Azərbaycanın
regionlarında heyvandarlığın inkişafına hərtərəfli
dəstək göstərilir
Mütəxəssislərin qənaətinə
görə, Göygöl Süni Mayalama Mərkəzi
respublikada mal-qaranın cins tərkibinin
yaxşılaşmasını kompleks şəkildə təmin
edəcək
Son illərdə Azərbaycanın
regionlarında aqrar sektorun ölkənin ərzaq təhlükəsizliyi
baxımından mühüm əhəmiyyət kəsb edən
sahələrinin inkişafı xüsusi diqqət mərkəzində
saxlanılır. Belə sahələrdən
biri də heyvandarlıqdır. Ölkəmiz qlobal miqyasda
meydana çıxan çağırışlara adekvat olaraq
özünün ərzağa, o cümlədən də
heyvandarlıq məhsullarına olan tələbatını
sırf daxili istehsal hesabına qarşılamağı hədəfləyib.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin 9
ayının sosial-iqtisadi inkişafının yekunlarına və
qarşıda duran vəzifələrə həsr olunan
iclasındakı nitqində vurğulayıb ki,
heyvandarlığın sürətli inkişafı da
prioritetlərdən biridir. Bu il bu istiqamətdə çox
işlər görülüb və gələn il də
görüləcək.
Ölkənin regionlarında heyvandarlıq
müasir yanaşmalar əsasında inkişaf etdirilir
Respublikamızda müəyyənləşdirilən
hədəflərə və prioritetlərə uyğun olaraq
dövlət tərəfindən regionlarda
heyvandarlığın inkişafına güclü siyasi və
maddi dəstək göstərilir. Reallaşdırılan təşviq
tədbirləri, həmçinin sahibkarlara güzəştli
kreditlərin verilməsi sayəsində
heyvandarlığın maddi-texniki bazası möhkəmlənib.
Hazırda respublikanın regionlarında heyvandarlıq profilli
müxtəlif təsərrüfatlar fəaliyyət göstərir.
Həmin təsərrüfatlar heyvanların baş sayına
görə quruplaşdırılıb. Belə
ki, 2017-ci ilin əvvəlində respublikamızda hər birində
50-99 başadək iribuynuzlu heyvan mövcud olan 602 təsərrüfat,
100-199 başadək 118 təsərrüfat, 200-499 başadək
28 təsərrüfat, 500 baş və ondan yuxarı 16 təsərrüfat,
eyni zamanda, 100-499 başadək xırdabuynuzlu heyvan
mövcud olan 8733 təsərrüfat, 500 baş və ondan
yuxarı xırdabuynuzlu heyvan mövcud olan 873 iri
heyvandarlıq təsərrüfatları fəaliyyət
göstərib. Mövcud təsərrüfatların 28-i modern
heyvandarlıq kompleksidir. Bununla yanaşı, respublikanın
müxtəlif bölgələrində 78 quşçuluq
müəssisəsi fəaliyyət göstərir.
Məlumdur ki, son illərdə respublikanın
ayrı-ayrı bölgələrində 32 fermer təsərrüfatı
yaradılıb və hazırda ölkə üzrə 38
aqroparkın yaradılması geniş təşviq olunur.
Uğurla fəaliyyət göstərən iri fermer təsərrüfatlarının
bir çoxu heyvandarlıq üçün yem bazası rolunu
oynayır. Eyni zamanda, heyvandarlıq istiqamətli
aqroparkların yaradılmasına böyük maraq var.
Heyvandarlıq üzrə belə aqroparklardan biri Xaçmaz
rayonunun Yalama qəsəbəsində yaradılıb və
böyük uğurla fəaliyyət göstərir.
Regionlarda heyvandarlığın yeni
yanaşmalar əsasında inkişaf etdirilməsi artıq
öz müsbət nəticəsini verir. Belə ki, ölkəyə
iri və xırdabuynuzlu heyvan, quş ətinin, süd və
süd məhsullarının, yumurtanın idxalı əhəmiyyətli
dərəcədə azalıb. Artıq
respublikamız bir sıra heyvandarlıq məhsulları ilə
özünü 100 faiz təmin edir və hətta müəyyən
həcmlərdə ixrac imkanlarımız da yaranıb. Ötən
il respublikamızdan 1163 baş əmtəəlik at və 128
baş damazlıq qaramal, 582,2 ton ət və ət məhsulları,
1381,7 ton süd və süd məhsulları, 31,8 ton yun
ixrac edilib. Şübhə yoxdur ki, cari ildə
respublikamızdan heyvandarlıq məhsullarının
ixracı daha böyük rəqəmlərlə ifadə
olunacaq.
