dekabr aylarında bu
ölkələrin hər birinə ilkin mərhələdə
22 ton fındıq ixrac edəcək. “Azərstar” həmçinin
İsveçrəyə 22 ton fındıq ixracına dair
danışıqlar aparıb.
“Xan EL” şirkəti 40 ton
fındığın İtaliyaya ixracına dair bu ölkənin
şokolad istehsalçısı ilə müqavilə
imzalayıb. “Aqrovest” MMC Azərbaycan
fındığının Hollandiya, Belçika və
Lüksemburqa ixracına dair Hollandiya şirkəti ilə
danışıqlara başlayıb. Azerbaijan Hazelnut Exporters
Consortium (AHEC) isə İtaliyaya 48, Çexiya və
Yunanıstanın isə hər birinə 22 ton fındıq
ixracına dair ilkin razılıqlar əldə edib.
“ANUGA” Sərgisində “Made in Azerbaijan” brendinin təbliği
məqsədilə bir sıra promomateriallardan istifadə
edilib. Belə ki, sərginin girişlərində “Made in
Azerbaijan”a dair reklam bannerləri yerləşdirilib, ziyarətçilər
üçün bələdçi və kataloqlarda “Made in
Azerbaijan” reklam olunub.
Qeyd edək ki, “ANUGA” Beynəlxalq Ərzaq Sərgisi Azərbaycanın
vahid ölkə stendi ilə təmsil olunduğu sayca 4-cü
sərgidir.
Bundan əvvəl ölkəmiz “Gulfood 2017”, “Worldfood Moscow”
beynəlxalq ərzaq və “Prowein 2017” şərab sərgisində
“Made in Azerbaijan” vahid ölkə stendləri ilə təmsil
olunub.
Bölgələrdə
yaradılan istixanalar Azərbaycanın ixrac imkanlarının
genişlənməsində mühüm rol oynayır
Son vaxtlar respublikamızın bölgələrində
Prezident İlham Əliyevin tövsiyələrinə uyğun
olaraq yaradılan istixanalar Azərbaycanın ixrac imkanlarının
genişlənməsində mühüm rol oynayır. Hazırda
ayrı-ayrı regionlarda 400 hektardan çox sahədə yeni
istixana kompleksləri yaradılır. Yeni
yaradılan istixanaların böyük hissəsi ixraca
hesablanıb.
Belə istixanalardan biri də Ağsu rayonunun Pirhəsənli
bələdiyyəsi ərazisində “Sahil” firması tərəfindən
qurulur. Ərazisi 5 hektar olacaq istixana kompleksində son
tamamlama işləri aparılır.
Yeni sahibkarlıq təsərrüfatı Türkiyədən
dəvət olunan mütəxəssis Emin Karırçı
tərəfindən yaradılır. Əsas avadanlıqlar
Türkiyənin “Metaş” şirkətindən alınıb və
paslanmayan materialdandır.
İstixana təsərrüfatı müasir suvarma
sistemi ilə təchiz olunub. Burada ümumilikdə
100 tonluq iki su çəni qurulub. Bu,
suvarmanın elektrik enerjisi sərf etmədən
aparılmasına imkan verəcək.
Əsasən pomidor və xiyar yetişdiriləcək
istixananın yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə
tutulub. Təsərrüfatda
50 nəfər üçün daimi iş yeri
açılacaq.
Füzuli rayonunda “LBL Qrup” MMC tərəfindən
yaradılan istixana kompleksində istehsal edilən pomidor daxili
bazara çıxarılmaqla yanaşı, xaricə də
ixrac olunacaq. Kompleksin ümumi ərazisi 16, istixana təsərrüfatının
sahəsi isə 2 hektardır. Kompleksdə
əsasən yerli istehsal olan müasir avadanlıqlar
quraşdırılıb. Suvarma, isitmə,
havalandırma sistemləri tam avtomatlaşdırılmış
şəkildə idarə olunur. Kompleksin fəaliyyətə
başlaması ilə ilkin mərhələdə rayondan olan
40 məcburi köçkün daimi işlə təmin edilib.
Fermer Faiq Məmmədov bildirib ki, yazda becərilən
xiyarın yığımı iyulun sonunadək başa
çatıb və 280 ton məhsul əldə olunub. Avqust
ayında isə həmin yerə pomidor bitkisi əkilib. Becərmə aqrotexniki qaydada həyata keçirilib.
Bitkilərin tozlanması üçün
xüsusi arı növündən istifadə edilir. Bir həftədən sonra məhsul
yığımına başlanılacaq. İstixanadan
200 tondan çox pomidor istehsal edilməsi
proqnozlaşdırılır. Məhsul
ölkə bazarlarına çıxarılmaqla yanaşı,
Rusiyaya da ixrac olunacaq.