Ayrı-ayrı bölgələrdə
heyvandarlıq məhsullarının istehsalında daha yüksək
artım var
Heyvandarlıq məhsullarının
istehsalının artımı üzrə statistik göstəricilər
ayrı-ayrı bölgələr üzrə kifayət qədər
yüksəkdir. Bu baxımdan Tovuz rayonunda fermerlərin əldə
etdikləri uğurlar da sevindiricidir. Cari ilin yanvar-sentyabr
aylarında rayonda heyvandarlıqla məşğul olan
sahibkarlar tərəfindən 6 min 407,6 ton ət, 29 min 903,9 ton
süd və 14 milyon 980 min ədəd yumurta istehsal olunub. Bu,
o deməkdir ki, ötən ilin müvafiq dövrü ilə
müqayisədə rayon üzrə 88,1 ton ət, 18,5 ton
süd və 375 min ədəd çox yumurta istehsal olunub.
Heyvanların baş sayında da artım qeydə
alınıb. Belə ki, ötən ilin müvafiq
dövrü ilə müqayisədə iribuynuzlu mallar 206
baş, qoyun-keçilər isə 912 baş artıb.
Cəbhə bölgəsində yerləşən
Tərtər rayonunda kənd təsərrüfatının əsas
sahələrindən olan heyvandarlıq sabit inkişaf edir.
Rayonda heyvanların sayı və heyvandarlıq məhsullarının
istehsalı ilbəil artır. Hazırda rayonda 27 min 139 baş
qaramal, 70 min 558 baş qoyun-keçi bəslənilir.
İribuynuzlu mal-qaranın 99,1 faizi, xırdabuynuzlu
heyvanların 96,1 faizi ailə-kəndli və ev təsərrüfatlarına
məxsusdur.
Cari ilin doqquz ayında rayonda
bütün təsərrüfat kateqoriyaları üzrə
2170,2 ton diri çəkidə ət, 17 min 612,4 ton süd,
7850 min ədəd yumurta, 131,2 ton yun istehsal edilib. 2016-cı
ilin müvafiq dövrünə nisbətən ət
istehsalı 1,7 faiz, süd istehsalı 15,1 faiz, yumurta
istehsalı 2,3 faiz, yun istehsalı isə 5,3 faiz
artıb.
Cari ilin doqquz ayında Bərdə rayonunda 149,8
milyon manatlıq kənd təsərrüfatı məhsulu
istehsal edilib. Bu, keçən ilin müvafiq dövrü ilə
müqayisədə 12,4 faiz çoxdur. İstehsal olunan məhsulun
94,5 milyon manatı heyvandarlıq məhsullarının
payına düşür. Oktyabrın 1-nə
olan məlumata görə, rayonun təsərrüfatlarında
96 min 611 baş iribuynuzlu mal-qara, o cümlədən 43 min 520
baş inək və camış, 144 min 563 baş qoyun və
keçi olub. 2016-cı ilin eyni dövrünə nisbətən
iribuynuzlu mal-qaranın sayı 2 faiz, o cümlədən inək və camışların sayı 1,3
faiz, qoyun və keçilərin sayı 1,3 faiz artıb.
İlin doqquz ayında rayon üzrə diri çəkidə
15 min 314 ton mal-qara və quş əti, 58 min 524 ton süd,
26,2 milyon ədəd yumurta istehsal edilib. Əvvəlki ilin
müvafiq dövrünə nisbətən ət
istehsalı 3,4 faiz, süd istehsalı 4,1 faiz, yumurta
istehsalı 3,4 faiz artıb.
Ölkədə 12 regional süni mayalama məntəqəsi
fəaliyyətə başlayıb
Respublikamızda mal-qaranın cins
tərkibinin yaxşılaşdırılması
baxımından Prezident İlham Əliyevin cari ildə
regionlara növbəti səfəri zamanı
açılışına qatıldığı
Göygöl Süni Mayalama Mərkəzinin istifadəyə
verilməsi böyük aktuallıq daşıyır.
Dövlət başçısı Nazirlər Kabinetinin
yuxarıda bəhs olunan iclasındakı nitqində mərkəzin
əhəmiyyətinə diqqət çəkərək
bildirib: “Göygöl rayonunda Süni Mayalama Mərkəzinin
yaradılması bu sahədə dünyanın ən mütərəqqi
təcrübəsini Azərbaycana gətirməyi təmin
edir. Yerli cinslərin sağlamlaşdırılması,
yaxşılaşdırılması, cins mal-qaranın
alınması məsələnin həllini kompleks şəkildə
təmin edəcək və əminəm ki, biz bir neçə
ildən sonra südçülük və ətçilik sahəsində
daha da böyük uğurlara nail ola biləcəyik”.
Qeyd edək ki, Göygöl rayonunda Respublika
Süni Mayalama Mərkəzinin layihələndirilməsinə
və tikintisinə dövlətimizin başçısı
İlham Əliyevin 2014-cü ildə imzaladığı Sərəncamla
start verilib. Azərbaycanda ərzaq təhlükəsizliyinin
təmin olunması istiqamətində görülən tədbirlər
çərçivəsində ölkədə heyvan mənşəli
məhsulların istehsalını artırmaq, mal-qaranın
cins tərkibini yaxşılaşdırmaq, süni mayalanma tədbirlərinin
həyata keçirilməsini sürətləndirmək
baxımından bu mərkəzin müstəsna rolu var. Respublika Süni Mayalama Mərkəzinin ümumi ərazisi
3,26 hektardır. Ərazidə enerji təchizatı obyektləri,
su hovuzları və nasosxana, kanalizasiya şəbəkəsi,
yanğınsöndürmə sistemi, kənd təsərrüfatı
texnikalarının saxlanması üçün qaraj, silos
anbarı və digər yardımçı binalar tikilib.
Ötən dövrdə Respublika Süni Mayalama Mərkəzi
ilə paralel olaraq ölkədə 12 regional süni mayalama məntəqəsi
də yaradılıb.
Bu məqamda vurğulamaq yerinə düşər
ki, indiyədək 41 min 42 baş heyvan süni
mayalandırılıb. Süni mayalandırmadan 19 min 385 buzov
doğulub. Eyni zamanda, süni mayalanma yolu ilə alınan
buzovlara görə heyvan sahiblərinə 3 milyon 179 min 400
manat məbləğində subsidiya verilib.
Respublikada süd məhsulları bazarı
inkişaf etdirilir
Regionlarda heyvandarlıq üzrə təsərrüfatların
çoxalması öz növbəsində müvafiq təyinatlı
emal müəssisələrinin, o cümlədən də
süd zavodlarının yaradılması zərurətini
gündəmə gətirib. Prezident İlham Əliyev bununla
bağlı qarşıda duran vəzifələrə diqqət
çəkərək deyib: “Azərbaycanda yeni süd
zavodları yaradılmalıdır. Çünki bizdə bu
sahədə bu qədər ki, inkişaf gözlənilir,
mövcud istehsal gücü bizi qane etməyəcək”.
Artıq ölkəmizdə süd
istehsalının artırılmasına nail olmaq
üçün həm yeni istehsalatların
yaradılmasına, həm də digər tədbirlərin
reallaşdırılmasına start verilib. Kənd Təsərrüfatı
Nazirliyi ölkədə süd məhsulları dəyər zəncirinin
inkişafı üçün beynəlxalq şirkətlə
müqavilə bağlayıb. Nazirlikdən verilən
məlumatda bildirilir ki, qurumun Dünya Bankı ilə birgə
həyata keçirdiyi “Kənd təsərrüfatının
rəqabət qabiliyyətinin gücləndirilməsi” layihəsi
çərçivəsində ölkədə süd məhsulları
dəyər zənciri araşdırılacaq və dəstəklənəcək.
Dəyər zəncirinin araşdırılması və qiymətləndirilməsi
məqsədilə layihəyə beynəlxalq məsləhətçi
şirkət cəlb edilib. Tender nəticəsində
seçilmiş qlobal “Stewart Routlege MENA” şirkəti ilə
müqavilə imzalanıb. Şirkətin rəhbəri
Stüart Rutleci ilə görüşdə kənd təsərrüfatı
naziri Heydər Əsədov süd məhsulları
bazarının ölkə iqtisadiyyatı üçün
böyük əhəmiyyət
daşıdığını bildirib.
Nazir bildirib ki, Kənd Təsərrüfatı
Nazirliyi “Kənd təsərrüfatının rəqabət
qabiliyyətinin gücləndirilməsi” Layihəsi çərçivəsində
ölkədə brusellyoz xəstəliyi təhlükəsinin
tamamilə aradan qaldırılması kimi əhəmiyyətli
fəaliyyətə başlayıb ki, bu da süd məhsulları
istehsalına birbaşa təsir edəcək müsbət
addımdır.
“Süd məhsulları dəyər
zəncirinin inkişafı” komponenti iki mərhələdə
həyata keçiriləcək. İlk mərhələdə
ölkənin süd məhsulları bazarı -
istehsalçılar, istehlak həcmi araşdırılıb
dəyərləndiriləcək və ünvanlı dəstək
göstərilməsi ilə bağlı tövsiyələr
hazırlanacaq. Növbəti mərhələdə isə
süd məhsulu istehsalı üçün iri və orta
ferma və müəssisələrin yaradılması (dizayn və
qiymətləri) barədə layihələr təklif ediləcək”,
- deyə H.Əsədov vurğulayıb.
Mübariz ABDULLAYEV
Yeni Azərbaycan.-
2017.- 21 oktyabr.- S.7.