Faiq Məmmədov qeyd edib ki, təsərrüfatın
genişləndirilməsi istiqamətində işlər davam
etdirilir. Belə ki, ərazidə 2 su anbarı tikilib, daha 2
hektar ərazidə istixananın qurulması başa
çatıb.
Ölkədən
ixracın genişlənməsinə “Azexport” portalı da
böyük töhfə verir
Yeni şəraitdə respublikanın ixrac
imkanlarının genişləndirilməsinə yönəldilən
tədbirlər iki mühüm istiqamətdə
reallaşdırılır. Belə ki, bir tərəfdən
bütün ölkə boyu ixrac qabiliyyəti yüksək
olan məhsulların istehsalı artırılır, digər
tərəfdən isə həmin məhsulların mərkəzləşdirilmiş
qaydada tədarükü və satış bazarlarına daha
asan çıxarılması üçün optimal yollar
seçilir.
Yuxarıda
deyilənlər baxımından Prezident İlham Əliyevin
“Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat
bazasının yaradılması haqqında” 2016-cı il 21 sentyabr tarixli Sərəncamı əsasında
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
tərəfindən yaradılan “Azexport” portalının fəaliyyətə
başlaması böyük aktuallıq kəsb edir. 2016-cı
il dekabrın 20-də təqdimatı
keçirilən portal Azərbaycan mənşəli məhsulların
daxili və xarici istehlak bazarlarına çıxış
imkanlarını artırmaq məqsədilə
yaradılıb. İqtisadi İslahatların Təhlili və
Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal
Qasımlı bildirib ki, portalın missiyası Azərbaycan mənşəli
mallar haqqında məlumatların təqdim edilməsi və
onların daxili və xarici bazarlarda satışı
üçün əlverişli platforma yaradılmasıdır.
Portal dünyanın ən populyar elektron
satış şəbəkələri ilə inteqrasiya
olunaraq Azərbaycan mallarını dünyaya sərgiləyir.
Mütəmadi yenilənən, istifadəyə rahat, əlçatan,
təhlükəsiz, sürətli, əlverişli olan
“Azexport” vasitəsilə “Made in Azerbaijan” brendi alıcılara
yaxınlaşdırılır.
Qısa fəaliyyəti
dövründə “Azexport” portalı dünyada 150 min biznes
nümayəndəsinin Azərbaycan məhsulları ilə
maraqlanmasına nail olub. Cari ilin səkkiz
ayında portalın xəttilə 60-dan çox ölkədən
310 milyon ABŞ dollarına yaxın ixrac sifarişi qəbul
edilib. Bəhs olunan dövrdə Azərbaycan məhsullarına
“Azexport” portalı vasitəsilə 450 minə qədər
baxış olub ki, bu da “Made in Azerbaijan” brendinin dünyada daha
da məşhurlaşmasına şərait yaradır. Portala daxil olan əsas sifarişlər meyvə-tərəvəz,
mebel, içkilər, sənaye məhsulları,
bütövlükdə Azərbaycanda istehsal olunan məhsul və
xidmətlərdir.
Gələcəkdə “Azexport” portalı ixrac
sifarişləri ilə yanaşı, digər ixrac təşviq
mexanizmlərini də həyata keçirəcək. Bu barədə
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin
icraçı direktoru Vüsal Qasımlı məlumat verib.
O bildirib ki, “Hazırda “Azexport” portalı ilə
dünyanın ən məşhur elektron ticarət portalı
olan “Amazon” arasında danışıqlar gedir. Bir
sıra məhsullar “Amazon” portalı üzərindən Amerika
Birləşmiş Ştatlarındakı anbarlarda yerləşdiriləcək.
Beləliklə də, Azərbaycan məhsullarının
xüsusilə Qərb yarımkürəsində satış
imkanı yaranacaq ki, bu da ixracın gələcəkdə
davamlı şəkildə artmasına töhfə verəcək.
Cari ilin səkkiz ayında Azərbaycanın qeyri-neft
ixracının 965 milyon ABŞ dolları təşkil etdiyini
deyən V.Qasımlı bildirib ki, qeyri-neft məhsullarının
ixracı üçdəbir həcmdə artıb. Bu artımda sənaye,
eləcə də regionlarda yetişdirilən kənd təsərrüfatı
və ərzaq məhsullarının ixracı xüsusi yer
tutur.
Mübariz
ABDULLAYEV
Yeni Azərbaycan.-
2017.- 18 oktyabr.- S.7.